суббота, 9 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 1-ci parça

Əbdürrəhman bin Nasir
əs-Səədi

MÜQƏDDƏS QURAN
TƏFSİRİ



SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov



I cild

BAKI - 2008
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com










Bu tərcüməni,
Müqəddəs Allah yoluna
dəvət vasitəsi kimi,
Onun dininə
həsr edirəm!

       FƏRAHİM
əs-Səədi, Əbdürrəhman ibn Nasir
        Müqəddəs Quranın Təfsiri, “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma”. 8 cilddə, I c. /Əbdürrəhman ibn Nasir əs-Səədi; rus dilin­dən Azərbaycan dilinə tərcümə edən: Fərahim Süleyman oğlu Qurbanov (Fərahim Sələfi).  2008. – 637 s.




Annotasiya:
      Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir.  Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir. 
       Bu, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklopedik təfsir kimi qəbul edilə bilər. Müəllif ayələri şərh edərkən, ilk növbədə,  Müqəddəs Qurana, sonra isə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) müddəalarına istinad etmişdir.






Əbdürrəhman ibn Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri” əsərinin
Azərbaycan dilinə tərcümə edilmiş birinci cildindən ibarət olan bu kitabın nəşr hüququ Azərbaycan Respublikasının müvafiq qanunları ilə mühafizə olunur. Onu yenidən istənilən formada nəşr etmək hüququ ancaq tərcüməçi Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!

Fərahim Süleyman oğlu
Qurbanov
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com
                 

İmzalanmışdır:
             03.03.08
Azərbayan Respublikası Dinin Qurumlarla İş üzrə Komitəsində qeydiyyatdan keçirilmişdir: Komitənin DK-66/Q saylı  07.07.08-ci il tarixli məktubu.


                              TƏRCÜMƏÇİNİN ÖN SÖZÜ

Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Hikmət­lərinin bən­zərsiz­liyi ağıllara qalib gələn, dəlillərinin ecaz­karlığı məfkurələri heyran qoyan, möhtəşəm sənə­ti­nin xarüqəladə özəllikləri inkarçı kafirlərə üzrxahlıq etməyə imkan yeri qoymayan, ayələri bəşəriy­yətə “Allahdan başqa heç bir tanrı yoxdur” müjdəsi verən Müqəddəs Allaha həmd olsun! O Allah ki, Onun Özünə bərabər ola bilən nə bir tayı, nə də Ona bənzəyə biləcək bir oxşarı və nə də Ona köməkçi ola biləcək şəriki var! Onun nə övladı, nə valideyni, nə zövcəsi, nə də misli var! O, hər şeyi qəhr edən ilahi gücü ilə müstəbidləri qəddini əyməyə Məcburedəndir! O, Əzəməti və Qüdrəti qar­şı­sında zalım və qəddar padşahların zəlil günə düş­düyü, heybəti qarşısında bütün fironların vahimə içində səcdəyə qapıldığı, xəlq etdiklərinin hamı­sının, öz istək­lərindən asılı olmayaraq Ona itaət etdikləri Tək Allah­dır! Əziz və Cəlil Allah bu barədə belə buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (Rəd, 13/15).
Uca Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük nemətlərindən biri Quran və onu Allahın Özünün mühafizə etməsidir. Allahın Peyğəmbəri Muhəmmədin (s.ə.s.) milləti üçün hazırladığı və onu şərəfləndirdiyi ən əhə­miyyətli fəzilətlərindən biri də Peyğəmbərə (s.ə.s.) nazil etdiyi Vəhyi – Quranı qoruması və himayəsi altına götürməsidir. Qüdrətli Allah Quranı müsəlmanların Pey­­ğəmbərinin (s.ə.s.) həqiqi peyğəmbər olmasına bir dəlil etmiş, ona (s.ə.s.) verdiyi üstünlüyü açıq şəkildə bildi­rərək, onu təkzib­olunmaz dəlilə çevirmişdir. Böyük Allah bu Quran ilə Öz Elçisini (s.ə.s.) yalançı və iftiraçılardan fərqləndirmiş və bunun sayəsində möminləri də inkarçı ka­fir­lərdən və müşriklərdən, Ona şərik qoşanlardan qabarıq şəkil­də ayır­mış­dır. Müdrik Allah Quranı nazil etmişdir ki, yer üzündə yaşayan bütün cinlər və insanlar bir yerə toplaşıb səy etsələr də, onun bənzərini, əsla yaza bilməzlər. Sonsuz Lütf Sahibi Allah Quranı möminlər üçün qa­ran­lıqları nurlandıran bir günəş, şüb­hələri yoxa çıxardan bir aydınlıq, az­ğınlığa aparan yollarda həqiqəti göstərən bir rəhbər, qurtuluşa və hidayət yoluna yönəldən bir bələdçi etmişdir. Həmçi­nin, Mərhəmətli Allah Özü­nün bir ayəsində belə buyurur: “Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlər­dən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16). Bəsi­rətli Allah heç vaxt yat­ma­yan gözləri ilə Quranı qoruyub gözləyir, onu dağıdıl­maz qalası ilə əhatə edir. Zamanın, qərinələrin keçməsi ilə o əsra­rən­giz qalanın sütunları möhkəmliyini itirməz, qüdrət əlamətləri yoxa çıxmaz. Allahın və Onun Elçisi­nin (s.ə.s.) ehkamlarına riayət edənlər heç vaxt doğru yoldan sapmazlar.
Müqəddəs Quran möminlərin mübahisəyə düş­dük­ləri anda ona sığındıqları, müsibətə uğradıqları vaxt­da içinə çəkilib qorunduqları isteh­kam, şeytanın vəsvəsəsinə qarşı müdafiə olunduqları qaladır. Şərəfli Quran möminlərin baş əydikləri yeganə hakim və müraciət etdikləri ən qəti hökmdür. Möminlər öz arzu­ları ilə Müqəddəs Qurana möhkəm sarılır və bu­nunla özlərini təhlükələrdən xilas etmiş olurlar.
Ey Allahım! Sən məni Quranın aydın və mütə­şa­beh, halal və haram, ümumi və xüsusi, yığcam və təfərrüatlı, nəsx və mənsux, asan və çətin ayələrinin təfsirini gözəl tərzdə ana dilimizə çevirməyə müvəffəq et və bu şəxsi təşəbbüsümü uğurla sona çatdırmağı mənə nəsib et! Allahın Son Elçisi və Peyğəmbəri Muhəmmədə, ailəsinə və səhabələrinə salat və salam olsun!
Ey Allahın qulları! Fövqəluca Allah sizə rəhm etsin! Bilin ki, öyrənil­məsi üçün səy göstərilməsinə layiq olan və mənimsənilməsi ilə məqsədə çatılan, əldə edilməsi ilə insana Allahın razılığını qazandıran şey Quran­dır. Onu oxuyan çoxlu xəzinələr əldə edər və böyük mükafatlara sahib olar. O, elə bir Kitabdır ki: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmiş­dir” (Fussi­lat, 41/42).
Möhtərəm oxucu!
Bu ön sözümdə sizə deyiləsi bir sıra düşüncələri­mi yığcam çat­dırmaq fikrindəyəm. İlk öncə görkəmli İslam alimi və mütəfəkkiri, Quranın yüksək istedada malik təfsirçisi Şeyx Əbdürrəhman əs-Səədinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməyə cəsarət göstərdiyim bu əsərinin, çevrilən dildəki bir sıra xüsusiyyətlərini nəzərinizə çatdırmaq yerinə düşərdi. Bunun səbəbi həmin əsəri ərəbcədən rus dilinə tərcümə etmiş mütərcim haqqında oxucu kütləsinə məlumat vermək və onun ərəb dilinə bələd olmayan müsəlmanlar üçün necə böyük və tərifəlayiq bir iş gördüyünü nəzərə çatdırmaqdır.
Fəlsəfə elmləri namizədi, ilahiyyatçı qardaşımız Elmir Rəfail oğlu Quliyev Şeyx Əbdür­rəhman əs-Səədinin bu əsərini rus dilinə çevirməzdən əvvəl, özünün qeyd etdiyi kimi, həmin dilə əvvəlcə Müqəddəs Quranı tərcümə etməli olmuş­dur. Bu gün rus dilində mövcud olan Quranın bütün məna tərcümə­ləri arasında həmyerlimizin çevirisini ən uğurlu və ən mükəmməl hesab etmək olar. Məhz belə bir Quran tərcüməsi hörmətli E. Quliyevə bu ecazkar təfsiri çevirməyə də geniş imkanlar yaratmış­dır.
Bu məşhur təfsirin Azərbaycan dilinə tərcümə edilməsi təsadüfdən deyil, zəruriyyətdən doğmuşdur. İyirminci əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı ilk dəfə olaraq müasir ana dilimizdə Uca Allahın Müqəddəs Quranı ilə böyük alimlərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevin sanballı tərcüməsi sayəsində tanış olublar. Sonrakı illərdə bu çeviri bir sıra təshihlərlə dəfələrlə nəşr olunaraq oxuculara təqdim edilmişdir. Daha sonra Müqəddəs Quranın bir sıra digər şəxslər tərəfindən edilmiş tərcümələri də nəşr olunmuşdur. Sevindirici haldır ki, son illərdə yüksək dini təhsil almış gənc islamşünaslar da bu çox mühüm bir sahədə Allahın dininə və xalqımıza öz çeviri töhfələrini verməyə təşəbbüs göstərirlər.
Məhz bu özəlliklər imkan verdi ki, dinimizin əsas Kitabının geniş və asanlaşdırılmış şərhini də müsəlman qardaş və bacılarımıza və İslam dəyərləri ilə maraqlanan digər insanlarımıza Azərbaycan dilində çatdıraq.
 Buna görə Şeyx Əbdürrəhman əs-Səədi­nin “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı Quran təfsiri olan sanballı çox­cildlik əsərini dilimizə tərcümə etmək mənə görə mümkün­ləş­mişdir. Təbii ki, çətinlikləri asanlaşdıran təkcə Allahdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Əziz və möhtərəm oxucu!
Müqəddəs Quranın təfsirini sizə Azərbaycan dilində tam anlaşıqlı şəkildə çatdır­masını, bizi uğur yoluna yönəltməsini və bu kitabı həm bu dünya­mız və həm də Axirətimiz üçün faydalı etməsini Müdrik və Qüdrətli Allahdan rica edirəm.
Uca Allahın qullarına bəxş etdiyi ən böyük ne­mət­lərindən biri də fikri ifadə və izah etmə qabiliyyə­ti­dir. Allahdan arzum budur ki, bu tər­cüməni gözəl və aydın oxunaqlı şəkildə insanlarımızla qovuşdurması üçün mənə kömək olsun.
Mərhəmətli Allah, öz fikrini düzgün ifadə etmək qabiliy­yəti baxı­mın­dan, qullarını bir-birindən fərqli yaratmışdır. Rəhman, bu barədə  belə buyurur: “...biri­nizi digərinizin fövqünə dərəcə - dərəcə qaldı­ran Odur...” (Ənam, 6/165). Vahhab Allahın möhtərəm şeyx Əbdürrahman əs-Səədiyə gözəl istedad və qabiliy­yət bəxş etməsi sayəsində görkəmli təfsir alimi Quranın bu şərhini son dərəcə aydın formada yazmışdır. Onu orijinaldan deyil, ikinci dildən tərcümə etmək böyük məsuliyyət və zəh­mət, mən deyərdim ki, cəsarət tələb edirdi. Bu keyfiyyətlərin az da olsa bir qismini mənə əta etməsi üçün Alim Allaha dönə-dönə dua etmiş və Onun lütfkarlığına bel bağlayaraq tərcüməyə böyük həvəslə başlamışam və qısa müddət ərzində əsərin ilk cild həcmində hissəsi Onun sayəsində ərsəyə gətirilmişdir.
İnsanı ucaldan Allah Müqəddəs Quranda güclü ifadə bəxş etdiyi şəxslərin dilsiz və acizlərdən üstün olduğunu bildirərək: “Onlar zinət iç­ində böyü­dü­­lən və çəkişmə zamanı aydın danışa bilməyənlərdir...” (Zuxruf, 43/18) deyə, sonuncuları səciyyələndirir. Əbdürrahman əs-Səədi məhz Allahın üstün tutduğu və yüksək qabiliyyət bəxş etdiyi insan­lar­dan­dır. Onun təfsirini böyük məharət və yüksək bacarıqla ərəbcədən rus di­linə tərcümə edən alim qardaşımız Elmir Quliyevin çevirisini Azərbaycan dilində ifadə edərkən kifayət qədər çətin­lik­lərlə və hələ dilçiliyimizdə sabitləşməmiş, dini ədə­biyyat istilah­ları­nın tam alışıl­mamış tərəfləri ilə rast­laşmalı oldum. Bunlar, əsasən, ilk növbədə Hərşeyiəhatəedən Allahın ad və sifətlərinin dilimizdə hamının başa düşə biləcəyi formada verilməsi ilə bağlı idi. Oxucuların diqqətindən, ehtimal ki, yayınmayacaq belə yeni söz və ifadələr, ola da bilsin ki, hamıya eyni təsiri bağışlama­yacaq və bəzən isə, lap qeyri-adi görünəcək. Lakin tərcü­məçinin ana dilinə ilk dəfə çevrilən bu cür monu­mental əsər­lərdə yeni sözlər işlətməyə məcbur ol­ması, məncə, təbii bir haldır, elmi-təcrübi baxımdan özünü müəyyən dərə­cədə doğruldur. Yeni termin və istilahlar süni söz quruculu­ğu metodu ilə deyil, Allahın ərəb dilində Onun Özü tərəfindən bəyan edilən kəlamların­dan irəli gələn və Azərbaycan dilinə gətirilməsi vacib olan tələbat­dan doğmuşdur. Bu ön sözümdə də həmin nadir ifadə­lər­dən işlədil­mişdir. Bun­dan başqa, öncədən qeyd etdiyim kimi, şeyx Əbdürrahman əs-Səədi­nin bu təfsirinin tərcüməsinin gerçəkləşdirilməsi bir sıra obyektiv səbəb­lərlə əlaqədar­ idi. Belə ki, bu əsərin Azərbaycan dilinə tərcüməsi, onun əsasını təşkil edən Quranın özünün ana dilimizə edilən tərcüməsi ilə bilavasitə bağlıydı və Təfsiri çevir­mək üçün, ilk növbədə, qarşımızda Quranın dilimizdə möv­cud olan tərcüməsinin onun fundamental prinsip­ləri ilə üst-üstə düşməsi problemi dayanırdı. Fərqlərin dərinliyinə varma­dan, demək yerinə düşür ki, ərəbcədən Azərbaycan dilinə həya­ta keçir­ilən həm əvvəlki Quran tərcümələrində bir sıra təshihlərin edilməsi və həm də yeni nəşrlərin və tərcümələrin işıq üzü görməsi və həm də bəzi hallarda mənim, Allahın rizası ilə, E. Quliyevin rus dilinə tərcümə etdiyi “Müqəddəs Qurandan” («Священный Коран», Mədinə nəşri, Səudiyyə Ərəbistanı Krallığı, 1423-cü hicri ili) iqtibasları sərbəst çevir­məyim bəzi çətin­liklərin aradan qalxma­sını şərtləndirdi və Təfsiri tərcümə etməyimə yol açdı. Allah Hərşeyibiləndir, Onun icazəsi olmadan heç nə baş vermir. Gerçəkləşən hər şey Onun hökmünə əsaslanır.
Təfsirin rus dilindəki mətnindən (А.Саади, «Толкование священ­ного Корана», М. «Умма», 2 cilddə, 2006) etdiyim tərcümə, onun quruluşu­nun və məzmununun tamlığı baxımından, heç bir dəyişikliyə uğradıl­mamış, ixtisar edilmə­miş və əsas mətn olduğu kimi çevrilmişdir. Müqayisəli şəkildə oxunduqda rus və Azərbaycan dilin­dəki mətnləri hətta cüm­lə-cümlə tutuşdurmaq da müm­kündür. Tərcümənin gedişində paralel olaraq Türkiyədə türk dilində nəşr olunmuş “Səədi Təfsiri” əsərindən (Abdurrahman b. Nasir es-Sadi, “Tefsirus-Sadi”, Quraba, 2006, 5 cilddə) də istifadə edilmişdir. Bu xüsusiyyətlər orijinalın tərcümə edilmiş dildə asan anlaşılmasını təmin edən özəllik­lər­dəndir. Digər bir səciyyəvi hal kimi, (bunu çox əhəmiyyətli hesab edirəm) Təfsirin rus dilinə çevrilməsi zamanı İslam dininə xas olan və bütün İslam və qərb ölkələrində demək olaraq ki, eynilə (tərcümə edilmə­dən) istifadə edilən bir sıra ərəb ibarələrinin, rus dilindəki çeviridə sərbəst qarşılığı verildiyi halda, mən onları dilimizdəki qədim ənənəvi formalarında işlətmə­yi məqsədəuy­ğun saymı­şam.
Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, Təfsirin rus dilindəki mətni çevrilərkən türk mət­nindən də lazımınca yararlanmışam ki, bu da əsərin orijinalına yaxınlığı daha da artırmışdır. Tərcümə etdiyim rus dilindəki mətndə termino­logiya ilə bağlı bir sıra digər özəlliklər mövcud idi ki, mən Allahın yardımı ilə onları, qeyd etdiyim kimi, öz üslubuma müvafiq olaraq artıq gerçəkləşdirmi­şəm.
Sonuncu qeydim Təfsirdə Müqəddəs Allahın adlarının yazılışı ilə əlaqədardır. Əzəmətli və Müdrik Allahın adı şəxs əvəzlikləri ilə ifadə olunduqda böyük hərflərlə yazılır. İslam Peyğəmbərinin (s.ə.s.) “Allahın Elçisi” adı və yazılışda ancaq Allahın son elçisinin nəzərdə tutulduğu şərəfli “Peyğəmbər” adı da böyük hərflə yazılır. Lakin Muhəmməd Peyğəmbərin adının (s.ə.s.) şəxs əvəzlikləri ilə ifadə olunması böyük hərflərlə işarə edilmir. Bunun nəzərə çatdırılmasının səbəbi şəxs əvəzliklərindən öncəki çevir­mələrdə geniş istifadə edilməsidir ki, onlara bu tərcüməmdə aydınlıq gətirməyi vacib saydım.
Lətif Allahdan bu çevirimi Öz xatiri və qullarına ­onların xeyri üçün sevdir­məsini arzu edirəm!

FƏRAHİM SÜLEYMAN OĞLU
                                                                                               QURBANOV
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com

17.11. 2007
Bakı şəhəri



TƏQDİMAT

Həmd əməlləri və sözləri ilə təriflənməyə yeganə layiq olan Allaha məx­susdur. O, Uca Sözünü belə təsvir edir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 17/82). “Ey insanlar! Rəbbi­niz­­dən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şə­fa, möminlərə doğru yol gös­tə­rən rəhbər və mər­hə­mət gəlmişdir” (Yunus, 10/57). Ən böyük mö­cü­zəsi Quran olan Allahın Elçisi Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Şübhəsiz ki, Müdrik və Fövqəluca Rəbbin Sözü qulları üçün tam mənada sağlamlaşma və mərhəmətdir. Bu mərhə­mətdən və sağlamlıqdan ancaq ziyana uğramış zalımlar məhrum edilirlər. Quran tarix səhnəsinə nazil edildikdən bu günədək mərhəmət və sağlamlıq diləyən­lər ona doğru can atmış, onu anlamaq və ondakı hökmləri həyata keçirmək üçün mübarizə aparmışlar. Bu müba­rək yolda zəfər çalanların ilk cərgəsində Quranın onların zamanında vəhy edildiyi Elçiyə (ona Allahın salavatı və salamı olsun) şahidlik edən nəslin nümayəndələridir. Sonradan gə­lən nəsillər də Quranı başa düşməkdə və Onun hökm və tələblərinin həyata keçirilmə­sində əhəmiyyətli dərəcədə təşəbbüs gös­­tər­miş və səylə çalışmışlar. Bu­nunla yanaşı, tarix, Quranın anlaşılması­nın və həyata keçirilməsinin şahidi olduğu kimi, həm də onun təhrif və inkar edilməsinə cəhdin şahidi olmuşdur. Məhz bu özəlliklərlə Sünnə və camaat əhli Quranın və onun təfsirlərinin dəyərləndirilməsində digər bidətçi və uydurmaçılardan məl­um cizgiləri ilə fərqlən­mişdir. Sünnə tərəfdarlarının qabaqcıl imamları bu sahədə olduqca əhəmiyyətli əsərlər yaratmışlar. İbn Əbi Hatimin, imam Təbərinin, imam Bəğəvinin, Hafiz İbn Kəsirin təfsir­ləri bunların ancaq bir-neçəsidir. Yaxın dövrün Peyğəmbər Sünnəsinə mənsub alimlərin­dən bəzi­lə­ri, yuxarıda adları­nı qeyd etdiyi­miz imamların təfsir­lə­rinin xülasə­sini vermə­yə, bəziləri isə, insanların çağdaş zamana uyğun tələbatlarını nəzərə alaraq, yeni təfsirlər qələmə almışdılar. Bu yaxın zamanın alimlə­rin­dən biri və, bəlkə də, dövrün ən böyük müsəlman alimi şeyx Əbdürrəhman b. Nasir əs-Səədidir (Allah ona rəhmət etsin). Şeyx əs-Səədi elminin genişliyi, şəriət hüquqi (fiqh) sahəsindəki dərinliyi, Quran elmlə­rindəki istedadı, biliyi, zahidliyi, təqvası sayəsin­də necə məşhurlaşmış­dısa, təfsir sahəsində də bir sıra görkəmli əsərləri ilə məşhurlaşmışdır.
Elm sahəsinə mənsub olan müasirləri və özün­dən sonra gələnlər Quran təfsiri və digər Quran elmləri ilə bağlı yazdığı əsərlərinə görə onu alqışlamışlar. Hətta elm xadim­lə­rinin onun barəsində tərifləri o dərəcəyə çatmışdı ki, naşirlər xalqın istəyinə cavab vermək məq­sədilə bir-birinin ardıyca Şeyx əs-Səədinin təfsiri­nin nəşrinə, sanki bir-biri ilə yarışaraq, təşəbbüs göstərirdilər. Elm aləminə məxsus olan hər yerdə, bir çox İslam ölkələ­rində Şeyxin təfsiri milyon nüsxələrlə çap edilib yayılmışdır. Sonra digər dillərə də tərcümə edilmişdir.
İndi də Allahın xalqımıza mərhəməti sayəsində bu qiymətli əsərin Azərbaycan dilində nəşr edilməsi ilk dəfə bizə nəsib olmuşdur. Digər ölkələrdə olduğu kimi, Allahdan bizim ölkəmizdə də İslamın əsaslarını şərh edən bu kitabı insanlara qəbul etdirməsini, sevdirib oxutdurmasını və ona uğur qismət etməsini diləyirik.
Elm aləmində çox təriflənən bu qiymətli təfsiri bir çox digər təfsirlərdən fərqləndirən cəhət, onun bir sıra özü­nəməxsus məziyyətlərinin olmasıdır. Bu xüsu­siyyətlərin bə­zi­ləri əsərin müxtəlif nəşrlərinə alimlər tərəfindən yazılmış müqəddimələrində göstəril­mişdir. Bunlardan bəzilə­rini tərcüməçi Fərahim Süleyman­oğlu Azərbaycan dilinə tərcümə etdiyi bu əsərə əlavə etmişdir. Xülasə halında deyə bilərik ki, bu təfsirin aşağı­dakı özəl xüsusiy­yətləri onu digər təfsirlərdən fərqləndirir:
Şeyx əs-Səədi təfsirində Quranın nazil edilməsi məqsədilə əlaqəsi olmayan lazımsız söz təhlillərinə, şəriət hüququ üzrə mübahisəli məsə­lələrə və fəlsəfəçi­liyə yol verilməmişdir;
əlinizdəki Təfsir bir sıra təfsirlərin xilas ola bilmə­diyi İsrail əfsanə­lərindən nümunələr əxz etməmiş­dir;
o, nə oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi tam çatdıra bilməyəcək dərəcədə qısa deyildir;
təfsir bir çox elmi, əxlaqi və tərbiyə səciyyəsi daşıyan faydalara malikdir;
bu Təfsirdə Şeyx əs-Səədi xüsusilə peyğəm­bərlərin Quran hekayət­lərindən çox əhəmiyyətli, hik­mətli və həyatda rəhbər tutulması vacib olan nəticələr çıxarmışdır;
hər şeydən daha əhəmiyyətli olan odur ki, bu Təfsir, bidətə və fəl­səfəçiliyə aludə olmuş kəlamçıların hər cür pozğun təhriflərindən uzaqdır.
Şeyx əs-Səədi (Allah ona rəhmət etsin) uluhiyyət tövhidi, rubu­biy­yət və sifət tövhidi üzrə və bütün digər əqidə məsələlərində Peyğəmbəri­mizin (ona Allahın salavatı və salamı olsun) kəramətli  Sünnəsinə sadiq olan yaxın zaman alimlərindən biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi haqqında istinad edilməsinə layiq və lazım olan bir əsərdir.
Daha sonra, tərcüməçi bu əsərə rus mətnində olmayan, lakin Türkiyədə “Tefsirus-Sadi” adı altında nəşr etdiyi beşcildlik əs-Səədi əsə­rinə yazılmış rəy və təqdimatları da əlavə etmişdir. Rəy və təqdimatlar İslam dünyasında tanınmış görkəmli alimlərin və şəxsiyyətlərin qələmin­dən çıxmışdır. Rəyçilər arasında Şeyx Muhəmməd b. Saleh əl-Useymin və başqaları vardır.
Hörmətli oxucularımıza bir neçə söz də tərcüməçi qardaşımız Fərahim Süleymanoğlu Sələfi Qurbanov haqqında bildirim. O, son illərdə türk və rus dillərindən ana dilimizə bir sıra çox əhəmiyyətli əsərlər tərcümə etmişdir. Onların əksəriyyəti Quran və İslam əqidəsi mövzularına həsr edilmiş ərəb islam alimlərinin kitablarıdır. Onların arasında prof. Məhəmməd Cəmil Zeynunun “Quranı necə anlamalı” (türk dilindən), prof. Məhəmməd Xumeyyisin “Təhavi əqidəsinin asanlaşdırılmış şərhi” (türk dilindən), Məhəmməd əl-Münəccidin “İnsanların əhəmiyyət vermə­diyi haramlar” (türk dilindən), Əhməd Fəridin, “Bilməməzliyin üzrlü ol­ması və bidətçi təkfirçilərin tənqidi” (türk dilindən), Vahid Əbdussalam Balinin “İnsanın cin və şeytanlardan qorunması” (rus dilindən), İmam Buxari, “1001 hədis” (türk dilindən), “Namaz” (Buxari Səhihindən, rus dilindən) və bir çox başqa tərcümələri göstərmək olar. Kifayət qədər ma­raqlı həyat yolu keçmiş Fərahim müəllim Allahın yoluna, Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və onun səhabə­lə­rinin əqidəsinə sadiq olan və xalqını sevən sadə bir insan və qiymətli tər­cümə əsərləri ilə Allahın savabını qazanmağa səy göstərənlərdən biridir. 
Fövqəluca Allahdan İslam dünyasında məşhur olan bu qiymətli kitabı müəllifi, tərcü­mə­çisi, ixtisas mütəxəsssisləri, redaktorları, naşirləri və onun Azərbaycan di­lində işıq üzü görməsi üçün zəhmət çək­miş və öz imkanlarını əsirgəməmiş bütün də­yərli insanlar üçün mərhəmət vasitəsi etməsini diləyi­rik.







Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI

Həmd təkcə Allaha məxsusdur. Peyğəmbəri­miz Muhəmmədə, ailə­sinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardıyca ge­dən­lərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyət­lərinə görə Quran təfsir­lə­rinin ən yaxşıların­dan biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifa­də­­lərdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadıl­ma­lardan və əlavələrdən çəkinil­mişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı zid­diyyətlər­dən başqa, digər ixtilaflı məsələlərə toxunul­ma­mışdır. Kitabın bu xüsusiyyəti oxucu­nun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə zid­diyyət təşkil edən təhrif və yozmalardan qaçınaraq, sələfin yoluna əsaslanılmışdır;
ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsin­dəki Davud (ə) və Süleyman (ə.) heka­yətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha bariz şəkil­də özünü göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolu­nu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz dön­dər”[1] ayəsinin təfsirində aydın görünür.
Məhz bu özəlliklərinə görə, Quranın təfsiri kitabını almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Uca Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Çoxsəxavətli və bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onla­rın ardıyca gedənlərə salavat və salam olsun!

Muhəmməd əs-Saleh əl-Useymin
15 ramazan 1416-cı hicri ili    


Abdullah b. Əbdüləziz b. Aqil əl-Aqilin
MÜQƏDDİMƏSİ

Bismilləhirrəhmanirrəhim!
Həmd Allah məxsusdur!
Sonra, Şeyx Səd b. Fəvvaz əs-Sumeyl yanıma gələ­rək, böyük alim, şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədi­nin (Allah ona rəhmət etsin) Təfsi­rindən bəzi nümunələr gətirdi.
Bu əsərin təshih edilmiş əlyazmasını əldə etdik­dən sonra, onu yeni­dən nəşr etdirmək istəyini bildirdi.
Əsərin orijinalını tədqiq edib ən düzgün, müəl­lifin yazdığı xüsu­siyyətləri aşkar etməyi, hədislərin nömrəsi və ilk rəvayətçilərinin üzə çıxarılmasını da nəzərə alaraq, nöq­sanlı ola biləcək halları və həm də daha əvvəl­ki nəşrlərdə gözdən qaçmış çatışmazlıqları aradan qaldıraca­ğı­na söz verdi.
 Mən də bu mübarək təşəbbüsünə görə ona təşək­kü­rümü bildirib uğur qazanması üçün dua etdim.
Şübhəsiz ki, Uca Allah bu təfsirin müsəlman­lar tərə­findən qəbu­lunu təmin etmişdir.
Bu təfsir Ərəbistanın Müqəddəs Quran radiosu ilə hər gün iki dəfə yayımlanır, məscidlərdə camaata oxunur və alimlərin elmi silsilələrində tədris edilir. Bu təfsir dəfələrlə nəşr edilməsinə baxma­yaraq, təəssüflə qeyd etmək lazımdır ki, xətalardan və tədqiqatçıların artırmalarından xilas olma­mışdır.
Bu kitab təfsirlərin ən faydalısı və ifadələrinin asan­lığı ilə, ən yaxşı başa düşülənidir.
Bu təfsir aydın mənalarla ifadə edilmiş, anlaşıl­ması çətinlikdən və İsrail əfsanələrindən uzaq, düzgün danışmaq və həqiqəti söyləmək baxı­mından müşkül olana toxunmayan və ixtilaflardan bəhs etməyən bir kitabdır. Bu kitabın göstə­rilənlərdən daha əhəmiyyətli olan bir xüsusiyyəti də, onun sifət ayələrini sələfin metodu əsasında, yozumdan uzaq formada şərh etmə­sidir. Bütün bunlara, bəhs edilən çıxarıl­mış nəticə­lərə və digər mənbələrə müraciət edilmə­dən, ayədə olan faydaların yerindəcə xatırlan­ması, növbəti bir özəllik kimi ayrıca olaraq əlavə edilir.
Bu əsərin gözəl əxlaqdan, Peyğəmbərin (s.ə.s.) şəriət qaydalarından xəbər verməsi özü-özlüyündə qənaətbəxş bir məsələdir. Bütün bunlar asan və aydın sözlərlə ifadə edilmişdir. Bu kitab hər kəsin anlaya biləcəyi bir səviyyədə olduğuna görə elm öyrənmək istəyənlərin istifadə edəcəyi bir mənbədir. Şübhəsiz ki, bu, yaradılması çətin, başa düşülməsi isə asan olan bir kitabdır. Uzun zaman idi ki, bu kitabın tərcümə edilməsini, xüsusilə də ingilis dilinə çevrilməsini arzu edirdim və buna görə Allaha dua etdim. Ümid etmək olar ki, Allah bu kitabı oralarda faydalı edər.
Bu əsər İslam dini ilə tanışlığın çox təsirli bir vasitəsidir.
Müvəffəqiyyət Allahdandır!

                        Abdullah b. Əbdüləziz əl-Aqil



Şeyx Bəkir b. Abdullah Əbu Zeydin
MÜQƏDDİMƏSİ

Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbər­lərin sonuncusuna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdi­matdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüş­mək istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin[2] (Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşi­dirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsu­siyyətlərinə görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özün­də əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbə­lə­rin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran; 
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinə­də olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiy­yətinin çap etdiyi nüsxəsi­nin son araşdırmalarını apar­dığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kita­bını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəmə­si idi.
Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bi­zə nazil ola­na...iman gətirdik...” (136-cı) ayəsi[3] və “Ma­idə”surəsində keçən dəs­tə­­mazla bağlı 6-cı ayə[4] dediyi­mi­zə ən gözəl nümunədir.
Xüsusilə peyğəmbərlər haqqında hekayətlə­rin sonunda qiymətli və faydalı nəticələr çıxarmış­dır... Əhzab surəsinin bir ayəsində[5] bu incə və lətif mövzuya belə toxu­nul­muşdur: “Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);
Din qardaşlığını və İslam bağını atıb millətçi­lik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcü­meyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən olan Siddiqə kitabxa­nasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağ­lılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:
“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:
“Lədunni elminə[6] gəlincə, şübhəsiz ki, Uca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlanmadığı şeylərdən təmizlən­mələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqala­rının qəlblərini açmadığı bir tərzdə açar.
Bu isə, Əlinin (Allah ondan razı olsun) de­diyi: “...Allahın Kitabı barədə quluna verdiyi anla­yış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl edən insana, Uca Allah bilmədiyi­nin elmini də verir”.
Quranda bu məsələyə bir çox ayələrdə toxunul­muş­dur. Belə ki, Allah buyurur:
“...Əgər onlar özlərinə verilən öyüd - nəsihətlərə əməl etsəy­dilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı ...və onları doğru yola yönəldər­dik” (Nisa, 4/66,68).
Ayrıca olaraq Uca Allah Onun əmrlərini yerinə yeti­rənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:
“Allah Onun razılığını axtaran şəxsləri bu Kitab­la əmin-aman­lıq yollarına yönəldir, onları Öz izni ilə zül­mətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).
“...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).
“...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”[7]
Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdür­rəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quran­la rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx Səədidə də bu şərtin olmuş oldu­ğuna inanıram və həqi­qətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətin­dəndir.
Allah ona əvəzini versin!
Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahibləri­nin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Uca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alim­lər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən də, Uca Allah bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Kitabın bəzi nəşrləri:
1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki çatışmazlıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından sonra tamamlanmışdir.
O zamanın mətbəə və nəşriyyat şərtləri çərçi­vəsində bu nəşrdə bəzi kəlmələr və cümlələr çıxa­rılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səədiyyə çapı. Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korlamışdır. Onun ardıyca tələ­bəsi yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid etmişdir.
3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha sonra düzəlişlər verilərək Nəccarın əla­vələ­rindən təmiz­lənmiş nəşrlər çap edilməyə başlandı.
5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdurularaq, başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.
Bacarıq Allahdandır!
                                                            

 Şeyx Bəkir b. Abdullah Əbu Zeyd

8 şəvval 1421-ci hicri ili
                                                       



[1] Əraf, 7/199. (F.S.)
[2] Hicri 1376-cl ildə vəfat etmişdir. F.S.
[3] Ayənin şərhi: “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir. Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.
[4] Bu ayənin şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.
[5] Şeyx Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.
[6] Qeybə aid elmlərdən biridir. Tərc. F.S.
[7] Burada İbn Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.

4 комментария:

  1. Bu gündən başlayaraq mən Quran Təfsiri adlı bloqumda Allahın köməyi ilə, inşallah, Əbdürrəhman bin Nasir əs-Səədinin təfsirini bütövlükdə hissə-hissə, imkan yarandıqca nəşr etməyə başlayacağam ki, azərbaycandilli bütün oxucularım onu dünyanın istənilən ölkəsində mütaliə edə bilsinlər.
    Fövqəluca Allah hidayət verdiyi və verəcəyi kəslərə bu Təfsiri oxumağı nəsib etsin!

    ОтветитьУдалить
  2. Oxuculardan bir xahişim var: yazının şriftlərinin yaxşı mənimsənilməsi üçün brauzerinizin sağ üst küncündəki qaykaaçan alətdə "Zoom" (böyütmə-kiçiltmə) vasitəsindən istifadə edin.

    ОтветитьУдалить
  3. Qardaş, Allah səndən razı olsun! Allah səni bu Ramadan ayında bağılanılanlardan etsin!

    ОтветитьУдалить
  4. Qardash Abu Aburrahman Mikail!
    Etdiyin duaya görə Fövqəluca Allah səndən razi olsun!
    Bu Təfsiri oxuyub, onu oxumagin vacibliyi haqqinda digər qardash və bacilara da məsləhət edin!

    http://qurantefsiri.blogspot.com/2011/07/sdi-quran-tfsiri-i-c-1-c-parca.html

    ОтветитьУдалить