среда, 3 августа 2011 г.

Ə. SƏƏDİ. QURAN TƏFSİRİ, cild 3, 3-ci parça




                                                     

(9.92) “(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”,- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!”

Ey Muhəmməd! Yanına gəlib, cihada getmək üçün onları miniklə təmin etməyi səndən istəyənlərə təəssüflənərək: “Sizin yürüşə çıxmağınız üçün minik heyvanım yoxdur!” – dedikdə, səndən ayrılaraq, Allah yolunda sərf etməyə bir şey tapmadıq­larına görə məyusluqdan gözləri dolmuş halda gedənlər qınanmağa layiq deyillər.
Burada söhbət maddi imkanı olmayan və yürüşdə iştirak edə bilmədik­lərinə görə olduqca kədərlənən kasıblardan gedir. Belə insanlar məzəmmət olunmağa layiq deyillər. Bu isə o deməkdir ki, onların vəziyyəti ümumi qaydaya müvafiq olaraq dəyərləndirilir. Bu qaydaya görə, xeyirxah əməli etməyə qəti niyyəti olan və bu yöndə istənilən imkanlardan istifadə etməyə çalışan, lakin buna nail ola bilməyən hər kəs, bu saleh əməli edənlərə çatacaq savabı bütövlüklə alacaqdır.

               ﯭﯮ                           

(9.93) “Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!”

Təkcə, yürüşə getmək imkanında olan və heç bir səbəb olmadan evdə qalmağa icazə istəyən günahkarlar danlanmağa layiqdirlər. Onlar ancaq öz nəzər nöqtələrindən razı qalırlar və qadınlar və uşaqlar kimi, yürüşdə iştirak etməməyə sevinirlər. Lakin bilmək lazımdır ki, onlar bu qismətlə, Allahın onların ürəklərini möhürlədiyi üçün qane olmuşdular. Xeyirxahlıq onların ürəyinə girə bilmir və onlar da dünyəvi və ruhani məsələlərdə nəyin onlara faydalı olduğunu başa düşə bilmirlər. Onlar hətta bilmirlər ki, törətdikləri cinayət onları böyük əziyyətlərə məhkum edir.

           ﭕﭖ                       ﭡﭢ                                   ﭰ ﭱ

(9.94) “(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuz da sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Fövqəluca Allah varlı münafiqlərin yürüşdə iştirak etməsindən heç bir səbəb olmadan imtina etdiklərini xatırlatdıqdan sonra, onların, müsəlmanların yürüşdən qayıtdıqdan sonra,  yanına gəlib üzr istəyəcəklərini xəbər verir. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onlara desin: “Üzr istəməyin, biz onsuz da sizin özünüzə yalandan bəraət qazandırmağınıza inanmayacağıq. Allah artıq sizin əsil niyyətiniz haqqında xəbər vermişdir, O isə həmişə təkcə həqiqəti deyir. Özünüzü təmizə çıxarmağınız və üzürxahlıq etməniz tamamilə faydasızdır, çünki onlar Allahın sizin haqqınızda bildirdiklərinə ziddir. Sizin dedikləriniz, ən ali həqiqət olan Allahın vəhyinə uyğun gəlmirsə, doğru ola bilməz. Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) sizin bu dünyada etdiyiniz əməlləri hökmən görəcəklər, məhz əməllər meyar olduğu üçün, onun sayəsində doğruçu insanla yalançının arasında fərqi görmək mümkünləşir. Dəlilsiz-sübutsuz iddialara gəldikdə isə, onlar qətiyyən sizin haqlı olduğunuzu təsdiq etməyə yaramır. Siz hamınız, qeybi və aşkarı bilən Allahın yanına qayıtmalı olacaqsınız, Ondan isə heç bir sirri gizlətmək mümkün deyil. O, sizin etdiyiniz bütün yaxşı və bədxah əməllərinizdən agahdır. Sonra da O, etdiklərinizin əvəzini sizə Öz mərhəmətinə və ya ədalətinə müvafiq olaraq verəcəkdir. Siz Ondan, hətta, bir toz həcmində belə ədalətsizlik görmə­yəcəksiniz”.

                 ﭹﭺ      ﭼﭽ    ﭿﮀ               
(9.95) “Yanlarına qayıtdığınız zaman onlardan vaz keç­məniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! Çünki onlar murdardırlar və qazandıqlarının cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!”

Cinayət törətmiş günahkarlar üç dərəcəyə bölünür. Onların bəzilərinin həm sözlə və həm də qəlbində etdiyi tövbəsi qəbul edilməli və bundan sonra onlara günah işlətməmiş insanlar kimi yanaşılmalıdır. Digərlərini törətdikləri cinayətə görə cismani və ya digər cəzaya məruz qoyurlar. Üçüncülərdən isə, onları cəzalandırmadan, sadəcə, üz çevirmək lazımdır. Münafiqlər üçüncü dərəcədən olanlara aiddirlər və buna görə Fövqəluca Allah müsəlmanlara onlardan üz çevirmək əmri vermişdir. Onları etdikləri hərəkət üstündə qınamaq, cismani cəzaya düçar etmək və ya edam etmək olmaz. Onlar şeytandırlar və müsəlmanların onlara diqqət yetirməsinə layiq deyillər.. Qınaq və cəzalandırma onlara heç bir fayda gətirməz və öz əməlləri ilə layiq olduqları Cəhənnəmin onların sığınacağı olması onlara bəsdir.
                                   

(9.96) “Onlardan razı olasınız deyə, qarşınızda and içə­cəklər. Siz onlardan razı qalsanız da, Allah fasiq bir tayfadan razı olmaz!”

Ey möminlər! Münafiqlər istəmirlər ki, onları sadəcə rahat buraxasınız. Onlar istəyirlər ki, siz onlardan elə razı qalasınız ki, sanki onlar heç bir yaramaz hərəkət etməmişlər. Bundan ötrü onlar qarşınzda hər cür and içməyə hazırdırlar. Amma əgər siz onlardan razı qalsanız da, Allah onsuz da pozğunlardan razı olmaz. Bu o deməkdir ki, siz, Allahın heç vaxt razı qalmayacağı adamlardan razı qalmamalısınız. Sizin xeyirxahlığınız və qəzəbiniz həmişə Allahınızın xeyirxahlığı və qəzəbi üststə düşməlidir.
Allahın əxlaqsız xalqdan razı qalmayacağı fikri üzərində düşünün. Əgər Fövqəluca Allah sadəcə olaraq desəydi ki, O, münafiqlərdən razı deyil, onda tövbə üçün qapı açıq qalmış olardı və onlar, bütün digər günahkarlar kimi, istənilən vaxtda tövbə edə bilərdilər və onların tövbələri qəbul edilərdi. Lakin Fövqəluca Allah, onlara Allahın lütfkarlığını qazanmağa maneə olan əxlaqsız camaat kimi qal­dıqca, onlardan razı olmayacaq. Bu maneə - onların haqq dinə etiqad etmək istənənələri və digər xeyirxah əməllər etməmələri və həmçinin onların müşrik­liyə, münafiqliyə və itaətsizliyə tərəfdar olmalarıdır.
Bir sözlə, Allah xəbər verir ki, əgər heç bir səbəb olmadan yürüşdə iştirak etməkdən imtina edən müşriklər möminlər qarşısında özlərini doğrultmağa çalışsalar və özlərini elə göstərsələr ki, guya evdə üzürlü səbəblərə görə qalmışlar, onda onlar bunu ona görə edəcəklər ki, müsəlmanlar onları rahat buraxsınlar, onların bəraətini qəbul etsinlər və onlardan razı qalsınlar. Belə olduqda, müsəlmanlar münafiqlərin bəraətini qəbul etdilər və onları törətdiklərinə görə qınağa çəkmədilər, lakin bu qətiyyən onların münafiqlərə olan məhəbbətinə dəlalət etmirdi və bu günahkaları şərəfləndirmirdi. Müsəlmanlar münafiqləri rahat buraxdılar və onlardan üz döndərdilər, lakin onlar bunu elə bir tərzdə etdilər ki, sanki ən çirkin və natəmiz bir şeydən iyrəndikləri üçün onu tərk etdilər.
Bu və bundan əvvəlki ayələrdə Fövqəluca Allahın nitqə malik olması haqqında göstərişlər vardır. Belə bir nəticə bu vəhydən aydın olur: Allah artıq sizin əsil niyyətiniz haqqında xəbər vermişdir...” (Tövbə, 9/94). Ayələrdə həm də Allahın etdiyi əməllərinin Onun iradəsi və qüdrətindən asılı olması haqqında göstərişlər vardır. Buna digər bir vəhy də dəlalət edir: “...(Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də...” (Tövbə, 9/94). Bu o deməkdir ki, Allah qullarının əməllərini onlar onu edən zaman görür. Ayələrdə həmçinin Allahın xeyirxah möminlərdən qazı qalması və əxlaqsızlardan qəzəblənməsinə göstəriş vardır.

                             ﮤﮥ       

(9.97) “Bədəvilər küfr və nifaq məsələsində daha anlaqsız və Allahın öz Peyğəmbərinə nazil etdiyi hüdudları bilməməyə daha meyillidirlər. Allah Biləndir, Müdrikdir!”[1]

Bədəvilər, köçəri səhra sakinləri, kafirlik və münafiqlik məsələlərində şəhərlilərdən daha inadkardırlar. Bu, eyni vaxtda bir sıra səbəblərlə izah edilir.
Birincisi, onlar dini əhkamlar, xeyirxah əməllər və hikmətli şəriət qaydala­rın­dan tamamilə xəbərsizdilər. Onlar, Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hökmləri, əmrləri və hədləri,  başqalarına nisbətən, daha çətinliklə qəbul edirlər. Onlardan fərqli olaraq şəhər sakinləri Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hökmləri ilə daha yaxşı tanışdırlar və əldə etdikləri biliklər baş verən hadisələr və proseslər haqqında onlarda düzgün təsəvvür yaradır və onlarda xeyirxahlıq etmək meyli oyadır ki, bu hiss onlara, bədəvilərə nisbətən, daha yaxşı məlumdur.
İkincisi, şəhərlilər, səhra əhalisinə nisbətən, daha mülayim təbiətə malikdirlər və dəvətçilərlə müsahibələrdə daha tez razılığa gəlirlər. Şəhərlilər, çöldə məskunlaşan adamlardan fərqli olaraq, saleh insanlarla daha tez-tez görüşür, söhbət edirlər. Buna görə şəhər sakinləri, bədəvilərlə müqayisədə, xeyirxah təşəbbüslər üçün daha əlverişli idilər. Şübhəsiz ki, kafirlər və münafiqlər həm köçərilərin və həm də şəhərdə yaşayanların arasında var idilər, lakin küfr və münafiqlik köçərilərin arasında daha dayanaqlı və son dərəcə güclüydü. Bütün bunlar həm də onunla çətinləşirdi ki, bədəvilər çox acgöz və simic camaat idi.  

                     ﯔﯕ       ﯘﯙ       

(9.98) “Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclə­dik­lərini ziyan sayırlar və (bundan xilas olmaq üçün) başınıza bəlalar gəlməsini gözləyərlər. (Möminlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) Eşidəndir, Biləndir!”

Bəzi bədəvi ərəblər zəkatı və Allah yolunda digər sədəqələri özlərinə ziyan hesab edirdilər. Onlar Allahın mükafatlandıracağına ümid bəsləmirdilər və öz Rəbbi xatirinə qurban vermirdilər. Onlar ianəni, az qala, öz istəklərinin əleyhinə paylayardılar. Onların möminlərə qarşı düşmənçiliyi o dərəcədə güclüydü ki, onlar böyük səbirsizliklə müsəlmanların başına müsibətlərin gələcəyini gözləyirdilər. Lakin onların bədxah niyyətləri hər dəfə onların özlərinə qarşı çevrilirdi. Möminlərə gəldikdə isə, onlar öz düşmənləri üzərində qələbə qazanır və xeyirli sonluğa nail olurdular. Həqiqətən, Fövqəluca Allaha Öz qullarının niyyətləri və əməlləri, onların səmimiliyi və dikər xüsusiyyətləri çox yaxşı məlumdur.

                                ﯬﯭ             ﯱﯲ        ﯶﯷ               

(9.99) “Bədəvilər içərisində elələri də var ki, Allaha, Axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmə­tinə nail edəcəkdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmedəndir!”

Bədəvilərin heç də hamısı qınanılmağa layiq deyildi, çünki onların arasında Allaha və Qiyamət gününə iman gətirənlər vardı. Onlar kafirlikdən və münafiqlikdən xilas oldular və özlərini haqq dinin tələblərinə uyğun olaraq apardılar. Onlar öz qurbanlarına və zəkatlarına görə Allahdan savab alacaq­larına ümid bəsləyirdilər və ianələri, sədəqələri vasitəsilə Ona yaxınlaşmağa səy göstərirdilər. Onlar ümid edirdilər ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlar üçün dua edəcək və payladıqları sədəqəyə xeyir-dua verəcək. Bununla əlaqədar Fövqəluca Allah izah edir ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) duası insanları Ona həqiqətən yaxınlaşdırır, mallarının artımına və onlardan çoxlu mənfəət əldə etməyə kömək göstərirdi.
Sonra Allah xəbər verir ki, təqvalı bədəvilər digər mömin­lərlə birlikdə Onun mərhəməti altına alınacaqlar. Həqiqə­tən, əgər insanlar tövbə edirlərsə, onda O, hətta onların böyük günahlarını belə bağışlayır. O, qullarını bütün varlığı qaplayan mərhəməti ilə əhatə edir, möminlərə isə xüsusi lütfkarlığını bəxş etməklə onların xeyirxah əməllər işlətməsinə kömək göstərir, onları itaətsizlik etməkdən qoruyur və mümkün olan hər cür nemətlərlə mükafat­landırır.
Bu və bunda əvvəlki ayələrdən bir neçə nəticə çıxarmaq olar.
Birincisi, həm bədəvilərin və həm də şəhər sakinlərinin arasında tərifə layiq olan mömin insanlar və qınanmağa layiq günahkarlar vardır. Fövqəluca Allah bədəviləri təkcə köçəri olduqlarına və və səhrada yaşadıqlarına görə qınamır. O, ancaq Ona hökmlərinə itaətsizlik göstərən bədəvilərə tənə vurur.
İkincisi, kafirlik də, münafiqlik də, şəraitdən asılı olaraq, həm güclənir və həm də zəifləyir və habelə kobud və ya mülayim formalarda təzahür edir.
Üçüncüsü, bilik – böyük üstünlükdür və əgər insan biliklərə malik deyilsə, onda o, bilikli adamla müqayisədə, şərə daha çox yaxın olur. Allah məhz buna görə bədəvilərə danlaq vurur və bildirir ki, onların kafirliyi və münafiqliyi daha təhlükəlidir. Bunun səbəbi ondadır ki, bədəvilər, Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi haramlarla, başqalarına nisbətən, daha az tanış idilər.
Dördüncüsü, ən faydalı bilik – dinin əsas və fərdi[2] müd­­aları haqqında olan biliklərdir ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmişdir. Müsəlman iman və İslam, xeyirxahlıq və müttəqilik, möminlik və qohumluq əlaqələrinin saxlanması, kafirlik və münafiqlik, əxlaqsızlıq və itaətsizlik, zina­karlıq və sərxoşedici içkilərin istifadəsi, sələmçilik və digər günah əməllər haqqında biliklərə malik olmalıdır. Əgər insan bunlara dair təsəvvürə malik­dirsə, onda o, əmr olunanı yerinə yetirə və uzaqlaşması əmr olunan şeydən də uzaqlaşa bilər və həmçinin başqa insanları da bəyəlinə dəvət edə, qınanılandan isə çəkindirə bilər.
Beşincisi, mömin ona həvalə edilmiş vəzifələri sevinc və razılı hissi ilə yerinə yetirməlidir. O, dinin hökmlərini yerinə yetirməyi özünün itgisi yox, qazancı olmasına can atmalıdır.

                                                       ﭦﭧ        

(9.100) “Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­lara, həm­çinin yax­şı işlər gör­məkdə onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğur­dur”.[3]

Ayə, ilkinc olaraq haqq dini qəbul etmiş, hicrətə getmiş, cihadda iştirak etmiş və yer üzündə Allahın hökmlərini bərqərar etmiş mühacirlərdən və ənsarlardan bəhs edir. Mühacirlər – öz vətənini tərk edib, əmlakından ayrılaraq Allahın mərhəmətini və lütfkarlığını qazanmaq ümidi ilə hicrət etmiş məcburi köçkün­lərdir. Onlar Onun dinini müdafiə etdilər və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yardım göstərdilər və onlar sadiq möminlər idilər. Ənsarlar isə, Mədinənin sakinləri idilər və iman gətirmişlərin şəhərində mühacirlər oraya hicrət etməmişdən çox-çox əvvəl yaşamağa başlamışdılar. Onlar yanlarına hicrət edənləri qəlbən sevmişdilər və onlara əta edilənə heç bir meyl göstərmirdilər. Onlar özlərindən çox mühacirlərə üstünlük verirdilər, hətta öz ehtiyacları olan şeyləri ilk növbədə onlara verirdilər. Onlar və sədaqətlə onların ardıyca gedən mömin müsəlmanlar düzgün baxışlara etiqad edərək, doğru sözlər danışaraq və saleh əməllərə işləyərək, qınanmaqdan xilas olmağı və ən yaxşı tərifə və Allahın ən gözəl savabına layiq olmağı bacardılar.
Allah onlardan razı qaldı və Onun lütfkarlığı Cənnət nemətlərinin ən gözəllərindən olacaqdır. Onlar da Allahdan razı qalacaqlar – o Allahdan ki, onlar üçün füsunkar və əzəmətli Cənnət bağları hazırlamış, ağacları altından çaylar və arxlar salmışdır. Onlar bu gözəl məkanda əbədi qalacaq və özləri üçün əlavə heç nə arzulamayacaqlar, çünki orada onlar ürəklərindən keçən hər şeyi o saat ala biləcəklər. Bu, böyük uğurdur və onun sayəsində möminlər ürəklərinin istədiyi və onların qəlbinə sevinc gətirə bilən və həmçinin nəslərini oxşayan hər şeyi zəhmət çəkmədən əldə edə biləcəklər. Bundan başqa, onlar hər cür xoşagəlməz və arzuedilməz şeylərdən xilas ediləcəklər.

            ﭰﭱ      ﭴﭵ           ﭺﭻ     ﭽﭾ  ﭿﮀﮁ ﮂﮃ     ﮅﮆ

(9.101) “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içəri­sində ikiüzlü­lüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər var. Sən onları tanı­mazsan, Biz isə tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik, sonra isə ən böyük əzaba uğradılacaqlar”.

Ey Muhəmməd! Bədəvilərin və Mədinə sakinlərinin arasında ikiüzlülüyə adət etmiş və halal hədləri aşmış insanlar vardır. Sən onları adbaad tanımırsan və onları cəzalandıra və ya onlarla, müşriklərlə davrandığın kimi rəftar edə bilmirsən. Lakin Allahın böyük müdrikliyi məhz bunu tələb edir. Allaha onların barəsində hər şey dəqiq məlumdur və O, onları iki dəfə cəzalandıracaqdır.
Belə bir rəy mövcuddur ki, iki dəfə cəzalandırma dedikdə, münafiqlər üçün bu dünyadaykən və ölümdən sonra hazırlanmış cəzalar nəzərdə tutul­muşdur. Dünya həyatında münafiqlər narahatçılıq keçirir və müsəlmanlar növbəti qələbə qazandıqda kədərlənirlər. Axirətdə isə onları Cəhənnəm cəzası və mənfur bir məskən gözləyir. Başqa bir rəyə görə isə, Fövqəluca Allah bildirmişdir ki, münafiqlər dəfələrlə artırılacaq amansız işgəncələrə uğradılacaqlar[4].

                              ﮓﮔ          

(9.102) “(Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarış­dırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmedəndir!”

Mədinə əhalisi, bədəvi ərəblər və digər müsəlman ölkələrinin sakinləri arasında çoxlu insanlar var ki, günahlarını boyunlarına alırlar, etdiklərinə görə peşmançılıq çəkirlər və tövbə edərək çirkinliklərdən təmizlənirlər. Lakin saleh əməllərlə yanaşı, onlar günah işlədirlər. Allahın qulu kafirlikdən və müşriklik­dən xilas olmadıqca, haqq dinə və tövhidə etiqad etmədikcə, onun heç bir xeyirxah əməli saleh əməl hesab oluna bilməz. Bu – Allahın təkliyinə iman əsas vacib şərtdir və bunsuz hər hansı əməli xeyirxah – saleh əməl saymaq mümkün deyil. Bu müsəlmanlar günah işlədirlər, Allahın bəzi haramlarını pozmağa cəsarət edirlər və öz vəzifələrini yerinə yetirərkən bir sıra çatışmazlıqlara yol verirlər, lakin buna baxmayaraq, onlar öz nöqsanlarını etiraf edir və Allahın onları bağışlayacağına təvəkkül edirlər. Ola da bilsin ki, O, onların tövbəsini həqiqətən qəbul etsin. Çünki əvvəlcə O, onlara tövbə etməyə kömək göstərir, sonra isə onların tövbələrini qəbul edib, onları bağışlayır.
Allahın yaratdığı məxluqlar Ona xas olan geniş bağışlama və mərhəməti sayəsində yaşayırlar. Bundan başqa, Onun bu sifətləri sayəsində göy və yer aləmləri mövcudluğunu saxlaya bilir. Axı əgər O, insanları yol verdikləri hər bir ədalətsizliklərinə görə cəzalandırsaydı, onda yer üzündə bir canlı məxluq belə qalmazdı. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) Həlimdir, Bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər)” (Fatir, 35/41).
Onun geniş bağışlama sifətinə malik olmasını təsdiq edən faktlardan biri də öz həyatını yaramaz əməlləri ilə qısaldan günahkarların, hətta ölümdən bir qədər öncə, can verənə qədər, tövbə etmək imkanına malik olmasıdır. Əgər onlar səmimiyyətlə tövbə etməyə və Allahın yoluna qayıtmağa nail olurlarsa, onda O, onların cinayətlərini bağışlayır.
Bu ayədən məlum olur ki, günah edən və öz günahlarını peşmançılıqla etiraf edən və eyni zamanda qorxu və ümid hiss edən müsəlmanın, əgər o, bütün günahlarını səmimiyyətlə etiraf edə bilməsə də, xilas olması şansı çoxdur. Günah işlədən, lakin onları etməsini boynuna alıb etiraf etməyən, etdiklərinə peşman olmayan və öz günahkar əməllərini davam etdirən müsəlmana gəldikdə isə,  onun taleyini böyük təhlükələr gözləyəcəkdir.

                   ﮢﮣ             ﮧﮨ       

(9.103) “Onların mallarından sədəqə al. Bununla onları  təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir”.

Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun başladığı işi davam etdirənlərə buyurur ki, müsəlmanlardan onları günahlarından və qüsurlu əxlaqdan təmizləyən və onların imanını təkmilləşdirməyə kömək edən fərz zəkat alsınlar. Zəkat onların əxlaqi simasını yaxşılaşdırır, onları saleh əməllərə yaxınlaşdırır, onların bu dünyada və ölümdən sonra savablarını artırır və həmçinin var-dövlətinin çoxalmasına yardım göstərir. Sonra Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, möminlərin hamısı üçün bütövlükdə və zəkat verənlər üçün isə xüsusilə dua etsin. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) duası möminlərə təskinlik verir və onlar üçün müjdə rolunu oynayırdı.
Həqiqətən, Allahın gözəl adları arasında – Eşidən və Bilən adları haqdır. O, Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) dualarına diqqətlə qulaq asır və onlara cavab verir və həmçinin qullarının əməllərini və niyyətlərini bilir. Buna görə, hər bir insan Allahın ilahi biliyinə və öz niyyətinə uyğun gələn əvəz alacaqdır.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın hökmünə itaət göstərərək, müsəlmanlara zəkat ödəmələri haqqında əmr verir və zəkat toplamaq üçün məmurlar göndərir. Zəkat toplayanlar yığdıqlarını onun (ona Allahın salavatı və salamı olsun!) yanına gətirdikdə, o (ona Allahın salavatı və salamı olsun!) zəkatı qəbul edər, onu verən müsəlmanlar üçün dua edərək, Allahdan onların rifahını artırmağı xahiş edərdi.
Bu gözəl ayə ticarət məqsədi üçün təyin edilmiş malların bütün növlərindən fərz zəkat verilməsini təsdiq edir. Belə mallar insana qazanc və gəlir gətirir və tamamilə ədalətli olar ki, insan onun bir hissəsini yoxsul müsəlmanlara sərf etməklə öz vacib olan sədəqə borcunu ödəsin. Zəkatı həm də insanın zənginliyini artıran əmlakın digər növlərinə görə də, onlar ticarət malı olmasalar belə, ödəmək vacibdir. Belə əmlaka – taxıl və meyvə məhsulları, ət və südverən heyvanlar və habelə çoxaldılması üçün nəzərdə tutulan heyvanlar daxildir. Var-dövlətin artımı üçün nəzərdə tutulmayan və maddi mənfəət götürülməsi üçün əldə edilməyən mülkiyyətə gəldikdə isə, ondan zəkat alınmır.
Bu ayə onu göstərir ki, Allahın qulu öz əmlakından fərz zəkatı vermədikcə, təmizlənə və yüksələ bilməz. İnsan üçün belə bir sədəqəni heç bir şey əvəz edə bilməz, çünki qəlbin təmizlənməsi və nəcibləşməsi fərz sədəqələri verməkdən bir-başa asılıdır.
Bu ayədən həm də aydın olur ki, hökmdarın və ya onun canişininın zəkat verən müsəlmanlara görə dua etməsi və Allahdan onların var-dövlətini artırmasını xahiş etməsi arzuolunandır. Belə dua səsləndirilməlidir ki, zəkat verənlər onu eşidib, təskinlik tapa bilsinlər.
Bu hökmün mahiyyəti ondan ibarətdir ki, möminlər bir-birilərini sevindirməli, bir-birinə mehribançılıq bildirən səmimi sözlər deməli, bir-biri üçün dua etməli və insana təskinlik vermək üçün digər addımlar atmalıdırlar.

                                        

(9.104) “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edən, sədəqə alan, Tövbəqəbuledən Rəhmlidir?!”

Doğrudanmı onlar Allahın hüdudsuz mərhəmətini və hər şeyi əhatə edən alicənablığını bilmirlər? Allah qullarının tövbəsini, onlar hətta ən ağır cinayətlər törətdikdə belə, qəbul edir. Bundan başqa, qullarının tövbəsi Fövqəluca Allahın, sadəcə, böyüklüyünü dəyərləndirmək mümkün olmayan sevincinə səbəb olur. O, Öz qullarının sədəqəsini qəbul edir və əli ilə götürərək, insanlar dayçanı böyüdüb bəslədikləri kimi, onu böyüdüb çoxaltmağa başlayır. Nəticədə isə bir xurma dəyərində olan sədəqə nəhəng dağ həcmində olan savaba çevrilir. Ancaq təsəvvür edin və görün ki, daha çox sədəqənin savabı necə ola bilər?!
Həqiqətən, Tövbəqəbuledən və Rəhimli adları – Allahın gözəl adları arasındadır. O, törətdikləri cinayətlərini tövbə edən qularının tövbələrini məhdudiyyətsiz qəbul edir. İnsan Onun qarşısında tövbə edən kimi, O, onun tövbəsini, hətta o, bu tövbəsini ilk dəfə etmirsə də, qəbul edir. Qullarının tövbəsini qəbul etmək Allahı heç vaxt darıxdırıb təngə gətirmir; bir şərtlə ki, onlar Ondan xahiş etməkdən əl çəkməsinlər, Onun qapılarından uzaqlaşmasınlar və özlərinə dostlarını və hamilərini düşmənləri arasından seçməsinlər. Onun rəhmi bütün varlıqları əhatə edir və ona tam mənada nail olanlar zəkat verən, Allahın ayələrinə iman gətirən və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən təqvalı möminlərdir.

               ﯥﯦ                                     

(9.105) “De: “İstədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarıla­caqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Ey münafiqlər! Düzgün saydığınız əməllərinizi yerinə yetirməkdə olun, yalanınıza etiqadınızı davam etdirin, lakin düşünməyin ki, etdiklərinizi bilən yoxdur! Allah, Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) və möminlər əməllərinizi hökmən görəcəklər və hər şey onlara aydın olacaqdır. Sonra isə sizi Qeybi və Aşkarı Bilənin yanına qaytaracaqlar və O, etdiyiniz xeyirxah və bədxah əməlləriniz haqqında sizə xəbər verəcəkdir.
Bu ayə zalımlığını davam etdirən və yaramaz əməllər törədən, yolundan azan və Rəbbinə itaətsizlik göstərən hər bir kəsə sərt xəbərdarlıqdır. Belə bir rəy var ki, bu ayədə, münafiqlərin etdikləri yaxşı və ya törətdikləri hər hansı pis əməllərinə baxmayaraq və hətta onlar etdiklərini gizlətməyə cəhd göstərsələr də belə, Allahın onların haqqında mütləq biləcəyi, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və mömin müsəlmanlara da bildirəcəyi öz əksini tapmışdır.  

                      ﯹﯺ       

(9.106) “Baş­qaları isə Alla­hın ixtiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lərini qəbul edəcək. Allah Bilən­dir, Müdrikdir!”[5]

Hərbi yürüşdə iştirak etməkdən imtina edənlərin arasında elələri də var ki, Allahın hökmünü gözləyirlər. O, onları ya cəzalandıracaq, ya da onların tövbəsini qəbul edəcək. Fövqəluca Allah bu sözləri ilə yürüşə çıxmayan günahkarları qorxudur və etdiklərinə görə onları tövbə etməyə və peşmançılıq çəkdiklərini bildirməyə çağırır. Bilən və Müdrik adları da Allahın gözəl adları sırasındadır. O, hər şeyi öz yerində yerləşdirir və əgər ilahi müdrikliyi tələb edirsə ki, O, bəzi insanları Öz himayəsindən məhrum etsin və onlar törətdiklərini tövbə etməsinlər, O, bunu belə də edir.

                                   ﭟﭠ            ﭥﭦ          

(9.107) “(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsə üçün müşahidə məntəqəsi[6] yaratmaq məqsədilə məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, - deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!”[7]

Quba adlı yerin sakinləri arasında münafiqlər Quba məscidi yanında ikinci bir məscid inşa etdilər. Onların niyyəti mömin müsəlmanlara zərər vurmaq və onların arasına təfriqə salmaq idi. Onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müqavimət göstərən bir sıra kafirlərə də söz verdilər ki, bu məscid, lazım gəldikdə, onların daldalanacağı kimi istifadə edilə bilər. Lakin Fövqəluca Allah bu fasiqləri rüsvay etdi və onların sui-qəsdinin üstünü açdı.
Allah xəbər vermişdir ki, münafiqlər bu “məscidi” möminlərə və onların toplaşdığı məscidə zərər vurmaq məqsədilə tikiblər. Onlar küfrün köməyinə gəlmək niyyətində olduqları halda, başqaları haqq dini müdafiə etməyə can atırdılar. Onlar istəyirdilər ki, müsəlmanların arasında ixtişaş və ixtilaf yaratsınlar və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əleyhinə vuruşan və müsəlmanlara qatı nifrət bəsləyən kafirlərə kömək etsinlər. Belə kafirlərdən biri də rahib Əbu Amir idi. O, Mədinənin sakinlərindəndi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də bu şəhərə hicrət etdikdə, o, ona (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina etmişdi. Cahiliyyə dövründə Əbu Amir Allaha ibadət edənlərdən idi, lakin sonralar o, müşriklərə meyl etdi ki, onlar ona Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə mübarizədə kömək etsinlər. Onların ona belə bir kömək göstərmək iqtidarında olmadıqlarına əmin olduqda, Əbu Amir Bizans imperatorunun yanına yollanır və güman edir ki, imperatorun Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) qələbə çalmağa gücü çatar. Yolda bu lənətə gəlmiş kafir ölür, onu müdafiə etməyə söz verən münafiqlər isə onun üçün “zərər məscidi” tikirlər. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) bu barədə vəhy nazil edildikdə, o (ona Allahın salavatı və salamı olsun!), bir-neçə nəfər müsəlmana həmin “məscidi” dağıtmağı və yandırmağı əmr edir. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) əmrini yerinə yetirirlər və sonradan həmin yer zibilxanaya çevrilir.
Fövqəluca Allah münafiqlərin bədxah niyyətləri barədə xəbər verərək bildirir ki, onlar and-aman edəcəklər ki, heç kimə pislik etmək istəmirlər və zəiflərə, köməksizlərə və ehtiyacı olan insanlara yardım göstərməyə hazırlaşırdılar. Lakin Allah şahid idi ki, onlar – yalançıdırlar və Onun şəhadəti, əlbəttə ki, yalançıların andından, şübhəsiz[8], daha doğrudur.

        ﭯﭰ                        ﭻﭼ      ﭿ    ﮁﮂ        

(9.108) “Orada heç vaxt namaz qılma. İlk gün­dən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah təmiz olanları sevir!”

Ey Muhəmməd! Müsəlmanlara zərər vurmaq üçün tikilmiş məsciddə heç vaxt namaz qılma. Allahın mərhəmətindən sənin ona ehtiyacın yoxdur. Özülünün qoyulduğu ilk gündən ancaq Allah qorxusuna və möminliyə əsaslanan məscid sənin onda namaz qılmağına layiqdir.
Barəsində bəhs edilən – Quba məscididir. O, təkcə Allaha səmimi qulluq edilnəsi üçün, Onun zikr edilməsi – xatırlanması üçün və Onun dininin ayinlərinin həyata keçirilməsi üçün inşa edilmişdi. Bu şan-şöhrətli məscid doğrudan da Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onda ibadət etməsinə və onda Fövqəluca Allahı xatırlamasına layiqdi. O, ləyaqətli məbəd idi və oraya gələn insanlar da ləyaqətli insanlar idilər. Onlar günahlardan və natəmizliklərdən, çirkdən və murdarlıqdan təmizlənməyi sevirdilər. Yaxşı məlumdur ki, insan bir şeyi sevəndə, o, buna daima can atır və bundan ötrü əlindən gələni etməyə səy göstərir. Bu isə o deməkdir ki, Quba məscidinə gələn insanlar günahlardan, natəmizliklərdən və murdarlıqdan təmizlənməyə can atırdılar. Onlar ilk müsəlmanlardan idilər, namazlarını qüsursuz qılır, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birlikdə müqəddəs müharibələrdə iştirak edir, İslam dininin qanunlarını yer üzündə bərqərar edir, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərməkdən çəkinirdilər.
Allahın, Quba məscidinə gələnləri təmizliyə bəslədikləri məhəbbətə görə təriflədiyi ayə nazil olan zaman Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onlardan necə təmizləndiklərini soruşmuşdu. Onlar ona (ona Allahın salavatı və salamı olsun!) bildirmişdilər ki, fizioloji ehtiyaclarını yerinə yetirdikdən sonra onlar əvvəlcə daşlarla təmizlənirlər, sonra isə su ilə yuyunurlar. Buna görə o (ona Allahın salavatı və salamı olsun!) onların bu hərəkətini tərifləmişdir. Həqiqətən, Allah ruhən müşriklikdən və pozğun adətlərdən və həmçinin natəmizliklərdən və mürdarlıqdan təmizlənənləri sevir.

                                                     ﮜﮝ            

(9.109) “Binasını Allah qorxusu və rizası üzərində quran şəxs xeyirlidir, yoxsa onu, uçulmaqda olan bir yarğanın kənarında qurub, onunla birlikdə Cəhənnəm oduna yuvar­lanacaq kəs?! Allah zalım tayfanı doğru yola yönəlt­məz!”[9]

Məscidlər arasında fərq onlarda ibadət etməyə gələn insan­ların niyyət­lərindəki fərqlərdə və həmin niyyətlərin Allahın əhkamına uyğun gəlməsin­də­dir. Əgər məscid xeyirxah niyyətlərlə və Onun hökmlərinə tam uyğun olaraq tikilmişsə, əgər onun təşkilatçıları səmimi olaraq Allah xatiri üçün çalışmış və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolunu əsas götürmüşlərsə, onda o, əlbəttə ki, uçurumun lap qırağında tikilmiş və onunla birlikdə Cəhənnəm oduna vasil olmağa hazır olan tikilidən üstün olacaqdır. Həqiqətən, Allah zalımlara dünyəvi və dini məsələlərdə nəyin fayda verəcəyini öyrənməyə kömək göstərmir.

                             ﮯﮰ       

(9.110) “Onların qurduğu bina ürəkləri parça-parça olana qədər qəlblə­rində bir şübhə mənbəyi kimi qalacaqdır. Allah Biləndir, Müdrik­dir!”

Əgər onlar peşman olub öz Rəbbi qarşısında tövbə etməsələr və cinayətlərinin nəticələrindən qorxmasalar, inşa etdikləri bina daima onların şübhələrlə dolu qəlbinə iztirab verəcək. Əgər tövbə etsələr, onda O, onların günahlarını bağışlayar. Yox, əgər etməsələr, onda onların tikilisi günbəgün şübhə və münafiqliyini artıracaqdır.
Bilən və Müdrik – Onun gözəl adlarındandır. O, bütün aşkar və və qeybə məxsus olan hər şeyi və qullarının nəyi gizlədib, nəyi bəyan etdiklərini bilir. O, ancaq Öz ilahi müdrikliyinə müvafiq olaraq hər hansı bir işi edir, yaradır, hökm edir və yasaqlayır. Bundan ötrü həmd təkcə Ona məxsusdur.
Bu Quran ayələrindən aşağıdakı faydalı nəticələr çıxarmaq olar:
-Bir məscidin yanında, ona ziyan vurmaq üçün başqa bir məscidin tikilməsi qadağan edilir. Müsəlmanlara “zərərli məscidin” inşaaçılarının əsil niyyətləri məlum olduqda, o məscid sökülməlidir.
-Niyyət istənilən əməldə əks olunur və buna görə hətta ən layiqli əməl qadaöan olunmuş əməl ola bilər. Məhz bədxah niyyət “ziyan məscidinin” təşəbbüsçülərinin işini pis sonluqla nəticələndirdi.
-Müsəlmanların arasına ixtilah salan istənilən hərəkət günahdır və möminlər belə günahlardan çəkinməli və onların kökünü kəsməlidirlər. Müsəlmanların birləşdirilməsinə səbəb olan istənilən hərəkət vacib hərəkət sayılır və möminlər həmişə belə hərəkətləri etməyə çağırmalı və insanları ona ruhlandırmalıdırlar. Allah xəbər vermişdir ki, “zərərli məscidi” tikdirənlər məhz müsəlmanlar arasında ixtilaf salmaq niyyəti güdürdülər və buna görə də onların hərəkətləri günah idi. Kafirliyi müdafiə etmək niyyəti ilə və ya Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müqavimət göstərməklə bağlı olan istənilən hərəkətlər də günahkar əməllər sayılır
-Allah itaətsizlik göstərilən yerlərdə namaz qılmaq qadağan edilir. Müsəlmanlar belə yerlərdən aralı gəzməli və oralara yaxınlaşmamalıdırlar.
-Günahlar törədildikləri yerə də təsir göstərirlər. Münafiqlərin günah əməlləri də onların tikdiyi məscidə öz təsirini göstərmişdir və müsəlmanlara onda ibadət etmək qadağan olunmuşdu. Saleh əməllər də onların icra edildiyi yerlərə təsir göstərir. Buna görə Allah Quba məscidi haqqında buyurmuşdur: “...İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. ..”  (Tövbə, 9/108). Quba məscidi bir çox digər məscidlərə xas olmayan xüsusiyyətləri ilə fərqlənirdi. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hər şənbə bu məscidə gəlir, orada namaz qılır və müsəlmanları da onda namaz qılmağa dəvət edirdi.
-Fövqəluca Allahın xatırlatdığı səbəblərdən dörd mühüm dini prinsip çıxarılır:  müsəlmanlara zərər vuran istənilən əməl Allaha itaətsizlik və möminlərin sırasına nifaq salan və ya Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edən günahkarlara köməklik göstərən kafirliyin təzahürüdür, qadağan edilmişdir və əksinə.
-Əgər Quba məscidi təqva və dindarlıq üzərində qurulmuş məsciddirsə, onda özülünü mübarək əli ilə qoyduğu və tikintisində özünün də işlədiyi Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məscidi bu ada daha çox layiqdir.
-İstənilən saleh əməl Allah qarşısında səmimiyyətə və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yoluna tam uyğun gəlməsinə əsaslanır. Belə əməllərin əsası – təqva və möminlikdir və onlar insanı Cənnət bağlarının Səadətinə qovuşdu­rurlar. Əgər insan bədxah niyyətlidirsə, bidət və azğınlıqla məşğul­dursa, onda o, öz əməllərinin bünövrəsini, onunla birgə mütləq sürüşüb Cəhənnəm oduna yuvarla­nacaq uçurumun lap kənarında qoyur, çünki Allah zalım insanları doğru yola yöməltmir.

                          ﯠﯡ             ﯧﯨ               ﯯﯰ          ﯵﯶ              ﯻﯼ      ﯿ   

(9.111) “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Fövqəluca Allah bu ayədə Cömərd Rəbbin möminlərlə bağladığı böyük və mühüm bir əhd haqqında həqiqəti xəbər verir. O, onların canını və malını Cənnət bağları ilə mübadilə edərək almışdır. Orada möminləri misilsiz ləzzətlər, füsunkar hurilər və qəlbə zövq verən və baxışlara sevinc gətirən möhtəşəm saraylar gözləyir. Bu həzz dolu səfalı məskəni əldə etmək üçün möminlər Allahın düşmənləri ilə mübarizədə Allahın adını və Onun dinini ucaltmaq naminə öz canını fəda etməli və malını qurban verməli­dirlər. Bu saleh insanlar Allah yolunda döyüşür, düşmənləri öldürür və özləri də həlak olurlar. Onlar Allahla, Onun, bu dünyanın şahidi olduğu ən şərəfli, əzəmətli kamil Kitabları olan Tövratda, İncildə və Quranda Öz vədi və öhdəliyi ilə təsdiq etdiyi, əhd bağlayırlar. Onlar möhkəm iradəli elçilərə (Allahın onlara salamı olsun) – elçilərin ən kamillərinə nazil edilmişdir. Onların hamısı Allahın bu haqq vədini yekdilliklə təbliğ edirdilər.
Ey bu əhdin şərtlərini yerinə yetirən möminlər! Rəbbinizin vədinə əmin olun, bir-birinizi Onun yolunda mübarizəyə ruhlan­dırın və bir-birinizi müjdələyin. Siz böyük uğura nail olacaqsınız. Heç kimin nailiyyətləri sizinki kimi əzəmətli və şərəfli olmayacaqdır, çünki siz əbədi xoşbəxtlik və sonsuz səadət və həm də Cənnət səadətinin ən şərəfli zövqü olan Allahın lütfkarlığını  əldə edəcəksiniz. Əgər siz bu əqdin fövqəlmühümlüyünü dəyərləndirmək istəyirsinizsə, Alıcıya, mala və və qiymətə diqqət yetirin. Alıcınız – Şan-şöhrəti Fövqəluca Allahdır. Sizin əldə edəcəyiniz əmtəə isə Cənnət Səadətidir – nail oluna biləcək nemətlərdən ən şərəflisi. Sizin ondan ötrü ödəyəcəyiniz dəyər isə canınız və malınız, insan üçün ən əziz olan şeylərdir. Bu əqdin kimin əlləri ilə imzalandığına da baxın: o əllər Allahın ən şərəfli elçilərinin (onlara Allahın salamı olsun) əlləridir! Bu əqdin yazıldığı Kitablara da baxın! Bunlar – Allahın ən yaxşı məxluqlarına nazil etdiyi ən mükəmməl Kitablarıdır.

   ﭑﭒﭓﭔ   ﭕ ﭖ ﭗ ﭘ               ﭞﭟ       

(9.112) ”Tövbə, ibadət və həmd edən, oruc tutan, rüku və səcdəyə  gedən, yaxşı işlər görməyi əmr edib, bəd əməlləri yasaq­layan və Allahın sərhədlərini qoruyan mö­min­lərə müjdə ver!”

Görəsən Cənnət bağlarına və şan-şöhrətə nail olacaqları ilə müjdələnməyə layiq olan möminlər kimlərdir? Sanki bu suala cavab olaraq Fövqəluca Allah həmin möminlərin xüsusiyyətləri haqqında xəbər verir.  Onlar etdikləri günahlara peşman olurlar və daima öz tövbələrinin şərtlərinə riayət edirlər. Onlar Allaha ibadət edir, Onun hökmlərini yerinə yetirir, müntəzəm olaraq dinin fərz və nafilə tələblərini icra edir və bu xüsusiyyətləri sayəsində onlar Allahın əsil qullarıdır. Bununla yanaşı müsibət zamanı da, sevinc içində olduqları vaxtda da, onlara çətin də, asan da olduğu anlarda onları öz Rəbbinə əmd edirlər. Onlar Rəbbin onlara əta etdiyi gözlə görülən və görünməz nemətlərinə görə şükr edirlər. Onlar Allahın lütfkarlığını xatırladıqları zaman və gündüzlə gecənin müxtəlif saatlarında Onun Özünü xatırladıqda Ona təriflər deyir, Onu mədh edirlər.
Onların digər bir keyfiyyəti də ərəb sözü olan “siyaha” ilə ifadə edilir. Bir şərhə görə bu söz onların oruc tutmasını bildirir. Digər bir şərhə görə isə bu onu göstərir ki, onlar bilik əldə etmək üçün səfərə çıxırlar. Üçüncü bir şərhə görə isə, bu onu göstərir ki, onlar daima can atırlar ki, bütün qəlbi ilə Allahı dərk etsinlər, Onu sevsinlər və Ona hüzurunda müraciət etsinlər. Ən səhih şərhə görə, burada söhbət, Allaha yaxınlaşmaq məqsədilə istənilən səfərdən gedir. Bu, həccə və ya ümrəyə getmək, cihadda iştirak etmək, bilik əldə etmək və ya qohumları yoluxmaq üçün çıxılan səfərlər ola bilər.
Bununla yanaşı bu möminlər tez-tez namaz qılır, rükuya və səcdəyə təkrar-təkrar qapılırlar, insanları vacib və könüllü dini qaydaları yerinə yetirməyə dəvət edirlər, onları Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) haram qıldığı bütün şeylərdən çəkindirirlər. Onlar həçinin Onun qoyduğu hədlərə riayət edir və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hökmləri öyrənirlər. Onlar Allahın haramları ilə hökmlərini fərqləndirir, hökmləri yerinə yetirir, haramlardan isə uzaq gəzirlər.
Allah bu möminlərin layiq olduqları müjdəni dəqiqləşdirmir. Bu isə o deməkdir ki, onlara həm bu dünyada və həm də Axirətdə onlar üçün hazırlanmış istənilən maddi və mənəvi savablandırılmalar haqqında müjdə vermək olar. Bu həm də onu göstərir ki, müjdə bütün iman gətirənlərə aiddir. Lakin onun məzmunu möminlərin əməllərindən və imanının gücündən asılı olaraq fərqlənir.
                                                 
(9.113) “Müşriklərin Cəhənnəm sa­kin­lə­ri olduqları onlara bəlli ol­duq­dan son­ra, qohum olsalar belə, Peyğəmbərə və mömin­lərə onlar üçün bağışlanma di­lə­mək yaraşmaz”.

Peyğəmbərə və möminlərə, Allaha iman gətirməkdən imtina edən və saxta ilahlara ibadət edən müşriklər üçün, onlar hətta öz yaxın qohumları belə olsalar da, Allahdan bağışlanmağı xahiş etmək yaraşmaz.  Onlar üçün bağışlanma haqqında dualar düzgün deyil və faydasızdır və buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və möminlər belə etməməlidirlər. Əgər insan müşrik kimi ölmüşdürsə və ya əgər adamlara məlum olduqda ki, o, müşrik kimi öləcək, onda o[10], mütləq layiq olduğu cəzaya məruz qalacaq və əbədi olaraq Cəhənnəmdə məşəqqət içində olacaq. Belə insana nə havadarlarının xahişi, nə də onun üçün dua edib bağışlanma istəyənlərin xahişi fayda verməz.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və möminlər öz Rəbbi ilə birlikdə sevinməli və qəzəblənməlidirlər. Onlar Onun sevdiyini sevməli, Onun düşmənçilik etdikləri ilə düşmənçilik etməlidirlər. Bu isə, Cəhənnəm odunun sakinləri arasına düşəcəkləri özlərinə məlum olandan sonra, günahkar olanlar üçün bağışlanma haqqında dua etməklə uyğun gəlmir.

                        ﭿ                      ﮉﮊ               
(9.114) “İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və yumşaq xasiyyətli idi”.

Rəhimli Allahın sevimlisi olan İbrahim (ə) öz atası üçün bağışlanma istəmişdi ki, ona verdiyi vədini yerinə yetirsin. O (ə) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır”  (Məryəm, 19/47). O (ə) bu sözləri deyən zanan atasının taleyinin necə olacağından hələ xəbəri yox idi. O (ə) atasının Allahın düşməni olduğunu, onun kafir kimi öləcəyini, dəvətdindən və nəsihətlərindən heç bir fayda götür­mə­yəcəyini bildikdə, sevimli Peyğəmbər (ə) atasından əlini üzdü ki, Allahın iradəsinə müxalif olmasın. Doğrudan da, İbrahim Peyğəmbər (ə) hər bir təşəbbüsündə Allaha müraciət edirdi, Onu tez-tez yad edirdi, Ona bağışlanması haqqında dua və tövbə edirdi. O (ə) möhkəm insan idi və məxluqlara mərhəmətlə yanaşırdı. O (ə) onların səhvlərini bağışlayır, onların nadanlığından çəkinmir və haqsızlığa və təhqirə qarşı pisliklə cavab vermirdi. Hətta atası onu daşqalaq edəcəyini bildirəndə, o (ə) demişdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm...” (Məryəm, 19/47).

                                            

(9.115) “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları həmin yoldan azdırmaz! Həqiqətən, Allah hər şeyi Biləndir!”

Ey müsəlmanlar! Siz İbrahimin (ə) dininə etiqad etməli və ondan (ə), öz kafir atası üçün bağışlanma diləməsi vədindən başqa, qalan hər şeydə nümunə götürməlisiniz. Rəbbiniz sizə məhz belə davranmağı əmr etmişdir. Əgər Fövqəluca Allah insanlara doğru yol bələdçisi nazil edirsə və onlara bu yolla getməyi buyurursa, onda O, Öz lütfkarlığını axıra çatdırır və qullarına nəyə ehtiyacları olduğunu izah edir. O, onları dinin hökmlərindən xəbəri olmayan yolu azmış nadanlar kimi tərk etmir və bu da ona dəlalət edir ki, Allahın mərhəməti kamildir və Allahın şəriəti isə qullarının əsas və fərdi dini məsələlərinə dair suallara cavab verir.
Bir rəyə görə bu ayənin mahiyyəti ondan ibarətdir ki, insanlar, onlara nədən qorunmalı olduqları izah edildikdən sonra Allaha itaətdən imtina etdikdə, Fövqəluca Allah onları cəzaya məhkum edir  və azğınlığa salır. Belələrinə əvəz, onlar haqqı açıq-aşkar inkar etdiklərinə görə verilir. Lakin birinci şərh daha üstündür.

             ﮩﮪ    ﮬﮭ                      

(9.116) “Həqiqətən, göylərin və yerin mülkü Allaha məx­susdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!”

Allah göylərin və yerin hökmdarıdır. O, qullarına həyat bəxş edir və onları öldürür və həmçinin Özünə məxsus digər əməlləri həyata keçirir. Əgər O, Kainatın mövcudluğunun əsaslandığı qanunları pozmursa, onda məgər O, Özünün ilahlığına və Özünə ibadət edilməsi haqqı ilə sıx əlaqədar olan şəriət hökmlərini pozarmı? Məgər Böyük Hökmdar qullarını unudar və onları azmış nadanlar kimi tərk edərmi?!! Həqiqətən, təkcə O, qullarına havadarlıq edə, onlara fayda verə, yardım göstərə və onları bədbaxtlıqlardan xilas edə bilər.

                                                      ﯯﯰ             
(9.117) “Allah, onlardan bəzi­ləri­nin qəlbi ya­yın­maq üzrə olduqda, Pey­ğəmbərin və çətin saatda onun ardınca gedən mühacir­ və ən­­sarların  töv­bəsini qə­bul et­di, sonra da on­ları bağışladı. Çünki O, on­lara qarşı Şəfqət­li­dir, Rəhmlidir”.[11]

Fövqəluca Allah ayədə xəbər verir ki, Öz mərhəməti sayəsində O, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!), mühacir və ənsarların tövbəsini qəbul etdi. O, onların yol verdiyi səhvləri bağışladı, onlara ağır və zəhmət tələb edən hökmləri yerinə yetirmələri sayəsində bol savab verdi və onları böyük yüksəkliklərə ucaltdı. Ən ağır anlarda onlar Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birlikdə Təbuka yürüş etdilər. Həmin günlərdə şiddətli istilər var idi və müsəlmanlar ərzaq və minik heyvanları cəhətdən korluq çəkirdilər. Müsəlmanları evdə qalmağa sövq edən həddən çox amillər mövcud idi. Lakin onlar yardım üçün Fövqəluca Allaha müraciət etdilər və onlar, bəzilərinin qəlbi az qala kənara meyl etməkdə olduğu bir andan sonra, əmri yerinə yetirdilər. Onlar evdə qalmağa hazır idilər, lakin Allah onlara yardım göstərdi və onları gücləndirdi və mətinləşdirdi.
İnsan düz yoldan sapanda qəlbi də yan tərəfə əyilməyə meyl edir. Əgər bu, imanın əsas məsələlərinə toxunursa, onda belə təmayül kafirliyə səbəb olur. Əgər bu ayrı-ayrı dini hökmlərə aid olursa, onda onun ağırlığı, insanın tamamilə sapdığı və ya qismən və layiqincə yerinə yetirmədiyi şəriət hökmünün mühümlük dərəcəsindən asılı olur. Allah müsəlmanlara rəhm edərək onlara tövbə etdirmiş, onların tövbəsini qəbul etmiş və onları bu yolda mətinləşdirmişdir.

                                                                          ﭪﭫ                

(9.118) “Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah Tövbə Qəbuledən Rəhmlidir!”

Allah Təbuk yürüşünə digər müsəlmanlara birgə gedən üç nəfər kişinin də yövbəsini qəbul etdi. Burada Kəəb b. Malik və onun iki yoldaşından bəhs edilir. Onların başına gələnlər yaxşı məlumdur və müxtəlif hədis toplularında təsvir olunmuşdur.
Onlar o dərəcədə kədərlənmişdilər ki, hətta yer kürəsi, öz ucsuz-bucaqsız genişliyinə baxmayaraq, onlara dar gəlmişdi. Hətta onların öz ürəkləri də, insan üçün necə əziz olmasına baxmayaraq, onları sıxırdı. Bütün ətraf aləm və, adətən, insanı darıxdırmayan nə varsa, hamısı onlara dar gəlirdi. Bu hal insanın son dərəcə narahat və həyəcan keçirən vaxtlarında baş verir ki, bu narahatçılığı sözlə ifadə etmək mümkün olmur. Bunun səbəbi isə onların Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütfkarlığını hər şeydən üstün tutmalarındaydı. Onlar başa düşmüşdülər ki, ancaq şəriki olmayan Allah onları bədbəxtlikdən xilas edə bilər və buna görə də məxluqlara ümid etməkdən əl çəkmişdilər. Onlar öz ümidlərini öz Rəbbi ilə bağladılar, Ona doğru yönəldilər və təxminən əlli gün ərzində sınağa məruz qaldılar. Sonra Allah onlara tövbə etmək imkanı verdi, bunda onlara kömək etdi və onların tövbələrini qəbul etdi. O, Öz qullarının tövbəsini tez-tez qəbul edir və etdikləri səhvləri və xətaları onlara bağışlayır. Onun mərhəməti o qədər genişdir ki, O, hər anda və hər ləhzədə onunla Öz qullarını himayə edərək onların dünyəvi və dini işlərini sahmana salır.
Bu ayədən bir neçə fayldalı nəticələr çıxarmaq olar.
Birincisi, bu ayə ona dəlalət edir ki, qulların ən böyük məqsədi – Allahın onları bağışlamasını diləmələri olmalıdır. Seçilmiş qullar həmişə bu məqsədə can atırdılar və Allah da onlara istədiklərinə nail olmaqda kömək göstərmiş və onları Özünün xoşladığı və razı qaldığı əməllərə ruhlandırmışdır.
İkincisi, insan üçün çətin olan ibadət ayinləri, digər ibadət ayinlərinə nisbətən, üstünlüyə malikdir və həmin ibadəti icra etmək nə qədər ağır olarsa, savabı da bir o qədər çox olur.
Üçüncüsü, Allahın bağışlaması qulun tövbəsinin və peşman­çılığının dərə­cəsindən asılıdır və əgər insan öz xəta və nöqsan­la­rına əhəmiyyət vermirsə və Ona itaətsizlik etdikdən sonra özündə sıxıntı hiss etmirsə, onda onun tövbəsi kamil deyildir, hətta o, onu qəbul edilmiş saysa da.
Dördüncüsü, əgər insan bütün qəlbi ilə Fövqəluca Allaha müraciət edirsə və ümidlərini məxluqlara bağlamaqdan əl çəkirsə, onda bu xeyirli sonluğun və bədbəxtliklərin qurtarmasının əlamətidir.
Beşincisi, Allah Öz lütfkarlığı sayəsində üç müsəlmanı, onları heç də utandır­mayacaq keyfiyyətlərlə səciyyələndirmişdir. Fövqəluca Allah demişdir ki, onların tövbəsinin qəbul olunması və ya rədd edilməsi aydınlaşana qədər onlara vaxt verilmişdi. Bu ifdənin yeganə mümkün olan iki tərcüməsindən birini seçmə məcburiyyətinə uyğun olaraq, onlar müsəlmanlardan sonraya saxlanılmış, ya da üzürlü səbəbləri qəbul edilmişlərdən fərqlənmiş­dilər. Hərçənd onlar yürüşdə iştirak etməmişdilər, amma onların əməli hələ xeyirxahlıqdan imtina etmək deyildi və buna görə, Allah onların yürüşdə iştirak etməkdən imtina etmələri barədə bir söz işlətmir.
Altıncısı, Fövqəluca Allah bu üç nəfər müsəlmanı səmi­miyyətlə yad etmiş, onları doğru danışan adlandırmış və bütün möminlərə onlardan nümunə götürməyi əmr etmişdir. Məhz buna görə, Quranda daha sonra deyilir:

                  

(9.119) “Ey iman gətirənlər! Allahdan qorxun və sədaqətli olanlarla birlikdə olun!”

Ey Allaha və Onun bütün hökmlərinə iman gətirənlər! Dininizin tələblərinə uyğun olaraq davranın, təqvalılığa etiqad edin və sizə haram buyurulan hər şeydən uzaq olun! Sözlərinə və əməllərinə sadiq olanlarla, təkcə həqiqəti danışıb, tənbəllik və yorğunluq bilməyən saleh əməllər işləyənlərlə, təmiz və səmimi niyyətli və tamahkarlıq fikirlərindən uzaq olanlarla birgə olun! Doğrudan da sadiqlik möminliyə aparır, möminlik isə Cənnət bağlarına!
Fövqəluca Allah buyurur: “... “Bu (Qiyamət günü) elə bir gün­dür ki, sadiqlərə sədaqəti fayda verəcək. Onları zəminindən çaylar axan Cənnət bağları gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtu­luşdur!”[12] (Maidə, 5/119).


           ﭿ                              ﮌﮍ                                                                     ﮩﮪ              
(9.120) “Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin savabını itirməz!”

Fövqəluca Allah nurlu Mədinədə yaşayan mühacir və ənsarları və habelə şəhərin ətrafında yaşayan, İslamı qəbul edib nümunəvi müsəlman olan bədəviləri xeyirxah əməllərə ruhlandırır. Belə insanlara Allahın Elçisinin özünün (ona Allahın salavatı və salamı olsun!) iştirak etdiyi yürüşdə iştirakdan imtina etmək yaraşmaz. Onlara həmçinin rahatlıq axtarmaq, Elçinin (ona Allahın salavatı və salamı olsun!) alicənab və şərəfli həyatı qarşısında öz həyatına üstünlük vermək yaraşmaz. O (ona Allahın salavatı və salamı olsun!), möminlərə onların özlərindən yaxındır və buna görə hər bir müsəlman onun (ona Allahın salavatı və salamı olsun!) xatirinə öz həyatını qurban verməyə hazır olmalıdır. Əgər müsəlman Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) doğrudan da ehtiram bəsləyirsə və onu (ona Allahın salavatı və salamı olsun!) sevir və ona (ona Allahın salavatı və salamı olsun!) layiqincə iman gətirirsə, onda o, heç vaxt onunla (ona Allahın salavatı və salamı olsun!) birlikdə hərbi yürüşdə iştirak etməkdən boyun qaçırmaz.
Sonra Fövqəluca Allah möminləri müqəddəs müharibədə iştiraka ruhlandıran savablandırılma haqqında bəhs edir. Döyüşçüləri Allah yolunda haqlayan susuzluq, yorğunluq və aclıq, düşmən torpaqlarının alınması, düşmən qoşunlarının məğlubiyyətə uğradılması və döyüşdə ələ keçirilən qənimətlər – bütün bunlar müsəlmanlar üçün xeyirxah əməllər kimi hesablanır, çünki onlar möminlərin saleh əməllərinin nəticələridir. Allah xeyirxahlıq edənləri, Onun hökmlərini yerinə yetirməyə tələsənləri və Onun qarşısında və Onun məxluqları qarşısında öz vəzifələrini vicdanla yerinə yetirənləri savabsız qoymur. Ayədə xatırlanan əməllər Onun yolunda mübarizlərin saleh əməllərinin nəticələridir.

                                                
(9.121) “Onların çəkdikləri az-çox elə bir xərc, keçdikləri elə bir vadi olmaz ki, Allah əməllərinin qarşılığının daha artığını verməklə, əvəzində onlara (savab) yazılmamış olsun!”[13]

Allah yolunda sədəqə vermək və hərbi yürüşlərdə iştirak etmək saleh əməllərə daxildir və müsəlmanlar onlara görə savab alacaqlar və onların həddi, əgər əməllər səmimiyyətlə Fövqəluca Allah xatirinə edilmişsə, möminlərin etdikləri əməlləri dəfələrlə üstələyəcəkdir. Bu və bundan əvvəlki ayələr müsəlmanları cihadda iştirak etməyə, bu yolda rastlaşacaqları istənilən çətinliyə görə savab alacaqlarına ümid bəsləməyə çağırır, çünki məhz bunun sayəsində onlar böyük yüksəkliklərə ucala biləcəklər. Bu ayələrdən həm də məlum olur ki, insan hətta özünün adi xeyirxah əməllərinə görə belə çox böyük savablar ala biləcəkdir.

ﯦﯧﯨ  ﯩ ﯪ   ﯫﯬ       ﯯﯰ ﯱ ﯲﯳﯴﯵﯶ                 

(9.122) “Möminlərin hamısı birdən (döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (yaramaz işlərdən) çəkindilər!”

Fövqəluca Allah Öz iman sahibi olan qullarına nə edəcək­lərini xəbər verir. Onlar cihada hamılısı birdəfəlik getməməlidir, çünki bu onlar üçün çoxlu problemlər yarada bilər və onları digər nemətləri əldə etməkdən məhrum qoya bilər. Yaxşı olar ki, hər şəhərdən, hər qəbilədən düşmənlə döyüşmək üçün döyüş əməliyyatlarını aparmaq və qarşıya qoyulan məqsədə nail olmaq üçün kifayət qədər döyüşçülər göndərilsin.
Sonra Fövqəluca Allah qeyd edir ki, cihada göndərilməyən müsəlmanlar başqa insanlara daha çox fayda verə bilərlər ki, əgər onlar da hamısı ilə birlikdə döyüşə göndərilsələr, bundan faydalı istifadə etmək olmaz. Cihadda iştirak etməyən insanlar şəriət elmlərini öyrənməli, onların mənalarını və ayinlərini dərk etməli, bu elmi digərlərinə öyrətməli və döyüşçülər savaşdan evlərinə qayıtdıqdan sonra onlara öyüd-nəsihət verməlidirlər.
Bu ayə biliklərin üstünlüyünü və dini məsələlərdən baş çıxarmaq bacarığını xüsusilə qeyd edir. Dini öyrənmək ən vacib hökmlərdən biridir və əgər insan müvafiq biliklərə yiyələnirsə, onda o, onları yaymalı, onları Allahın qulları ilə bölüşdürməli və insanlara faydalı məsləhətlər verməlidir. Doğrudan da, alim insan bilikləri yayırsa, onda onun elmi bərəkətli olur və ona savab gətirir və onlar daima artıb-çoxalır. Əgər alim qınına çəkilirsə, insanları hikmətli nəsihətlər və xeyirli möizələr vasitəsilə Allahın yoluna dəvət etmirsə, nadan insanlara onların bilmədiklərini öyrətmirsə, onda belə alim müsəlmanlara hansı faydanı verə bilər? O ölər və bütün bilikləri də onunla birgə ölər, lakin bu sonuc Allahın elm və müdriklik verdiyi insan üçün ən böyük zərərdir.
Bu ayə həm də onu göstərir ki, müsəlmanlar müəyyən şəxslərə bütün ümmətə fayda gətirə bilən işlərlə məşğul olmağı həvalə etməlidirlər. Belə insanlar özlərini bu işlərə bütövlüklə həsr etməklə layiqinsə səy göstərməli və öz vaxtını başqa işlərə sərf etməməlidirlər. Onlar ancaq bu minvalla öhdələrinə götürdükləri vəzifələri yerinə yetirə və insanlara böyük faydalar verə bilərlər. Müsəlmanlar ancaq yeganə bir məqsəd güdməlidirlər – İslam dininin xeyrinə və öz qardaşlarının maddi rifahı naminə çalışmaq. Onlar müxtəlif sahələrdə işləyə və müxtəlif işlər görə bilərlər, lakin onların hamısını bir ümumi məqsəd birləşdirir. Bu müdrik və faydalı prinsipə bütün hallarda riayət etmək zəruridir.

   ﭗﭘ      ﭜﭝ ﭡﭢ

(9.123) “Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!”

Bu ayədə yenə bir Quran nəsihəti vardır. Döyüş əməliyyat­larında kimlərin iştirak etməli olduğunu izah etdikdən sonra, Fövqəluca Allah bildirir ki, öncə müsəlmanların yaxınlığında yaşayan kafirlərlə döyüşə başlamaq lazımdır[14]. Döyüş əməliy­yatları zamanı müsəlmanlar sərtlik, cəsarət və mətinlik göstər­məlidirlər. Onlar həmçinin bilməlidirlər ki, Allah Öz qullarına yardımını onların Allahdan qorxu hissinə[15] müvafiq olaraq göstərir. Əgər onlar təqvalılığa etiqad etsələr, onda O, onlara kömək göstərər və düşmənə qələbə çalmağa yardım edər.
Müsəlmanların yaxınlığında yaşayan kafirlərlə döyüşmək haqqında hökm ümumi səciyyə daşıyır. Amma əgər kafirlərə qarşı döyüş əməliyyatlarına başlamaq məqsədəuyğun olduğu halda, onlar müsəlmanlardan uzaqda olarlarsa, onda belə etməyə icazə verilir, çünki bunun üçün səbəb çox ola bilər.

                     ﭭﭮ                                    ﭿ       

(9.124) “Bir surə nazil edildiyi zaman onlardan (müna­fiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” – deyənlər də var. Möminlərə gəlincə, onların imanını artırar və onlar sevinərlər”.
(9.125) “Qəlblərində mərəz olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığının üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!”

Fövqəluca Allah növbəti Quran vəhyi nazil edilərkən münafiqlərin və möminlərin özlərini necə apardıqları barədə xəbər verir və onların davranı­şın­dakı fərqi qeyd edir. Quran ayələri hökmlərdən və qadağalardan ibarətdir, Allah haqqında hekayətlərdən bəhs edir, gizli qalmış tarixi hadisələri rəvayət edir və həmçinin cihadda iştiraka çağırır. Belə vəhylər nazil edilərkən münafiqlər iman gətirənlərdən soruşurlar: “Bu ayələr nazil olunduqdan sonra kimin imanı daha da gücləndi?”
Fövqəluca Allah izah edir ki, növbəti ayələr nazil edildikdən sonra əvvəl iman gətirənlərin imanı güclənmişdir. Onlar yeni biliklər əldə etmiş, növbəti vəhyin mənasını dərk etmiş, ona iman gətirmiş və onun tələblərinə uyğun olaraq rəftar etməyə başlamışlar. Onlarda yaxşılıq etmək və pislikdən çəkinmək arzusu oyanmışdır. Onlar Allahın onlara növbəti ayələri nazil etməsi, onları başa düşməyə və onlarda olan hökmləri yerinə yetirməyə kömək etməsi münasibəti ilə bir-birilərini təbrik etmişlər. Bütün bunlar ona dəlalət edir ki, iman sahiblərinin sinəsi Onun ayələri üçün açılmışdı, qəlbləri yəqinliklə dolmuşdu, onlar özləri isə öz Rəbbinin istənilən hökmünə itaət etməyə o saat hazır idilər.
Ürəkləri şəkk-şübhəyə və ikiüzlülüyə mübtəla olmuş günahkarlara gəldikdə isə, növbəti ayələrin nazil edilməsi onların mərəzini daha da artırmış və şəkk-şübhələrini çoxaltmışdı. Onlar bu ayələrə iman gətirməkdən imtina etmiş, onları rədd etmiş və onlardan üz çevirmişdilər. Belə münasibət onların xəstəliyini dərinləşdirmiş və onları məhvə doğru daha da yaxınlaşdırmışdı. Son nəticədə onlar kafir qalaraq həyatdan ayrılmışdılar. Onlar Allahın möcüzələrinə iman gətirmək istəmədilər və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərdilər və buna görə Allah onları cəzaya məruz qoydu və öz Rəbbi ilə görüşən günə qədər onların ürəyinə münafiqlik saldı.

  ﮄ ﮅ   ﮆ ﮇ ﮈﮉﮊ ﮋ     ﮍﮎ ﮏﮐﮑﮒﮓﮔ

(9.126) “Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmür­lərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!”

Fövqəluca Allah mürtədləri kafirliyə etiqad etdiklərinə və münafiqlik göstərdik­lərinə görə qınayır. Nə əcəb onlar başlarına gələn bədbəxtlikləri və məruz qaldıqları xəstəlikləri üzərində düşünmürlər? Nə əcəb onlar Allahın onları sınamaq üçün nazil etdiyi hökmləri üzərində fikirləşmirlər? Onlar törətdikləri öz cinayətlərini tövbə etmək və onlara fayda verəni etməyi və zərər verəndən çəkinməyi nəsihət edən təlimatı xatırlamaq istəmirlər.
Fövqəluca Allah onları sınağa çəkdi, çünki O, bütün qalan xalqlarla da belə etmişdi. O, onları sevinc və kədərlə, hökmləri və haramları ilə sınaqdan keçirir ki, onlar düz yola qayıtsınlar, lakin onlar tövbə etməkdən və təlimatı xatırlamaqdan imtina edirlər.
Bu ayələr imanın güclənib-zəifləməsini sübut edir. Mömin müsəlman öz imanının qayğısını çəkməlidir. O, imanını həmişə yüksək saxlaması üçün onu dəyərləndirməli, yeniləşdirməli və artırmalıdır.

                                 ﮢﮣ                  
(9.127) “(Münafiqlərin yaramaz işlərindən, qəbahətlə­rin­dən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” – deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!”

Münafiqlər ehtiyat edirlər ki, onların ürəklərində gizlətdik­lərini insanlara xəbər verən bir surə nazil edilsin. Fövqəluca Allah növbəti vəhyini insanların ona iman gətirməsi və onun hökmlərinə uyğun olaraq davranmaları üçün nazil etdikdə, onlar bir-birinin üzünə baxır və anlayırdılar ki, onlardan heç biri nazil edilmiş hökmü yerinə yetirməyəcək. Onlar ancaq onu gözləyirlər ki, fürsət əllərinə düşən kimi möminlərin nəzərindən yayınıb gizlənsinlər və deyirlər: “Müsəlmanlardan kimsə sizi görürmü?” Sonra isə onlar hiss etdirmədən geri çevrilib gedirlər. Allah isə onları cəzalandırır və bu, onların törətdikləri cinayətlərə uyğun gəlir. Onlar xeyirxah əməllərdən üz döndərirlər və Allah da onların ürəklərini haqdan döndərir və onları yardımından məhrum edir. Bunun səbəbi onlara deyilənləri düzgün başa düşməmələrində və onlardan fayda əldə edə bilməmələrindədir. Əgər onlara deyilənləri başa düşsəydilər, onda növbəti vəhyin nazil edilməsindən sonra onlar mütləq ona iman gətirərdilər və öz Rəbbinin iradəsinə tabe olardılar.
Bu ayə münafiqlərin müqəddəs müharibəyə və şəriətin digər hökmlərinə necə böyük nifrət bəslədiklərini izah edir. Fövqəluca Allah buyurur: “Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (Ey Elçim!)qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı...” (Muhəmməd, 47/20).

ﮬﮭﮮﮯﮰﮱ ﯓ ﯔ                        

(9.128) “(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə Şəfqətli, Mərhəmətlidir!”

Fövqəluca Allah qullarına onların arasından çıxmış savadsız bir Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) göndərməklə onlara göstərdiyi mərhəmətini xatırladır. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) keyfiyyətləri haqqında yaxşı məlumata malikdilər və ondan öyrənə bilərdilər. Onlarda ona (ona Allahın salavatı və salamı olsun!) itaət etməməyə heç bir əsas yox idi və həmçinin o (ona Allahın salavatı və salamı olsun!) onlara ürəkdən gələn xeyirxahlıqla yanaşırdı və onlara hər cür kömək göstərməyə çalışırdı. Onlar çətinlik çəkdikdə, bu onu narahat edirdi. O (ona Allahın salavatı və salamı olsun!) onlara ancaq yaxşılıq istəyirdi və əlindən gələni edirdi ki, onlara xeyir əldə etməyə köməklik göstərsin və onları doğru yola gətirməyə can atırdı. O (ona Allahın salavatı və salamı olsun!) istəmirdi ki, onlara pislik toxunsun və mümkün olanı edirdi ki, onlar o pislikdən uzaqlaşmağı öyrənsinlər. Mömin müsəlmanlara qarşı o (ona Allahın salavatı və salamı olsun!), onların valideynlərindən daha mehriban və mərhəmətli idi və buna görə müsəlmanların Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qarşısında vəzifəsi bütün digər insanların qarşısında olan vəzifələrindən üstündür. Bütün insanlar ona (ona Allahın salavatı və salamı olsun!) iman gətirməli, ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməli  və onu (ona Allahın salavatı və salamı olsun!) sevməlidirlər.  

                               ﯤﯥ                   

(9.129) “Əgər onlar üz döndər­sə­lər, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, Bö­yük Taxtın Rəbbidir!”[16]

Ey Muhəmməd! Əgər onlar iman gətirsələr, doğru yola gələrlər və onlara nəsib olanı alarlar. Lakin imandan və xeyirxah əməllərdən üz döndərsələr, öz yoluna davam et və İslama dəvətini davam etdir. De: Allah mənə bəsdir! O, məni narahatçılıqlardan və həyəcandan xilas edər. Allahdan başqa ibadətə layiq olan ilah yoxdur! Mən təkcə Ona təvəkkül edirəm və qəti əminəm ki, O, məni faydalı olan hər şeyə O, yaxınlaşdıra və mənə zərərli olan hər şeydən uzaqlaşdıra bilər. O, bütün Kainatı əhatə edən Böyük Taxtın – məxluqlardan ən əzəmətlisinin Rəbbidir. Bu isə o deməkdir ki, O, həm də bütün qalan məxluqların Rəbbidir”.



[1] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[2] Yəni, İslam dininin əsas müddəalarından (prinsiplərindən) irəli gələn tərkib hissələri. F.S.
[3] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[4] Təbəri Təfsirində isə iki əzab deyildikdə, münafiqlərin bu dünyada uğradılacaqları mənəvi və cismani əziyyətlər və qəbirdə veriləcək işgəncələr nəzərdə tutulur ki, bunlar Axirət həyatında Cəhənnəmə - ən böyük əzaba atılmaqla sonuclanacaq. Bax: Təbəri Təfsiri, Tövbə surəsi, 9/55.
[5] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[6] Təbəri təfsirində qeyd olunduğu kimi, bu “məscid”, əvvəllər Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı müharibə edən Əbu Amir əl-Fasiq üçün müşahidə aparmaqdan ötrü hazırlanıb təyin olunmuş xüsusi bir tikili idi. Bax: Təbəri Təfsiri, Tövbə surəsi 107-ci ayəsinin şərhi (Əbu Cəfər Muhamməd b. Cərir ət-Tabəri, Təbəri Təfsiri, Hisar Yayınevi: 4/358-360). F.S.
[7] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[8] Müqayisəyə gəlməz dərəcədə. F.S.
[9] Ayənin tərcüməsinin mətni qismən redaktə edilmişdir. F.S.
[10] Yəni, ölən müşrik, bütpərəst, Allahla bərabər bütlərə sitayiş edən şəxs. F.S.
[11] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[12] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[13] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[14] Bütün hallarda müsəlmanların silahlı mübarizəyə qoşulması kortəbii halda, ayrı-ayrı fərdlər və ya əlahiddə qruplar tərəfindən deyil, müsəlman ümmətinin rəhbəri tərəfindən həyara keçirilməlidir. Cihad haqqında ayələr şərəfli Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) İslam hakimiyyətini bərqərar etdiyi dövrdə nazil edilməyə başlamışdı və hərbi əməliyyatların keçirilməsi səlahiyyətli müsəlmanlara (peyğəmbərə, xəlifəyə və s.) aid idi. Bu və buna bənzər İslam hökmləri ilə əlaqədar qeyd edilməlidir ki, cihad (ilk növbədə bu ad altında, çox vaxt mütləq şəkildə, “müqəddəs müharibə” nəzərdə tutulur. Halbuki, cihadın digər əsas tətbiq olunduğu sahə insanın, müsəlmanın nəfsidir. İnsan ki, öz nəfsi ilə müqəddəs müharibəyə girişmir və bu mümkün də deyil. Amma insan öz nəfsi ilə mübarizə apara, yəni cihad edə bilər və etməlidir. Bu, insanın mənəvi durumu ilə bağlı müddəadır və, bəzən, “cihad” sözünü kabusa çevirərək ondan öz məqsədləri üçün istifadə edənlər də, xalqların, millətlərin taleyinə biganə olmayanlar da bu elementar gerçəkliyə xüsusi diqqət yetirməlidilər. Digər tərəfdən “cihad” ifadəsi heç də şok mənbəyinə çevrilməməli, fitnəkarlıqlar törətmək üçün o, səbəb kimi göstərilməməlidir. Eyni mahiyyətli söz və söz birləşmələri bütün dinlərdə və dillərdə var və heç kim onları bayraq edib müsəlləyə çıxmır. Allahın buyuruğu cihad döyüş mənasında fərdlər, qruplar və s. üçün nazil edilməmişdi. Bu gün əgər cihadı “müqəddəs müharibə” kimi qəbul edən varsa, o, onu da bilməlidir ki, belə müharibənin başladılasının və aparılmasının bütün səlahiyyətləri müasir dövlətlərin funksiyaları çərçivəsindədir və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əqidəsinə sahib olanlar bu həqiqəti müdafiə edir və hər hansı dövlətin səlahiyyətinə qarışmağı yolverilməz günah hesab edirlər. F.S.
[15] Təqvalılığa. F.S.
[16] Ayənin mətni qismən redaktə edilmişdir. F.S.

Комментариев нет:

Отправить комментарий