воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 13-cü parça



                                                                                                 
(247) “Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

Peyğəmbər Talutu israillilərin hökmdarı təyin etdi. Ona tapşırıl­mışdı ki, İsrail oğullarının müqəddəs müharibəsinə başçılıq etsin, çünki onu ləyaqətli rəhbər olmadan aparmaq mümkün deyil. İsraillilər Talutun təyinatına təəccüblənmişdilər, çünki onların arasında şan-şöhrətli nəsillər­dən olan çoxlu hörmətli və böyük sərvət sahibi olan kişilər var idi. Belə olduqda, peyğəmbər Talutun onlar üçün Allah tərəfindən seçildiyini, Allahın ona siyasət sahəsində elm və böyük fiziki qüvvə bağışladığını xəbər verdi. Bu iki keyfiyyət insanın cəsarətli, igid və xalqı idarə etmək qabiliyyətinə malik olduğunu müəyyənləşdirir. Xalqının rəhbərinin varlı olması, nəslində şahların və ya qəbilə başçılarının olması qətiyyən vacib şərt deyil. Uca Allah istədiyinə hakimiyyət verir.

                                                                            
(248) “Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əla­məti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”.

Alicənab peyğəmbər Talutun rəhbər üçün zəruri olan istedadı və gözəl keyfiyyətləri haqqında danışmaqla qane olmadı. O dedi ki, Talutun hakimiyyətinin dəlili, mələklərin nazil olaraq, Qüdrətli Rəbdən sülh və əmin-amanlıq sandığını gətirmələri olacaqdır. Bu sandıq israillilərin düş­mənləri tərəfindən ələ keçirilmişdi və onda Musanın və Harunun ailə­lərindən sonra qalan şeylər saxlanılırdı.
İsraillilər möcüzəni öz gözləri ilə görənə qədər Talutun həqiqətən gözəl əxlaqi keyfiy­yət­lərə malik olması və onu Allahın peyğəmbərinin (ə.) sözü ilə Allahın Özünün təyin etməsi onları razı salmamışdı. Amma onu gördükdən sonra onlar itaət etməyə razılaşdılar və Allahın iradəsinə tabe oldular.
                                                                                                           ﭿ                                       

(249) “Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su iç­dilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bə­ziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çat­mayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Ne­çə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəl­mişdir!” Allah səbir edənlərlədir”.

                                    

(250) “Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə kömək et!”

Talut İsrail xalqının rəhbərliyini qəbul edərək böyük bir ordu topladı, döyüşçülər arasında vəzifələrini böldü və düşmənlə görüşə getdi. O, İsrail oğullarının zəifliyini və niyyətlərində qətiyyətsiz olduqlarını hiss edirdi və başa düşürdü ki, mətin döyüşçüləri döyüşdən boyun qaçırmağa hazır olanlardan ayırmalıdır. Məhz onda Talut elan etdi: “Allah keçməli olacağınız çayın sahilində sizi sınayacaqdır. Siz içməli suya güclü ehtiyac hiss edəcəksiniz. Amma sizlərdən kim o sudan içsə mənim ardımca gəlməsin, çünki onun rəftarı səbirsiz olduğunu təsdiq edəcək. Kim ki, mənə sadiq qalarsa, səbir edib çayın suyundan içməsə, ona mənimlə yolumuzu davam etdirməyə icazə veriləcək. Mən, təkcə bir ovuc su götürənləri bağışlayaram”.
İsraillilər çayın sahilinə çatanda doğrudan da bərk susuzlamışdılar və onların əksəriyyəti suya atılıb içməyə başladılar. Ancaq onların çox azı səbir edib su içmədilər.
Talut və onunla bərabər iman gətirənlər çaydan çıxdıqda, adamlar dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq!” Ehtimal ki, bu sözləri deyənlər döyüşdən qaçmaq istəyənlərdi. Ola da bilər ki, bunu deyənlər Talutla birgə çayın o tayına çıxanlar idi.
Əgər bunu deyənlər döyüşdən yayınan israillilər idisə, onda onlar bununla özlərini doğrultmağa çalışırdılar. Ya da onlar Talutla birlikdə çaydan keçən döyüşçülər tərəfindən deyilmişdisə, bu o demək idi ki, onların bəziləri ruhi zəiflik hiss etmişdilər. Buna baxmayaraq mətanətli iman sahibləri onların ruhunu möhkəmlətmiş və onları mübarizəni davam etdirməyə ruhlandırmışdılar. Onlar demişdilər: “Neçə-neçə az saylı dəstə­lər Allahın izni ilə çox saylı dəstə­lərə qalib gəlmişdir! Allah həmişə köməyi və qələbə bəxş etməsi ilə Özünün səbirli qullarının yanındadır”. Bu sözlər israilliləri səbirli olmağa səslədi və onlar Calut və onun qoşunu ilə döyüşə qətiyyətlə yönəldilər.

                                                           

(251) “Möminlər Allahın izni ilə onları dar­madağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır”.

Davud Calutu öldürdü və israillilər düşmən üzərində qələbə çaldı­lar. Allah Davuda peyğəmbərlik, hakimiyyət, faydalı biliklər, hikmət və səlis danışmaq qabiliyyəti bəxş etdi. Bunları yada saldıqdan sonra Uca Allah cihadın faydasını izah edərək, buyurur ki, əgər Allahın iradəsi ilə bəzi adamlar başqalarının qarşısını almasaydılar, onda yer üzündə kafirlər,  günah­karlar, cinayətkarlar və mürtədlər hökmranlıq edərdilər. Onda orada hərc-mərclik başlayardı. Lakin Allah qullara lütfkarlıq göstərərək mömin­ləri və İslamı Öz qanunları və Öz qədəri vasitəsi ilə kafirlərdən qorudu.

                       
(252) “Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən”.

İsrail barədə hekayətdən sonra Allah Muhəmməd Peyğəmbər­ə (s.ə.s.) xəbər verir ki, Allahın ayələri ona həqiqətən oxunur və o, həqi­qətən elçilərdən biridir. Onun peyğəmbərli­yinin həqiqiliyinin dəlillərindən biri də bu Quran hekayətidir ki, Peyğəmbər (s.ə.s.) onu Allahın vəhyindən bilmişdir.
Quranda bildirilən bu hadisədən müsəlmanlar çoxlu faydalı nəticə­lər çıxara bilərlər.
Birincisi, onda Allahın dininin qorunmasının, müsəlman torpaqla­rının müdafiəsinin, onların həyatı və mülkiyyətinin toxunulmazlığının təminatı üzrə yeganə vasitəsi olan Allah yolunda cihadın üstünlüyündən və faydasından bəhs edilir. Ondan həmçinin aydın olur ki, müqəddəs müharibədə mücahidlərin böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, onları şərəfli aqibət gözləyir, halbuki, cihaddan yayınan günahkarlar ancaq bir müddət ləzzət alaraq özlərini uzun çəkəcək əzab-əziyyətlərə düçar edirlər.
İkincisi, o, ləyaqətli bir adamı hökmdar vəzifəsinə təklif etməyin qanuniliyinə dəlalət edir. Hökmdarın məziyyətləri iki mühüm keyfiyyət­dən hasil olur: siyasət və idarəetmə sahəsin­dəki biliklərdən və həqiqəti qorumaq bacarığından. İnsan bu keyfiyyətlərə malik olduqda, başqala­rından daha çox hökmdar olmağa layiq olur.
Üçüncüsü, o, şəriət alimlərinin belə bir doğru fikrini təsdiq edir ki, ordunun komandanı səfərə çıxmazdan əvvəl qoşunların döyüş tərkibinə baxış keçirərək, yararsız minik heyvanlarını, imanı az olan, səbri çatma­yan, fiziki cəhətdən zəif olan və öz varlığı ilə ətrafdakılarına zərər vura bilən piyada və atlıları qoşundan uzaqlaşdırmalıdır. Həqiqətən, hərbi yürüşdə belə döyüşçülər müsəlmanlara ancaq zərər vururlar.
Dördüncüsü, o təsdiq edir ki, döyüşdən əvvəl mücahidlərin döyüş ruhunu möhkəmlət­mək, onları mübarizəyə ruhlandırmaq, onları Allaha layiqincə iman gətirməyə, Ona hər barədə təvəkkül etməyə çağırmaq lazımdır. Həmçinin Allaha dua etmək lazımdır ki, müsəlmanları mətanətli etsin, onlara lazımi qədər səbir və düşmən üzərində qələbə bəxş etsin.
Beşincisi, o, başa düşməyə imkan verir ki, insanın döyüşmək və cihad etmək niyyəti hələ o demək deyil ki, o, doğrudan da belə bir əməldə iştirak edəcək. İnsan düşmənlə qəti döyüşmək niyyətində ola bilər, lakin onunla rastlaşanda qətiyyət yox ola bilər və buna görə də, Peyğəmbər (s.ə.s.) belə sözlərlə Allaha dua edərdi: “Mənə bütün əməllərimdə möh­kəmlik və düz yolla getməyə qətiyyət ver!”
İsraillilər müqəddəs müharibəyə başlamaq istəyirdilər və qəti qərar qəbul etdiklərini təsdiqləyən çıxışlar edirdilər. Amma düşmənlərlə döyüş­mək vaxtı gəldikdə, onların əksəriyyəti geriyə çəkildi. Bütün bunlar Peyğəmbərin (s.ə.s.) bir başqa duasını yada salır: “Qədərim gerçəkləş­dikdən sonra məni məmnun et!” Bu o deməkdir ki, öz taleyi ilə həqiqi razılaşma, insanın qismətinə düşən çətinliklərdən narazı olmadıqdan sonra özünü göstərir.

                                                                                                 ﭿ                          

(253) “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlar­dan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir”.

Yaradan bildirir ki, bəzi elçilər Allahın onlara bəxş etdiyi olduqca yaxşı keyfiyyətləri və gözəl xüsusiyyətləri ilə digərlərindən üstündürlər. Onlar kamil iman, möhkəm əqidə, yüksək əxlaq, gözəl davranış sahibi idilər və insanları Allaha dəvət edir, onlara faydalı biliklər öyrədir və hərtərəfli xeyir verirdilər. Onlardan bəzilərini Allah Öz sevimlisi etmiş, digəri ilə heç bir vasitə olmadan danışmış, daha başqalarını isə qalan məxluqları üzərində ucaltmışdır. Allahın elçiləri elə yüksəkliklərə nail olmuşdular ki, oraya başqa insanların qalxması mümkün olmaya­caqdır.
Məryəm oğlu İsanı Allah xüsusilə qeyd edir. Açıq-aydın möcüzə­ləri onun Allahın qulu və elçisi olmasına dəlalət edir və onun bütün təbliğ etdiklərinin doğruluğunu sübuta yetirirdi. Allah ona korları və cüzamlı xəstələri sağaltmaq, ölüləri diriltmək və hələ döşəmər körpə ikən beşikdə adamlarla danışmaq imkanı vermişdi. Allah onu həmçinin Müqəddəs Ruhla, yəni İman Ruhi ilə qüvvətləndirmişdi. Peyğəmbərin ruhaniliyi digər yaradılmışların ruhaniliyindən üstün olur və onun sayəsində pey­ğəm­bər əlavə yardım və qüvvə alır.
Heç şübhə yoxdur ki, hər bir iman sahibi öz imanına uyğun olaraq mənəvi yardım alır, çünki Uca Allah buyurur: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla, öz ataları, oğulları, qardaş­ları, qohum-əqrəbaları olsalar belə, dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir...” (Mücadələ, 58/22). Lakin İsa peyğəmbərə göstərilmiş yardım, Allahın digər mömin­lərə göstərdiyi yardımdan çox yüksək idi və buna görə də Uca Allah o barədə ayrıca xatırladır.
Belə bir rəy var ki, Müqəddəs Ruh – mələk Cəbraildir. Allah onun vasitəsilə İsa peyğəmbərə kömək edir, lakin birinci şərh daha səhihdir.
Elçilərin kamil keyfiyyətlərindən və onlara bəxş edilmiş üstünlük­lərdən və özəlliklərdən bəhs etdikdən sonra, Uca Allah bildirir ki, onlar hamısı bir dinə etiqad edir və bir imana çağırırdılar. Bu şərtlər bütün xalqların Allahın elçilərini tanımasını və onlara tam tabe olmasını zəruri edirdi, çünki onlara həm də ecazkar möcüzələr bağışlanmışdı ki, onların hər biri, insanların həqiqi dinə gəlmələri üçün kifayət edirdi. Lakin insanların əksəriyyəti düz yoldan yayınmağı üstün tutdular və buna görə də Yerin xalqları arasında ixtilaf və ziddiyyətlər baş verdi.
Bir sıra xalqlar iman gətirdilər, digərləri isə kafir qalmağı üstün tutdular. Bu ziddiyyətlər müharibələrlə nəticələnirdi ki, onlar mövcud ziddiyyətləri daha da dərinləşdirir və qarşılıqlı düşmənçiliyi gücləndirirdi. Amma Allah istəsəydi onların hamısını düz yola yönəldərdi və ziddiy­yətlərdən qoruyardı. Əgər O, istəsəydi, onları müharibələrə və qan tök­məyə yönəldən ziddiyyətlərə baxmayaraq, bir-biriləri ilə vuruşmazdılar. Lakin ilahi hikmət tələb edirdi ki, hadisələr bu minvalla getsin və insan­ların əməllərindən asılı olsun!
Bu ayə Uca Allahın bütün səbəblər üzərində hökmran olmasına ən əzəmətli bir dəlildir. O, bu səbəbləri qüvvədə də saxlaya bilər və onların hadisələrin gedişinə təsirinin qarşısını ala da bilər. Bütün bunlar ancaq Allahın istəyi və hikmətinə uyğun olaraq baş verir. O, istədiyini yaradır və Ona heç bir şey nə mane ola bilər, nə də Onun sarsılmaz iradəsinə müqavimət göstərə bilər.

                                                
 (254) “Ey iman gətirənlər! Alış-verişin, dost­luğun və şəfaətin olmayacağı gün gəlmə­mişdən öncə sizə verdiyimiz ruzidən Allah yo­lunda xərcləyin! Kafirlər isə zalımdırlar”.

Allah möminləri sədəqə verməyə və mümkün xeyirxah məqsədlər üçün mallarını sərf etməyə çağırır. Bu ayə ən geniş mənaya malikdir, çünki onda idarəedilən söz buraxılmışdır. Allah Öz qullarına, onlara lütf etdiyi mərhəmətini – bəxş etdiyi ruzini və müxtəlif yaxşılıqları yada salır və əmr edir ki, bu səxavətinin ancaq bir qismini sədəqə kimi paylasınlar; bunun dəlili cümlədəki “min” ön şəkilçisidir. Bu şərtlər insanları hökmən sədəqə verməyə ruhlandırmalıdır.
İnsanları xeyirxah məqsədlər üçün öz malını sərf etməyə yönəldən şərtlərdən biri də bütün sədəqələrin Allah nəzdində, nə ticarətin, nə digər əqdlərin, nə sədəqələrin, nə də şəfaətin insanlara heç bir fayda verə bilmə­yəcəyi və hər bir adamın: “Kaş ki, mən yaxşılığı bu həyat üçün saxla­yay­dım!” deyəcəyi günə qədər saxlanılması haqqında olan ayədir. Həmin gün insana savab qazandıran əməllərdən və Allaha iman gətirməkdən başqa heç nə kömək etməyəcəkdir. Həmin gün Onun qarşısında dayanacaq saf qəlblilərdən başqa, heç kimə nə var-dövlət, nə oğullar heç bir fayda verməyəcək.
Uca Allah buyurur: “Sizi bizə yaxınlaşdıra biləcək nə var-döv­lətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşaya­caqlar” (Səba, 34/37).
“...Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz...” (Muzəmmil, 73/20).
Sonra Allah bəyan edir ki, kafirlər, əsil zalımlardır. Allah onları Ona ibadət etmək üçün yaratmışdır, onları ruzi və əmin-amanlıqla təmin etmişdir ki, bu nemətlərdən istifadə edib savab işlər görsünlər. Lakin onlar yaradıldıqları məqsəddən yayınaraq, Allahla bərabər, Allahın ilahlıqlarını heç bir dəlillə təsdiq etmədiyi bütləri ilahlaşdırmağa başlamışlar. Onlar Onun nemətlərindən istifadə edərək kafirliyə etiqad bəsləyir, ağır günahlar törədir və Ona itaətsizlik göstərirlər. Onların əməllərində haqqa yer veril­mir və məhz belə insanları əsil zalımlar adlandırmaq lazımdır. 

                                                                                                                                 

 (255) “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bü­tün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur”.

Muhəmməd Peyğəmbərin (s.ə.s.) dediyi kimi, bu, Quran ayələrinin ən əzəmətlisidir, çünki o, özündə Allahın tövhidinin dəlillərini və həmçi­nin Uca Yaradıcının əzəmətli sifətlərinin sonsuzluğunu ehtiva edir.
Allah bütün ilahi keyfiyyətlərə malikdir və O, ilahlığa və ibadətə layiq olan yeganə Vahiddir və elə buna görə də digər məxluqları ilahlaş­dırmaq haqsızlıq və faydasızdır.
Yaşayan – Allahın gözəl adlarından biridir. O, Allahın Özündə bü­tün ən gözəl həyati əlamətləri təcəssüm etdirdiyini göstərir ki, bunların arasında da eşitmə, görmə, qüdrət, iradə və Onun mahiyyəti ilə bağlı olan digər sifətləri öz əks tapmışdır.
Bütün məxluqlarının Qəyyumu – Allahın digər bir gözəl adıdır. Bu ad Onun ən kamil əməllər sahibi olduğunu bildirir. O, heç nəyə Möhtacolmayan Hökmdardır, məxluqlarına ehtiyac duymur, lakin onları yaradır, yaşamalarına kömək edir və onları zəruri olan hər şeylə təmin edir.
Allahın kamil həyatı və ehtiyacsızlığı Onun heç vaxt mürgüləmə­məsində və yuxula­ma­masında özünü göstərir. Bu keyfiyyətlər ancaq yaradılmışlara xasdır – onlar yorulur, zəifləyir və gücdən düşürlər; lakin həmin xüsusiyyətlər böyüklük, qüdrət və əzəmət sahibi olan Allaha tamamilə yaddır.
Allah bildirir ki, göylərin və yerin üzərində hakimiyyət Ona məx­susdur. Bütün məxluqlar – Allahın quludur və onlardan heç kim bu asılı­lıqdan xilas olmağa qadir deyildir. Uca Allah buyurur: “Göylərdə və yer­də olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələ­cək” (Məryəm, 19/93).
Allah Öz qullarının sahibidir və Hökmdara, Hakimə məxsus olan hakimiyyətə, qüdrətə, böyüklüyə malikdir. Onun hakimiyyətinin kamilli­yi, tamlığı – heç kimin Onun icazəsi olmadan Onun hüzurunda vəkillik etməyə qabil olmamasındadır. Bütün adlı-sanlı məxluqlar və himayəçilər Onun qullarıdır və Allah onlara icazə vermədikcə onlar kiməsə şəfaətçilik edə bilməzlər. Uca Allah buyurur: “De: “Şəfaət bütünlüklə Allaha məx­susdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız” (Zumər, 39/44).
Allah təkcə razı qaldığı məxluqları üçün şəfaətçilik etməyə icazə verir. O, isə ancaq tövhid əqidəsində olan və Onun elçilərinin yolu ilə gedənlərdən razıdır və əgər insan bu keyfiyyətlərə malik deyilsə, onda, şəfaətçidən heç bir qismət gözləməməlidir.
Sonra Allah Özünün hüdudsuz və hər şeyi Əhatəedən elmindən bəhs edir. Onun sayəsində – uzaqlığından asılı olmayaraq, gələcəkdə məx­luqları gözləyən hər şey və uzaqlığın­dan asılı olmayaraq, məxluqlarla keçmişdə baş vermiş hər şey Ona məlumdur. Allahdan heç nəyi gizlətmək olmaz – hətta oğrun nəzərlə baxan baxışlar da və qəlblərdə gizlədilənlər də Ona məlumdur. Məxluqların özlərinə gəldikdə isə, onlar Allahın elm mənbəyindən ancaq Allahın onlara öyrətdiyini anlaya bilərlər. O, onlara dini ehkamları və kainat qanunlarını öyrətmişdir ki, bunlar Böyük Yaradan­ın ilahi bilikləri okeanında, hərfi mənada, yoxa çıxan ancaq kiçicik zərrəciklərdir. Məhz buna görə, Allah haqqında başqalarından daha yaxşı məlumatı olan elçilər və mələklər deyirdilər: “...Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə, 2/32).
Daha sonra Allah Özünün Qüdrəti və Əzəmətinin dəlili – göyləri və yeri əhatə edən  Kürsüsü haqqında xəbər verir. Allah göyləri, yeri və həmçinin onları məskunlaşdıran məxluqları kainat üçün qoyduğu nizam və yaratdıqlarının yaşaması üçün müəyyən etdiyi qanunlar sayəsində qoruyur. Lakin bu, Onun üçün qətiyyən çətin deyil, çünki Onun qüdrəti mütləqdir, hakimiyyəti hüdudsuzdur, hökmləri isə Onun müdrikliyinə əsasən tərtib olunur.
Onun gözəl adlarından biri də Ucadır. O, Öz mahiyyəti ilə yarat­dıqları üzərindədir, Onun sifətləri əzəmətlidir, bütün yaratdıqları və məx­luqları Onun qüdrətinə itaət edir, bütün qullar Onun hakimiyyəti altındadır və Ona tabedirlər. Onun adlarından biri də Böyükdür. O, böyüklük, ehtiram, əzəmət, şan-şöhrət kimi keyfiyyətləri Özündə birləşdirir və bunun sayəsində qəlblər Ona məhəbbət bəsləyir, canlar isə Ona ehtiramla can atırlar. Gerçək biliklərə malik olanlar gözəl anlayırlar ki, istənilən yaradılmışın, hətta qoy ən şan-şöhrətli və dahi olanın böyüklüyü, Uca və Böyük Rəbbin əzəməti ilə müqayisədə heç nədir.
Bu ayə həqiqətən ən şərəfli və heyranedici mənaya malikdir və Quran ayələrinin ən əzəmətlilərindən adlanmağa layiqdir. İnsan onu oxu­yaraq, onun əhəmiyyəti üzərində düşünərək dərinliyinə agah olarsa, onda onun qəlbi etiqadla, biliklə və imanla dolar və bunların sayəsində o, özünü şeytanın şər əməllərindən qoruyar. 
ﯿ                                                       

(256) “Dində məcburiyyət yoxdur. Artıq doğ­ru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir”.

Bu vəhy İslamın kamilliyini xüsusilə vurğulayır. O, özünün saf dəlilləri və aydın ayələri  sayəsində idrak və elm dini, qüsursuz şüuraltı və hikmət, möminlik və nəsihət, haqq və düzgün rəhbərlik dinidir. Özünün kamilliyi və bəşər düşüncəsinə tam uyğunluğu sayəsində İslam məcburiy­yətə ehtiyac duymur. Adətən, insanı həqiqətə zidd olan, aydın sübutlar və dəlillərlə təsdiq olunmayan və qəlbinin ikrah bəslədiyi bir şeyə məcbur edərlər. İslam əqidəsinə münasibətdə isə, ancaq inadkarlıq göstərən za­lımlar onu inkar edirlər. Düz yolla azmışların yollarının fərqi açıq-aşkardır və heç kim, əgər o, doğru yolu rədd edirsə və haqqın ardıyca getməkdən boyun qaçırırsa, bu əməlinə inandırıcı bəraət qazandıra bil­məz.
Qeyd etmək lazımdır ki, bu ayə heç bir formada müsəlmanların müqəddəs müharibə aparması haqqında nazil olmuş çoxsaylı ayələrlə ziddiyyət təşkil etmir, çünki Allah insanlara cihad etməyi ona görə əmr edir ki, onlar təkcə Allaha ibadət etsinlər və bu üsulla müsəlmanlar  azğın­lıq törədən din düşmənlərini dəf edə bilsinlər.
Müsəlmanlar hər bir hökmdarın rəhbərliyi altında, hətta, o, günah­kar olsa belə, cihad etmək məsələsində həmrəydirlər və bütün zamanlarda sözü və əməli ilə cihad etmək müsəlmanın vəzi­fə­si olmuşdur.
Bəzi ilahiyyatçılar bu ayənin cihad etməyə hökm verən ayələrə zidd olduğunu hesab edirdilər və onu ləğv edilmiş (mənsux) ayə adlandı­rırdılar. Lakin bu rəy zəif və yanlışdır. Bu, bəhs etdiyimiz bu gözəl ayənin əsil mənası üzərində azca da olsa düşünən adam üçün açıq-aydındır.
Sonra Allah insanların iki qrupa bölündüyünü bildirir. Bir qrupa, şəriki olmayan Tək Allaha iman gətirən və bütün yalançı tanrıçaları rədd edən möminlər daxildir. Tağut (büt) sözü burada çoxallahlığı və Allaha iman gətirməyin əleyhinə olan hər şeyi ifadə edir. Əgər insan möminlərin keyfiyyətlərinə malikdirsə, deməli o, etibarlı və qırılmaz dəstəkdən yapışmışdır. O, gerçək dini əqidə sahibidir və onu Allaha tərəf və Allahın mərhəmət məkanına aparan doğru yolla gedir.
Digər insan qrupu haqqında şərh etdiyimiz ayənin nəticələrinə görə mühakimə yürütmək olar və əgər insan Allaha iman gətirməkdən boyun qaçırırsa, küfrə üstünlük verirsə və uydurma tanrıçalara ibadət edirsə, onda o, özünü əbədi zülmə və sonsuz cəzaya məhkum edir.
Allahın gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O, Ona müxtəlif dillərdə istənilən dualarla müraciət edən bütün yaratdıq­larının səslərini eşidir. O, dua edən qullarının necə Ona yalvardıqlarını və mütiliklə namaz qıldıqlarını eşidir. O, ürəklərdə gizlənənləri bilir, ən sirli düşüncələrdən xəbərdardır və hər bir insana, bütün incəlikləri ilə Ona məlum olan niyyətləri və əməllərinə görə əvəzini verir.

                                                      

(257) “Allah iman gətirənlərin Himayədarı­dır, onları zülmət­lərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.

Bu ayə əvvəlki ilə bağlıdır və onun davamıdır. Uca Allah bildirir ki, O, iman gətirən və öz imanını, onun vacib tələblərini yerinə yetirməklə və onunla bir araya sığışmayan hər şeydən qorunmaqla təsdiq edən möminlərin Himayəçisidir. Allah onlara xüsusi havadarlıq edir, onlara qayğı göstərir və onları imansızlıq, itaətsizlik, laqeydlik və etinasızlıq zül­mətindən haqq biliklər nuruna, Qüdrətli Rəbbə əmin olmağa, iman gətir­məyə, itaət etməyə və bütün varlığı ilə Ona can atmağa doğru yönəldir. Allah belə insanların qəlbini Vəhyin və imanın nuru ilə işıqlandırır, asan olan hər şeyə qarşı onların yolunu yüngülləşdirir və onları hər cür çətinlik­lərdən uzaqlaşdırır. Onlardan fərqli olaraq kafirlər öz Uca Himayəçisindən üz döndərmişlər və buna görə də O, onları, özlərinin himayəçisi görmək istədiklərinə, himayəçi təyin edir. Allah onları öz yardımın­dan məhrum edir və onları, onlara kömək etməyə qabil olmayan və ya zərər verə bilmə­yənlərdən asılı vəziyyətə salır. Bu “qəyyumlar” onları azdırır, bədbəxt­çiliyə düçar edir, faydalı biliklərdən uzaqlaşdırır, xeyirxah əməllər işlət­məkdən çəkindirir və onları xoşbəxt­likdən məhrum etməklə, Cəhənnəm odunda əbədi işgəncələrə məhkum edirlər. Ey Rəbbimiz, doğru yola yönəltdik­ləri­nin arasında bizi doğru yola yönəlt!

                                        ﭿ                                                          

 (258) “Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz”.

Allah bizə bəzi əvvəlki peyğəmbərlərin hekayətlərini rəvayət edir, çünki onlarda əksini tapmış tarixi hadisələr haqq olanı izah edir və tövhidin gerçəkliyini sübut edən dəlillərdən ibarətdir. Bu Quran hekayə­tində Uca Allah, Onun sevimli elçisi İbrahimin, aləmlərin Rəbbinin varlı­ğını inkar edən və şübhə edilməsi mümkün olmayan həqiqətlə razılaş­mayan Babilistanın zülmkar hökmdarı Nəmrud ilə necə mübahisə etdiyini xəbər verir. Kainatın Allah tərəfindən yaradılması və idarə edilməsi faktı aydın və mübahisəsiz bir məsələdir, lakin zülmkar hökmdar öz hakimiy­yəti ilə o dərəcədə azmışdı ki, bu həqiqəti inkar edir və hətta bu barədə, Allahın (Muhəmməd Peyğəmbərdən (s.ə.s.) başqa heç bir elçisinə layiq görmədiyi) bilik və iman bəxş etdiyi böyük peyğəmbəri İbrahimlə müba­hisəyə qoşulmuşdu.
İbrahim öz nəzər nöqtəsini müdafiə edərək bildirir ki, Allah məxluqların yaradıl­ma­sında və Kainatın idarə edilməsində, həyat bəxş etməsi və ölüm göndərməsində Təkdir. O, həyat və ölümə ona görə toxunur ki, onlar Allahın məxluqları üzərində hakimiyyətinin ən parlaq nümunə­ləridir. İbrahimə cavab verərək zalım hökmdar özündən razı halda deyir ki, o da həyat və ölüm bağışlayır. Əlbəttə, o, nəzərində tutur ki, kimi istəsə, edam və ya əfv edə bilər, hərçənd o da aydındır ki, o, bu dəlillərlə insanları ancaq azdırmağa cəhd göstərir və qarşısında qoyulmuş sualdan yayınmaq istəyir. Sualın mahiyyəti ondan ibarət idi ki, Uca Allah yoxdan canlı yaratmaqda və canlı məxluqu ölüyə çevirməkdə, Öz qullarını və hey­­vanları onların yaşmaq müddəti bitdikdən sonra, bu məqsədlə yarat­dığı səbəblər vasitəsilə və ya hər hansı bir səbəb olmadan öldürməkdə Təkdir.
İbrahim (ə) gördükdə ki, zalım hökmdar gözə qum atır və cahil camaatın arasında istifadə edilə biləcək yalan sözlər işlədir, ona elə bir dəlil göstərməyi qərara alır ki, o, onunla razılaşmağa məcbur olsun. İbrahim deyir ki, Allah günəşi şərqdən qaldırır və əgər Nimrudun dedikləri həqiqətdirsə, qoy onda o da günəşi qərbdən qalxmağa məcbur etsin. Bu sözlər zalım hökmdarı karıxdıraraq sarsıtdı, onu susmağa məc­bur etdi və onun yaymaq istədiyi şübhələri dağıtdı.
Allahın sevimlisi İbrahim (ə) ikinci dəlilini xatırladaraq, birinci dəlilindən də əl çəkmədi. O, dediyi sözləri ilə Nimrudu ancaq qəti inandırmağa, onun sözlərini təkzib etməyə, ona elə bir sübut gətirməyə çalışırdı ki, onu təhrif etmək və başqa səmtə yozmaq mümkün olmasın.
Bütün dəlillər, müqəddəs hekayətlər, məntiqi mühakimələr və fitri istedad kimi fərqli formalarda olmalarına baxmayaraq, hamısı tövhidin gerçəkliyini sübut edir və Allahın Kainatı təklikdə yaratdığını və Öz məx­luqlarını idarə etdiyini təsdiqləyir. Onlar sübut edir ki, yuxarıda sadalanan sifətlərə malik olan Allah, tək O, ibadətə layiqdir. Bütün peyğəmbərlər və elçilər yekdilliklə bu mühüm prinsipi təbliğ etmişlər. Onu inkar edənlər isə, zalım hökmdar olan Nim­rud kimi inadkar və təkəbbürlü dikbaşlardır və bu da tövhidin haqq olmasına dəlildir.

                                                                                                                                              ﯿ                                

 (259) “Və ya damları uçulub xarabalığa çev­rilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O, dedi: “Bir gün və yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suyuna bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümük­lərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi”.

Bu və bundan sonrakı ayələrdə dirilmənin və bu dünyada Qiyamət günü başlayanadək əməllərin əvəzinin veriləcəyinin gerçəkliyini sübuta yetirmiş iki böyük dəlildən bəhs edilir. Lakin bu iki möcüzədən biri, öləndən sonra dirilmənin həqiqətən baş verəcəyinə şübhə etmiş bir adamın öz başına gəlmişdir. Bu, şərh etdiyimiz ayəyə istinad edən ən etibarlı və səhih rəydir. İkinci möcüzə, tarixdə tövhidin gerçəkliyini (öncəki ayədə təsvir edildiyi kimi) sübuta yetirmiş Allahın sevimlisi İbrahimlə (ə) baş vermişdir.
Bir vaxt özülünə qədər dağıdılmış kəndin yanından bir kişi keçir­miş. Kəndin sakinləri öldürülmüş, binaları və evləri talan edilərək dağı­dılmışdı. Kişi, bütün bu olub keçənlərdən sonra, Allahın o adamları diril­də­cəyinə şübhə etdi və belə fikirləşdi: “Doğrudanmı onlar öləndən sonra Allah onları dirildə bilərmi? Onların dirilməsi də, bütün qalan insanların dirildilməsi kimi, mümkün deyil!” O anda onun qəlbində belə bir fikir oyanmışdı, lakin Allah ona da, qalan qullarına da rəhm edir.
Allah onu və yanında olan uzunqulağını öldürüb yüz il saxlayır, yemək-içməyini də əl dəymədən elə saxlayır ki, uzun illər keçməsinə baxmayaraq onlar xarab olmur. Yüz il keçdikdən sonra Allah onu dirildib soruşur: “Sən nə qədər yatmısan?” O cavab verir ki: “Mən bir gün və ya onun yarısı qədər yatmışam!” Onun cavabı zənninə əsaslanırdı və belə olduqda, Allah ona deyir: “Sən yüz il yatmısan!” Ehtimal etmək olar ki, bu mükalimə dirildilmiş insanla Allahın peyğəmbərlərindən birinin ara­sında olmuşdur.
Allahın bu insana və qalan bütün digər insanlara mərhəməti o dərəcədə mükəmməl idi ki, o, həmin anda baş vermiş möcüzəni öz gözləri ilə görüb inanmışdı ki, Allah onu öldürdükdən sonra diriltmişdir. O, yemək-içməyinin, çox illər keçməsinə baxmayaraq, hətta xarab olmadı­ğını görərək öz Rəbbinin qüdrətinə inanmışdır. Adətən, ərzaq və su, xüsusilə də, meyvələr və meyvə şirələri (şərhçilər məhz bu rəyə meyl edirlər) öz keyfiyyətini tez dəyişir, lakin Əzəmət və Qüdrət sahibi Allah yüz il keçməsinə baxmayaraq, onları çürüməkdən qoruyur.
Kişi görür ki, eşşəyinin cəsədi çoxdan çürüyüb dağılmış və onun sümükləri belə külə çevrilmişdir. Sonra Allah torpağa çevrilmiş sümükləri bir yerə yığıb birləşdirmiş, onları ətlə örtmüş və eşşəyi həyata qaytar­mışdır. Kişi bütün bu həqiqi hadisələri öz gözləri ilə görmüş və bundan sonra daha heç bir şübhəyə düşməmişdir. O, ucadan demişdir: “Mən qəti bilirəm ki, Allah hər şeyə qadirdir!” Allahın hüdudsuz qüdrətini etiraf edərək o, insanların çoxu üçün bir möcüzə oldu, çünki onlar onun ölümü və onun uzunqulağının ölümü haqqında məlumata malik idilər, onun tarixini yaxşıca bilirdilər və ən böyük möcüzələrdən birini öz gözləri ilə görə bilərdilər. Bu insan haqqında məlumat məhz belədir.
 Lakin bütün bunlara baxmayaraq, təfsirçi alimlərin çoxu hesab edirdilər ki, bu ayədə Allahın saleh bəndələrindən biri və ya hətta Onun peyğəmbərlərindən biri haqqında bəhs edilir. Bəziləri iddia edirdilər ki, söhbət Üzeyrdən gedir, lakin bu barədə başqa rəylər də var. Əgər bu şərhlərə inanmalı olsaq, bu saleh insan xarabazara çevrilmiş kəndin yanından keçərkən, demişdir: “Allah bu kəndi belə talan edildikdən və dağıdıldıqdan sonra necə həyata qaytaracaq?” Allah onu öldürüb ona yüz il keçəndən sonra göstərmək istəmişdir ki, insanların bu xaraba qalmış kəndə necə qayıdacaqlarını görsün. Ötən müddət ərzində həqiqətən dağılmış kəndin yerində əhalisinin sayı çox olan qəsəbə salınmışdı.
Qeyd etmək lazımdır ki, şərh etdiyimiz ayənin mətni də, mənası da yuxarıdakı yozumu təsdiq etmir. Dağılmış yaşayış məntəqələrinin həyata qayıtmasında  bir möcüzə və ya dəlil ola biləcək nə var ki? Belə hadisələr çox tez-tez baş verir, çünki bir qisim şəhərlər dağıdılır, başqaları yenidən inşa edilir. Əsil möcüzə ölən adamın və onun uzunqulağının dirildilməsi və onun yemək-içməyinin də tam yüz il ərzində xarab olmadan qalma­sıdır. Bundan başqa, Uca Allah bildirir ki, möcüzə dirilmiş adama göstə­ril­mişdir və buradan aydın olur ki, o, öz gözləri ilə möcüzəni gördükdən sonra Allahın kamil qüdrətinə əmin olmuşdur.

                                                                                                

 (260) “Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdi­yini mənə göstər!” – dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?” – dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özü­nə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”

Burada söhbət, İbrahim Allahdan ölülərin dirildilməsinin necə baş verməsini soruşduqda, Rəbbin İbrahimə göstərdiyi ikinci möcüzəli də­lildən gedir. Allah ondan soruşur: “Bəs sən inanmırsan?”  Bununla Allah ona əmr edir ki, o, dirilmənin gerçəkliyinə qətiyyən şübhə etməməlidir. İbrahim (ə) isə belə cavab verir: “Ey Rəbbim! Mən inanıram ki, Sən bütün məxluqatın üzərində hökmransan, ölüləri diriltməyə və qullarına layiq olduqlarının əvəzini verməyə qadirsən. Mən ancaq istəyirdim ki, iman qəlbimdə möhkəmlənsin və inandığımı gözlərimlə görüb əmin olum”. Allah onun duasını qəbul edərək ona böyük iltifat, qullarına da rəhmini göstərir. Allah ona tapşırır ki, dörd quş götürsün, ancaq hansı quşlardan götürməsini bildirmir. Buradan aydın olur ki, bunlar istənilən quşlar ola bilərdi. İbrahimə əmr olunur ki, əvvəlcə quşları yanında saxlayıb özünə alışdırsın*, sonra onları kəsib tikə-tikə doğrayaraq, hər parçasını bir təpəliyə atsın və sonra da onları öz yanına çağırsın. O, hər şeyi ona əmr olunan kimi yerinə yetirdi, dörd quşun hər parçasını ətrafında yerləşən təpələrə qoydu. Sonra o, quşları öz adları ilə çağırdı və onlar ona doğru gəldilər. Bu o demək deyil ki, quşlar peyğəmbərin yanına ayaq üstdə qaça-qaça gəldilər. Onlar çağırılanda, canlı quşlar kimi, sürətlə onun yanına uçdular.
Uca Allah ona məhz quşları kəsməyi əmr edir, çünki quşların dirildilməsi, başqa heyvanların dirildilməsindən daha şübhəsiz və əyani dəlildir. Ona dörd quş tapmaq və onların hər birini tikə-tikə doğramaq və onların tikələrini təpələrin başında qoymaq əmr olunmuşdu ki, kafirlərin ürəklərində yarana bilən şübhəyə yer qalmasın. Bunun sayəsində İbrahim peyğəmbərin (ə) bu möcüzəsi həm yaxından, həm də uzaqdan açıqca müşahidə edilə bilərdi. Ona əmr olunmuşdu ki, quşların tikələrini özündən uzaqda yerləşdirsin ki, heç kim onun bir fənd işlədə biləcəyini düşünmə­sin. O, öz Rəbbinin hökmünü yerinə yetirəndən sonra tikə-tikə doğranmış quşları yanına çağıranda, onlar bir anda cəld və sürətlə ona tərəf yönəl­dilər ki, bu, Allahın mütləq qüdrətini və müdrikliyini təsdiq edən ən böyük bir dəlil oldu. Buradan aydın olur ki, diriltmə, Allahın hədsiz qüdrətinin, tam müdrikliyinin, məhdudiyyətsiz hakimiyyətinin, qüsursuz ədalətinin və böyük mərhəmətinin dəlilidir.

    ﭿ                                                        

 (261) “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər bi­rində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaş­maya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazır­lanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməli­dirlər. Buraya habelə, ehti­yacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələ­rinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məq­sədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir.

                                                     

 (262) “Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklə­rinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Allah, bütün şərtlərə riayət edərək və hər vasitə ilə onların sədə­qələrinə zərər vura biləcək əməllərdən çəkinərək Onun yolunda öz malını xərcləyən möminlər üçün hazırlanmış növbəti mükafatlar barəsində xəbər verir. Onlar, insanlara verdikləri sədəqəni onlara xatırladaraq minnət qoymurlar və nə sözlə və nə də hərəkətləri ilə onlara xəcalət vermirlər. Məhz belələri öz Rəbbindən, Ona artıq yaxşı məlum olan onların sədə­qələrinə və insanlara verdikləri xeyrə görə, mütləq mükafat alacaqlar. O, onları Öz mərhəməti ilə elə nemətlərlə mükafatlandıracaq ki, onlar hətta verdikləri sədəqələrlə buna heç layiq olmayacaqlar. Onlar qorxu hissi keçirməyəcək və kədərlənməyəcəklər – keçmiş müsibətləri onları bir daha çulğalamayacaq, gələcəkləri üçün narahatçılıq keçirməyəcəklər. Onlar arzu edə biləcəkləri nə varsa, hamısını əldə edəcəklər və hər cür pislikdən və xoşagəlməz şeylərdən xilas olacaqlar.

                          
 (263) “Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir”.

Allah yaxşılığın dörd dərəcəsini sayır. Onlardan ən yüksəyi təmiz niyyətlə verilmiş sədə­qə­dir ki, ardıyca nə minnət qoyulur, nə də təhqirə yol verilir. İkinci dərəcə xoş sözə aiddir və bunun adı altında hər cür saleh, yaxşı sözlər və ifadələr nəzərdə tutulur. Bu, müsəlmanlara sevinc gətirən gözəl nitq; insanın müəyyən bir şeydən əl çəkməsi haqqında verdiyi bəraət sözləri və istənilən digər ləyaqətli sözlərdir. Üçüncü dərəcəyə insanları sözü və ya əməli ilə incidənlərə qarşı bağışlama və onlarla yumşaq davranma daxildir. Dördüncü dərəcəli, ən aşağı dərəcəli yaxşılıq – sədəqə verib onu başa qaxmaq, sədəqə verdiyi insanı təhqir etməkdir. Belə rəftara yol verdikdə, insan öz xeyirxahlığına xələl gətirir, özünün yaxşı əməlindən sonra günah işlədir. Buradan aydın olur ki, kiçik bir yaxşılıq, sonu pis nəticə verən böyük sədəqədən daha üstündür.
Bu ayə, insanlara mərhəmət göstərdikdən sonra onları təhqir edən alçaq, axmaq və nadan adamlara qarşı yönəldilmiş möhkəm bir xəbər­darlığı özündə əks etdirir. Qoy insanlar bilsinlər ki, Uca Allahın onların sədəqəsinə ehtiyacı yoxdur və Onun, ümumiyyətlə, qullarına ehtiyacı yoxdur. Onun zənginliyi o dərəcədə kamildir ki, Onun yaxşı əməlləri o dərəcədə bitməz-tükənməzdir ki, O, itaətsizlik göstərənləri cəzalandır­ma­ğa tələsmir və onların, etdikləri kobud günahları və cinayətlərinə baxma­yaraq, Öz yaxşılıqları, ruzisi və müxtəlif nemətləri ilə təmin olunmalarını  davam etdirməkdən vaz keçmir.

                                                                        ﯿ     ﰁ ﰂﰃ ﰅﰆﰇﰈﰉﰊ  

 (264) “Ey iman gətirənlər! Sədəqələrinizi, özü­nü camaata gös­tərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun mə­səli, üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, ona şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıq­la­rın­dan heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəlt­məz”.

Allah insanlara verilən sədəqəni minnətə çevirməyi qəti qadağan edir və bununla əlaqədar bir məsəl çəkir. Bu ayələrdə Uca Allah bir dəfəyə üç məsəl gətirir – yaxşı işlər görən insan haqqında, o, öz malından Allah xatirinə insanlara sərf edərək onlara minnət qoymur; insanlara verdiyi sədəqəni onların başına qaxan və onları alçaldan şəxs haqqında və nəhayət, özünü başqalarına göstərmək və hörmət qazanmaq xatirinə sədəqə verən ikiüzlü haqqında.

                                                                  

 (265) “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrə­sini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür”.

Əgər insan əmlakını Allah xatirinə sərf edirsə, O, onun sədəqələrini qəbul edir və hətta onları artırır, çünki onlar onun imanının və dərin səmi­miyyətinin nəticələridir. Belə insan sədəqəni səmimi qəlbdən səxavətlə verir və onun yaxşılıqları hündür təpəlikdə yerləşən və hər tərəfdən külək dəyən, günəş şüaları düşən və bol yağışla sulanan bağa bənzəyir. Leysan yağışlar olmadıqda belə, narın yağan yağış da ona kifayət edir, çünki bu bağ bərəkətli münbit torpaqda və gözəl bir sahədə yerləşmişdir. Orada ağacların böyüməsi, çiçəklərin açılması və meyvələrin inkişafı üçün hər cür şərait vardır və buna görə o bağ həmişə bol məhsul yetirir. Belə bağlar insanların ən çox arzuladığı əziz yerdir və onlar, insanların yüksək imarət­lərdə yaşamağa nail olması üçün uyğun gələn ləyaqətli əməllərə bənzəyir.

                                           ﭿ                                                          

 (266) “Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağacla­rından və üzümlük­­lər­dən ibarət, ağacları  altından çaylar axan  və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri belə bəyan edir ki, bəlkə fikirləşəsiniz”.

Əgər insan malını Allah yolunda sərf etdikdən sonra, yaxşılıq et­diyi adamlara minnət qoyursa, onları alçaldır və ya öz xeyirxahlığına zərər vuran digər əməllər törədirsə, onda o, bağına odlu qasırğa  düşüb onu yandırmış insana bənzəyir. Bağın əldən düşmüş çox qoca sahibi azyaşlı və köməksiz uşaqlarla ağır vəziyyətə düşür. Kim onun vəziyyətində olmağa razılaşar? Əlbəttə, heç kim! Buna görə, Uca Allah ağsaqqal qocanın ağır vəziyyətini xüsusilə vurğulayaraq (heç kəs özünü onun yerində görmək istəməzdi), bu ayəni sual formasında nazil edir.
Ağacların gül açdıqdan və bar gətirdikdən sonra gözlənilmədən məhv olması böyük müsibətdir. Bu, bağın sahibinin tamamilə zəif və güc­süz bir adama çevrilməsi nəticəsində daha da dərinləşir, onun uşaqları isə daha zəif və ona kömək etməyə qabil deyillər. Əgər insan xeyirxah əməl­lərini Allah xatirinə səmimiyyətlə həyata keçirirsə, sonra isə öz cinayətləri ilə onları məhv edirsə, onda o, özünü məhz həmin pirani qocaya bənzədir ki, müsibət onun rastına, bağa ən çox ehtiyacı olduğu bir zamanda çıxır.
Üçüncü məsəl, özünü başqalarına göstərmək və hörmət qazanmaq üçün yaxşılıq edən, doğru iman sahibi olmayan və Allahdan mükafat alacağına inanmayan adama həsr olunmuşdur. Onun qəlbi torpaq qatı ilə örtülmüş hamar qayaya bənzər. İnsan belə bir qayaya baxanda zənn edər ki, yağışdan sonra belə torpaq, adi münbit torpaqlarda olduğu kimi, yaşıllığa bürünər. Əslində isə, bu qaya, sadəcə bir daş parçasıdır və bir güclü leysan yağış bəs edər ki, onun üstündəki nazik torpaq örtüyünü yuyub aparsın və özündən sonra təkcə hamar səth qalsın. Bu məsəl, imandan məhrum, sərt, Allah qarşısında yumşalmayan və Allah qorxusu ilə dolmayan münafiqlərin qəlbini dəqiq təsvir edir. Onların əməlləri də, sədəqələri də xeyirxah insanların istinad etdiyi əsaslardan, yaxşı işlərin yerinə yetirildiyi məqsədlərdən məhrumdur.
Bu məsəldə, insana fayda verən başlıca şərtdən məhrum olan əbəs və faydasız əməllərdən bəhs edilir. Bundan əvvəlki məsəldə söhbət bu başlıca şərtdən məhrum olmayan əməllərdən gedirdi, lakin onlar insanlara fayda gətirməyən əməllərin səbəbləri üzündən səmərəsiz idi. Birinci məsəldə isə, Allahın qəbul etdiyi və hətta artırdığı əməllərdən danışılırdı, çünki onlar iman və səmimiyyət əsasında həyata keçirilirdi. Bu, başlıca şərtin özüdür ki, onsuz heç bir əməl fayda vermir, çünki bu şərt hər cür şəraitin və bütün amillərin pozucu təsirindən azaddır. Bu üç məsəl bütün insanlara tətbiq edilə bilər və buna görə də Allahın qulları bu gerçək me­yarı və bu dəqiq təşbihləri rəhbər tutaraq öz əməllərini dəyərlən­dirmə­lidirlər. Uca Allahın buyurduğu: “Biz insanlara belə məsəllər çəki­rik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayırlar” (Ənkəbut, 29/43) kəlamı əsassız deyildir.

                                                               

 (267) “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün tor­paqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir”.

Ayədə Xaliq Öz qullarını ticarətdən və habelə meyvə və taxıl məh­sulundan əldə edilən gəlirdən sədəqə verməyə çağırır. Bu hökm – nağd puldan, ticarət etmək üçün təyin olunmuş mallardan, meyvə və taxıl məh­sulundan yığılan vacib (fərz) zəkatdan və həm də həmin mülkiyyətdən konüllü verilən sədəqələrdən ibarətdir.
Uca Allah əmr edir ki, sədəqə yaxşı və keyfiyyətli maldan veril­məli və borc verdikləri insanlardan gözlərini yummadan almadıqları pis və xarab olmuş malları Allah yolunda sədəqə kimi paylamamalıdırlar. Müsəlman sədəqəni nə ən yaxşı, nə də ən pis malından verməmələdir. Ən yaxşı maldan olan sədəqə ən mükəmməldir, lakin pis əmlakdan olan sədəqənin paylanması qadağan edilmişdir, çünki belə maldan olan vacib sədəqə hesaba alınmır və ondan verilən könüllü sədəqə, əvəzi tam veriləcək sədəqə deyil.
Allahın gözəl adları arasında – Zəngin və Tərifəlayiq adları haq­qında. Allah Öz yaratdıqlarına möhtac deyil və Onun xeyriyyəçilərin sədəqələrinə və müti qullarının xeyirxah əməllərinə ehtiyacı yoxdur. O, insanlara belə hərəkət etməyi və xeyirli işlər görməyi ona görə dəvət edir ki, onlar bundan özləri üçün fayda götürsünlər. Ona görə də, bu dini hökmün mahiyyəti, Allahın Öz yaratdıqlarına qarşı mərhəmətli və xeyir­xah olması ilə bağlıdır.
Allahın hüdudsuz zənginliyi və mütləq özünəbəsliyi özünü onda göstərir ki, O, qullarına nazil etdiyi və onlara Allahın Mərhəmət Diya­rına düşməsinə imkan verən hikmətli hökmlərinə görə, mərhəmətlə dolu, əda­lətli və müdrik ilahi əməllərinə görə və həmçinin qullarının dərk etməyə qa­dir olmadıqları və təsəvvür belə edə bilmədikləri Öz gözəl və qüsursuz sifətlərinə görə, tərifə layiqdir!

               ﯚﯛ  ﯜﯝﯞﯠﯡ  ﯢﯣ  

(268) “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər gör­məyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

Xeyir gətirən sədəqə vermək və zərər vuran xəsislikdən çəkinmək hökmünü verdikdən sonra, Uca Allah izah edir ki, insanlar həmişə iki dəvət arasında seçim etməli olurlar. Rəhmli Allahın dəvətçiləri onları yaxşılıq etməyə çağırır və buna görə onlara həm bu dünyada və həm də Axirət həyatında mükafat və onların verdikləri bütün sədəqələrin və bu məqsədlə sərf etdiklə­ri­nin hamısının əvəzinin veriləcə­yini vəd edirlər. Şeytanın təbliğatçıları isə insanları sədəqə verməkdən boyun qaçırmağa çağırır və qorxudurlar ki, Allah yolunda mallarını xərcləsələr kasıblayacaq və dilənçi halına düşəcəklər. Əgər insan Rəhimli Allahın dəvətinə cavab verir və Onun ona bəxş etdiyi nemətdən sədəqə paylayırsa, onda o, günah­larının bağışlanmasına sevinəcək və arzuladığı nə varsa, ona nəsib olacaq. Əgər o, şeytanın çağırışına səs verərsə, qoy bilsin ki, şeytan öz tərəfdar­larını Cəhənnəm odunun sakinləri olmağa çağırır. Qoy hər bir qul layiq olduğu seçimini özü etsin.
Bu ayənin sonunda Allah Özünün gözəl Əhatəedən və Bilən adla­rını xatırladır. Onun sifətləri hər şeyi əhatə edir, Onun hədiyyələri isə qiymətli və zəngindir. O, çox gözəl bilir ki, qullarından mükafatının artı­rıl­masına layiq olanlar kimlərdir və O, belə qullarına saleh əməllər etmək­də və günahlardan çəkinməkdə kömək göstərir.

ﯤﯥﯦﯧ         ﯭ ﯮﯯﯱﯲﯳ    ﯵﯶ  

 (269) “Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət veril­mişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli in­sanlar anlayırlar”.

Xeyirxah əməl sahibləri olan möminlərin məziyyətlərini və məhz Allahın onlara bəxş etdiyi sərvəti xeyriyyə məqsədləri üçün xərclədik­lərini və bunun sayəsində böyük yüksəkliklərə nail olduqlarını xatırlat­dıqdan sonra, Uca Allah var-dövlətdən dəfələrlə üstün olan mərhəməti barədə xəbər verir. Bu – müdriklikdir ki, Allah onu, Öz qullarından kimə əsil xeyir və xoşbəxtlik diləyirsə, ona da əta edir. Müdriklik dedikdə, faydalı və doğru biliklər, sağlam ağıl və ehtiyatlılıq və həmçinin bəlağətli nitq söyləmək qabiliyyəti və xeyirli işlər görmək nəzərdə tutulur. Müdrik­lik ən böyük vergidir və ən şərafətli nemətdir və əgər o, insana bəxş edil­mişsə, deməli, o, həqiqətən də böyük nemətlə mükafatlandırılmışdır. Belə olduqda, o, nadanlığın zülmətindən doğru rəhbərlik nuruna qərq olur, ax­maqcasına uydurmalardan xilas olur və düz sözlər deməyə, doğru ad­dımlar atmağa başlayır. O, düzgün qərarlar qəbul edir və doğru yolla qə­tiy­yətlə gedir, çünki ona verilmiş böyük nemət onun özünün kamilləş­mə­sinə, həm də yerdə qalan məxluqlara dini və dünyəvi məsələlərdə böyük fayda verməyə imkan yaradır.
Müdrik qərarlar olmadan işləri qaydaya salmaq mümkün deyil, çünki müdriklik – hər şeyi öz yerinə qoymaq, vaxtında irəliyə hərəkət etmək və zəruriyyət yarandıqda geriyə çəkilmək bacarığıdır. Lakin bu böyük neməti yadda saxlayıb onu layiqincə qiymətləndirməyi təkcə mühakimə yürütmək qabiliyyəti və tədbirli olan, nəyin onlara fayda verə biləcəyini və nəyin zərərli olduğunu anlayan, düzgün hərəkətlər edən və yanlışlıqlardan uzaq qaçan kişilər bilirlər.
Maddi nemətlərin sədəqə verilməsi və müdrik qərarların qəbul edilməsi kimi bu iki əməl insanı Allaha daha yaxşı yaxınlaşdırır və ona imkan verir ki, şərəfli mükafata nail olsun. Bu iki əməli Muhəmməd Peyğəmbər (s.ə.s.) də xatırlayaraq demişdir: “İnsanlar­dan ancaq iki nə­fərə həsəd çəkmək olar: Allahın sərvət bəxş etdiyi o insana ki, onu haqq yolunda sərf edir və o insana ki, Allah ona müdriklik bəxş etmişdir, o da bu müdrikliyini digər insanlara öyrədir”.

                                   

 (270) “Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəzi­ri, şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz”.

Uca Allah bildirir ki, Ona qullarının bütün sədəqələri, xərclədikləri və verdikləri vədləri çox gözəl məlumdur. Allahın bildikləri haqqında bu xəbərdarlığı labüd əvəz veriləcəyini nəzərdə tutur, çünki Allah insanın əməllərini, o, hətta zərrə qədər olsa belə unutmur. O, insanların yaxşı və pis niyyətlərini bilir və onu da bilir ki, heç kim zalım günahkarların kömə­yinə gəlməyəcək, çünki onlar öz vəzifələrini yerinə yetirməyə xəsislik etdikləri halda, qadağan olunmuş əməlləri törətməyə cəsarət göstərirlər. Onlar özlərinə kömək göstərmək və onları cəzadan qorumaq üçün kö­mək­çilər tapa bilməyəcək və onlar mütləq amansızlıqla cəzalandırı­lacaqlar.

               ﭪﭫ ﭬ                         
 (271) “Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır”.

Uca Allah bildirir ki, əgər insan sədəqəni açıq şəkildə verirsə, bu yaxşı hərəkətdir, lakin daha yaxşı olardı ki, o, sədəqəni gizlicə paylayaydı və onu ehtiyacı olan adamlara təqdim edəydi, çünki kasıblara və ehtiyacı olanlara gizli yardım ayrıca nəzərdə tutulmuş xeyirxah əməldir və xeyriy­yəçinin saf niyyətli olmasına dəlalət edir. Məhz buna görə, sədəqəni gizli paylayan insan­lar – belə ki, onların sol əlinin sağ əlinin nə etdiyindən xəbər tutmayanlar – Allahın Öz kölgə­sin­də sığınacaq verəcəyi möminlərin yeddi qrupunun arasında olacaqlar.
Müsəlmanlar üçün sədəqəni gizlicə və dilənçilərə verməyin daha yaxşı olması haqqında Quran kəlamı özlüyündə incə bir hikmət kəsb edir. Sədəqənin açıq paylanmaqdansa, gizli veril­məsinin hikməti, onun dilən­çiyə yardım edilməsi ilə əlaqədardır. Şərh etdiyimiz ayədə, müxtəlif xey­riyyə layihələrinə sərf edilən maddi vəsaitlərin gizlicə xərclənməsinin yaxşı olması haqqında heç nə deyilmir. Belə hallarda şəriətin elə bir prinsipinə istinad etmək lazımdır ki, ona uyğun olaraq, daha çox faydalı olan əmələ üstünlük verilsin. Ola da bilsin ki, açıq sədəqə vermək əyani nümunə kimi, başqalarının da belə bir addım atması və digər insanları xeyirxah əmələ ruhlandır­ması baxımından, müsəlmanlara daha çox fayda gətirsin.
Uca Allah həmçinin qeyd edir ki, sədəqə insanlara ikiqat fayda gətirir, çünki xeyriyyəçi bol mükafata layiq görülür və həm bu həyatda və həm də Axirət həyatında şərdən və cəzalandırılmadan xilas olur; Allah onun yol verdiyi günahlarını bağışlayır. Allah qullarının bütün əməllərin­dən xəbərdardır və Öz ilahi müdrikliyinə əsaslanaraq, O, hər kəsə, törət­diyi əməllərinə görə əvəz verəcəkdir.

           ﭿ                                                            

(272) “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ve­rilər və sizə zülm edilməz”.

Muhəmməd Peyğəmbərə (s.ə.s.) vəhyi insanlara çatdırmaq, onları xeyirxah işlər görməyə çağırmaq və bəd əməllərdən çəkindirmək hökmü verilmişdi. Lakin insanları doğru yola gətirmək təkcə Allaha məxsusdur. Allah bu barədə xəbərdarlıq edərək, bildirir ki, əsil möminlər təkcə öz Rəbbinin mərhəmətini və mükafatını qazanmaq üçün sədəqə verirlər, çünki onları buna yönəldən həqiqi iman sahibi olmalarıdır. Bu ayə mö­minlərı gözəl surətdə səciyyələndirir və Allaha səmimiyyətlə ibadət etməyin zəruriliyini onlara xatırladır.
Sonra Uca Allah bir daha bildirir ki, insanların verdiyi sədəqələr Ona yaxşı məlumdur və onlar bilməlidirlər ki, O, onların mükafatını bir toz zərrəsi qədər də olsa azaltmayacaqdır. Bir başqa Quran ayəsində deyi­lir: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər” (Nisa, 4/40).
                                                                    

(273) “Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədik­lərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlə­rin­dən tanıyırsan. Onlar insanlardan israrla bir şey istə­məz­lər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir”.

Müsəlmanlar əllərindən gələn hər şeyi etməlidirlər ki, sədəqə Allah yolunda çalışan, Allahın razı qaldığı işlərlə məşğul olan və öz vaxtını dünya nemətlərini əldə etməyə görə itirməyi istəməyən və ya buna imkanı olmayan, lakin buna baxmayaraq öz əxlaqını itirmə­yən möhtaclara çatdı­rılsın. Cahil adam belə şəxsə baxdıqda elə bilər ki, onlar zəngindirlər, çün­ki onlar yalvararaq insanlardan sədəqə istəmirlər. Kəskin ehtiyac onları yardım haqqında müraciət etməyə məcbur etdikdə isə, onlar bunu heç də təkidlə etmirlər.
Belə ehtiyac sahibləri sədəqə verilməsinə ən çox layiq olanlardır. Sədəqə onlara öz ehti­yac­larını təmin etməyə, qarşılarına qoyduqları məq­sədə doğru getməyə və yaxşı işlər görməyə imkan verir. Onlar layiqincə səbr edərək, öz ümidlərini, məxluqlara deyil, Qüdrətli Yaradana bağla­dıq­larına görə müsəlmanlar öz sədəqələri vasitəsilə onlara minnətdarlıqlarını bildirmə­li­dirlər. Belə­lə­rinin xeyrinə verilən sədəqənin ən yüksək faydası olan sədəqə sayılmasına baxma­yaraq, digər ehtiyacı olanlara da hər hansı xeyriyyə məqsədləri üçün verilən sədəqə xeyirxahlıq nümu­nəsidir və Allahın mükafatına layiqdir. Buna görə Uca Allah buyurur:

                                         
(274) “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında  mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Allah belə insanlara, başqa bir kölgənin olmadığı bir gündə, Öz kölgəsində sığına­caq verəcək. Allah onlara böyük bir səadət əldə etməyə və qəm-qüssədən, qorxudan və digər xoşagəlməz hallardan qurtulmaya kömək edəcəkdir.
Uca Allah xüsusilə vurğulayır ki, xeyir əməl sahibi olan qullarını öz Rəbbi yanında mükafat gözləyir ki, bu da onların şöhrətini və üstün­lüyünü təsdiq edir. Onların sədəqələri, Peyğəmbərin (s.ə.s.) səhih hədi­sin­də deyildiyi kimi: “Əgər qul, öz əlinin zəhməti ilə qazandığı bir xurma sədəqə verirsə, mərhəmətli Allah onu Öz əli ilə qəbul edərək, o sədəqəni, nəhəng bir dağa çevrilənə qədər böyüdür, siz də hər biriniz öz dayçanızı belə böyüdürsünüz”.

                                                                                              ﭿ          

(275) “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli etmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçi­lik kimidir!” – demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sə­ləmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinidirlər. Onlar orada əbədi qalacaqlar”.

Yaxşı əməl sahibi olan müsəlmanların məziyyət­lərini və Allahın yanında onlar üçün hazırlanmış gözəl mükafatları və həmçinin onların gü­nahlarının və səhvlərinin bağışlanacağını xatırlatdıqdan sonra, Uca Rəbb sələm yeyən və bədnam sövdə bağlayan zalımlardan bəhs edir və bildirir ki, onlar törətdikləri cinayətlərə müvafiq olaraq mütləq əvəz alacaqlar. Dünya həyatında onlar cin vurmuş dəlilər kimi var-dövlət ələ keçirməklə məşğul idilər və buna görə də öldükdən sonra, Qiyamət günü onlar öz qə­birlərindən, şeytan toxunub ağlını zay etmiş quduz dəlilər kimi qalxacaq­lar. Bu biabırçı cəza onların sələm yediklərinə və sələmçiliyin və müami­lənin də ticarətə oxşar bir şey olmasını ucadan bəyan etdiklərinə görə onlardan alınan qisasdır. Onlar cəsarət edərək Allahın haram və halal buyurduğu hədlərə etinasızlıq göstərərək sələmçiliyi halal elan etmişlər.
Sonra Allah bütün günahkarları, o cümlədən, sələm yeyən zalımla­rı, xəbərdarlıq onlara çatdıqdan sonra, yəni, əsil həqiqət onlara izah edil­dikdən və onlar vəd edilmiş mükafat və cəza haqqında hökmü bildikdən sonra da günah işlətməkdə davam edəcəkləri halda, cəzalandıracağını vəd edir. Əgər günahkarlar onlara verilən öyüd-nəsihətdən sonra sələmçiliklə məşğul olmaqdan əl çəksələr, onda onların tövbə etdikləri keçmiş günah­ları bağışlanacaq və onların işi Allaha qalar və əgər onlar öz tövbələrini pozmasalar, əmin olacaqlar ki, Allah haqlı insanların mükafatını kəsmir. Yox, əgər öyüd-nəsihətlərdən və xəbərdarlıqlardan sonra, onlar yenə də müamiləçilik və sələmçiliklə məşğul olsalar, onda onlar əbədi qalacaqları Cəhənnəm oduna atılacaqlar.
Bu ayədən aydın olur ki, sələmçilik insanı Cəhənnəmə düşməyə və orada əbədi qalmağa məhkum edir. Sələmçilik o dərəcədə ağır və mənfur günahdır ki, hətta iman bu günahkarları əbədi cəzadan qorumağa qadir deyil. Lakin bu dini hökm, ancaq müəyyən şərait yarandıqda və buna maneçilik edən amillərin heç biri olmadıqda qüvvəyə minir və buna görə də həm bu ayə və həm də gələcək cəzalar haqqında bütün qalan ayələr xəvariclərin baxışları üçün dəlil ola bilməz. Müsəlmanlar Quranın və Sünnənin bütün mətnlərini qəbul etməli və insanın qəlbində heç olmaz­sa xardal dənəsi böyüklükdə də imanın olması ilə əlaqədar onun hökmən Cəhənnəmi tərk edəcəyi barədə çoxsaylı dəlilləri isə inkar etməməlidir. İnsan ancaq ağır cinayətlər işlədib, onları tövbə etmədiyi halda Cəhənnə­mə atılmaqla cəzalandırılır.



                                            

(276) “Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafir­ləri və günahkarları sevməz”.

Uca Allah xəbər verir ki, müamiləçilərin və sələmçilərin qazancını puç edəcək, xeyriyyəçilərin isə sədəqələrini artıracaq, amma çox vaxt adamlara elə gəlir ki, əslində hər şey əksinə baş verir. Çox adamlar var ki, onlar sədəqənin onları var-dövlətdən məhrum etdiyini, sələmin isə xoş güzəranlarını daha da artırdığını hesab edirlər. Zənginlik və dünya malı Uca Allahın əlindədir və onları əldə etməyə layiq olmaq ancaq halal əməllər sayəsində və Allahın hökmlərini yerinə yetirməklə mümkündür. Əgər insan sələm yeməyə cəsarət edirsə, o, hökmən cəzaya məruz qala­caqdır. Belə insanların taleyi onların gözlədiklərinin əksinə yekunlaşır ki, bunu ətrafımızda baş verən hadisələr də təsdiq edir. Allahın Özündən daha doğru danışan kim ola bilər?! Allahın nazil etdiyi nemətlərə görə Ona minnətdarlıq etməkdən boyun qaçıran, Onun mərhəmətini inkar edən və Ona itaətsizlik etməkdən əl çəkməyən naşükür günahkarlar Onda nifrət oyadır.
Bu ayədən belə bir nəticə çıxarmaq olar ki, Allah Onun çoxsaylı nemətlərinə görə minnətdarlıq, şükür edən və yol verdikləri günahları və xətalarını tövbə edən qullarını sevir.

                                               

(277) “Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənmə­yəcəklər”.

 Allah bu ayəsini sələmçilik ayələrinin mətni ilə yanaşı ona görə yerləşdirib ki, imanın möhkəmləndirilməsinin və onun bütün tələblərinin yerinə yetirilməsinin – sələmdən  uzaqlaşmağa kömək edən ən mühüm amil olmasını insanlara izah etsin. Xüsusilə, bu, namaza və zəkata aiddir, çünki əgər birinci çirkin və qınanılan əməllərdən saxlayırsa, sonuncu məx­luqlara xeyirxah münasi­bətin formasıdır ki, özlüyündə, əsası zalım­lıqdan ibarət olan sələmçiliklə bir araya sığışmır.

                                
(278) “Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsi­nizsə, sələmdən qalan faizi almayın”.
                                      
(279) “Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müha­ribə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar”.

Bu ayələrdə Uca Allah möminlərə müraciət edərək Ondan qorx­malarını və sələmə əsaslanan və əvvəllər bağladıqları bütün əqdlərini ləğv etməyi buyurur. O, bildirir ki, əgər insanlar bunu etməsələr, onlar Allahla və Onun Elçisi (s.ə.s.) ilə düşmən olacaqlar. Bu, sələmçiliyin və müa­milənin əxlaqa zidd olan ən böyük dəlillərindən biridir. Əgər insan inadla sələm yeməkdə davam edirsə, o, sanki Allah və Onun Elçisinə (s.ə.s.) qarşı müharibə edir. Əgər o, sələmçilik və müamilə ilə məşğul olmasına görə tövbə etdikdə, ona ilkin sərmayəsini geri götürməyə icazə verilir. Belə davrandıqda, o, əvvəllər ona sələm verməyə məcbur etdiyi şəxsləri incitmir və özü də zərərə düşmür, çünki öz ilkin sərmayəsini geri alır.
  Bir sözlə, insan sələmçilik və müamiləçilik etməkdə tövbə edərsə, onun əvvəllər bunlarla əlaqədar bağladığı və sona çatdırdığı bütün əqdlər və sazişlər ona bağışlanır. Onların bəziləri hələ qüvvədə qaldıqda, o, özü­nün ilkin sərmayəsini götürməklə qane olmalıdır və belə müqavilələr üzrə sələm almaq artıq azğınlığa bərabər cinayətdir.
Bu ayələrdə sələmçiliyin qadağan olunmasının hikməti şərh edilir və göstərilir ki, sələm ehtiyac içində olan insanlara qarşı ədalətsizlikdir. Müamilə verən onlardan zəruri olduğundan daha artığını götürür, onların borc üzrə öhdəliyini artırır, halbuki o, öz borclusuna verdiyi möhləti zəru­ri olduqda artırmalıdır. Məhz buna görə növbəti ayədə buyurulur:



                                       

(280) “Əgər borclu olan adam ağır şərait içindədirsə, onun və­ziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir”.

Borclu olan şəxs ağır şərait içindədirsə və borcunu verə bilmirsə, onda borc verən ona borclarını ödəmək imkanı yaranana qədər möhlət verməlidir. Borcu qaytarmalı olan kəs də, öz növbəsində, icazə verilən bü­tün vasitələrdən istifadə edərək borcunu ləngitmədən qaytarmağa çalışma­lıdır. Əgər borcverən rəhm edərək, borcunun yarısını və ya hamısını ona bağışlayarsa, bu, borcverənin öz xeyrinə etdiyi bir əməl olar. İnsana şəriət hökmlərini yerinə yetirməyin asanlaşdı­rılması, sələmçiliyə əsaslanan əqd­lə­rin bağlanmasından çəkinməsi və ehtiyacı olanlara yardım göstərilməsi üçün o, qəti bilməlidir ki, bir dəfə vaxt gələcək, o, Allaha qayıdacaq və O, ona etdikləri əməllərin əvəzini bütövlüklə verəcək və onu bir zərrə ağır­lığında belə incitməyəcəkdir. Bax elə buna görə Allah sonra belə buyurur:

              ﯿ                              

(281) “Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır”. 

                                                                                                 ﭿ                                                                                                                                                           ﯩﯪﯬ ﯭ  ﯮﯯ                         ﯿ        

 (282) “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib əda­lətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miq­da­rını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu əda­lətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıl­dıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanma­yın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün gün­ah­dır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir”.

Yaradan Öz qullarına əqdlər və müqavilələr bağladıqları zama­n faydalı qaydaların köməyi ilə öz haqlarının qorunması barədə qayğı çəkmələrini tələb edir. Həmin qaydalar o dərəcədə gözəldir ki, hətta ağıl sahibi olan kişilər belə onlardan daha kamilini fikirləşməyə qabil deyillər. Bu ayədən bir neçə faydalı nəticələr çıxarmaq olar.
Şəriət borc pul götürməyə və kreditlə mal almağa icazə verir, çünki Allah bildirir ki, möminlər belə edirlər. Möminləri səciyyələndirən istə­nilən əməl onların imanının və əqidəsinin nəticəsidir və onların xatırladıl­ması Qüdrətli Hökmdarın və Hakimin onları bəyəndiyini göstərir.
Borc öhdəliyi və əmlakın icarəyə götürülməsi haqqında müqa­vilələr bağlayarkən hökmən müqavilənin son müddəti göstərilməlidir.
Belə müqavilələrin bağlanması zamanı onların qurtaracağı son müddət göstərilməzsə, onlar qanunsuz olur və təhlükəli nəticələr verə bilər və bu qumara oxşayır.
Uca Allah borc öhdəlikləri haqqında müqavilələri yazmağı əmr etmişdir. Hüquqlara riayət edilməsi məcburi olduqca bu hökm də məcburi hesab olunur, məsələn, etibarnamə veri­ləndə və ya qəyyumluq haqqında müqavilə bağlandıqda, yetimin əmlakına sərəncam veril­dikdə, vəqf (özgə­ninkiləşdirilməyən) əmlakı (icarəyə) götürüldükdə və ya zəmanət veril­dikdə. İnsan kifayət qədər əsası olduqda müəyyən haqları tələb etdiyi hallarda, o, demək olar ki, məcburidir və şəraitdən bu və ya başqa dərə­cədə asılı olaraq arzuedilən də hesab edilə bilər. Bütün hallarda müqavi­lənin yazılı formada tərtib edilməsi hər iki tərəfin hüquqlarının qorun­ma­sını təmin edən ən mühüm amillərdən biri hesab olunur, çünki heç kimin unutqanlıqdan və səhvlərdən zəmanəti yoxdur və məhz bu vasitə ilə Allahdan qorxmayan fırıldaqçılardan qorunmaq mümkündür.
Uca Allah katiblərə hər iki tərəfin götürdüyü öhdəliyi, tərəflərdən birinə, qohumluğuna və ya başqa səbəbə görə, güzəşt etməyərək və digər tərəfin haqqını, düşmənçilik üzündən və ya başqa səbəbə görə, tapdalama­yaraq, ədalətlə yazmağı tapşırır.
Müqavilələrin yazılı formada tərtib edilməsi ən bəyənilən əməllər­dən biridir və hər iki tərəfə qarşı yaxşılıq etmək kimi sayılır. Bu, hər iki tərəfin haqlarının qorunmasına səbəb olur və onları əlavə öhdəliklərdən azad edir və buna görə də katib öz vəzifəsini vicdanla yerinə yetirməlidir ki, öz mükafatından zövq ala bilsin.
Katib öz vəzifəsini düzgün və ədalətlə yerinə yetirə bilən və öz ədalətliliyi ilə tanınmış insan olmalıdır. Əgər bir adam doğru-dürüst mü­qavilə tərtib etməyi bacarmırsa, onda öz vəzifəsini yerinə yetirə bilməz; əgər o ədalətli insan deyilsə, etibara və ətrafındakıların hörmətinə layiq deyilsə, onda onun tərtib etdiyi müqavilə də insanlar tərəfindən qəbul edilməyəcək və tərəflərə öz hüquqlarını qorumağa kömək etməyəcəkdir.
Katibin ədalətliliyinə onun öz fikirlərini savadlı ifadə etmək, müxtəlif müqavilələrin tərtibatında zəruri olan terminologiyadan istifadə etmək bacarığı da əlavə olunmalıdır. Bu zaman adət və ənənəvi qaydalara riayət edilməsinə mühüm yer verilir.
Müqavilələrin yazılı formada tərtib edilməsi Allahın Öz qullarına göstərdiyi lütfüdür və onlar bunsuz öz dini və dünyəvi vəzifələrini qüsur­suz yerinə yetirə bilməzlər. Əgər Allah insana müqavilələri savadlı tərtib etmək bacarığı öyrədibsə, deməli ona böyük mərhəmət göstərmişdir və buna görə Allaha layiqincə minnətdarlığını bildirmək üçün, o, başqa insanlara kömək etməli, onlar üçün müqavilələr tərtib etməli və onlara belə bir xidmət göstərməkdən boyun qaçırmamalıdır. Buna görə, katiblərə müqavilələr tərtib etməkdən boyun qaçırmamaq əmr edilmişdir, çünki bu bacarığı onlara Allah öyrətmişdir.
Katib, digər tərəf qarşısında maddi öhdəliklər daşıyan şəxsi, əgər o, öz öhdəliklərini aydın ifadə edə bilirsə, tanıdığını qeyd etməlidir. Əgər o, azyaşlı, ağıl zəifliyi, dəliliyi, lallığı və ya bacarıqsız olması səbəblərinə görə bunu edə bilmirsə, onun əvəzinə müqaviləni qəyyumu yazdırmalıdır və o, müqavilə bağlanmasında məsuliyyət daşıyan şəxs rolunda çıxış edir.
Tanıma (təsdiq etmə), insanların hüquqlarının təsdiq olunması va­si­təsi kimi mühüm şərtlərdən biridir və buna görə Uca Allah katiblərə məhz maddi məsuliyyət daşıyan tərəfləri tanıdığını yazmağı əmr edir.
Əgər insan azyaşlılığına, ağıl zəifliyinə, dəliliyinə və ya başqa səbəblərə görə tam məsuliyyət daşımaq qabiliyyətinə malik deyilsə, onda onun adından qəyyumu çıxış etməlidir.
Qəyyum öz himayəsi altında olanın hüquq və vəzifələrinin tanın­masının tələb edildiyi bütün hallarda onun adından çıxış etməlidir.
Əgər insan başqa bir şəxsi öz vəkili təyin edirsə və ya ona insan­larla qarşılıqlı münasibətlərinin tənzimlənməsində müəyyən səlahiyyətlər verirsə, onda onun səlahiyyətli nümayəndəsinin sözləri məqbul sayılır, çünki o, ona səlahiyyət vermiş şəxsin adından çıxış edir. Əgər qəy­yum­lara, tam məsuliyyət daşımaq qabiliyyəti olmayanların adından danışmağa icazə verilirsə, onda belə icazə, öz iradəsi ilə müəyyən səlahiyyət verən şəxslərin səlahiyyətli nüma­yən­dələrinə də verilir. Belə səlahiyyətli nüma­yəndələrin sözləri qəbul edilir və hüquqi qüvvəyə malik olur, fikir ayrılığı yarandıqda isə, səlahiyyət verənlərdən daha çox, onların səlahiyyətli şəxslərinə üstünlük verilir.
Maddi məsuliyyət daşıyan insan müqaviləni və ya razılaşmanı yazdırarkən Allahdan qorxmalıdır və digər tərəfin hüquqlarını məhdud­laşdırmamalı, öz öhdəliklərinin kəmiyyət və keyfiyyət göstəricilərini azalt­mamalı və müqavilənin şərtlərini təhrif etməməlidir. Əksinə, o, digər tərəf qarşısında öz öhdəliklərini tam təsdiq etməli, eynilə də digər tərəf onun qarşısında öz öhdəliklərini tam təsdiq etməlidir. Tərəflər belə etmədikdə, onlar çəkidə aldadanlar və fırıldaq­çılar sırasına düşürlər.
Müsəlmanlar öz öhdəliklərini, hətta bu öhdəliklər ətrafdakılar tərə­findən qeyd olunmasa da, təsdiq etməlidirlər. Belə davranış – təqvalılığın ən şərəfli göstəricisidir. Əgər insan, digər tərəfin qeyd etmədiyi üçün ya­dında saxlamadığı, öz öhdəliyi haqqında xəbər vermirsə, bu onun qü­surluluğuna və təqvalılığının natamamlığına dəlalət edir.
Müsəlmanlar ticarət əqdləri bağlayarkən şahid çağırmalıdırlar. Borc öhdəliklər haqqında müqavilələrin bağlanması şahidlərin iştirakına dair müddəa, belə müqavilələrin yazılı formada tərtib edilməsinə dair, artıq şərh etdiyimiz, müddəaya bənzərdir, çünki əslində onların tərtib edilməsində şahidlik qeyd olunur. Nağd sövdələşmələrə gəldikdə isə, onlar yaxşı olar ki, şahidlərin iştirakı ilə bağlansın, amma bu zaman yazılı müqavilələr tərtib edilməyə də bilər, çünki nağd alver geniş yayılmışdır və yazılı müqavilələrin hər dəfə tərtib edilməsi yorucudur.
Şahidlər iki nəfər ədalətli kişi olmalıdır. Əgər onları tapmaq mümkün deyil və ya çətin­dir­sə, onda şahidlər bir kişi və iki qadın ola bilər. Bu, istər ticarət əqdlərinin və ya borc öhdəlik­ləri haqqında müqa­vilələrin bağlanması olsun, istərsə də onların şərtləri ilə və ya sənədlərlə bağlı rəsmiləşdirilmələr olsun, insanlar arasında bütün qarşılıqlı münasi-bətlərə şamil edilir.
Burada belə bir məsələ çıxa bilər, şərh etdiyimiz gözəl ayə iki kişinin və ya bir kişinin və iki qadının şahidliyini tələb etdiyi halda, niyə Muhəmməd Peyğəmbər (s.ə.s.) andla təsdiq edilmiş bir şəhadətin əsasında qərar qəbul edirdi? İş orasındadır ki, bu gözəl ayədə Yaradan qullarını öz hüquqlarını qorumaq haqqında qayğı çəkməyə çağırır və bunun ən kamil və etibarlı formasını xatırladır, lakin bu ayə heç də Peyğəmbərin (s.ə.s.) bir nəfərin andı ilə təsdiq olunmuş şahidliyinə əsaslanan qərarına müxalif deyil. Hüquqların qorunması məsələsinə gəldikdə isə, əqdlərin bağlanması ərəfəsində hər iki tərəf ən mükəmməl ehtiyat tədbirləri qəbul etməlidirlər. Mülki iddiaların həlli zamanı isə, onların araşdırılmasında ən inandırıcı dəlillər və sübutlar əsas götürülür.
İki qadının şahidliyi bir kişinin şahidliyinə ancaq dünyəvi məsələ­lərdə bərabərdir. Dini məsələlərdə isə, məsələn, hədislərin ötürülməsi və ya ictihad məsələ­lərində onlarda bir qadının şahidliyi bir kişinin şahid­liyinə bərabərdir və bu iki şərait arasında fərq aydındır.  
Uca Allah bir kişinin şəhadətinin iki qadının şəhadətinə bərabər olmasının səbəbini göstərir. Bu ondan ibarətdir ki, qadınlar çox vaxt zəif yaddaşa malik olduqları halda, kişilərin isə yaddaşı yaxşı olur.
Əgər bir şahid hadisəni yaddan çıxartdıqda, ikinci şahid isə onu onun yadına saldıqda, əgər ona xatırladıldıqdan sonra hadisəni yaddaşında bərpa edirsə, belə unutqanlıq şahidin əhəmiy­yə­ti­ni azaltmır. Ayədən aydın olur ki, bir şahid qadın yanıldıqda, ikinci qadın hadisəni onun yadına salmalıdır. Həmçinin hadisəni unutduqdan bir qədər sonra heç kəsin xatırlatması olmadan yadına salmış adamın şəhadəti qəbul edilməlidir, çünki şahidlik hadisədən xəbərdar və əmin olmağa istinad etməlidir.
Biz indicə qeyd etdiyimiz kimi, şəhadət xəbərdar və əmin olmağa istinad etməlidir və şübhələr üzərində qurula bilməz və əgər şahid öz dediklərinə şübhə edirsə, ona ifadə vermək qadağan edilir. Hətta əgər bir adam müəyyən ifadələr verməyə meyl edirsə də, o ona ancaq dəqiq mə­lum olan şeylər haqqında şahidlik etməlidir.
Şahid, şəhadət vermək məqsədilə dəvət edildikdə ifadə verməkdən boyun qaçırmaq haqqına malik deyil, özü də şahidlik etmək ləyaqətli əməl sayılır, çünki Allah möminlərə belə etməyi əmr etmiş və bunun faydası haqqında xəbər vermişdir.
Katibləri və şahidləri onlar üçün əlverişli olmayan vaxtda və onlara zərər vura bilən şəraitdə vəzifələrini yerinə yetirməyə çağırmaqla onlara zərər vermək qadağan edilmişdir. Məsuliyyət daşıyan tərəflərin də katib­lərə və şahidlərə zərər vurmaq haqqı yoxdur, katib və şahidlər də, öz növbəsində, məsuliyyət daşıyan tərəflərə və ya onlardan birinə zərər vurmama­lıdırlar. Buradan aydın olur ki, əgər müqavilələrin və bağlaşma­ların yazılı formada tərtib edilməsi və şahid kimi ifadə vermək zərərli olarsa, insanlar katib və şahid vəzifələrini yerinə yetirməkdən boyun qaçırarlar.
Uca Allah qeyd edir ki, müsəlmanlar xeyirxahlıq edən şəxslərə zərər verməməlidirlər və onları öhdəsindən gələ bilməyəcəkləri işlə çətin­liyə salma­malı­dırlar. Uca Allah buyurur: “Yaxşılığın əvəzi ancaq yaxşı­lıq deyilmi?” (Rəhman, 55/60). Qaldı ki, yaxşılıq edənlərə, onlar öz vəzifələrini ən mükəmməl surətdə yerinə yetirməli və insanları onlara göstərdikləri xidmətə görə minnətçi etməməli, nə sözləri və nə də işləri ilə onları incitməməlidirlər, çünki əks halda əməlləri xeyirxah əməl sayıla bilməz.
Katib və şahidlər göstərdikləri xidmətə görə mükafat almaq haq­qına malik deyillər, çünki Allah qullarına müqavilələri yazmaq və şahidlik etmək vəzifəsi tapşırdığı halda, göstərdikləri belə xidmətlərə görə muzd almaq müqavilə və saziş bağlayan tərəflərə zərər vurardı.
Uca Allah Onun bu şərəfli nəsihətlərini qüsursuz yerinə yetirən qullarının diqqətini əldə edəcəkləri böyük faydaya yönəldir. Onlar öz haq­larını saxlaya, ədalətə riayət edə, mübahisə­lər­dən və qarşılıqlı iddialardan qurtula, unutqanlıqdan və huşsuzluqdan sığortalana bilərlər. Məhz buna görə, Allah bildirir ki, nazil edilmiş hökmlərə riayət edilməsi Onun qar­şısında daha ədalətli, şahidlik üçün daha inandırıcı və şübhələrdən çəkin­mək üçün yaxşı olardı. İnsanlar bu məsələlərdə, həqiqətən də, böyük ehtiyac duyurlar.
Müqavilələrin yazılı formada tərtib edilməsi qaydalarının öyrənil­məsi dini məsələlərə aiddir, çünki bu qabiliyyət imanı qoruyub saxlamağa və dünyəvi rahatlığı təmin etməyə və həmçinin ətrafdakılara xidmət göstərməyə imkan verir.
Əgər Allah bir insana, başqa insanların ehtiyacı olduğu xüsusi bir qabiliyyət bəxş edirsə, buna görə Ona layiqincə minnətdarlıq bildirmək üçün, həmin insan öz bacarığından Onun qullarının xeyri üçün istifadə edərək, onların ehtiyaclarını ödəməlidir. Belə bir nəticəyə ona görə gəl­mək olur ki, yazılı şəkildə müqavilələrin tərtib edilməsindən yayınmanın qadağan olunma­sından o saat sonra, Allah katiblərə xatırladır ki, məhz O, onlara düzgün müqavilə tərtib etməyi öyrətmişdir. Hərçənd belə xidmət göstərilməsi onların vəzifəsi olsa da, onlar öz qardaş­larının ehtiyaclarını yerinə yetirdikcə, Allah da onların ehtiyaclarını mütləq təmin edəcəkdir.
Şahidlərə və katiblərə zərər vurmaq günahdır və bu, Allahın dedik­lərinə qulaq asmamaq və Ona itaətsizlik etmək deməkdir. Günahkarlıq özünü az və çox dərəcədə müxtəlif formalarda büruzə verə bilər və ona görə də, O, bu hökmü yerinə yetirməyən dindarları fasiq adlandırmır, ancaq onların günah işlətdiklərini bildirir. İnsan Rəbbinə itaətdən nə qədər uzaqlaşırsa, onun şərəfsizliyi və günahkarlığı da bir o qədər artır.
Təqva bilik əldə etmənin vasitəsidir, çünki Allah Ondan qorxan iman sahibləri olan qullarına təlim verəcəyini vəd edir. Bu məsələyə dair digər ayə daha səciyyəlidir: “Ey iman gətirənlər! Əgər Allahdan qorx­sa­nız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahları­nızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir” (Ənfal, 8/29).
Əldə edilən faydalı biliklərə təkcə ibadət ayinləri ilə bağlı dini məsələlərin öyrənilməsi deyil, habelə insanlar arasında qarşılıqlı münasi­bət­lərlə bağlı olan dünyəvi elmlərin öyrənilməsi də daxildir və bu ona görədir ki, Allah qullarının bütün dini və dünyəvi işləri haqqında qayğı çəkir və buna görə də Onun Müqəddəs Kitabında hər cür məsələlər öz izahını tapmışdır.



ﭒﭓﭔﭕﭖ    ﭘﭙ                              ﭩﭪ                    
 (283) “Əgər səfərdə olsanız və katib tapma­sanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlə­dirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir”.

Bu ayədən çoxsaylı faydalı nəticələr çıxartmaq olar.
Əqdlər və müqavilələr bağlanarkən girov götürmək və zəmanət tələb etməyə icazə verilir ki, bunlar da, öz növbəsində, qula, tərəflərin kimliyindən – mömin və ya günahkar, etibarlı insan və ya əhdini pozan fırıldaqçı olmasından asılı olmayaraq, ona çatacaq haqqı almağa imkan verir. Belə zəmanətlər insanlara öz hüquqlarını qorumağa imkan verir və mübahisələri aradan qaldırır.
Ən yaxşı zəmanət – götürülməsi mümkün olan girovdur. Lakin bu hələ o demək deyildir ki, götürülməsi və aparılması mümkün olmayan girov qanuni qüvvəsi olmayan girovdur. Uca Allah ələ götürülməsi mümkün olan girovu xatırladaraq izah edir ki, girovu ələ götürmək mümkün olarsa, onda o, insanın hüquqlarının qorunmasının ən etibarlı zəmanətidir. Lakin onu ələ almaq mümkün olmadıqda, belə girovun zəmanəti mükəmməl sayılmır.
Alınıb götürülən girovun müəyyən edilməsi haq­qında hökm təsdiq edir ki, girov qoyanla girov saxlayanın arasında borc və girovla əlaqədar mübahisə yarandıqda, son söz girov saxlayana məxsus olur, çünki onun haqqı daha çoxdur və bunun səbəbi də onun əlində qalan girovun onun hüquqlarının zəmanəti olmasıdır. Əgər son qərar ona məxsus olmasaydı, katibin və şahidlərin olmadığı bir şərait­də, girovsaxlayanın hüquqlarının qorun­ma­sına zəmanət verilə bilməzdi.
Tərəflər bir-birilərinə etibar etdikdə, onların hüquq­la­­rı­nı qoruyan zəmanət və şahidlər olmadan, müqavilə bağlamağa icazə verilir. Lakin belə hallarda onlar Allahdan layiqincə qorxmalıdırlar, çünki əks təqdirdə, almalı olaca­ğından məhrum ola bilər. Məhz buna görə, belə şəraitdə Allah maddi məsuliyyət daşıyan şəxslərə Ondan qorxmağı və ona saxlanmağa verilmiş əmlakı tam qaytarmağı əmr edir.
Bir nəfər başqa birisinə, onun dindarlığına və səda­qətliliyinə görə öz əmlakını etibar etdikdə, bu ona böyük şərəfdir və buna görə maddi məsuliyyət daşıyan şəxs ona saxlanmağa etibar edilmiş əmlakı iki səbəbə görə: məhz belə davranmağı əmr etmiş Allahın qarşısında və həm də öz mülkiyyətini saxlamağı etibar edərək ona verənin qarşısında öz borcunu yerinə yetirmək üçün tam qaytarmalıdır.
Şəriət qəti olaraq şahidliyi gizlətməyi qadağan edir və əgər, buna baxmayaraq, insan yenə də bunu edirsə, onda onun qəlbi – orqanizmin ən vacib orqanı – günaha bat­mış­dır. Bu onunla izah edilir ki, şəhadəti gizlətmək yalandan şəhadət verməyə bənzəyir və insanların hüququnun məhdud­laşdırılmasına və onların arasına qarşılıqlı münasibətlərin pozul­masına səbəb olur. Əgər insan belə bir günah iş tutursa, o, öz əməlinə görə məsuliyyət daşıyır, bu əməl digər tərəf qarşısında maddi məsuliyyət daşıyan şəxsin əməlidir.
Qeyd etmək lazımdır ki, girov götürməyə həm səfər zamanı və həm də daimi yaşayış yerində icazə verilir. Lakin şərh etdiyimiz ayədə ancaq səfər zamanı girovdan bəhs edilir, çünki məhz belə şəraitdə insanlar, adətən, katib və şahidlər tapa bilmirlər və girov qoymağa məcbur olurlar. Ayənin sonunda Allah, insanları ləyaqətli əqdlər bağlama­ları, zərərli əqdlərdən qorunmaları üçün onları ruhlandırmaq məqsədilə xatırladır ki, qulların bütün hərəkətləri Ona büs­bütün məlumdur.

                 ﭿ                                                     
 (284) “Göylərdə və yerdə nə varsa, Allahın­dır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir”.

Uca Allah göylərdə və yerdə Özünün hüdudsuz hakimiyyəti və Özünün hər şeyi əhatə edən elmi ilə qul­larının açıq-aşkar etdiklərini də və ürəklərində gizlətdik­lərini də bildiyini xəbər verir. Allah onları etdikləri əməl­lərinə görə hökmən cavab verməyə çağıracaq və ancaq kimi istəsə, onu da bağışlayacaq. Bu qullar, Rəbbi qarşısında töv­bə edənlər olacaqdır. Bununla əlaqədar Uca Allah buyu­rur: “Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edən­ləri Bağışlayandır” (İsra, 17/25). Kimi də istəsə, Qüdrətli Allah əzabverici cəzaya məhkum edəcək. Bu bəd­bəxtlər, arası kəsilmə­dən qəlbən və cismən günah işlədərək Allaha itaətdən çıxmış kəslər olacaqlar.
Bu ayə, qəlbində pis fikirlər doğan, amma müvafiq əməllər etmə­yən və onlara uyğun pis sözlər danışmayan insanları Allahın bağışlayacağı haqqında hədislərə zidd deyil. İnsanın qəlbində ona xas olmayan və onun rədd etdiyi müxtəlif pis fikirlər ola bilər. Şərh olunan ayədə insanın qəlb­ində kök salmış təkcə qəti niyyətlərdən və sifətlərdən söhbət gedir ki, onların yaxşı və ya pis olması mümkündür.
Allah həmçinin bəyan edir ki, O, bütün varlıqlar üzərində haki­miyyət sahibidir və Onun qüdrətinin mükəm­məlliyi, istənilən məxluqla­rını məsuliyyətə cəlb etməyə, onları layiq olduqları ilə mükafatlandırmağa və ya cəza­landırmağa gücü çatmasında özünü göstərir.

                                                              

 (285) “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitab­larına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”
                                                                                     ﯿ                              
 (286) “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mü­kəlləf edir. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”

Peyğəmbərin (s.ə.s.) bir səhih hədisində rəvayət edilir ki, gecə bu iki ayəni oxumaq şərdən qorunmaq üçün bəs edər. Bunun səbəbi isə onların mübarək mənalarındadır. Bu surənin əvvəlki ayələrinin birində Allah insanları imanın bütün əsas müddəalarını qəbul etməyə dəvət edir: “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaqu­ba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbər­lərə verilən­lərə iman gətirdik. Biz onların arasında fərq qoy­muruq. Biz yalnız Ona təslim olan­larıq!” (Bəqərə, 2/136). Allah bu ayədə bildirir ki, Elçi (s.ə.s.) və möminlər dinin bu əsaslarına iman gətirdilər, bütün elçilərə və bütün kitablara iman gətirdilər. Onlar Kitabın bir hissəsini qəbul edib, digər hissəsini inkar edənlərə və ya bəzi elçiləri qəbul edib, digərlərini rədd edənlərə bənzəmədilər. Həqiqətən təhrif olunmuş dinlərin ardıcılları isə məhz belə edirlər.
Allahın Elçisinin (s.ə.s.) adının çəkilməsi ilə yanaşı möminlərin xatırlanması onlar üçün böyük şərəfdir. Bu ona dəlalət edir ki, Allahın Elçisinə (s.ə.s.) aid olan dini hökmlər onun ardıcıllarına da şamil edilir. O, bu hökmləri ən mü­kəm­məl surətdə yerinə yetirmiş və bu sahədə bütün mö­minləri və hətta Allahın digər elçilərini də ötüb keçmişdir.
Sonra, Allah bildirir ki, möminlər belə deyirlər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənə­dir!” Onlar Peyğəmbərin (s.ə.s.) Quranda və Sünnədə onlara gətir­diklərini bütövlüklə əməl etməyi öhdələrinə götürürlər. Onlar dini qanun­ları səmimi qəlblə qəbul edərək və can-başla onlara itaət edərək qulaq asırlar, onların sözləri isə Allah qarşısında mütilik ifa­də edir və dini vəzifələrini yerinə yetirməkdə onlara kö­mək göstərilməsi xahişini və fərz hökmləri yerinə yeti­rərkən yol verdikləri qüsurlarının və törətdikləri günahlarının bağış­lanmasını nəzərdə tutur. Onlar Allaha müti halda dua edir və bu dua onlara fayda verir; Uca Allah Öz Peyğəmbərinin (s.ə.s.) sözü ilə: “Mən bunu artıq etmişəm!” deyə, ona cavab veribdir.
Allah bu duaları, əsasən, hökmən qəbul edir və on­ları ayrı-ayrı din­darlardan isə bir şərtlə, belə duaların qəbu­luna maneə olan amillərin olma­ması şərti ilə qəbul edir. Allah müsəlmanları, səhvən və ya unutqanlığı nəticəsində yol verdikləri hərəkətlərə görə məsuliyyətə çəkmir. Allah İslam şəriətini çox yüksək dərəcədə asanlaşdırmış və müsəlmanları, on­lardan əvvəlki millətləri yüklədiyi kimi ağır yüklə və vəzifələrlə yük­ləmir. Allah müsəlmanlara, on­la­rın imkanlarını aşan vəzifələr yerinə yetirməyə hökm ver­məmiş, xətalarını onlara bağışlamış, onlara rəhm edərək kafirlər üzərində qələbə çalmağı əta etmişdir.
Biz, Uca Allahdan Onun gözəl adları və sifətləri va­sitəsilə, dininin tələblərini yerinə yetirməyi bizə öyrədər­kən bizə göstərdiyi mərhəməti vasitəsilə xahiş edirik ki, bu dua­la­­rımızı həyata keçirsin, Muhəmməd Peyğəmbərin (s.ə.s.) vasitəsilə bizə verdiyi vədini icra etsin və bütün mömin müsəlmanların işlərini qaydaya salsın.
Bu vəhydən bir sıra mühüm qaydalar çıxır. Onlardan ən birincisinə uyğun olaraq dini vəzifələri asanlaşdırmaq və bütün dini məsələlərdə müsəlmanları sıxıntıdan xilas etmək lazımdır. Digər qayda öyrədir ki, əgər insan ibadət ayinlə­ri­nin icrası zamanı Allah qarşısında səhvən və ya unutqanlığı üzündən vəzifələrini pozarsa, bağışlanmağa layiqdir. Əgər bu səbəblərə görə o, vəzifələrini məxluqlar qarşısında poz­muşsa, onda o, alçaldılmağa və qınanmağa layiq sayılmır. Lakin onun səhvi və ya unutqanlığı insanların ölümünə və ya əmlakın məhvinə səbəb olduqda, o, məsuliyyət daşıyır, çünki insanın başqa insanların həyatına və ya əmlakına nə qərəzlə, nə səhvən və nə də unutqanlığı üzündən qəsd etmək haqqı yoxdur.



* Yəni, İbrahim (ə.) onları çağıranda tanıyıb yanına gəlsinlər. (F.S.)

Комментариев нет:

Отправить комментарий