воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 8-ci parça

                                                                     
(120) “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar”.

Uca Allah Öz Elçisinə bildirir ki, o, yəhudilərin və xristianların dinini qəbul etməyənədək onlar ondan razı qalmayacaqlar. Onlar ibadət et­dikləri dini təbliğ edərək, doğru yolla getdiklərini düşünürlər. Məhz buna görə Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr edir ki, təkcə ona (s.ə.s.) nazil edilmiş Allahın təliminin doğru təlim olduğunu hamıya bəyan etsin. Kitab əhlinin baxışlarına gəldikdə isə, onlar ancaq öz alçaq istəklərinə istinad edirlər. Əgər Muhəmməd Peyğəmbər (s.ə.s.), bu biliklər ona vəhy edildikdən sonra, onların istəklərinə imkan versəydi, onda onun nə himayədarları, nə də köməkçiləri olmazdı.
Bu ayə yəhudilərin və xristianların istəklərinə uymağı və özünü onların dinini fərq­lən­di­rən xüsusiyyətlərinə oxşatmağı qəti qadağan edir. Uca Allahın bilavasitə Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət etməsinə baxmayaraq, bu ayə onun ardıcıllarına da aiddir, çünki vəhyin ümumi məna daşıdığına və təkcə yönəldildiyi konkret şəxsə aid olmadığına diqqət yetirilməlidir. Digər bir qaydaya müvafiq olaraq, ayənin nazil edildiyi konkret səbəbi deyil, ümumi mənasını nəzərə almaq lazımdır.
                       ﭿ                 

(121) “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirən­lər­dir. Onu inkar edənlər isə ziyana uğrayanlardır”.

Uca Allah bildirir ki, Allahın mütləq mərhəməti ilə hörmət gös­tər­diyi və Müqəddəs Kitabını bəxş etdiyi Kitab əhli arasında Onun hökmlə­rini lazım olduğu kimi yerinə yetirən möminlər vardır. Oxumaq (tilavət) sözü ilə ayədə hökmlərə riayət edənlər nəzərdə tutulur. Bu saleh dindarlar Allahın halal buyurduğunu halal sayır və Onun haram qıldığını haram qəbul edirlər. Onlar mənaları aydın olan ayələri əsas götürür, mütəşabeh ayələrə isə iman gətirirlər. Bu Kitab əhli xoşbəxtdir, çünki onlar Allahın mərhəmətini dərk edərək ona minnətdarlıqla cavab verirlər. Onlar Allahın bütün elçilərinə iman gətirir və onların aralarında fərq qoymurlar. Onlar əsil möminlərdir və özlərini, onlara nazil olmuş Kitaba iman gətirdiklərini və sonradan nazil olmuş Kitabları isə inkar etdiklərini bəyan edənlərə oxşatmırlar. Sonuncular Allahın onları təhdid etməsinə layiqdirlər və onlar – ziyana uğramışlardır.
                             
(122) “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın”.

                                            

(123) “Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək”.

                                                     

(124) “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bun­la­rı tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcə­yəm!” – dedi. İbrahim: “Nəslimdən də (imam et)! – dedi. Allah: Zalım­lar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!” – dedi”.

Birinci iki ayənin təfsirini biz artıq nəzərdən keçirmişik. Sonra isə Allah Öz qulu və Kitab əhlinin bütün dini icmalarının, hətta müşriklərin də, hamısının özünü bənzətmək üçün nümunə və şanlı elçi saydığı sevimli İbrahim haqqında söhbət açır. Allah onu hökmləri və qadağaları vasitəsilə imtahana çəkdi. Allah Özünün bütün qullarını bu qayda ilə sınaqdan keçirir ki, imtahandan keçmək bacarığı olmayan yalançıları və hər sınaqla daha yüksək mərhələlərə ucalan, öz qəlbini və əməllərini təmizləyən həqiqi möminləri isə üzə çıxartsın. Belə sınaqlardan çıxmış ən ləyaqətli qullardan biri də Allahın sevimlisi İbrahim (ə.) idi. Allah onu dəhşətli bir imtahana çəkmişdi, lakin o, bu sınaqdan ləyaqətlə çıxdı və buna görə Allah ona minnətdarlığını bildirərək əvəzini verdi, çünki Allah həmişə Qədirbilən Rəbb olmuşdur.
Allah İbrahimə deyir: “Mən səni insanların rəhbəri və təqlid edilən örnək edəcəyəm, onlar isə səndən nümunə götürəcək və sənin ardınca əbədi səadətə yollanacaqlar. Sən əbədi tərifə, böyük mükafata və hamının ehtiramına layiq görüləcəksən”.
Allaha and olsun ki, bu elə ən yüksək üstünlükdür ki, yarışanlar onun xatirinə yarışmalı və zəhmət adamları da qollarını çırmalamalıdırlar. Bu - ən yüksək ləyaqətdir ki, ona nail olmaq ancaq ruhən möhkəm olan elçilərə və onların, insanları Allahın yoluna gəlməyə dəvət edən sadiq davamçılarına qismət olurdu.
İbrahim (ə.) belə yüksək dərəcəyə çatmağa nail olduğuna görə sevinirdi və Allaha dua etdi ki, bu neməti onun nəsillərinə də versin. O, Allahdan dilədi ki, ona və onun nəsillərinə belə yüksək dərəcəyə qalxma­ğa icazə versin; bax elə onun bu təşəbbüsü onun rəhbərlik keyfiyyət­lə­rini təsdiq edirdi. O, Allahın qullarına səmimi qəlbdən xeyirxahlıq arzulayır və istəyirdi ki, onların arasında daha çox dəvətçilər, doğru yola gəlməyə nəsihət verənlər olsun. Amma belə yüksək məqsədləri qəbul edib insanları yüksək dərəcələrə təkcə Allah qaldıra bilərdi.
Mərhəmətli və Rəhmli Rəbb onun duasını diqqətlə dinləyərək bil­dirir ki, bəzi insanlara yeganə bir maneə belə yüksəkliklərə nail olmağa imkan verməyəcək. Allah buyurur ki, təkcə özlərinə qarşı zülm edən və öz ləyaqətini alçaldan zalımlar dində təqlid nümunəsi ola bilməyəcəklər. Dində təqlid üçün yüksək örnək olanlara ədalətsizlik və zalımlıq yaraşmır. Bu yüksək dərəcəyə ancaq səbirlə və möhkəm inamla nail olmaq müm­kün­dür və bunun nəticəsi – möhkəm iman, saleh əməllər, gözəl əxlaq, düzgün prinsiplər, Rəbbinə kamil məhəbbət, Onun qarşısında qorxu keçirmək və yol verilmiş günahlara görə tövbə etməkdir. Məgər ədalətsiz insan bu keyfiyyətləri əldə edə bilərmi?!
Ayənin mənası ondan ibarətdir ki, ədalətsizlik­dən xilas olan insan müəyyən dini prinsiplərdən istifadə edərsə, dində təqlid üçün nümunə ola bilər.
                                                               
(125) “Biz evi (Kəəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!” – dedik”.

Uca Allah İbrahimin nümunə götürülməsi üçün bir örnək və başçı olmasına əbədi bir dəlil gətirir. Bu dəlil - Məscidülharamdır. Onun ziyarət edilməsi İslam dininin sütunlarından biridir və o, insanların etdikləri günahları və xətaları yuyur. Bu məsciddə çoxsaylı yerlər var ki, Allahın sevimlisi İbrahimi və onun nəsillərini xatırladır və onun dində təqlid edilmək üçün örnək olduğunu təsdiq edir.
Allah Məscidülharamı insanlar üçün sığınacaq etmişdir və onlar maddi və mənəvi nemətlər əldə etmək üçün axışıb oraya gəlirlər. Onlar hər dəfə oranı ziyarət etdikcə, Məscidülharamda olmaqdan doya bilmirlər. O, bütün canlı varlıqlar üçün, istər əhliləşdirilməmiş heyvanlar olsun, istər­sə ağaclar və yaxud digər cansız məxluqlar olsun, əmin-amanlıq yeridir. Hətta cahiliyyə dövründə Allaha şərik qoşan müşriklər də Məscidülharama ehtiramla yanaşardılar, bəzən orada öz atalarının qatilini görəndə belə onun sakitliyini pozmazdılar. İslamın gəlməsilə bu məscidin müqəddəsliyi və şöhrəti daha da artdı.
Sonra Uca Allah İbrahimin yerini (İbrahim məqamı) namazgah etməyi buyurdu. Belə bir rəy var ki, İbrahim məqamı adı altında hal-hazırda Kəəbənin qapısı qarşısında olan yer nəzərdə tutulur. Bu halda, söhbət Kəəbənin ətrafını təvaf etdikdən sonra iki rükət namazın, mümkün olduqca, İbrahim məqamının arxasında qılındığı yerdən gedir. Quran təfsirçilərinin əksəriyyəti bu rəyi müdafiə edirlər.
Lakin başqa şərhə görə İbrahim məqamı adı altında onun ziyarəti zamanı ayaq basdığı bütün yerlər nəzərdə tutulur və ərəb sözü olan “məqam” (“yer”) isminin tək halında işlədilməsi onun yiyəlik halında olması ilə izah edilir. Bu halda ifadə bütün həcc mərasimini: Kəəbənin təvafını, əs-Səfa və əl-Mərvə təpələri arasında qaçışı, Ərəfat vadisində dayanmağı, Müzdəlifə vadisində gecələməyi, daş atmağı, qurban kəsməyi və ziyarətin digər mərasimlərini əhatə edir. Bu şərhə müvafiq olaraq, İbrahim məqamını namazgah yeri etmək hökmü, onun yerini həcc ziyarəti zamanı onun nümunəsinə uyğun olaraq ibadət yerinə çevirmək hökmüdür. Yəqin ki, sonuncu təfsiri daha üstün saymaq lazımdır, çünki o, birinci şərhi də ehtiva edir və ayənin lüğəvi mənasına da uyğun gəlir.
Uca Allah həmçinin bildirir ki, İbrahimə və İsmailə Allahın Evini müşriklərin əməllərindən, kafirliyindən və itaətsizliyindən və habelə çirkin­likdən, murdarlıqdan və natəmizlikdən təmizləmək tapşırılmışdı, çünki bu məscid ancaq təvaf edənlər, gəlib namaz qılanlar üçün təyin edilmişdir.
Uca Allah ilk növbədə Kəəbəni təvaf edənləri xatırladır, çünki bu ibadət mərasimi Məscidülharamın özəlliklərindəndir. Bundan sonra isə ayədə ibadət üçün etikafa[1] çəkilən insanlar yad edilir, çünki möminlərin etikafa çəkilməsi yalnız məscidlərin xüsusiyyətlərindəndir. Ancaq bundan sonra, namaz qılanlar qeyd olunur, hərçənd namaz bütün sadalanan məra­­simlərdən ən ləyaqətlisidir. Buradan belə çıxır ki, şərh etdiyimiz ardıcıl­lığın müəyyən izahı var.
Uca Allah Məscidülharamı bir neçə səbəbə görə Öz Evi adlandırır. Birincisi, bu İbrahim peyğəmbəri (ə.), İsmail peyğəmbəri (ə.) məscidi natəmizliklərdən təmizləməyə lazımi diqqət yetirmələri və zəruri olan hər şeyi etmələri üçündür. İkincisi, bu, Məscidülharamın müqəddəsliyini və şöhrətini xüsusilə vurğulamaqdan ötrü idi və insanlara orada Allaha ibadət etməyi bir vəzifə kimi tapşırmaqla yanaşı həmdə bu, ona ehtiram göstə­rilməsinə yönəldilmişdi. Üçüncüsü, bu, insanların qəlbində Məscid­ül­ha­ra­ma böyük maraq, meyl yaradırdı.

                         ﯿ                                                                               
(126) “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlü­kə­siz bir şəhər et, onun əhalisinə, - onlardan Allaha və Axirət gününə  iman gətirənlərə - hər növ məhsullardan ruzi ver!” Allah  dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”

İbrahim (ə.) Məscidülharamda namaz qılarkən Allaha dua etdi ki, Məkkəni təhlükəsiz şəhər etsin və onun əhalisinə hər cür məhsullardan ruzi bağışlasın. Sonra İbrahim peyğəmbər (ə.) öz duasını möminlərlə bağ­layır və Allaha olan ehtiramını büruzə verir. Amma onun duasının birinci hissəsi ümumi səciyyə daşıyırdı və buna görə də Allah onun duasına ca­va­bını, zalımlardan başqa, hamıya aid etdi.
Digər tərəfdən, İbrahim peyğəmbər (ə.) Allahdan şəhərin əhalisinə ruzi verməsini dilədi və bunu ancaq möminlər üçün istədi. Allah isə ruzini həm mömin və itaətkar dindarlara və həm də kafirlərə və münafiqlərə ve­rir. Məhz buna görə Allah xəbərdar edir ki, ruzi şəhərin bütün sakinlərinə, həm müsəlmanlara, həm də kafirlərə veriləcəkdir. Müsəlmanlar maddi nemətləri Allaha ibadət xatirinə istifadə edəcəklər və sonra Cənnət bağla­rına yollanacaqlar, kafirlər isə, maddi nemətlərdən ancaq qısa müddət ərzində ləzzət alacaqlar, sonra isə məcburən ən pis sığınacağa – Odlu Cəhənnəmə göndəriləcəklər.

                                  
 (127) “O zaman İbrahim və İsmail evin (Kəəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!”

                                     

(128) “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir millət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”

                          ﭿ               

(129) “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Ey Muhəmməd! Yadına sal ki, İbrahim peyğəmbər (ə.) və İsmail peyğəmbər (ə.) Kəəbənin özülünü necə qaldırmışdılar və bu şərəfli işi səbirlə davam etdirmişdilər. Onların ürəkləri qorxu hissindən və ümid his­sindən aşıb-daşırdı. Bu böyük xeyirxahlığı yerinə yetirərək, onlar Allaha dua edirdilər ki, onu qəbul etsin və onu bütün insanlar üçün faydalı etsin. Onlar Allaha dua edirdilər ki, onları və onların nəsillərini İslam tərəfdar­ları etsin. Bunun isə mahiyyəti ondan ibarətdir ki, Rəbbin qarşısında bütün qəlbinlə müti olasan və Onun hökmlərini vücudunla yerinə yetirəsən.
Sonra onlar Allahdan xahiş edirlər ki, onlara ibadət qaydalarını göstərsin, yəni ibadət qaydasını onlara əyani surətdə öyrətsin ki, onlara çoxlu fayda versin. Belə bir rəy var ki, ibadət qaydaları (mənasik) dedik­də, burada həcc ziyarətinin bütün mərasimləri, ayinləri nəzərdə tutulur ki, təfsir edilən ayələrin mətni də bunu təsdiq edir. Digər bir şərhə görə isə bu ayəF daha geniş mənaya malikdir və özündə bütün dini hökmləri və ayinləri ehtiva edir. Bu ayələrin ümumi mahiyyəti də geniş mənanın xeyrinə şəhadət verir. “Nusuk” sözü “ibadəti” ifadə edir, amma çox vaxt o həcc ziyarəti ilə əlaqədar işlədilir. Xalq arasında bu sözə məhz bu - sonuncu məna verilir. Bütün hallarda hər iki peyğəmbər Allahdan onlara faydalı biliklər və saleh əməllər bəxş etməsini diləyirlər. Hər bir qulun hökmən hansısa bir xətaya yol verəcəyini və tövbə etməyə ehtiyacı olacağını nəzərə alaraq, onlar da Allahdan onların tövbəsini həmişə qəbul etməyi xahiş edirlər.
Sonra onlar Ona dua edirlər ki, onların nəsillərindən elçi seçsin ki, şöhrətləri və şanları artsın. Onlar arzu edirlər ki, insanlar həmin elçiyə itaət etsinlər və lazım olan kimi onun gözəl məziyyətlərinə bələd olsunlar. Onlar istəyirlər ki, o elçi Allahın ayəsini insanlara oxusun, onun qayğısına qalsın və insanlara onu əzbərləmək üçün yardım göstərsin, onlara Kitabı və Sünnəni şərh etməyi öyrətsin, xeyirxah əməllərlə onların qəlbini pak­laşdırsın və insanların qəlbini nəcibləşdir­məyən pozğun əməllərə qarşı onlarda nifrət oyatsın. Sonra isə onlar Allahın qüdrətini və müdrikliyini tərifləyərək Ondan öz gələcək nəsilləri arasından bu iki keyfiyyətə malik olan bir elçi seçməyi xahiş etdilər. Bütün var olan nə varsa, Allahın hök­mü altındadır və heç kim Onun iradəsinə müqavimət göstərə bilməz. O, Öz Müdrikliyi ilə hər şeyi öz yerində bərqərar edir. Elə buna görə, O, onların duasını diqqətlə dinləyərək, adlı-sanlı Muhəmmədi (s.ə.s.) insanla­ra peyğəmbər göndərdi. Onun gəlişi, Allahın İbrahimin və İsmailin nəsil­lərinə və o cümlədən bütün bəşəriyyətə nəsib etdiyi mərhəməti idi. Məhz buna görə, Muhəmməd Peyğəmbər (s.ə.s.) demişdir: “Mən - əcdadım İbrahimin duasının nəticəsiyəm”.
ﮆﮇ                      ﮑﮒﮓﮕﮖﮗﮘﮙﮚ   

(130) “Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çe­virər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, Axirətdə də əmə­li­salehlərdən olacaqdır”.

İbrahimin (ə) dininin məziyyətlərini və üstünlüklərini bildikdən sonra təkcə axmaq adamlar ondan üz döndərirlər. Belə insanlar özləri haq­qında heç nə bilmir və öz nəfslərinə laqeyd yanaşırlar. Onlar ən az ilə qənaətlənərək, öz canlarını ucuz qiymətə satırlar. İbrahimin (ə.) dininin ardıcıllarına gəldikdə isə, onlar ən ağıllı və kamil insanlardır.
Sonra Uca Allah İbrahimin (ə.) bu dünyadakı və ölümdən sonrakı taleyindən bəhs edir. O, bu dünyada onu saleh əməllər etməyə ruhlandıran Allahın sevimlisi idi və Onun sayəsində o, ən ləyaqətli və yaxşı insan­lardan biriydi. Axirət həyatında isə o, ən yüksək pillələrə qalxmağa nail olan əməlisaleh insanlardan biri olacaqdır.

             ﮡﮢﮣ     

(131) “Rəbbi ona: “Təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbi­nə təslim oldun!” – demişdi”.

Allah İbrahimə buyurdu ki, itaət etsin və müsəlman olsun və o, həmin andaca bu hökmü yerinə yetirdi və öz səmimiyyətinə, tövhidə bağlılığına, tək olan Allaha məhəbbətinə və Onun qarşısında tövbə etdi­yinə şəhadət verdi. Allahın tövhidinə olan sədaqəti onun təkzibolunmaz sifətlərindən idi. O, bu keyfiyyətini öz nəsillərinə aşılamış və vəsiyyət etmişdi ki, həmişə bu dinə iman gətirsinlər. O, tövhid şəhadətini elə bir söz etdi ki, o, onun nəsilləri arasında əbədi yaşayır və övladları onu nəsil­dən nəslə ötürürlər. Bir vaxtlar o söz Yaqub peyğəmbərə (ə.) də çatmışdı və o da onu öz oğullarına və nəsillərinə vəsiyyət etmişdi.
                   ﮮ ﮯﮰﮱﯓﯔ ﯕﯖﯗ 

(132) “İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

Ey Yaqubun nəsilləri! Sizin əcdadınız sizə Allaha müti olmağınızı vəsiyyət etmişdir və siz ən kamil tərzdə ona itaət etməli və peyğəmbərlə­rin sonuncusunun yolu ilə getməlisiniz. Allah sizin üçün din seçəndə sizə böyük mərhəmət göstərmişdir. Bu dinin hökmlərini yerinə yetirin, onun əxlaq normalarına riayət edin və ölüm sizi haqlayana qədər bu yoldan çıxmayın. Əgər insan bütün ömrü boyu eyni dinə etiqad edirsə, o, onunla da ölür. Əgər o, öz dini etiqadı ilə ölürsə, o, Qiyamətdə də ondan ayrılmır.

                                                                

(133) “Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksi­niz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin  və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”

Uca Allah yəhudilərin bəyan etdikləri, İbrahimin və Yaqubun dini­nə iman gətirdikləri barədə sözlərini rədd etdi. Məgər ölüm Yaquba ya­xınlaşanda və o, onun yaxınlığını hiss edəndə onlar onun yanında idilər? O vaxt o, oğullarını imtahandan keçirməyi qərara alaraq onların onun vəsiyyətnaməsinə göstərəcəkləri sədaqətdən məmnun olmaq istəmişdi. Buna görə o soruşmuşdu: “Mənim ölümümdən sonra kimə ibadət edə­cək­siniz?” Onlar demişdilər: “Biz sənin Allahına və İbrahimin, İsmailin və İsaqın Allahına ibadət edəcəyik. Biz Ona şərik qoşmayacağıq və Onu yaratdıqları ilə bərabər tutmayacağıq. Biz həmişə Ona itaət edəcəyik”. Onlar tək Allaha iman gətirəcəklərini və xeyirxah işlər görəcəklərini vəd etdilər ki, bu cavab onu olduqca məmnun etdi.
Şübhəsiz ki, yəhudilər o anda Yaqubun yanında olmamışdılar, çünki o uzaq zamanlarda yəhudilik hələ yox idi. Allah isə, Yaqubun öz oğullarına yəhudiliyi deyil, tövhid etiqadını vəsiyyət etməsi barədə xəbər verir.
                      ﯿ                      

 (134) “Onlar bir millət idi ki, gəlib getdilər. Onların qazan­dıq­ları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız”.

Ey Kitab əhli! Hər insana onun əməlləri qalır və hər bir insan ancaq öz əməllərinin əvəzini alacaqdır. Heç kim başqalarının günahına görə məsuliyyət daşımayacaq və heç kim də başqalarının möminliyindən və təqvalılığından sui-istifadə edə bilməyəcəkdir. Siz iddia edirsiniz ki, İbrahimin dininə sitayiş edirsiniz və boş bəyanatlarla kifayətlənirsiniz ki, bunun da həqiqətlə heç bir əlaqəsi yoxdur. Amma siz öz etiqad etdiyiniz dini baxışlarınız barəsində düşünməlisiniz. Siz düşünməlisiniz ki, o baxışlarınız sizə xilas olmağa kömək edəcək və ya yox?!.

                                 

 (135) “Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müş­riklərdən deyildi”

Yəhudilər və xristianlar müsəlmanları öz dinlərinə çağırırdılar və bildirirdilər ki, onlar düz yolla gedirlər və yerdə qalan bütün dinlərin tə­rəf­darları – yollarını azanlardır. Allah müsəlmanlara buyurdu ki, onlara ləyaqətlə cavab verərək desinlər: “Biz, tək Allaha ibadət edən və qalan hər şeydən üz döndərən, tövhid etiqadına malik olan və bütpərəstlikdən, şirk­dən çəkinən İbrahimin dininə etiqad edirik. Biz ancaq bu qaydada doğru yolla gedə bilərik, çünki əgər biz onun dinindən dönsək kafirlərin və az­mışların arasında olarıq”.

                                                           ﭿ        

 (136) “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilən­lərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətir­dik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq”.
                             
Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir.
Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək mümkündür.
Şərh etdiyimiz ayədə Uca Allah iman sahiblərinə dilləri ilə qəlblə­rində əksini tapmış sözləri tələffüz etməyi buyurur. Yalnız belə olduqda sözləri mükəmməl və kamil hesab etmək və yalnız bu halda onlara görə savab qazanmaq olar. İnsan dili ilə dediyi sözlərə qəlbi ilə inanmadıqda, onun bu davranışı nifaq və kafirlikdir. Əgər insan qəlb ilə təsdiq etmədiyi sözləri deyirsə, onda bu sözlər təsir göstərməyə və böyük fayda verməyə qabil deyildir. Şübhəsiz ki, əgər deyilən sözlər doğrudursa və insan imanın əsaslarını qəbul edirsə, onda o, işlətdiyi həmin sözlərə görə savab qazanacaq, lakin burada əsassız iddialar və qəlbən təsdiq olunan sözlər arasındakı fərq özünü açıq-aydın göstərir.
“Deyin” hökmü, müsəlman əqidəsinin açıq formada bəyan edilmə­sinin, İslam əqidəsinə etiqadın və ətrafdakı insanları İslama dəvət etməyin artıq zəruriləşdiyini nəzərdə tuturdu, çünki dinin əsasında dayanan məhz düzgün əqidədir. Bu hökmün bütün müsəlmanlara aid olmasına görə onlar birlikdə Allahın ipindən yapışmalı, eyni əqidəni təbliğ etməli və ümumi vəzifəni həyata keçirməlidirlər. Buradan həm də belə bir nəticə çıxır ki, möminlərin müxtəlif cərəyanlara bölünmək haqqı yoxdur və onlar vahid orqanizm kimi bir olmalıdırlar.
Bu ayədən həm də aydın olur ki, insan müəyyən hökmlərə iman gə­tir­­diyini təsdiq edə bilər və hətta hər bir müsəlman bunu etməlidir. Lakin müsəlman özünü mömin adlandırmamalıdır. Əksinə, əgər o, bunu Allahın iradəsi ilə bağlamırsa, belə iddialardan çəkinməlidir, çünki özünü mömin adlandırmaq, özünü tərifləmək mənasını verir və qəlbində gizlənəni təsdiqləyir.
Bu ayədən bir daha belə çıxır ki, müsəlman Allaha – varlığı mütləq Olan Vahid Rəbbə, ən kamil sifətlərə malik və hər cür qüsur və nöq­san­lardan pak, ibadətə Tək layiq Olan və heç bir şəriki Olmayan Allaha iman gətirməlidir.
Müsəlman həmçinin Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil edilən Vəhyə iman gətirməyə borcludur. Bu Vəhy – Müqəddəs Quran və Sünnədir. Uca Allah belə buyurur: “...Allah sənə Kitabı və Hikməti nazil etdi...”( Nisa, 4/113).
Burada iman dedikdə, Yaradanın sifətlərinə, Onun Elçisinin (s.ə.s.) məziyyətlərinə, Qiyamət gününə, keçmişdə olan və gələcəkdə olacaq hadisələr haqqında rəvayətlərə və habelə Allahın Kitabında və Elçisinin (s.ə.s.) Sünnəsində verilən bütün hekayətlərə iman gətirmək nəzərdə tutur. Bunlara həm də şəriət qanunları, ədalətli cəza qanunu və bir çox başqa hökmlər daxildir.
Müsəlman həmçinin əvvəlki peyğəmbərlərə nazil edilmiş Kitablara və Allahın bütün peyğəmbərlərinə iman gətirməlidir. Onların arasında xüsusi yeri, bu ayədə xatırlanmış peyğəmbərlər tuturlar, çünki onlar Allahın elçiləri dəstəsinin ən şanlı nümayəndələri idilər və yer üzünə ali şəriət qanunvericilikləri gətirirdilər. Müsəlman bütün peyğəmbərlərə və bütün Müqəddəs Kitablara ümumiyyətlə iman gətirməlidirlər, lakin əgər ona bəzi peyğəmbərlərin adı məlum olduqda, onlara ayrı-ayrılıqda da iman gətirməlidir. Onun peyğəmbərlər və Müqəddəs Kitablar arasında fərq qoymağa haqqı yoxdur. Əksinə, o, hər bir peyğəmbərə və hər Müqəddəs Kitaba iman gətirməyə borcludur. Bu – müsəlmanları səciy­yələndirən xüsusiyyətdir və buna görə onlar, özlərini dəlilsiz-sübutsuz dindar adlandıran bütün qalan insanlardan fərqlənirlər.
Yəhudilər, xristianlar, sabiilər və digər inancların tərəfdarları belə hesab edirlər ki, onlar Allahın elçilərinə və Müqəddəs Kitablara iman gətiriblər. Amma əslində, onlar onların bir hissəsini qəbul edir, digərinə isə iman gətirməkdən boyun qaçırırlar. Onlar Allahın elçiləri və Kitabları arasında fərq qoyurlar. Onlar bəzi elçilərə iman gətirməyə razılaşır, qalan­larını isə inkar edirlər. Bu kafirlik onların bəzi elçilərə imanını məhv edir, halbuki onların qəbul etdikləri elçilər Allahın bütün digər elçilərinin, o cümlədən, Muhəmməd Peyğəmbərin (s.ə.s.) haqq peyğəmbər­liyini bəyan etmişdilər. Əgər bir insan Muhəmməd Peyğəmbəri (s.ə.s.) inkar edirsə, o, əslində öz elçisinin təliminə iman gətirməkdən vaz keçir və kafir olur.
Ayədə “Rəbbi tərəfindən peyğəmbərlərə verilən...” Quran ifadə­si, dinin Allah tərəfin­dən insana bəxş edilmiş, həm bu dünyada və həm də Axirətdə ona xoşbəxtlik gətirən əsil nemət olduğunu təsdiq edir. Bizə, peyğəmbərlərə əta edilmiş hakimiyyətə, var-dövlətə və ya başqa dünyəvi nemətlərə iman gətirməyimizə hökm verilməmişdir. Bizə Allahın Kitab­larına və Onun nazil etdiyi qanunlara iman gətirmək buyurulmuşdur. Bu ayə, peyğəmbərlərin insanlara Allahın vəhylərini çatdırdıqlarını və onların Onunla Öz yaratdığı məxluqlar arasında vasitəçi rolunu daşıdıqlarını təsdiq edərək, onların vəzifəsinin Allahın dinini insanlara çatdırmaqdan ibarət olduğunu göstərir. Lakin peyğəmbərlər Kainatda cərəyan edən proseslər üzərində heç bir hakimiyyətə malik deyillər. Onların öz Rəbbin­dən vəhy alma gerçəkliyi isə Allahın Öz məxluqları haqqında mükəmməl qayğı çəkməsinə dəlalət edir. Allah kamil Rəbb olduğu üçün insanlara Kitablarını nazil edir və onlara peyğəmbərlərini göndərir və Ona, Öz qullarını unutmaq və onlara qayğı göstərməmək yaraşmaz.
Peyğəmbərlər vəhyi öz Rəbbindən aldıqlarına görə, şərh etdiyimiz ayədə Allahın peyğəmbərləri ilə özlərini peyğəmbər adlandıran yalançılar arasında fərq xüsusilə vurğulanır. Bu fərqi müəyyən edib üzə çıxartmaq üçün onların hər birinin nəyə dəvət etdiklərini araşdırmaq kifayət edər. Allahın peyğəmbərləri həmişə xeyirxahlığa çağırır və pis işləri qadağan edirdilər və həm də onların hər biri bütün digər peyğəmbərləri və onların doğruçuluğunu təsdiq edirdilər. Onların təlimləri bir-biri ilə ziddiyyət təşkil etmirdi, çünki onlar Allah tərəfindən nazil edilirdilər. Uca Allah buyurur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (Nisa, 4/82). Allahın elçilərindən fərqli olaraq, yalançı pey­ğəm­bərlərin təbliğatı, əmrləri və qadağaları çox vaxt ziddiyyətli olurdu ki, bu, yalançı peyğəmbərlərin tərcümeyi-halını və təlimlərini diqqətlə oxu­yub öyrənən­lərin hamısına yaxşı bəllidir.
Müsəlmanların bütövlükdə və xüsusilə iman gətirməyə borclu olduqları əqidə məsələlərini izah etdikdən sonra, Uca Allah müsəlmanlara Ona itaət etməyi buyurur, axı əməllə təsdiq olunmayan istənilən söz insana fayda gətirməz. Müsəlmanlar Allaha itaətkar olmalı, Ona qəlbi və bədəni ilə təzim etməli, təkcə Ona səmimiyyətlə ibadət etməlidirlər. Ancaq təkcə Allaha səmimi ibadətin zəruriyyəti, idarə edilən sözün bu ayədə idarə edənin qarşısında qoyulması ilə  vurğulanır.
Bu gözəl ayə qısadır. Buna baxmayaraq o özündə tövhidin üç tərkib hissəsini birləşdirir: Allahın Vahid Rəbb olmasına; Onun Vahid Məbud olmasına; Onun ilahi adlara və sifətlərə malik olmasına iman gətirmək..
Bu ayədə bütün elçilərə və bütün Kitablara iman gətirmənin zəruri­liyi xüsusilə vurğulanır və sonra bir sıra elçilərin adı çəkilir ki, bu, xüsusinin halın ümumiyə daxil olması nümunəsidir və onların üstünlü­yünə dəlalət edir. Ayədən həm də aydın olur ki, iman - qəlb ilə əmin olmaqdan, sözlə qəbul və əməllə təsdiq etməkdən ibarətdir, özü də, imanın bu üç tərkib hissəsi səmimiyyətlə və sırf Allah xatirinə olmalıdır. Orada həm də Allahın həqiqi peyğəmbərləri ilə özlərini peyğəmbər elan edən yalançılar arasındakı fərq qeyd olunur.
Bu ayənin vasitəsilə Yaradan Öz qullarına onlara danışmaq üçün lazım olanları öyrətmiş, onlara böyük lütfkarlıq göstərmiş və mənəvi nemət bəxş etmişdir ki, bu da həm bu dünyada və həm də Axirətdə səadə­tin rəhnidir. Pak və müqəddəs Allah Öz Kitabını bütün varlıqlar üçün nəsihət, doğru rəhbərlik və mömin insanlar üçün nemət etmişdir!
                                              

(137) “Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!”

Ey möminlər! Əgər Kitab əhli bütün Kitablara, onlardan ən yaxşısı olan sonuncu Səmavi Kitaba – Qurana və bütün elçilərə, onlardan ən yax­şısı və ən layiqlisi olan, Allahın sonuncu Peyğəmbərinə (s.ə.s.) iman gə­tirsələr, əgər onlar sizin əqidənizə şərik olsalar və tək Allaha itaət etsələr, əgər onlar Allahın elçiləri arasında fərq qoymaqdan əl çəksələr, onda Cənnət bağlarına aparan doğru yola gəlmiş olarlar. Ancaq belə əqidəyə nail olan insan doğru yola gələ bilər və: “Yəhudiliyə və ya xristianlığa keçsəniz doğru yolla gedərsiniz!” deyənlər bərk yanılırlar. Onlar elə zənn edirlər ki, ancaq onların dini düz yolla aparan doğru rəhbərlikdir, əsli həqiqətdə isə, doğru yol həqiqi elm və saleh əməllərdən ibarətdir.
İnsan ədalətli dini biliklər əldə edə bilmədikdə və ya onları əldə etdikdən sonra, onlara əsaslanmaqdan boyun qaçırdıqda, doğru yoldan çıxır. Yəhudilərlə xristianlara gəldikdə isə, onlar, sözün əsil mənasında, haqq ilə ixtilafa düşdülər, çünki ondan üz döndərdilər. İnsan həqiqətlə ziddiyyətə başladıqda, o, bir tərəfdə, Allah və Onun Elçisi (s.ə.s.) isə, ta­ma­milə əks olan başqa bir tərəfdə qalmış olurlar. O, həqiqətdən qopub ay­rı düşür, onunla düşmənçilik etməyə başlayır və ona amansız nifrət bəslə­yir ki, bu da onu Allahın Elçisini (s.ə.s.) incitməyə sövq edir. Məhz buna görə, Allah Öz Elçisinə (s.ə.s.) vəd etmişdi ki, onu onunla zalım­ca­sına dav­ranan şəxslərdən xilas etsin, axı Allah istənilən dillərdə deyilən hər hansı sözü, edilən xahişi eşidir, aydın və gizli olan hər şey barədə, qulla­rını arxasında və ya qarşıda nə gözlədiyini bilir. Bu xüsusiyyətlərə malik olan Allah həqiqətən Öz Elçisini (s.ə.s.) qoruya bilər və Allah vədini yerinə yetirərək, Peyğəmbərə (s.ə.s.) düşmənləri üzərində qələbə çalmağa kömək etdi də. Onların bir qismi öldürülmüş, digərləri əsir götürülmüş, bir başqaları qovulmuş, kimisi də qaçıb canını qurtarmışdı.
Bu ayə Müqəddəs Quranın möcüzələrindən biridir. Ayədə gələcək­də olacaq bir hadisə öncədən xəbər verilmişdi və o, doğrudan da xəbər verildiyi kimi baş verdi.
                           

 (138) “De: “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”

Ancaq Allahın dininə inanın və onun hökmlərini layiqincə yerinə yetirin, xeyirxah əməlləri qəlbən və hərəkətlərinizlə icra edin, düzgün əqidə sahibi olun, xeyirxahlıq və dindarlıq ayrılmaz bir xassənizə çevrilə­nə qədər həmişə belə edin. Bu keyfiyyətlərə nail olduqdan sonra siz Allahın hökmlərini könüllü surətdə, Allaha bəslədiyiniz məhəbbətiniz sayə­sində yerinə yetirəcəksiniz. Boya, onunla rənglənmiş parçanın ayrıl­maz bir xüsusiyyətinə çevrildiyi kimi, iman da qəlbinizin ayrılmaz xassəsi olacaqdır. Bu iman sizi gözəl əxlaqi keyfiyyətlər əldə etməyə, xeyirxah əməllər və şərəfli işlər görməyə yönəldəcək ki, onların əsasında siz həm bu dünyada və həm də Axirətdə xoşbəxtlik qazanacaqsınız. Nəcib və ağıllı insanları buna inandırmaq üçün Allah haqq dinə heyranlığını bildirmişdir.
Allahın dinindən başqa kimin dini yaxşı ola bilər? Elə bir din yox­dur ki, Onun dinindən yaxşı olsun. Allahın dini ilə digər inancların fərqini müəyyən etmək üçün, bu iki bir-birinə zidd şeyləri müqayisə etmək bəs­dir. Əgər qul öz Rəbbinə layiqincə iman gətirirsə, onda o, bütün qəlbi ilə Allahın qarşısında müti olaraq durur və əməllərində Ona tabe olur. O, öz ləyaqətli keyfiyyətləri və yaxşı əməlləri ilə özünü daha da nəcibləşdirir, öz əxlaqi simasını kamilləşdirir və pis xasiyyətlərindən, eyiblərindən və qü­sur­larından xilas olur. O, düzgün sözlər danışır və düzgün addımlar atır, səbirlilik və dözümlülük göstərir, ismətini gözləyir, özünü mərd aparır, ətrafdakılara sözü və işi ilə xeyir verir, Allahı sevir və Ondan qorxur və Ona təvəkkül edir. O, səmimi qəlblə Haqq olan Allaha ibadət edir və Onun qullarına yaxşılıq edir. Lakin qul öz Rəbbinə iman gətirməyi rədd edirsə və Ondan qaçmağa cəhd göstərirsə, onda o, məxluqlara sitayiş etməyə başlayır. Onun şəxsi keyfiyyətləri pisləşir və naqisləşir, çünki o, küfrə ibadət edir, Allaha şərik qoşur, yalan uydurur, ona etibar göstərənə xəyanət edir, fitnəkarlıq salır, insanları yanlışlığa yönəldir, əxlaqsızlıq edir, sözü və əməli ilə insanlara əzab verir. Onun keyfiyyətləri arasında bir olan Allaha səmimi ibadət və Onun qullarına müsbət münasibət yox­dur. Əgər bu iki insanı müqayisə etsək, onların arasında nəhəng bir fərq olduğunu görərik və bu, bizə Allahın dinindən yaxşı din olmadığını anla­mağa imkan verər. Buradan həm də belə bir nəticə çıxarmaq olar ki, ən yaramaz və əxlaqsız insanlar öz Rəbbinin dininə ibadət etməyənlərdir.
Sonra Uca Allah qeyd edir ki, müsəlmanlar ancaq bir Allaha ibadət edirlər. Bu ifadə Onun dininin mahiyyətini izah edir, çünki bu din iki əsas rükn üzərində bərqərar olmuşdur: Allaha səmimi xidmət və Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə getmək. İbadət – Allahın sevdiyi və razı qaldığı, qulun qəlbi və hərəkətləri ilə yerinə yetirdiyi söz və əməllərini birləşdirən bir anlayışdır. Lakin Uca Allah, qullarının sözləri və əməllərin­dən, onlar Elçisinin (s.ə.s.) dili ilə qanuniləşdirdiyinə uyğun olmadıqca, razı qalmayacaqdır. Allaha səmimi ibadət ifadəsi isə Onun xatirinə səmi­miy­yətlə yerinə yetirilən xeyirxah əməllərdir. Təfsir etdiyimiz ayədə qeyd olunur ki, saleh əməllər ancaq təkcə Allah üçün həyata keçirilə bilər, çünki idarə olunan söz idarə edən sözün qarşısında qoyulmuşdur. Onu da demək lazımdır ki, möminləri təsvir etmək üçün həqiqi feli sifətdən istifadə olunmuşdur ki, o, ərəb dilində hərəkətin davamlılığını bildirir. Bu isə o deməkdir ki, Allaha ibadət onların ayrılmaz əxlaqi keyfiyyətlə­rin­dəndir.
                               

(139) “De: “Allah barəsində bizimlə mübahi­səmi edirsiniz? Halbu­ki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllə­rimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”

Mübahisə adı altında ayədə iki və daha çox insanlar arasında müna­qişəli məsələlərə aid höcətləşmə nəzərdə tutulur ki, burada tərəflər öz əqidələrini, baxışlarını müdafiə və müqabil tərəfin nəzər nöqtəsini isə inkar etməyə cəhd göstərirlər. Belə mübahisələri elə tərzdə aparmaq lazımdır ki, ən qısa yolla həqiqəti yolunu azmış müqabil tərəfə çatdırmaq mümkün olsun və ya həqiqəti ona bildirmək və yalanı ifşa etməklə, inad göstərən kafir öz bilməməzliyini bəhanə gətirib özünü doğrultmaq imka­nından məhrum edilsin. Əgər mübahisə bu çərçivədən kənar çıxırsa, onda o, düşmənçilik çəkişməsinə çevrilir və heç bir fayda verməyərək böyük bir fitnə törədir.
Ey Kitab əhli! Siz hesab edirsiniz ki, Allaha müsəlmanlardan daha yaxınsınız. Lakin sizin boş sözləriniz heç bir dəlil və sübuta istinad etmir. Allah təkcə sizin Rəbbiniz deyildir, axı O – bütün insanların Rəbbidir. Bizim hər birimiz öz əməllərinə cavab verəcək, bu isə o deməkdir ki, biz bərabər hüquqlara malikik. Tərəflərin heç biri iddia edə bilməz ki, onun Allahın iltifatına haqqı daha çoxdur. Əgər siz iki bərabərhüquqlu qruplar arasında heç bir inandırıcı sübutlara əsaslanmadan fərq qoyursunuzsa, onda sizin iddialarınız yalan və əsassızdır. İki oxşar insan qrupuna müx­təlif yanaşma – açıq-aşkar ədalətsizlikdir. Bizim aramızda fərq ancaq Allah xatirinə icra etdiyimiz xeyirxah əməllərimizin səmimilik dərəcə­sində ola bilər.
Tamamilə aydındır ki, tək Allaha səmimiyyətlə ibadət edənlər təkcə möminlərdir və səmimiyyət xilasın rəhni olduğu üçün, mömin müsəlman­ların Allahın lütfkarlığına haqqı, həqiqətən, başqa insanların­kından daha çoxdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, Rəhmana yaxın olanlarla İblisin əlaltıları arasında fərq bütün ağıllı adamların layiq saydığı keyfiyyətlərə müvafiq olaraq müəyyənləşdirilir. Bu meyarların ədalətliliyi barədə ancaq təkəbbürlü və nadan insanlar höcətləşirlər.
Bu ayə mübahisələri necə aparmaq haqqında incə bir eyham vurur. Ondan da belə çıxır ki, bütün təşəbbüslərdə ya bənzər şeylər arasında ox­şarlıq tapmaq, ya da keyfiyyətcə fərqlənən əşyalar arasında fərqi müəyyən etmək zəruriyyətdən irəli gəlir.

                                                                         

(140) “Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin yəhudi və yaxud xaçpərəst olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.

Uca Allah Kitab əhlinin Allahın peyğəmbərləri ilə bağlı növbəti əsassız mübahisələri haqqında xəbər verir. Onlar belə hesab edirdilər ki, bu ayədə adları çəkilən böyük peyğəmbər­lərə, müsəlmanlardan daha çox yaxındırlar, lakin Uca Allah onların iddialarını rədd etdi. Doğrudanmı onlar Uca Allahdan daha yaxşı məlumatlıdırlar?
Onlar hesab edirlər ki, İbrahim yəhudi və ya xristian idi. Lakin Uca Allah buyurur: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi”  (Ali-İmran, 3/67).
Biz iki mümkün qərardan birini qəbul etmək məcburiyyətindəyik: ya onlar həqiqəti deyirlər və doğrudan da gerçəyi bilirlər, ya da Uca Allah həqiqəti deyir və onlardan daha yaxşı məlumata malikdir. İki müddəadan biri doğrudur – üçüncüsü yoxdur. Bu sualın cavabı tamamilə aydın və o dərəcədə yəqindir ki, biz Allahın Kitab əhlindən daha məlumatlı olmasını hətta deməyə də bilərik. Belə gerçəkliklər hər bir insana bəllidir. Məgər soruşmaq olar ki: “Gecə və ya gündüz daha işıqlıdır?” “Od və ya su istidir?” “Tövhid və ya bütpərəstlik yaxşıdır?” Bütün bu suallar təmtəraqlı çıxması xatirinə verilir və şərhə ehtiyacı yoxdur.
Şərh etdiyimiz bu məsələnin cavabı bir qətrə də olsa ağıl sahibi olan hər bir insana məlumdur. O, Kitab əhlinə də məlumdur. Onlar gözəl bilirlər ki, İbrahim və digər peyğəmbərlər (onlara Allahın salamı olsun) yəhudi və ya xristian olmayıblar, lakin onlar bu biliyi gizlədirlər və haqqı təsdiq etməkdən boyun qaçırırlar. Belə davranış isə böyük ədalətsizlikdir.
Ümumiyyətlə, əlində Allahın şəhadət verdiyi həqiqət olduğu halda, onu gizlədən zalımdan daha zalım kim ola bilər? Bu şəhadət onlara insan­lar tərəfindən verilməmişdi – o, Allahdan alınmışdı və onlar Onun tələblə­rini yerinə yetirməliydilər. Lakin onlar həqiqəti gizlədir və tamamilə əks bəyanatlar verirdilər. Onlar haqqı təkcə gizlətməklə və elan etməkdən boyun qaçırmaqla qalmırlar – onlar yalanı təntənəli surətdə bəyan edir və onu insanlar arasında yayırlar. Məgər belə bir rəftar ən amansız zalımlıq deyil? Allaha and olsun, bu – elə bir müdhiş zalımlıqdır ki, Kitab əhli ona görə ən dəhşətli cəza alacaq!
Məhz buna görə, Uca Allah xəbər verir ki, O, Kitab əhlinin əməllə­rini unutmur. O, onların törətdiyi bütün cinayətlərini hesaba alır və layiq olduqları əvəzi onlar üçün saxlayır. Bu əvəz necə də pisdir! Zalım günah­kar­ların məskəni olacaq Cəhənnəm necə də dəhşətlidir!
İnsan əməllərinin və onların layiq olduqları əvəzi xatırlandıqdan sonra, Allahın qüdrətindən və hərşeyiəhatəedən elmindən bəhs edən Quran ayələrinin üslubu belədir. Bu, Allahın qullarını Cənnət mükafatları ilə cəzb etməyə və onları cəzalandırılmaqdan çəkindirməyə imkan verir. Dini hökmlərdən sonra Allahın gözəl adlarının yada salınması onu göstə­rir ki, İslam şəriəti və onun ədalətli cəza qanunları ilahi fəaliyyətin və Allahın sifətlərindən təzahür edən mütləq nəticələrdən biridir.

          ﯿ                               

(141) “Onlar bir millət idi ki, gəlib getdi. Onların qazandıq­la­rı özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız”.

Bu ayənin təsirindən biz artıq bəhs etmişik. Allah onu təkrarlayıb ki, insanlar öz ümidlərini xəlq edilmişlərə bağlamasınlar. İnsan, öz əcdad­larının və valideynlərinin əməllərinə deyil, öz əməllərinə güvənməlidir, çünki ona əsil fayda, boşboğazcasına özünü adlı-sanlı insanların davam­çı­ları adlandırmaqdan deyil, ancaq etdiyi xeyirxah əməllərdən gələ bilər.

                                                    

 (142) “Səfeh adamlar deyəcəklər: “Onları üz tutduqları qiblə­dən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, is­tə­diyi kəsi doğru yola yönəldir!”

Bu gözəl ayə Quran möcüzələrindən birini özündə əks etdirir, mö­minlərə təsəlli və təskinlik verir, onların qəlbinə inam gətirir, mürtədlərin etirazları haqqında xəbər verir, üç nəzər nöqtəsindən bu etirazları təkzib edir, haqqa müqavimət göstərənlərin və Allahın iradəsinə tabe olanların xüsusiyyətləri haqqında məlumat verir.
Uca Allah buyurur ki, anlaqsız və fərasətsiz adamlar Onun hökmlə­rinə və qanunlarına etiraz edirlər. Onların özlərinə nəyin fayda verəcə­yin­dən xəbərləri belə yoxdur. Əksinə, onlar öz qəlblərini puç edir və onları çox ucuz qiymətə satırlar. Məhz yəhudilər, xristianlar və onlara bənzər zalımlar Allahın hökmlərinə və qanunlarına müqavimət göstərərək belə davranırlar.
Belə bir ayənin nazil edilməsi, ilk vaxtlarda namaz zamanı müsəlman­lara Qüdsə tərəf üz tutmağın əmr edilməsi ilə əlaqədardır. Onlar Məkkədə olduqları zaman və Mədinəyə hicrət etdikdən il yarım sonraya qədər bu, belə davam etmişdir. Bu hökm özündə böyük hikmətə dəlalət edirdi və onun bir hissəsini Allah bizə açmışdır. Lakin sonralar, Özünün İlahi Hikmətinə müvafiq olaraq, Allah müsəlmanlara üzlərini Kəəbəyə tərəf çevirmək hökmü verdi.
Uca Allah bildirir ki, axmaqların arasında hökmən elələri də olacaq ki, deyəcəklər: “Niyə müsəlmanlar əvvəllər üz tutduqları qiblədən üz döndərməyi qərara aldılar? Onların bir daha Qüds tərəfə üz çevirməmə­sinə səbəb nədir?”
Şübhəsiz ki, belə mülahizələr Allahın iradəsinə qarşı yönəldilmiş etirazlar və Onun mərhəmətini inkar etməkdir və möminləri ruhlandırmaq üçün Uca Allah fasiqlərin belə edəcəklərini onlara xəbər verir və deyir ki, belə sözləri ancaq dözümsüz və dindarlıqdan məhrum olmuş anlaqsız axmaqlar deyəcəklər. Belə şübhələrin yarana biləcəyinin müsəlmanlara xəbər verilməsi ilə, onlar axmaqların sözlərinə diqqət verməməliydilər, çünki ağıllı insan heç vaxt səfehlərin etirazına əhəmiyyət verməz və onlara baş qoşmaz.
Bu ayədən belə nəticə çıxarmaq olar ki, Allahın hökmlərinə ancaq axmaqlar, cahillər və tərs adamlar etiraz edirlər, halbuki əməlisaleh möminlər və ağıllı dindarlar Allahın qanunlarını həm sözlə və həm də əməlləri ilə qəbul edir və onlara itaət göstərirlər. Bax elə buna görə Uca Allah buyurur: “Allah və Onun Elçisi  bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür” (Əhzab, 33/36);
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar” (Nisa, 4/65);
“Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin ya­nı­na çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!” – demələridir. Nicat tapanlar da məhz onlardır” (Nur, 24/51).
İnsan başqa cür hərəkət edərsə, onda o, – axmaqdır və təkcə bu bəs edər ki, onun sözlərinə rədd cavabı verməyəsən və o sözlərə xüsusi əhəmiyyət göstərməyəsən. Lakin Uca Allah Özü onların şübhəli ittiham­ların cavabsız qoymur və şübhələrini dağıdır, çünki onlar bəzi insanları azdıra bilərdi. Uca Allah Öz Elçisinə (s.ə.s.) buyurur ki, şərq də, qərb də Allaha məxsusdur, O, kimə istəyirsə, ona doğru yolu göstərir. Şərq və qərb Allahın mülküdürsə, onda qalan bütün tərəflər də Ona məxsusdur. O, istədiyini doğru yola yönəltmək hakimiyyətinə malikdir və, İbrahim peyğəmbərin (ə.) etdiyi kimi, namaz zamanı Öz qullarına üzlərini Kəəbə­yə tərəf çevirməyə hökm verməyə qadirdir.
Ey müsəlmanlar! Nadanlar niyə üzünüzü Allaha məxsus olan bir tərəfə çevirməyinizə etiraz edirlər? Siz ki, üzünüzü Rəbbin mülkünə məxsus olmayan tərəfə çevirmirsiniz və təkcə bu kifayətdir ki, Onun hökmünə tabe olasınız. Nəzərə alsaq ki, Allahın hökmü bir nemət, xeyirxahlıq və Allahın məsləhətidir, onda bu hökmə qarşı etiraz etmək Onun nemətini inkar etməyə bərabərdir və bunun səbəbi də adamların sizin paxıllığınızı çəkmələri və zalımlıqlarıdır.
Allahın istədiyinə doğru yol göstərməsi haqqında ayə ümumi mə­naya malikdir, lakin ümumi mənalı müqəddəs mətnlər həmişə onların mahiyyətini dəqiqləşdirən digər xüsusi mətnlərlə müqayisə edilməlidir. Doğru rəhbərliyin və yoldan azmanın törəməsinin öz səbəbləri var ki, onlar Allahın Hikməti və Ədalətinə uyğun olaraq müəyyənləşdirilmişdir. Allah Öz Kitabında qula düzgün rəhbərliyin nəsib olmasının və onun hidayət yoluna gəlməsinin səbəblərini dəfələrlə xatırladır. Uca Allah buyurur: “...Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yö­nəl­dir...”( Maidə, 5/15-16). Bu ayələrdə müsəlman millətinin bütün işlərində düzgün rəhbərliyə və Rəbbin böyük mərhəmə­tinə layiq görülməsinin səbəbləri xatırlanır.

                                                ﭿ                                                                 
(143) “Beləliklə, Biz sizi orta bir millət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir”.

Müsəlman milləti orta yol tərəfdarıdır və bütün millətlərin ən yaxşısı və ən ədalətli­sidir. Bütün digər millətlər bu orta yolun hər iki və təhlükəli tərəflərində yerləşirlər. Müsəlmanlar dinlə bağlı olan məsələlər­də ifrata varmırlar.
Peyğəmbərlərə münasibətdə isə, Allahın peyğəmbərlərini həddən artıq yüksəldən xristianlar və digər yolunu azmışların, bir tərəfdən, peyğəmbərləri kobudcasına inkar edən yəhudilər və onlar kimi mürtədlər arasında digər tərəfdən, müsəlmanlar orta mövqe tuturlar. Müsəlmanlar, mömin olduqları üçün, bütün peyğəmbərlərə inanırlar.
Dini hökmlərə münasibətdə müsəlmanlar, ifrat inadcıllıq və sərtlik göstərən yəhudilərlə dini qanunlara etinasız yanaşan xristianlar arasında orta mövqe tuturlar.
İbadət ayinlərinə, təmizlənmə mərasimlərinə və haram yeməklərə münasibətdə də müsəlmanlar, ancaq məbədlərdə və sinaqoqlarda dualarını icra edən, suyun təmizləyici qabiliyyətini inkar edən və öz zalımlıqları üzündən bir sıra faydalı yeməkləri yemək haqqı olmayan yəhudilərə özlə­rini oxşatmırlar və onlar üçün natəmiz və ya haram bir şey olmayan, bütün sürünənləri və yeriyənləri qidalanmaq üçün yeməyə icazə verən xristi­an­lara da özlərini oxşatmırlar. Müsəlmanlar ən düzgün və mükəmməl qay­dada təmizlənirlər. Allah onlara qidalanmaq üçün faydalı yeməklər və içkilər işlətməyə, gözəl paltar geyməyə, və onlara qadağan edilməmiş qadınlarla evlənməyə icazə vermişdir. O, onlara, yeməyə zərərli olan məhsulları və içkiləri, geyməyə ziyanlı paltarları və layiq olmayan nikahı qadağan etmişdir.
Allah müsəlmanlara kamil bir din verməklə onlara iltifat göstərmiş, ən gözəl əxlaq və ən xeyirli əməllər öyrətmişdir. Allah onlara bilik və dözüm, ədalət və xeyirxahlıq nəsib etmişdir ki, digər dini icmalar buna layiq görülməmişlər. Bu keyfiyyətlərin sayəsində müsəlmanlar ən kamil, ən mötədil və ədalətli millət olmuş və özlərinin ədalətliliyi və qərəzsiz­liyinə görə bütün bəşəriyyətə şahidlik etmək haqqı qazanmışlar.
Müsəlmanlara istənilən dini əqidə tərəfdarları haqqında mühakimə yürütmək imkanı verilmişdir. Əgər müsəlman icması bir insanı qəbul edib tanıyırsa, o, həqiqətən nüfuz sahibi olmağa layiqdir. Müsəlmanların qəbul etmədiyi adam, nəsibsiz və səfildir. Lakin belə bir sual da çıxa bilər: Allah niyə müsəlmanların başqa dini əqidə sahibləri haqqında mühakiməsini hesaba alır, halbuki, çəkişən tərəflərin birinin digərinə qarşı ittihamını qəbul etməyə yol verilmir? Məsələ orasındadır ki, çəkişən tərəflərdən biri­nin digərinə qarşı irəli sürdüyü ittihamı, onun doğruluğuna şübhə edildik­də, onun günahkarlığının sübutu hesab edilmir. Müsəlman millətinə münasibətdə isə onun ədalətli və qərəzsizliyi şəkk-şübhə doğurmur. Bütün hallarda şahidlik ədalətli və düzgün hökmün çıxarılmasına yardım etməli­dir və bunun üçün də şahid qərəzsiz və kifayət qədər məlumatlı adam olmalıdır. Bu iki keyfiyyət müsəlman millətinə xas olan özəllikdir və buna görə də onun şahidliyi rədd edilmir. Kimsə müsəlman millətinin üstünlüyünə şübhə etsə və dəlil-sübut tələb etsə, müsəlmanların üstünlü­yü­nü bəşəriyyətin ən yaxşı nümayəndəsi – Muhəmməd Peyğəmbər (s.ə.s.) özü təsdiq edəcəkdir. Məhz buna görə, Allah bəyan edir ki, Peyğəmbər (s.ə.s.) müsəlmanlara şahidlik edəcəkdir.
Qiyamət günü Allah elçilərindən haqqı bəşəriyyətə çatdırdıqlarını soruşarkən kafir xalqlar haqqın onlara çatdırıldığını inkar edəcəklər, lakin müsəlman milləti Həmin gün digər dinlərə mənsub olan millətlərə qarşı şahidlik edəcəkdir. Məhz onda peyğəmbərlər müsəlmanları özlərinin doğ­ru­çuluğuna şahid göstərəcəklər, Muhəmməd Peyğəmbər (s.ə.s.) isə müsəlmanların doğru danışdıqlarına şəhadət verəcəkdir.
Bu ayə müsəlmanların yekdil rəyinin təkzibolunmaz dəlil olduğunu və müsəlman millət­i­nin bütövlükdə yanılmayacağını təsdiq edir. Bu deyilənləri, müsəlman millətinin orta yolu tutması baxımından, ayənin geniş məna kəsb etməsi də bildirir, çünki, əgər bütün müsəlman milləti eyni vaxtda bəzi mülahizələrində yanılsaydı, onda müsəlman milləti bu sözün geniş mənasında deyil, ancaq bəzi məsələlərdə ədalətli ola bilərdi. Bu ayə, hökm çıxarmağın, şahidlik etməyin və dini fitva verməyin ancaq ədalətli müsəlmanların haqqı olduğunu sübut edir.
Sonra Uca Allah xəbər verir ki, əvvəllər namaz qılınan zaman müsəlmanlara üzlərini Qüds tərəfə çevirməyi tapşırmışdı ki, kimin Elçisinin (s.ə.s.) ardıyca gedəcəyini, kiminsə geriyə dönəcəyini öyrənsin. Bu ayədə, Allahın Öz qullarını mükafatlandıracağı və cəzalandıracağı bilik nəzərdə tutulur. Şübhə yoxdur ki, bütün hadisələr haqqında, onlar baş verənədək, hər şey Allaha məlumdur. Lakin belə məlumatı əsasında O, insanları nə mükafatlandırır və nə də cəzalandırır, çünki Allahın ədaləti kamildir və Allah istəyir ki, həqiqəti bütün qullarına çatdırsın ki, onlar bilməməzlikləri ilə özlərini doğrultmağa çalışmasınlar. İnsanlar bir əməli həyata keçirdikdə, ona görə ya mükafatlandırılır, ya da cəzalandırılırlar.
Bütün deyilənlərdən belə nəticə çıxır ki, Allah əvvəllər namaz zamanı müsəlmanlara üzlərini Qüdsə tərəf çevirməyi ona görə tapşırır ki, onları sınaqdan keçirsin və Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gəti­rənləri və hər hansı bir şəraitdə onun ardınca getməyə hazır olanları müəy­yənləşdirsin. Mömin şəxs belə davranmalıdır, çünki o, quldur və Allahın iradəsindən asılıdır, Onun hökmlərini yerinə yetirməlidir. Bundan başqa, əvvəlki Kitablarda bildirilirdi ki, möminlər namaz vaxtı üzlərini Kəəbəyə tərəf çevirəcəklər. Buna görə də, ona tərəf çevrilmək hökmü, doğrudan da haqqa can atan hər bir kəsin imanını və mütiliyini artırmalı idi. Geriyə dönən, həqiqətdən üz çevirən və öz istəklərinin düşkünü olan günahkar­lara gəldikdə isə, nazil edilmiş hökm, sadəcə, onların küfrünü və çaşqınlı­ğını artırırdı və buna görə də onlar öz şər əməllərini şübhələrə əsaslanan naqis sübutlarla müdafiə etməyə başlayaraq, həqiqi biliklərə istinad etmədilər.
Üzlərini Kəəbəyə tərəf çevirmək, Allahın doğru yola yönəltdiyi əsil möminlərdən başqa, hamı üçün çox ağır oldu. Onlar Allahın nemətini qiy­mətləndirib qəbul etdilər və öz Rəbbinə həmd etdilər ki, O, onlara, dün­yada bütün yerlərdən üstün olan və ziyarət edilməsi İslamın əsas sütunlarından sayılan, törədilmiş günahları yuyan əzəmətli məscidə tərəf üz döndərməyə imkan vermişdir. Məhz bunu dərk etmələri möminlərin Allahın hökmünü yerinə yetirməsini asanlaş­dırdı, halbuki bütün qalan insanlar üçün bu hökm ağır bir yükə çevrilmişdi.
Sonra Uca Allah xəbər verir ki, O, müsəlmanların imanının yox olmasına heç vaxt imkan verməyəcək. Uca Allaha Öz qullarının imanını unutmaq yaraşmaz. Belə bir şey ağlasığmazdır və mümkünsüzdür və ayə bu barədə Allahın İslama və haqq dinə yönəltdiyi hər bir insan üçün böyük müjdədir. Allah onların dinini hökmən qoruyacaq və yox olmağa qoymayacaq, özü də Onun qayğısı iki şəkildə təzahür edəcəkdir. Birincisi, O, Öz qullarının dinini həyəcanlı sınaqlardan, yanlış baxışlardan və onu dağıda, korlaya və kiçildə bilən hər şeydən qoruyur. İkincisi, O, Öz qullarının imanını artırır və onları, onların imanını artıran və əminliklərini gücləndirən əməllərə doğru ruhlandırır.
Allah onları ilk dəfə Öz dininə gətirəndə onlara iman bəxş etmişdi və O, mütləq onların dinini müdafiə edəcək və onların əqidəsini, əcrini artıraraq, onları qəm-qüssədən qoruyaraq, onlara kamil nemətini göstərə­cək. Müsəlmanlar imtahana çəkildikdə, bunun məqsədi əsil möminləri yalançılardan ayırd etmək olacaqdır. Belə sınaqlar möminləri paklaşdırır və onların doğruçuluğunu üzə çıxardır.
Lakin belə bir yanlış təsəvvür də yarana bilər ki, Allahın növbəti hökmü bir sıra möminlərin imandan əl çəkməsinə səbəb olmuşdur. Axı Uca Allah deyir ki, bu hökmün vasitəsilə Elçinin (s.ə.s.) ardıyca gedənlər və geriyə dönənlər aşkar edilmişdir. Belə yanlış mülahizələrin yaranma­sının qarşısını almaq üçün Uca Allah xəbər verir ki, həqiqi möminlərin imanının yox olmasına heç vaxt imkan verməyəcək, çünki hər bir sınağın ağırlığı həmişə onların imanı ilə həmahəng olur.
Allah həmçinin, müsəlmanlara namazlarında Kəəbəyə tərəf üz çevirmələrini əmr edənə qədər vəfat etmiş möminlərin imanlarının hədər getməsinə yol verməyəcək. Onlar öz vaxtında Allaha və Onun Elçisinə (s.ə.s.) layiqincə itaət etmişdilər və bütün həyatı boyu Ona tabe olmağa hazır idilər. Bu Quran ayəsi Sünnə və cəmaət tərəfdarlarının əməlinin imanın hissəsi olması barədə dəlillərindən biri idi.
Sonra Allah Özünün insanlara hədsiz mərhəməti və rəhmi haqqında xəbər verir. Bu keyfiyyətləri sayəsində Allah Öz səmimi qullarına göstər­məyə başladığı nemətini axıradək davam etdirir; onlarla və ancaq sözdə iman gətirən, qəlblərinə imanın girmədiyi münafiqlər arasında fərq qoyur; möminləri onların imanını artıran və onları daha yüksək dərəcələrə yük­səldən sınaqlardan keçirir və habelə onların üzünü ən əzəmətli və böyük məscidə sarı çevirir.

                                                                                    
(144) “Biz sənin üzünün göyə tərəf çevrildi­yini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidülharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil­dir”.

Uca Allah Öz Peyğəmbərinə (s.ə.s.) xəbər verir ki, O, onun tez-tez ətrafa baxdığını və Kəəbəyə yönəlmək üçün vəhyin nazil olmasını gözlə­yərək, səmaya diqqət yetirdiyini görür. Allah demir ki, Peyğəmbər (s.ə.s.) göyə nəzər salır, O, buyurur ki, o, üzünü səmaya sarı çevirir. Bu isə onun maraqlandığını və qayğılandığını xüsusilə vurğulamaq üçün idi. Bundan başqa, əgər insan üzünü bir səmtə çevirirsə, onun baxışları da o tərəfə yö­nəlir.
Sonra Uca Allah Öz Elçisinə (s.ə.s.) buyurur ki, namaz vaxtı üzü­nü, Allahın Elçisinin (s.ə.s.) çox sevdiyi Kəəbəyə sarı çevirsin. Bu hal Muhəmməd Peyğəmbərin (s.ə.s.) üstün tutulduğunu xüsusilə qeyd edir, axı Uca Allah Özü onu razı salmaq istəyir.
Əvvəlki ayələrdə namaz qılarkən məhz hansı tərəfə üzünü tutmaq xatırlanmadığı üçün, sonra Uca Allah xəbər verir ki, üzünüzü Məscidülharama tərəf çevirmək lazımdır. “Üz” dedikdə, əlbəttə ki, insan bədəninin ön tərəfi nəzərdə tutulur. İnsan harada: suda və ya quruda, şərqdə və ya qərbdə, cənubda və ya şimalda – olmasından asılı olmayaraq, namaz qılarkən üzünü Məscidül­harama tərəf çevirməlidir.
Bu ayə, üzün Kəəbəyə tərəf çevrilməsinin fərz və nafilə namazla­rının şərtlərindən olduğunu təsdiq edir. Əgər insan üzünü bilavasitə Kəəbə­yə tərəf çevirə bilərsə, o bunu etməlidir. Əgər o, bunu edə bilmirsə, ona Kəəbə səmtinə üzünü çevirmək kifayətdir. Bu ayədən həm də belə bir nəticə çıxır ki, əgər namaz qılan bütün gövdəsi ilə Kəəbədən kənara çevri­lərsə, namazı qəbul olunmaz, çünki istənilən hökm əks hərəkətlər etmənin qadağan olunduğunu nəzərdə tutur.
Əvvəlki ayələrdən birində Uca Allah Kitab əhlinin və digər cahil­lərin Kəəbə tərəfə üz tutmağa etiraz etdiklərini xatırladır və onların eti­ra­zı­na cavab verir. Bu ayədə Allah xəbər verir ki, Kitab əhli arasında din alimləri bilirlər ki, sən tamamilə doğru davranırsan, çünki bu barədə bilik­ləri öz Kitablarından oxuyurlar. Buna baxmayaraq, onlar etiraz etməkdə və müqavimət göstərməkdə davam edirlər, axı onlar tərs və zalım adam­lardır. Lakin bu, müsəlmanları kədərləndirməməli və onlar belə hallara diqqət yetirməməlidirlər, çünki etirazla çıxış edənlər o vaxt insanı qəmgin və narahat edə bilər ki, həqiqət aydın olmasın və etiraz edən haqlı olsun. İnsan özünün doğru yolda olduğuna qəti əmindirsə və ona etiraz edən tərs inadcılın biri, sözləri yalan və nöqsanlıdırsa, onda o, belə etirazlara fikir verməməlidir. Əksinə, o, çox yaxın vaxtlarda ona etiraz edənin ya bu dün­yada, ya da Axirət həyatında cəzaya düçar olacağını gözləməlidir. Məhz buna görə, Allah qeyd edir ki, O, insanların əməllərinə etinasızlıq göstər­mir və onları saxlayır ki, hər kəs layiq olduğu əvəzi ala bilsin. Bunun yada salınması haqqın düşmənlərinə xəbərdarlıq və möminlər üçün təsəllidir.
Muhəmməd Peyğəmbər (s.ə.s.) o dərəcədə böyük şövqlə insanları doğru yola yönəltmək istəyirdi ki, bir təsadüfi belə nəzərdən qaçırmadan, ətrafda olanlara məsləhətlərini verirdi. İnsanlar Allahın iradəsinə tabe ol­maq­dan boyun qaçıranda, o, olduqca bərk kədərlənirdi. Kafirlərin arasında çoxları var idi ki, Allahın hökmlərinə qarşı həyasızlıqla qiyam edir, Allahın elçilərini təkəbbürlə inkar edir və şüurlu surətdə doğru yolla get­mək­dən boyun qaçırır və, beləliklə, ona düşmənçilik münasibəti bəsləyir­dilər. Məhz yəhudilər və xristianlar belə davranırdılar. Kitab əhli olduqları halda, onlar birinci olaraq şüurlu surətdə Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməyi rədd etdilər. Onların kafirliyi cahilliklərinin və bilməməz­lik­lərinin nəticəsi deyildi, çünki onlar onun (s.ə.s.) doğruçuluğuna qəti inanırdılar. Elə buna görə də, sonra Uca Allah buyurur:

                                                  ﯿ                 ﰈ ﰉ  
 (145) “Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. On­lar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan”.

Ey Muhəmməd! Sən Kitab əhlinə öz sözlərinin və xütbələrinin doğruluğunu təsdiq edən dəlillər və möcüzələr göstərə bilərsən. Onlar buna baxmayaraq, sənin qiblən tərəfə üz döndərməyə­cəklər, çünki onu qəbul etmək səni qəbul etməyə bərabərdir və elə buna görə də qiblə böyük əhəmiyyət kəsb edir. Bunun səbəbi isə onların haqdan şüurlu surətdə üz döndərən inadcıl və tərs insanlar olmasıdır.
Möcüzələr təkcə o şəxslərə fayda verir ki, onlar haqq olanı axtarır və onun barəsində müəyyən şübhələr keçirir. Belə insanlar aşkar möcüzə­lər sayəsində həqiqəti aydınlaşdırırlar. Həqiqətlə qəti olaraq razılaşmaya­caqları niyyətində olan fasiqlərə gəldikdə isə, onlar Allahın möcüzələrin­dən faydalanmaq qabiliyyətinə malik deyillər.
Bundan başqa, Kitab əhlinin öz aralarında böyük ixtilaflar mövcud­dur – onların bir qismi o birilərinin qibləsini tanımağı rədd edirlər. Ona görə də onların sənin qiblənə tərəf dönməkdən boyun qaçırmalarında tə­əccüblü bir şey yoxdur. Onlar əsil paxıl düşmənlərdir. Onlar sənin qiblənə dönməyəcəklər, sən də onların qibləsinə dönən deyilsən.
Allah buyurur ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) Kitab əhlinin qib­ləsinə tərəf çevrilən deyil və bu ayə, onların qibləsi tərəfə dönmə, sadəcə, qadağan edilməsindən başqa, daha dərin mənaya malikdir. Bu hal, Kitab əhli ilə razılaşmamanın – Muhəmməd Peyğəmbərin (s.ə.s.) şəxsi keyfiy­yət­lərindən biri olmasını xüsusilə nəzərə çarpdırır. Bu isə o deməkdir ki, onun Kitab əhlinin qibləsinə tərəf dönməsi ağlasığmaz və mümkün olma­yan bir şeydir. Uca Allah həm də demir ki, Kitab əhli, onların doğruluğu­nu təsdiq edən möcüzələr göstərə bilərlər, çünki onların iddiaları tamamilə əsassızdır.
Həqiqət inkaredilməz dəlillərlə sübuta yetirildikdə, şübhəli etiraz­lara cavab vermək zəruriyyəti aradan qalxır; belə etirazlar saysız-hesabsız ola bilər. Onların əsassızlığı tamamilə aydındır, çünki mübahisə doğurma­yan həqiqətə zidd olan nə varsa, yalandır. Buna görə, şübhəli sübutları və iddiaları təkzib etmək vacib deyil.
Sonra Uca Allah Kitab əhlinin istəklərinə imkan verməyi Öz Elçi­si­nə (s.ə.s.) qadağan edir. Allah onların əqidəsini din adlandırmır, çünki onlar yalnız öz istəklərinə istinad edir və qəlblərinin dərinliyində həqiqi dinə ibadət etmədiklərini dərk edirlər. İnsan dindən üz döndərdikdə, o, labüd olaraq öz nəfsinə tabe olur. Məhz buna görə, Uca Allah buyurur: “Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördü­nmü?...” (Furqan, 25/43).
Muhəmməd Peyğəmbərə (s.ə.s.) məlum idi ki, o, haqqın tərəfində­dir, Kitab əhli isə yalana sitayiş edir. Əgər bundan sonra o, onların istəklərinə göz yumsaydı, o, mütləq zalım günahkarların sırasına düşərdi. Həqiqəti və yalanı bilən və yanlış yalana şüurlu surətdə üstünlük verən adamdan daha zalım kim ola bilər?
Bu ayə Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət etsə də, əslində onun (s.ə.s.) bütün xələflərinə aiddir. Əgər Kitab əhlinin istəklərinə yol vermək Peyğəmbəri (s.ə.s.), onun yüksək məqamına və çoxsaylı saleh əməllərinə baxmayaraq, zalım günahkara döndərə bilərdisə, onda yerdə qalan bütün insanlar üçün bu günah daha böyük təhlükədir.
Qeyd etmək lazımdır ki, “izən” (“o vaxt”) sözü bu ayədə ona görə işlədilmişdir ki, heç kim sonuncu budaq cümləsini bu ayənin əsas mətnindən ayırmasın və hətta bunu heç xəyalına belə gətirməsin.

                               
 (146) “Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və ya Kəəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir”.

Uca Allah bəyan edir ki, Kitab əhli Muhəmməd Peyğəmbərin (s.ə.s.) doğrudan da Allahın Elçisi (s.ə.s.) olduğunu və onun (s.ə.s.) moi­zələrinin əsil həqiqətdən xəbər verdiyini qəti bilirdilər. Onlar onu, öz oğullarını tanıdıqları kimi, tanıyırdılar. Onların Muhəmməd Peyğəmbərin (s.ə.s.) peyğəmbərliyinə əmin olmaları o dərəcədə böyük idi ki, bunda azacıq da olsa, heç bir şübhələri yoxdu. Buna baxmayaraq onlar onun (s.ə.s.) peyğəmbərlik vəzifəsinə fərqli yanaşırdılar.
Onların böyük bir hissəsi ona iman gətirməkdən boyun qaçırdılar və şüurlu surətdə həqiqəti gizlətməyi üstün tutdular. Uca Allah buyurur: “...Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?...” (Bəqərə, 2/140). Allah belə kafirlər haqqında xəbər verir ki, Öz Elçisinə (s.ə.s.) və möminlərə təsəlli olsun və onları Kitab əhlinin törədə biləcəyi şərdən və onların arasına yaya biləcəyi şübhələrdən xəbərdar etsin. Kitab əhlinin digər hissəsi həqiqəti şüurlu surətdə gizlətmirdi. Onların bəziləri haqqa iman gətirdilər, digər hissəsi isə öz nadanlığı üzündən kafir qaldılar.
Həqiqi biliklərə malik olan insan həqiqəti, gözəl ifadələrdən istifa­də etməklə, sözlərini dəlillərlə təsdiq etməklə, hikmətli və ibrətamiz şə­kildə bəyan etməli, izahını verməli və digər üsullardan istifadə etməklə doğru-düzgün təqdim etməlidir. O, həm də bütün üsullardan yararlanaraq yalanı ifşa etməli, onu həqiqətdən ayırmalı, onun naqisliyini və eybəcər­liyini vurğulamalıdır. O ki qaldı haqqı gizlətməyi üstün tutan Kitab əhlinə, onlar tamamilə əksinə hərəkət etdilər.

                

(147) “Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!”

Ey Muhəmməd! Sənin Təlimin bütün başqa təlimlərdən daha çox haqq adlandı­rılmağa layiqdir, axı o, əzəmətli məqsədlər, gözəl əxlaq və mənəvi təmizlik üzərində qurulmuş­dur. O, insanları onlara fayda verən şeylərə dəvət edir və onları, zərər vura bilən hər şeydən, qoruyur. O Təlim sənin Rəbbin tərəfindən nazil edilmişdir, Onun ilahi qayğısı sənə nazil etdiyi Müqəddəs Quranda özünü göstərmişdir. O, idrakı və qəlbi tərbiyə edir və özündə mütləq neməti əks etdirir və ona şübhə etmək sənə yaraşmaz. Əksinə, sən onun haqqında düşünməli və möhkəm əqidəyə nail olmalısan, axı Müqəddəs Kitab üzərində düşünmək insanı şübhələrdən xilas edir və onun etiqadını mükəmməlləşdirir.

                                         ﭿ     

 (148) “Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər gör­məkdə bir-birinizlə yarışın. Harada olursunuz olun, Allah sizin hamı­nızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”.

Bütün dinlərin məsləkdaşları ibadət mərasimləri zamanı üzlərini mü­əyyən bir səmtə tərəf tuturdular ki, o, heç vaxt həlledici əhəmiyyətə malik olmamışdı. Müxtəlif dini şəriətlərdə istiqamət dövrdən və şəraitdən asılı olaraq dəyişirdi. Hökmlərin bəzisi ilə digərləri ləğv edilir və dindarlar digər səmtə üz çevirmək əmri alırdılar. Bu zaman ən vacib şərt kimi Allaha itaət və Ona yaxınlaşmağa səy göstərmək həmişə əsas olaraq qalır­dı. Məhz bu keyfiyyətlər uğur qazanmanın və Allahın mərhəmətinə nail olmanın rəhnidir. Əgər insan həmin keyfiyyətlərə malik deyilsə, o, həm bu dünyada və həm də Axirət həyatında ziyana düşəcəkdir. Əgər o, bu keyfiyyətlərə malik olarsa, onda əsil qazanc əldə etmiş olar. Bu müddəa bütün şəriətlər üçün ümumi əsasdır və Allah məhz buna görə bəşəriyyəti xəlq etmiş və ona riayət etməyi buyurmuşdur.
Yaxşı işlərin görülməsində müsəlmanların bir-biri ilə yarışması haqqında hökm, sadəcə xeyirli işlər görmək barədə hökmdən daha gen­iş­dir. İnsan ətrafdakıların yaxşı əməl­lərini müəyyən etməyə çalışarkən, belə əməlləri başqalarından əvvəl və həm də tam qüsursuz və ən yaxşı şəraitdə yerinə yetirməyə səy göstərir. Əgər bu dünyada xeyirxah işlərin görülmə­sində başqalarını ötüb keçmək ona müyəssər olursa, onda o, Axirət hə­yatında Cənnət bağlarına başqalarından əvvəl düşməyə və ən yüksək dərə­cələrə yetişməyə nail olacaqdır.
Yaxşı əməl dedikdə, şəriətin müəyyən etdiyi bütün vacib (fərz) və könüllü surətdə yerinə yetirilən tələbləri nəzərdə tutulur ki, bunlar: namaz, oruc, zəkat, həcc, ümrə, cihad və insana, cəmiyyətə fayda verən hər hansı digər xeyirxah əməllərdir. 
Nəzərə alaq ki, insanları xeyirxah əməllər yerinə yetirməkdə yarışmasına təkan verən ən güclü amil Allahın vəd etdiyi mükafatı və həm də Uca Allahın Öz Qüdrəti sayəsində bütün insanları mütləq bir yerə top­layacağını bildirməsidir. Bu, hər bir insanın layiq olduğu əvəzi alacağı Qiyamət günü baş verəcəkdir. Bununla əlaqədar Uca Allah buyurur: “Göy­lərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edən­lərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandır­ması üçündür”[2].
Bu şanlı ayədən çıxan nəticə belədir ki, insan, onun yaxşı əməl­lərini müşayiət edən hər bir ləyaqətli şəraitdən faydalanır. Buna aid olanlar: yerinə yetirilməsi vaxtının ilk saatında qılınan namaz, ötürülmüş orucun qəzasının ləngidilmədən yerinə yetirilməsi, ilk imkan yaranan kimi həcc və ümrə ziyarətinə can atma, zəkatın gecikdirilmədən ödənilməsi, ibadət ayinlərinin yerinə yetirilməsi zamanı arzuolunan hərəkətlərin icra edilməsi və müvafiq nəzakət qaydalarına riayət olunmasıdır. Bu ayə heyrət ediləsi dərəcədə yığcam və faydalı bir ayədir!

                                     
(149) “Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulhara­ma tərəf çevir! Çünki bu, sənin Rəbbinin haqqıdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.

Bu ayədə Allah əvvəlcə Öz Elçisinə (s.ə.s.) səfərə çıxdığı zaman və başqa hallarda üzünü Kəəbəyə tutmağı əmr edir. Sonrakı ayədə isə Uca Allah bu hökmlə bütövlükdə bütün müsəlman millətinə müraciət edir. Uca Allah həm də bildirir ki, o hökm Rəbdən gələn bir həqiqətdir. Bu müddəanın mənasını gücləndirmək məqsədilə iki (leksik) şəkilçidən istifadə olunmuşdur ki, heç kim onun gerçəkliyinə şübhə etməsin və zənnə qapılmasın ki, bu hökm müsəlmanların məmnun qalmaları üçün nazil edilmişdir və onu yerinə yetirməmək olar.
Ey insanlar! Allah sizin əməllərinizə laqeyd deyildir və daima sizə nəzarət edir. Elə buna görə də Onun hökmlərini yerinə yetirərək və qoy­duğu hədləri aşmayaraq Rəbbinizi xatırlayın! Sizin əməlləriniz unudulma­yacaq. Əksinə, hər biriniz onlara görə əvəzini bütövlüklə alacaq: yaxşılığa görə - yaxşılıq; pisliyə görə - pislik.

                                                                                

(150) “Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulha­ra­ma tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamam­layım və bəlkə, siz doğru yola yönələsiniz”.

Biz sizə hökm etmişdik ki, üzünüzü şərəfli Kəəbəyə tərəf çevirə­siniz və Kitab əhli, müşriklər sizinlə mübahisə edə bilməsinlər. Əgər siz üzünüzü həmişəlik Qüdsə tərəf tutsaydınız Kitab əhli sizi bunda günahlan­dıracaqdılar, çünki əvvəlki Müqəddəs Kitablarda Allahın sonuncu elçisi­nin Məscidulharama tərəf – Kəəbəyə üz tutacağı qeyd olunmuşdur. Böyük Kəəbəni özlərinin fəxri və İbrahim peyğəmbərin (ə.) dininin hissəsi hesab edən bütpərəst ərəblərə gəldikdə isə, onlar Peyğəmbəri (s.ə.s.) ittiham etməyə başlayacaqdılar ki, o, özünü İbrahimin nəslindən olan davamçısı adlandıraraq, onun qibləsinə tərəf dönmək istəmir. Lakin siz artıq Kəəbə­yə tərəf çevrilirsiniz və buna görə Kitab əhli və müşriklər sizə qarşı heç bir dəlil gətirə bilməyəcəklər.
Əgər onlar sizinlə mübahisə etmək istəsələr, zalımlıq etməli ola­caqlar, çünki heç bir inandırıcı sübuta əsaslana bilməyəcək və ancaq öz nəfslərinin istəyinə uyaraq zalımlıq edəcəklər. Belə insanları inadından döndərmək mümkün deyil, onların özlərinin doğruçuluğunu sübuta yetir­mək istədikləri şübhəli iddialara isə baş qoşmağa dəyməz. Onlardan qorx­mayın, axı onların sübutları əbəs və yalandır və əgər bir adam yalanı mü­dafiə etmək istəsə, o, hökmən Allahın yardımından məhrum olar, haqq tərəfdarları isə, onlardan fərqli olaraq, bütün zamanlarda qüdrətli və güclü qalır və öz düşmənlərini qorxuya salırlar.
Uca Allah bunu yada saldıqdan sonra, təkcə Ondan qorxmağı əmr edir, çünki Onun qarşısında qorxmaq əmin-amanlığın əsasıdır və əgər insan Allahdan ehtiyat etmirsə, onda onu günah işlətməkdən heç nə çəkindirmir və onu Allahın hökmlərini yerinə yetirməyə sövq etmir.
Qeyd etmək lazımdır ki, müsəlmanların üzlərini Kəəbəyə tərəf çevirmələri Kitab əhlinin, münafiqlərin və müşriklərin şişirtdiyi böyük bir fitnə yaratdı. Onlar bu hadisəni müzakirə etməyə və insanların qəlbinə şübhələr yaymağa başladılar. Məhz buna görə Uca Allah nazil etdiyi hökmünü izah edərək onun doğruluğunu bir-neçə üsulla təsdiq etdi.
Birincisi, Allah nazil etdiyi hökmü üç dəfə təkrar etdi, halbuki bir dəfə tamamilə kifayət idi. İkincisi, adətən, Quran hökmləri ya Allahın Elçisinə (s.ə.s.) yönəldilir və bütün müsəlmanlara şamil edilir, ya da bütövlükdə İslam millətinə ünvanlanır. Şərh etdiyimiz hökm əvvəlcə birbaşa Allahın Elçisinə (s.ə.s.) yönəldilmişdi, sonra isə - bütövlüklə İslam millətinə aid edildi. Üçüncüsü, Allah inadkarlıq edən tərs adamların əsassız etirazlarının hamısını rədd etdi və onların şübhəli ittihamlarını bir-birinin ardıyca dağıtdı. Bu barədə artıq ətraflı bəhs etmişik. Dördüncüsü, Allah Kitab əhlinin Allahın Elçisinin (s.ə.s.) onların qibləsinə doğru dönə­cəyi ümidini boşa çıxartdı. Beşincisi, Allah xəbər verdi ki, nazil olunmuş hökm Rəbdən gələn haqdır. Hərçənd Böyük və Haqq Allahın bir hökmü tamamilə kifayət idi, buna baxmayaraq, Rəbb onun ədalətli olduğunu tək­rarən bir daha təsdiq edir və buyurur: “...Çünki bu sənin Rəbbindən gə­lən haqdır!...”( Bəqərə, 2/149).
Altıncısı, gizlini və qeybi Bilən Rəbb bildirir ki, Kitab əhli nazil edil­miş hökmün doğruluğuna qəti əmindir və bu şəhadəti qəsdən gizlədirlər.
Sonra Uca Allah qeyd edir ki, Kəəbəyə tərəf dönmək hökmü mö­minlərə bəxş edilmiş böyük bir nemətdir. Allahın müsəlmanlara bəslədiyi mərhəməti və rəhmi daima artırdı və buna görə hər bir yeni hökm onlar üçün növbəti böyük nemətdi. Onlar üçün ən başlıca nemət isə İslamı qəbul etmələriydi ki, o da Allahın Elçisinin (s.ə.s.) gəlişi və Müqəddəs Quranın vəhy edilməsi ilə mümkün olmuşdu. Qalan bütün nemətlər Allahın bu əsas nemətinə əlavələr idi. Muhəmmədin (s.ə.s.) peyğəmbərlik vəzifəsinin başlandığı vaxtdan ta bu dünya həyatından ayrılanadək bu nemətlərin sayı o qədər çox olmuşdu ki, onların hamısını saymaq da müm­kün deyil. Allah onları Öz Peyğəmbərinə (s.ə.s.) və onun davamçıla­rına bağışlamışdı və nazil edilmiş din kamilliyə nail olduqda, Uca Allah buyurur: “...Bu gün kafirlər sizi dininizdən döndər­məkdən əllərini üz­dü­lər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (Maidə, 5/3).
Sayı-hesabını müəyyən etmək mümkün olmayan və bütün nemət­ləri və səxavətinə görə layiqincə təşəkkür edə bilməyəcəyimiz Allaha həmd olsun! O, insanlara olan Öz nemətini tamamlamaq qərarına gəlir ki, insanlar hidayət yolunu davam etdirsinlər, yəni haqqı dərk edib, işlərində onu rəhbər tutsunlar. Çoxyaxşılıqedən Uca AllahF Öz mərhəməti ilə qul­la­rını doğru yola aparan hər şeyi asanlaşdırmış, bu yolla necə getməyi göstərmiş və bütün bunları ən aydın bir şəkildə izah etmişdir. O, hətta inad­cıl tərs kafirləri də yaratmışdır ki, onların haqqa dair mübahisələri, haqqın öz əlamətlərini və dəlillərini daha böyük qüvvətlə büruzə verməsi­nə və aydın nümayiş etdirməsinə təkan versin ki, insanlar yalanın naqis­liyinə və əsassızlığına əmin ola bilsinlər. Əgər yalan həqiqətə müqavimət göstərməsəydi, insanların çoxu onun eybəcərliklərini və nöqsanlılığını dərk edə bilməzdilər, axı hər şey müqayisə edildikdə yaxşıca başa düşü­lür. Əgər gecə olmasaydı, insanlar gündüzün üstünlüyünün əhəmiyyətini anlamazdılar, şər olmasaydı, insanlar xeyri qiymətləndirə bilməzdilər, qaranlıq olmasaydı, insanlar işığın ləzzətini duymazdılar və o cümlədən, yalan olmasaydı, insanlar həqiqəti, haqqı belə ən münasib tərzdə qavra­mazdılar. Bunlara görə Allaha həmd olsun!

                                        
 (151) “Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və Hikməti sizə öyrədən, habelə bil­mədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik”.

Biz sizə böyük lütfkarlıq göstərib, namaz qıldığınız zaman sizə üzünüzü Kəəbəyə tərəf çevirməyə imkan verdik və sizə dininizi daha mükəmməlləşdirən çoxsaylı hökmlər nazil etdik. Lakin Bizim bu nemətlə­ri­miz sizə verdiyimiz ilk xeyirxahlığımız deyildi. Əvvəllər də Biz sizə baş­lıca nemətimizi əta etmişdik ki, onun ardıyca sonrakılar davam etdi­rildi. Biz sizə öz mühitinizdən çıxmış alicənab Elçimizi (s.ə.s.) göndərdik. Siz onun əsil-nəcabətini yaxşı tanıyır, doğruçu olduğunu gözəl bilir, onun sözündə etibarlı olmasına və qüsursuz səmimiyyətinə əminsiniz.
Elçi (s.ə.s.) sizə Quran ayələrini oxuyur və ecazkar möcüzələr gös­tərir ki, həqiqəti yalandan, doğru yolu isə azğınlıqdan ayıra biləsiniz. Bu rəmzlər, hər şeydən əvvəl, tövhidi sübuta yetirir və Allahın kamilliyini təsdiq edir. Onlar Elçinin (s.ə.s.) doğruçuluğuna və ona (s.ə.s.) iman gətir­məyin zəruriliyinə şəhadət verir. Onlar Axirət həyatının və onun (s.ə.s.) qeyb haqqında söylədiyi hekayətlərin hamısının gerçəkliyini təsdiq edir. Məhz bu ayələrin sayəsində siz doğru yola çıxa və qəti iman sahibi ola bilərsiniz.
Elçi (s.ə.s.) sizin əxlaqi keyfiyyətlərinizi və qəlbinizi paklaşdırır, sizi çirkin xislətdən arındıraraq, yüksək əxlaqi ruhda tərbiyə edir. O (s.ə.s.), sizə Tək olan Allaha iman gətirməyə və müşriklikdən xilas ol­mağa, səmimiləşməyə və şöhrət düşkünlüyündən və özününümayiş mərə­zindən qorunmağa, həqiqətsevər olmağa və yalandan qurtulmağa, sədaqət­liliyə və xəyanət­karlıqdan, məkrlilikdən uzaqlaşmağa, təvazökarlığa və təkəbbürlülükdən canını qurtar­mağa, vicdanlı insanlar olmağa və əxlaq­sızlıqdan əl çəkməyə kömək edir. O (s.ə.s.), sizi bir-birinizi sevməyə, dostluq münasibətləri saxlamağa, qarşılıqlı ədavətdən xilas olmağa, bir-birinizdən qaçmamağa, mehribanlıq münasibətlərini qırmamağa və çoxlu digər gözəl keyfiyyətlər qazanmağa dəvət edir.
Elçi (s.ə.s.) sizə Müqəddəs Quranın mətnini və mənasını öyrədir, sizə Hikməti öyrədir. Belə rəy var ki, hikmət adı altında Sünnə nəzərdə tutulur. Başqa bir şərhə görə isə, hikmət dedikdə, şəriətin incəliklərini və İslam hüququnu bilmək, hər şeyi öz yerinə qoymağı bacarmaq düşünülür. Sonuncu izahdan belə çıxır ki, Sünnəni öyrənmək Quranı öyrənməyə daxildir, çünki Sünnə Quran ayələrini izah və şərh edir və onların əsil mənasını aydınlaşdırır.
Elçi (s.ə.s.) sizə əvvəllər bilmədiklərinizi öyrədir. Çünki onun (s.ə.s.) peyğəmbərliyinin başlanmasına qədər siz açıq-aydın azğınlıq iç­ində idiniz. Siz haqqı tanımırdınız, düzgün hərəkətlər etmirdiniz və ancaq Muhəmməd Peyğəmbərin (s.ə.s.) sayəsində bu keyfiyyətlərə nail oldunuz və buna görə də onun (s.ə.s.) gəlişi sizin üçün ən böyük nemət olmuşdur. Allah bəşəriyyətə heç vaxt bundan böyük bir nemət bəxş etməmişdi və siz Ona həmd etməli, Onun qarşısında vəzifələrinizi yerinə yetirməlisiniz.
                  

(152) “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!”

Uca Allah qullarına buyurur ki, Onu xatırlasınlar və buna görə O, on­lara bol ənam verəcəyini vəd edir. Bu mükafatın təzahürü – Onu xatır­layanların hər birini Allahın yadında saxlamasıdır. Uca Allah Öz Elçisinin (s.ə.s.) dili ilə belə buyurur: “Kim Məni özündə xatırlasa, Mən də onu Özümdə xatırlayacağam. Kim Məni cəmiyyət arasında  xatırlasa, Mən onu daha gözəl bir cəmiyyətdə xatırlayaram”.
Allahı zikr etmənin (xatırlamanın) ən mükəmməl forması Onu eyni zamanda dillə və qəlblə xatırlamaqdır. Bunun sayəsində insan Allahı daha yaxşı dərk edir, Onu daha qüvvətlə sevməyə başlayır və nəticədə daha bö­yük əcr alır. Allahı xatırlama minnətdarlığın ali təzahürü olduğu üçün, Allahı zikr etmə hökmünün ardıyca, Ona ən geniş mənada şükür etmək haqqında hökm verilir. Allah saysız-hesabsız nemətini müsəlmanlara bəxş etdiyi və onları hər cür bəladan qoruduğu üçün, onlar Allaha təşəkkür etməli və həm də Rəbbin xeyirxahlığını etiraf edərək, minnətdarlıqlarını qəlbən bildirməli, Ona səxavəti və nemətlərinə görə sözlə həmd etməli, əməlləri ilə isə, Onun qadağalarını pozmadan, hökmlərini yerinə yetirmə­li­dirlər. Belə minnətdarlıq əldə etdikləri nemətləri saxlamağa və hətta on­ları artırmağa kömək edir. Bu barədə Uca Allah buyurur: “...Əgər şükür  etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir” (İbrahim, 14/7).
Dini biliklərin, əxlaqi paklığın, saleh (yaxşı) əməllərin və digər mənəvi nemətlərin xatırlanmasından sonra Allaha minnətdarlıq bildirmək haqqında hökm, bu nemətlərin ən layiqli və ən əla keyfiyyətə malik olmasına dəlalət edir. Bundan əlavə, ancaq onlar əsil nemətlər adlandırıla bilər, çünki bütün başqa nemətlər yox olduqdan sonra da onlar qalırlar. Əgər insan bilik əldə etmişsə və yaxşı əməllər etməyə ruhlandırılmışsa, onda o, Allaha həmd etməyə borcludur ki, Qüdrətli Rəbb də Öz səxavəti sayəsində onun nemətlərini artırsın, onu özünü bəyənməkdən qurtarsın və Allaha daha yaxşı həmd etməkdə ona kömək göstərsin.
Sonra Uca Allah qullarına, minnətdarlığın tam əksi olan naşü­kür­lü­yü qadağan etmişdir. Ərəb sözü olan “küfr” (“kafirlik”, “naşükürlük”) bir halda naşükürlük, neməti inkar etmək və bəxş edilmiş hədiyyələri təyinatı üzrə istifadə etməmək kimi başa düşülür. Başqa bir şərhə görə isə, o, daha geniş mənaya malikdir və hər cür nankorluğun və naşükürlüyün təzahürü kimi anlaşılır ki, bunların da ən dəhşətlisi Allahı inkar etməkdir. Bu halda, o, Allaha şərik qoşmağa və digər yüngül günahlara aid edilir.

                          
 (153) “Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!”

Uca Allah möminlərə buyurur ki, dini məsələlərdə kömək üçün səbrə və namaza müraciət edilməlidir. Səbir dedikdə, qəlbin ona naxoş və ağır gələn şeylərdən çəkinməsi nəzərdə tutulur. Səbri üç tərkibə ayırmaq olar: Allahın hökmlərini səbirlə yerinə yetirmək, Ona itaətsizliyi səbirlə rədd etmək və taledən şikayətlənmədən Allahın qədərinə mətinliklə döz­mək. Səbirlilik bütün işlərdə insana böyük fayda verir və əgər o, layiqincə dözümlülük göstərmirsə, onda o, gözlənilən nəticəyə nail ola bilmir, xüsu­silə, əgər söhbət daima ağır dini hökmlərin yerinə yetirilməsindən gedirsə. Hər bir adamın Allahın ağır əmrlərinin acısını udmaqdan ötrü səbirli olmağa ehtiyacı var. Əgər o, səbirli və möhkəm olmağı bacarırsa, onda uğ­ur qazanır, yox, əgər ağır və xoşagəlməz sınaqlar onu hövsələdən çıxa­rırsa, onda o, əliboş qalır və böyük nemətdən məhrum olur.
Eyni şeyi insan qəlbinin rəzil hisslərinin törədilməsinə təkan verdi­yi günahlar haqqında da demək olar. İnsan günahlardan çəkinməyə qabil­dir, lakin o buna görə daima çox möhkəm səbirlilik göstərməli, qəlbinin alçaq duyğularını boğmalı və Allahdan onu itaətsizlikdən çəkindirməyə dua etməlidir, çünki günahlar insanı yoldan çıxaran ən böyük tovlayıcı­lar­dan biridir.
Eyni şeyi ağır sınaqlar haqqında da demək olar, xüsusilə, onlar uzun müddət davam etdikdə, onlar insanın ruhunu və bədənini zəiflədirlər. Əgər insan qəlbən Allah xatirinə, öz Rəbbinə təvəkkül edərək və Onun kö­məyinə sığınaraq bu sınaqlardan çıxa bilmirsə, onda o hökmən tale­yindən şikayətlənəcəkdir.
Bütün deyilənlərdən aydın olur ki, Allahın qulunun səbir etməyə möh­kəm ehtiyacı var. Bundan əlavə, o daima səbirli olmağa kəskin zəru­riyyət duyur. Məhz buna görə Allah qullarına səbirli olmaq hökmü verir və bildirir ki, O, həmişə onlarladır. Bu o deməkdir ki, əgər səbirlilik insa­nın ayrılmaz məziyyətlərindəndirsə, onda Allah ona kömək edir, onu doğru yola yönəldir və səhvlərini düzəldir. Bu yardımın sayəsində mö­minlər ağır və xoşagəlməz sınaqların əziyyətini hiss etmir, ən mürəkkəb buyruqların öhdəsindən asanlıqla gəlir və heç bir çətinlik çəkmirlər.
Bu ayədə Allah, xüsusi bir tərzdə, məxluqları ilə olduğunu bildirir. Bu, özünü Onun insanlara məhəbbətində, yardımında və yaxınlığında göstərir. Bu, səbirli möminlərin layiq görüldüyü böyük bir şərəfdir. Əgər Allahın onlarla olması səbirli insanların yeganə üstünlüyü olsaydı da belə, bu onlara kifayət edərdi. Allahın ümumiyyətlə məxluqları ilə olmasına mü­na­­si­bətdə demək lazımdır ki, burada Allahın elmi və qüdrəti vasitəsilə olması nəzərdə tutulur. Bu fikir Uca Allahın ayəsində belə səslənir: “...Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür” (Hədid, 57/4). Allahın məxluqları ilə olmasının bu forması yaradılmışların istisnasız olaraq hamısına aiddir.
  Uca Allah həmçinin namaza müraciət etməyi əmr edir, çünki namaz dinin sütunlarından biri, möminlərin işığı və qulun Rəbbi ilə əlaqə vasitəsidir. Əgər qul namazı mükəmməl qılırsa, onun fərz və sünnələrini yerinə yetirirsə, bütün qəlbi ilə Rəbbi qarşısında itaətkarcasına duraraq namazın mahiyyətini dərk edirsə, əgər o, namazın başlanğıcından özünü Rəbbi qarşısında hiss edirsə və özünü ağası qarşısında dayanmış müti qul kimi aparırsa, əgər o, sözlərini və əməllərini başa düşürsə və Allahla təmasda və Ona dua etməklə məşğul olduğunu bilirsə, onda qıldığı namaz mütləq ona dinin qalan bütün tələblərini layiqincə yerinə yetirməyə kö­mək edəcək, çünki namaz insanları çirkinliklərdən və qəbahətli hərəkət­lər­dən qoruyur. Namaz zamanı mütilik hissi insanın qəlbində Allahın hökm­lərinə itaət etmək, Onun qoyduğu qadağanları pozmamaq kimi keyfiy­yətlər yaradır. Müsəlman xeyirxah işlər görmək istəyəndə məhz belə namazların köməyinə bel bağlamalıdır.

                            
 (154) “Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin Əksinə, on­lar  diridirlər, lakin siz bunu ayırd edə bilmirsiniz”.

Bütün işlərdə səbirli olmağı buyurduqdan sonra Çoxyaxşılıqedən Uca Allah səbirli olmaq hesabına yerinə yetirilən yaxşı əməlləri nümunə gətirir. Bu yaxşılıqlardan biri – Allah yolunda müqəddəs müharibədə işti­rak etməkdir. Cihad – ibadətin ən şərəfli ayinidir və o, cismani iştirakla həyata keçirilir və insan qəlbinin ən ağır ibadət ayinidir, çünki o, ölümlə və bu dünyadan ayrılmaqla bağlıdır. İnsanlar bu həyatda yaşamaq müd­dətini mümkün qədər uzatmaq həsrətindədirlər və bunun üçün əllərindən gələni edirlər. Onlar öz həyatlarını uzatmaq və ölümü uzaqlaşdırmaq üçün zəhmət çəkir və əmək sərf edirlər.
Yaxşı məlumdur ki, ağıllı insan sevdiyi bir şeyi, daha gözəl və da­ha ecazkar olan bir şeyin xatirinə tərk edə bilər. Ona görə də, Uca Allah bildirir ki, əgər insan Rəbbin Sözünün yer üzündə şan-şöhrət tapması və Onun dininin qələbə çalması naminə Allah yolunda döyüşmüşsə, əgər o, tamahkarlıq məqsədləri güdmədən müqəddəs müharibədə həlak olmuşsa, onda o, ona əziz olan həyatından ayrılmır. Əksinə, ona, elə bir yeni həyat nəsib olur ki, onun gözəlliyi və kamilliyi təsəvvür edilə biləcəyini ötüb keçir.
Uca Allah buyurur: “Allah yolunda öldürülənləri əsla ölmüş san­ma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qar­şı­laşmayacaqlarına və onların kədərlənməyə­cəklərinə fərəhlənir­lər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlə­rin mü­kafa­tını heçə çıxarmayacağına sevinirlər”[3].
Canını fəda etmiş şəhidlərin həyatını hansı həyatla müqayisə etmək olar? Onlar Uca Allahın yaxınlığında əla yemək və içməkdən ibarət olan maddi nemətlərdən və həm də sevincdən, şənlikdən, habelə hər hansı təh­lü­­kədən və qəm-qüssədən uzaq olan mənəvi nemətlər­dən istifadə edərək həzz alırlar. Onların həyatı aralıq bərzəx aləmində yerdəki həyatdan ol­duqca mükəmməldir. Muhəmməd Peyğəmbər (s.ə.s.) hətta xəbər vermiş­dir ki, şəhidlərin ruhları yaşıl quşcığazların daxilindədirlər və onlar Cənnət çaylarının ətrafında uçuşur, Cənnət meyvələrindən yeyir və Ərşə bağlanmış fənərlərin yanına qədər uçub gedirlər.
Bu ayədə Allah yolunda müqəddəs müharibədə iştirak etməyə əzə­mətli çağırış və bu sahədə layiqincə səbirlilik göstərmək öz əksini tap­mışdır. Əgər Allahın qulları Allahın yolunda canını fəda etmişləri hansı mükafatın gözlədiyini təsəvvür edə bilsəydilər, onda onlardan bir nəfər də olsun belə müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmazdı. Lakin möhkəm əqidənin olmaması müsəlmanların əzmini zəiflədir, onları daha çox yatmağa məcbur edir və onları böyük mükafatlardan və bol-bol qənimətlərdən məhrum edir.
Əgər Uca Allah buyurursa ki: “Doğrudan da, Allah möminlər­dən, Cənnət müqabilində onların canlarını və mallarını satın almış­dır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər...” (Tövbə, 9/111). – onda məgər bu mükafata şübhə etmək olarmı?! Allaha and olsun, əgər insanın min həyatı olsaydı və onların hər birini Allahın yolu uğrunda itir­səydi, yenə də onun etdiyi – alacağı əzəmətli mükafatın yanında əhəmiy­yətsiz olardı! Elə buna görə, canını fəda etmiş şəhidlər Allahın mükafatı­nın cazibədarlığını öz gözləri ilə görüb əmin olduqdan sonra, bu dünyaya qayıdıb Allahın yolunda bir daha canlarını fəda etmək imkanından başqa heç nəyi arzu etmirlər.
Ayə həm də bərzəx aləmində həzz və cəza alınacağının gerçək­li­yi­nə dəlalət edir ki, bunu bir çox digər müqəddəs mətnlər də təsdiq edir.
                               

(155) “Biz sizi bir az qorxu, bir az aclıq, bir az var-dövlət, in­s­an və məhsul itkisi ilə sınayırıq. Səbir edənlərə müjdə ver”.

ﭮ ﭯ  ﭰﭱﭲﭳ ﭴﭵﭶﭷ ﭸ    

 (156) “O kəslər ki, onlara bir müsibət üz verdikdə:“Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər”.

Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaq­lar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.
Bu ayədə Allah bildirir ki, Onun qulları düşmənləri və aclıq qarşı­sında qorxu hissi ilə sınaqdan keçirlər, özü də bu zaman qorxu və aclıq çox cüzi olur, çünki əks halda möminlər həlak ola bilərlər. Lakin onların qismətinə düşən sınaq onları məhv etməyə deyil, onların sıralarını təmiz­lə­məyə yönəldilir.
Bununla yanaşı, Allah Öz qullarını var-dövlətini, adamlarını və məhsullarını itirməklə də sınaqdan keçirir. Var-dövlətin itirilməsi dedikdə, insanın maddi rifahına zərbə vuran hər hansı hadisə nəzərdə tutulur. Bu, təbii fəlakət, daşqın, itki, hökmdarların və ya zalımların özbaşınalığı, yol­da soyğunçuluq və digər bədbəxtliklər ola bilər. İnsanların itirilməsi de­dikdə, uşaqların, qohumların, dostların və digər sevimli insanların həlak olması və habelə, insanın özünə və ya ona əziz olanlara düçar olan xəs­təliklər nəzərdə tutulur. Məhsulların itirilməsi dedikdə, taxıl sahələrinin, xurma ağaclarının və başqa meyvə ağaclarının, giləmeyvə kollarının kəskin soyuqlar, yanğınlar, qasırğalar, çəyirtkələrin basqını nəticəsində və başqa amillərin təsiri altında məhv olması nəzərdə tutulur.
Yuxarıda xatırlanan hadisələr həmişə baş verir və baş verəcəklər, çünki Hərşeyibilən və Hərşeydənxəbərdar Rəbb bu barədə öncədən bildir­mişdir. Onlar baş verəndə insanlar səbirli və səbirsiz olanlara ayrılırlar. Səbirsiz insanlara o anda iki bədbəxtlik düçar olur. Onlar sevimli adam­la­rından və əşyalarından məhrum olurlar ki, sınağın mahiyyəti də elə budur. Bununla yanaşı onlar daha böyük və gözəl olandan – onlara tapşırılmış səbir etməyə görə Allahın əcrindən məhrum olurlar. Onlar zərərə düşürlər və Allahın onları müdafiə etməsindən məhrum edilirlər və imanları zəiflə­yir. Onlar səbir etmək, Allaha öz taleyindən razılıq bildirmək və Ona həmd etmək imkanını əldən verirlər. Bunun əvəzində, onlar hirslənir və hiddətlənir ki, bu da onların itkilərinin həcmi və ağırlığını təsdiq edir.
Allah insanı sınaqdan keçirildiyi zaman ona səbir etməyə və nara­zılığını sözlə və əməli ilə bildirməkdən özünü saxlamağa kömək etdikdə, əgər insan Allahdan mükafat alacağına ümid bəsləyirsə və səbir etməyə görə mükafatın, ona düçar olmuş sınağın çoxsaylı üstünlüklərə malik olduğunu və baş vermiş bəlanın ona qarşı Allahın mərhəməti olduğunu, ona bəlalardan və çətinliklərdən daha çox xeyir və fayda verəcəyini bilirsə, onda o, Allahın iradəsinə tabe olur və mükafata layiq görülür. Bax buna görə, Allah, heç bir hesab istənilmə­dən, mükafat alacaqları haqqında səbirli iman sahiblərinə müjdə verilməsini əmr edir.
Məhz səbirli möminlər bu şərafətli müjdəyə və böyük ehtirama layiq görülmüşlər. Onlar mənəvi və ya fiziki əzab mənbəyi olan xoşagəl­məz işlərə və təsadüfi hallara məruz qaldıqda, deyirlər: “Biz – Allahın qullarıyıq və Onun iradəsindən asılıyıq. Biz öz həyatımız və öz var-döv­lə­ti­miz üzərində hakimiyyətə malik deyilik və Allah bizi sağlamlıqdan və ya malımızın bir hissəsindən məhrum edərsə, bilmək lazımdır ki, Mərhəmətli Rəbbimiz Öz qulları və Öz mülkü üzərində istədiyi kimi sərəncam vermək haqqına malikdir. Biz buna qarşı ola bilmərik. Bundan başqa, Allahın əsil qulu bilməlidir ki, bütün müsibətlər Müdrik Hökmdarın iradəsi ilə baş verir. O, insanlara onların özlərindən daha çox şəfqətli və Rəhmlidir. Buna görə biz taleyimizlə razılaşmalı və Allaha, Onun təyin etdiyi, hətta insan başa düşmədiyi halda, ona fayda gətirən qədərinə görə, həmd etməliyik. Allahın qulları olaraq biz mütləq Qiyamət günü öz Rəbbimizə dönəcəyik və onda hər bir insan öz əməllərinin əvəzini alacaq. Əgər biz Allahın mükafatına ümid bəsləyərək səbirlilik göstərsək, onun əvəzini tam alarıq. Yox, əgər biz qəzəblənsək və taleyi­mizdən şikayət etsək, onda bu mükafatdan məhrum olarıq və bizə öz hid­dətimizdən başqa heç nə qalmaz. Bizim, Allaha məxsus olan və hökmən Ona qayıdacaq, qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”.


[1] Etikaf – məsciddə tənhalığa çəkilərək müəyyən dövr üçün oradan çıxmadan edilən ibadətdir. F.S.
F 128-ci ayə nəzərdə tutulur. F.S.
[2] Nəcm, 53/31
F Allahın “əl-Bərr” kimi gözəl adına işarədir. F.S.
[3] Ali-İmran, 3/169-171

Комментариев нет:

Отправить комментарий