суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 10-cu parça


                        
                   ƏL-ƏNFAL
             (“QƏNİMƏTLƏR”)
                  SURƏSİNİN
                      ŞƏRHİ
          

                        Mərhəmətli və Rəhmli Allahın adı ilə!

    ﭓﭔ        ﭘﭙ           ﭞﭟ             

(8.1) (Ey Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qəni­mətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasi­bətləri dü­zəl­din, Allaha və Onun Peyğəmbərinə itaət edin!”

Qənimət – müsəlmanların Allahın iradəsi ilə düşməni məğlub edərək, kafirlərdən ələ keçirdikləri əmlakdır. Bu ayələr, Bədr döyüşündən sonra müsəlmanlar müşriklərə üstün gəldikdə və ilk böyük həcmli hərbi qənimətə sahib olduqda, nazil edilmişdir. O zaman bir sıra müsəlmanlar arasında qənimətlərin bölüşdürülməsi üstündə ixtilaf baş vermişdi və onlar məsləhət almaq üçün Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət etmişdilər. O vaxt Fövqəluca Allah hərbi qənimətlərin necə və kimlərin arasında bölüşdürülməsini izah etmək məqsədilə bu ayələri nazil etmişdi.
Ey müsəlmanlar! Qənimətlə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) məxsusdur. Onlar onu istədikləri kimi bölüşdürə bilərlər və siz onların qərarına müqavimət göstərməməlisiniz. Əksinə, onun (ona Allahın salavatı və salamı olsun!) qərarları sizi qane etməlidir və siz ona (ona Allahın salavatı və salamı olsun!) itaət etməlisiniz. Siz Allahın hökmlərini yerinə yetirərək və Onun haramlarını pozmadan Allahdan qorxmalısınız. Siz aranızda düşmənçilikdən və ixtilaflardan çəkinməli, qarşılıqlı məhəbbətə və qarşılıqlı anlaşmaya can atmalı, bir-birinizdən inciməkdən uzaq olmalı və mehribançılıq münasibətləri saxlamalısınız. Siz ancaq bu yolla birləşə və qarşılıqlı küsüşmələrin nəticələri olan hər hansı ziddiyyətlərə və kin-küdurət dolu mübahisələrə son qoya bilərsiniz.
İnsanlar arasında ziddiyyətlərin tənzimlənməsi onların ətraflarındakılara hörmətlə yanaşmasını və onları incidənlərə qarşı güzəşt göstərilməsini nəzərdə tutur ki, bunun sayəsində düşmən­çiliyin və insanların qəlbində özünə yuva salan nifrətin kökünü kəsmək mümkünləşir. Allah bunları xatırlatdıqdan sonra, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət göstər­məyi əmr edir və bu hökm geniş mənada bütün möminlərə aiddir. Məhz iman insanları Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tabe olmağa sövq edir. Əgər insan Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən, nöqsanlara yol verməklə, tamamilə boyun qaçırırsa, onda onun imanı yarımçıqdır.
Beləliklə, insanların imanını iki dərəcəyə ayırd etmək olar. Birinciyə aid olan – kamil imandır. Buna görə insan tərifə layiq görülür və o ona ən böyük müvəffəqiyyət qazanmağa gömək edir. İkinci dərəcəyə aid olan isə qeyri-kamil imandır. Aşağıdakı ayələrdə Allah kamil imandan bəhs edir:

                                          ﭺﭻﭼﭽ ﭾﭿ

(8.2) “Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəki­ləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanla­rını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər”;
(8.3)  “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyi­miz ruzidən (Allah yolunda) sərf edərlər”.

“Muminun” (möminlər”) sözünün müəyyən artikllə yazılışı onu göstərir ki, ayədə söhbət haqq dinin bütün tələblərini yerinə yetirənləri nəzərdə tutur. Onların yanında Allahın adı xatırlan­dıqda ürəkləri Onun qarşısında qorxudan həyəcanla titrəyir. Bu qorxu onları günah işlətməkdən vaz keçməyə vadar edir, çünki Fövqəluca Allah qarşısında qorxu – günahlardan əl çəkməyə yardım göstərən ən böyük amillərindən biridir.
Quran ayələri möminlərə oxunduqda onların imanı güclənir və buna görə onlar ayələrə diqqətlə qulaq asır və bütün qəlbi ilə onların mənalarını dərk etməyə çalışırlar. Bu, onların imanın güclənməsinə səbəb olur, çünki anlama insan qəlbinin əməllərinə xasdır. İnsan vəhylərin mənası üzərində düşünürsə, onun əvvəllər bilmədiyi məna hökmən ona agah olur. Bununla yanaşı, o, unutduğunu yadına salır və ürəyində isə xeyirxah işlər görmək və Rəbbinin mərhəmətini qazanmaq, günahlardan əl çəkmək və sərt cəzalardan qaçınmaq arzusu oyanır. Şübhəsiz ki, bütün bunlar imanın artmasına səbəb olur.
Belə iman sahibləri təkcə öz Rəbbinə təvəkkül edir və heç kimi Ona şərik qoşmurlar. Onlar qəti əmindirlər ki, O, onları ancaq faydalı olan şeylərə yaxınlaşdırar və onların mənəvi və maddi əməllərinə ziyan verə bilən hər şeydən uzaqlaşdırar. Təvəkkül etmək insanı xeyirxah əməllər işləməyə təkan verir və insan öz Rəbbinə təvəkkül etmədikcə, onun heç bir əməli kamil ola bilməz.
Belə mömin insanlar fərz və nafilə namazlarını qəlbən və zahiri hərəkətləri ilə qılaraq bununla İslam namazının ən vacib tələblərindən birini yerinə yetirirlər. Bundan başqa, onlar zəkat verir, günahlarının kəffarəsi olaraq sədəqə paylayır, öz zövcələri və qohumlarına, qullarına və kölə qadınlarına qayğı göstərir, digər vacib sədəqələr paylayır və həmçinin könüllü olaraq müxtəlif xeyriyyə məqsədləri üçün vəsaitlərini sərf edirlər.

        ﮃﮄ                

(8.4) “Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz ruzi gözləyir!”

Sadalanan keyfiyyətlərə malik olan əməlisaleh insanlar əsil iman sahibləridir, çünki onlar İslama etiqad edirlər və haqq din tərəfdarlarıdır, qəlbən və zahiri hərəkətləri ilə xeyirxah işlər görürlər, doğru biliklər əldə edirlər və əməldə onları əsas tutaraq Allah və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bundan və bundan əvvəlki ayələrdən bir sıra nəticələr çıxartmaq olar. Birincisi, möminlərin əməllərini sadalayaraq, Fövqəluca Allah, əvvəlcə, onların qəlbən yerinə yetirdikləri əməlləri haqqında xəbər verir, çünki bu əməllər bədən hərəkətləri ilə icra edilən əməllərin özülünü təşkil edir və sonunculardan üstündür. İkincisi, iman arta və azala bilər: o, saleh[1] əməllər sayəsində artır və itaətsizlik nəticəsində azalır. Üçüncüsü, Allahın qulu öz imanı haqqında fikirləşməli və onu artırmağa çalışmalıdır. Bunun ən təsirli üsullarından biri – Allahın Kitabı üzərində düşünmək və onun mənasını dərk etməkdir.
Allah bu barədə xatırlatdıqdan sonra, əsil möminlər üçün hazırlanmış mükafatlar­dan bəhs edir. Möminlər yüksək Cənnət dərəcələrinə yüksəldiləcəklər ki, o dərəcələr onların əməllərindən asılı olaraq bir-birindən fərqlənəcəkdir. Onların günahları bağışlanacaq və onlara Allahın rəhmət məskənində səxavətli qismət nəsib olacaq. Bu qismət sırasında gözlərin görmədiyi və qulaqların eşitmədiyi və hətta insan qəlbinin düşünmədiyi şeylər vardır.
Deyilənlərdən belə çıxır ki, imanı kamil olmayan saleh insanlar Cənnət sakinləri arasında olacaqlarına baxmayaraq, əsil möminlər üçün hazırlanmış kamil mükafatlardan ala bilmə­yə­cəklər.

                                                        ﮥ ﮦﮧ  ﮨﮩ  ﮪﮫ ﮬﮭ                                                      

(8.5) “Rəbbin səni bu minvalla haqq-əda­lət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi”[2].
(8.6) “Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər”[3].
(8.7) “O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (İslamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi”.
(8.8) “(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (İslamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi”.

Bədr yaxınlığında əzəmətli döyüşü təsvir etməzdən öncə Fövqəluca Allah möminlərə xas olan keyfiyyətlər haqqında xəbər verir, çünki Bədr yaxınlığındakı döyüşün iştirakçıları bu keyfiyyət­lərə malik idilər və xeyirxah işlər görürdülər ki, bunlardan ən əzəmətlisi Allah yolunda müqəddəs müharibə idi. Onların imanı həqiqi imandı və buna görə Allahın onlara vəd etdiyi mükafat da həqiqi mükafat oldu.
Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, şəhərdən çıxıb Bədr adlı yerə yola düşsünlər və Onun nəzərdə tutduğu haqq naminə müşriklərlə görüşsünlər. Sonradan baş verən hadisələrin hamısı qədərlə müəyyənləşdirilmiş və planlaşdırılmışdı.
Müsəlmanlar yola düşdükdə onların hətta ağıllarına belə gəlmirdi ki, düşmənlə döyüşə girməli olacaqlar. Döyüşün qaçılmaz zəruriyyəti onlara aydın olduqda, bəziləri Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) mübahisə etməyə başladılar. Onlar döyüşmək istəmirdilər və elə davranırdılar ki, sanki onları labüd ölümə aparırdılar və onlar bunu müşahidə etməyə məcburdurlar. Əlbəttə, onlar belə rəftar etməməliydilər, xüsusilə, onlar Allahın əmrinə itaət edərək, Onun istədiyi işi görmək və haqq xatirinə bu yola çıxmışdılar. Belə şəraitdə istənilən mübahi­sələr mənasızdır. İnsanlar öz qərarlarının doğruluğuna şübhə etdikdə mübahisə və çəkişmələr fayda verə bilər. Əgər həqiqət aydın və mübahisəsizdirsə, onda onlara ona riayət etməkdən başqa bir şey qalmır.
Qeyd etmək lazımdır ki, möminlərin əksəriyyəti Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) höccətləş­mirdilər və düşmənlə rastlaşmağa müqavimət göstərmirdilər. Allahın qınağına layiq görülən azsaylı insanlar da sonradan Onun iradəsinə tabe oldular və müqəddəs müharibədə fəal iştirak etdilər. Allah da onlara dözümlülük bəxş etdi və müxtəlif hadisələr vasitəsi ilə onların ürəyinə yəqinlik saldı ki, onların bəziləri haqqında bir qədər sonra bəhs edəcəyik.
Müsəlmanlar şəhərdən çıxdılar ki, Əbu Sufyanın Şama yola düşdüyü qureyşlilərin böyük ticarət karvanının yolunu kəssinlər. Onlar karvanın Şamdan qayıtdığı haqqında eşitdikdə, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) çağırışına üç yüz on nəfərdən bir qədər çox adam toplaşdı. Onların cəmisi yetmiş dəvəsi vardı ki, onlara növbə ilə minməyi və ərzaq yükləməyi qərara almışdılar. Qureyşlilər müsəlmanların niyyətindən xəbər tutduqda, yola çıxdılar ki, öz karvanlarını müdafiə etsinlər. Onlar böyük bir qoşun təchiz etdilər ki, tərkibində çoxlu at var idi. Döyüşçülərinin sayı min nəfərə çatırdı.
O zaman Allah müsəlmanlara vəd etmişdi ki, müşriklərin iki dəstəsindən biri onlara qalacaq: onlar ya karvanı tutacaqlar, ya da qureyşlilərin qoşunu üzərində qəlbə çalacaqlar. Müsəlmanlar istəyirdilər ki, karvanı ələ keçirsinlər, çünki onlar maddi çətinliklər içində idilər, karvan isə kifayət qədər (özünümüdafiə) qüvvəsinə malik deyildi. Lakin Fövqəluca Allah istəyirdi ki, onların özləri üçün arzuladıqlarından da daha yaxşı bir hadisə baş versin. Allah istəyirdi ki, onlar qureyşlilərin tərkibində müşriklərin ağsaqqal­ları və adlı-sanlı igidləri olan qoşununa qalib gəlsinlər. Allah istəyirdi ki, haqq zəfər çalsın, onun tərəfdarları qələbə qazansınlar, yalan tərəfdarları isə sarsıdıcı məğlubiyyətə uğradılsınlar. O istəyirdi ki, qulları heç ağıllarına belə gətirmədikləri Onun haqqı müdafiə etməsinin şahidi olsunlar. Allah müxtəlif dəlil və sübutların vasitəsilə, günahkarların nifrətinə səbəb olsa da, haqqı təsdiq və yalanı ifşa etdi. Həqiqətən, Rəbb onların istəklərinə heç bir diqqət yetirmədi.

                         ﭜ ﭝ ﭞ ﭟ ﭠ  ﭡ ﭢﭣ ﭤﭥ ﭦ          ﭫﭬ       ﭯﭰ ﭱ

(8.9) “O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu”.
(8.10) “Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”

Allahın sizə göstərdiyi lütfkarlığını xatırlayın! Siz o zaman öz düşməninizin yaxınlığında idiniz və Allaha sizə kömək göstərməsi üçün dua etdiniz. Siz Ona yalvarırdınız ki, sizə yardım və qələbə nəsib etsin və O, duanızı qəbul edərək, sizə hərtərəfli kömək göstərdi. O, sizə bir-birinin ardınca gələn min nəfər mələk göndərdi. Lakin onların gəlişi sadəcə sizə görə bir müjdə idi, çünki onsuz da qələbə qoşunların çoxsaylı və hazırlıqlı olmasından deyil, Allahın iradəsindən asılıdır. Heç kim Ona üstün gələ bilməz. Öz yenilməz Qüdrəti sayəsində O, hətta ən çoxsaylı, mükəmməl hazırlıq görmüş və yaxşı silahlanmış qoşunları yardımdan məhrum edə bilər. Öz müdrikliyi sayəsində isə O, öncədən müəyyən etdiyi hadisələrin nəticələrini təyin edir və hər şeyi öz yerinə qoyur.

                             ﭿ                     

(8.11) “O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyin­dən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir mürgüyə daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı”.

Allah müsəlmanları mürgülətdi və bu Onun yardımının yeni bir təzahürü və Onun müsəlmanların dualarını qəbul etməsinin dəlili idi. Mürgü onları ürəklərində baş qaldırmış xofdan xilas edərək, onlara özlərini əmin-amanlıqda hiss etməyə imkan verdi və Allahın onlara kömək göstərəcəyinə inam yaratdı. Sonra yağış yağaraq möminləri pisliklərdən, toz-torpaqdan və şeytanların vəsvəsəsindən təmizlədi. Allah onların qəlbini möhkəmlətdi, çünki məhz qəlbin gücü bütün bədənə qüvvət verir. Bununla yanaşı O, onların qədəmlərini sabitləşdirdi: yağışdan sonra qumsal torpaq bərkidi və yerimək üçün rahat oldu.

   ﮉﮊ ﮋﮌ            ﮒﮓ   ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ    ﮝﮞﮟﮠ ﮡ

(8.12) “(Ey Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salaca­ğam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”

Allah mələklərinə köməyini və yardımını onlardan əsirgə­məyə­cəyini bildirir və onlara əmr edir ki, möminlərin ürəyinə cəsurluq və Onun mərhəmətini qazanmaq üçün Onun yolunda düşmənlə vuruşmaq arzusu təlqin etsinlər. Allah Özü isə kafirlərin qəlbinə qorxu salacağını vəd etdi, çünki qorxu – müsəlmanlara düşmən üzərində qələbə çalmağın ən böyük amillərindən biridir. Allah möminləri müdafiə edərək kafirlərin ürəyinə qorxu salır ki, bundan sonra onlar müsəlmanlara müqavimət göstərə bilmirlər və məğlubiyyətə uğrayırlar.
Kafirlərin başlarını vurmaq və barmaqlarını kəsmək əmrinə gəldikdə isə, bu, Allahın möminlərə yardım göstərməyi  təlqin etdiyi mələklərə aiddir. Belə olduğu halda, bu vəhy, Bədr yaxın­lığındakı döyüşdə mələklərin bilavasitə iştirak etmələrini təsdiq­ləyən dəlildir. Bu əmr, ola bilsin ki, Allahın döyüşə ruhlandırdığı və döyüşdə müşriklərə qarşı necə amansız olmağı öyrətdiyi möminlərə də şamil edilsin.

         ﮦﮧ                  

(8.13) “Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər”.

Müşriklər[4] belə aqibətə layiqdirlər, çünki onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı döyü­şürdülər və onlarla açıq-aşkar düşmənçilik edirdilər. Kim Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə əlaqəsini kəsərsə, hökmən şiddətli cəzaya uğradılar ki, bunun təzahür­lə­rindən biri də Allahın dostlarının Onun düşmənləri üzərində qəlbə çalması və onları məhv etməsidir.

ﮱﯓﯔﯕ ﯖﯗﯘ

(8.14) “Bax beləcə, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri hələ bir Cəhənnəm əzabı da gozləyir”[5].

Ey Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) ayrılmış mürtədlər! Bu həyatınızdakı cəzanı dadın və bilin ki, iman gətirməyənlərə Cəhənnəm əzabı da hazırlan­mışdır.
Bu Quran hekayətində Allahın çox böyük möcüzələri öz əksini tapmışdır ki, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin həqiqiliyini sübut edən dəlillərdir.
Birincisi, Allah möminlərə qələbə bağışlayacağını vəd etmişdi və Öz vədini yerinə yetirdi. Fövqəluca Allah buyurur: “(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir” (Ali-İmran, 3/13).
İkincisi, O, yardım üçün Ona dua edən möminlərə cavab verərək, kömək göstər­məkdən ötrü zəruri şərait yaratdı. Bu, təsdiq edir ki, Rəbb Öz mömin qullarının qayğısına qalaraq onların imanını möhkəmlədir və qədəmlərini sabitləşdirir, onları hər hansı xoşagəlməz hallardan və şeytan vəzvəsələrindən xilas edir. Bu həmçinin qullarının dini hökmləri yerinə yetirmələrini mənəvi və maddi səbəblərin vasitəsilə asanlaşdıran Allahın mərhəmətinin dəlilləridir.

                                                                ﯶﯷ     

(8.15) “Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!”
(8.16) “(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir”.

Fövqəluca Allah Öz mömin qullarına əmr edir ki, layiqincə cəsarət və inadkarlıq göstərsinlər və ruhu və bədəni möhkəmlədən əməllər etməyə səy göstərsinlər. O, tərəflər bir-biri ilə əlbəyaxa döyüşə başladıqdan sonra döyüş meydanından qaçmağı qadağan edir.
Ey möminlər! Əgər sizin döyüş cərgələriniz düşmənin döyüş cərgələri ilə üz-üzə gəlsələr, onlara arxa çevirməyin. Əksinə, mətanətli olun və müharibənin ağırlığına səbirlə dözün. Belə davrandıqda, siz Allahın dininə kömək edərsiniz, digər möminlə­rin qəlbinə inam və allahsızların ürəyinə dəhşət salarsınız. Düşmənə arxa çevirməyə ancaq hərbi manevr etmək və ya başqa bir dəstə ilə birləşmək məqsədilə icazə verilir. Kim ki, döyüş zamanı başqa bir səbəblə arxasını düşmənə çevirərsə, Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil edilər.
Beləliklə, üzrlü səbəb olmadan döyüş meydanından qaçma ən böyük günahlardan biridir. Bu barədə səhih hədislərdə xəbər verilmişdir və bu, belə günaha yol vermiş müsəlmanların ünvanına qorxunc xəbərdarlıq kimi təsdiq olunur.
Şərh etdiyimiz ayələrin mənasından aydın olur ki, döyüş zamanı ancaq bir cinahdan başqa cinaha keçməyə, əgər belə yerdəyişmə düşmənə daha güclü zərbə vurmağa imkan verirsə, icazə verilir. Bu yerdəyişməni həyata keçirərkən müsəlmanlar kafirlərə döyüş meydanından qaçmaq niyyəti ilə arxa çevirmirlər. Onlar belə edirlər ki, düşmən üzərində üstünlük əldə etsinlər, onun seçilmiş qoşunlarına zərbə endirsinlər, onu azdırsınlar və ya başqa bir hərbi niyyəti həyata keçirsinlər. Həmçinin başqa dəstəyə kömək və ona kafirləri darmadağın etməyə yardım məqsədilə də geri çəkilməyə icazə verilir. Belə etməyə, hətta düşmən dəstəsi müsəlmanların düşərgəsində olduqda da, icazə verilir və bu hökm tamamilə aydındır.
Əgər müsəlmanlar geri çəkilərək döyüşdə iştirak etməyən bir dəstəyə qoşulmaq istəyirlərsə, məsələn, əgər onlar kafirlərin zərbəsi altında məğlubiyyətə uğrayaraq bir müsəlman ölkəsinə və ya müsəlmanların hərbi düşərgələrinin birinə sığınmağa cəhd göstərirlərsə, onda səhabələrin müxtəlif rəylərindən aydın olur ki, belə etməyə icazə verilir. əgər müsəlmanlar kiçik bir məğlubiyyətə uğramağa dözməklə, ümumi qələbəyə nail olmağı və ya qüvvələrini qoruyub saxlamağı nəzərdə tuturlarsa, onda yəqin ki, belə hərəkət etmək məqsədəuyğundur. Lakin əgər müsəlmanlar döyüşün davam etdirilməsinin onların kafirlər üzərində qələbəsi ilə qurtaracağına əmindirlərsə, belə bir vəziyyətdə onlara geri çəkilməyə icazə verilməsini təsəvvür etmək çətindir. Əslində, belə bir halda kiminsə geri çəkilməsi ağlabatan iş deyil.
Şərh etdiyimiz ayə ümumi mənaya malikdir, lakin bu surənin sonunda biz bu hökmün qoşunların say tərkibi ilə əlaqədar olması barədə nazil edilmiş ayə haqqında ayrıca bəhs edəcəyik.

           ﭕﭖ               ﭝﭞ           ﭣﭤ          

(8.17) “(Ey möminlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) Eşidəndir, Biləndir!”

Fövqəluca Allah müşriklərin Bədrdə məğlubiyyətə uğradılması və müsəlmanların onları necə öldürməsi haqqında xəbər verir. Onlar bu qələbəyə öz güc və qüdrətləri sayəsində nail olmamışdılar. Bütpərəstləri darmadağın edən Allah Özü idi və möminlərə kömək edirdi. Bu barədə öncə deyilmişdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müşriklərə bir ovuc qum atarkən də, bu məhz Allahın iradəsi ilə olmuşdu. Burada söhbət döyüş zamanı baş vermiş hadisədən gedir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz çadırına girərək Allaha dua etməyə, Ondan yardım dilədi. Sonra o (ona Allahın salavatı və salamı olsun!) çadırdan çıxıb bir ovuc qum götürüb müşriklərə tərəf atdı. Rəbbi isə elə etdi ki, qum zərrələri onlara gedib çataraq istisnasız olaraq bütün müşriklərin üzünə, ağızlarına və gözlərinə dəydi. Bu, kafirlərin döyüş ruhunu sındırdı və sıralarını pərən-pərən saldı. Onların gücsüzlüyü aşkar oldu və nəticədə onlar məğlubiyyətə uğradılar.
Ey Muhəmməd! Sən onlara qum atdın, lakin sən buna öz gücün sayəsində nail olmadın. Bizim Qüdrətimiz sayəsində atdığın qum onlara qədər gedib çatdı və onların gözlərinə doldu. Allah möminlərə kafirlər üzərində, hətta onların arasında bilavasitə toqquşma olmasa belə, qələbə bəxş etmək qüdrətinə malikdir. Lakin O, möminləri sınamaq, onları cihadda iştirak etmələri sayəsində böyük yüksəkliklərə ucaltmaq və yaxşıca və səxavətlə mükafatlandırmaq istəyirdi. Allah qullarının bir-biri ilə gizli və açıq danışıqlarınının hamısını eşidir. Ona onların ürəklərində saxladıqları bütün xeyirxah və bədxah niyyətləri agahdır. O, Özünün Kamil biliyinə və İlahi müdrikliyinə əsaslanaraq qulları­nın taleyini təyin edir ki, onlar bundan mümkün qədər çox fayda götürə bilsinlər. Sonra isə O, onların hər birinə niyyətlərinə və əməllərinə görə əvəzini verir.

             

(8.18) “Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!”

Qələbəni sizə Allah bəxş etmişdir, çünki O, İslama və onun tərəfdarlarına müqavimət göstərənlərin hiyləsini və zalım kələklərini zəiflədir. Bununla yanaşı O, onların fəndlərini özlərinə qarşı çevirir.

          ﭵﭶ           ﭻﭼ      ﭿ                          

(8.19) “Əgər (siz kafirlər) qələbə di­ləyirdinizsə, artıq qələbə çalınmışdır. Əgər küfrə son qoysanız, bu, sizin üçün daha xeyirli olar. Yox əgər (əvvəlki əməlinizə) yenidən başlasa­nız, biz də başlayarıq. Dəstənizin sayı nə qədər çox olsa da, bu sizi heç nədən xilas etməz, çünki Allah həqiqətən, mö­min­lər­lədir”[6].

Ey müşriklər! Siz Allaha dua edirdiniz ki, zalım cinayət­karlara qarşı cəza göndərsin və O da sizi məşəqqətli cəzaya düçar etdi. Cəza sizi iztiraba məruz qoydu və təqvalı möminlər üçün ibrətamiz dərs oldu. Əgər siz Allahı tezliklə hökm çıxarmağa çağırmaqdan əl çəksəniz, bu sizin üçün daha yaxşı olar, çünki O, sizə möhlət verə və sizi ləngitmədən cəzalandırmaqdan vaz keçə bilər. Lakin əgər siz sözə baxmasanız, onda nə sizin döyüşlərdə və vuruşmalarda güvəndiyiniz köməkçiləriniz, nə də müttəfiqlə­riniz, qoşunlarınız nə qədər çoxsaylı olsalar da, sizə fayda verə bilməzlər. Allah həmişə təqvalı möminlərə kömək göstərir. O, kimləri müda­fiə edirsə, onlar zəif və azsaylı olsalar da, qələbə onların tərəfində olur.
Ayədə deyildiyi kimi, Allahın Öz məxluqları ilə olması müddəası onu göstərir ki, O, əməlisaleh dindarları müdafiə edir ki, bu da müsəlmanların saleh əməllərindən asılıdır. Əgər Allah bəzi hallarda düşmənə möminləri üstələməyə imkan verirsə, bunun səbəbi hökmən onların yol verdikləri nöqsanlarla – imanın vacib tələblərini yerinə yetirməməklə bağlı olur. Əgər onlar Allahın tələblərini layiqincə icra etsələr, onda onlar heç vaxt tamamilə məğlub edilə bilməzlər.
Təqvalı dindarlara həmişə yardım göstərdiyini xatırlatdıq­dan sonra, Fövqəluca Allah onlara əmr edir ki, dinin tələblərinə müvafiq olaraq davransınlar ki, bunun sayəsində onlar Onun yardımına layiq görülə bilərlər.

                         ﮖﮗ ﮘﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ 

(8.20) “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!”
(8.21) “Eşitmədikləri halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın!”

Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmrlərini yerinə yetirin və sizə haram edilən hər şeydən çəkinin. Onun Kitabında nazil edilmiş hökmləri və tələbləri eşitdiyiniz halda, Allaha və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən boyun qaçırmayın. Əgər siz Quran əhkamlarından, onları eşitdikdən sonra, üz döndərsəniz, onda ən pis hərəkət etmiş olarsınız.
Eşitmədikləri halda, haqqı eşitdiklərini bəyan edənlərə oxşa­mayın, çünki onlar heç bir şey eşitməmişdilər. Heç bir əsası olmadan dəlilsiz-sübutsuz iddialarla qane olmayın, çünki belə davranışı Allahı və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bəyənmirlər. İman özünütərifdən və fantaziyalardan ibarət deyildir. O, insanların ürəklərində kök salmış və saleh əməllərlə təsdiq olunmuş tələblərdən ibarətdir.

                       
(8.22) “Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır”.

Canlı məxluqların ən pisi ayələrdən və və nəsihətlərdən fayda götürməyənlərdir.  Onlar haqdan söhbət edildikdə kar və lal olanlardır. Onlar nəyin fayda verdiyini anlamağa o qədər qadir deyillər ki, onlara əhəmiyyətli dərəcədə zərər verəndənsə, fayda verəni üstün tuta bilmirlər. Belə məxluqlar Allah qarşısında ən zərərli heyvanlardan da pis vəziyyətdədirlər. Allah onlara eşitmə, görmə qabiliyyəti və ağıl vermişdir ki, onlar həmin orqanlarından istifadə edərək, Öz Rəbbinə itaət etsinlər, lakin onlar o vasitələrdən günah törətmək üçün istifadə edir ki, bunun nəticəsində də özlərini böyük nemətlərdən məhrum edirlər. Onlar ən yaxşı məxluqların əks tipləridir; onlar doğru yolla getməkdən boyun qaçırmış və məxluqlardan ən pisi olmağı üstün tutmuşlar.
Onların məhrum edildikləri eşitmə qabiliyyəti eşidiləni dərk etmək istedadından ibarətdir. Lakin onlar ümumiyyətlə, eşitmək bacarığından məhrum edilməmişlər və buna görə də Fövqəluca Allah həqiqəti onların nəzərinə çatdırmışdır. Onlar Onun ayələri və möcüzələri haqqında eşitmişlər, amma bu, onlara fayda gətirməmişdir, çünki Ona məlum idi ki, onlarda xeyirxahlıq yoxdur və onlar Onun möcüzələrini lazımınca anlamağa layiq deyillər.

             ﯓﯔ            

(8.23) “Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər”.

Əgər Allah fasiqlərə eşitmə qabiliyyəti versəydi də, onlar Ona itaət etməyi rədd edəcəkdilər, çünki onlar qətiyyən haqqa can atmırdılar. Bu ona dəlalət edir ki, Fövqəluca Allah xeyirxahlıqdan məhrum olanları və müsəlman olmağa layiq olmayanları imandan və uğurdan məhrum edir. Belə qərarlar İlahi müdrikliyinə uyğundur. Buna görə həmd təkcə Ona məxsusdur.

                        ﯤﯥ                           

(8.24) “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri diril­dəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bi­lir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzurunda cəm edilə­cəksiniz!”

Fövqəluca Allah mömin qullarına buyurur ki, haqq dinin tələblərini yerinə yetirsinlər, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab versinlər. O, izah edir ki, bu hökm özündə böyük bir hikməti əks etdirir və çox böyük fayda verir, çünki insanın qəlbi təkcə Fövqəluca Allaha ibadət etməsi, Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinin daima yerinə yetirilməsi sayəsində canlanır.
Sonra Fövqəluca Allah Öz qullarını itaətsizlik göstərməkdən çəkindirərək bildirir ki, O, insanın onun öz qəlbi ilə olan rabitəsini kəsməyə qadirdir. Qoy insanlar Onun hökmlərini ilk dəfə eşitdikdə, onları rədd etməkdən çəkinsinlər, yoxsa onlar Allahın hökmünü sonradan icra etmək istəsələr, bu imkanından məhrum edilərlər. Onların ürəkləri çaşıb karıxa bilər, çünki Allah insanın öz qəlbi ilə olan əlaqəsini pozmağa qadirdir. Allah qullarının qəlblərinin istədiyi kimi çək-çevir edir və onları istədiyi istiqamətə yönəldir. Qoy insanlar bu duanı tez-tez təkrarlasınlar: “Ey qəlbləri çək-çevir edən Allah, Öz dininin yolunda qəlbimi sabitləşdir! Ey ürəkləri yönəldən Allah, qəlbimi Sənə itaət yoluna yönəlt!” Gerçəkliyinə şübhə etmək mümkün olmayan Məhşər günü onların hamısı Allahın qarşısında toplanacaqlar və onda mömin xeyirxah əməllərinə görə mükafat, günahkar isə öz günahlarına görə əvəzini alacaqdır[7].

                    ﯸﯹ            ﯿ

(8.25) “Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!”[8]

Sınaqdan keçirilmə təkcə günahkar zalımlara deyil, həm­çinin açıq-aşkar itaətsizlik edən günah­karları islah etməyə cəhd göstərməyən günahsız insanlara da zərbə endirir. Allahın cəzası cinayət törədilməsində təkcə günahkarlara düçar olmaqla kifayət­lənmir və buna görə insanlar belə sınaqlardan ehtiyatlanmalı və ətraflarındakıları qınanılan əməllərdən çəkindirməli, əxlaqsızlıq və şərəfsizlik yayan bədniyyətli cinayətkarlara müqavimət göstərməli, başqalarına günah işlətməyə və zalımlıq etməyə yol verməmə­lidirlər. İnsanlar bilməlidirlər ki, Allah Onu qəzəbləndirməyə cəsa­rət edənləri və Onun lütfkarlığını qazanmağa cəhd göstərməyən­ləri sərt cəzalandırır.

                              ﭞﭟ ﭠ ﭢﭣﭤ

(8.26) “(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimət­lərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!”

Fövqəluca Allah qullarına, onlar alçaldıldıqdan sonra qələbə bəxş etməklə, azsaylı olduqları halda sıralarını artırmaqla, kasıb olduqları halda onları varlandırmaqla göstərdiyi mərhəmətini xatırladır. Onlar zəif camaat sayılırdılar və başqa insanların hakimiyyəti altında olsalar da, Allah onlara yardım göstərdi və çoxsaylı nemətlər nazil etdi. Onlar başqa bir şəhərdə sığınacaq tapdılar, öz düşmənlərinə qalib gəldilər və bol qənimət ələ keçirdilər və bunların sayəsində varlı və təmin edilmiş insanlar oldular. Ola bilsin ki, bu böyük mərhəmətə və yerinə yetirilmiş xeyirxahlığa görə onlar Allaha şükür edərlər. Ola bilsin ki, onlar heç kimi şərik qoşmadan təkcə Ona ibadət edərlər.

                         

(8.27) “Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!”[9]

Fövqəluca Allah qullarına buyurur ki, Onun qarşısında, əmr olunanı icra etməklə və qadağan olunandan çəkinməklə, vəzifə­lərini yeriə yetirsinlər. Allah göylərə, Yerə və dağlara dini hökmləri yerinə yetirmək öhdəliyi götürməyi təklif etdi, amma onlar məsuliyyətdən qorxaraq, belə bir yükü öz üstünə götürməkdən boyun qaçırdılar. Lakin insan belə ağır bir yükü aparmağa razılaşdı, çünki o, öz təbiəti etibarı ilə zalım və nadandır.  Allah qarşısında öz vəzifələrini yerinə yetirənlər bol mükafatlara layiq görülür.  Kim ki, öz vəzifələrini yerinə yetirmir və ona göstərilmiş etimada xəyanət edirsə, o, sərt cəzaya məruz qoyulur. Belə günahkarlar Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onlara göstərilmiş etimada xəyanət edərək, öz ləyaqətini alçaldırlar. Onlar xainlikləri üzündən ən alçaq və qüsurlu sifətlərə malikdirlər və bununla özlərini ən kamil və ən gözəl keyfiyyətdən – sədaqətli olmaqdan məhrum edirlər.

                      
(8.28) “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!”

Var-dövlətin və övladların insan üçün imtahan olması, onlara bəslədiyi məhəbbət onu vəzifələrini icra etməkdənsə, öz arzularına üstünlük verməyə məcbur edə bilər. Buna görə Fövqəluca Allah bildirir ki, mal-mülkiyyət və uşaqlar isə, sadəcə insanı yoldan çıxaran şeylərdir. Allahın qulları bir müddət onlara sahib olurlar, sonra var-dövlət və övladlar, onları vaxtilə digər insanlara saxlamağa həvalə etmiş Rəbbə qaytarılırlar.
Fövqəluca Allah həmçinin bildirir ki, Onun mükafatı çox böyükdür. Bu isə o deməkdir ki, hər bir dərrakəli və sağlam düşüncəli adam bu dünyanın fani və cüzi ləzzətlərindənsə, öz Rəbbinin böyük nemətinə üstünlük verməlidir. Həqiqətən, ağıllı insan hər şeyi götür-qoy etdikdən sonra, gerçək layiq olanına üstünlük verir. 

        ﭿ                       ﮉﮊ          

(8.29) “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və Axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) Sahibidir!”

Qulun Allahdan qorxması onun xoşbəxtliyinin və uğur qazanmasının rəhnidir. Allah bildirir ki, insan bu keyfiyyəti sayəsində həm bu dünya həyatında və həm də öləndən sonra saysız-hesabsız nemətlər əldə edə bilər. Şərh etdiyimiz ayədə Allah buyurur ki, təqvalı qul dörd üstünlük əldə edir və onların hər biri yer aləmindən (onun bütün nemətləri ilə birlikdə) üstündür.
Birinci üstünlük – gerçəyi yalandan fərqləndirə bilmək bacarığıdır. Burada nəzərdə tutulan faydalı biliklər və doğru rəhbərlikdir ki, onların sayəsində insan düz yolu azğınlıqdan, haqqı nahaqdan, halalı haramdan, xoşbəxt möminləri bədbəxt günahkarlar­dan fərqləndirir.
İkinci və üçüncü üstünlüklər – xətaların bağışlanması[10] və günahların əfv edilməsidir. Bu iki xüsusiyyət, birgə və ya ayrı-ayrılıqda xatırlanmasından asılı olma­yaraq, bir-biri ilə bağlıdır. Şərhçilər hesab edirlər ki, xətaların bağışlanması kiçik günahların, əfv isə böyük günahların bağışlanmasına aiddir.
Dördüncü üstünlük - ən böyük mükafatlandırılma və qiymətli hədiyyədir ki, o, Allahın razılığını öz arzularından üstün tutan təqvalı möminlər üçün hazırlanmışdır.

                             ﮙﮚ       ﮝﮞ       

(8.30) “(Ey Elçim!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!”

Ey Elçi! Allahın sənə göstərdiyi lütfkarlığını xatırla! Müşrik­lər səninlə necə rəftar edəcəkləri qərarına gəlmək üçün məşvərət çağırdılar. Onlar istəyirdilər ki, səni həbs edib qandallasınlar. Başqaları səni öldürmək istəyirdilər ki, bu vasitə ilə İslama dəvə­tindən xilas olsunlar. Bir başqaları düşünürdülər ki, səni şəhərdən qovsunlar. Toplaşanlardan hər biri bu barədə öz rəyini bildirirdi, lakin onlar kafirlərdən ən qəddarı olanın – lənətlənmiş Əbu Cəhlin təklifini qəbul etməyi qərara aldılar. O təklif etmişdi ki, Qureyş qəbilələrinin hər birindən bir nəfər gənc seçib hər birinə iti qılınc verilsin ki, onlar birlikdə sənə sarsıdıcı zərbə endirsinlər. Belə olduqda sənin qətlinə görə məsuliyyət bütün Qureyş ailələrinin üstünə düşəcəkdi və Haşimin nəsli isə qan bahası almaqla kifayətlənəcəkdi, çünki axı onlar bütün qureyşlilərdən eyni vaxtda intiqam ala bilməzdilər. Sui-qəsdçilər gecə vaxtı pusqu qurmağı və sən yuxudan oyanan zaman üsünə hücum etməyi qərara aldılar.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səmadan nazil olan vəhy vasitəsilə sui-qəsddən xəbər tutdu. O, evdən çıxaraq qureyşlilərin başına qum səpdi və görünmədən onların  yanından keçib getdi. Allah belə etdi ki, onlar onu (ona Allahın salavatı və salamı olsun!) görmədilər. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) evdən çıxmasının uzun çəkdiyini gördükdə, yanlarına bir nəfər gəlib dedi: “Qoy Allah əməllərinizi puç eləsin! Muhəmməd artıq evdən çıxmış və başınıza da qum səpmişdir”. Ancaq bundan sonra onlar başlarındakı qumu təmizləməyə başladılar.
Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) sui-qəsdçilərdən qorudu və ona (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət etməyə razılıq verdi. Orada Allah ona (ona Allahın salavatı və salamı olsun!) çoxsaylı mühacir və ənsarlardan ibarət olan səhabələrlə kömək göstərdi. Onun (ona Allahın salavatı və salamı olsun!) dini yayıldı və bir-neçə il keçdikdən sonra o (ona Allahın salavatı və salamı olsun!) Məkkəni və onun əhalisini fəth etdi. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) qarşısında müti oldular və hakimiyyətini qəbul etdilər, halbuki o (ona Allahın salavatı və salamı olsun!) əvvəlcə öz doğma şəhərini, həyatı üçün təhlükə yarandığına görə, gizlicə tərk etmişdi. Öz qullarının qayğısına qalan Allah Pak və Müqəddəsdir və Ona müqavimət göstərməyə gücü çata biləcək bir məxluq yoxdur!


  ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ  ﮬﮭﮮﮯ ﮰﮱ ﯓ  ﯔ ﯕﯖ

(8.31) “Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istə­sək, biz də bunun bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanə­lərindən (uydurmala­rından) başqa bir şey deyildir!” – söylə­yərlər”.

Fövqəluca Allah Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlərin inadkarlığı barədə xəbər verir. Onlara Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısı­nın gerçəkliyini təsdiq edən Quran ayələrini oxuduqda, onlar deyirdilər: “Biz bunların hamısını artıq eşitmişik. Bunlar – qədim xalqların əfsanələridir”. Bu sözlər onların inadkarlığının və zalımlığının nəticəsi idi. Əgər bu belə olmasaydı, onda Quran vəhylərinə bənzəyən heç olmazsa bir surə yazmaq üçün, Ondan başqa, bütün istədiklərini köməyə çağırmaları haqqında Allahın onlara yönəltdiyi təklifi qəbul edərdilər. Onlar bu dəvəti qəbul etmədilər və öz gücsüzlüyünü gizlədə bilmədilər. Onların sözlərinə gəldikdə isə, onlar tamamilə əsassız idi və mövcud gerçəklik onları təkzib edirdi. Onlar çox gözəl bilirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) savadsız insan idi, nə oxumağı və nə də yazmağı bilmirdi. O (ona Allahın salavatı və salamı olsun!) uzaq səfərlərə getməmişdi ki, qədim xalqların hekayətlərini öyrənə bilsin. Bütün bunlara baxmayaraq, o (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə elə bir Kitab gətirdi ki, ona yalan nə qarşıdan, nə də arxadan yaxın düşə bilməz. O (ona Allahın salavatı və salamı olsun!), Müdrik və Hərhəmdəlayiq Allah tərəfindən nazil edilmiş Kitab gətirmişdir.


          ﯛ ﯜ                             

(8.32) “Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”.

Kafirlər haqlı olduqlarına inandıqları üçün belə demişdilər və Allaha necə müraciət etməyi bilmirdilər. Haqlı olduqlarını təsdiq edərək, onlar gerçəkliyi təhrif edən şübhəli sübutlar gətirirdilər və onların sayəsində öz baxışlarının düzgünlüyünə inanmışdılar. Onların yanına onlarla müzakirə aparmağa bir nəfər gələrək, məhz özünün haqqa əsaslandığını bəyan etdikdə, onlar belə deməli idilər: “Ey Allah! Əgər bu doğrudan da Səndən nazil olan haqdırsa, onda bizi doğru yola yönəlt”. Belə davransaydılar, onlar öz zalımlıqlarını daha yaxşı gizlədə bilərdilər. Lakin onlar dedilər: “Ey Allah! Əgər Muhəmmədin təlimi Səndən gələn haqdırsa, üstümüzə daş yağdır və ya bizi əzabverici cəzaya düçar et”. Bu sözlər tamamilə kifayət edərdi ki, onların ağılsız axmaq və zalım nadanlar olduqları başa düşülsün, axı əgər Allah onları ləngitmədən cəzalan­dırsaydı, onların kökü büsbütün kəsilərdi. Lakin Allah onları o saat cəzalandır­madı, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların arasında idi.

           ﯰﯱ             

(8.33) “Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!”

Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müşriklərin yanında olması onları cəzalandırıl­maqdan qoruyurdu. Onlar öz qorxulu nitqlərini çoxsaylı insanların hüzu­runda bəyan edirdilər, amma sözlərinin qüsurluluğunu dərk edirdilər. Onlar Allahın onları cəzalandıracağından ehtiyat edirdi­lər və bağışlanmaları haqqında Ona yalvarırdılar və buna görə də Allah xəbər verir ki, müşriklər Ondan bağışlanmalarını istədikdə O, onları cəzalandırmaz. Qeyd olunan şərtlər onları Allahın cəzasından qoruyurdu. Lakin onların cəzaya məruz qoyulması üçün olduqca çoxsaylı səbəblər var idi. Buna görə, sonra Fövqəluca Allah buyurur:

   ﭑﭒﭓﭔﭕﭖﭗﭘ           ﭝﭞ                  

(8.34) “Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəst­likdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilmir!”

Müşrikləri, işgəncələrə məhkum edən cinayətlər törətdiklə­rinə görə, cəzadan nə qoruya bilər? Onlar insanlara, o cümlədən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələrinə Məscidülharama yaxınlaşmağa imkan vermirlər. Axı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələri bu məscidin yanında dayanmağa daha çox haqlıdırlar, çünki müşriklər, ümumiyyətlə, heç Allahın dostları da deyillər.
Bir şərhə görə, bu ayədə əvəzlik[11] Allaha şamil edilir və belə olduqda, bu vəhyin mənasından belə çıxır ki, müşriklər Onun dostları deyillər. Digər bir şərhə görə isə bu əvəzlik Məscidülha­rama aiddir və belə olduqda, bu onu göstərir ki, müşriklər Məscidülharama digər insanlardan üstün haqqa malik deyillər. Allahın dostları – təkcə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş, tövhidə etiqad edən, ancaq tək Ona ibadət edən və xidmət göstərən möminlərdir. Lakin insanların əksəriyyəti bundan xəbərsizdir və buna görə onlar, başqalarının daha çox layiq olduğu keyfiyyətləri, özlərinə aid edirlər. 

                  ﭯﭰ             

(8.35) “Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müş­riklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!”

Fövqəluca Allah istəyir ki, Məscidülharam elə bir məbəd olsun ki, orada Onun dininə etiqad edilsin və təkcə Ona səmimi ibadət olunsun. Mömin müsəlmanlar bu hökmü yerinə yetirirdilər, müşriklər isə, onlara ona, hətta yaxınlaşmağa belə imkan verməyərək, onun özünə də heç bir əhəmiyyət vermirdilər. Hətta, ibadət ayinlərinin ən əzəmətlisi olan namaz müşriklər üçün fışdırıq və əl çalmaqdan başqa bir şey deyildi. Nadan cahillər özlərini məhz belə aparır, öz Rəbbinə qətiyyən ehtiram göstərmir, şeylərin əsil mahiyyətini bilmir və yer üzündə ən yaxşı və ən şərəfli guşəyə hörmət bəsləmirdilər. Əgər müşriklərin ibadətini belə keyfiyyətlərlə səciyyələndirmək mümkündürsə, bəs onda onların digər ayinləri haqqında nə demək olar?! Niyə onlar elə güman edirdilər ki, onların Məscıdülharama, Allahın Öz Kitabında qeyd etdiyi kimi namazda muti olan, boş-boş danışıqlardan çəkinən, çoxsaylı tərifəlayiq keyfiyyətlərə malik və müxtəlif xeyirxahlıqlar edən mömin müsəlmanlardan daha çox haqları var?!
Təəccüblü deyil ki, Allah Məscidülharamı müsəlmanların[12] öhdəsinə vermişdi və onların hakimiyyətini bu müqəddəs torpaqlarda bərqərar etmişdi. Bu baş verdikdə Fövqəluca Allah buyurmuşdur: “Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxın­laşmasınlar...” (Tövbə, 9/28).

  ﭷﭸﭹ                 ﭿﮀ               ﮇﮈ ﮉ ﮊ        ﮌ ﮍ ﮎ ﮏ                                  ﮝﮞ       

(8.36) “Küfr edənlər öz mallarını (insanları) Allahın yolundan döndərmək (İslamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsəd­lərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
(8.37) Allah (orada) murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!”

Fövqəluca Allah bildirir ki, müşriklər Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı düşmənçilik bəslə­yirlər. Onlar fitnə-fəsad qururlar ki, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) üstün gəlsinlər, Onun Nurunu söndürməyə və Onun Sözünün eşidilməməsinə cəhd göstərirlər. Lakin onların tətbiq etdikləri fəndgirliklərin nəticələri onların özlərini məğlubiyyətə uğradacaqdır, çünki uğursuz fitnəkarlıqlar həmişə onları törədənlərə zərbə vurur.
Kafirlər haqqı nahaq qələmə vermək və yalanı müdafiə etmək, Vahid və Mərhəmətli Allaha imanı məhv etmək və insanları bütpərəstliyə tərəf çəkmək üçün öz mallarını xərcləməyə xəsislik etmirlər. Onlar bu yolda var-dövlətlərini xüsusi çətinlik çəkmədən sərf edirlər, çünki öz yanlış baxışlarında qətiyyətlidirlər və haqqa nifrət bəsləyirlər. Əlbəttə, sonradan onlar törətdikləri barədə təəs­süf­lənəcəklər, rüsvay ediləcək və alçaldılacaqlar. Onlar öz var-dövlətlərindən məhrum olacaqlar və ümidləri puça çıxacaq, Qiyamət günü başladıqda isə onlar daha sərt cəzalandırılacaqlar. Onların hamısı Cəhənnəmdə toplanacaq və orada amansız cəzanı dadacaqlar. Cəhənnəm – natəmizlərin və yaramazların məskənidir.
Fövqəluca Allah yaramaz adamları xeyirxah möminlərdən yaxşı ayırd edir və onların hər biri mütləq müvafiq məskəndə olacaqdır. Bütün yaramazlıqlar toplanıb bir yerə atılacaq. Yaramaz əməllər, yaramaz mallar və yaramaz məxluqlar bir-birinin üstünə yığılacaq. Sonra isə Allah onları toplayıb Qaynar Cəhənnəmə vasil edəcək. Oraya düşən mürtədlər əsil zərərə uğrayacaqlar, çünki Qiyamət günü onlar özlərini itirəcək və ailələrindən məhrum olacaqlar. Açıq-aşkar zərər də elə budur!

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩﮪ ﮫ  ﮮ ﮯﮰﮱﯓﯔ

(8.38) “(Ey Elçim!) Kafir olanlara de: “Əgər onlar (öz küfr­lərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çək­sələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr”.

Bu vəhy Fövqəluca Allahın Öz qullarına bəslədiyi mərhəmə­tinin dəlilidir. İnsanların kafirliyinə və inadkarlığına baxmayaraq, Allah onları doğru yola gəlməyə və azğınlığa, məhvə məhkum edən əməllərdən çəkindirməyə dəvət etməkdən usanmır. Məhz buna görə, Allah buyurur ki, əgər kafirlər küfrə etiqad etməkdən əl çəksələr və Ona şərik qoşmadan, itaət etsələr, onda O, onların keçmişdə törətdikləri cinayətlərini bağışlayar. Amma əgər onlar yenidən kafirliyə və haqqı inadla inkar etməyə qayıtsalar, onda onlar məhvə uğradılmış kafir xalqların yolunu təkrarlamış olarlar. Belə olduqda, onlar ancaq inadcıl kafirlərin nəsibi olan aqibəti gözləsinlər və onların məsxərəyə qoyduqları cəza, mütləq onlara yetişəcəkdir.
Bu ayə kafirlərə yönəldilmişdi, sonrakı ayədə isə Allah möminlərə müraciət edir və onları allahsızlara necə yanaşmağı öyrədir. Fövqəluca Allah buyurur:

                     ﯝﯞ                              ﯬﯭ         

(8.39) “(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (iba­dət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verə­cəkdir)”.
(8.40) “Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O, ən gözəl Havadar, ən yaxşı İmdadaçatandır!”

Kafirlərlə onlar Allaha şərik qoşmaqdan və insanları Onun yolundan çıxartmaqdan əl çəkənə qədər, İslamı qəbul etməyincə və bu dinin hökmlərinə tabe olmayınca, insanlar tək Allaha xidmət göstərmədikcə vuruşun. Məhz bu, cihadın – dinin düşmənlərinə qarşı mübarizənin ali məqsədidir. Cihad sayəsində müsəlmanlar öz dinini kafirlərin onu salmaq istədiyi şərdən qoruyur. Onlar, Allahın bəşəriyyəti yaratmasının məqsədi olan dinini müdafiə edir və onun bütün qalan dinlər üzərində ucaldılmasına can atırlar.
Kafirlər zalımlıq etməkdən əl çəksələr, onda onların əməllərini Allah nəzərdən qaçırmaz, axı Ondan hətta ən cüzi hərəkətləri belə gizlətmək mümkün deyildir. Amma onlar Ona itaət etməkdən vaz keçsələr, qoy bilsinlər ki, O mömin qullarını himayə edir, onlara faydalı şeyləri əta edir, dini və dünyəvi işlərini sahmana salmağa kömək göstərir və onları cinayətkarların kinli kələkbazlıqlarından və şiddətli hücumlarından qoruyur. Allah insanı himayə edirsə, onda o, heç nədən qorxmaya bilər. Lakin əgər Allah insana müharibə elan edirsə, o, hökmən gücündən məhrum olunacaq və özü üçün istinadgah tapa bilməyəcək.

                                                                ﭭﭮ            

(8.41) “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!”

Əgər müsəlmanlar kafirlərin əmlakını, haqları olduğu halda, ələ keçiriblərsə, onda onun kəmiyyətindən asılı olmayaraq, beşdə dörd hissəsi hərbi qəniməti ələ keçirən müsəlmanlara çatır. Allah hərbi qəniməti zəbt edənləri onun (beşdə bir hissəsi istisna edilməklə) mülkiyyətçisi elan etmişdir. Deməli, hərbi qənimətin beşdə dörd hissəsi döyüş iştirakçıları arasında bölüşdürülməlidir, özü də süvari piyadadan iki dəfə çox almalıdır, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) qəniməti döyüşçüləri arasında belə bölüşdürərdi. Süvari isə bir pay özü üçün, bir pay da atına görə alırdı.
Hərbi qənimətin beşdə bir hissəsinə gəldikdə isə, onu bir dəfə də beş hissəyə bölməli idilər. Beşdə bir hissə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) çatırdı, yəni heç bir məhdudiyyət olmadan müsəlmanların ümumi ehtiyaclarına sərf olunurdu. Allah qənimətin bu hissəsini Özü və Öz Elçisi (ona Allahın salavatı və salamı olsun!) üçün ayırmışdı, lakin məlumdur ki, onlar maddi nemətlərə möhtac deyildilər. Deməli, hərbi qənimətin bu hissəsi Allahın qullarına çatırdı və müsəlmanların ümumi ehtiyacları üçün xərclənirdi, çünki Fövqəluca Allah bu əmlakın məhz necə bölünməsini bildirməmişdi.
Digər beşdə bir hissə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qohumlarına – Haşimin bə əl-Müttəlibin nəsillərinə verilirdi. Məhz Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) qohumluq – bu nəsillərin nümayəndə­lərinin hərbi qənimətlərdən bir hissə almasına hüquq verən səbəb idi. Beləliklə, qənimət bu nəsillərin bütün varlı və kasıb nümayəndələrinin arasında, onların kişi və ya qadın olmasından asılı olmayaraq bölünməlidir.
Digər beşdə bir hissə azyaşlı uşaq olarkən atalarından məhrum olmuş yetimlərə çatmalıdır. Allah onlara rəhm edərək bütün hərbi qənimətin iyirmi beşdə bir hissəsini ayırmışdır, çünki onlar özlərinin zəruri olan ehtiyaclarını təmin etməyə qadir deyillər və bunu edə bilən qohumlardan məhrum olmuşlar.
 Digər beşdə bir hissə maddi ehtiyac içində olan kasıblara və yoxsullara çatmalıdır. Bu qəbildən olan insanlara yaşlılar və uşaqlar, kişilər və qadınlar aid edilirlər.
Sonuncu beşdə bir hissə səfərə çıxaraq yad ölkəyə gəlmiş və maddi vəsaitdən məhrum olmuş müsafirlərə verilir.
Bəzi şərhçilər belə hesab edirlər ki, bütün hərbi qənimətlərin beşdə bir hissəsini sadalanan məqsədlərə sərf etməyə icazə verilsə də, onu həmin beş dərəcədən olanların arasında mütləq bərabər hissələrə bölmək lazım deyil. Onlar güman edirdilər ki, zəruriyyət yarandıqda, bu beş dərəcədən olanlardan birinə başqaları qarşı­sında üstünlük vermək olar və bu rəy daha məqsədəuyğundur.
Allah qeyd edir ki, hərbi qənimətlərin beşdə bir hissəsinin layiqincə ödənilməsi imanın vacib tələblərindəndir. Əgər müsəlman­lar Allaha və Fərqlənmə günü Onun Öz quluna (ona Allahın salavatı və salamı olsun!) nazil etdiklərinə iman gətirmiş­lərsə, onda bu tələbi yerinə yetirməlidirlər. Bədr yaxınlığında döyüş gedən gün Allah haqq ilə yalanı bir-birindən fərqləndir­mişdir. Həmin gün haqq qələbə çalmış, yalan isə ifşa edilmişdir. Həmin gün müsəlmanların qoşunu kafirlərin qoşunu ilə üz-üzə gəlib döyüşə girdi və insanlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısının gerçək olmasını təsdiq edən möcüzələri gördülər. Həqiqətən, Allah hər şey üzərində hökmrandır və heç kim Ona üstün gələ bilməz!

                    ﭾﭿ          ﮄﮅ                                    ﮕﮖ          

(8.42) “O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfində idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) vədələşsəydiniz, (onların çox olmasın­dan və sizi öldürməsindən qorxaraq) təyin etdiyiniz vaxt barə­sində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) Eşidəndir, Biləndir!”

Siz vadinin Mədinəyə yaxın olan tərəfində, sizin düşmənlə­riniz isə digər tərəfdə idilər. Siz hamınız bu vadidə yerləşmişdiniz, karvan isə bu zaman artıq dənizin sahilindəydi. Siz yola düşdünüz ki, karvanı ələ keçirəsiniz, lakin Allah istəyirdi ki, hər şey başqa cür baş versin. Əgər siz bu görüşü irəlicədən planlaşdırsaydınız, onda döyüşün yeri və vaxtının seçilməsi və ya başqa şərtlər sizin bir-birinizlə rastlaşmayacağınıza səbəb ola bilərdi. Lakin Allah sizin hamınızı bir yerə yığmışdı ki, Onun müəyyənləşdirdiyi Qədər gerçəkləşsin və baş verməli olan hadisə baş versin. Allah istəyirdi ki, bu hadisə inadkarlıqla haqqı danan kəslər üçün aydın bir möcüzə olsun və kafirlər öz baxışlarının qüsurluluğuna əmin olub, Allah qarşısında bəraət qazanmaq imkanından məhrum olsunlar və möminlər isə daha böyük əminlik və inam əldə etsinlər. Buna nail olmaq Allahın hər iki dəstəyə ağıllı insanlar üçün ibrətamiz möcüzələr və dəlillər göstərməsi sayəsində mümkün oldu.
Onun gözəl adları sırasında – Eşidən, Bilən adları. O hər hansı səsi eşidir, istənilən dili başa düşür və bütün xahişləri diqqətlə dinləyir. O, aşkar və gizli baş verən hər şey haqqında bilir,  qeybə və aydınlığa xas olan bütün şeylərdən xəbərdardır.

          ﮡﮢ                            ﮬﮭ              

(8.43) “O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!”

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yuxuda müşrikləri azsaylı göstərdi və bundan sonra Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz səhabələrini sevindirərək, ürəklərini sabitləşdirdi və onlara sakitlik və inam gətirdi. Əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onları çoxsaylı görsəydi və bu barədə səhabələrinə xəbər versəydi, onlardan bəziləri döyüşə girmək istəyər, digərləri isə geri dönmək qərarına gələrdilər. İxtilaf ona gətirib çıxarardı ki, müsəlmanlar ruhdan düşər və zəifləyərdilər. Lakin Fövqəluca Allah onlara lütfkarlığını göstərdi və onları belə höcətləşmələrdən qorudu. Ruhən möhkəm olanlar və qəm-qüssəyə qapılmağa hazır olanlar, həqiqəti danışanlar və yalan söyləyənlər də Allaha məlumdur. Allaha möminlərin qəlbində gizli qalan keyfiyyətləri də məlum idi və bunun sayəsində onlar Allahın Öz mərhəmətinə və qayğısına layiq görülmüşdülər.

                                   ﯢﯣ          
(8.44) “(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir)”.

Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yuxusunu səhih yuxulardan[13] etdi və möminlərə elə gəldi ki, onla­rın düşmənləri doğrudan da azsaylıdır. Müşriklər də gördülər ki, müsəlmanlar azdır və buna görə iki qoşunun hər biri düşmənini zəif hesab edərək döyüşə başlamağa hazır idi. Bu ona görə lazım idi ki, Allahın qədəri ilə müəyyən edilmiş hadisə gerçək­ləşsin.
Allah möminlərin qələbə çalmasını, müşriklərin isə məğlu­biy­yətə uğramasını və öz azğın başçılarını və ağsaqqallarını itirmə­lərini istəyirdi. Nəticədə müşriklərin başçılarından bir nəfər belə sağ qalmadı və diri qalan qureyşliləri İslama dəvət etmək çox asanlaşdı. Bədr yaxınlığındakı döyüş Allahın müşriklərə lütfkarlığı oldu. Onlar sağ qalıb, sonradan İslamı qəbul etdilər.
Məxluqların bütün əməlləri mütləq Allaha qayıdır və sonra O, pis insanları möminlərdən ayırır və ədalətli hökm çıxarır. Allah heç kimə zalımlıq etmir və heç kimi incitmir.

                            

(8.45) “Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!”

Ey möminlər! Siz kafirlərin sizinlə döyüşməyə hazırlaşan qoşunu ilə toqquşarkən, layiqincə səbir və mətanət göstərməklə vuruşun. Bu əzəmətli ayini yerinə yetirərkən dözümlü olun, çünki onun yüksək zirvəsi böyüklük və qələbədir. Bu halda sizə kömək edən Allahı çoxlu-çoxlu xatırlamanız olacaqdır ki, onun sayəsində siz düşmən üzərində zəfər çala biləcəksiniz. Həqiqətən də səbirli, dözümlü olmaq və Allahı çox zikr etmək – müsəlmanların qalib gəlməsinə kömək edən ən böyük amillərdir.

                 ﭘﭙ   ﭚﭛ            

(8.46) “Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-biri­nizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edən­lərlədir!”

Hər şeydə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət edin və həmişədə bu prinsipi rəhbər tutun! Aranızda ayrılıq sala biləcək mübahisələrə girişməyin, yoxsa qorxarsınız və əminliyinizdən məhrum olar, gücünüzü itirər və Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətkarlıq göstərənlərə vəd edilmiş qələbəyə nail ola bilməzsiniz. Rəbbinizin və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərini səbirlə yerinə yetirin, çünki Allah səbirli qullarına həmişə kömək edir və onlara yardım göstərir. Onun qarşısında müti və itaətkar olun!

                               ﭭﭮ         

(8.47) “(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!”

Onlar evlərini təkəbbürlə tərk edərək, hədsiz lovğalıqları üzündən səfərə  çıxmış­dılar. Onlar ad-san qazanmağa can atır və özlərini göstərmək istəyirdilər ki, sonradan qalan adamların qarşısında öyünsünlər. Bununla yanaşı onlar daha mühüm bir məqsəd də güdürdülər: onlar Allahın yolu ilə getmək istəyənləri bu yoldan azdırmağa hazırlaşırdılar.
Ey müsəlmanlar! Allah müşriklərin etdiyi hər şeyi bilir. O Özü onların əsil niyyətləri haqqında sizə xəbər vermişdir və sizə onlara bənzəməyi qadağan etmişdir, çünki onlar hökmən ən sərt cəza alacaqlar. Əgər siz səfərə çıxırsınızsa, bunu səmimiyyətlə Fövqəluca Allah xatirinə edin. Onun dininin şan-şöhrətini artır­mağa çalışın, insanları Allahın qəzəbinə səbəb olan və onları cəzalanmaya məhkum edən əməllərdən çəkindirin; ətrafınızda­kıları Rəbbin Cənnətinin Səadət bağlarına aparan düz yoluna cəlb edin.

                          ﭿ      ﮂﮃ                                            ﮕﮖ       

(8.48) “O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədik­lərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi.

Şeytan müşriklərin qəlbində pis əməlləri bəzəyərək onlara demişdi: “Bu gün insanlardan heç kim sizə üstün gələ bilməz. Siz həm sayca çoxsunuz və həm də döyüşə yaxşı hazırlaşmısınız. Muhəmməd və onun səhabələri sizə müqavimət göstərə bilməzlər. Mən sizin yanınızda olacağam və çalışacağam ki, sizin ehtiyat etdiyiniz adamlardan heç biri sizə qarşı vuruşmasın”.
İblis qureyşlilərin yanına Suraki b. Malik b. Cuşumun simasında gəlmişdi. O, əvvəldən qureyşlilərlə düşmənçilik edən Mudlac qəbiləsindən idi. Onlar qorxurdular ki, Mudlac qəbiləsi də müsəlmanların tərəfində onlara qarşı döyüşə bilər və belə olduqda şeytan onlara dedi: “Mən sizin yanınızda olacağam. Sakit olun və öz qələbənizə inanın”. Müsəlmanlar və kafirlər uzaqdan bir-biri­lərini görən kimi, şeytan Cəbrailin mələkləri necə sıraya düzdü­yünü gördü. O, bərk qorxuya düşdü, geriyə dönərək, aldadılmış qureyşlilərə dedi: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən müqavimət göstərilməsi mümkün olmayan mələkləri görürəm. Mən qorxuram ki, Allah məni bu dünya həyatında tezliklə cəzalan­dırsın, axı O, cəza verməkdə çox sərtdir”.
Ola bilsin ki, şeytan qureyşliləri azdıraraq onlara yaramaz fikirlər təlqin edir ki, heç kim onları məğlub edə bilməyəcək və onların qonşuluğunda müttəfiqləri də vardır və onlar hələ döyüş meydanına gəlib çatmayıblar. Sonra şeytan geriyə dönüb onlardan uzaqlaşdı. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurmuş­dur: Münafiqlər şeytana bən­zəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlə­rin Rəbbi olan Allah­dan qorxuram!”– deyir. Onların hər ikisinin aqi­bəti atəş içində əbədi qalmaq­dır. Zalımla­rın cəzası budur[14]. (Həşr, 59/16-17).

                      ﮤﮥ                       

(8.49) “O zaman münafiqlər və ürəklərində mərəz (etiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, Yenilməz Qüvvət Sahibidir, Hikmət Sahibidir!”

Münafiqlər və qəlbində şübhə olanlar az qüvvə ilə çoxsaylı düşmənə qarşı döyüşə girən möminlər haqqında dedilər: “Bu insanların öz dini onları çıxa bilməyəcəkləri ağır vəziyyətə saldı”. Onlar möminlərə qarşı öz nifrətamiz münasibətlərini belə bildirməklə onların düşüncəsizliyini qabartmaq istəyirdilər. Lakin Allaha and olsun ki, onların özləri düşüncəsiz və ağılsız adamlardı. Din insana, əzəmətli ordunun belə cəsarət etmədiyi, təhlükəli qərar qəbul etməyə təkan verə bilər, çünki mömin həmişə Allaha təvəkkül edir və bilir ki, insan təkcə Onun sayəsində güc və qüvvə sahibi olur. Mömin bilir ki, əgər bütün məxluqlar birləşib bir insana, heç olmazsa, bir zərrə qədər yaxşılıq etməyə çalışsalar,  Allah istəməsə, onu edə bilməzlər və əgər bütün yaradılmışlar birləşib ona pislik etmək istəsələr, Allahın onun üçün müəyyən etdiyi qədər çərçivəsindən başqa pislik edə bilməzlər. Mömin bilir ki, o, haqqa etiqad edir və Allahın qədəri müdriklik və mərhəmət təcəssümüdür. Məhz buna görə o, qəlbində həyəcan keçirmədən istənilən düşmənlə onun gücündən və çoxsaylılığından asılı olmayaraq döyüşə girir. O, qəti surətdə öz Rəbbinə inanır və qorxu və cəsarətsizliyin nə olduğunu bilmir. Mömin çox yaxşı başa düşür ki, heç kim Allaha üstün gələ bilməz və Onun hər hansı hökmü hikmətinə əsaslanır.

   ﮯ ﮰﮱ ﯓﯔ ﯕ ﯖﯗ                                  

(8.50) “(Ey Elçim!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin!”
(8.51) “Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərini­zin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”

Mələklər kafirlərin canını almağa gələndə, sən onların nara­hatlığını və həyəcanını görəydin. Mələklər onların üzünə və kürəklərinə vuraraq deyirlər: “Çıxın!” Kafirlərin ruhu canlarından ayrılmaq istəmir, çünki başa düşürlər ki, irəlidə onları məşəqqətli cəza gözləyir. Onlara belə deyilir: “Yandırıb-yaxan dəhşətli cəzanı dadın! Rəbbiniz sizə zülm etmir, axı siz çoxsaylı cinayətlər törətmisiniz və belə aqibətə layiqsiniz”.

       ﯫﯬ      ﯯﯰ             ﯶﯷ           

(8.52) “Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!”

Allah bütün nəsillərə eyni ədalətlə yanaşır. Müşriklərin törətdikləri əməllər Firon nəslinin və onlardan əvvəl yaşamış kafir xalqların etdiklərinə bənzəyir. Onlar da Allahın möcüzələrini inkar edirdilər və O, onları bu cinayətlərinə görə cəzalandırdı. O, güclüdür və cəza verməkdə sərtdir və heç bir məxluq Onun vermək istədiyi amansız cəzasından qaça bilməz. Fövqəluca Allah buyurur: “...(Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın...” (Hud, 11/56).

                             ﭞﭟ         

(8.53) “(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) Eşidəndir, Biləndir![15]

Allah kafir xalqları cəzalandırdı, onları nemətdən və fira­vanlıqdan məhrum etdi. Bunu ona görə etdi ki, onlar günah işlər görmüş və nəfslərində olanları dəyişdirmişdilər. Allah insanları heç vaxt onlara verdiyi nemətdən, onlar Ona itaətsizlik göstər­məyənə qədər, məhrum etmir. Onlar Onun nemətini inkar etməyə başladıqda və bu nemətə naşükürlüklə cavab verdikdə, O, onları maddi nemətlərdən məhrum edir. Onlar özlərini dəyişdikcə, O da onların rifahını dəyişir. Allah belə etməklə Öz ilahi hikmətinə istinad edir, qullarına qarşı ədalətlilik və rəhmlilik göstərir. O, Öz qulları ilə zülmkarcasına davranmır, lakin onlar Onun hökmlərinə itaətsizlik göstərəndə onlara cəzasını daddırır və beləliklə, iman gətirənlərin qəlbini Özünə cəlb edir.
Onun gözəl adları arasında Eşidən, Bilən adları haqqında. O, məxluq­larının ürəyindən keçirdiyi və ya ucadan söylədiyi bütün sözləri eşidir. O, onların ən gizli fikirlərini və sirlərini bilir və hadisələri Öz elminə və İlahi iradəsinə əsasən öncədən müəyyən­ləşdirir.

       ﭧﭨ      ﭫﭬ                       ﭴﭵ             

(8.54) “Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini (dəniz­də) batırdıq. Onların hamısı zalım idi!”

Firon və onun xalqı Allahın onlara göstərilən möcüzələrinə iman gətirməkdən boyun qaçırdılar. Onlara qədər yaşamış kafirlər də belə etmişdilər və həmin xalqlardan hər biri törətdikləri cinayətlərin ağırlığına müvafiq olaraq cəza almışdılar. Məhv edilənlərin və amansız cəzaya məruz qoyulanların hamısı zalım günahkarlar idilər və özləri özlərini məhvə məhkum etmişdilər. Allah onlara zalımlıq etməmişdi, onları etmədikləri cinayətə görə cəzalandırmamışdı. Qoy insanlar zalımlıqdan çəkinsinlər, yoxsa, bir zamanlar onlardan əvvəlki pozğunluq törədənləri məhv etmiş cinayət onların da axırına çıxar!

ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ                             
(8.55) “Həqiqətən, Allaha görə canlı məxluqların ən şərlisi küfr edənlərdir. Onlar iman gətirməmişlər və gətirməyəcəklər”[16].
(8.56) “Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar”.

Küfrə etiqad edən günahkarlar iman gətirməkdən boyun qaçırırlar və onlara göstərilən etibara xəyanət edərək, canlı məxluqların ən şərlisinə çevrilirlər. Onlar xatırlanan üç keyfiyyətə malikdirlər: öhdəliklərini yerinə yetirmirlər, verdikləri sözün üstündə durmurlar və buna görə də onlar eşşəklərdən, itlərdən və başqa həşəratlardan da pisdirlər. Onlarda xeyirxahlıq yoxdur – onlar əsil şərdirlər. Onlar məhv edilməlidirlər ki, xəstəlikləri ətrafdakılara sirayət etməsin. Bax elə buna görə sonra Fövqəluca Allah belə buyurur:

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ   

(8.57) “Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirt­sən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxa­larında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bun­dan) ibrət alsınlar (bir daha əhdi pozmağa cürət etməsinlər)!”

Əgər sən onlarla döyüşməli olsan, onlarla əhd üzrə öhdə­liklərin olmazsa, onda onları sərt cəzalandır ki, bu, öz ardıcılları üçün ibrət nümunəsi olsun. Ola bilsin ki, onlardan sonra gələn insanlar onların başına gələnləri yadda saxlayıb ibrət götürsünlər və bu sərt aqibətin öz başlarına gəlməməsi üçün səy göstərsinlər.
Törədilmiş cinayətlərə görə cəza tədbirlərinin faydası da elə bundadır. Cinayət­karların cəzalandırılması, hələ cinayət törətmə­miş insanları itaətsizlikdən çəkindirir və artıq cəzasını çəkmişləri də yenidən cinayət etməkdən, qanunu təkrar pozmaqdan saxlayır. Fövqəluca Allah bu ayədə xatırlanan cəzanı hərbi əməliyyatlarla bağlayır və buradan aydın olur ki, əgər müsəlmanlar kafirlərlə sülh müqaviləsi bağlayıblarsa[17], onlar (müsəlmanlar) o müqaviləni xaincə­sinə pozmaq və, hətta onlar (kafirlər) islahedilməz satqınlar və xainlər olsalar belə, kafirləri cəzalandırmaq haqqına malik deyillər.

                        ﮥﮦ            

(8.58) “Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!”

Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağla­nıl­dıqdan sonra qarşı tərəfin davranışı sənə təhlükə yaradırsa və sən onların sazişi xaincəsinə pozacaqlarına şübhə etmirsənsə, onda sənə icazə verilir ki, sazişin öhdəliklərini yerinə yetirməyi rədd edəsən. Sazişi qaytarıb onların üstünə at və onlara açıq-aşkar elan et ki, onu ləğv edirsən. Qoy hər iki tərəf xəbərdar olsun ki, artıq aranızda heç bir müqavilə yoxdur. Sən digər tərəfi sazişi ləğv etməyin haqqında xəbərdar edənə qədər onu xaincəsinə pozmaq və sülh sazişinə zidd olan hər hansı hərəkəti etmək haqqına malik deyilsən. Allah satqınları və xainləri sevmir. Bundan başqa, Allah onlara nifrət edir və buna görə, müsəlman həmişə açıq hərəkət etməli və xəyanətkarlıqdan çəkinməlidirlər.
Bu ayədən aydın olur ki, əgər kafirlər tərəfindən namərdcə­sinə xəyanətkarlıq faktı açıq məlum olubsa, onda müsəlmanların sülh sazişini ləğv etməsi haqqında bəyanat verməsi məcburi deyil, çünki kafirlərin xəyanəti aşkar edilibsə, sazişin ləğv edilməsini elan etmək mənasızlaşır, belə ki, bu zaman hər iki tərəf sazişin şərtlərinin pozulması haqqında artıq eyni dərəcədə xəbərdar edilmiş olurlar.
Ayədən həm də belə bir nəticə çıxır ki, əgər müsəlmanlar kafirlər tərəfindən xəyanət ediləcəyindən ehtiyat etmirlərsə və əgər kafirlər onların tərəfindən sülh sazişinin ehtimal olunan pozulma­sını təsdiq edən əməllərə yol vermirlərsə, onda müsəlmanların bu sazişi ləğv etmək haqqı yoxdur və onlar imzalanmış sazişin müddəti qurtarana qədər şərtlərini yerinə yetirməlidirlər.

                ﯖﯗ

(8.59) “Qoy kafirlər düşünməsinlər ki, onlar başqalarını qabaqlaya bilə­cəklər. Həqiqətən də, onlar xilas ola bilməyə­cəklər!”[18]

Qoy öz Rəbbinə iman gətirməkdən boyun qaçıran və Onun ayələrini inkar edən allahsızlar elə düşünməsinlər ki, onlar Allahı qabaqlaya və qisasdan qaça biləcəklər. Onlar heç vaxt onları pusquda gözləyən Allahdan qaça bilməyəcəklər. Özünün kamil hikmətinə əsaslanaraq, Fövqəluca Allah onlara möhlət verir və cəzalandırmağa tələsmir. O, ona görə belə edir ki, Öz mömin qullarını sınaqdan keçirsin və onların yaxşı və Allaha xoş gələn əməllərini artırsın ki, onları sayəsində möminlər böyük yüksək­liklərə qalxa bilsinlər və şərəfli əxlaqi keyfiyyətlər qazansınlar; onları başqa yolla əldə etmək mümkün deyil.

                                              ﯬﯭ                           

(8.60) “(Ey möminlər) Allahın düşmənini və öz düşməni­nizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacar­dığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!”

Sizi məhv etmək və dininizi sarsıtmaq üçün əllərindən gələn hər şeyi edən kafir düşmənlərinizlə qarşıdurmaya hazırlaşın. Biliyinizi və gücünüzü artırın, hər növ silah əldə edin və sizə kafirlərlə döyüşdə kömək ola bilən istənilən digər hazırlıqları da aparın.
Bu hökm hərbi sənayenin top, pulemyot, tüfəng sahələrini, hərbi təyyarələrin, yerüstü və dəniz hərbi texnikasını, istehkam qurğularının və digər mühəndis tikililərinin inşasını nəzərdə tutur. Bu ayə ictimai fikrin və müsəlmanların yüksəlişinə və onların düşmənlərin hücumundan müdafiə mənafelərinin qorunmasına yönəldilmiş fəaliyyətin inkişafına çağırışdır. O, müsəlmanları atəş açma qaydalarını öyrənməyə, inzibati fəaliyyəti öyrənməyə, igid və cəsur  olmağa çağırır. Bax elə buna görə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığından ibarətdir”.
Bu hökm həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnika əldə edilməsini nəzərdə tutur. Allah əmr edir ki, döyüş atları hazırlansın və Onun düşmənləri və möminlərin düşmənləri dəhşətə salınsın. Bu hökmün hikməti ondan ibarətdir ki, düşmənlər qorxudulsun və bu məsələ bu gün üçün də aktualdır. Məlum olduğu kimi, dini hökm o vaxtadək öz qüvvəsini saxlayır ki, onun nazil edildiyi səbəb hələ də qalmış olsun. Əgər düşməni qorxuda bilən yerüstü və havada istifadə edilən hərbi texnika mövcuddursa və onun sayəsində qələbə qazanmaq asanlaşırsa, onda müsəlmanlar onları inkişaf etdirməlidirlər, çünki vacib hökmü həyata keçirmək üçün zəruri olan hər bir əməlin özü də vacibdir.
Belə etdikdə müsəlmanlar onlara məlum olan düşmənlərini və həmçinin haqqında xəbər tutmadıqları və sonradan döyüşməli olacaqları düşmənlərini qorxuda bilərlər. O düşmənlər Allaha məlumdur və buna görə O, müsəlmanlara əmr etmişdir ki, gələcək döyüşlərə hazırlaşsınlar. Nəzərə alınsa ki, cihadın aparılmasına yardım göstərən ən vacib amillərdən biri – müsəlman ordusunun xeyrinə maddi ianə verilməsidir, Fövqəluca Allah möminləri varidatlarını Onun yolunda sərf etməyə çağırmışdır.
Qiyamət günü başlandıqda isə müsəlmanlar verdikləri hər kiçik və böyük ianə üçün dəfələrlə çoxaldılmış ölçüdə mükafat alacaqlar, çünki Allah yolunda verilən ianənin mükafatı yeddi yüz dəfə və daha artıq çoxaldılır. Möminlərə qarşı ədalətsizlik edilməz və onların mükafatı qətiyyən azaldılmaz.

         ﯿ        ﰃﰄ         

(8.61) “Əgər onlar sülhə meyl etsə­lər, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidən­dir, Biləndir”[19].

Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyat­larına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zəruriyyət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmən­çilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir. Ancaq bir şərt müsəlmanların ehtiyat etməsinə səbəb ola bilər: kafirlər sülh sazişi bağlamaqla müsəlmanları aldadaraq, onlara növbəti zərbəni vurmaq üçün anını gözləsinlər. Buna görə Allah möminlərə bildirmişdir ki, onlara Onun yardımı kifayət edər və kafirlərin fitnə-fəsadları mütləq onların özlərinə tərəf çevriləcəkdir:

               ﭗﭘ             ﭞ ﭟ       ﭡﭢ                                ﭰﭱ         

(8.62) “Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi”.
(8.63) “O, onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, Qüdrətlidir, Müdrikdir”[20].

Allah səni bütün xoşagəlməz hallardan qoruyacaq. O, sənin maraqların və ehtiyaclarının təmin olunmasının qayğısını çəkir. O, səni dəfələrlə qorumuş və sənə yardım etmişdir və sən Onun səni müdafiə edəcəyinə əmin ola bilərsən. O, sənə göylərdən kömək göstərmiş və bundan sonra heç kim sənə müqavimət göstərə bilməmişdir. O, həmçinin sənə kömək edən möminləri ətrafında cəmləşdirmişdir. O, onların qəlbini bir-birinə yaxınlaşdıraraq onları birləşdirmiş və bunun sayəsində onların gücü dəfələrcə artmışdır. Məxluqların səyi nəticəsində buna nail olmaq mümkün deyildi, çünki buna, Allahdan başqa, heç kim qadir deyildir. Əgər sən yerdə olan bütün qızılları və gümüşləri, habelə digər qiymətli şeyləri sərf etsəydin də, bir-birindən ayrı düşmüş və dağınıq halda olan insanların ürəklərini bir-birinə beləcə yaxınlaşdıra bilməzdin, sən onsuz da buna nail ola bilməzdin. Bil ki, təkcə Fövqəluca Allah məxluqlarının ürəklərini çək-çevir edə bilir. Öz qüdrəti sayəsində O, mömin müsəlmanların ürəklərini birləşdirdi və onların dağınıqlığına son qoydu. Fövqəluca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali-İmran, 3/103)[21].  

ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
(8.64) “Ey Peyğəmbər! Sənə və sənin mömin ardıcıllarına Allah kifayətdir!”[22]

Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən möminlərə kömək göstərəcəyini və düşmənlərlə mübarizədə yardım edəcəyini vəd etmişdi. Müsəlman­lar bu şərti yerinə yetirsələr, haqq dinə etiqad etsələr və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getsələr, onda O, bütün dünyəvi və dini işlərində onlara hökmən kömək göstərər. Lakin Onun köməyi, onların bu şərti nə dərəcədə qüsursuz yerinə yetirmələrindən asılı olacaqdır.

  ﭿ           ﮄﮅ                ﮌﮍ                                           

(8.65) “Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!  

Ey Peyğəmbər! Möminləri cihada dəvət et və əlindən gələni et ki, onların niyyətləri möhkəm və qəti olsun! Onlarda düşmən­lərlə döyüşmək arzusu oyat, onları itaətsizlikdən və müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmamaq barədə xəbərdar et! Onlara fədakarlığın və səbirliliyin faydası və həmçinin mükafatlandırılma haqqında danış ki, onlar həm bu dünyada və həm də ölümdən sonra həmin məziyyət­lərinə görə təltif ediləcəklər. Onlara qorxaqlıqdan törəyən pis nəticələri xatırlat, çünki bu pis xüsusiyyət dindar və igid insanlara yaraşan deyil. İzah et ki, mömin müsəlmanlar həmişə digər insanlardan daha cəsarətli olmalıdırlar. Fövqəluca Allah buyurur: “Düşməni təqib edərkən zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, bilin ki, onlar da siz kimi əziyyət çəkirlər. Lakin siz Allahdan almağa ümid etdiyinizə, onlar ümid bağlamırlar. Allah Biləndir və Müdrikdir”[23].

Ey möminlər! Əgər sizin aranızda iyirmi nəfər səbirli döyüşçü olsa, onlar iki yüz kafirin öhdəsindən gələrlər. Əgər aranızda yüz nəfər səbirli döyüşçünüz olsa, onda onlar min kafirin öhdəsindən gələrlər. Sizin hər biriniz on kafirə qalib gələr, çünki onlar anlaqsız insanlardır. Onların, Allahın Onun yolunda vuruşanlar üçün hazırladığı mükafatdan xəbərləri yoxdur. Onlar yer üzündə şöhrət tapmaq və orada fitnə-fəsad yaratmaq üçün döyüşürlər, siz isə cihadın haqq məqsəd üçün aparıldığını bilirsiniz. Siz Allahın adını və Onun dinini şərəfləndirməyə can atırsınız, Onun Kitabını müdafiə edirsiniz və Ondan böyük mükafat gözləyirsiniz. Bu şərtlər sizi cəsur, səbirli və cihadda iştiraka hazır olmağa yönəldir.

               ﮣﮤ                 ﮫﮬ                 ﯕﯖ       

(8.66) “(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləş­dirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!”

Allah möminlərin vəzifəsini asanlaşdırdı, çünki O, onların zəif olduğunu bilirdi. Onun rəhmi və müdrikliyi Onu öncə xatırladığımız hökmü asanlaşdırmağa sövq etdi və O, bildirdi ki, bundan sonra yüz səbirli müsəlman kafirlərdən iki yüz nəfərin, min səbirli müsəlman isə iki min kafirin öhdəsindən gələ bilər. Allah səbirliləri tərk etmir, daima onlara kömək və yardım göstərir.
Bu və bundan əvvəlki ayələrdəki hekayətlərdən aydın olur ki, əgər möminlərin qoşunlarının sayı müəyyən həddə çatarsa, onlar müəyyən sayda kafirləri darmadağın edə bilərlər. Həm də həmin ayələrdən məlum olur ki, Allah möminlərə onların imanı ilə bağlı olan cəsurluq bəxş etmişdir. Lakin bu vəhylərin əsil mənası ondadır ki, əvvəlcə Allah bir müsəlmanın on nəfər kafirin, on müsəlmanın – yüz kafirin və yüz müsəlmanın min kafirin qarşısından qaçmasını qadağan etdiyi halda, sonradan Allah bu hökmü yüngül­ləşdirir və müsəlmanlara kafirlərin sayı onlardan cəmi iki dəfə artıq olduqda onların qarşısından qaçmağı qadağan edir. Əgər kafirlərin sayı müsəlmanlarınkından iki dəfədən artıq olarsa, onda onlara geri çəkilməyə icazə verilir. Amma bu iddia iki şərtlə təkzib olunur.
Birincisi, şərh etdiyimiz vəhylər hekayət formasındadır və hər hansı hekayət ancaq xatırlanan mətn çərçivəsində nəzərdən keçirilməlidir. Deməli, bu ayələrdə Allah Öz mərhəmətini qulla­rının yadına salmışdır və nələrin baş verəcəyini xəbər vermişdir.
İkincisi, bu ayələrdə müəyyən sayda səbirli döyüşçülərdən bəhs edilir ki, onlar müxtəlif şəraitdə dözümlülük göstərməyə alışdırılmış olsunlar. Deməli, əgər döyüşçülər səbirli deyillərsə və əgər  hətta düşmən öz sayına görə onlardan iki dəfədən də azdırsa, buna baxmayaraq onlar döyüşün davam etdirilməsinin onların məğlubiyyəti ilə nəticələ­nəcəyini hesab edirlərsə, o halda onlara geri çəkilməyə icazə verilir. Şübhəsiz ki, bu şərh ilahi müdrikliyə uyğundur, lakin onu təkzib etmək mümkündür.
Birinci iddia Allahın müsəlmanların yükünü yüngülləşdir­məsi haqqındakı sözləri ilə təkzib edilir. Bu o deməkdir ki, ayədə xatırlanan hökm qətidir və yerinə yetirilməlidir. Əgər Allah deyibsə ki, O, müsəlmanların vəzifələrini yüngülləşdirmişdir, onda nazil edilmiş ayə, hekayət formasında olsa da Allahın hökmüdür.
Habelə qeyd etmək lazımdır ki, vəhyin hekayət formasında olması bu hökmə xüsusi bir cazibədarlıq bəxş edir ki, ayə əmr formasında nazil edilsəydi, həmin özəlliyindən məhrum ola bilərdi. Bu özəllik ondan ibarətdir ki, Allah möminlərin ürəklərini möhkəmlədərək, onların kafirlər üzərində mütləq qələbə çalacağını xəbər verir.
İkinci iddianın təkzib olunmasını təsdiq edən səbirli döyüşçülər haqqında xatırlatmadır ki, o, sadəcə, müsəlmanları səbirli olmağa çağırır və onları dözümlü və səbirliliyə yönəldən işlər görməyə sövq edir. Əgər müsəlmanlar belə əməllər etsələr, onda mənəvi və maddi şərait onların Allahın iradəsi ilə, az sayla da olsa, qələbə çalacaqlarına dəlalət edəcəkdir.

                           ﯥﯦ             ﯬﯭ       

(8.67) “Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) Axirəti qazanmağınızı istəyir. Allah – Yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!”

Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri Bədr döyüşləri gedişində müşriklərdən əsir götürmə­lərinə görə məzəmmət edir. Onları diri saxlayırlar ki, əvəzində fidyə alsınlar, halbuki möminlərin gələcək əmiri Ömər b. əl-Xəttab onları axırıncı nəfərinə kimi öldür­məyi təklif etmişdi.
Allahın nurunu söndürmək istəyən, Onun dinini məhv etməyə çalışan, yer üzündə tək Ona ibadət edənlərin kökünü kəsmək istəyənlər əsir götürülməməli, onlara görə fidyə almaq məqsədilə onlar diri saxlanmamalı idilər. Çünki onların buna görə alacaqları dünya malı, kafirlərin edam edilməsilə əldə ediləcək fayda ilə müqayisədə çox cüzi idi. Kafirlər hakimiyyətə sahib olduqca və pislik etməyi bacardıqca müsəlmanlar onları əsir götürməməlidirlər. Müşriklərin qanı axıdıldıqda, fitnəkarlıqları darmadağın edildikdə və planları pozulduqda isə, müsəlmanlar əsir kafirləri həyatdan məhrum etməsələr, günah işlətməzlər.
Ey müsəlmanlar! Siz əsirləri diri saxladınız ki, onların əvəzində dünyəvi nemətlər əldə edəsiniz. Siz dininizə daha çox fayda verən şey barədə fikirləşmədiniz. Axı Allah istəyir ki, Öz dinini qüdrətli görsün, Öz sevimli qullarına yardım göstərir və bütün digər dinlər üzərində təntənə çalmasında onların işinə kömək edir. O, onlara əmr edir ki, belə bir uğuru qazanmağa səbəb olacaq əməlləri həyata keçirsinlər.
Onun gözəl adları arasında – Qüdrətli və Müdrik adı haqqında. Onun qüdrəti hüdudsuzdur və əgər O, istəsə, müsəlmanlar kafirlər üzərində hər hansı bir savaşsız qələbə çalardılar. Lakin Onun İlahi müdrikliyi tələb edir ki, insanların bir qismi digər qismi üçün sınaq rolunu ifa etsinlər.







                                 
(8.68) “Əgər Allah tərəfindən əzəl­dən yazılan bir hökm ol­masaydı, aldığınız fidyə müqa­bilində sizə böyük bir əzab toxunardı”[24].  
Əgər Fövqəluca Allahın qədəri ilə sizə hərbi qəniməti mənimsəmək icazəsi verilməsəydi, əgər O, sizi ümmətinizin kökünün kəsilməsindən xilas etməsəydi, sizə böyük bir cəza nəsin olardı. Buna görə hədisdə belə deyilir: “Əgər Bədr döyüşü günü cəza nazil edilsəydi, ondan təkcə Ömər xilas ola bilərdi”.

         ﯿ    ﰁﰂ    ﰄﰅ          

(8.69) “Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”

Fövqəluca Allah İslam ümmətinə göstərərək, onlara hərbi qənimət götürməyə icazə vermişdi, halbuki bu, əvvəlki ümmətlər­dən heç birinə verilməmişdi. Bununla yanaşı Allah təqvalı olmaq və bəxş edilən nemətlərə görə Ona şükür etmək hökmü vermişdi. Onun gözəl adları arasında Bağışlayan və Rəhmli adları haqqında. O, tövbə edənlərə onların hər cür günahını bağışlayır və Ona şərik qoşmayanların hamısının günahlarını əfv edir. O, müsəlmanlara rəhm etmiş və onlara hərbi qənimətlər götürməyə və onu halal gəlir saymağa icazə vermişdir.

                                             ﭥﭦ        

(8.70) “Ey Peyğəmbər! Əlinizə düşən əsir­lərə de ki: “Allah qəl­binizdə xe­yirxahlıq görsə, siz­dən alınandan daha xeyirli­sini sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir!”[25]

Bu ayə Bədr döyüşündə əsir düşmüş bir sıra insanlarla əlaqədar olaraq nazil edilmişdir. Əsirlərdən biri Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmisi əl-Abbas idi. Müsəlmanlar ondan azad edilməsi üçün fidyə tələb etdikdə, o bildirdi ki, bundan əvvəl İslamı qəbul etmişdir. Lakin  müsəlman­lar öz dediklərindən əl çəkməyərək ondan ötrü fidyə verilməsini tələb edirdilər və elə bu vaxt Fövqəluca Allah həmin ayəni nazil etdi və İslamı qəbul edənlərə, lakin müşriklər tərəfində vuruşmağa məcbur olanlara təsəlli oldu. Öz azadlığı üçün onlar nə qədər pul versələr də, əgər onların ürəyində həqiqətən xeyirxahlıq olarsa, Allah onlara verdiklərindən daha böyük mükafat əta edəcəyinə söz verdi. Bununla yanaşı Allah onlara günahlarını bağışlayacağını və onları Cənnət bağlarına daxil edəcəyini vəd etdi.
Sonradan Allah əl-Abbasa və bir sıra digər qüreyşlilərə vəd etdiyini yerinə yetirdi. Bir dəfə, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çoxlu ianə gətirdikləri zaman əl-Abbas onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi. O (ona Allahın salavatı və salamı olsun!), ona özü ilə nə qədər apara bilərsə, götürməsini əmr etdi. O, o zaman ianədən o qədər götürmüşdü ki, evinə çətinliklə aparmışdı.

                     ﭴﭵ      

(8.71) “Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) Biləndir, Hikmət Sahibidir!”  

Onlar sənə xəyanət etsələr və sənə qarşı müharibəni yenidən başlasalar, bil ki, onlar əvvəlcə Allaha da xəyanət etmişdilər və buna görə Allah sənə onlara üstün gəlməyə imkan verdi. Qoy onlar sənin etibarına qarşı xəyanət etməkdən çəkinsinlər və yadda saxlasınlar ki, Allah onları cəzalandırmağa qadirdir.
Onun gözəl adları sırasında Bilən və Müdrik adları haq­qında. Allah Öz elmi sayəsində hər şeydən xəbərdardır, Öz müdrikliyi ilə isə hər şeyi öz yerində yerləşdirir. Məhz bu sifətləri sayəsində O, şərəfli və gözəl qanunlarını nazil etmiş, azad edilmiş əsirlərin istədikləri zaman müsəlmanlara qarşı xəyanətkarcasına törədə biləcəkləri bəlalardan qurtaracağını müsəlmanlara vəd etmişdir.

             ﭿ                       ﮊﮋ                        ﮗﮘ                           ﮤﮥ         

(8.72) “Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsarlar – məhz onlar bir-birinin dostları­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, onlar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­siniz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir ca­maat əleyhinə yardım istisna ol­maqla, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür”.

Fövqəluca Allah haqq dini qəbul etmiş və Onun yolunda hicrət etmiş, Onun və Onun yolunda müqəddəs müharibə xatirinə doğma yurdlarını tərk etmiş mühacirlərlə və Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə sığınacaq vermiş, öz evlərini, var-dövlətini və hətta həyatını belə qurban vermiş ənsarlar arasında məhəbbət və dostluq yaratmışdı. Bu müsəlmanlar əsil dostlar və köməkçilər idilər, çünki onların imanı kamil və onları bir-biri ilə bağlayan əlaqə möhkəm idi.
İman gətirib, amma Mədinəyə hicrət etməyənlərə gəldikdə isə, onlar mücahidlərin və ənsarların yardımına arxalanmamalı idilər, çünki onlar müsəlmanların köməkçilərə kəskin ehtiyac duyduqları bir vaxtda özlərini kənara çəkmişdilər. Onlar hicrət etmə­mişdilər və müsəlmanların onlara yardım göstərməsinə və himayə etməsinə hələ layiqincə nail olmamışdılar. Buna baxmaya­raq, əgər onlar möminlərdən din xatirinə vuruşduqları düşmən­lərinə qarşı mübarizədə kömək istəsəydilər, müsəlmanlar köməyə gəlməli və onlarla birlikdə döyüşməliydilər.
Yox, əgər hicrət etməmiş müsəlmanlar dünyəvi məqsədlərə nail olmaq xatirinə müharibə apararlarsa, onda digər müsəlmanlar onların tərəfində vuruşmamalı və onlara kömək etməməlidirlər. Onlar həmçinin, müsəlmanlarla sülh müqaviləsi imzalamış rəqibləri ilə müharibə aparan hicrət etməmiş insanların tərəfində də döyüşməməlidirlər. Allah insanların etdiyi bütün əməlləri görür və onların tutduqları işlərə müvafiq olaraq hökmlər nazil edir.

           ﮯﮰ                   

(8.73) “Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)”.

Möminlər arasında dostluq yaradıldıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, küfrün birləşdirdiyi kafirlər də dostdurlar və bir-birilərinə köməkçidirlər. Bu isə o deməkdir ki, kafirlərə kömək edən və onları sevən ancaq kafir ola bilər. Əgər mömin müsəlman­lar bir-birilərini sevməsələr və kafirlərlə düşmənçilik etməsələr, əgər onlar qeyd-şərtsiz hamını sevsələr və ya qeyd-şərtsiz hamı ilə düşmənçilik etsələr və yaxud da onlar kafirləri sevsələr və mömin­lərlə düşmənçilik etsələr, onda yer üzündə fitnə-fəsad bərqərar olar və böyük qarma-qarışıqlıqlar başlayar.
Belə davranış çoxsaylı pis nəticələr törənməsinə səbəb olar və əgər bu baş versə, onda həqiqət yalana, möminlər isə kafirlərə qarışarlar. Bununla yanaşı müsəlmanlar əzəmətli ayinlər olan cihaddan və Allah yolunda hicrətdən boyun qaçırarlar və şəriətin, dinin digər tələblərini yerinə yetirməkdən əl çəkərlər. Bütün bunlar, onlar öz məhəbbətini təkcə mömin qardaşlarına yönəltmə­yə­­cəkləri halda, baş verə bilər.

                            ﯨﯩ                 ﯮ ﯯ                 ﯷﯸ                    ﯿ          ﰀﰁ             


(8.74) “İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacir­lərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir. Onları (Axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”
(8.75) “Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, va­rislik baxı­mın­dan) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi Biləndir![26]”.

Bunlardan əvvəlki ayələrdə iman gətirmiş mücahidlər və ənsarlar arasında olan məhəbbət və dostluqdan bəhs edilirdi. Bu ayələrdə isə Allah onları tərifləyir və onların mükafatlandırıla­cağından danışır. O, mühacirləri və ənsarları həqiqi mömin adlan­dırır, çünki onlar hicrət etməklə, Onun dininə yardım göstərməklə, bir-birini sevməklə və düşmənləri olan kafirlərə və münafiqlərə qarşı döyüşməklə öz imanlarını təsdiq etdilər. Allah onların günahlarını və nöqsanlarını bağışlamış və Səadət bağlarında onlar üçün böyük mükafat hazırlanmışdır. Onların bəziləri bu dünyada da mükafat almışdır ki, bu onlara ləzzət vermiş, ürəklərinə rahatlıq və əminlik gətirmişdir. Eyni şey mühacirlərdən və ənsarlardan sonra İslamı qəbul edən və sədaqətlə onların yolu ilə gedən iman sahiblərinə də aiddir. Onlar da iman gətirərək hicrət etdilər və cihada qoşuldular. Onlar da möminlərdən oldular, onlara da mücahidlərə və ənsarlara verilən vəzifələrdən həvalə edildi, onların da mühacirlər və ənsarlar kimi mükafat almaq haqqı var idi.  
Dini qardaşlıq ilk müsəlmanların həyatında mühüm yer tuturdu. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mühacirləri və ənsarları xüsusi bir qaydada qardaşlaşmaya dəvət etmişdi və onların bu qardaşlığı dini qardaşlıqdan daha böyükdü. Onlardan bəziləri hətta bir-birinin əmlakına varis də olurdular və onda Fövqəluca Allah xəbər verir ki, qan qohumları­nın irsə daha çox haqqı var. Miras, onda müəyyən paya haqqı olan (zul fəraid) qohumlar arasında bölünməlidir, əgər belə qohumlar yoxdursa, onda o, digər ən yaxın qohumlara çatmalıdır. Allahın hökmü belədir. O, Öz qulları barədə hər şeydən tam xəbərdardır və nazil etdiyi qanunlar onların ehtiyaclarına tamamilə uyğun gəlir.


     


[1] Xeyirxah, yaxşı, faydalı. F.S.
[2] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[3] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[4] Müşriklər – Allaha şərik qoşanlar, bütpərəstlər. F.S.
[5] Ayənin tərcüməsinə bəzi dəyişikliklər edilmişdir. F.S.
[6] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[7] Burada bəhs edilən əvəzi veriləcək günahlar – bu dünyadan köçməzdən öncə vaxtında tövbə edilməmiş və bağışlanılmamış günahlardır. F.S.
[8] Ayənin tərcüməsinin birinci hissəsi bu variantda daha anlaşıqlı və əslinə daha yaxındır: “O fitnədən qorxun ki, təkcə zalımlara toxunmaqla qalmayacaq...”. F.S.
[9] Ayənin tərcüməsinin mətninə edilmiş Quranda olmayan bir sıra tərcüməçi əlavə-izahları çıxarılmışdır. Çünki tərcümə etdiyim Səədi Şərhi ayənin tərkibinə əlavə edilmiş bu “izahlara” ehtiyacı aradan qaldırır. F.S.
[10] Rus dilindən tərcümə etdiyim əsərin həmin fraqmenti belədir: “Второе и третье преимущества – это отпущение прегрешений и прощение грехов...”.  Bu, ərəb dilindən tərcümə edilmiş orijinalda tərcüməçinin rusdilli oxucular üçün nəzərdə tutduğu stilistik üslubdur. Lakin İslamda nə kiçik, nə də böyük günahların “buraxılması” anlayışı və praktikası yoxdur. Müsəlman təkcə Allah qarşısında tövbə edir. Xristianlıqda isə günahların “buraxılması” (və ya başqa cür desək, “yuyulması”) keşişlərin qarşısında günahları etiraf etmə mərasimidir ki, bunun Allah qarşısında tövbə etməklə birbaşa bağlılığı yoxdur. Bu da, xristianlığa xas olan digər “yeniliklər” kimidir. Məhz buna görə, hörmətli tərcüməçinin mətnini İslam anlayışlarına müvafiq verməyi məqsədəuyğun hesab etdim. Çünki Q. Elmir müəllim həmin fraqmenti отпущение прегрешений kimi vermişdir və bu isə yuxarıda qeyd etdiyim kimi, xristianların keşişlər qarşısında günahlarını etiraf etməsi mərasiminə aiddir. Halbuki müsəlmanlar Allahdan başqa heç kimə tövbə etmirlər. Hər bir müsəlman Allaha ibadət zamanı vasitəçisiz tövbə edir. Günahların bağışlanması isə Allaha məxsusdur və Onun bağışlama və əfv etmə haqqından kimsəyə pay verilməmişdir. F.S.
[11] Burada, cümlənin ikinci dərəcəli üzvü olan “əvəzlik” nəzərdə tutulur. F.S.
[12] Məhz Öz Kitabında təsvir etdiyi keyfiyyətlərinə görə. F.S.

[13] Səhih Buxaridə səhih yuxularla bağlı hədisdə deyilir: “Peyğəmbərlikdən sonraya təkcə mübəşşirat (müjdə verənlər) qalacaqdır. Səhabələr: “Mübəşşirat nədir?” – deyə ondan soruşan kimi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “Səhih yuxulardır” – deyə buyurmuşdur. (Buxari, 6990). F.S.
[14] Ayənin tərcüməsi, əsasən, redaktə edilmişdir. F.S.
[15] Ayənin tərcüməsinə daxil edilmiş əlavə (Z.B. və V.M. məxsus) tərcüməçi izahı (Quranın həmin ayəsinin Səədi Təfsirindəki məzmunu nəzərə alınaraq) mətndən çıxarılmış və bu sətiraltı qeyddə verilmişdir: (“Həmin tayfalar Allahın nemətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi nemətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi”). F.S.

[16] Burada ayənin rus mətninin tərcüməsini (Quran mətninə daha müvafiq olduğu üçün) verməyi lazım bildim. F.S.
[17] Kursiv mənimdir. F.S.
[18] Ayənin tərcüməsi redaktə edilmişdir. Z.B və V.M-də belə idi:  ((Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)” Redaktə olunmuş mətn ayənin əslinə daha yaxındır.. F.S.
[19] Ayənin tərcüməsi redaktə edilmişdir. Buna ehtiyacın yaranmasının səbəbi Təfsirin mətninin özəlliyi ilə izah oluna bilər. Z.B. və V.M.-in tərcüməsində “təvəkkül etməklə” bağlı ifadə tamamilə yox idi. Halbuki bu, ayədə vacib hökmlərdən birini: müsəlmanın bütün əməllərində Allaha təvəkkül etməsini nəzərdə tutan müddəanı ifadə edir. F.S.
[20] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[21] Ayənin tərcüməsi tam redaktə edilmişdir. F.S.
[22] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[23] Ayənin tərcüməsi tam redaktə edilmişdir. F.S.

[24] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[25] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[26] Bu ayənin sonuna tərcüməçilər tərəfindən edilmiş əlavə izahı mətndən çıxarıb səhifəaltı qeyddə verməyi daha məqsədəuyğun saydım. Çünki bəzi bəzi oxucular belə əlavələri, tərcüməçi izahlarını ayənin əsli mətninə məxsus sayırlar və Müqəddəs Quranın digər Azərbaycan dilinə digər çeviriləri ilə müqayisə edərək yanlış nəticələr çıxarırlar. Bax: (“Ənfal” surəsinin 75-ci ayəsinin sonuna əlavə edilmiş izah: “Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqə­lərindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi”). Tərc. F.S.