суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 7-ci parça



(6.160) “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”.

Allah Axirətdə əvəzi necə verəcəyi barədə bildirir. Əgər insan Onun qarşısında qəlbən və ya cismən ifadə etdiyi və ya onun Allah və məxluqlar qarşısındakı öhdəlikləri ilə bağlı xoş sözləri və ya yaxşı əməlləri ilə dayanarsa, onda o, etdiklərinin əvəzini on qat ölçüdə alacaq. Bu, xeyirxahlıq edilməsinə görə ən minimal mükafatdır. Əgər insan Allahın hüzuruna cinayətləri ilə gələrsə, onun cəzası artırılmayacaq, lakin törətdiklərinə uyğun olacaqdır ki, bu da Fövqəluca Allahın mütləq ədalətini və xeyirxahlığını təsdiq edir. O, heç kimlə, hətta zərrə qədər belə, ədalətsiz davranmır. İnsanlar incidilməyəcəklər.

                           ﮫﮬ            

(6.161) “(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düz­gün) dinə, batildən haqqa tapınan və müşrik­lərdən olmayan İbrahimin dininə yönəltdi!”

Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, özünün düz yolla getdiyini və doğru dinə etiqad etdiyini hamıya bildirsin. Bu din faydalı baxışlara və saleh əməllərə söykənir. O, ən gözəl şeyləri etməyi əmr edir və bütün pis şeyləri qadağan edir. Bütün peyğəmbərlər və elçilər (onlara Allahın salamı olsun) həmin dinə etiqad ediblər, o cümlədən, bütün səmimi qulların başçısı, onun (ə) ölümündən sonra, insanlara göndərilən əksər peyğəm­bərlərin ulu babası, mərhəmətli Allahın sevimlisi – İbrahim Peyğəmbər (ə) də. O din Bir olan Rəbbə səmimi xidmət dinidir və bütün digər yanlış etiqadlardan – yəhudilərin, xristianların və müşriklərin sitayiş etdiklərindən fərqlənir.

                         ﯟﯠ                

(6.162) “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”
(6.163) “Onun heç bir şəriki yoxdur. Mənə belə buyurul­muşdur və mən ilk müsəlmanam!”

Bundan əvvəlki geniş mənalı vəhydən sonra Fövqəluca Allah ibadətin ən şərəfli ayin­ləri­ni – namazı və qurbanı xüsusilə qeyd edir. Bununla da Allah bu ayinlərin üstünlüyünü xüsusilə vurğulayır ki, onların hər biri insanın Fövqəluca Allahı sevdiyinə, səmimiyyətlə təkcə Ona xidmət etməsinə və Ona qəlbən, dili və canı ilə və həmçinin qurban verməklə yaxınlaşmağa can atdığına şəhadət verir. Həqiqətən, mömin insan özü üçün əziz və sevimli olan malını Fövqəluca Allaha qurban edir və bununla o, Onu daha güclü məhəbbətlə sevir.
Əgər insan Allah xatirinə səmimiyyətlə namaz qılır və qurban verirsə, onda onun bütün digər əməlləri və sözləri də həmçinin səmimi olacaqdır və belə olduqda, onun bütün həyatı və ölümünə qədər ona qismət olacaq hər şey bir olan Allaha – aləmlərin Rəbbinə həsr olunacaqdır. Onun Onunla bərabər hakimiyyəti və Kainatı idarə etməyi bölüşdürə bilən bir şəriki yoxdur; Onunla bərabər ibadət olunmaq haqqını bölüşdürə bilən  hər hansı şərikləri də yoxdur.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi tək Allaha bu cür xidmət bir yenilik deyildi. O (ona Allahın salavatı və salamı olsun!), bunu öz istəyi ilə fikirləşib tapmamışdı – ona bunu etmək həvalə olunmuşdu və o, təkcə bu hökmü yerinə yetirməklə pis sonluqdan xilas ola bilərdi. Bunu edərək, o (ona Allahın salavatı və salamı olsun!), ümmətimizin ilk müsəlmanı oldu.

                   ﯯﯰ              ﯶﯷ          ﯼﯽ    ﯿ                    

(6.164) “De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günah­kar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir”.

Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Allah bütün yaradılmışların Rəbbi olduğu və bütün məxluqlar Onun qulları və Onun iradəsinə tabe olduqları halda, heç ola bilər ki, mən məxluqlar arasında bir ağa axtarım ki, qayğımı çəksin və işlərimi idarə etsin?!! Mən digər canlı məxluqlar kimi, Onu öz Rəbbim adlandırmalı, bununla kifayət­lənməli və öz ümidlərimi kasıb və köməksiz qullara bağlamama­lıyam”.
Sonra Allah insanları xeyirxahlıq etməyə çağırır və onları gələcək qisas günü ilə hədələyir. O bildirir ki, hər bir insan həm yaxşı və həm də pis əməlləri təkcə özü üçün edir. Digər bir ayədə isə deyilir: “Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə olar. (Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndə­lərə zülm edən deyildir!”  (Fussilət, 41/46).
Heç kim özgəsinin günahlarının ağırlığını daşımayacaqdır. Əksinə, hər kəs təkcə öz yükünü aparacaq. Əgər bir adam bir başqasının yoldan azmasına və günah işlətməsinə səbəb olmuşsa, onda o, günahı bilavasitə törətmiş şəxsi məsuliyyətdən xilas etmədən,  buna görə özü məsuliyyət daşıyacaq. Qiyamət günü bütün insanlar Allaha qayıtmalıdırlar və O, onların bir-biriləri ilə mübahisə etdikləri xeyir və şər haqqında onlara xəbər verəcəkdir. Sonra isə O, hər kəsə layiq olduğunu  nəsib edəcəkdir.

                                 ﰕﰖ                   

(6.165) “(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur. (Ey Elçim!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) rəhm edəndir!”

Allah elə etmişdir ki, sizin bəziləriniz digərlərini əvəz etməyə gəlirlər. O, sizi yer üzünün varisləri etmiş və bu dünyanı sizə tabe etmişdir ki, sizi sınaqdan keçirsin və sizin özünüzü necə aparacağınıza baxsın. O, sizlərdən bəzilərinizi o birilərindən qüvvəyə, sağlamlığa, var-dövlətə, zahiri gözəlliyə və əxlaqi simaya görə üstün etmişdir ki, sizi sizə bəxş edilənlərlə imtahana çəksin. Siz müxtəlif əməllər edirsiniz və Allah günah işlədənləri və Onun ayələrini yalan sayanları cəzalandırmaqda ləngiməz. Ona iman gətirənləri, mömincəsinə davrananları və ağır günahlarında tövbə edənləri O, hökmən bağışlayır və əfv edir.

 
\c
                          ƏL-ƏRAF
                            (SƏDD)
                  SURƏSİNİN ŞƏRHİ
                            
                      Mərhəmətli və Rəhmli Allahın adı ilə!

                                   

(7.1) “Əlif, Ləm, Mim, Sad”.
(7.2) “Bu, (kafirləri Cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nə­si­hət vermək üçün sənə nazil edilən Kitabdır. (Ey Elçim!) Ondan ötrü ürəyində bir sıxıntı olmasın!”

Bu ayələrdə Fövqəluca Allah Öz Elçisinə (ona Allahın sala­vatı və salamı olsun!) Quranın əzəmətini izah edir. Bu Şərəfli Kitab Allahın qullarının ehtiyac duyduqları hər şeyi özündə əks etdirir. Onda Allahın bütün tələbləri və dini ehkamları təfsilatı ilə açıq­lanır.
Ey Muhəmməd! Quran insana sıxıntı vermir və onda şübhə doğurmur. Əksinə, bu – Müdrik və Həmdəlayiq Rəbbin Vəhyi və ən doğru Sözdür. Yalan Qurana nə öndən, nə də arxadan yaxınlaşa bilməz. Buna görə onun qarşısında qəlbini aç, əmin ol, onun hökmlərinə və qadağalarına riayət et və səni qınayanlardan və sənə müqavimət göstərənlərdən qorxma. Məxluqlara onun vasitə­silə öyüd-nəsihət və faydalı göstərişlər ver. Haqqı kafirlikdə inad­karlıq edənlərin nəzərinə çatdır və xütbələrini möminlər üçün oxu.
Fövqəluca Allah buyurur: “Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir” (Zariyat, 51/55). Xatırlatmalar sayəsində insanlar düz yolla getmək, ürəkdən və can-başla xeyirxah əməllər etmək zəruriyyətini və həmçinin qullara doğru yolla getməyə mane olan şeyləri yadlarına salırlar.

                           ﭫﭬ          

(7.3) “Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” 

Sizin xatiriniz üçün nazil edilən Kitabı rəhbər tutun. Rəbbiniz sizə göstərdiyi mərhəmətini tamamlamaq üçün onu sizə nazil etməyi arzulamışdır. Əgər siz indi, o nazil olduğu bir vaxtda onun ehkamlarına riayət etsəniz, onda Rəbbinizin ən böyük nemə­tindən ləzzət alacaq, mömin əməllər və gözəl əxlaq yolunu tutacaqsınız. Siz Ondan başqa bir kimsəni özünüzə sevimli hami qəbul etməyin, onların istəklərinə uymayın və onların xatirinə haqdan üz döndərməyin. Amma siz necə də öyüd-nəsihətə az qulaq asırsınız! Əgər siz onlara qulaq assaydınız və nəyin sizə fayda verəcəyini başa düşsəydiniz, onda siz sizə zərər verənə üstünlük verməz və fayda gətirəndən boyun qaçırmazdınız. Siz xeyirxah insanı buraxıb, düşmənə üstünlük verməzdiniz.

                 ﭸ ﭹ      

 (7.4) “Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi”.

Allah vaxtilə elçilərin gəldiyi zaman iman gətirməkdən boyun qaçıran xalqların düçar edildikləri cəza ilə insanları təhdid edir. O, həmin xalqlara bənzəməyi qadağan edir, çünki o zaman kafirləri amansız cəza çulğamışdı və onlar o cəzadan xilas ola bilmədilər. Onların ümid bəslədikləri tanrıçalar onlara fayda gətirmirdi və onlar törətdikləri zalımlıqlardan və cinayətlərdən imtina edə bilmədilər.

        ﭿ                            

 (7.5) “Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmu­şuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır”.

Fövqəluca Allah həmçinin buyurur: “Biz zalım olan (küfr edən) neçə-neçə məmləkətin (əhlisini) məhv etdik və onlardan sonra başqa bir xalq yaratdıq. Onlar əzabımızı hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular. (Mələklər istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmiş­diniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcək­siniz! Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halı­mıza! Biz, həqiqətən, zalım olmu­şuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)” - dedilər. Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər)” (Ənbiya, 21/11-15).

              

(7.6) “(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (pey­ğəm­­bərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də  sorğu-sual edəcəyik”.

Allah elçilər göndərdiyi xalqlardan Onun elçilərinin çağırı­şına necə cavab verdiklərini soruşacaq.
Fövqəluca Allah buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?” O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (Qiyamətin dəhşətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır)” (Qəsəs, 28/65-66). Allah həmçinin elçilərini (Allahın onlara salamı olsun!) də məsuliyyətə cəlb edəcək və onlardan Onun Müraciə­tini insanlara necə çatdırmaları və onların xalqının verdiyi cavab haqqında soruşacaq. 

    ﮒﮓ            
(7.7) “Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq)”.

Biz hökmən məxluqlara onların etdikləri bütün əməlləri haq­qında xəbər verəcəyik, çünki Bizə onların əməlləri büsbütün məlumdur. Biz həmişə (onlarla) olmuş[1] və (onları) heç vaxt tərk etməmişik.
Fövqəluca Allah buyurur: “And olsun ki, Biz sizin üstü­nüz­də yeddi yol (göy) yarat­dıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)” (Muminun, 23/17).

    ﮚﮛ                                              

(7.8) “O gün (Qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapan­lardır!”
(7.9) “Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllə­rindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlə­rinə zərər edənlərdir”.

Fövqəluca Allah törədilmiş əməllərə görə əvəz veriləcəyini xəbər verir və bildirir ki, Qiyamət günü əməllərin Tərəzidə çəkil­məsi ədalətli və qərəzsiz olacaqdır. Heç kimlə insafsızcasına davranmayacaqlar və buna görə yaxşı əməlləri pis əməllərindən ağır gələn möminlər uğur qazananlardan olacaqlar. Onlar bütün xoşagəlməz hallardan xilas olacaq və vəd olunan, arzu edilən nə varsa, əldə edəcəklər. Onlar böyük fayda qazanacaq və əbədi səadətə nail olacaqlar. Pis əməlləri Tərəzinin gözündə ağır gələn şəxslər uğur­suz­luğa uğrayacaqlar. Onlar əbədi səadətdən məhrum ediləcək və öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqla­rına və Allahın ayələrini rəhbər tutmadıqlarına görə şiddətli cəzaya məruz qoyulacaqlar.

               ﯗﯘ           
(7.10) “Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!”

Fövqəluca Allah qullarına göstərdiyi mərhəmətini, onları ev-eşiklə və yaşayış üçün zəruri olan vasitələrlə təmin etdiyini xatırladır. O, yeri elə bir hala salır ki, insanlar onun üstündə ev tikə və əkin əkə bilsinlər və həmçinin yerdən başqa faydalı məqsədlər üçün istifadə edə bilsinlər. O, yerdə ağaclar və bitkilər əkdi, onda faydalı minerallar və cürbəcür şeylər yaratdı ki, insanlar onları istifadə edir və ya satırlar. O, yeri həyat üçün əlverişli hala gətirdi və insanlara bu nemətlərdən faydalanmağı öyrətdi. Lakin insanlar onlara çoxsaylı nemətlərini bəxş edən və onları hər cür bədbəxt­liklərdən qoruyan Allaha çox nadir hallarda öz minnətdarlıqlarını bildirirlər.

               ﯥﯦﯧ  ﯨ ﯩ ﯪ        

(7.11) “Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı”.

Fövqəluca Allah insanlara onların nəslinin ulu babasını yaratması haqqında xəbər verir. Allah Adəmi xəlq edərək ona gözəl zahiri görünüş və qədd-qamət bəxş etmişdir. O, ona müxtəlif əşyalar və hadisələrin adları haqqında bilik vermiş və bunun sayəsində onun mənəvi siması kamilləşmişdi. Bundan sonra O, Özünün alicənab mələklərinə əmr edir ki, Adəmə səcdə etsinlər və bununla ona öz ehtiramlarını və onun üstünlüyünü bildirsinlər. Mələklər Rəbbin əmrinə itaət etdilər, təkcə İblis Adəmin qarşısında yerə diz çöküb səcdə etməkdən boyun qaçırdı, çünki o, təkəbbürlü və özündənrazı idi.

             ﭗﭘ                        
(7.12) “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane ol­du?” – deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən mə­ni oddan, onu isə palçıqdan yaratdın!” – dedi”.

Allah İblisə buyurdu: “Sən niyə Mənim Öz iki əlimlə yarat­dığımın qarşısında diz üstə çöküb səcdə qılmaqdan boyun qaçırt­dın? Mən ona, digər məxluqların layiq görülmədiyi böyük ehtiram göstərmişdim. Niyə sən Mənə itaət etmədin və Mənim əmrimə etinasızlıqla yanaşdın?” İblis Ona etiraz edib belə cavab verdi: “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə gildən yaratmışsan”.
Onun dəlili yanlış idi: o belə güman etmişdi ki, oddan yaradılan məxluqlar gildən xəlq edilənlərdən üstündürlər, çünki od gildən yaxşıdır. Lakin bu – oxşarlıq üzrə ən yanlış mühakimədir ki, bir neçə dəlillərlə təsdiq edilir.
Birincisi, İblis Adəmə səcdə qılmaq haqqında Allahın əmrinə zidd olan mühakiməyə istinad etmişdi və əgər oxşarlıq üzrə müha­kimə birmənalı əmrlə ziddiyyət təşkil edirsə, onda o, şübhəsiz ki, səhvdir. Oxşarlıq üzrə mühakiməyə istinad etmək o zaman mümkün sayılar ki, Allahın hökmü birmənalı olmasın və belə olduqda, bir məsələni, barəsində Allahın birmənalı hökmü bizə məlum olan digər məsələ ilə müqayisə etmək olar. Lakin əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrə ziddirsə, onda onun hüquqi əsası olmasının qəbul edilməsi Allahın hökmünü rədd etməyi nəzərdə tutur. Bax buna görə də oxşarlıq üzrə belə müha­kimə ən yaramaz mülahizələrdən biridir.
İkincisi, İblisin Adəmdən daha üstün olması haqqında iddi­ası tamamilə kifayətdir ki, onun qüsurlu olmasını ifşa etsin. O, öz üstünlüyündən təkəbbürlüyü və özün­dənrazılığı nəticəsində danışır və heç bir biliyi olmadan Allaha böhtan atır. Bundan da böyük nöqsan daha nə ola bilər?!
Üçüncüsü, o, odun gil və torpaqdan üstün olmasını söylə­yəndə haqlı deyildi, çünki yer müti və sakit bir məxluqdur və əkinçilik üçün yararlıdır. Yer daha çox nemət verir, onun üstündə ağaclar və hər cür bitkilər bitir, halbuki od aramsız və düşüncəsiz məxluqdur qarşısına çıxan hər şeyi yandırır və məhv edir.

                            
 (7.13) “(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”

Öz mənfur hərəkətini etməklə İblis özünü o dərəcədə alçalt­dı ki, Fövqəluca Allah ona belə əmr etdi: “Cənnəti tərk et! Heç kim özünü burada öyə bilməz, çünki Cənnət – pak və alicənab məxluq­ların məskənidir. Bura yaramaz və miskin alçaqların yeri deyil!” Alçaldılma və nifrət onun təkəbbürünün və özündənrazılığının cəzası oldu.  

                                   
(7.14) “(İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
(7.15) “(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

Allahın düşməni Allaha, Adəmə və onun nəsillərinə qarşı öz nifrətini açıq bildirdikdə, o, Qiyamət gününə qədər ona möhlət verilməsini xahiş etdi. O, Adəmin nəsillərindən olan insanlardan mümkün qədər çoxunu yoldan çıxarmağı böyük vəcdlə arzulayır­dı. Allahın hikməti də Ondan tələb edirdi ki, Onun qulları sınaqdan keçirilsinlər, çünki məhz bu vasitə ilə doğruçu insanları yalançılardan, Allaha müti olan möminləri isə Onun düşməninin əlaltılarından fərqləndirmək mümkün olardı. Buna görə, Allah İblisin xahişinə razılaşdı və ona möhlət verdi.   
    ﭿ                                   ﮏﮐ            
 (7.16) “(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
(7.17) “Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən gör­mə­yəcəksən!”

İblis Allahın mərhəmətinə ümidini itirərək dedi: “Mən hök­mən düz yolunun üstündə oturacağam və insanlara bu yolla get­məyə bacardığım qədər mane olacağam! Mən onlara hər tərəf­dən yaxınlaşacaq və istənilən imkandan istifadə edəcəyəm ki, heç olmazsa qismən istədiyimə nail olum”. Şeytan başa düşürdü ki, Adəmin övladları zəif idilər və onların əksəriyyəti öz vəzifələrinə laqeyd yanaşacaqdılar. Bundan başqa o, əmin idi ki, onları yoldan azdırmaq üçün əlindən gələni əsirgəməyəcək. Buna görə də o, güman edirdi ki, insanların əksəriyyəti naşükür olacaq və onun bu zənni düz çıxdı. Ancaq düz yolla gedən insanlar layiqincə minnət­darlıq edə bilərlər. Şeytan isə insanları məhz bu yoldan sapdırmaq və onların şükür edən qullar olmasına maneə törətmək niyyətində idi. Fövqəluca Allah buyurur: “Həqiqətən, Şeytan sizin düşməni­nizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhən­nəm əhli olmağa çağırır” (Fatir, 35/6). 
Allah İblisin sözləri və niyyəti haqqında bizə xəbər verir ki, biz ehtiyatlı olaq və bu düşmənlə qarşılaşmaya hazırlaşaq. Allah istəyir ki, biz şeytanın getdiyi yolları və girdiyi qapıları öyrənərək ondan qorunaq. Bu da Fövqəluca Allahın bizə bəxş etdiyi ən böyük nemətlərindən biridir.

         ﮚﮛ                  
 (7.18) “(Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mər­həmə­timdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dol­duracağam!”

İblis sözünü deyib qurtardıqdan sonra, Allah ona belə buyurdu: “Sən Cənnət bağlarını ən əhəmiyyətsiz və nifrətamiz məxluqlar kimi tərk edəcəksən. Sənə hörmət edilməyəcək. Əksinə, sən alçaldılacaq və tərk ediləcəksən. Sən Mənim mərhəmətimdən və hər cür xeyirdən məhrum ediləcəksən. Əgər insanlardan kimsə sənin ardınca getsə, bilin ki, Cəhənnəm səninlə və sənin ardınca gedənlərlə doldurulacaq”.
Beləliklə, Fövqəluca Allah and içmişdir ki, Cəhənnəm itaət­sizlik göstərənlərin məskəni olacaq və İblis və onun cinlərdən və insanlardan olan əlaltıları oraya atılacaqlar.

                                  

(7.19) “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədi­yiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”

Allah Adəmi şeytanın ona yetirə biləcəyi şər haqqında xəbərdar etmişdi. Bununla yanaşı, O, Adəmə və yaradılması ona qarşı bir nemət olan zövcəsi Həvvaya tapşırmışdı ki, Cənnət bağlarında məskunlaşsınlar, Cənnətin istədikləri nemətlərindən yesinlər və gözəlliklərindən həzz alsınlar, lakin bir müəyyən olunmuş ağaca yaxın düşməsinlər – onun meyvələrini yemək onlara qadağan edilmişdi. Allah hamıdan yaxşı bilir ki, bu ağac hansı ağac idi və onun adının çəkilməsinin bizə heç bir faydası olmazdı. Adəmə və Həvvaya o ağacın meyvələrindən yemək qadağan edilmişdi və Allah xəbər verir ki, əks halda onlar ədalətsiz günahkar – zalım olarlar.

                                                                          

(7.20) “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
(7.21) “Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məslə­hət­çiləri­niz­də­nəm” – deyə and içdi”.

Adəm və Həvva qəddar düşmən onlara yaxınlaşana qədər Allahın tapşırığını layiqincə yerinə yetirirdilər. Şeytan onları yoldan çıxarmağa başladı və aldadaraq onları azdırdı və dedi: “Allah sizə bu ağacın meyvələrindən yeməyi ona görə qadağan etmişdir ki, siz mələklərə oxşamayasınız və əbədi yaşamağı əldə etməyəsiniz. Mənə inanın, axı mən sizə səmimi qəlbdən xeyirxah­lıq arzulayıram. Məhz buna görə mən sizə bu sirri açdım”. Onun sözləri insanları inandırıb yoldan çıxartdı və onların coşqun arzusu onların ağlını çaşdırdı.

  ﯷﯸ              ﯿ           ﰄﰅ                                            

 (7.22) “Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın mey­və­sindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqla­rın­dan (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxın­­laşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmiş­dim­mi?”

Şeytan, itaətsizlikdən uzaq olmaları və ismətlə davranmaları sayəsində tut­duq­ları o yüksək pillədən Adəm və Həvvanı aşağı saldı. O onları günah girdabına batırdı və onlar qadağan edilmiş ağacın meyvəsindən yedilər. Lakin onlar o meyvələrdən dadan kimi, nəzərlərindən gizli qalan ayıb yerləri onlara göründü. Allah qorxusu onların ruhi libası olduğu üçün onların zahiri görünüşünə də təsir edirdi, lakin günah işlətdikdən sonra onların ayıb yerləri aşkar oldu və onlar bir-birilərindən utanmağa və Cənnət ağacları­nın yarpaqları ilə ayıb yerlərini örtməyə başladılar. Belə olduqda Allah tənə və məzəmmətlə onlara müraciət edərək deyir: “Məgər sizə bu ağacın meyvələrindən yemək qadağan olunmamış­dımı? Məgər sizə deyilməmişdi ki, şeytan – sizin açıq-aydın düşməniniz­dir? Bəs niyə ona qulaq asıb qadağan olunmuş əməli törətdiniz?”

                           

(7.23) “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”.

Allah Adəmə və Həvvaya rəhm etdi, onlara tövbə etməyə imkan verdi və onların tövbəsini qəbul etdi. Onlar öz günahlarını boyunlarına alıb etiraf etdilər, Ondan bağışlanmalarını dilədilər: “Ey Rəbbimiz! Biz bizə qadağan olunmuş əməl törətmiş və özümüz özümüzə böyük ziyan vurmuşuq. Əgər Sən bizi bağışlamasan, işlətdiyimiz günah bizə böyük zərər verə bilər. Günahlarımız yu, bizi cəzadan xilas et, tövbəmizi qəbul et və bizi sonrakı belə əməllərdən qoru”.
Allah onları bağışladı və Quranda bu barədə deyilmişdir: “...Adəm Rəbbinin əm­rindən çıxdı, amma mətləbinə yetmədi... Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi” (Taha, 20/121-122).
İblis isə günah əməllərini və zalımlığını davam etdirdi. Buna görə, əgər insanlar Adəm kimi öz günahlarını etiraf edir, bağışlan­ma diləyir, törətdikləri əməllər üçün təəssüflənirlərsə və Rəbbə itaətsizlik etməkdən əl çəkirlərsə, onda Allah onları seçilmiş qulları edir və onları doğru yola yönəldir. Yox, əgər onlar İblis kimi günah işləyərək, öz günahlarını artırırlarsa, onda Allah onları Özündən uzaqlaşdırır.

          ﭢﭣ                  

(7.24) “(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnət­dən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəli­niz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”.

Allah Adəmə və Həvvaya müraciət edərək onlara Cənnəti tərk etmək əmri verir. Hərçənd bu ayədə fel cəm halında verilirsə də, tərk etmək hökmü təkcə Adəm ilə Həvvaya aid idi, çünki İblis daha əvvəl səmaya qovulmuşdu. Sonra Allah onlara İblislə birgə yerə enmək hökmü verdi ki, şeytanların daima insanları izləyəcəyi hamıya aydın olsun. İblis doğrudan da daima insanladır, addım-addım onun ardınca gedir və Adəmin nəsillərini azğınlığa salmaq üçün əlindən gələni hər şeyi edir.
Buradan belə bir nəticə çıxarmaq olar ki, Allah Adəmi, Həvvanı və İblisi Cənnətdən Yerə qovmuşdur və onlara burada bir-birinə düşmən olaraq qalmaq nəsib edilmişdir. Yer kürəsi onlar üçün müvəqqəti bir məskəndir və onlar burada müəyyən bir vaxtadək maddi nemətlərdən ləzzət çəkmək və onlardan istifadə etmək imkanı almışlar.

                

(7.25) “(Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız!”

Adəmi, onun zövcəsini və törəmələrini yerə endirdikdən sonra, Fövqəluca Allah yerdə onların başına nə gələcəyindən xəbər verir: onlara orada yanılmalar və sınaqlarla dolu tam bir həyat sürmək nəsib olacaq. Onlara elçilər göndəriləcək və Kitablar nazil ediləcək və sonra onlar öləcəklər və torpağa basdırılacaqlar. Adəmin bütün nəsilləri onlar üçün müəyyən edilmiş müddəti yaşayıb başa vurduqdan sonra, Allah insanları dirildəcək, onları yerdən çıxardacaq və son dayanacaqları olan məskəndə məskun­laş­dıracaq.

                  ﭼﭽ    ﭿ    ﮁﮂ                

(7.26) “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xe­yirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asa­sınız”.

Allah insanlara, onların geyinməsi üçün zəruri olan hər şeylə təmin edilməsi ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Burada geyim adı altında nəinki təkcə bəzəkli libaslar, həm də dadlı yeməklər, içkilər, minik heyvanları, gözəl qadınlar və bir çox başqa şeyləri nəzərdə tutulur.
Allah qullarını onlara zəruri olan hər şeylə və hətta bundan daha çoxu ilə təmin etmiş və bildirmişdir ki, maddi nemətlər insan həyatının mənasını təşkil etmir. Allah o nemətləri onlara ona görə göndərmişdir ki, insanlar onlardan Ona ibadət etmək və itaət göstərmək üçün istifadə etsinlər[2]. Məhz buna görə, sonra Fövqəluca Allah xəbər verir ki, ən yaxşı libas – təqva[3] libasıdır. O, dünyəvi geyimdən daha yaxşıdır, çünki həmişəlik insanla qalır. O, nə köhnəlmir, nə də dağılıb yırtılmır və həmişə qəlbin və ruhun bəzəyi olaraq qalır, yer paltarına gəldikdə isə, onunla ancaq bədənin ayıb sayılan hissələrini müəyyən vaxtlarda örtmək və yaxud bəzənmək üçün onları geymək olar, o, insana başqa faydalar gətirə bilməz. Bundan başqa, insan libasdan məhrumdursa, onun ayıb yerləri açıq qalır, lakin bu ona ziyan vermir, çünki bu mövcud şəraitdən irəli gəlir. Əgər insan Allah qorxusundan məhrumdursa, onda onun mənəvi qüsurları aşkara çıxır və bu onu rüsvayçılığa və şərəfsizliyə məhkum edir. Bax buna görə libas Allahın möcüzələ­rindən biridir və insanlar onun sayəsində onlara fayda verənlə zərər vuranı bir-birindən ayıra bilir və öz mənəvi libaslarını sahmana salmaq üçün zahiri paltardan istifadə edirlər.
Sonra Fövqəluca Allah Adəmin nəslini şeytana itaət etmək­dən çəkindirir ki, o, bəşəriy­yətin ulu babasının başına gətirdiyini onların da başına gətirə bilməsin:

                                     ﮘﮙﮚ                   ﮡﮢ                  

(7.27) “Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə gös­tər­mək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həv­vanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yol­dan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirmə­yən­lərin (kafirlərin) dostları etdik”.

Ey Adəmin nəsilləri! Şeytan itaətsizliyi gözləriniz qarşısında bər-bəzəkli göstərir, sizi günah işlətməyə çağırır və itaət etməməyə ruhlandırır. Ona tabe olmayın, çünki o, sizin ulu valideynlərinizi Cənnətdən məhz bu üsulla çıxartmağa nail olmuşdu. Şeytan onları yüksək mövqelərindən məhrum etmiş və onları çox aşağı pilləyə salmışdı. İndi isə o, bu qayda ilə sizinlə davranmağa cəhd göstərir. O, sizi rahat buraxmır və əlindən gələni edir ki, sizi tovlayıb yoldan çıxartsın. Buna görə ondan çəkinin, onunla müharibə apa­rın və şeytanın sizə yaxınlaşa biləcəyi yolları yaddan çıxarmayın.
Həqiqətən, şeytan və cinlərdən olan iblislər yorulmadan sizi müşayiət edirlər və sizi elə yerlərdən müşahidə edirlər ki, orada onları görə bilmirsiniz. Onlara ancaq kafirlər lazımdır, çünki imanın yoxluğu – insanın iblislərə yaxınlığının rəhnidir. Fövqəluca Allah bu barədə belə buyurur: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)” (Nəhl, 16/99-100).

                   ﯕﯖ             ﯜﯝ                

(7.28) “(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çıl­paq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr et­miş­dir” - deyirlər. (Ey Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işləri) əmr et­məz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

Fövqəluca Allah müşriklərin yaramaz vəziyyəti haqqında xəbər verərək bildirir ki, onlar günah işlədərək deyirdilər ki, bunu etməyi onlara Allah tapşırmışdır. Onlar Kəbənin ətrafını lüt təvaf edər və digər çox çirkin hərəkətlərə yol verərək, deyərdilər: “Atalarımız belə edərdilər və Allahın Özü belə etməyi buyurub”. Onların iddiasının birinci hissəsi doğru idi, amma ikinci hissə müdhiş bir yalan idi. Onların yalanını ifşa etmək üçün Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “Allah iyrənc hərəkətlər etməyə əmr vermir. Allahın kamilliyi və müdrikliyi alçaq hərəkətlər törətməyə hökm verməklə bir araya sığmaz, bu, istər sizin alçaq əməllərinizlə və ya digər günahlarla bağlı olsun. Doğrudanmı siz Allah haq­qında bilmədiyiniz şeyləri danışacaqsınız? Bundan da dəhşətli böhtan ola bilərmi?”

       ﯨﯩ                   ﯲﯳ               
(7.29) “De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!”

Allah zalımlıq etməyi buyurmaz. O, Ona ibadətdə və məxluqlarla qarşılıqlı müna­sibətdə ədalətliliyə riayət etməyi əmr edir. O, buyurur ki, insanlar həmişə Ona doğru can atsınlar və ibadət mərasimlərinin yerinə yetirilməsində səy göstərsinlər. Xüsusilə, bu namaza aiddir, çünki hər bir müsəlman onu qəlbi və vücudu ilə qılmalı, hər cür nöqsan və diqqətsizlikdən çəkinməlidir. O, həmçinin əmr edir ki, Ona şərik qoşulmadan səmimiy­yətlə müraciət edilsin. Bu hökm həm insanın dua üçün Allaha müraciə­tinə və həm də Ona ibadət vasitəsi olan namaza şamil edilir. Əgər insan Ona namaz vasitəsilə ibadət edirsə, bundan mənfəət güd­məməlidir. Bu halda insanın yeganə məqsədi Allaha ibadət və Onun mərhəmətini qazanmaq olmalıdır.
Allah insanları ilk dəfə yaratmış və onları öldükdən sonra hökmən dirildəcəkdir, çünki məxluqları yaratmağa qadir olan, onları hökmən yenidən də yarada bilər. Şübhəsiz ki, təkrar yaratmaq, ilk dəfə yaratmaqdan daha asandır.

           ﯽﯾ  ﯿ                       

 (7.30) “(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər”.

Allah insanların bir qismini, onlara müvafiq əməllər işlətməkdə yardım göstərərək və onların yolu üstündəki maneələri aradan qaldıraraq, doğru yola yönəldir, digərlərini isə azdırır, çünki onlar özlərini azğınlığa salan və məhvə məhkum edən əməllər törədirlər. Onlar Allahı qoyub şeytanları özlərinə havadar və köməkçi tuturlar. Məlumdur ki, kim belə edirsə, mütləq açıq-aşkar azğınlığa düşür.
Onlar özləri Rəhmanın himayəsindən boyun qaçırır və şeytanın hamiliyinə üstün­lük verirlər. Buna görə onlar Allahın yardımından məhrum edilirlər. Allah onların taleyini özlərinə həvalə edir və onlar nəhəng bir ziyana düşmüş olurlar. Lakin buna baxmayaraq, onlar elə güman edirlər ki, doğru yolla gedirlər, axı dünya onların gözündə artıq tərsinə çevrilmişdir və onlar qərara almışlar ki, həqiqət – yalan, yalan isə həqiqətdir.
Bu Quran ayələri dini hökmlərin və qadağaların Allahın müdrikliyinə tabe olma­sını və qulların mənafelərinə xidmət etməsini təsdiq edir. Fövqəluca Allah xəbər verir ki, O, heç vaxt sağlam təfəkkürə zidd olan yaramaz əməllər törədilməsinə hökm vermir, çünki O, ədalətə riayət edilməsini və səmimi olmağı əmr edir.
Bu ayələr həm də onu sübut edir ki, insan düz yola təkcə Allahın mərhəməti sayəsində gəlir, azğınlığa isə, O, onu Öz köməyindən məhrum etdikdə, düşür. Bu isə, insan öz nadanlığı üzündən şeytanı özünə havadar götürdüyü və onu azğınlığa məhkum edən əməllər törətdiyi vaxt baş verir.
Bu ayələr həm də ona dəlalət edir ki, əgər azmış adam doğru yolla getdiyini hesab edirsə, bu ona heç də bəraət qazandırmır, çünki o düz yola gəlmək imkanına malik olduğu halda bunu etmir. Onun öz düzgünlüyünə əminliyi onun zalımlığının nəticəsidir, çünki o özü doğru yolu tapmaqdan boyun qaçırır.

                            ﭜﭝ                 


(7.31) “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libas­larınızı[4] geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”

Adəmin nəsillərinə libas nazil etdikdən və onlar onun sayəsində öz lüt bədənlərini örtdükdən sonra, Fövqəluca Allah insanlara əmr edir ki, özlərinin ayıb yerlərini fərz və əlavə namazlar zamanı da örtsünlər. Ayıb yerlərinin örtülməsi insan bədənini bəzəyir, onların açıq olması isə onu eybəcərləşdirir.
Başqa bir şərhə görə, bu ayədə zinətləriniz sözü altında təmiz və gözəl libaslar nəzərdə tutulmuşdur. Deməli, müsəlman namaz qılan zaman nəinki örtülməli yerlərini örtməli və həm də çirkaba və nəcisə bulaşmamış təmiz və gözəl paltar geyməlidir.
Sonra Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir.
Bir sözlə, bu gözəl ayə ləzzətli xörəklərdən və içkilərdən istifadə etməyi əmr edir, yemək və içməkdən boyun qaçırmağı qadağan edir və bunların istifadə edilməsində israfçılığı yasaqlayır.

                     ﭭﭮ                      ﭸﭹ                   ﭿ 

 (7.32) “(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuş­dur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), Qiyamət günündə (Axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir xalq üçün belə ətraflı izah edirik”.

Fövqəluca Allah bu ayədə ləzzət alınmasından Onun icazə verdiyi nemətlərdən istifadə olunmasını haram elan edən günah­kar­ları qınayır. Cürbəcür gözəl libasları geyməyi və hər cür yeməklərdən və içkilərdən istifadə etməyi kim haram etmişdir? Allahın Öz qullarına əta etdiyi şeyləri insanlara haram etməyə kim cəsarət edir? Allahın qoymadığı məhdudiyyətləri qoymağa kim cəsarət edir?!
O, qullarına hər növ nemətlərdən zövq almağa və Ona daha yaxşı ibadət etmək üçün o nemətlərdən istifadə etməyə icazə vermişdir. Lakin onlardan istifadə etmək ancaq möminlərə icazə verilmişdir, çünki Allah bildirmişdir ki, dünya həyatında nemətlər onlar üçün təyin edilmişdir, Axirətdə isə bu nemətlər müstəsna olaraq təkcə onlara məxsus olacaqdır. Axirətdə heç kim möminlə­rin alacağı zövqünə şərik ola bilməyəcək.
Bu ayədən məlum olur ki, günah işlətmək üçün nemətlərdən istifadə edən kafirlər onlardan istifadə etmək haqqına malik deyillər və buna görə cəzalandırılacaqlar. Qiyamət günü başlandıqda onlar istifadə etdikləri bütün dünyəvi nemətlər haqqında sorğu-sual ediləcəklər. Allah ayələrini bilik sahiblərinə belə izah edir, çünki təkcə onlar Onun izahlarından faydalana bilirlər və qəti bilirlər ki, bu ayələr Allah tərəfindən nazil edilmişdir. Onlar ayələrin üzərində düşünür və onların mənasını dərk edirlər.

                                                                                 

(7.33) “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Bu ayədə Allah bütün səmavi şəriətlərdə haram edilmiş günahkar əməlləri etməyin haram olunduğunu bildirir. O, çirkin əməllərə qurşanmağı (buraya nifrət doğuran ağır günahlar – zina­karlıq, homoseksuallıq və başqa bənzər günahlar aiddir) qadağan etmiş­dir. Çirkin əməllər sırasına açıq-aydın bədən hərəkətləri ilə törədilən əməllər və qəlbdə törədilən gizli əməllər daxildir. Sonunculara təkəbbürlülüyü, özündənrazı qalmanı, şöhrətpərəst­liyi, münafiqliyi və digər belə günahları aid etmək olar.
Bundan başqa, Allah, insanın Onun qarşısında yerinə yetirməli olduğu vəzifələrinə laqeyd yanaşmaqla bağlı olan günahlara yol verməsini və beləliklə özünü cəzaya məhkum etməsini qadağan etmişdir. O, insanların həyatına, əmlakına və namusuna qəsd etməyi də haram etmişdir. Bir sözlə, insanlara Allah qarşısında və Onun qulları qarşı­sında öz öhdəliklərini pozmaq bütün hallarda haram edilmişdir.
İnsanlara barəsində Allahın heç bir dəlil nazil etmədiyi çoxallahlığa etiqad etmək qadağan olunmuşdu. Əksinə, nazil edilmiş ayələr təkcə Ona ibadət etməyin zəruriliyini təsdiq edirdi. Bu ayədə Allaha şərik qoşma dedikdə Onunla bərabər yaradılmışlara sitayiş etmək nəzərdə tutulur. Yəqin ki, bu həm də nümayişkərana ibadətə, Allahdan savayı başqasının adı ilə and içməyə və kiçik şirkin digər təzahürlərinə də aiddir.
İnsanlara həmçinin məlumatları olmadığı halda Allahın adları, sifətləri, əməlləri və hökmləri haqqında danışmaq qadağan olunmuşdu. Bütün hallarda bunu etmək qəti surətdə qadağan edilmişdi, çünki belə cinayətlər həm insana və həm də cəmiyyətə ziyan vurur. Onları etdikdə insan zalımlıq girdabına düşür, Allah qarşısında öz vəzifəsini kobudcasına pozur, məxluqların haqqına qəsd edir və Onun dinini təhrifə uğradır.

    ﮠﮡ             ﮧﮨ         

(7.34) “Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”

Allah Adəmin nəsillərini yerə endirdi, onları orada yerləş­dirdi və onlar üçün müəyyən bir müddət müəyyənləşdirdi ki, onu nə yaxınlaşdırmaq, nə də uzaqlaşdırmaq mümkün deyil. Nə bütöv xalqlar, nə də ayrı-ayrı insanlar buna qadir deyillər.
                  ﯕﯖ                                          ﯨﯩ             

(7.35) “Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”
(7.36) “Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!”

Allah Adəmin nəsillərini Cənnətdən çıxartdıqdan sonra, onlara elçilər göndərdi və Kitablar nazil etdi ki, onları sınaqdan keçirtsin. Elçilərə həvalə olunmuşdu ki, Vəhyləri insanlara oxusunlar və şəriət hökmlərini onlara izah etsinlər.
Allah bu barədə xatırlatdıqdan sonra, Allahın elçilərinin çağırışına cavab verən­lərin üstünlüyü və həmçinin onların çağırışına cavab verməkdən boyun qaçıranların ziyana düşməsi haqqında xəbər verir. Kim bütpərəstlikdən, ağır günahlardan və kiçik xətalardan çəkinirsə və Allahın haram buyurduğu bütün şeylərdən özünü qoruyursa, kim qəlbən və bədən hərəkətləri ilə saleh əməllər işləyirsə, o, başqalarının qorxduğu, məşum hadisələrdən ehtiyat etməyə bilər və keçmişdə törətdiklərinə görə kədərlənməyə bilər. Həqiqətən də, əgər insan qorxu və kədərdən mühafizə edilirsə, onda o, tam əmin-amanlıq, xoşbəxtlik və əbədi uğur əldə etmişdir.
Allahın ayələrini təkəbbürlə inkar edən günahkarlar isə qəlbən onlara iman gətirməkdən və bədənləri ilə itaət etməkdən boyun qaçırdıqlarına görə mütləq Cəhənnəm əzabkeşləri olacaq və orada əbədi qalacaqlar. Onlar öz Rəbbinin ayələrinə etinasız yanaş­dıqlarına və onları inadkarcasına inkar etməkdə davam etdiklərinə görə unudulacaq və əbədi işgəncəyə məruz qoyulacaqlar.

                             ﯷﯸ          ﯽﯾ  ﯿ          ﰂ ﰃﰄ  ﰅﰆ           ﰋﰌ                         

(7.37) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) yazılmış qismətləri onlara çata­caq­dır. Nəhayət, elçilə­rimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz harada­dır?” – deyincə: “On­lar bizi qoyub qaçdılar!” – deyə cavab verə­cək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər”.

Allaha böhtan atanlardan, Ona şərik qoşanlardan, Onun qüsurları olduğunu deyənlərdən və Onun heç vaxt demədiyini Onun adından danışanlardan da günahkar adam yoxdur. Öz Rəbbinin haqqı izah edən və doğru yolu göstərən aydın ayələrini yalan adlandıranlardan daha günahkar bir adam yoxdur.
Onlar yerin gözəlliklərindən zövq alır və onlar üçün Lövhi-məhfuzda müəyyən edilmiş yer nemətlərindən istifadə edirlər, lakin bu onlara heç bir fayda verməyəcəkdir, çünki uzun sürməyən zövq alma uzunmüddətli cəza ilə əvəz ediləcəkdir.
İnsanların canını almaları tapşırılmış mələklər onların yanına gələrək, onları qınayacaqlar: “Əvvəllər səcdə etdiyiniz bütlər və heykəllər indi haradadır? Sizin onların köməyinə ehtiya­cı­nız olduğu an gəlmişdir. Onlar sizə fayda verə biləcəklərmi və ya sizi şərdən müdafiə edə biləcəklərmi?” Günahkarlar belə cavab verəcəklər: “Onlar yoxa çıxdılar və bizi Allahın cəzasından heç qurumadılar”.
Onlar özləri özlərinin əleyhinə şəhadət verəcəklər və zalım olduqlarını və həqarətli, sonsuz cəzaya layiq olduqlarını etiraf edəcəklər.

                            ﭝﭞ             ﭣﭤ                                   ﭴﭵ                      

(7.38) “(Allah Qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dinda­şına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplan­dığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat Cəhənnəm əzabı ver! (Allah) buyura­caq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

Mələklər kafirlərə deyəcəklər: “Sizdən əvvəl yaşamış cin və insanlarla birlikdə Cəhənnəmə girin! Siz eyni əməlləri etmişsiniz, kafirliyə etiqad etmiş və təkəbbürlü olmuşsunuz və buna görə də sizin hamınız Cəhənnəmdə rüsvay olmağa, məhvə və əbədi cəzaya layiqsiniz”.
Hər dəfə bir xalq Cəhənnəmə düşəndə, o, ona qohum olan xalqı lənətləyəcək. Fövqəluca Allah buyurur: “(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etmə­yiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəb­bətə) görədir. Sonra da Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz Cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!” (Ənkəbut, 29/25).
Nəhayət, hamısı bir-birinin ardınca Cəhənnəmə girib orada toplanacaqlar. Onların arasında ilk və sonrakı nəsillərin nümayən­dələri, rəhbərləri və onların müti ardıcılları olacaqdır. O zaman öz rəhbərlərinin ardınca itaətkarlıqla gedən günahkarlar onları azğın­lığa aparanlardan Allaha belə şikayət edəcəklər: “Ey Rəbbimiz! Bizi yoldan çıxaran onların, öz çirkin cinayətlərini bizim gözümüz qarşısında bər-bəzəkli göstərmələri oldu. Onların Cəhənnəm əza­bını ikiqat artır!” Allah isə belə buyuracaq: “Hər biriniz öz qismə­tinə düşən cəzanı alacaqdır!”

    ﭿ                                 

(7.39) “Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlü­yünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı! – deyə­cəklər”.

Kafirliyin öndərləri onların ardınca gələnlərə deyəcəklər: “Siz heç nə ilə bizdən yaxşı deyilsiniz. Biz birlikdə azğınlığa düşmüş və bizi cəzaya məhkum edən günahlara birlikdə yol vermişik. Sizi bizdən üstün edən nədir? Öz əməllərinizlə layiq olduğunuz əzabı dadın!” Buna baxmayaraq kafirliyin öndərləri və rəhbərləri sözsüz ki, onların yolu ilə itaətkarlıqla gedən günahkarlardan daha dəhşətli cəza alacaqlar. Bu isə müsəlman alimlərinin və rəhbərlərinin, onların saleh davamçılarına nisbətən daha gözəl mükafat alacaqları kimidir.
Fövqəluca Allah buyurur: “Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!” (Nəhl, 16/88).
Bu və digər oxşar ayələr Allahın ayələrini inkar edən kafirlər əbədi əzab çəkəcək­lərinə dəlalət edir. Amma şübhəsiz ki, onların cəzalarının həddi törətdikləri cinayətlərin, inadkarlıqlarının, zalım­lıq­larının və yalanlarının ağırlığından asılı olacaqdır. Bu dünyada bir-birilərinə bəslədikləri məhəbbət və qayğıkeşlik Qiyamət günü­nün başlaması ilə düşmənçiliklə və qarşılıqlı lənətləmələrlə əvəz olunacaq.

                                                 ﮟﮠ          
(7.40) “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!”

Fövqəluca Allah bu ayədə Onun ayələrini rədd edənlər və onlara iman gətirməkdən boyun qaçıranlar üçün hazırlanmış cəza barəsində xəbər verir. Onlar aydın və inan­dırı­cıdır, lakin kafirlər təkəbbürlə özlərini ayələrdən yüksək tutur və onlardan irəli gələn hökmləri rəhbər tutmaqdan imtina edirlər. Bundan başqa, onlar ayələri yalan adlandırır və onlardan üz döndərirlər. Buna görə onlar xeyirli sonluğa olan ümidlərini itirəcəklər.
Onlar öldükdə səma qapıları onların ruhları qarşısında açılmayacaq. Mələklər onlarla birlikdə göyə ona görə qalxacaqlar ki, Allahın dərgahına daxil olsunlar və xahiş edəcəklər ki, səma qapılarında keçməyə icazə verilsin, lakin onlara rədd cavabı veriləcək. Dünya həyatında onlar Allaha iman səviyyəsinə qalxa bilmədilər, onu dərk edib, sevə bilmədilər və buna görə də ölümdən sonra onlar Onun yanına qalxa bilməzlər. Həqiqətən, əvəz həmişə işlədilmiş əməllərə uyğun gəlir.
Bu ayədən aydın olur ki, səma qapıları Allahın hökmlərini itaətkarlıqla yerinə yetirən və Onun ayələrinə iman gətirmiş möminlərin ruhu qarşısında taybatay açılacaqdır. Onlar Onun dərgahına qalxa və ora – Allahın icazə verəcəyi yerə girə biləcəklər. Onlar Onun yaxınlığından zövq ala və Onun lütfkarlığını qazana biləcəklər.
Quran müddəalarından biri olan Cəhənnəmdə əzab çəkən­lər, dəvə iynənin deşiyindən keçdikdə, Cənnətə girəcəklər ifadə­sinə gəldikdə isə bu bir hadisəni digər bir misli görünməmiş hadisə ilə bağlamağın nümunəsidir. Dəvə ən iri heyvanlardan biridir, iynənin dəliyi isə ən kiçik və ən dar məxluqdur. Nəzərə alınsa ki, dəvə heç vaxt iynənin dəliyindən keçə bilməz, onda Allahın ayələrini inkar edən kafirlər həmçinin heç vaxt Cənnətə girə bilməzlər. Fövqəluca Allah belə buyurur: “Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımla­rın heç bir köməkçisi yoxdur!” (Maidə, 5/72). Allah tez-tez günah işlədənləri və yol verilən sərhəd­ləri pozanları belə cəzalandırır.

            ﮫﮬ          
(7.41) “Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”

Cəhənnəm döşəkləri və yorğanları oddan olacaqdır və cəza zalımları hər tərəfdən əhatə edəcəkdir. Allah özləri özlərinə zalım­lıq edənləri belə cəzalandırır. Bu layiqli cəza olacaqdır, axı Rəbb Öz qullarına heç vaxt əziyyət vermir.

                   ﯚﯛﯜ   ﯝﯞ      ﯡﯢ 

(7.42) “İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!”

Zalımların cəzalandırılacağı haqqında xəbər verdikdən sonra Fövqəluca Allah itaətkar möminlərin mükafatlandırılacağını bildi­rir, çünki onlar tamamilə səmimi olaraq iman gətirirdilər və xeyirxah əməlləri bədənlərinin bütün üzvləri ilə həyata keçirirdilər. Onlar özlərini iman və saleh əməllərlə gözəlləşdirirdilər. Onlar yaxşılığı qəlbən və bədən hərəkətləri ilə etməklə yanaşı dinin vacib hökmlərini yerinə yetirir və haram edilmiş şeylərdən çəkinirdilər.
Bu ayənin ümumi mənasından belə güman etmək olar ki, Cənnət sakinləri bütün vacib və qeyri-vacib saleh əməlləri yerinə yetirirdilər, lakin Allahın qulu bir sıra hallarda əməllərdən bəzilə­rini icra etmək qabiliyyətinə malik olurlar və buna görə Allah buyurur ki, O, insana onun imkanlarından artıq vəzifə həvalə etmir və onu daşıya bilməyəcəyi yüklə çətinliyə salmır. Bu isə o deməkdir ki, insan öz imkanlarının yol verdiyi qədər xeyirxahlıq etməlidir və o, digər müsəlmanların bacardığı, lakin onun yerinə yetirməyi bacarmadığı bəzi vacib hökmlərə görə məsuliyyət daşımır. Fövqəluca Allah buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...” (Bəqərə, 2/286);
“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı...” (Həcc, 22/78);
“Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun” (Təğabun, 64/16).
Bax buna görə vacib hökmlər onu yerinə yetirməyə qadir olmayan insan üçün məcbu­riliyini qaldırır və məcburiyyət qarşı­sında günah əməl işlətmiş insan üçün həmin əməli günah sayılmır.
Doğru imana malik olan və xeyirxah əməllər edən müsəlman­lar mütləq Cənnət sakinləri olacaqlar və oranı heç vaxt tərk etməyəcəklər. Onlar hətta başqa bir məskən haqqında heç arzu da etməyəcəklər, çünki onlar Cənnət bağlarında hər cür nemət­lərdən zövq alacaqlar və bundan daha gözəl bir şeyi heç təsəv­vürlərinə belə gətirə bilməyəcəklər.

                   ﯬﯭ                                 ﯺﯻ        ﯿ  ﰀﰁ                         

(7.43) “Biz onların (Cənnət əhlinin) ürəklərindəki kin-kü­durəti çəkib çıxarda­rıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət bu­dur!” – deyə müraciət ediləcəkdir”.

Bu ayə Allahın Cənnət məskunlarına bəslədiyi mərhəməti­nin dəlilidir. O, onların ürəklərini kin-küdurətdən və başqaları qarşısında üstün görünmək istəyindən təmizləyə­cək və bunun sayəsində onlar bir-birilərini pak və səmimi məhəbbətlə sevən qardaşlar olacaqlar. Fövqəluca Allah buyurur: “Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər” (Hicr, 15/47).
Allah Cənnət sakinlərinə elə bir iltifat göstərəcək ki, onlar­dan hər biri öz səadətinə sevinəcək və elə hesab edəcək ki, bundan daha gözəl xoşbəxtlik, sadəcə olaraq, mümkün deyil. Cənnət sakinləri qarşılıqlı paxıllıq hissindən və ədavətdən xilas ediləcək­lər, çünki buna heç bir səbəb olmayacaq. Onların ətrafında çaylar axacaq ki, məcralarını Cənnət sakinlərinin istədiyi istiqamətdə dəyişəcəklər. Onlar istəsələr o çayları öz imarətlərinin arasından yönəldəcək, ya da istəsələr öz yüksək saraylarına və ecazkar bağlarına tərəf döndərəcəklər. Bunlar – yatağa[5] ehtiyacı olmayan kiçik çaylar və həddi-hüdudu olmayan zövq və səfadır.
Möminlər Allahın onlara bəxş etdiyi iltifatını öz gözləri ilə gördükdə, ucadan deyəcəklər: “Həmd olsun bizi bu səadətə qovuş­duran Allaha! O, bizə mərhəmət göstərərək qəlblərimizi imanla doldurmuş və bunun sayəsində etdiyimiz yaxşı əməllər bizi bu məkana gətirmişdir. O, bizim imanımızı və xeyirxah əməllərimizi qoruyub saxlamış və bu məqsədə çatmağa bizə yardım etmişdir. Bizə görə bildiyimiz və görə bilmədiyimiz saysız-hesabsız nemət­lər bəxş etmiş Alicənab Rəbbimiz necə də gözəldir! Əgər O, bizi doğru yola yönəltməsəydi, biz o yolu özümüz öz gücümüzlə keçə bil­məzdik. Bizim imkanlarımız o yoldan sapmamağa kifayət etməzdi və biz bu yolda Onun bizə hədiyyə etdiyi Haqq Təlimi və elçilərinin yolu ilə getməkdə bizə göstərdiyi köməyi  sayəsində dayana bildik. Allahın elçiləri, həqiqətən, haqqa dəvət edirdilər”.
Elçilərin öncədən bildirdikləri Cənnət nemətlərindən zövq alaraq, möminlər ən ali iman sahibi olacaqlar. Onlar qəti bilirdilər ki, elçilərin sözləri həqiqət idi, lakin indi onlar buna özləri əmin olacaqlar. Onlar deyəcəklər: “Biz gördük və elçilərin vəd etdiklə­rinin hamısının doğruluğuna bir daha əmin olduq. Biz əmin olduq ki, onların sözləri – sübhə doğurmayan və ya çaşqınlıq yaratmayan sarsılmaz həqiqətdir”. Belə olduqda, onlar ehtiramla səslənən tərif sözlərini eşidəcəklər: “Budur varisi olduğunuz Cənnət! Bu torpaqlar artıq sizin malikanələrinizdir, kafirlərin məskəni isə Cəhənnəm oldu. Siz bu yerlərə öz saleh əməllərinizə görə layiq görüldünüz”.
Mömin İslam ilahiyyatçılarından biri demişdir: “Cənnət sakinləri Cəhənnəmdən Allahın bağışlaması sayəsində xilas olacaq, Cənnətə Onun mərhəməti sayəsində girəcəklər, lakin oranın mülkiyyətini öz saleh əməllərinə müvafiq bölüşəcək və varis olacaqlar. Bütün bunlar Allahın mərhəmətinin təzahürüdür. Bu həm də Onun mərhəmə­tinin ən ali təzahürü olacaqdır”.

                                    ﭢﭣ    ﭥﭦ                                             ﭹ ﭺ 
 (7.44) “Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (Axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslə­nə­cək”.
(7.45) “O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və Axirətdə də inkar edərlər!”

Möminlərin və günahkarların onlar üçün təyin olunmuş məskənlərə girəcəklərini və Allahın elçilərinin öncədən xəbər verdikləri və Səma Kitablarının bəyan etdikləri mükafatların və cəzaların həqiqiliyinə əmin olduqlarını xatırlatdıqdan sonra Fövqəluca Allah xəbər verir ki, Cənnət sakinləri Cəhənnəmdə əzab çəkənlərə müraciət edəcəklər: “Bizə deyilmişdi ki, iman və saleh əməllər sayəsində biz Cənnət bağlarına layiq görüləcəyik və biz doğrudan da Cənnətə düşdük və bizə vəd edilən hər şeyi öz gözümüzlə görüb doğruluğuna əmin olduq. Siz də kafirliyə və itaətsizliyə görə sizə bütün vəd edilənlərin doğru olduğuna əmin oldunuzmu?” Onlar belə cavab verəcəklər: “Bəli, biz də Allahın vədinin doğruluğuna əmin olduq”.
Tamamilə bütün məxluqlar Allahın vəd etdiyinin həqiqili­yinə əmin ola biləcəklər və heç kim buna şübhə edə bilməz. Kimin sözü Allahın sözündən daha doğru ola bilər? İnsanlar Onun sözünün doğruluğuna şübhə etməkdən əl çəkəcəklər və Onun vədinin gerçəkliyini öz üzərlərində hiss edəcəklər. Bax, məhz onda möminlər sevinəcək və şadlıq etməyə başlayacaq, kafirlər isə hər cür xeyirxahlığa bəslədikləri ümidlərini itirəcəklər və etiraf etməli olacaqlar ki, onlar həqiqətən dəhşətli cəzaya layiqdirlər. Bu etiraf baş verdiyi zaman carçı Cənnət sakinlərinə və Cəhənnəm əzabkeşlərinə car çəkib xəbər verəcək ki, bundan sonra zalım günahkarların üzərində Allahın lənəti bərqərar olacaq. Onlar hər cür nemətlərdən və gözəlliklərdən sonsuzluğa qədər uzaq olacaq­lar, çünki Allah əvvəlcədən onların qarşısında Öz mərhəmətinin qapılarını açmışdı, lakin onlar zalımcasına rəftar etdilər, onlardan üz çevirdilər, doğru yolla getməyi rədd etdilər və hətta ətrafların­dakıları da bundan çəkindirdilər. Onlar özləri azğınlığa düşmüş­dü­lər və bir çoxlarını yoldan sapdırdılar.
Fövqəluca Allah istəyirdi ki, insanlar doğru yolla getsinlər, onlar isə onu təhrif etməyə cəhd göstərirdilər və insanlara o yolu tapmaqda maneçilik göstərirdilər. Bununla yanaşı onlar Axirət həyatına iman gətirməyi rədd edirdilər. Məhz ona inanmama, cəzalanacaqla­rın­dan qorxmamaqları və mükafat alacaqlarına ümid bağlamaları onları düz istiqamətdən çıxmağa və öz günahkar ehtiraslarına uymağa təhrik etdi. Əgər kafirlər lənətə layiq görülür­lərsə, onda möminlər Allahın mərhəməti sayəsində saysız-hesabsız nemətlərlə mükafatlandırılacaqlar. Bu ayənin mənası budur.

  ﭼﭽ    ﭿ                           ﮊﮋ             

(7.46) “Onların ikisinin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və Əraf (Cənnətlə Cəhənnəm arasın­dakı səddin yüksəklikləri) üzərində isə (savabları və günahları, xeyir və şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını (cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb Cənnət əhlinə: “Sizə salam olsun!” - deyə müraciət edərlər. Bun­lar (Əraf əhli) çox istədiklərinə bax­ma­yaraq hələ ora (Cənnətə) daxil olmamış (lakin Ərafda günahları təmizləndikdən sonra daxil olacaq) kimsələrdir”.

Cənnət və Cəhənnəm sakinləri arasında “Hasar”[6] adlandı­rılan bir çəpər çəkilmişdir. O, nə Cənnətə, nə də Cəhənnəmə aid deyildir, hər iki məskən üzərində ucalır və onun üzərindən cənnətdəkilər və cəhənnəmdəkilərlə nə baş verdiyini müşahidə etmək olur. Axirət həyatında o “hasarın” üstündə cənnətdəkiləri və cəhənnəmdəkiləri onların şəxsi əlamətlərinə görə tanıya bilən insanlar olacaqlar. Onlar Cənnət əhlini görəndə onlara salam[7] verəcəklər. Onlar hələ Cənnət bağlarına daxil olmayanlardır, lakin oraya girmək ümidini də itirmirlər və buna nail olacaqlarını düşünürlər. Allah onlara lütfkarlıq göstərə­rək, bu ümidi qəlblərinə salacaqdır.
                                      
 (7.47) “Onların nəzərləri Cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər”.

Hasar üstündəki insanlar Cəhənnəm sakinlərinə tərəf çevri­lib baxanda, onlar dəhşətə gəldikləri çox çirkin bir mənzərə görür və ucadan belə deyirlər: “Ey Rəbbimiz! Bizi zalım insanlarla bir yerə salma!”
Cənnət sakinlərini gördükdə isə tezliklə onlarla birləşməyi arzulayır və onları salamlayırlar. İradələrinin əleyhinə olaraq baxışları Cəhənnəm sakinləri ilə rastlaşdıqda, onlarla hər hansı bir əlaqəyə girməyi heç ağıllarına belə gətirmirlər.

                                                 ﯖﯗ                     

(7.48) “Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” - deyəcək”.
(7.49) “(Və fağır, yoxsul möminləri kafirlərin böyüklərinə göstərərək:) “Allah onları Öz mərhəmətinə nail etməyəcək, - deyə and içdiyiniz kəslər bun­lar­dırmı?” – söyləyəcəklər. (O anda Allah həmin möminlərə müraciətlə belə bu­yura­caq:) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”

Hasarlar üstündə olan insanlar Cəhənnəm sakinlərini fərdi əlamətlərinə görə tanıyaraq onlara müraciət edəcəklər. Dünya həyatında bu insanlar şan-şöhrətlə əhatə edilmiş, dəbdəbəli həyat sürən, çox böyük var-dövlət və çoxlu oğul-uşaq sahibi olan  məşhur şəxslər olmuşdular. Lakin Cəhənnəmdə onlar tamamilə tənha olacaqlar. Onlar əzab çəkəcəklər, amma heç kim onların köməyinə gəlməyəcək. Belələrini görüb, deyəcəklər: “Dünya həyatında siz bir yerdə idiniz, özünüzü xoşagəlməz hadisələrdən qoruyaraq qarşınıza qoydu­ğunuz məqsədə nail olmağa cəhd göstərirdiniz. Lakin bu gün sizin birliyinizin izi-tozu belə qalmamışdır. O, sizə bir fayda vermədi və sizin Haqqa qarşı, Onun təbliğatçılarına və tərəfdarlarına qarşı bəslədiyiniz təkəbbürünüz də sizə heç nə ilə kömək etmədi”.
Sonra onlar Cənnətin sakinlərini göstərəcəklər. Dünya həyatında onlar kasıb və zəif idilər, amma Cəhənnəmin sakinləri onlara istehza edərdilər. Hasar üstündə olan insanlar əzab çəkənlərə deyəcəklər: “Budur, baxın Cənnətə düşən insanlara! Məgər siz and içmirdiniz ki, Allah heç vaxt onlara mərhəmət göstərməyəcək? Məgər siz onları məsxərəyə qoymaqla özünüzü təkəbbürlü və özündən razı qalan adamlar kimi aparmırdınız? Sizin içdiyiniz andlar yalan oldu, indi sizin qarşınızda açılan mənzərəni siz hətta təsəvvür belə etməzdiniz”.
Belə olduqda bu kasıb möminlər böyük bir şərəfə nail ediləcəklər. Onlara deyilə­cək: “Öz saleh əməlləriniz sayəsində Cənnətə girin! Sizin gələcəyinizdən qorxunuz yoxdur və sizin keçmişdə törətdiklərinizə görə də kədərlənməyinizə dəyməz. Rahatlanın və cürbəcür nemətlərə sevinin!”
Bu vəhy Fövqəluca Allahın aşağıdakı sözlərinə oxşayır: “Həqiqətən, günah­karlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin) yanların­dan keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adam­la­rının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. Halbuki onlara (mömin­lərə) nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, gör­sün­lər). Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)” (Mutəffifin, 83/29-36).
İslam alimləri Hasarların üstündə olan və bu insanların hansı əməl sahibləri olması haqqında rəyləri müxtəlifdir. Ən səhih rəyə əsasən, onlar cinayətləri yaxşı əməllərinə bərabər olacaq dindarlardır. Onların törətdikləri günahlar xeyirxah əməllərindən çox olmadığı üçün Cəhənnəmə düşmürlər və onların xeyirxah əməlləri də onların günahlarından artıq olmadığı üçün Cənnətə  də girə bilmirlər. Buna görə onlar Allahın istədiyi qədər hasarın üstündə qalacaqlar. Sonra O, Öz mərhəməti sayəsində onları Cənnət bağlarına daxil edəcək, çünki Onun mərhəməti Onun qəzəbini həmişə üstələyir və qalib gəlir. Həqiqətən, Onun mərhəməti hər şeyi əhatə edir.

                           ﯮﯯ                             ﯽﯾﯿﰀﰁﰂﰃ                                            

(7.50) “Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstü­müzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”.
(7.51) “O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı və onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi Biz də onları bu gün unudarıq!”
(7.52) “Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Quran) gətirdik”.

Cəhənnəm sakinlərinin əzabı ən yüksək həddə çatdıqda, onlar dözülməz aclıq və son dərəcə bərk susuzluq çəkdikdə, onlar kömək üçün Cənnət əhlinə müraciət edəcəklər: “Bir az üstümüzə su səpin və Allahın sizə əta etdiyi yeməyi bizimlə bölüşün”. Lakin Cənnət sakinləri deyəcəklər: “Allah sizə kafir olduğunuz üçün Cənnət yeməklərini və içkilərini qadağan etmişdir”.
Günahkarların Allahın ayələrinə iman gətirməkdən boyun qaçırmalarının və onlara layiqincə etiqad etmələri əmr olunmuş və buna görə bol-bol mükafatlar vəd edilmiş dini əyləncəyə və oyuncağa çevirmələrinin əvəzi bax belə olacaqdır. Bir şərhə görə, onlar dinə laqeyd yanaşdılar, ondan üz döndərdilər və hətta onu məsxərəyə qoydular. Digər bir şərhə görə isə onlar dini hökmləri oyun-oyuncağa və əyləncəyə çevirib düz yoldan çıxdılar. Dünya həyatı öz gözəllikləri bər-bəzəyi və həmçinin təkcə maddi nemət­lərdən zövq almağa çağıranların çoxsaylılığı ilə onları azdırdı. Son nəticədə, onlar maddi nemətlərlə qane olaraq əylənməyə və şadyanalıq etməyə başladılar, Axirət həyatından üz döndərdilər və onu unutdular. Buna görə Allah da onları unudacaq və işgəncəli cəzaya məruz qoyacaqdır. Onlar özlərinə qarşı belə münasibətə özləri özlərini layiq etdilər, çünki dirildiləcəklərini yada salmadı­lar, sanki onlar təkcə yer üzündə yaşamaq üçün yaradılmışdılar, sanki qarşıda onları əvəz veriləcəyi Gün gözləmirdi.
Bununla yanaşı onlar Allahın ayələrini inkar etdilər, özü də bu rəftarları ayələrin nöqsanlı və yanlış olmasına görə deyildi. Əksinə, Allah onların vasitəsilə məxluqların ehtiyac duyduqları bütün bilikləri onlara izah etmişdi. Allaha müxtəlif zamanlarda və müxtəlif ölkələrdə yaşayan insanların vəziyyəti məlum idi. Ona Onun məxluqları üçün nəyin yararlı və nəyin yararsız olması məlum idi. Onun nazil etdiyi açıqlamalar, ətrafda nə baş verdi­yindən xəbəri olmayanların, haqqın bir hissəsinə belə sahib olmayanların və düzgün qərar qəbul etməyi bacarmayanların izahına bənzəmirdi. Əksinə, bunlar Hərşeydənxəbərdar olan Rəbbin izahları idi, o Rəbbin ki, Ona bütün şeylər agahdır və Onun mərhəməti bütün məxluqları əhatə edir.
O, Öz Kitabını iman gətirənlər üçün Doğru Təlimat və rəhmət mənbəyi etmişdir ki, bunun sayəsində insanlar doğru yolu azğınlıqdan və həqiqəti isə yalandan ayırd etməyi öyrənmişlər. Kitab onlar üçün nemətlərin ən əzəmətlisi olmuşdur: o, onlara həm bu dünyada və həm də Axirət həyatında nəhəng faydalar və xoşbəxtlik gətirir və onun sayəsində onlar azğınlıqdan və bədbəxtliklərdən xilas olurlar.
Layiq olduqları cəzanı dadmış günahkarlar Kitaba iman gətirməkdən, onun hökmlərini yerinə yetirməkdən və qadağaların­dan çəkinməkdən boyun qaçırdılar. Buna görə onlar Quran ayələrinin xəbərdar etdiyi əziyyətlərə məhkum edildilər.

       ﭟﭠ                                            ﭴﭵ                      ﭺﭻ         ﭿ            

(7.53) “Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər verdiyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (Qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllər­dən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu”.

Ayədə “təvil” (“şərh”) sözü “peyğəmbərliyin həyata keçiril­məsi” kimi[8] tərcümə edilmişdir. “Təvil” sözü həmçinin Yusufun (ə) peyğəmbəranə yuxusu gerçəkləşən zaman onun (ə) dediyi sözdə öz əksini tapmışdı: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur!...” (Yusuf, 12/100).
Doğrudanmı kafirlər Quranda deyiləndən başqa bir şeyin icra olunacağını gözləyirlər? Bu vəhy edilənlər yerinə yetirilməyə başladıqda, Axirət həyatını unutmuş kafirlər törətdikləri əməllərə görə çox təəssüflənəcək və əfv olunmalarını diləyəcəklər. Onlar dərk edəcəklər ki, elçilərin təbliğ etdikləri doğruymuş. Lakin heç kimin şəfaəti artıq onlara fayda verməyəcək və heç kim onları artıq dünya həyatına qaytarmayacaq. Bu, sadəcə mümkün olmayacaq­dır.
Hətta onların geri qaytarılacaqları halda yaxşılıq edəcəkləri haqqında vədləri yalan olacaqdır, çünki onların yeganə arzusu onları yaxalamış müsibətdən xilas edilmək olacaqdır. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Xeyr, əvvəlcə (ürəklərində) gizlət­dikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsay­dılar, yenə də onlar qadağan olun­duqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” (Ənam, 6/28).
Kafirlər hələ bu dünya həyatında ikən özlərini itirəcəklər, çünki onlar uğur qazanmağı bacarmadılar və özlərini məhvə məhkum etdilər. Onların ziyanı, var-dövlətindən və övladların­dan məhrum olmuş şəxslərin ziyanından fərqlənə­cəkdir. Bu, elə bir ziyan olacaq ki, ondan sonra artıq dirçəlmək mümkün olmaya­caqdır. Onları dünya həyatında bütün uydurduqları “havadar­ları” və ümid bəslədikləri tərk edəcəkdir. Şeytan onlara çox şey vəd etmişdi və bunun sayəsində onlar törətdikləri əməllərə görə hətta təsəvvür edə bilməyəcəkləri aqibətə düçar edilmişdilər. Ancaq öldükdən sonra onlar azğınlığa qapıldıqlarına və elçilərin bütün təbliğ etdiklərinin doğruluğuna əmin oldular.

                                                      ﮜﮝ  ﮞﮟﮠ ﮡﮢﮣ ﮦﮧ 

(7.54) “Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün içində xəlq edib Ərşə qalxan Allahdır. O, gündüzü dayanmadan izləyən gecəyə bürüyür. Günəşi, ayı və ulduzları yaradıb əmrinə Ramedəndir. Şübhəsiz ki, O, həm Yaradan və həm də Hökmedəndir. Aləm­lərin Rəbbi Allah Xeyirxahdır!”[9] 

Fövqəluca Allah izah edir ki, O – Vahid Rəbb olan Allahdır və Onun şərikləri yoxdur. O, göyləri, yeri və onların məskunlarını, bu məxluqların əzəmətinə, əhatəedilməzliyinə, kamilliyinə və gözəlliyinə baxmayaraq, təkbaşına yaratmışdır. O, Kainatı altı gün içində: bazar günündən başlayaraq cümə gününədək yaratmışdır. Bu yaradılış prosesini bitirdikdən və orada istədiyi hər şeyi yaratdıqdan sonra, O, bütün göyləri, yeri və onların arasında olan hər şeyi əhatə edən Möhtəşəm Kürsüsünə qalxmışdır. O, bunu Özünün Əzəməti və Qüdrətinə layiq tərzdə etmişdir. Bundan sonra, O, Kainat və dini qanunlarına müvafiq olaraq Öz qullarını idarə etməyə başlamışdır.
O, qaranlıq gecə ilə işıqlı gündüzü örtdükdə yer üzünə zülmət çökür, insanlar isə istirahət etmək imkanı qazanırlar. Yaradılmışlar öz mənzillərinə yollanır və orada onlar gündüzün qayğılarından və sərgüzəştlərindən dincəlirlər. O, günəşi, ayı və ulduzları yaratmışdır və onlar Onun istənilən sərəncamına tabe olurlar və Onun kamil sifətlərinə şahidlik edirlər. Onların mövcud­luğu və nəhəng ölçüləri Onun kamil qüdrətinin dəlilləridir. Bu səma cisimlərinin yaradılışının dəqiqliyi və məharətliliyi Allahın İdrakının misilsiz kamilliyinin sübutudur. Onların yer üzündə həyatın mümkün olması üçün verdikləri çox böyük fayda Allahın hüdud­suz mərhəmətinə və kamil elminə dəlalət edir. Bütün bunların hamısı təsdiq edir ki, O – Vahid Haqq Allahdır və yeganə İbadətəlayiqolandır.
Ali və ibtidai aləmlərdə bütün varlıqları O yaratmışdır. O, məxluqları onların keyfiyyətləri və əməlləri ilə birlikdə yaradır. O, dini qanunlar yaratmaqla və elçilər göndərməklə hökmranlıq edir. Onun yaratdıqları – Kainat qanunları və qədərdir, Onun hökmləri isə şəriət və dini qanunlardır və həmçinin ədalətli əvəz qanun­larıdır ki, O, onların əsasında Öz qullarını Axirət həyatında mühakimə edəcək. O – Əzəmətlidir və Ucadır, Onun xeyirxahlığı isə hüdudsuzdur. O – Xeyirxahdır, çünki əzəmətli və kamil sifət­lərə malikdir. O – Nemətlərəsahibolandır, çünki Öz qullarına həd­siz səxavətlə hədiyyə və böyük nemətlər bəxş edir və Kainatda olan hər hansı nemət Onun mərhəməti­nin və rəhmətinin nəticə­sidir.

       ﮫﮬ              

(7.55) “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!”

Hər bir dərrakəli insanı Özünün məxluqlarının ehtiyaclarını təmin etməyə qadir Vahid Allah olmasına əmin edən Əzəməti haqqında xatırladıqdan sonra, O, Ona dua edilməsini buyurur. Bu hökm insanın Ona xahişlə müraciət etdiyi dualara və ya Allah qarşısında ibadət etdiyi namaza şamil edilir. O, Ona mütiliklə, təkidlə və gizli[10] dua etməyi buyurur. Dua camaatın gözü qarşısında, özünü ətrafdakılara nümayiş etdirmək məqsədilə deyil, tənhalığa çəkilərək, öz əməlini təkcə Allaha həsr etməklə yerinə yetirilməlidir. Həqiqətən, O, yol verilən hədləri bütün hallarda aşanları sevmir.
Bu hallara həm də Allahın qulunun ona məxsus olmayan şeyləri xahiş arzu etməsi, ümidsizləşərək Allaha dua etməkdən çəkinməsi və ya Ona uca səslə müraciəti aid edilir. Bütün sadalanan bu hərəkətlər qadağan edilmişdir.

ﯓﯔﯕ ﯖﯗﯘ      ﯛﯜ  ﯝﯞ ﯟﯠﯡﯢﯣ 

(7.56) “Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldik­dən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”

Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıl­dıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Fövqəluca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41). Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur.
Bu barədə xatırladıqdan sonra, Allah Ona qorxu içində və ümidlə dua etməyi əmr edir, çünki mömin Onun cəzalandıra­cağından ehtiyat etməli və Onun mükafatlandıracağına ümid bəsləməlidir. O, ümid etməlidir ki, onun duaları qəbul olunacaq və qorxmalıdır ki, duaları rədd edilə bilər. O, öz-özünə aldanaraq və başından hündürə tullanmağa cəhd göstərərək, öz Rəbbinə, nə etmək lazım olduğunu göstərməməlidir və Ona laqeyd və etinasızlıqla müraciət etməməlidir.
Bir sözlə desək, Allaha dua etmək istədikdə, bunu gizlicə etmək lazımdır ki, dua səmimiyyətlə təkcə Ona həsr edilmiş olsun, özü də bu zaman dua edənin qəlbində qorxu və ümid hissi olmalıdır. O, özünü, sanki təhlükəsizlikdə hiss edərək və Rəbbinin cavabına ehtiyac duymayaraq, saymazyana aparmamalıdır. Ancaq belə dualar düzgün edilən dua sayılır və istənilən ayini layiqincə yerinə yetirmək üçün onun səylə icra edilməsinə çalışmaq, zəruri olan bütün qaydaları həyata keçirmək və hər hansı xəta qüsurlardan çəkinmək lazımdır. Əgər insan Allaha layiqincə ibadət edirsə və Onun qullarına yaxşılıq göstərirsə, onda Onun mərhəməti həqiqətən ona yaxın olur. İnsan nə qədər çox yaxşılıq edirsə, o bir o qədər o mərhəmətə yaxınlaşır və beləliklə, Rəbbi ona Öz mərhəmətinin vasitəsilə daha da yaxınlaşır. Bu barədə xəbər verərək, Allah qullarını saleh əməl sahibi və xeyirxah olmağa açıq şəkildə çağırır.

               ﯫﯬ                                            ﯼﯽ      ﯿ          

(7.57) “Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!”

Bu ayədə Fövqəluca Allah Özünün qüdrət və rəhmətinin təzahürlərindən biri haqqında xəbər verir. O, küləkləri Öz mərhə­mə­tinin xeyirxah müjdəçiləri adlandırır, çünki onlar tezliklə yağış yağacağını müjdələyirlər. Onun iradəsi ilə küləklər buludları qovur və insanlar hələ yağış yağmamışdan Onun lütfkarlığından sevinməyə başlayırlar. Küləklərin bəziləri buludları bir yerə toplayır, digərləri onları qabağına qatıb qovur, başqaları isə onları kiçik yağış topalarına çevirirlər. Onlar, demək olar ki, canlı məxluqların artıq qalmadığı və sakinlərinin öz Rəbbinin mərhəmə­tindən ümidlərinin kəsiləcəyinə hazır olduqları bir vaxtda, quruyub-çatlamış torpağın üstündə dayandıqda, Allah bu ölü torpağa bol yağış yağdırır. Özü də bu zaman O, küləkləri göndərərək, Öz icazəsi ilə buludları boşaldır və onları parça-parça dağıdır. Yağışın sayəsində yerdə növbənöv meyvə-tərəvəz bitir və insanlar Allahın mərhəmətindən sevinmək imkanı qazanır və Onun səxavətindən zövq alırlar.
O, yağışların vasitəsilə bitkilər yetişdirir və onlarla qurumuş torpağı canlandırır və bu qayda ilə də ölüləri, bədənləri çürüyüb torpağa hopduqdan sonra, qəbirlərindən dirildəcəkdir. Bu – dirildilmənin gerçəkliyinin aydın bir dəlilidir, çünki xatırlanan bu iki hadisə arasında böyük fərq yoxdur. Əgər insan ölü torpağın canlandırılmasının şahidi olduğu halda, dirildilməni qeyri-adi bir şey hesab edirsə, onda o, sadəcə məlum faktı inkar edən inadcıl tərs adamdır. Bunu bildirdikdən sonra, Fövqəluca Allah insanları Onun nemətləri barəsində düşünməyə və fikirləşməyə, ətrafda gedən proseslərdən faydalı nəticələr çıxartmağa və bütün baş verənlərə laqeyd qalma­mağa dəvət edir.

          ﭖﭗ                    ﭝﭞ                

(7.58) “Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik”.

Fövqəluca Allah müxtəlif torpaq sahələri arasında, onların hər birisinə yağış yağmasına baxmayaraq, fərqin olması barədə xəbər verir. Yağış münbit və bərəkətli torpağa yağdıqda, orada müxtəlif bitkilər tez yetişir. Bu, Allahın iradəsi ilə belə baş verir, çünki Kainat qanunları müstəqil deyil, ancaq Onun razılığı ilə təsir göstərirlər. Yağış qeyri-münbit torpağa düşdükdə isə onun üstündə çox az miqdarda bitkilər bitir ki, nə fayda, nə də xeyir gətirmir.
Allah Öz ayələrini yaxşılıq bilən insanlar üçün bu minvalla izah edir. O, ayələr nazil edir, onlarını mənalarını açıqlayır və Onun nemətlərini etiraf edən və Onun lütfkarlığını qazanmaq ümidi ilə onlara bəxş edilmiş nemətlərdən başqaları üçün sərf edən insanlar üçün nəzərdə tutulan ibrətamiz hekayətlər nəql edir. Onlar Onun Kitabında izah etdiyi hökmlərdən faydalanırlar, çünki Quran ayələrini Rəbbin onlara bəxş etdiyi ən böyük neməti sayırlar. Onlar Quranın vəhylərinə öz ehtiyacları olduğunu dərk edir, onu sevinclə qarşılayır və onların mənası üzərində düşünürlər və bu məna onların qarşısında, buna yaxşıca hazır olmalarından asılı olaraq,  açılır.
Bu ayədə Allah qəlbləri torpaqla[11] müqayisə edir. Qəlblər həyat mənbəyi olan Vəhylə nurlandıqları kimi, torpaq da həyat mənbəyi olan yağış suyu ilə suvarılır. Vəhy xeyirxah qəlbə nazil olduğu kimi, sonuncu onu qəbul edir, öyrənir və öz bəhrəsini verir və bütün bunlar vəhyin düşdüyü zəminin kamil və gözəl olmasından asılıdır. Əgər o, xeyirxahlığın olmadığı pis qəlbə nazil olursa, o, onu qəbul etmir, ona laqeyd qalır, ondan üz döndərir və hətta ona müqavimət göstərir. Bu halda ondan gələn fayda da təzəyin, çay daşının və ya qayanın üstünə yağan yağışdan əldə ediləcək faydadan çox olmaz. Fövqəluca Allah buyurur: “Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (Rəd, 13/17).

                                                  
(7.59) “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey cama­atım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsi­bəti) Böyük günün (Qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”

Fövqəluca Allah tövhidin həqiqiliyinə dəlalət edən sübutları sadaladıqdan sonra, onlar haqqında rəvayəti təkcə Allaha ibadətə dəvət edən Allah elçiləri (onlara salam olsun) və onların kafir xalqları arasında baş vermiş hadisə ilə gücləndirdi. Allah tövhid tərəfdarlarını müdafiə etdiyini və elçilərə itaət etməkdən boyun qaçıran inadkarları məhv etdiyini bildirir. O, xəbər verir ki, bütün elçilər bir dini və eyni baxışları təbliğ edirdilər.
Nuh peyğəmbər (ə) insanları tək Allaha ibadətə dəvət etmək və onları bütpərəst­likdən əl çəkdirmək hökmü ilə öz xalqına göndərilmişdi. O (ə) demişdi: “Ey mənim xalqım! Ancaq Allaha – Vahid Yaradana, Bəsləyənə və Hökmdara ibadət edin. Bütün qalan varlıqlar yaradılmışlardır və qətiyyən hakimiyyətə malik deyillər və hamı Ona tabedirlər”. Nuh Allaha itaətdən boyun qaçıranların cəzalandırılacağı barədə öz xalqını xəbərdar etdi.
Bu, onun (ə) səmimiyyətinə və rəhmdilliyinə dəlalət edirdi. O ehtiyat edirdi ki, onun həmtayfaları əbədi cəzaya və sonu olmayan bədbəxtliklərə düçar olsunlar. Allahın bütün digər elçiləri də belə etmişdilər və onların hər birində insanlara onların öz ata-analarından daha çox rəhm hissi var idi. Lakin kafir həmtayfa­larının cavabı qorxunc və iyrənc idi.

           ﭿ         

(7.60) “Tayfasının başçıları ona: “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!” - deyə cavab verdilər”.

Bütün zamanlarda haqqa təkəbbürlə yanaşan və Allahın elçilərinə tabe olmaqdan boyun qaçıran varlı tayfa başçıları öz peyğəmbərinə belə dedilər: “Biz hesab edirik ki, sən açıq-aydın azğınlığa düşmüşsən”. Allah onları rüsvay etsin! Onlar peyğəmbərə itaət etməməklə qane olmayaraq, ona qarşı müdhiş ittiham irəli sürdülər və onu azmış adlandırdılar. Hətta bununla da kifayətlənməyərək, onlar onun azğınlığının hər kəsə aydın olduğunu bildirdilər. Həqiqətən də bu – təkəbbürlülüyün ən dəhşətli təzahürlə­rindən biri idi və belə bir yalandan təkcə son dərəcə düşüncəsiz insanlar istifadə edə bilərdilər. Əsil həqiqətdə isə, azanlar Nuhun həmqəbilələrinin özləri idi ki, öz əlləri ilə cansız materiallardan eşitmək, görmək və xeyir vermək qabiliyyəti olmayan bütlər yonub düzəldərdilər. Onlar o bütləri göyləri Yaradana bərabər tutar və onlara müxtəlif ibadət mərasimləri həsr edərdilər. Əgər onların Allahın dəlillərini görüb tanımalı olduqları və onları bilməməzlik bəhanəsindən məhrum edən ağılları olmasaydı, deyilə bilərdi ki, dəlilər onlardan daha düşüncəli insanlardır. Doğrudan da, dəlilərin əməlləri bu azğınların əməllərindən daha düzgün və dərrakəlidir.

                                                           ﮞ ﮟ                          

(7.61) “(Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
(7.62) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
(7.63) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

Nuh (ə) öz həmqəbilələrinin dediklərini nəzakətlə təkzib etdi və özünü olduqca mərifətli apardı və o, ümid bəsləyirdi ki, onlar ona itaət edəcəklər. O demişdi: “Mən öz iddialarımın heç birində azğınlığa düşməmişəm. Əksinə, mən düz yolla gedirəm və başqalarını da o yola gəlməyi dəvət edirəm”.
Bu şərəfli elçinin yolu Allahın möhkəm ruhlu digər elçilə­rinin yolundan fərqlənmirdi. Bu ən gözəl, peyğəmbərlik vəhyi ilə tam ifadə edilmiş və qüsursuz kamil yol idi. Buna görə də o (ə), daha sonra demişdir: “Mən aləmlərin Rəbbi, mənim və sizin Rəbbiniz, bütün məxluqların Rəbbi tərəfindən göndərilmişəm. O, Öz məxluqlarının qayğısını çəkir və Onun qayğıkeşliyinin gözəl təzahürlərindən biri kimi qullarına elçilər göndərməsidir ki, onlar insanlara saleh əməllər işlətməyi, yüksək əxlaqa sahib olmağı, gözəl baxışlara etiqad etməyi və bütün əks olan şeyləri qadağan etməyi buyursunlar. Mənə bir vəzifə kimi həvalə olunmuşdur ki, Rəbbimin Müraciətini sizin nəzərinizə çatdırım, yalnız Tək Ona ibadət etməyinizin zəruriliyini, Onun hökmlərini və qadağalarını sizə izah edim. Mənə hökm edilmişdir ki, sizə mərhəmət və rəhm göstərərək səmimi məsləhətlər verim. Allah mənə sizin bilmədik­lərinizi öyrətmişdir və buna görə siz mənə itaət etməli və əmrlərimi yerinə yetirməlisiniz. Əgər siz bunları bilsəydiniz! Amma siz Allahın sizlərdən birinə zikr nazil etməsinə təəccüb edirsiniz. Niyə siz qətiyyən təəccüblü olmayan bir şeyə təəccüblə­nirsiniz? Niyə siz təəccüblənirsiniz ki, Allahın öyüd-nəsihəti doğruçuluğu və digər keyfiyyətləri sizə yaxşı məlum olan bir şəxs  tərəfindən çatdırılmışdır? Allah sizin qayğınızı çəkərək sizə Öz lütfünü göstərmişdir ki, onu minnətdarlıqla qəbul edəsiniz. O sizi məşəqqətli cəza verilə biləcəyi barədə xəbərdar edir və  sizi qəlbən və hərəkətlərinizlə Allahdan qorxmağa etiqad bəsləməyinizə dəvət edir ki, siz əbədi məşəqqətlərdən çəkinəsiniz və Onun həddi-hüdudu olmayan nemətlərinə layiq olasınız”.

                ﮰﮱ  ﯓﯔﯕ ﯖﯗﯘﯙ 

(7.64) “Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı suda) qərq etdik. Onlar, həqiqə­tən, kor bir camaat idilər”.

Peyğəmbərin (ə) möizələri onun həmtayfalarına heç bir fayda vermədi və o (ə) istənilən nəticəyə nail ola bilmədi. Qəbilədaşları onu (ə) yalançı adlandırdılar və, belə olduqda, Allah ona əmr etdi ki, bir gəmi hazırlasın və ona hər heyvandan bir cüt yerləşdirsin. Gəminin göyərtəsinə qalxmağa Nuh ilə bərabər iman gətirənlərə icazə verilmişdi. Onların hamısı xilas edildi, Allahın ayələrinə iman gətirməkdən boyun qaçıran və doğru yolu görməkdə kor olan günahkarlar isə suda qərq edildilər. Onlar, Allahın onlara Öz peyğəmbəri (ə) vasitəsilə nümayiş etdirdiyi haqqı və açıq-aydın möcüzələri gördülər. İstənilən dərrakəli insa­nın həqiqi dinə gəlməsi üçün bu möcüzələr kifayət qədər idi, lakin onlar gördüklərini məsxərəyə qoydular, onlara laqeyd yanaşdılar və kafir oldular.

          ﯞﯟ                     ﯨﯩ        

 (7.65) “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər gön­dərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorx­mursunuz?”

Yəməndə yaşayan qədim Ad tayfasına da onların qardaşı olan Hud (ə) peyğəmbər  göndərildi. O (ə) onları Tək olan Allaha ibadət etməyə çağırırdı və Ona şərik qoşmağı və yer üzündə pozğunluq törətməyi qadağan etmişdi. O demişdi: “Ey mənim xalqım! Allaha ibadət edin, çünki sizin Ondan başqa heç bir tanrınız yoxdur. Doğrudanmı siz bundan sonra da günah işlətsəniz, çağırışıma cavab verməsəniz və mənə itaət etməsəniz, sizi mütləq haqlayacaq Allahın qəzəbindən və cəzasından qorxmursunuz?”

                                 

 (7.66) “(Hud) tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər”.

Kafir başçılar onun (ə) nəsihətlərini rədd etdilər və sözlərini boş şey saydılar. Onlar dedilər: “Biz əmin olduq ki, sən ağıllı adam deyil, səfehsən. Bundan başqa, biz belə bir rəyə gəlmişik ki, sən – həm də yalançısan”. Aləm onların gözündə tərsinə çevrilmişdi və onlar haqqı görmürdülər. Onlar özlərinə xas olan keyfiyyətləri Allahın peyğəmbərinə (ə) aid etdilər. Hud (ə) bu yaramaz sifətlərə malik deyildi, onlar isə əsil səfehlər və yalançılar idilər.
Şübhə doğurmayan haqqı rədd edən və həqiqi rəhbərə və xeyirxah məsləhətçiyə itaət etməkdən boyun qaçıran, qəlbini hər bir qiyamçı iblisə təslim edən, ibadətə layiq olmayan və fayda verməyə qabiliyyəti olmayan ağaclara və daşlara etiqad edən təkəbbürlü insanlardan daha axmaq kim ola bilər?!! Fövqəluca Allaha belə iftiraları isnad edənlərdən daha yalançı kim ola bilər?!!



ﯼﯽ     ﯿ                                
 (7.67) “(Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”
(7.68) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm”.

Hud səfeh adam deyildi. Əksinə, o, ağıllı elçi və həqiqi rəhbər idi. O, demişdi: “Ey mənim xalqım! Mən – səfeh deyil, aləmlərin Rəbbinin elçisiyəm. Mən Onun hökmlərini sizə çatdırıram. Mən sizə ürəkdən xeyirxahlıq arzulayır və etibarınızı qazanıram. Siz isə mənim nəsihətlərimi sözdə və əməldə qəbul etməyə və bütün qulların Rəbbinə itaət göstərməyə borclusunuz”.

                   ﭢﭣ                            ﭯﭰ              

(7.69) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”

Niyə siz qətiyyən təəccüb doğurmayan bir şeyə heyrət edirsiniz? Allah sizə öz aranızdan olan və məziyyətlərini çox yaxşı bildiyiniz elçi göndərmişdir. O (ə), sizə xeyriniz üçün olan şeyləri xatırladır və sizi, sizə xeyir gətirən işlər görməyə çağırır, siz isə buna heyrətlənir və onu rədd edirsiniz.
Yadınıza salın ki, Allah sizi Nuhun (ə) xalqının yerinə gətirdi. Ona həmd edin və minnətdarlığınızı bildirin! O, sizə imkan verdi ki, Onun elçilərini yalançı sayan və sonra məhv edilib kökləri kəsilən xalqların torpaqlarına varis olasınız. O, istəyirdi ki, bundan sonra işlərinizin necə gedəcəyini görsün. Sizdən əvvəlkilərinizin etdiyi kimi, kafirli­yinizdə inad göstərməkdən çəkinin ki, onları haqlayan cəza sizə də nəsib olmasın.
Allahın sizə neməti kimi bəxş etdiyi böyük qüvvəti, güclü qəddi-qaməti və çevikliyi xatırlayın. Onun saysız-hesabsız səxavətlərini unutmayın və əgər siz onları hafizənizdə saxlayaraq, Ona minnətdarlıqla cavab verib vəzifələrinizi yerinə yetirsəniz, onda müqəddəs məqsədinizə nail olmağı bacarar və hər hansı xoşagəlməz və qorxunc şeylərdən xilas olarsınız.
Hud öz həmtayfalarından olanlara öyüd-nəsihət verirdi, onları düz yola yönəldirdi və tövhidə etiqad etmək hökmü verirdi. O (ə) onları əmin etməyə çalışırdı ki, xalqının etibarlı və sadiq məsləhətçisidir. O (ə), öz xalqını, onlardan əvvəlkiləri yaxalamış və onları da yaxalaya bilən Allahın cəzası barədə xəbərdar edirdi. O (ə), Allahın fasiləsiz olaraq onlara əta etdiyi nemətləri və ruzini onlara xatırladırdı. Lakin xalqı ona (ə) itaət etmədi və onun (ə) öyüd-nəsihətlərinə qulaq asmadı.
                 ﭿ  ﮀﮁ                           

(7.70) “(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!”
                 
Kafirlər göstərmək istəyirdilər ki, onlar onun (ə) öyüd-nəsihətlərindən heyrətlə­niblər və heç vaxt ona (ə) itaət etməyəcəklər. Onlar deyiblər: “Doğrudanmı sən bizim yanımıza gəlmişsən ki, biz bir Allaha ibadət edək ata-babalarımızın ibadət etdikləri bütlərdən əl çəkək?” Allah onları rüsvay etsin! Onlar hökmlərin ən mühüm və əlasını onların ata-babalarının getdiyi yolla müqayisə etməyə cəsarət etdilər. Onlar şərik qoşmadan Tək Allaha ibadət etməkdənsə, yollarını azmış atalarının pərəstiş etdikləri müşrikliyə və bütpərəstliyə etiqad göstərməyi üstün tutdular. Onlar öz peyğəmbərini (ə) yalançı sayaraq dedilər: “Əgər sən doğrudan da düz danışırsansa, qoy onda sənin bizi qorxut­duğun şey bizim başımıza gəlsin!” Onlar öz zərərlərinə olaraq Allahdan onlarla Onun peyğəmbəri (ə) arasında olan mübahisəni həll etməyi xahiş etdilər. 

              ﮑﮒ                          ﮞﮟ               

(7.71) “(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”  

Hud demişdi: “Rəbbinizin cəzası və qəzəbi sizə mütləq yetişəcəkdir. Siz bundan qaça bilməyəcəksiniz – çünki bunun əlamətləri artıq üzə çıxmışdır və cəza müddəti artıq, demək olar ki, başlamaqdadır. Siz mənimlə olmayan bir şey barəsində nə əsasla mübahisə edirsiniz? Siz, əslində qətiyyən ilahi sifətlərə malik və tamamilə ilahiləşdiril­məyə layiq olmayan bütləri tanrı adlandıraraq, onlardan ötrü mənimlə höcətləşirsiniz. Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir və əgər onlar həqiqi ilahlar olaydılar, Allah bunu hökmən təsdiq edərdi. İlahlarınızın gerçəkliyini təsdiq edən dəlillərin olmamağı onların uydurma və qüsurlu olmasını təsdiq edir. Allah bütün hökmləri, xüsusilə də, onlardan ən mühümlərini inandırıcı dəlilləri və sübutları vasitəsilə izah etmişdir ki, bunlar nəzərdən qaçırıla bilməz. Siz də, mənim xəbərdar etdiyim, sizi yaxalayacaq cəza saatını gözləyin və mən də sizinlə birlikdə gözləyirəm”.
O (ə), cəzadan qorxanların gözləməsi ilə, Allahın köməyinə və mükafatına ümid bəsləyənlərin gözləməsi arasındakı fərqi xüsusilə vurğulayır. Tamamilə az bir vaxt keçdikdən sonra, Allah bu iki insan qrupu arasında Öz hökmünü verdi.  

                   ﮯﮰ    ﯓ ﯔ    

(7.72) “Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirmə­yənlərin isə kökünü kəsdik”.  

Allah Öz mərhəməti sayəsində Hudu və onunla birgə iman gətirənləri xilas etdi. O, onlara imana gəlməyə yardım göstərdi və onlar iman ilə Onun mərhəmətinə və qurtuluşa nail oldular. Onun ayələrini yalan hesab edən kafirlər isə tamamilə məhv edildilər. Onlar çox sərt cəzaya düçar edildilər və heç kimə ondan canını qurtarmaq müyəssər olmadı. Allah onların üstünə bəhrəsiz külək­lər göndərdi və onlar qarşıya çıxan nə vardısa toz-torpağa çevirir­di. Kafirlər həlak edildilər və səhərə qədər onların yaşayış məskən­lərində bomboş evlərdən başqa heç nə qalmamışdı. Bax gör nəsihət verilənlərin sonu necə oldu! Həqiqəti onlara çatdırdılar, lakin onlar ona itaət etməkdən boyun qaçırdılar. Onlara iman gətirmək hökmü verildi, amma onlar rədd etdilər və buna görə də onların sonu – ölüm, rüsvayçılıq və şərəfsizlik oldu!
Fövqəluca Allah buyurur: “Və, beləliklə, dünyada da, Qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu”[12] (Hud, 11/60).  Bu surədə Allah həmçinin bildirmişdir ki, Ad xalqı qəti surətdə iman gətirməyi rədd etmiş və inadkar kafirlər və təkəbbürlü şərəfsizlər adına layiq görülmüşlər. 
    
      ﯙﯚ                   ﯣﯤ            ﯩﯪ          ﯯﯰ            ﯵﯶ                    

(7.73) “Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!”

Səmud – Hicr adlı yerdə və onun ətrafında yaşamış məşhur bir qəbilə idi[13]. Bu yer Ərəb yarımadasının Hicaz regionunda yerləşirdi. Allah Səmud camaatına onların özlərindən olan Salehi peyğəmbər göndərdi. O (ə), onları Tək olan Allaha iman gətirməyə və ibadət etməyə çağırdı və həm də Ona tay və şərik qoşmağı qadağan etdi. Onun (ə) təbliğatı onun qardaşları-elçilərin təbliğa­tına oxşayırdı. Onların hamısı bir və tək Allaha ibadət etməyə çağırırdılar və izah edirdilər ki, qulların Ondan başqa tanrısı yoxdur.
Saleh demişdi: “Siz heyrətamiz bir hadisənin şahidi oldunuz ki, o, təkcə səma möcüzəsi ola bilərdi, axı insanlar belə xariqüladə bir şey yaratmağa qadir deyillər. Budur əzəmətli dişi dəvə və onu, həqiqətən də, “Allahın dəvəsi” adlandırmaq olar. Bu ad onun şöhrətini və üstünlüyünü xüsusilə vurğulayır. Şübhəsiz ki, o, böyük bir möcüzədir”.
O (ə) dedi: “... Bu, (Allahın möcüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!) Ona heç bir pislik etməyin, yoxsa Böyük günün (Qiyamət günün) əzabı sizi yaxalayar!” (Şuəra, 26/155-156)
Səmudluların böyük bir quyusu var idi və o, bu gün də “dişi dəvə quyusu” kimi məşhurdur. Allah bildirmişdi ki, onlar həmin quyudan suyu növbə ilə içsinlər: bir gün onun suyunu dişi dəvə içirdi və həmin gün səmudlular onun südünü içirdilər; o biri gün isə quyunun suyunu səmudlular içirdilər. Dəvəyə isə həmin vaxtda sərbəst hərəkət etməyə icazə verilirdi. Buna görə Saleh (ə) dedi: “Dəvəyə imkan verin Allahın torpağında otlasın, axı o, sizin işinizi onu yemləməklə çətinləşdirmir! Onu kəsməyin və ona pislik etməyin ki, dəhşətli bir cəza sizə düçar olmasın!”

                                        ﭡﭢ                       

 (7.74) “(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləş­dirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”

Unutmayın ki, Allah sizi yerin canişini təyin etmişdir və bunun sayəsində siz dünyəvi nemətlərdən zövq alaraq istədiyinizə nail olursunuz. Siz yeri Allahın həlak etdiyi Ad xalqından irs almışsınız və onların varisisiniz. Allah sizə yer üzündə hakimiyyət vermiş və istədiyiniz hər şeyi əldə etməyi öyrətmişdir. Siz düzənliklərdə və ovalıqlarda saraylar inşa edir və dağları çapıb evlər tikirsiniz. Allahın nemətlərini xatırlayın və Onun sizi ruzi və qüdrətlə təmin etdiyini unutmayın və yer üzündə günah işlər və şərəfsizlik törədərək, fitnə-fəsad yaratmayın. Həqiqətən, günahlar və itaətsizlik insanlarla canlanan evləri ölü səhralara çevirməyə qadirdir.
Məhz buna görə səmudluların yaşayış yerləri boş qalmışdı. Onların evləri və mağaraları bizim günlərimizə qədər saxlanılmışdı və onlar dağlar yerlərində durduqca, mövcud olacaqlar.

                  ﭳﭴﭵﭶﭷ ﭸﭹ      ﭼﭽ    ﭿ                                      

(7.75) “Saleh tayfasının (iman gətirməyi) özlərinə sığış­dırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsi­nizmi?” – deyə soruşdular. Onlar: “Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!” – deyə cavab verdilər.
(7.76) “(Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: “Sizin inan­dığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq!” – dedilər.

Saleh peyğəmbərin (ə) tayfasının iman gətirməyi özlərinə sığışdırmayan təkəb­bürlü başçıları və zadəganları öz aralarından olan zəif və köməksiz möminlərə: “Doğrudanmı Saleh Rəbbi tərəfindən göndərilmişdir? Bəlkə o – yalançıdır?” – dedilər. Saleh peyğəmbərin (ə) əlsiz-ayaqsız kasıblarının heç də hamısı haqq dini qəbul etmə­mişdilər və buna görə tayfa başçıları ancaq onlardan iman gətirənlərə müraciət etmişdilər. Onlar belə cavab vermişdilər: “Biz Vahid Allaha  iman gətirmişik və Onun bütün hekayətlərini, hökmlərini və qadağa­larını doğru hesab edirik!” Belə olduqda, təkəbbürlü zadəganlar dedilər: “Biz isə sizin iman gətirdiyinizə inanmağı rədd edirik!” Lovğalıqları onları haqqa boyun əyməməyə sövq etdiyi halda, onların zəif tayfadaşları haqqın qarşısında müti oldular.
                                       

(7.77) “Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlər­dən­sən­sə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər”.    

Saleh (ə) öz camaatını xəbərdar etmişdi ki, onlar bəd niyyətlə Allahın dəvəsinə toxunsalar onlara əzablı bir cəza düçar olacaqdır. Bu xəbərdarlığa baxmayaraq, onlar özlərinin Rəbbinin hökmünə təkəbbürlə itaətsizlik göstərərək, dişi dəvəni kəsdilər. Lakin Onun hökmlərinə təşəxxüslə laqeyd yanaşanlar çox sərt intiqamı mütləq dadacaqlar. Allahın çoxsaylı başqa xalqları layiq görmədiyi cəzaya onları məruz qoymasında təəccüblü heç bir şey yoxdur.
Onlar nəinki kobud cinayətə yol vermişdilər, həm də Allahın onları cəzalandıra bilməyəcəyini bildirmişdilər. Onlar öz günahlarına əhəmiyyət vermir və hətta onlara görə fəxr edirdilər. Onlar belə dedilər: “Ey Saleh! Əgər sən doğrudan da Allah tərəfindən göndərilmişsənsə, qoy onda bizi qorxutduğun cəza başımıza gəlsin!” O (ə) buna cavab olaraq dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!” (Hud, 11/65).

ﮞﮟﮠ  ﮡﮢ ﮣ                                   

(7.78) “Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(7.79) “(Saleh) onlardan üz döndərib belə dedi: “Ey cama­atım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbər­liyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

Zəlzələ günahkarları sarsıtdı və onlar diz çökdülər. Allah onları məhv edərək köklərini kəsdi. Cəza onları haqlayan anda Saleh peyğəmbər (ə) onlardan üz çevirdi. Onlar artıq məhv edil­dikdən sonra isə, o (ə), tənə və qınaqla onlara müraciət etdi: “Ey mənim qəbilədaşlarım! Axı mən Allahın mənim vasitəmlə sizə göndərdiyi bütün xəbərləri sizə çatdırdım. Mən mümkün olan hər şeyi etdim ki, siz doğru yola yönələsiniz və haqq dini qəbul edəsiniz. Lakin siz sizə xeyirxahlıq etmək istəyənləri xoşlamadınız. Siz səmimi qəlbli xeyirxahların sözlərini rədd etdiniz və lənətə gəlmiş şeytana qulaq asdınız”.
Bir çox şərhçilərin rəyinə görə, Salehin (ə) dişi dəvəsi möhkəm və hamar qaya parçasından yaradılmışdı. Səmudlular peyğəmbərdən (ə) möcüzə göstərməsini tələb etdikdə, qayanın bir parçasından, orada toplaşanların gözü qarşısında, sanki doğuş ağrıları çəkirmiş kimi, bir dişi dəvə çıxdı. Kafirlər dəvəni kəsəndə yanında bir bala dəvə də varmış. O, üç dəfə bağırmışdı və bu zaman qarşıdakı dağ aralanmış və bala dəvə oraya girmişdi. O zaman Saleh (ə) öz qəbilədaşlarına dedi: “Sizə cəmi üç gün vaxt verilmişdir. Cəzanın yaxınlaşması əlaməti – birinci gün üzlərinizin saralması, ikinci gün – qızarması, üçüncü gün isə qaralması olacaqdır”. Hər şey onun irəlicədən dediyi kimi baş verdi.
Bu hekayəni İsrail oğulları rəvayət etmişdilər, lakin yəhudi­lərə məxsus belə ifadələri Allahın Kitabını təfsir edərkən xatırlamaq lazım deyil. Quran ayələri onun etibarlılığını təsdiq etmir. Bundan əlavə, əgər o, səhih olsaydı, Fövqəluca Allah onu hökmən xatırladardı, çünki bu hekayə qəribə möcüzələr və ibrətamiz nəsihətlərdən ibarətdir. Fövqəluca Allah ona laqeyd yanaşmaz və o barədə susmazdı, çünki bilirdi ki, əhvalat etibarsız rəvayətçilər vasitəsilə bizə çatdırılacaqdır. Bundan başqa, Quran ayələri bu hekayətlərin bir hissəsini təkzib edir, çünki Saleh peyğəmbər (ə) öz qəbilədaşlarına demişdi ki, onlar hələ üç gün öz mənzillərində kefə baxacaqlar. Onlara üç günlük qısa müddət ərzində kef çəkmək imkanı verilmişdi ki, ondan sonra onlar bir daha həzz almayacaq və kef çəkməyəcəkdilər. Peyğəmbərin (ə) yaxınlaşmaqda olan cəza və onun əlamətləri haqqında öncədən verdiyi xəbəri eşidən və günbəgün onun (ə) peyğəmbərliyinin gerçəkləşməsinə əmin olan insanlar belə bir vaxtda həyatdan necə həzz ala bilərdilər? Onlar necə həzz ala bilərdilər ki, artıq üzlərinin saralması, qızarması və qaralması onların cəzalandırıl­masının tərkib hissəsinə daxil idi? Məgər bunlar Quran mətnlərinə zidd deyil? Həqiqətən, Müqəddəs Quran – elə bir doğru Təlimdir ki, insanların başqa bir şeyə ehtiyac duymaması üçün o, bəs edir.
Sözsüz ki, biz Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Qurana heç vaxt zidd gəlməyən istənilən səhih hədislərini məmnuniyyətlə qəbul edirik. Bundan başqa, Quran özü bizə səhih hədisləri rəhbər tutmaq üçün hökm verir: “...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...” (Həşr, 59/7).
Bundan əvvəl biz artıq demişdik ki, Quranı yəhudi əfsanə­lərinə əsaslanaraq şərh etmək olmaz. Əlbəttə, əgər onların etibar­sızlığı açıq-aydın deyilsə, onda onları rəvayət etmək olar. Belə olduqda, biz onları nə təsdiq edə, nə də inkar edə bilmərik. Lakin Allahın Kitabı şübhə altına alına bilməz və buna görə yəhudi əfsanələrini onun şərhi ilə birləşdirmək olmaz.

                                 

 (7.80) “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmə­diyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edə­cəksiniz?”

Ey Muhəmməd! Qulumuz Lutu (ə) da xatırla! Biz onu (ə) öz xalqı arasında təbliğat aparması üçün göndərdik. O (ə), onlara tək Allaha ibadət etməyi buyurmuş və onlara qədər heç bir xalqın törətmədiyi çirkin cinayətlər törətməyi qadağan etmişdi. O (ə) demişdi: “Sizin əməlləriniz o dərəcədə iyrənc və qorxuncdur ki, qalan bütün çirkin əməlləri ötüb keçmişdir. Əvvəllər heç kim belə etməyə cəsarət göstərməmişdi”.
Homoseksuallıq özlüyündə ən mənfur cinayətdir və onun daha da çirkinliyi Lut camaatının bu günah hərəkəti ilk dəfə başlaması və başqaları üçün yol açması olmuşdu. Daha sonra Fövqəluca Allah onların cinayətinin mahiyyətini izah edir:

               ﯩﯪ             

 (7.81) “Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsi­niz. Siz doğrudan da, həddi aşmış bir tayfasınız!”

Niyə siz Allahın sizin üçün yaratdığı qadınları rədd edir­siniz? Siz onlarla insan təbiətinə uyğun olaraq öz şəhvətinizi qane edə və həzz ala bilərsiniz. Bəs niyə siz kişilərlə üfunətli və iyrənc nəcisin ifraz edildiyi ən çirkin və natəmiz orqanlardan birinin vasitəsilə cinsi əlaqəyə girmək istəyirsiniz? Həqiqətən, insanlar, nəinki ona bu minvalla toxunmaq və ya yaxınlaşmaqdan, hətta onun adını çəkməyə belə utanırlar! Amma siz Allahın qoyduğu hədləri aşırsınız və qaba günahlar törətməyə cəsarət edirsiniz.

ﭑﭒﭓﭔﭕﭖ                  

(7.82) “(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!” – deməkdən başqa bir şey olmamışdı”.

Lutun kafir tayfadaşları dedilər: “Qovun onları öz şəhəriniz­dən! Onlar təmiz və günahsız olmaq istəyirlər!” Onlar deməyə bundan ağıllı bir söz tapmadılar. “Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar” (Buruc, 85/8).

ﭠﭡﭢﭣﭤﭥ ﭦﭧ 

(7.83) “Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız arvadı (Vailə öz gizli küfrünə görə) həlak oldu”.

Allah Luta (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında ailəsini şəhərdən çıxarsın, çünki sübh çağı onun xalqı cəzasını alacaqdır. O (ə), ailəsini şəhərdən çıxartdı, təkcə onun arvadı cəza­landırılanların arasında qaldı.

     ﭪﭫ              

(7.84) “Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağ­dırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!”

Allah kafirlərin üstünə bişirilmiş qaynar gil kəsəkləri yağ­dırdı və onların yaşadıqları yerləri alt-üst etdi. Həqiqətən, bu canilərin sonu ölüm və əbədi şərəfsizlik oldu.

ﭲﭳﭴﭵﭶﭷﭸﭹ             ﭿﮀ           ﮅﮆ                            ﮓﮔ                

 (7.85) “Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəm­bər) göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azalt­mayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsin­də) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!”

Mədyən vaxtilə məşhur bir tayfa idi və Allah onların öz qo­hu­mu Şüeybi (ə) onlara göndərmişdi. O (ə), onları tək olan Allaha ibadət etməyə, Ona şərik qoşmamağa, ticarət zamanı insanları çəkidə və ölçüdə aldatmamağa, başqalarının haqqı olan əmlakı vaxtında qaytarmağa və günah işlətməklə və cinayətlər törətməklə yer üzündə fitnə-fəsad yaymamağa dəvət etmişdi.
Əgər insan Allahın iradəsinə tabe olaraq və Ona yaxınlaş­mağa can ataraq günahlardan çəkinirsə, bu ona olduqca böyük faydalar gətirir. Halbuki insanın günahlar törətməsi, Qüdrətli Rəbbin quluna qəzəblənməsinə və onu Cəhənnəm odunda cəzalan­dırılmağa məhkum etməyə səbəb olur.

ﮜﮝﮞﮟﮠﮡﮢ              ﮩﮪ           ﮯﮰ               

(7.86) “Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!”

Yollarda pusqu quraraq yolçuları hürküdüb, təhdid etməyin. Düz yolla getmək istəyənlərə mane olmayın və öz istəklərinizə uyğun olaraq Allahın yolu haqqında yanlış təsəvvür yaratmağa cəhd göstərməyin. Siz də başqa insanlar kimi Allahın Öz qullarına göstərdiyi yola hörmətlə yanaşmalısınız ki, Onun lütfkarlığını qazanasınız və Onun rəhmət məskəninə düşə biləsiniz.
Allah düzgün yolu göstərərək, sizə böyük lütfkarlıq etmişdir və siz onunla getməlisiniz, insanları o yola dəvət etməlisiniz və onu qorumalısınız. Sizə o yolu kəsmək və adamları ondan çıxart­maq yaraşmaz, çünki belə hərəkət Allahın mərhəməti əvəzində nankorluğun təzahürü və Ona qarşı düşmənçilik olardı. Sizə bu doğru və ədalətli yolu təhrif etmək  və onunla gedən şəxsləri pis­ləmək olmaz.
Allahın xalqınızın sayını artırmaqla və sizə zövcələr, nəvə-nəticələr, sağlamlıq bəxş etməklə sizə göstərdiyi lütfkarlığını xatırlayın. O, sizi nə taun, nə də digər xəstəliklərlə sınağa çəkmədi ki, sıralarınız seyrəlməsin. O, üstünüzə sizi məhv edə bilən düşmənlər də göndərmədi və sizi yer üzünə səpələyib pərən-pərən salmadı. Əksinə, Öz mərhəməti sayəsində O, sizi vahid bir xalq etdi və sizə saysız-hesabsız nemətlər və çoxsaylı nəsillər bəxş etdi.
Şüeyb (ə) onlara bu sözlərlə öyüd-nəsihət verirdi, lakin bax gör o yaramaz canilərin sonu necə oldu! Onlar vəhdəti – parçalanmalarla, çoxsaylılığı – tənhalıqla  əvəz olundu! Onlar şan-şöhrətə layiq görülmədilər. Bu dünyada nəsibləri – lənətlənmə, Qiyamət günü isə şərəfsizlik və rüsvayçılıq olacaqdır.

                                          ﯧﯨ             

(7.87) “Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah ara­mızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

Sizdən bəziləriniz mənimlə göndərilənə iman gətirdilər, lakin əksəriy­yətiniz imandan boyun qaçırdılar. Buna görə, Allah aramızda hökm çıxarana qədər hələlik səbir edin. Həqiqətən, O – hakimlərin Ən Yaxşısıdır. O, haqlı olanlara hökmən kömək edər və azğınları cəzalandırar.

                                      ﭢﭣ                   

(7.88) “(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığış­dır­mayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcək­siniz)?”

Öz istədiklərini yerinə yetirən və həyatdan ləzzət alan varlı adamlar və tayfa başçıları peyğəmbərin (ə) təbliğ etdiyi haqqın onların arzuları ilə üst-üstə düşmədiyini gördükdə onu təkəbbürlə rədd etdilər və Şüeybə (ə) və ona iman gətirmiş öz zəif saydıqları həmtayfalarına dedilər: “Ey Şüeyb! Əgər siz dininizdən əl çəkmə­səniz, biz səni və sənin ardınca gedənləri şəhərdən qovacağıq!”
Onlar özlərinin qeyri-adi gücündən istifadə edərək haqqın əleyhinə çıxdılar. Onlar dinin hökmlərini, əhd və vəzifələrini qəbul etmək istəmədilər. Onlar təkcə öz istəklərini yerinə yetirir və öz uzağı görməyən və onları bu naqis qərarı qəbul etməyə təkan vermiş ağıllarına istinad edirdilər. Buna görə onlar peyğəmbəri (ə) təhdid edərək, möminləri bütpərəst dininə qayıtmadıqları halda, şəhərdən qovacaqları ilə hədələmişdilər.
Şüeyb, onların iman gətirəcəyinə ümidini itirməyərək, onları doğru yola gəlməyə çağırırdı. Amma iş belə gətirdi ki, onlar onu, özlərinə tabe olmadığı halda, doğma torpağından qovmaqla hədələdilər. Axı o (ə), möminlərlə birlikdə bu torpaqda yaşamağa daha çox haqlıydılar. Fasiqlərin sözləri onu (ə) o dərəcədə heyrət­lən­dirdi ki, onlara belə dedi: “Doğrudanmı siz istəyirsiniz ki, biz sizin yalançı dininizə nifrət bəsləməyimizə baxmayaraq, onu qəbul edək? Ona nifrətimizin səbəbi onun yalançı və yanlışlığının bizə məlum olmasıdır. Sizin dininizi ancaq ona meyl edənlərin arasında təbliğ etmək olar. Lakin dininizə etiqad etməyi insanlara qadağan edən və ona etiqad edənləri ifşa edənlərə siz necə belə bir dinə gəlməyi təklif edə bilərsiniz?!!”

                                  ﭶﭷ                     ﭿ            ﮂﮃ           ﮈﮉ      ﮌﮍ      ﮔﮕﮖﮗ 

(7.89) “Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dini­nizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan!”

Əgər biz Allah tərəfindən sizin batil dininizdən və onun dəhşətli nəticələrindən xilas edildikdən sonra, yenidən sizin dininizi təbliğ etsək, siz bizim əleyhimizə şahidlik edin! Əgər biz belə etsək, Allaha qarşı iftira etmiş olarıq, çünki biz çox yaxşı bilirik ki, Allaha – Vahid, Əbədi və Özükafi Rəbbə şərik qoşanlar ən böyük yalan uyduranlardır. Onun nə zövcəsi, nə oğlu yoxdur və O, hakimiyyətini həmkarları və şərikləri ilə bölüşdürmür. Biz heç vaxt müşriklərin dininə qayıtmağa razılaşmarıq. Belə bir şey mümkün deyil!
Şüeyb müşrikləri onların dinini qəbul edəcəyi ümidindən məhrum etdi və öz sözlərini təsdiq edən bir sıra dəlillər gətirdi. Birincisi, o (ə) müşrikliyə nifrət edirdi. İkincisi, o (ə), müşrik dinini yalançı din elan etmişdi və öz həmtayfalarına təklif etmişdi ki, əgər o (ə) digər möminlərlə birlikdə həmin dini qəbul etsə, yalançı olacağına şahidlik etsinlər. Üçüncüsü, o (ə) etiraf etmişdi ki, Allah onları müşriklikdən xilas edərkən onlara böyük lütfkarlıq göstərmişdi. Dördüncüsü, o (ə) bəyan etmişdi ki, Allah onları doğru yola yönəltdikdən sonra, yenidən müşrikliyin ağuşuna qayıtmaq mümkün deyil. Onun (ə) rəyinin əsasını – möminlərin öz qəlblərində Allahı səmimiyyətlə ucaltmaları və özlərini Onun qulları saymaları təşkil edirdi. Onlar iman gətirmişdilər ki, O – ibadətə layiq və şəriki olmayan Vahid Allahdır və müşriklərin “ilahları” faydasızdırlar və ibadətə layiq deyillər.
O (ə) anlayırdı ki, Allah onlara ağıl vermiş və bunun sayəsində həqiqəti yalandan, doğru yolu isə azğınlıqdan fərqlən­dirə bilirlər. O (ə) bilirdi ki, Allahın iradəsi hökmən icra edilir və heç kim Onun qədərindən qaça bilməz və hətta bu məqsədlə bütün mümkün olanları etsə və nəhəng bir qüvvə toplasa da belə. Bax buna görə, Şüeyb (ə) demədi ki, möminlər heç vaxt müşriklərin istədikləri kimi hərəkət etməzlər, sadəcə qeyd etdi ki: “Biz, əgər Allah istəməsə, sizin dininizə heç vaxt qayıtmayacağıq! Nə biz, nə də qalan məxluqlar Onun elminə və müdrikliyinə tabe olan iradəsinin əleyhinə çıxmağa qadir deyillər. O, elmi ilə bütün varlığı qapsayır və qullarının nəyə ehtiyacı olması və onları necə idarə etmək Ona çox yaxşı məlumdur. Biz ümid edirik ki, O, bizim ürəklərimizi doğru yol üçün təsbit edəcək və Cəhənnəmə aparacaq bütün yollardan bizi qoruyacaqdır. Əgər insan Ona təvəkkül edirsə, onda O, onu ehtiyacdan xilas edir və onun istənilən mənəvi və dünyəvi işlərini asanlaşdırır”.
Sonra möminlər Allaha dua edirlər: “Ey Rəbbimiz! Bizlə xalqımız arasında ədalətlə hökm ver! Məzlum və incidilmiş haqq tərəfdarlarına, haqdan inadla boyun qaçıran zalım günahkarlara üstün gəlməyə kömək et! Həqiqətən, Sən – hakimlərin Ən Yaxşısı­san!”
Allahın qərarları iki növ olur. Birinci növə aid olan bilikdir ki, onun sayəsində həqiqət yalandan, doğru yol – azğınlıqdan, möminlər isə yolunu azmışlardan fərqlənirlər. İkinci növə aid olan isə Allahın hökmləridir ki, onların əsasında cəza zalım günahkar­ları haqlayır, möminlər isə xilasa və şərəfə nail olurlar.   


[1] Bu ifadə ilə Qüdrətli və Müdrik Allahın Özünün hərşeyiəhatəedən Elmi ilə yaratdığı məxluqlardan heç vaxt uzaq olmadığı ehtiva edilir. Bu, Fövqəlucanın misilsiz sifətlərindən biridir. F.S.
[2] Qalın şrift və kursiv tərcüməçinindir. F.S.
[3] Təqva – Allah qorxusu. F.S.
[4] Burada Z. Bünyadovun və V. Məmmədəliyevin tərcüməsində verdiyim ayənin ərəbcəsində “zinətlərinizi”  ((`yRÑWWÞgÿ¦) sözü “gözəl libaslarınızı” ifadəsi ilə verildiyi üçün ayənin çevirisi ilə şərhin mətni arasında, ilk nəzərdə, müəyyən uyuşmazlıq hiss oluna bilər ki, bunu nəzərə almaq lazımdır. F.S.
[5] Burada çayın bir sahilindən digər sahilədək olan quru yatağı, məcrası (axdığı təbii ərazi) nəzərdə tutulur. F.S.
[6] “Hasar”   çəpər, sədd, divar mənalarını bildirir. F.S.
[7] Yəni, “salam əleykum” deyəcəklər (salamlaşacaqlar). F.S.
[8] Həm bu ayə (7.53) və həm də digər ayələr Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcümə etdikləri Qurandan (Bakı, “Çıraq” nəşriyyatı, 2004) iqtibas edilmişdir və mənim rus dilindən tərcümə etdiyim şərhdə “peyğəmbərliyin həyata keçirilməsi” və ya “peyğəmbərliyin gerçəkləşməsi” ifadəsi ayədə (həmin tərcümədə) “xəbər verilən aqibət” kimi çevrilmişdir. F.S.
[9] Bu ayə, etiqad prinsipləri ilə əlaqədar, Əs-Səədi təfsirinin rus dilindəki mətnindən sərbəst çevrilmişdir. F.S.
[10] Gizli, yəni səssizcə, başqalarına bildirmədən və nümayiş etdirmədən. F.S.
[11] Bir başqa təfsirdə isə İbn Abbasdan (r. a) rəvayət edilən bir hədisdə o, bu ayə haqqında belə demişdir: “Allah (c. c), bu ayədə verdiyi örnək kimi təmiz torpağı möminə, yararsız torpağı isə kafirə bənzətmişdir”.  Yəni, mömin gözəl və tez bitki yetişdirən torpaq kimidir. Kafir isə bitkilərin çətinliklə bitdiyi yararsız torpağa bənzəyir. “Müfəssəl Təfsir”, Abdulvahid Mətin (İQRA 2. 0), 2004, İstanbul, abdulvahidmetin@mynet.com. Tərc. F.S.


[12] “(Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır)”. Dırnağa alınmış və iki mötərizə arasında olan bu iqtibas Müqəddəs Quranın Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən tərcümə edilmiş variantında həmin ayənin bilavasitə mətninə əlavə edilmiş izahdır. Mən ayənin ərəb mətni ilə yaxınlığına riayət etmək məqsədilə, həmin əlavəni Quran ayəsinin çevrilmiş mətnindən çıxarıb burada ayrıca verməyi məqsədəuyğun saydım.  F.S.
[13] Hud peyğəmbərin (ə) vəfatından sonra Səmudun törəmələri Şimali Ərəbistan ərazisində məskunlaşdılar. Özlərinə imarətlər, saraylar tikdilər. Daşları yonub heykəllər düzəltdilər. Evlərini və saraylarını bu heykəllərlə bəzədilər. Səmud xalqı Allahın Təkliyi etiqadını yadırğayıb, Ona şərik qoşdular və heykəltaraşların hazırladığı bütləri özlərinə tanrı saydılar. Bu xalqın içində əxlaq və fəzilət baxımından ən üstünü olan Salehə qırx yaşında Allah peyğəmbərlik verdi. Mənbə: İqra-2, elektron proqram, “Peyğəmbərlər tarixi” bölməsi (Türkiyə Cümhuriyyəti). F.S.     

Комментариев нет:

Отправить комментарий