воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 12-ci parça



                                                              

(220) “dünya və Axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içi­nizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad tö­rədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz  ki, Allah Qüdrətlidir, Müdrikdir”.

Uca Allahın: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla ye­yən­lər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” (Nisa, 4/10) ayəsi nazil ediləndə müsəlmanlar böyük çət­in­liklərlə rastlaşdılar və yeməklərini yetimlərin yeməklərindən ayırmağa başladılar. Onlar hətta süfrə arxasında yetimlərin əmlakına toxunmaqdan qorxur­dular, halbuki insanlar, adətən, yeməyi bir-biri ilə bölüşürlər. Bu barədə Peyğəmbərdən (s.ə.s.) soruşarkən, Uca Allah ona (s.ə.s.) xəbər verir ki, möminlərdən tələb olunan şey yetimlərin əmlakını qorumaq, onlara layi­qincə qayğı göstərmək və ticarət vasitəsi ilə onların əmlakını artırmaqdır. Müsəlman­lara yemək vaxtı və başqa belə hallarda öz əmlakını yetimlərin əmlakı ilə qarışdırmağa, əgər, əlbəttə, bu, yetimlərə açıq-aydın ziyan vurmursa,  icazə verilmişdir. Bu hökmün səbəbi, yetimlərin möminlərin qardaşları olmasında idi, axı qardaşların həmişə ümumi maraqları bir-birinə qarışır. Yetimlərlə qarşılıqlı münasibətlərin meyarı niyyət və əməl­dir və əgər müsəlman yetimə səmimi qəlbdən yaxşılıq diləyirsə və onun əmlakına göz dikmirsə, əgər o qəsd etmədən yetimin malının bir hissəsini istifadə edərsə də, günah etməz. Əgər Allaha məlum olsa ki, qəyyum, ye­ti­min əmlakını birləşdirməsi nəticəsində, onun əmlakı hesabına varlanmaq niyyətindədir, onda belə rəftar günah sayılacaq, çünki məqsədə nail olmaq vasitələri barədə niyyət, məqsədin özünə dair niyyətdən asılıdır.
Bu ayədən aydın olur ki, yemək üçün, ticarətdə və başqa bənzər hallarda yetimin əmlakını birləşdirməyə imkan verilir. Bu ayə Allahın mərhəməti və möminlər üçün asanlıqdır. Əgər Allah istəsəydi, müsəlman­lara belə etməyə yol verməzdi və onda onlar çətin vəziyyətdə qalardılar. Onda onlar dinin ağır tələblərini yerinə yetirə bilməzdilər və tez-tez gü­naha batardılar. Allah belə edə bilərdi, çünki Onun qüdrəti kamil və son­suzdur. Lakin O, müdrikdir və ancaq Özünün müdrikliyinə uyğun olanı həyata keçirir. Onun qüdrəti Onun müdrikliyinə zidd deyil və buna görə demək olmaz ki, “O, nə istəyirsə, hətta Öz ilahi müdrikliyinə əks olanı da edir”. Əksinə, Allahın bütün əməlləri və əmrləri Onun müdrikliyinə uyğundur.

                       ﭿ                                                                   

 (221) “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qa­dın­dan daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadın­ları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar”.

Uca Allah müsəlmanlara müşrik qadınlarla, onlar Allaha şərik qoşmaqdan əl çəkməyincə və iman gətirməyincə, evlənməyi qadağan edir, çünki ən kifir mömin qadın ən gözəl müşrik qadından xeyirlidir. Allahın bu tələbi, Kitab əhlindən olan qadınlardan başqa, Ona şərik qoşan bütün qadınlara aiddir, çünki Uca Allah buyurur: “Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna sax­lamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar” (Maidə, 5/5).
  Allah müsəlman qadınlara da bütpərəstlərə ərə getməyi qadağan edir və bu qaydadan geniş mənalı istisnalar yoxdur. Uca Allah müsəlman kişilərin və müsəlman qadınların İslamı qəbul etməyənlərlə nikah bağla­masının qadağan olmasını və səbəbini izah edir. Səbəb ondadır ki, kafirlər öz davranışları və həmçinin öz sözləri və əməlləri ilə ətraflarındakıları Cəhənnəm oduna çağırırlar və onlarla ünsiyyət möminlər üçün təhlükə yaradır, həm də bu, insanın təkcə dünyəvi əmin-amanlığına təhlükə yarat­maqla qalmayaraq, onu əbədi bədbəxtliyə də məruz qoya bilər.
Nazil edilmiş hökmün səbəbini nəzərə alsaq, onda şərh edilən ayə­dən müşriklər və bidətçilərlə qarşılıqlı əlaqələrin qadağan olunması aydın olur, çünki əgər müsəlmanlara, böyük fayda əldə edəcəyinə baxmayaraq, müşriklərlə nikah bağlamaq qadağan olunursa, xüsusilə, belə əlaqə nəticə­sində müsəlman müşrikə xidmət etməli və ya onun qarşısında alçalmalı olursa, onda adicə ünsiyyət də qadağan olunmalıdır. Bu ayədən habelə ay­dın olur ki, müsəlman qadını qəyyumu ərə verməlidir.
Sonra Uca Allah bəyan edir ki, O, Öz qullarını Cənnət bağlarına və əfvə layiq olmağa çağırır ki, bunun nəticələrindən biri də amansız cəzadan qurtuluşdur. Bunlara saleh əməllərlə, səmimiyyətlə tövbə etməklə və faydalı biliklər əldə etməklə layiq olmaq mümkündür. Allah insanlara Öz ayələrini belə izah edir ki, onlar unutduqlarını yadlarına salsınlar, indiyə­dək bilmədiklərini öyrənsinlər və əvvəllər laqeyd yanaşdıqları xeyirxah əməlləri həyata keçirtməyə başlasınlar.
                                                               

(222) “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətveri­ci bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”.

Uca Allah bildirir ki, müsəlmanlar Muhəmməd Peyğəmbərdən (s.ə.s.) qadınların aybaşı olma vəziyyəti haqqında soruşurlar. Qadına ay­başı dövründə, aybaşı qanaxmasının başlanmasına qədər gördüyü bütün işləri görməsinə icazə verilirmi? Yaxud, yəhudilərin iddia etdikləri kimi, qadın aybaşı dövründə tam natəmizmi olur?
Uca Allah bu ayədə xəbər verir ki, aybaşı qadına əziyyət verir və ilahi müdrikliyi Allahdan tələb edir ki, qulların həmin dövrdə qadınlarına yaxınlaşmasını qadağan etsin. Məhz buna görə, Allah aybaşı qanaxmaları zamanı qadınlarla qan axan orqandan cinsi əlaqəyə girməyi qadağan edir, özü də, İslam alimləri bu məsələdə yekdil rəydədirlər.
Ancaq aybaşı qanının axdığı orqandan cinsi yaxınlığın qadağan olunması konkret müəyyən edildiyinə görə aydın olur ki, aybaşı dövründə kişilərə öz zövcələrinə nəvaziş göstər­mək və, cinsi əlaqədən başqa, (yol verilən) hər şey etmək olar. Lakin qadınlar təmizlənmədən onlara yaxın­laş­mamaq hökmündən aydın olur ki, kişilər qadının cinsi orqanlarına yaxın yerləşən bədən hissələrinə, yəni, göbəyindən dizinə qədər olan nahiyəsinə  toxunmaqdan çəkinməlidirlər. Bütün de­yi­lənlərdən belə nəticə çıxartmaq olar ki, aybaşı zamanı qadını göbə­yindən dizinə qədər olan nahiyədə əllə oxşamaq (sığallamaq) olmaz. Bu, Peyğəmbərin (s.ə.s.) davranışı ilə də təsdiq edilir. O, öz zövcəsinə aybaşı zamanı, izar* gey­mə­yi tapşırdıqdan sonra nəvaziş göstərərdi.
Ər arvadı ilə cinsi əlaqədən və onun göbəyi ilə baldırları arasına toxunmaqdan, qadın aybaşı qanaxmasından təmizlənənə qədər, yəni onun dayanmasınadək, çəkinməlidir. Qanaxma­nın kəsilməsi ilə, kişini bu hərəkətlərdən saxlayan səbəb aradan qalxır. Amma bu hərəkətləri etməyə ona iki şərtlə icazə verilir: qanaxma kəsildikdən və qadın çimib yuyun­duqdan sonra. Qanaxma kəsildikdən sonra birinci şərt yerinə yetirilir, amma hələ ikincisi yerinə yetirilmə­mişdir. Qadın yuyunub qüsl etdikdən sonra kişiyə onunla, Allahın hökmünə uyğun olaraq, yəni, cinsi orqan yolu ilə (anus dəliyindən olmamaqla) cinsi yaxınlıq etməyə icazə verilir, çünki məhz uşaqlıq rüşeymin inkişaf orqandır.
Bu ayədən aydın olur ki, aybaşı kəsildikdən sonra qadın hökmən çimməlidir. Qüsl alma ancaq aybaşı kəsildikdən sonra doğrudur. Ayədən həm də aydın olur ki, müsəlmanlar bütün hallarda təmizlənə bilərlər, axı Allah təmiz olanları sevir. Buna görə, qüsl namaz qılmaq, Kəəbənin ətra­fını təvaf etmək və Quranın səhifələrinə toxunmaq üçün vacib tələbdir. Bu ayədə təmizlənmək adı altında həm də pis vərdişlərdən, yaramaz keyfiy­yətlərdən və alçaq əməllərdən ruhən təmizlənmə nəzərdə tutulur.

                                     

(223) “Qadınlarınız sizin tarlanızdır. Tarla­nıza nə təhər istəyir­si­nizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ!”

Kişilərə zövcələri ilə qabaqdan və ya arxa tərəfdən cinsi əlaqəyə girməyə icazə verilir, lakin ancaq cinsi orqandan olmaq şərti ilə, çünki məhz uşaqlıq rüşeymin inkişaf etdiyi “tarladır”. Bu ayə anus dəliyindən cinsi əlaqənin qadağan olunduğunu nəzərdə tutur, çünki Allah təkcə cinsi orqan vasitəsilə cinsi əlaqəyə girməyə icazə verir. Bu qadağa Peyğəmbər­in (s.ə.s.) çoxsaylı hədislərində də xatırlanır. O (s.ə.s.), anus dəliyindən cinsi əlaqəyə girənləri lənətləmişdir.
Sonra Allah qullarına qabaqcadan onları Ona yaxınlaşdıran yaxşı işlər görmələrini əmr edir. Belə əməllərdən biri də kişinin zövcəsi ilə cinsi yaxınlıq etməsidir ki, onun sayəsində insan Öz Rəbbinə yaxınlaşmağa, mükafata layiq görülməyə və nəslini artırmağa ümid bəsləyir ki, sonuncu, Allahın iradəsi ilə, ona böyük fayda gətirə bilər. Allah hər cür şəraitdə təq­valı olmağı buyurur və bunun üçün yadda saxlamaq lazımıdır ki, insanlar mütləq Onunla qarşılaşacaqlar və özlərinin saleh və günahkar əməllərinin əvəzini alacaqlar.
Daha sonra Allah Peyğəmbərinə (s.ə.s.) möminlərə müjdə vermə­sini əmr edir, amma nə ilə onları müjdələməyi bildirmir. Bu isə o demək­dir ki, müjdə ən geniş mənaya malikdir və möminləri həm bu dünyada və həm də Axirətdə sevinc gözləyir. Onlardan hər biri böyük nemət əldə edəcəkdir və öz imanının gücündən asılı olaraq ziyandan qorunacaqdır. Bu və bir çox başqa şeylər burada müjdə adı altında nəzərdə tutulur.
Ayədən aydın olur ki, Allah möminləri də, onlara sevinc gətirən şeyləri də sevir. Ondan bir şey də aydın olur ki, Allahın onlar üçün həm bu dünyada və həm də Axirət həyatında hazır­ladığı mükafatları xatırla­daraq, müsəlmanları xeyirxah əməllərə ruhlandırmaq arzu olunan əməldir.

               ﯼﯽﯾﯿ ﰁ  ﰂﰃ    

 (224) “Andlarınıza görə Allahın adını yaxşılıq etmənizə, Allah­dan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir ma­neəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!”                    

Hər hansı and ona görə içilir ki, adı ilə and içilən ucaldılsın və barəsində and içilən şeyin doğruluğu, adın ucalığına istinad etməklə təsdiq olunsun. Uca Allah müsəlmanlara, sözün geniş mənasında, andlarını qoru­mağı tapşırır və bu tapşırıqda bəzi hallar, məsələn, andın icrasının, Allaha daha xoş olan bir şeyin yerinə yetirilməsindən əl çəkməyə sövq etməsi istisna edilir. Buna görə, Allah qullarına, içdikləri and onların xeyir işlər görməsinə, günahlardan çəkinməsinə və insanların arasında barış yaratma­sına maneə olduqda, onlara istinad etməyi qadağan edir.
Əgər insan and içibsə ki, vacib hökmü yerinə yetirməsin, onda o, belə andı pozmalıdır; belə halda andı yerinə yetirmək günahdır, yox, əgər o, arzuolunan tələbi yerinə yetirməmək andı içibsə, onun andını pozması vacib deyil, ancaq arzu olunandır. Əgər o, qadağan olunmuş bir əməli etməyə and içmişdirsə, onu hökmən pozmalıdır. Əgər o, arzu olunmaz bir əməli etməyə and içmişdirsə, andı pozmaq arzu olunandır. Əgər o, icazə verilmiş bir hərəkəti etməyə and içmişdirsə, o, öz andına sadiq qalmalıdır.
Bu ayədən məşhur bir şəriət qaydası çıxır. Bu qaydaya müvafiq olaraq, yaxşı əməllər arasında seçim aparmaq lazım gəldikdə, üstünlüyü onlardan ən vacibinə vermək lazımdır. Bizim vəziyyətimizdə, anda sadiq qalmaq xeyirxah əməldir, lakin Allahın mühüm bir hökmünü yerinə yetirmək ondan daha vacibdir və ona görə də üstünlüyü sonuncu olaraq yaxşı əmələ vermək lazımdır.
Bu ayə Allahın iki gözəl adı ilə tamamlanır: Eşidən və Bilən. O, bütün səsləri eşidir və Öz qullarının niyyətini bilir. O, and içənlərin sözlə­rini eşidir və onların xoş və bəd niyyətlərini bilir. Bunlar haqqında xəbər verərək, Uca Allah qullarını alacağı qisas barədə xəbərdar edir. Qisas vaxtı mütləq gələcəkdir, çünki yaratdıqlarının bütün əməlləri və niyyətləri Ona məlumdur.

                                       
(225) “Allah sizi qərəzsiz içdiyiniz andlarınıza görə cəzalan­dır­maz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir”.

Allah insanları qəsdlə və düşünərəkdən vermədikləri boş andlara görə məsuliyyət daşımağa çağırmır, çünki onlar çox vaxt belə deyirlər: “Yox, Allaha and olsun! Bəli, Allaha and olsun!” Allah insanları keçmiş­də olmuş hadisələrə görə and içərkən, məsuliyyətə çəkmir, çünki onlar o hadisələrin doğru olduğunu güman edirlər. Lakin insanlar qəsdlə içdikləri anda görə mütləq cavab verəcəklər. Buradan aydın olur ki, dəyərləndirmə zamanı niyyətlər nəinki əməllərə görə, həm də mülahizə və fikirlərə görə də nəzərə alınır.
Allahın gözəl adları arasında Bağışlayan və Həlim adları da var. O, tövbə edənləri bağışlayır, itaətsizlik göstərənləri cəzalandırmağa tələsmir və hətta onların günahlarını örtür. O, günahkarlara qarşı həlimdir, yum­şaq­lıq göstərir, halbuki onları cəzalandırmağa qadirdir, çünki onlar Onun hakimiyyəti altındadırlar.

                             
 (226) “Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün göz­ləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir”.

Burada söhbət öz zövcələri ilə ümumiyyətlə və yaxud müəyyən bir müddət ərzində cinsi yaxınlıq etməməyə and içmiş kişilərdən gedir. Bu müddət dörd aydan çox və ya az ola bilər.
Əgər bir adam öz arvadı ilə dörd ayı keçməyən bir müddət ərzində cinsi yaxınlıq etməyəcəyinə and içirsə, onda onun andı başqa andlardan heç nə ilə fərqlənmir. Əgər o, andını pozarsa, onda  günahını yumalıdır və əgər o, andının üstündə durarsa, onda o, heç bir məsuliyyət daşımır, özü də onun arvadının bu hərəkətə görə ərini məzəmmət etməyə haqqı yoxdur, çünki ər arvadı ilə dörd aya qədər cinsi əlaqəyə girməmək haqqına malikdir.
Lakin əgər o, zövcəsi ilə ümumiyyətlə və ya dörd ay müddətindən artıq cinsi əlaqəyə girməməyə and içərsə və əgər zövcəsi ondan cinsi hə­ya­ta qayıtmağı xahiş edərsə, ona zövcəsi ilə cinsi yaxınlıqdan özünü saxlamağa ancaq andı içdiyi andan dörd ay ərzində icazə verilir, çünki zövcəsi də onunla cinsi yaxınlıq etməyə haqqı vardır. Müəyyən olunmuş müddət sona çatdıqdan sonra, ər öz zövcəsi ilə cinsi yaxınlıq etməyə borcludur və andını pozduğu üçün kəffarə verməlidir. Əgər o, öz ər vəzi­fəsini yerinə yetirməkdən boyun qaçırırsa, onda onu boşanmağa məcbur etmək lazımdır. O, buna müqavimət göstərdikdə, hakim arvadın ərindən boşanmasını özü həll edir.
Bilmək vacibdir ki, ər-arvadlıq münasibətlərinin bərpa edilməsi Uca Allahın daha çox xoşuna gəlir, çünki O, bildirir ki, əgər ər zövcəsi ilə cinsi həyatını bərpa edirsə, özünü bundan saxlayacağına and içməsinə baxmayaraq, Allah, müştərək cinsi həyata yenidən başlamaları xatirinə ona içdiyi andı pozmasını bağışlayır.
Allah Öz qulları üçün, içdikləri anddan geriyə çəkilmək üçün çıxış yolları müəyyən etməklə onlara Öz mərhəmətini göstərir və istənilən şəraitdə içdiyi anda riayət etməyə onları məcbur etmir. Allah, qulları zövcələri ilə cinsi yaxınlığı bərpa etdikdə, onlara yenə də rəhm edərək, onlara mehribanlıq və şəfqətlə yanaşır.

               
(227) “Əgər onlar boşanmaq qərarına gəlsə­lər, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!”

Ər zövcəsi ilə birgə nikahda olmaq arzusunu nümayiş etdirərək cinsi həyatı bərpa etməkdən boyun qaçırarsa, onda bunu ancaq qəti boşanma niyyəti kimi dəyərləndirmək olar. Əgər iş bu yerə çatıbsa, ər ləngitmədən zövcəsinə talaq verməlidir. O, bunu etmək istəmədikdə isə, hakim onu buna məcbur etməli və ya ər-arvadı özü boşamalıdır.
Sonra Allah Özünün gözəl adlarını – Eşidən və Bilən olduğunu xatırladır. Bu xatırlat­mada ərlərə qarşı ciddi xəbərdarlıq əks olunmuşdur. Onlar belə andları öz zövcələrinin zərərinə və ya onlara əziyyət vermək üçün içirlər.
Bu ayədən aydın olur ki, ancaq kişilərə cinsi əlaqədə olmaq istəməməkləri barədə and içməyə icazə verilir, çünki Uca Allah ayədə öz zövcələri ilə cinsi yaxınlıq etməyəcəkləri barədə and içən şəxsləri xatır­ladır. Ayədən həm də aydın olur ki, kişi öz zövcəsi ilə heç olmazsa dörd ayda bir dəfə cinsi yaxınlıq etməlidir, çünki dörd ay keçdikdən sonra ər zövcəsi ilə ya cinsi əlaqəyə girməli, ya da onu boşamalıdır; dörd ayda bir dəfə zövcəsinin cinsi yaxınlıq ehtiyacını ödəmək isə ərin vəzifəsidir.

               ﭿ                                                                                    

 (228) “Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları oldu­ğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstün­dür. Allah Qüdrətlidir, Müdrikdir”.

Qadın ərindən boşandıqdan dərhal sonra ərə gedə bilməz və üç aybaşı müddəti gözləməlidir. İslam alimləri bu hökmün mənasına yanaş­mada müxtəlif rəylər söyləmişlər. Bəziləri hesab edirdilər ki, qadın üç aybaşı müddəti gözləməlidir, digərləri isə aybaşıdan üç dəfə təmizlənməyi gözləməyi nəzərdə tuturdular. Birinci rəy bu barədə daha dəqiqdir. Boşan­madan sonra müddətin (iddənin) gözlənilməsi bir sıra səbəblərlə izah olunur, xüsusən, o, boşanmış ər-arvada hamiləliyin olmamasından əmin olmağa imkan verir. Çünki boşanmadan sonra qadın ardıcıl olaraq üçüncü dəfə aybaşı olarsa, onda inamla demək olar ki, o, öz sabiq ərindən uşağa qalmamışdır və onun sonra ərə getməsi qohumluq əlaqələrinin qarışma­sına səbəb olmayacaqdır.
Bu səbəbə görə Uca Allah qadınlara əmr edir ki, Allahın onların bətnində yaratdığı haqqında xəbər versinlər və onlara hamiləliyi və aybaşını gizlətməyi qəti surətdə qadağan edir, çünki bunların gizlədilməsi sonradan çoxsaylı pis nəticələrə səbəb olur.
Qadın, boşanmaqdan ötrü müəyyən olunmuş müddətin tezliklə qurtarması və başqa adama ərə getmək ixtiyarı alması üçün hamiləliyini gizlətdikdə, adamlar bir başqasını, onun uşağının valideyni olmadığı halda, onun atası adlandıra bilərlər. Belə olduqda, uşaq özünün həqiqi qohumları ilə əlaqəsini və qanuni varis hüququnu itirir. Onun yaxın qoh­um­ları onu tanımır və bəzən o, nikah bağlaması haram olan qohumu ilə evlənir. Digər tərəfdən isə, yad adamı öz atası hesab edərək, o, qanunsuz olaraq onun mirasının bir hissəsini əldə edir və onun qohumlarını özünün yaxın adamları sayır. Bu və digər hallar böyük bir müsibət törədə bilər ki, onu da ən yaxşı bilən qulların Rəbbidir.
Əgər başqa bir kişi ilə tezliklə evlənmək xatirinə hamiləliyi gizlət­məyin nəticəsi təkcə etibarsız və qanunsuz nikah əsasında yaşamaq və buradan irəli gələn ən ağır günahlardan birinin daima təkrarlanması – zinakarlıq olardısa, onda elə bu günah bəs edərdi.
Qadına aybaşının başlanmasını da gizlətmək qadağandır. Əgər o, hadisələri qabaqlaya­raq, qan axmasının başlanması haqqında yalandan xəbər verirsə, onda sabiq ərinin haqqını tapdalayır və özünü digər kişilərin toxunması üçün mümkün elan edir. Belə hərəkət, artıq qeyd etdiyimiz kimi, çox yaramaz nəticələr verir. Əgər qadın aybaşının başlanmasını, boşanmaq üçün müddəti uzatmaq üçün yalandan gizlədirsə, sabiq ərindən, artıq almağa haqqı olmadığı, maddi vəsait alır. Belə hərəkət də iki səbəbə görə qanunsuzdur. Birincisi, qadın ərindən tam boşandıqdan sonra, ondan maddi təminat almağa haqqı olmur. İkincisi isə, belə bir təhlükə yaranır ki, ər, boşanma üçün ayrılmış müddət keçəndən sonra nikahlı münasi­bətlərini davam etdirə bilər ki, onda sabiq ər-arvad zinakarlıq etmiş olur­lar, çünki müddət keçəndən sonra onlar bir-birilərinə tamamilə yad adamlardır.
Buna görə də Uca Rəbb buyurur ki, əgər qadın Allaha və Axirət gününə iman gətirirsə, o, Allahın onun bətnində yaratdığını gizlətmə­mə­lidir. Bunun gizlədilməsi qadının Allaha və Qiyamət gününə inanmadı­ğına dəlalət edir. Əgər o, törədilən əməllərə görə əvəz veriləcəyinə iman gətirsəydi, belə bir günah işlətməyə cəsarət etməzdi.
Bu ayədən həm də belə bir nəticə çıxır ki, qadının öz hamiləliyi, aybaşısının başlanması haqqında və onun ancaq özünə məlum ola biləcək digər iddialarını qəbul etməyə icazə verilmişdir.
Sonra Allah bildirir ki, boşanma üçün ayrılmış müddət keçənə qədər ərlərin zövcələri ilə nikahlarını bərpa etməyə, əgər onları buna sövq edən məhəbbət və yaxşı niyyətlərdirsə, haqları var. Bu müddəadan aydın olur ki, ərlər barışmaq istəmədikdə, onlara ər-arvadlıq münasibətlərini bərpa etmək qadağandır. Ərə, boşanmış zövcəsini bu minvala saxlamağa, ona əziyyət verməyə və ya boşanmaq üçün gözlənilməli müddətin uzadıl­masına icazə verilmir. Lakin bir məsələdə alimlər yekdil qərara gələ bilməyiblər: ər belə davrandıqda nikahın bərpası qanuni sayılırmı? Əksər alimlər, ərin günah işlətməsinə baxmayaraq, bunu qanuni sayırdılar. Ən etibarlı rəyə görə isə, nikah bərpa edilərkən ər yaxşı niyyətdə olmazsa, onların nikahı qanunsuzdur. Bu rəyin xeyrinə, şərh etdiyimiz gözəl ayənin aydın mənası da şəhadət verir.
Ərin nikahı bərpa etmək haqqı, qadının boşanmaq üçün müəyyən edilmiş müddəti mütləq gözləməsinə daha bir səbəbdir. Əgər boşanma elan olunduqdan sonra, ər zövcəsi ilə ayrılmasına heyfsilənərsə, onda müəyyən olunmuş vaxt keçənə qədər baş vermiş hadisəni götür-qoy edə və qəti qərar qəbul edə bilər. Bu, ona dəlalət edir ki, Allaha ər-arvad ara­sında olan yaxşı münasibətlər xoş gəlir, onların ayrılması isə nifrət doğurur. Peyğəmbər (s.ə.s.) isə bu barədə demişdir: “İcazə verilmiş bütün əməllərdən Allahın nifrətini doğuran – boşanmadır”.
Ərin nikahı bərpa etmək haqqı o boşanmalara aiddir ki, onlardan sonra evlilik münasibət­lərini yenidən başlamaq mümkün olsun. Qəti boşanmaya gəldikdə isə, o, elan olunduqdan sonra ər arvadını qaytarmaq və nikah əlaqələrini bərpa etmək haqqını artıq itirmiş olur. Əgər qəti boşanmadan sonra sabiq ər və arvadın hər ikisi yenidən nikahlanmağa razılaşsalar, onda onlar bunu adi qaydada ilk nikah bağlayanlar kimi, zəruri şərtləri yerinə yetirərək, etməlidirlər.
Sonra Allah bildirir ki, ərlər zövcələri qarşısında müəyyən öhdə­liklər daşıyırlar, zövcələr də ərləri qarşısında müəyyən öhdəliklərə malik­dirlər. Ər-arvadın hüquq və vəzifələri, onların yaşadığı ölkələrin və dövrün adət-ənənələri ilə müəyyənləşdirilir, çünki müxtəlif ölkələrdə və müxtəlif zamanlarda bu adətlər fərqli olur. Onlar həmçinin şəraitlə, insan­ların xasiyyət və vərdişləri ilə də səciyyələnir. Buradan aydın olur ki, mad­di təminat, paltar, ailə həyatı, mənzil və hətta ər-arvadın cinsi yaxın­lığı da onların yaşadıqları ölkənin və zamanın adətlərindən asılı olur. Bu, nikahlanma gedişində ər-arvadın bir-birinin qarşısında heç bir şərt qoyma­dıqları evlənməyə aiddir. Əgər belə şərtlər qoyulmuşsa, onların yerinə yetirilməsi zəruridir, lakin onlar bu şərtlərlə Allahın icazə verdiyini qada­ğan edə və qadağan etdiyinə icazə verə bilməzlər.
Daha sonra Allah ərin vəziyyətinin zövcəsinin vəziyyətindən üstün olduğundan bəhs edir. Bu onu göstərir ki, arvadın vəzifəsi ərin qarşısında, ərin vəzifəsinin arvadın qarşısında olduğundan çoxdur. Bu barədə Quranın başqa bir ayəsində deyilir: “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzə­rin­də himayəçidirlər...” (Nisa, 4/34).
Təkcə kişilər peyğəmbər və hakim ola, dövləti idarə edə və ya rəhbər vəzifələr tuta bilərlər. Bununla yanaşı kişilər qadınlardan ikiqat artıq haqqa malik olurlar, miras bölüşdürüldükdə və bir çox başqa işlərdə də belədir.
Allahın gözəl adları arasında – Qüdrətli və Müdrik adları vardır. O, kamil qüdrətə və əzəmətli hakimiyyətə malikdir və onların əsasında bütün yaradılmışlar Ona tabedir. Lakin, Özünün məhdudlaşdırılmayan imkanla­rına baxmayaraq, Allah Öz məxluqlarını ilahi müdrikli­yinə ciddi şəkildə uyğun olaraq idarə edir.
Qeyd etmək lazımdır ki, boşanmadan sonra üç aybaşı müddətində gözləmək haqqında ümumi qayda hamilə qadınlara (onlar hamiləliyin sonuna qədər gözləməlidirlər), nikahdan sonra ərləri onlara yaxınlaşma­yan qadınlara (onlar boşanandan o saat sonra ərə getmək hüququna ma­likdirlər) və kölə qadınlara (onlar ancaq iki aybaşı müddəti gözləmə­lidir­lər) aid deyil. Sonuncu rəyin tərəfdarları Peyğəmbərin (s.ə.s.) səhabələri idi.
Şərh etdiyimiz ayənin mətni onunla nazil edilmiş hökmün ancaq azad qadınlara aid olduğunu sübut edir.

                                                                                                       

 (229) “Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə mü­vafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. On­la­ra verdikləriniz­dən bir şey götürmək sizə halal olmaz. Yalnız hər iki­sinin Allahın hədlərini yerinə yetirməyəcəklə­rindən qorxması istis­nadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcək­lərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır”.

Cahiliyyə dövründə və İslamın ilk yayıldığı illərdə kişiyə saysız-hesabsız dəfə zövcə­sin­dən boşanmağa icazə verilərdi və əgər o, arvadına əziyyət vermək istəsəydi, ona boşandığını elan edərdi və boşanmaq üçün müəyyən olunmuş vaxtın yaxınlaşmasına az qalmış nikahı bərpa edər və bundan sonra yenə arvadını boşadığını elan edərdi*. Bu minvalla, kişi bü­tün həyatı boyu arvadına məşəqqət çəkdirərək belə edə bilərdi. Bunu ən yaxşı bilən Allahdır.
Buna görə, Uca Allah bəyan edir ki, kişi, ər-arvadlıq münasibət­lərini sonradan bərpa etmək şərti ilə arvadını ancaq iki dəfə boşaya bilər. Boşanma üçün ayrılmış müddət ərzində kişi öz qərarını dəyişərək, əgər o, zövcəsinə əziyyət verməyəcəksə, onu geri qaytara bilər. Əgər kişi arvadını üçüncü dəfə boşayırsa, onda ona yenidən ər-arvadlıq münasibətlərini bər­pa etməyə icazə verilmir, çünki əgər o, belə edirsə, onda o, ya öz Rəbbinə kobudcasına itaətsizlik göstərir, ya da öz zövcəsi ilə ailə həyatı sürmək istəmir və ona ancaq əziyyət verməyə çalışır.
 Ərin zövcəsinə bəyan etdiyi boşanma qəti olmadıqda, ona buyu­rulur ki, ya başqa ər-arvadların arasında olduğu kimi ləyaqətli ailə müna­si­bətlərini bərpa etsin, vəziyyətin belə inkişafı daha yaxşıdır, ya da zövcə­si ilə qəti olaraq ləyaqətlə boşansın. Bu o deməkdir ki, ayrılarkən ər zöv­cə­sindən qadının mülkiyyətini güclə almamalıdır, çünki bu rəftar ədalətsiz və qanunsuzdur.
Ərə, zövcəsinə verdiyi mehri* geri götürməyə bir şərtlə icazə verilir ki, onlar Allahın hədlərini qoruyacaqlarından ehtiyat etsinlər. Məsələn, əgər qadın ərinin zahiri görkəminə və ya onun əxlaqi simasına və yaxud dini qaydalara laqeyd yanaşmasına nifrət bəsləyirsə və onunla qarşılıqlı münasibətlərində Allahın hədlərinə riayət edə biləcəyindən ehtiyatlanırsa, onda o, ərinə fidyə verib boşana bilər. Bu ayə arvadın tələbi (hul) üzrə bo­şan­manın, əgər şərtlər təsvir olunan səciyyəni daşıyarsa, qanuni olmasını təsdiq edir. Bu halda arvad ərinə maddi təminat ödəyir və yaxud nikah bəxşişini (mehri) ona qaytarır.
Yuxarıda sadalanan hökmlər Allahın Öz qulları üçün qoyduğu və onları aşmağı qadağan etdiyi hədlərdir. Onları aşıb keçənlər ədalətsiz zalımlardır.
Allahın icazə verdiyi ilə kifayətlənməyərək qadağan olunmuş əməllər törətməyə cəsarət edən insandan başqa kim ən böyük zalım ola bilər?
Qeyd etmək lazımdır ki, zülmkarlıq üç növ olur: ən böyük zülm, bu Allaha şərik qoşmaqdır; qulun Onun qarşısında öz vəzifələrini yerinə yetirdiyi zaman etdiyi zülm və qulun başqa məxluqlara qarşı etdiyi zülm. Allaha şərik qoşma ancaq səmimi tövbədən sonra ba­ğışlana bilər. Başqa məxluqlara zülmkar münasibətə görə insan hökmən ədalətli əvəzini alacaqdır. Qulun, Allah qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdiyi zülmkarlığa görə əvəz isə Qüdrətli Rəbbin istəyi və müdrikli­yindən asılıdır.

        ﯿ                                                                

(230) “Əgər onu üçüncü dəfə boşayarsa, bun­dan sonra o qadın başqa bir kişiyə ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir gü­nah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bə­yan edir”.

Ər arvadını üçüncü dəfə boşayarsa, onun sabiq zövcəsi başqa bir kişi ilə qanuni nikah bağlayıb, onunla cinsi yaxınlıq edənə qədər, sabiq ərin sabiq zövcəsi ilə yenidən evlənməsi qada­ğan edilmişdir. İslam şəri­ətin­də nikah, ər-arvad nikah müqaviləsi bağlayıb cinsi yaxınlıq etdik­dən sonra qüvvəyə minmiş sayılır. Alimlər bu məsələdə tam yekdildirlər.
Bilmək lazımdır ki, qadının ikinci dəfə evlənməsi arzuedilən olma­lıdır, yoxsa əgər onun ərə getməsinin məqsədi əvvəlki ərinə qayıtmaq olarsa, belə nikah qanunsuz sayılır və boşanma­dan sonra onun əvvəlki əri ilə evlənməsinə icazə verilmir. Hətta ikinci əri ilə cinsi yaxınlığın da burada heç bir əhəmiyyəti yoxdur, çünki o, qanuni ər hesab olunmur. Əgər qadın ikinci nikahı təmiz niyyətlə bağlamışsa və əri ilə cinsi əlaqəyə girmişsə, sonra isə ayrılmışlarsa, onda boşanma üçün ayrılmış müddətdən sonra, onun keçmiş ərinə onunla növbəti dəfə evlənməyə icazə verilir. Bundan ötrü onlar hər iki tərəfin razılığı ilə yenidən nikah bağlamalıdır­lar, çünki Allah buyurur ki, ər-arvad yenidən birləşə bilərlər. Lakin təkrar nikahın mütləq şərti, onların Allahın hədlərinə riayət edəcəklərinə və bir-birinin qarşısında vəzifələrini yerinə yetirəcəklərinə ümid bəsləmələri­dir. Bunun üçün, onlar əvvəlki ailə həyatı zamanı yol verdikləri və ayrılma­larına səbəb olmuş səhvlərinə görə Allah qarşısında tövbə etməlidirlər. Onlar həmçi­nin xoşbəxt ailə yaratmağa qəti qərar verməlidirlər. Ancaq belə olduğu halda onların yenidən evlənməsində günah olmaz.
Bu gözəl ayədən aydın olur ki, boşanmış ər-arvad Allahın hədlərinə riayət edə biləcək­lərindən ehtiyat edirlərsə və hesab edirlərsə ki, onların həyatı əvvəlki kimi qəm-qüssə içində keçəcək, onda yenidən nikaha qədəm qoymaları ər-arvadın hər ikisi üçün günahdır. Bilmək lazımdır ki, əgər insan bu və ya digər bir əmələ görə dinin tələblərini yerinə yetirə və Allaha itaət edə bilməyəcəyindən ehtiyat edirsə, onda o əməli etməmə­lidir.
Ayədən həm də məlum olur ki, əgər insan müəyyən vəzifələri icra etməyə başlayırsa, xüsusilə, öz üzərinə böyük və ya kiçik bir insan qrupu­nun məsuliyyətini daşımağı götürürsə, o, əvvəlcədən öz imkanlarını də­yər­ləndirməlidir. O görsə ki, bu vəzifələri yerinə yetirməyə imkanı çata­caq, onda başladığı işi davam etdirə bilər. Əks təqdirdə isə, o, bu təşəb­büsdən çəkinməlidir.
Uca Allah bu mühüm tələblərini xatırlatdıqdan sonra bildirir ki, bunlar dində Onun qoy­duğu hüdudlardır və bunu, bilən insanlara izah edir, çünki məhz bilik sahibi olan qullar Allahın izah etdiklərindən fayda­lanır və ətrafındakılara da xeyir verirlər. Bu ayə alimlərin və fəqihlərin üstünlüyünü vurğulayır, çünki Uca Allah Öz şəriətini onlara izah edir və Öz açıqlama­larını onlara ünvanlayır. Bundan həmçinin aydın olur ki,  Allah Peyğəmbərinə (s.ə.s.) nazil etdiyi qanunlarının Onun qulları tərə­findən öyrənilməsini və onların mənasını dərk etmələrini istəyir.

                                                                                      ﭿ          

(231) “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məq­sədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və Hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir”.

Əgər siz öz zövcələrinizlə birinci və ya ikinci dəfə boşanmışsınızsa və boşanma üçün ayrılmış müddətin sonunun yaxınlaşmasını gözləmiş­si­nizsə, onda ya gərək vəzifənizi layiqincə yerinə yetirmək niyyəti ilə evli­lik münasibətlərinizi bərpa edəsiniz, ya da qəti olaraq zövcələrinizdən, onlara zərər vurmadan, ayrılmalısınız. Onları narahat etmək və əziyyət vermək məqsədilə saxlamaq sizə qadağandır. Siz, sizə yol verilmiş hərə­kəti günah törətmək üçün istifadə edə bilməzsiniz. Bu halda yol verilən hərəkət zövcənizi saxlamaq və evlilik münasibətlərini bərpa etmək, günah isə onlara ziyan vurmaqdır. Əgər siz cəsarət edib belə bir rəftar göstər­səniz, bilin ki, siz özünüz özünüzə qarşı zülm etmiş olacaqsınız. Axı hər bir məxluqun haqqının əvəzi veriləndə, cinayətkarlar öz cinayət­lərinin acı nəticələrini mütləq dadacaqlar.
Allahın ayələrini zarafat və əyləncə hesab etməyin. O, Öz hədlərini sizə ən gözəl tərzdə şərh edir ki, siz onları öyrənəsiniz və onlara riayət edəsiniz, onlarla kifayətlənəsiniz və yol verilən həddi keçməyəsiniz. Uca Allah Öz qanunlarını əyləncə xatirinə deyil, haqq üçün nazil etmişdir və sizə o qanunlara qeyr-ciddi yanaşmaq və dinin vacib ehkamlarını yeri­nə yetirməkdən boyun qaçırmaq qadağan edilmişdir. Sizə zövcələrinizi, onlara əziyyət vermək məqsədilə saxlamaq, ayrılarkən azğınlıq etmək, zövcələrinizi tez-tez boşamaq və ya birdəfəlik üç kərə “talaq” demək qa­da­ğan edilmişdir, çünki Allah Öz mərhəməti ilə sizə qəti olmayan boşan­malar* elan etməyə icazə vermişdir və bunu ancaq sizin xeyriniz üçün et­mişdir.
Allahın səxavətliliyini, Onu dilinizlə tərifləyərək, Onun xeyirxahlığını qəlbinizdə etiraf edərək, və Onun hökmlərini bədəninizin bütün üzvləri ilə yerinə yetirərək, zikr edin. Yadda sax­layın ki, Allah sizə Müqəddəs Quranı və Hikməti – Muhəmməd Peyğəmbərin (s.ə.s.) Sünnə­sini nazil etmişdir. Bu iki çeşmənin vəsiləsilə Allah sizə xeyirxah əməlləri izah etmiş və sizi yaxşı­lıqlar etməyə çağırmış, sizə günah sayılan əməlləri göstərmiş və sizi onlardan agah etmişdir. Allah sizə Özü haqqında bildir­miş, Özünün sevimli qullarına və düşmənlərinə olan münasibəti barədə xəbər vermiş və sizə qətiyyən bilmədiyiniz şeyləri öyrətmişdir.  
Belə bir rəy var ki, Hikmət kimi ifadə edilən əsrarəngiz söz İslam şəriətidir. Allahın Kitabı qanundur, Hikmət isə dini ehkamların və haramların nüzul* səbəbini açıqlayır. Qeyd olunan hər iki şərh səhihdir, Uca Allah da sonra vurğulayır ki, Kitab və Hikmət insanlara öyüd-nəsihət vermək üçün nazil edilmişdir.
Bu müddəa – Hikmət sözü ilə şəriət ayinlərinin, mərasimlərinin nəzərdə tutulduğunun xeyrinə dəlalət edir, axı öyüd-nəsihət vermək eh­kamların və onların mənalarının izahından və həm­çinin mükafatla həvəs­ləndirməkdən və cəza ilə qorxutmaqdan ibarətdir. Dini hökmün açıqlan­ması sayəsində insanlar cahillikdən və nadanlıqdan xilas olurlar. Müka­fat­la həvəslən­dirmə nəticəsində insanlarda yaxşılıq etmək arzusu oyanır, cə­za­landırmaqla qorxutma hesabına isə adamlar Allahdan qorxmağa başla­yırlar. Onlar Allahdan hər bir şəraitdə qorxmalı və bilməlidirlər ki, Ona bütün məxluqat haqqında hər şey məlumdur. Məhz buna görə, O, bütün zamanlarda və dünyanın bütün ucqarlarında qullarına ancaq fayda verən dini ehkamlarını izah edir. Buna görə həmd təkcə Ona məxsusdur!

                                                               ﮞﮟ  ﮠ ﮡ     ﮤﮥﮦ  ﮧﮨ

(232) “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz arala­rın­da razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz”.

Bu vəhy birinci və ya ikinci dəfə boşanmış qadınların qəyyumla­rına ünvanlanmışdır. Boşanma üçün ayrılmış müddətin qurtarması üzrə onların sabiq ərləri onlarla ikitərəfli razılıq əsasında yenidən evlənmək istəsələr, qadınların qəyyumlarına, ya onların ataları olsun, ya da digər qohumları, qadınları belə ərə getməkdən saxlamağa (çəkindirməyə) icazə verilmir. Onlar bu vasitə ilə ər-arvadın əvvəlki boşanma zamanı büruzə verdikləri davranışlarına görə öz narazılıqlarını və hiddətlərini bildirmə­məlidirlər.
Sonra Uca Allah vurğulayır ki, bu öyüd-nəsihət Allaha və Axirət gününə iman gətirənlərə müraciətdir, çünki məhz iman onları təkrar nika­ha maneçilik etməkdən çəkindirməlidir.
Sonra Allah bildirir ki, təkrar nikaha razılaşmaq, ona mane olmaq­dan daha ləyaqətli və daha doğrudur, hərçənd qadının qəyyumu belə və­ziy­yətdə elə zənn edə bilər ki, kişiyə, zövcəsindən boşandıqdan sonra, yenidən onunla evlənməsinə mane olmaq daha ləyaqətli olardı. Təəssüflər olsun ki, adətən təkəbbürlü və dikbaş adamlar məhz belə edirlər. Əgər qəyyum onun vəziyyətində təkrar nikaha mane olmaq qərarına gəlsə, onda ona xatırlatmaq lazımdır ki, onun bilmədiyini Allah bilir və Rəbbin iradəsinə tabe olmalıdır. İnsanlara nəyin xeyir verdiyi Ona məlumdur. O, Öz qullarına xeyir diləyir və onlara hər cür nemət verməyə qadirdir. O, Öz qullarının taleyini, onlara məlum olmayan hadisələrin vasitəsilə yüngül­ləş­dirir.
Bu ayə, gəlinin qəyyumunun razılığını, nikah bağlanmasının vacib şərti olduğunu təsdiq edir, çünki əgər Allah qəyyumlara ərindən ayrılmış qadınlara təkrar nikah bağlamağa mane olmağı qadağan edirsə, deməli onlar qəti qərar qəbul etmək haqqına malikdirlər.

                                                                                                       ﯿ                                          

 (233) “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə va­risin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, və süd haq­qını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür”.

Quranın bu ehkamı hekayət səciyyəsi daşıyır, çünki körpələrə iki il ərzində döş südü əmizdirmək ümumiqəbulolunmuş qaydadır və insanlar bu tələbi əlavə əmr gözləmədən yerinə yetirirlər. “Houl”* sözü tam və na­tamam ili işarə etmək üçün istifadə olunur və buna görə Uca Allah xü­susi ilə qeyd edir ki, əgər analar axıra qədər döşlə əmizdirmək istəyirlərsə, onda körpələri döş südü ilə tam iki il ərzində yedizdirməlidirlər.
Körpənin iki yaşı tamam olduqda o, südəmər yaşından çıxır və ana­nın südü onun üçün başqa qida maddələrinə bərabər olur. Bu səbəbə görə, iki yaşdan sonra döşlə əmizdirmə süd qohum­luğu yaratmır.
Şərh etdiyimiz ayəni Uca Allahın: “...Anası onu bətnində əziy­yət­lə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir...” (Əhqaf, 46/15) müddəası ilə müqayisə etdikdə ay­dın olur ki, hamiləliyin ən az müddəti altı aydır.
Uca Allah həmçinin xəbər verir ki, körpənin atası mövcud adət-ənənəyə uyğun olaraq, onu əmizdirən ananı, nikahda və ya boşanmış ol­ma­sından asılı olmayaraq, ərzaq və geyimlə təmin etməlidir. Ata ananı, onun körpəsini yedizdirdiyinə görə, belə mükafatlandırır. Bundan aydın olur ki, əgər ər-arvad nikahdadırlarsa, ər uşağını əmizdirən ananı, normal yemək və geyim əldə etmək üçün zəruri olan xərclərdən artıq maddi və­saitlə təmin etməyə borclu deyil.
Uca Allah qeyd edir ki, hər bir adamın maddi vəzifələri onun imkan­ları ilə bağlıdır. Kasıb öz uşağının anasına dövlətlinin xərclədiyi qədər xərcləməyə məcbur deyil. Əgər adamın əmlakı ümumiyyətlə heç yoxdursa, onda o, imkanı yaranana qədər, belə xərcləri çəkməklə bağlı məsuliyyət daşımır.
Uca Allah həmçinin bəyan edir ki, anayla uşağına görə pis dav­ran­maq olmaz. Onu körpəsini döşü ilə əmizdirmək hüququndan və ya onun öz haqqı ilə layiq olduğu normal qidalanmaq, geyinmək və mükafat al­maq­dan məhrum etmək olmaz. Ata da həmçinin körpəsinə görə əzab çəkməməlidir və buna görə anaya uşağını döşü ilə əmizdirməkdən, bu, körpəyə zərər vurduqda, boyun qaçırması, ərindən dolanışığı üçün lazım olduğundan çox mükafat istəməsi qadağan edilmişdir. Bu ayə valideynlərə uşaqdan ötrü iztirab verilməsinə yönəldilmiş bütün hərəkətləri qadağan edir.
Uşağın atası üçün doğulması haqqında Quran müddəası, uşağın ataya məxsus olduğunu və onun əldə etdiyi Allah payı olduğunu təsdiq edir. Bu səbəbdən, ataya öz oğlunun mülkiyyə­tinə, onun xoşuna gəlməsin­dən və ya gəlməməsindən asılı olmayaraq, sərəncam çəkməyə icazə veril­mişdir. Lakin bu hökm anaya aid edilmir.
Sonra Allah bildirir ki, uşaq yetim doğulduqda və mərhum atasın­dan miras almadıqda, uşağın qəyyumu onu əmizdirən anasını maddi cə­hətdən və geyimlə təmin etməlidir. Bu ayədən aydın olur ki, varlı qəyyum ehtiyacı olan qohumlarına kömək etməyə borcludur.
Daha sonra Allah bildirir ki, əgər valideynlər, hər ikisinin razılığı ilə, iki tam il keçənə qədər körpəni döşdən ayırmaq qərarına gəlsələr, on­lar bu qərarın körpələri üçün xeyirli olacağı barədə öncədən məsləhətləş­məli və bunu aydınlaşdırmalıdırlar. Əgər onlar körpəni əmizdir­məkdən kəsmək və döşdən ayırmağın onun üçün daha yaxşı olacağı qərarına gəl­sələr, günah işlətməzlər. Buradan aydındır ki, əgər körpəni döşdən ayır­mağa valideynlərdən biri razılaşarsa, digəri razılaşmazsa və əgər döşlə əmizdirməyin kəsilməsi uşağın xeyrinə olmazsa, onda onların körpəni döş­dən ayırmağa haqları yoxdur.
Sonra Allah xəbər verir ki, əgər valideynlər uşağa dayə tutmaq qərarına gəlsələr və əgər bu, onun ziyanına olmazsa, onda onlar, dayəyə mövcud adətlərə uyğun olaraq zəhmət haqqı vermək şərti ilə, günah et­məzlər. Allah Öz qullarının əməllərini görür və onlara etdiklərinin əvəzini mütləq ya yaxşılıqla, ya da yamanlıqla ödəyəcəkdir.

                                                          

 (234) “Sizlərdən ölənlərin qoyub getdiyi zöv­cələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müva­fiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır”.

Kişi öldükdən sonra dul qalmış zövcəsi dörd ay on gün gözləməlidir. Bu gözləmənin mənası ondadır ki, qadın hamilə olmasına və ya olmamasına əmin olsun, çünki uşaq ancaq beşinci ayın əvvəlində tərpənməyə başlayır. Belə gözləmə, hamilə və kölə qadınlardan başqa, bütün dul qadınlara əmr olunmuşdur, hamilə qadınlar hamiləlikdən azad olana qədər, kölə qa­dın­lar isə azad dul qadınların gözlədiyi müddətin yarısı qədər, yəni iki ay beş gün gözləməlidirlər. Bu müddət keçdikdən sonra dul qadınlara, Allahın haramlarını pozmadan və arzuolunmaz hə­rəkətlərə yol vermədən, ləyaqətlə davranaraq öz bəzək şeylərini taxma­ğa, ətirlənməyə icazə verilir.
Bu ayə onu göstərir ki, dul qadın vəfat etmiş əri üçün, boşanmış qadınlara aid olmayan hökmlərə riayət edərək matəm saxlamalıdır. Bu məsələdə İslam alimləri həmrəydirlər. Allah Öz qullarının zahiri və batini, gizli və aşkar əməllərindən xəbərdardır və buna görə onlar hökmən layiqli əvəz alacaqlar.
Matəm müddəti keçdikdən sonra qadının öz bildiyi kimi özünü ləyaqətlə aparması ilə onun qəyyumuna günah olmaması haqqında Quran müddəası təsdiq edir ki, qəyyum qadına nəzarət etməli, onu günah əməl­lərdən saxlamalı və hətta onu vacib dini hökmləri yerinə yetirməyə məc­bur etməlidir. Bütün bunlar ərsiz qadınlara qəyyumluq edənlərin vəzi­fəsi­dir.
                                      ﭿ                                                                         
(235) “Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirmək­də və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblə­ri­nizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!”

Bu buyruq, mərhum əri üçün matəm saxlayan dul qadınlara və ya qəti (üçüncü) boşanmadan sonra müəyyən olunmuş müddəti gözləyən qadınlara şamil edilir. Keçmiş ərindən başqa heç kimə onlarla elçilik haqqında açıq danışmağa icazə verilmir, çünki Allah onlara gizli vəd verməyi qadağan etmişdir. Əgər kişi təkcə elçilik haqqında işarə vurursa, bu günah sayılmır.
Ərə getmək təklifi ilə elçiliyə işarə vurmaq arasında fərqin olması açıq-aydındır. Kişi elçilik haqqında açıq danışırsa, deməli onun evlənmək niyyəti vardır. Müəyyən olunmuş müddət qurtaranadək belə davranmaq qadağandır, çünki bu, qadını müddətin qurtarması haqqında vax­tından əvvəl bildirməyə sövq edir ki, tezliklə ərə gedə bilsin. Bu qadağan onu göstərir ki, şəriət günaha aparan istənilən hərəkəti qadağan edir və qadın sabiq ərinin qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetirərək, boşanma üçün qəti müəyyən olunmuş müddət və ya matəm müddəti bitənədək, digər kişilərə heç bir vəd verməməlidir.
Kişi elçiliyə işarə vurduqda, bu hələ onun niyyətinin heç də evlən­mək olması demək deyildir və buna görə belə etməyə yol verilir. Məsələn, kişi, qəti olaraq boşanmış qadına belə deyə bilər: “Mən evlənməyə hazırlaşıram” və ya “Mən istəyirəm ki, boşanma üçün müəyyən olunmuş müddət qurtardıqdan sonra mənimlə məsləhətləşəsən”. Bu və başqa fikir mübadilə formaları yol veriləndir, çünki onlarda kişilər öz niyyətlərini açıq bildirmirlər, halbuki belə vəziyyətdə öz niyyətini bildirmək arzusu çox güclü olur. Buna baxmayaraq, kişiyə, boşanma üçün müəyyən olun­muş müddətin və ya matəm müddətinin qurtarmasına qədər boşanmış və ya dul qalmış qadınla evlənmək niyyətini gizlətməyə icazə verilir.
Ey müsəlmanlar! Bilin ki, sizin düşüncələriniz və niyyətləriniz Allaha məlumdur! Yaxşı işlər görməyi niyyət edin və cinayətlər törətmək haqqında fikirləşməyin, Allahın verəcəyi cəzadan qorxun və Onun müka­fa­tına ümid bəsləyin və bilin ki, O, tövbə edənlərin və Ona doğru yönələn­lərin günahlarını bağışlayır. O, itaətdən çıxanları cəzalandırmağa tələsmir, halbuki O, ləngimədən cəzalandırmağa qadirdir.

                                                                     
(236) “Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qad­ın­ları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qay­da üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz im­kanı daxilində yaxşılıq etməlidir. Bu isə yaxşılıq edənlər üçün bir borcdur”.

Ey ərlər! Əl vurmadığınız və mehr müəyyən etmədiyiniz zövcələ­rinizi boşasanız, hətta belə hərəkətiniz həmin qadınların ümidlərini puç etsə də, günah işlətməzsiniz. Belə hallarda onlara təskinlik verə bilən hədiyyədir və siz onlara imkanlarınıza uyğun olaraq öz malınızdan bəxşiş verməyə borclusunuz. Bu, həm varlı və həm də kasıb ərlərə bir vəzifə kimi həvalə edilir. Bu hədiyyənin ölçüsü mövcud adət-ənənələrdən asılıdır və şəraitə görə fərqlənə bilər. Xeyirxah kişilərin vəzifəsi belədir. Siz boşa­dığınız zövcələrinizə onların layiq olduqlarından az verə bilməzsiniz. Siz onların ərə getmələrinə səbəb olmuşdunuz. Siz onların qəlbində ümid yar­at­mışdınız, amma onların istədiklərini onlara vermədiniz və buna görə siz onları layiqli hədiyyə ilə təskinləşdirməlisiniz.
Allahın bu ehkamı necə də gözəldir! Gör Qanunverici özünün Müdrik­liyi və Mərhəmətinə necə də aydın şəhadət verir! Möhkəm əqidəyə sahib olan insanlar üçün kimin qanunları Allahın  qanunlarından yaxşı ola bilər?!

                                                                     ﯿ              
 (237) “Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq et­məzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara ver­mə­lisiniz. Qadınlarının bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağış­lamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutma­yın. Allah sizin nə etdiklərinizi görür”.

Ərləri əl vurmadıqları və mehr müəyyən etmədikləri qadınların boşanmasını xatırlat­dıq­dan sonra, Uca Allah mehrləri müəyyən edilmiş zövcələri necə boşamaq haqqında xəbər verir.
Kişi, əlinin toxunmadığı zövcəsini, mehrin ölçüsü haqqında müqa­vi­lədən sonra boşa­dı­ğı­nı elan etdikdə, onun yarısı boşadığı qadına, yarısı da kişiyə verilməlidir. Ər-arvad alicənablıq göstərməyərək qalan hissəni bir birilərinə güzəştə getmədikləri halda məcburi hökm belə həyata keçi­rilir. Bu o deməkdir ki, zövcə mehrin ona çatacaq hissəsindən sabiq ərinin xeyrinə əl çəkir, kəbin müqaviləsi əlində olan sabiq ər isə ona çatacaq his­səni boşadığı zövcəsinə güzəşt edir.
Ən etibarlı rəyə görə, kəbin müqaviləsi əlində olan şəxs məhz ər olur, çünki o, müstəqil qərar qəbul etmək haqqına malikdir. Gəlinin qəyyumunun, qadına düşəcək hissəni rədd etmək hüququ yoxdur, çünki o, qadının mülkiyyətinin sahibi və sərəncamçısı deyil.
Sonra Uca Allah ər-arvadı səxavətli olmağa çağırır, çünki mehrin ona çatacaq hissəsindən bir-birinin xeyrinə imtina etmək təqvalı olmağa daha yaxındır. Xeyirxahlıq qəlbi həmişə xilas edir və buna görə də insan­lar yaxşı əməllər etməyə laqeyd yanaşmamalı və insanlara bəslənilən münasibətin ən yüksək forması olan mərhəmət hissini unutmamalıdırlar.
İnsan münasibətləri iki prinsip əsasında qurula bilər: ədalətlilik və vicdanlılıqla, həmçinin mərhəmətlilik və xeyirxahlıqla. İnsan ədalətlə davranaraq, verməyə borclu olduğu hər şeyi verir və götürməli olduğu hər şeyi götürür. Mərhəmət göstərərək, insan verməli olduğundan daha çox verir və qəlbində oyanan hisslərinə məhəl qoymayaraq götürməli olduğu­nun bir hissəsini bağışlayır.
İnsan ətrafındakılara olan xeyirxah münasibətin bu ən yüksək for­masını unutmamalıdır. Heç olmazsa ara-sıra o, insanlara qarşı, xüsusilə, aralarında yaxın münasibət olanlara, iltifat göstərməlidir. Allah Öz qulla­rını onların göstərdiyi yaxşılıqlara görə Öz nemətləri ilə həmişə mükafat­landırır, axı O, onların bütün etdiklərini görür.

                  
(238) “Namazları və (günortadan sonrakı) orta namazı qoru­yun və Allah qarşısında mütiliklə durun”.

Uca Allah bütün namazları və xüsusilə, günortadan sonrakı namazı (əsr) müntəzəm və qüsursuz qılmağı əmr edir. Namazlara qayğı ilə yanaş­maq dedikdə, onları müəyyən olunmuş vaxtlarda qılmaq, onların şərtləri­nin və rüknlərinin dəqiqliklə yerinə yetirilməsi, namaz oxunarkən mütilik və bütün fərz və sünnələrin qılınması nəzərdə tutulur.
Əgər insan qıldığı namazlara qayğı ilə yanaşırsa, o, hökmən bütün digər ibadət ayinlərini də nöqsansız icra edir və yaramaz, qınanılan hərəkətlərdən çəkinir. Xüsusilə bu, namazı mükəmməl qılan, Allah qarşısında itaətkarlıqla dayanan şəxslərə aiddir. Belə insan Allah xatirinə səmimi namaz qılır, Onun qarşısında əyilir, çünki “qunut” sözü (burada “itaət”, “mütilik”) “Allah qarşısında mütilik hissi ilə uzun müddət ibadət etməkdir”.

                                       

(239) “Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya mi­nik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədik­lə­ri­nizi necə öyrədibsə, o cür yad edin!”

Bu ayədə namaz qılanın məhz nədən ehtiyat etməsi xatırlan­ma­dığına görə, ayə çox geniş məna kəsb edir. Əgər insan düşmənlərindən, vəhşi heyvanlardan və ya mövcud təhlükəli şəraitin ona zərər vura bil­məsindən qorxarsa, onda ona ayaq üstdə və minik üzərində namaz qılmağa icazə verilir. O, at, dəvə üstündə və ya istənilən nəqliyyat vasitəsində namaz qıla bilər, həm də onun üzünü Kəəbəyə tərəf tutması vacib deyil. Belə namaz qılınmasına təhlükə zamanı yol verilir, çünki müsəlman təhlükəsizlik şəraitində namazı bütün qaydalara uyğun qılma­lıdır.
“Allahı təhlükəsizlikdə olanda zikr edin” hökmü – namazı layi­qincə qılmağı, göstərdiyi mərhəmətinə görə Allaha həmd edərək tez-tez xatırlamağı nəzərdə tutur. Allah Öz qullarına lütf­karlıq edərək onlara xoş­bəxtliklərinin və müvəffəqiyyətlərinin rəhni olan bilikləri öyrətmişdir.
Bu ayə biliyin üstünlüyünü göstərir və təsdiq edir ki, Allah insana onun əvvəl bilmədiyi şeyləri öyrədir və buna görə o, Rəbbini tez-tez xatırlamalıdır. Ondan aydın olur ki, Allahın adının tez-tez çəkilməsi yeni biliklərin əldə edilməsinə gömək göstərir, çünki bəxş etdiyi nemətlərinə görə Ona yönəldilən minnətdarlıq həmin nemətlərin dəfələrlə artmasına səbəb olur.
                                        ﭿ                   

(240) “Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə, bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə, baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətlə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir”.

Quranın əksər təfsirçiləri hesab edirdilər ki, bu ayə Uca Allahın: “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləmə­lidirlər...” (Bəqərə, 2/234) ayəsi ilə ləğv edilmişdir. Bu şərhə müvafiq olaraq, əvvəlcə dul qadınlara tam bir il gözləmək əmr olunmuşdu və sonradan o, dörd ay on gün gözləmək ayəsi ilə ləğv edilmişdir. Bu alimlərin rəyinə görə, ləğv edən ayə nazil olma vaxtına görə deyil, ancaq Qurandakı düzülüşünə görə ləğv olunandan əvvəl yerləşə bilər, çünki ləğv olunan dini hökmün (nəsx) vacib şərti – ləğv edən hökmün ondan sonra nazil edilməsidir. Lakin bu rəy inandırıcı dəlillərlə təsdiq olunmur.
Əgər bu iki ayə üzərində düşünsək, onda aydın olar ki, ən etibarlı rəyin tərəfdarları hesab edirlər ki, birinci ayə qadına, məcburi qaydada, dörd ay on gün ərzində gözləməsini əmr edirsə,  sonrakı ayə mərhumun qohumlarına yönəldilmiş öyüd-nəsihətdən ibarətdir. Bunun əsasında onlar dul qadına tam bir il ərzində öz yanlarında yaşamağa icazə verməyə borcludurlar ki, qadın təsəlli tapsın və onlar da öz mərhum qohumuna bu minvalla xeyirxahlıqlarını göstərə bilsinlər. Bu o deməkdir ki, Allah Özü mərhum ərin qohumlarına onun dul zövcəsinə yaxşı münasibət göstərmə­lərini və onu zəruri olan vəsaitlə təmin etmələrini və ərinin evindən qovmamalarını tapşırır.
Dul qadın istəyərsə, mərhum ərinin evində tam bir il ərzində qala bilər. Əgər istəməsə, onda o, matəm saxlama müddəti qurtaran kimi, onun evini tərk edə, gözəl paltarlar geyə və bəzək şeyləri taxa bilər. Bu zaman dul qadın özünü ləyaqətlə aparmalı, dinin hədlərini aşmamalı və adətləri pozmamalıdır.
Bu ayənin sonunda Allah Öz qüdrətinin və müdrikliyinin kamil­liyini təcəssüm etdirən əzəmətli adlarını xatırladır. Onların hər biri gerçək və yerində xatırlanmışdır.

ﮉﮊ ﮋ ﮍ    ﮏﮐ 

(241) “Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur”.

Öncəki ayədə dul qadınların maddi təminatı barədə xatırladıldıqdan sonra, Uca Allah bildirir ki, boşanmış arvadlar da həmçinin öz sabiq ərlərinin himayəsində qalırlar və onlar öz imkanlarına və tələbatlarına uyğun olaraq həmin qadınları maddi vəsaitlə təmin etməlidirlər. Təqvalı qullar bu vəzifələrini ona görə yerinə yetirirlər ki, boşanmış arvadların maddi təminatı təqvalılığın vacib və ya bəyənilən tələblərindən biridir.
Biz yuxarıda, ər, mehrin ölçüsünün müəyyənləşdirilməsinə və cinsi yaxınlıq etməsinə qədər nikahlandığı zövcəsi ilə boşandıqda, qadına çatacaq maddi mükafat barədə xatırlatmışdıq. Qeyd etmişdik ki, bu mükafat ərin maddi vəziyyətindən asılıdır. Biz həm də yada salmışdıq ki, əgər boşanma, mehrin məbləği müəyyən ediləndən sonra, lakin ər-arvad yaxınlıq etməmişdən öncə baş vermişsə, onda qadına mehrin yarısı verilməlidir.
Əgər onlar evlilik həyatına başlamışlarsa, onda ər boşanmadan sonra, ayrıldığı zövcəsini maddi cəhətdən təmin etməlidir. Alimlərin əksəriyyətinin rəyinə görə, bu hökm bəyəniləndir, amma bəziləri onu vacib sayırlar, çünki Allah bunu təqvalı qulların vəzifəsi adlandırır. İstənilən vəzifə, əksi sübut edilməyənə qədər, xüsusilə, əgər o, təqvalıların vəzifəsi adlandırılmışdırsa,  məcburi sayılmalıdır. Axı, Allahdan qorxmaq xisləti özü vacib ehkamlardandır.

                    

 (242) “Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz”.

Uca Allah ər-arvada aid olan mühüm qanunlarını izah etdikdən sonra, onların aydınlığını və ağıllı insanların tələblərinə tamamilə uyğun gəldiyini vurğulayaraq, onları tərifləyir. Allah onları qullarına ona görə izah edir ki, onlar hökmlərin mənalarını dərk edə bilsinlər, nazil edilmiş qanunları yadda saxlasınlar, onların əhəmiyyətini və vacibliyini anlasınlar və işlərində istifadə etsinlər. Sadalanan əməllərdən hər biri insanın idrak sahibi olduğunu təsdiq edir.

                                                                       

(243) “Minlərlə olduqları halda ölüm qorxusundan yurdların­dan didərgin düşüb gedən­ləri görmədinmi? Allah onlara: “Ölün!” – dedi. Sonra isə onları diriltdi. Doğru­dan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir”.

Məgər sən İsrail oğullarının başına gəlmiş qəribə bir hekayəti eşitməmisənmi? Onlar ölümdən dəhşətə gələrək, vəba xəstəliyinə düçar olmuş yurdlarını tərk etdilər. Lakin bu qaçqınlıq onlara ehtiyat etdiklərin­dən xilas olmağa kömək göstərmədi. Allah onların taleyini onların arzu etdiklərinin tam əksi olaraq təyin etdi və onların hamısını bir nəfər kimi öldürdü. Sonra Allah rəhm edərək onları həyata qaytardı. Ola bilsin ki, Quran şərhçilərinin əksəriyyətinin hesab etdiyi kimi, bu, peyğəmbərlərdən birinin duası sayəsində edilmişdi, amma, bəlkə də, başqa səbəbə görə baş vermişdir.
İstənilən halda, gerçəkləşmiş hadisə Allahın mərhəməti idi. O, heç vaxt insanları Öz lütfü ilə himayə etməsinə fasilə vermir. Bu hadisə İsrail oğullarını Ona minnətdarlıqlarını bildirməyə yönəltməli, göstərilən iltifatı onlara bəyəndirməli idi. Bundan sonra isə onlar bu hadisədən istifadə edərək, Allahın mərhəmətinə nail olmalı idilər. Lakin o insanların əksə­riyyəti Ona layiqincə minnətdarlıqlarını bildirmədilər.
Bu hekayət ona dəlalət edir ki, Allah hər şeyə qadirdir. Ayədə diril­mənin gerçəkliyini təsdiq edən inandırıcı möcüzə təsvir edilir. Bu hekayət məşhur idi və İsrail oğullarının çoxu onu bir nəsildən digərinə ötürürdülər. Buna görə də, Uca Allah bu hekayəti, ayənin nazil olduğu insanlara yaxşı məlum olan bir hadisə kimi təqdim edir.
Belə bir rəy də var ki, İsrail oğulları düşmənlərlə rastlaşmaqdan ehtiyat edərək, qorxaqlıq göstərmiş və evlərini tərk etmişdilər. Bu şərh, Allahın sonrakı ayələrdə müsəlmanlara döyüşmək haqqında verdiyi əmri ilə təsdiq olunur və O, bildirir ki, İsrail oğulları (döyüşdən qaçdıqlarına görə) öz mənzillərindən məhrum olaraq oğullarından ayrı düşdülər.
Hər iki təfsiri nəzərə alaraq, demək olar ki, bu ayə cihada dəvət edir və onda iştirak etməkdən boyun qaçırmaqdan çəkindirərək bəyan edir ki, insanlar qaçmaqla ölümdən xilas ola bilməzlər. Digər ayədə isə deyilir: “Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qal­dı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah ba­rə­sində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qa­pıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmə­dik­lərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlə­rinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslə­rinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir” (Ali-İmran, 3/154).

ﯙﯚﯛﯜﯝ        ﯡﯢ  

 (244) “Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!”

Allah müsəlmanlara Onun yolunda, öz həyatını riskə ataraq və malını qurban verərək döyüşməyi tapşırır, çünki bu iki şərti yerinə yetir­mə­dən müqəddəs müharibə mümkün deyil. Allah cihad zamanı müsəlmanları səmimi olmağa çağırır və ancaq Allahın Sözünü ucaltmaq üçün döyüşmək lazımdır, axı O, istənilən sözü, hətta o, pıçıltı ilə deyilsə belə, eşidir və insanların ürəklərində gizlətdikləri bütün xeyirxah və yaramaz fikirlərini bilir. Əgər Allahın yolunda döyüşən mücahid bilsə ki, O – Eşidən və Biləndir, onda o, müharibənin çətinliklərinin öhdəsindən asanlıqla gələ bilər. Mücahidə məlumdur ki, Onun xatirinə dəf etdikləri məhrumiyyətləri Allah görür və hökmən onları Öz yardımı və mərhəməti ilə mükafatlan­dıra­caqdır.

                                  

 (245) “Kim Allaha gözəl bir borc versə (ma­lın­dan Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar. Allah kimi­sinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarı­lacaqsınız”.

Allah yolunda malını sərf etmək kimi son dərəcə gözəl bir çağırış üzərində yaxşı-yaxşı fikirləş! İnsan ianə verərkən sanki Allaha borc verir. Allah bu borcu dəfələrlə artıracağına və quluna qaytaracağına vədə verir. Bununla əlaqədar Uca Allah buyurur: “Mallarını Allah yolunda xərclə­yənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində  yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir” (Bəqərə, 2/261).  
İnsanı sədəqə verməkdən çəkindirən ən böyük amil onun dilənçi kökünə düşmək qorxusu olduğu üçün, Uca Allah yada salır ki, zənginliyin və kasıblığın sərəncamçısı təkcə Odur. O, dilədiyinə kasıbçılıq qismət edir, dilədiyinə də Öz səxavətini əta edir. Əgər bir adam Allah xatirinə öz malını bağışlamaq istəyərsə, dilənçilikdən, kasıbçılıqdan ehtiyat edərək və malının hədər yerə batacağını düşünərək ləngiməməlidir. Bütün qullar Allaha qayıdacaqlar və onda sədəqə paylayan və xeyirxah işlər görən möminlər mükafatlarını, ehtiyac olduğu məqamda, bütövlüklə tapacaqlar. Bu onlara elə bir güclü təsir göstərəcək ki, onu sözlə təsvir etmək müm­kün deyil.
Gözəl borc dedikdə, sədəqə paylayan zaman büruzə verilən gözəl keyfiyyətlər nəzərdə tutulur. Bunun üçün insan təmiz niyyətə malik ol­malı, öz malını həqiqətən ehtiyacı olanlara səmimiyyətlə paylamalı, sədəqə verdiyi şəxslərə minnət qoymamalı, onları incitməməli və müka­fatını məhv edən və ya azaldan günah əməllərə yol verməməlidir.

                                                                                             ﭿ                            

(246) “Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşma­yası­nız?” On­lar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladları­mızdan ayrıl­mışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vu­ruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır”.

Uca Allah müsəlmanlara bu əhvalatı danışır ki, onlar özləri üçün ondan faydalı nəticələr çıxartsınlar, cihad etsinlər və onda iştirak etmək­dən boyun qaçırmasınlar, çünki insan səbirli olanda onu həm bu dünyada və həm də Axirətdə tərifə layiq aqibətləri vardır. Əgər o, öz vəzifələrini yerinə yetirməkdən üz döndərirsə, həm bu dünyada və həm də gələcək həyatda zərərdə olacaqdır.
Uca Allah bildirir ki, İsrail oğullarının hörmət edilən ağsaqqalları inadla tələb edirdilər ki, cihad elan olunsun və öz peyğəmbərlərindən də xahiş edirdilər ki, bu məsələdə mübahisə düşməməyi və xalqın ona layiqincə tabe olması və onunla söz güləşdirməməyi üçün onlara bir hökmdar təyin etsin. Peyğəmbər ehtiyat edirdi ki, onun qəbilədaşlarının tələbi boş bəyanat olsun və onların ardıyca heç bir xeyirxah əməl edilməsin və buna görə də öz xalqından soruşur ki, onlar nə dərəcədə qəti qərara gəliblər. İsraillilər vəzifələrini layiqincə yerinə yetirəcəklərinə söz verdilər və bildirdilər ki, onlardan hər biri müqəddəs müharibədə iştirak etməyə borcludur, çünki məhz bu yolla mənzillərini qaytara və vətənlərinə qayıda bilərlər.



* İzar – qurşaqdan aşağı hissəni tutan alt geyimdir. F.S.
* Burada söhbət, ərin arvadına “talaq” sözünü bir neçə (3) dəfə təkrar etməsi ilə onu boşamış hesab olunmasından gedir. F.S.
* Nikah bağlanarkən kişinin qadına verdiyi başlıq, şərti məbləğ (mehr). F.S.
* Yəni, bir və ya iki dəfə “talaq” sözünü deməyə. F.S.
* Nazil edilmə, endirilmə. F.S.
* “Houl” – il deməkdir. F.S.  

Комментариев нет:

Отправить комментарий