суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 9-cu parça


ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ   ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ   ﮓ  ﮔﮕ  ﮖ  ﮗ  ﮘ   ﮙ         ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ   ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ   ﮩ  ﮪ

(7.161) “(Ey Elçim!) Yadına sal ki, o zaman onlara (yəhu­dilərə) belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədi­yi­niz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapı­sın­dan) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görən­lərin mükafatını artıracağıq!”
(7.162) “Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyiş­di­rib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik”.

İsraillilər Qüdsə yaxınlaşdıqda onlara şəhərə daxil olub orada məskunlaşmaq tapşırıldı. Orada çoxsaylı meyvə ağacları və kolluqlar boy atmışdı və Fövqəluca Allah onlara imkan verdi ki, istədikləri yerdə meyvələrdən yesinlər. Qüdsdə həyatın rahat və ehtiyac duyulmadan keçəcəyi vəd edilirdi.
Onlara tapşırılmışdı ki, nazil etdiyi nemətlərə minnətdarlıq əlaməti kimi şəhərə Allahın qüdrəti qarşısında itaətkarcasına, müti olaraq girsinlər. Allah onlara əmr etmişdi ki, özlərini dinc və sakit aparsınlar, bağışlanmaları haqqında dua etsinlər və onlara günah­larını bağışlayacağını və onları həm bu dünyada və həm də ölümdən sonra mükafatlandıracağını vəd etmişdi.
Lakin israillilər Rəbbin əmrini yerinə yetirməyib, Ona qulaq asmadılar. Onlar Ona elə bir saymamazlıqla yanaşdılar ki, bağışlanma duası olan “xitta” əvəzinə, “xinta” dedilər ki, bu da “bir arpa giləsi” deməkdir. Onlar sadə və mürəkkəb olmayan bir sözü təhrif etdilər. Hələ bir bununla da qane olmayaraq, onlar şəhərə yanları üzərində oturduqları halda hərəkət edərək[1] girdilər və elə bu zaman onları göydən gələn sərt cəza haqladı. Bu – taun xəstəliyi və ya hər hansı təbii fəlakət ola bilərdi. Allah onlara zalımlıq etmədi – öz əməlləri ilə layiq olduqlarının əzabını daddılar.

ﮫﮬ ﮭﮮ                              ﯟﯠ     ﯣﯤﯥﯦ ﯧ    ﯨﯩ

 (7.163) “(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik”.

İsrail oğullarından dəniz sahilində olan kənd haqqında soruş. Onun sakinləri hədlərini aşmışdılar və Allahın cəzasına layiq idilər. O, onlara şənbə gününü əziz tutmağı əmr etmiş və həmin gün balıq ovuna çıxmağı yasaqlamışdı. Bununla yanaşı O, onları sınağa çəkmiş və tamaha salmışdı: şənbə günləri külli miqdarda balıq suyun üstündə üzür və həftənin qalan günlərində tora gəlmirdilər.
Allah onları beləcə azdırırdı, çünki onlar fasiq idilər. Amma onlar dinin hökmlə­rinə itaətsizlik etməsəydilər, onda Allah onlara xoş gün bəxş edər və onları imtahana çəkməz və bədbəxtliklərə düçar etməzdi. Həmin kəndin sakinləri böyük balıq torunu və balıqçıların torlarını dənizdə şənbə gününədək qururdular və balıqlar onların toruna düşürdü. Sakinlər şənbə günü tora düşən balıqları tordan götürməyib, bazar gününü gözləyirdilər. Bu hərəkət həmin kəndin sakinləri arasında geniş yayılmışdı və onlar üç qrupa bölünmüşdülər.

               ﭗﭘ              ﭞﭟ               

 (7.164) “Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verir­siniz?” – dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: “(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!” – dedilər”.

İnsanların əksəriyyəti hökmləri kobudcasına pozardılar və bu barədə ucadan hamıya danışardılar. Onlardan bəziləri açıqca­sına bildirirdilər ki, belə etmək haramdır və itaətsizlik göstərənləri qınamağa başlamışdılar. Qalanları isə günahkarları məzəmmət etmir və şənbə günü balıq ovunun haram olması haqqında aşkarda danışmırdılar. Onlar deyirdilər: “Allahın qadağalarını açıqcasına pozanlara, xeyirxah nəsihət verənlərə qulaq asmayanlara, azğınlıq­larında davam edənlərə və cinayət törədənlərə nəsihət vermək faydasızdır. Allah belə günahkarları ya məhv edəcək, ya da onları sərt cəzaya məhkum edəcəkdir”.
Onlara nəsihət verən iman sahibləri deyirdilər: “Biz onları cəzalandırıla­caqla­rından xəbərdar edir və Rəbbimizin qarşısında bəraət qazanmaları üçün günahdan əl çəkməyə çağırırıq. Ola bilsin ki, onlar günahlarından əl çəksinlər. Biz onların düz yola gələcək­lərinə ümidimizi kəsmirik. Bizim təbliğatımız və məzəmmətlərimiz onlara təsirə göstərə və fayda verə bilər”.
Bu ayədə günahlardan əl çəkməyə çağırışın böyük fayda gətirməsindən bəhs edilir. Birincisi, möminlər fasiqlərə görə məsu­liyyəti öz üzərlərindən götürürlər. İkincisi, öyüd-nəsihət verilən insanlar həqiqəti öyrənirlər və öz cahilliklərinə görə bəraət qazana biləcəkləri imkanından məhrum olurlar. Üçüncüsü, Qüdrətli Allah onları doğru yola yönəldə bilər və onda onlar dəvət etdiyimizdən və nədən xəbərdar etdiyimizdən yararlana bilərlər.
  
                                                 

(7.165) “Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik”.

Öyüd-nəsihətlərə etinasızlıq göstərərək, onlar Allahın qanunlarını pozmaqda davam edirdilər və elə o məqamda onları sərt bir cəza haqladı, halbuki Allah bütün zamanlarda Öz qullarından yaxşılıq etməyə çağıranları və pislikləri qınayanları belə cəzadan xilas edərdi. Təbliğatçılara: “Allahın onsuz da amansız cəzaya düçar edəcəyi kimsələrə öyüd-nəsihət verməyə dəyməz” – deyən insanların üçüncü qrupuna gəldikdə isə Quran təfsirçiləri onların taleyi barədə müxtəlif rəy söyləyirdilər.
Bəziləri belə hesab edirdi ki, onlar məhv edilmişdilər, digər­ləri isə onların xilas olduqlarını söyləyirdilər. Ayələrin aydın mənasından məlum olur ki, onlar xilas edilmişlər, çünki Allah təkcə zalımların məhv edildiyini xüsusilə vurğulayır. Eyni zamanda, Allah deməmişdi ki, bu üçüncü qrup insanlar zalımlara aid idilər. Buradan aydın olur ki, ancaq şənbə qadağasını pozan günahkarlar məhv edilmişdi.
Bəyənilən işlər görməyə və bəyənilməyəndən çəkinməyə çağırış elə bir vacib hökmdür ki, onun yerinə yetirilməsi dini icma nümayəndələrinin hamısına şamil edilmir. Onu möminlərin ancaq bir hissəsi yerinə yetirdikdə, digərləri həmin vəzifədən azad edilirlər. Mömin israillilər, onların bir qisminin günahkarları qına­ma­sından razı qalmış­dılar. Üçüncü qrupun qınamasına gəldikdə isə, bu qınaq onların aşağıdakı sözləri ilə ifadə edilmişdi: “...“Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?...” (Əraf, 7/164). Onlar günah­karların əməllərinə qarşı öz nifrətamiz narazılıqlarını bildirmişdilər və bəyan etmişdilər ki, Allah günahkarları ən dəhşətli cəzaya məhkum edə bilər.



ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ

 (7.166) “Qadağan olunduqları işə (balıq ovuna) saymaz­yana münasibət bəslədikləri vaxt onlara: “Həqir (zəlil) meymun­lar olun!” – deyə əmr etdik”.

Fasiqlər əməllərindən dönmədilər: onlar Allaha itaət etmək­dən və nəsihətlərə qulaq asmaqdan boyun qaçırdılar. Belə olduqda, Qüdrətli Allah Öz ilahi qədərinə uyğun olaraq, onları mənfur meymunlara çevirdi və Öz mərhəmətindən uzaqlaşdırdı.

                       ﮑﮒ        ﮖﮗ        

 (7.167) “(Ey Elçim!) O zaman Rəbbin onlara (yəhudilərə) Qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcə­yini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) Bağışlayandır, Rəhmedəndir!”

Fövqəluca Allah xəbər verir ki, bundan əvvəlki ayədə xatır­lanan cəzaya məruz qalmayan İsrailin zalım oğullarını alçaldılma və rüsvayçılıq həmişə izləyəcəkdir. Allah itaətindən çıxanları tez cəzalandırandır və onları hələ bu dünyada yaşadıqları halda aman­sız cəzaya məruz qoya bilər. Amma bununla yanaşı O, tövbə edib düz yola qayıdanlara Lütfkarlıqgöstərəndir. O, belə qullarının günahlarını bağışlayır və onların nöqsanlarını ört-basdır edir. O, onları Öz Böyük Mərhəməti sayəsində himayəsinə götürür, onların xeyirxah əməllərini qəbul edir və onlara cürbəcür mükafatlar verir.
Allah Öz vədini yerinə yetirmişdir və buna görə də fasiq israillilər həmişə alçaldılmış və təhqir edilmiş halda qalırlar. Onlar başqa xalqlardan asılıdırlar və heç vaxt ayaq üstə qalxa bil­məyəcəklər.

        ﮟﮠ           ﮥﮦ            

(7.168) “(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parça­ladıq. İçəri­lərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dön­sünlər”.

İsrail oğulları vahid bir xalq idi, lakin Qüdrətli Allah onları yer üzərinə yaydı və dağınıq icmalara çevirdi. Onların arasında Allahın qarşısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirən əməlisaleh insanlar da var. Amma onların arasında elələri də var ki, onları əməli saleh olan adlandırmaq olmaz. Onlardan bəziləri öz vəzifələrini sadəcə yerinə yetirərək, bəzən günaha yol verirlər, bəziləri isə özlərinə qarşı zalımlıq edirlər. Allah isə fasilə vermədən onları xeyir və şərlə sınayır. Uca Rəbb bütün xalqlarla belə rəftar edir ki, onlar öz naqis xasiyyətlərindən əl çəksinlər və xəlq edilmələrinin məqsədi olan doğru yola gəlsinlər. Bütün bu deyilənlərdən aydın olur ki, İsrail oğulları arasında həmişə mömin­lər də, günahkarlar da və sadə iman sahibləri də olacaq.

                                     ﯟﯠ                               ﯯﯰ            ﯵﯶ      ﯹ ﯺ           ﯿ             

 (7.169) “Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışla­na­cağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrən­miş­dilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
(7.170) “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”

Qədim israillilərin ardınca onların Kitaba varis çıxmış nəsilləri dünyaya gəldilər. Onlar onu mühafizə edənlər oldular və onun əsasında istədikləri kimi sərəncam verməyə başladılar. Onların ədalətsiz qərarlar qəbul etməsi və ədalətsiz hökm çıxar­ması üçün insanlar onlara haqq ödəyirdilər. Onların arasında rüşvətxorluq yayıldı, onlar dəyərsiz dünyəvi nemətlərə bağlanmış­dılar, öz günahlarını dərk edirdilər, özlərini günahkar sayırdılar, amma Allahın bağışlayacağına ümid bəsləyirdilər. Lakin onların ümidləri haqdan sonsuzluğa qədər uzaq idi, çünki onların işlət­dikləri sözləri bağışlanmaq barədə dua adlandırmaq olmazdı. Əgər bu belə olmasaydı, onda onlar törətdikləri barədə təəssüf­lənər və belə günah əməlləri bir daha təkrarlamayacaqlarını qəti olaraq düşü­nərdilər. Amma qarşılarında dünyəvi nemətdən bir də yapış­maq və növbəti rüşvəti almaq imkanı yarandıqda, onlar hökmən onu edirdilər.
Onlar Allahın ayələrini ucuz qiymətə satır və yaxşını pislə əvəz edirdilər. Sanki onları belə davranışlarına görə qınayaraq və onların qanacaqsızlığını izah edərək, Uca Rəbb buyurur: “Məgər onlarla Allah haqqında həqiqətdən başqa heç nə danışmamaq barəsində əhd bağlanmamışdımı? Bəs onda niyə onlar öz istəklə­rinə uyaraq Ona böhtan atırlar?”
Onlar Kitabı öyrəndilər və onu çətin və dolaşıq hesab etmə­dilər. Lakin sonra onlar cinayətlərinin ağırlığını dərk edərək,  şü­urlu surətdə günah işlətməyə başladılar. Bu şərtlər onların cinayət­lərini ağırlaşdırır və onları daha sərt qınaqlara və daha ağır cəzaya məhkum edirdi. Onlar axmaq və düşüncəsiz adamlar olduqlarına görə, dünyəvi həyatı gələcək həyatdan üstün tutduqlarına görə özlərini belə aparırdılar. Lakin Axirət həyatı məskəni Allahın qanunlarını pozmaqdan və günah işlətməkdən, haram edilmiş ovu yeməkdən və rüşvət almaq məqsədilə Allahın nazil etdiyinə zidd olan hökmlər çıxar­maqdan qorxan insanlar üçün üstündür.
Doğrudanmı siz, üstünlük verilməsi zəruri olan şeylərə üstünlük verməyə və ona can atmağa imkan verən dərrakəyə malik deyilsiniz? Yadınıza salın ki, sağlam təfəkkürün özəlliyi hər bir atılan addımın verə biləcəyi nəticələri üzərində düşünmək bacarığı ilə səciyyələnir. O kəslər ki, ancaq yaxın gələcək üzərində düşünürlər, onlar böyük və əbədi səadətdən mütləq məhrum olurlar. Məgər belə insanları ağıllı adlandırmaq olarmı?! Əsil ağıllı olanlar saleh insanlardır ki, hökmlərini öyrənərək Kitaba sadiq qalır və işlərində onu əsas tuturlar.
Onlar Kitabla nazil edilmiş qanunları və hekayətləri öyrənir və şərəfli biliklərə sahib olurlar. Bununla yanaşı onlar öz Rəbbinin onlara məmnunluq bəxş, edən böyük sevinc gətirən, onların dünyəvi və Axirət həyatını sahmana salan hökmlərini qüsursuz yerinə yetirirlər. Əlbəttə ki, ən vacib hökmlərdən biri qəlbən və bədən hərəkətləri ilə namaz qılmaqdır.
Allah namazı dinin bütün digər hökmlərindən fərqləndir­mişdir, çünki o, ən şərəfli və ləyaqətli əməldir. Bundan başqa, namaz – imanın meyarıdır və əgər insan onu nöqsansız qılırsa, onda bu onu bütün digər ayinləri kamilliklə icra etməyə səbəb olur. Belə insanlar əməlləri qayda-qanunun rəhnidir və buna görə Uca Rəbb buyurur ki, qayda-qanun yaradanlar mükafatlarını itirmirlər. Onlar öz sözləri, əməlləri və niyyətləri ilə həm özlərini və həm də ətrafındakıları xeyirxahlığa dəvət edirlər.
Bu və digər oxşar ayələr ona dəlalət edir ki, Allah elçilərini yer üzündə qayda-qanun yaratmaq üçün göndərmişdir. Onlara əmr olunmuşdu ki, insanlara fayda versinlər və onlara zərər vurmasınlar.  Onlar göndərilmişdilər ki, yerdə və ölümdən sonra həyatı sahmana salsınlar və buna görə ən xeyirxah və vicdanlı insanlar onların öyüd-nəsihətlərinə qulaq asanlardır.

                                              

 (7.171) “Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik”.

İsrail oğulları Tövratda nazil edilənləri qəbul etməkdən boyun qaçırdıqda, Qüdrətli Allah dağı onların üzərinə qaldırdı və əmr etdi ki, nazil etdiyi hökmlərini yerinə yetirsinlər. Onlara əmr olunmuşdu ki, Kitabdan möhkəm yapışsınlar, onu öyrənsinlər və hökmlərini səylə yerinə yetirsinlər. Ancaq belə olduqda onlar təqva sahibi ola bilərdilər.
                              ﭳﭴ    ﭶﭷ  ﭸﭹ  ﭺﭻ ﭼ  ﭽ ﭾ ﭿﮀﮁ                             ﮎﮏ            ﮔ ﮕ          

(7.172) “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – de­yə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: “Biz bundan qafil idik”;
(7.173) “Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapan­ların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməmə­yi­niz üçündür”.
(7.174) “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!”

Fövqəluca Allah Adəm oğullarının nəslini onların bel sütu­nundan çıxartmışdır. Məhz bunun sayəsində bəşəriyyət çoxa­lır, bir nəsil başqa nəslin yerinə keçir. İnsan atasının belindən gələn bir damcıdan əmələ gəlir. O, anasının bətnindən dünyaya çıxır və Fövqəluca Allah onun qəlbinə, Özünün – onun Vahid Rəbbi, Yaradanı və Hökmdarı olduğunun başa düşməsini həkk edir. O, onu Özünün hökmranlığına şahidlik etməyə yönəldir və insan bunu qəbul edir, çünki onun qəlbinə haqq dinə etiqad etmək və Bir olan Allaha ibadət etmək zəruriyyətinin dərki həkk olunmuşdur.
Hər bir kəs qeyri-iradi olaraq bunu bilir, lakin onun təhtəl­şüuru müxtəlif yanlış baxışların təsiri altında dəyişkənliyə və təhrifə məruz qalır. Buna görə sonra Fövqəluca Allah belə buyurur: “Biz sizi sınaqdan keçirdik və sizə Allahı öz Rəbbiniz olaraq etiraf etdirdik ki, Qiyamət günü, həqiqəti bilmədiyinizi bəyan edərək, bunu inkar etməyəsiniz. Əksinə, bu sizə artıq məlumdur, lakin ona laqeyd yanaşır, diqqət yetirmirsiniz. Qiyamət günü siz özünüzə bəraət qazandıra bilməyəcəksiniz, çünki Allah əsil həqiqəti sizin diqqətinizə çatdırmışdı. Siz deyəcəksiniz ki, məhv edilməyə layiq deyilsiniz, çünki öz yolunu azmış ata-babalarınızın yolu ilə getmişsiniz və bu pis nümunəni onlardan götürmüşsünüz. Amma təhtəlşüurunuzla anlayırsınız ki, atalarınız yalana etiqad edirdilər və həqiqət Allahın elçilərinin sizə təbliğ etdiklərindən ibarət idi. Siz bilirsiniz ki, onların təlimi atalarınızın uydurmalarını darmadağın edir və onlara üstün gəlirdi”.
Şübhəsiz ki, yolunu azmış ata-babaların bir sıra baxışları və ya yanlış dini məzhəblərin nəzər-nöqtələri Allahın bəzi qullarına haqq kimi görünə bilər. Amma bunun səbəbi həmişə onda olur ki, onlar, Allahın bütün dünyaya yayılmış və ya onların özlərində əksini tapmış dəlillərindən və möcüzələrindən üz döndərirlər. Həqiqətən də, insan haqdan qaçıb yalançıların sözlərinə qulaq asanda, o, tədricən, haqqa deyil, bu yalana üstünlük verməyə başlayır. Bu ayənin ən düzgün şərhi belədir.
Belə bir rəy də mövcuddur ki, bu vəhydə Allahın Adəm nəsillərini onun bel sütunundan çıxartdığı zaman onlarla bağladığı əhddən bəhs edilir.  Şərhçilər belə hesab edirdilər ki, Allah Adəm nəsillərini Onun hökmranlığına şahidlik etdirmiş və onlar şahidlik etdikdən sonra O, onlara Öz İradəsini bildirərək, onları öz imansızlıqlarını və inadcıllıqlarını bilməməzliklə həm bu dünyada və həm də ölümdən sonra doğrultmaq imkanından məhrum etmişdir. Lakin bu vəhy heç vəchlə belə şərhin lehinə şəhadət vermir. Belə izah yersizdir, çünki Fövqəluca Allahın müdrikliyinə ziddir və ətrafımızda baş verənlər bu nəzər nöqtəsini təsdiq edir.
Bu şərhçilərin rəyinə uyğun olaraq, Fövqəluca Allah Adəm oğullarını onun bel sütunundan çıxaranda onlarla əhd bağlamışdır. O zaman insanlar zərrə kimi idilər və bizim heç birimiz bunu xatırlamırıq. Doğrudanmı Allah insanları xəbərləri olmayan və özündən sonraya iz qoymayan hadisələrin əsasında mühakimə edəcəkdir?!!
Beləliklə, şərh etdiyimiz ayədə aydın bir hadisədən bəhs edilir. Allah bu qayda ilə Öz vəhylərini insanlara izah edir ki, onlar öz təhtəlşüurlarına həkk edilənə uyğun gələn baxışlara qayıtsınlar, yanlış nəzəriyyələrdən əl çəksinlər və Onunla bağladıqları əhdə tərəf dönsünlər.

                                                   ﯓﯔ                      ﯞﯟ                  ﯥﯦ           ﯫ ﯬ                             

 (7.175) “(Ey Elçim!)Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu”
(7.176) “Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldar­dıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazı­mınca) düşünsünlər!”
(7.177) “Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!”

Ey Peyğəmbər! İnsanlara Allahın Kitabı öyrətdiyi adam haqqında danış və de ki, o, bunun sayəsində din sahəsində dərin biliklər əldə etdi, lakin sonralar Allahın ayələri haqqında olan əsil biliklərdən üz döndərdi. Bu biliklər insanlara gözəl əxlaqi keyfiyyətlər əldə etməyə, saleh əməllər işləməyə və əzəmətli yüksəkliklərə ucalmağa kömək göstərir, lakin o, Allahın Kitabını arxasına atdı və Səmavi Vəhyin dəvət etdiyi əxlaqi keyfiyyətlərə etinasızlıq göstərdi. O, sanki adi libasını soyunub əynindən çıxartdığı kimi, əxlaqi örtü­yünü çıxarıb atdı. Elə o zamandan şeytan onun dalıyca düşdü və onu məğlub etdi. O, öz təhlükəsiz qalasından çıxan kimi, dərin uçurumun lap dibinə düşdü və şeytan onu mənfur cinayətlərə sövq etməyə başladı.
O, əvvəllər haqq yolla gedirdi və onu insanlara da göstərirdi, artıq indi o azmışların sırasındadır, çünki Allah onu Öz yardımından məhrum etmiş və onu başlı-başına qoymuşdur. Əgər O istəsəydi, hökmən onu xeyirxah işlər görməyə ruhlandırar bu dinşünas həm bu dünya həyatında və həm də ölümdən sonra əzəmət sahibi olardı. Bununla yanaşı, o, öz düşmənlərindən və yaramazlardan özünü qorumağı bacarardı. Lakin o, elə əməllər etdi ki, onlar Allahı onu Öz köməyindən məhrum etməyə vadar etdi. O, yerə o dərəcədə əyildi ki, axırda alçaq ehtiraslara yol verməyə başladı və hər şeydən ancaq mənfəət güdməyə girişdi. O, öz istəklərinə güzəştə gedərək öz Qüdrətli Hamisinə itaət etməyə laqeydlik göstərdi. Dünyəvi nemətlər əldə etmək niyyəti ilə o, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (onun üçün heç bir fərqi yoxdur). O, həmişə dili sallanmış halda veyillənir və ürəyi partlaya biləcək qədər daima acgözlük içində olurdu. Heç bir şey onun tələbatını və istəklərini qane edə bilmirdi.
Allah Öz möcüzələrini onlara göstərdikdən sonra onları yalan sayanlar haqqında ibrətamiz hekayə belədir. Onlar nəinki vəhylərə itaət etməkdən boyun qaçırır, hətta onları inkar edirdilər. Onlar Allahın hökmlərinə etinasızlıq edir, öz ehtiraslarına qapılır və Ondan  nazil olan haqq Təlimata qulaq asmırdılar.
İnsanlar belə fasiqlər haqqında ibrətamiz hekayətləri dinlə­məlidirlər ki, düşün­sünlər və onlardan düzgün nəticələr çıxart­sınlar. Əgər onlar fikirləşsələr, özləri üçün faydalı biliklər əldə edərlər və əgər belə biliklərə yiyələnsələr, onda xeyirxah əməllər etməyə başlayarlar. Allahın ayələrini yalan hesab edən və özlərinə zərər vuran kafirlərə gəldikdə isə, onlar müxtəlif günahlar işlətdiklərinə görə, onların haqqında ibrətamiz hekayətlər həmişə onların çirkin və yaramaz əməllərindən bəhs edəcəkdir.
Belə bir rəy var ki, bu ayələr müəyyən bir insan barəsində nazil edilibdir. Allah o insana hikmət bəxş etmiş, o isə sonradan itaətsizlik göstərmişdir. Həmin şərhə görə, Allah o insanın hekayətini bizə rəvayət edir ki, mahiyyətini izah etsin. Digər bir rəyə uyğun olaraq, bu ayələrdə Fövqəluca Allah Özünün möcüzə­ləri haqqında insanlara bilik əta etdikdən sonra onlardan üz döndərənlərin hamısından bəhs edir.
Bu ayələr, həqiqi biliklər əsasında xeyirxah işlər görməyə çağırışdan ibarətdir. Axı Allah təkcə bunun sayəsində Öz qullarını tərifləyib ucaldır. Ayələrdə əsil biliklərə etinasızlıq göstərməmək barədə xəbərdarlıq əks olunmuşdur. Belə etinasızlıq nəticəsində insan uçurumun lap dibinə və şeytanın təsiri altına düşə bilər. Onlardan həmçinin belə nəticə çıxarmaq olar ki, alçaq istəklərə və yaramaz ehtiraslara uymaq, insanı Allahın köməyindən məhrum edən səbəblərdən biridir.

         ﯺﯻ        ﯿ  ﰀﰁ                                                                          
(7.178) “Allahın doğru yola yönəltdiyi kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır”.

Fövqəluca Allah ayədə izah edir ki, təkcə O, insanları doğru yola yönəltməyə və ya onları azğınlığa salmağa qabildir. Əgər O, insanı xeyirxah əməllər etməyə ruhlandırırsa, onu Onda nifrət oyadan hərəkətlərdən qoruyur və əvvəllər ona məlum olmayan şeyləri ona öyrədir və o, doğru yola gəlir və bunlar məhz Uca Rəbbin nəsihətləri sayəsində baş verir. Əgər Allah insanı Öz himayəsindən məhrum edirsə və onu xeyirxah əməllər işlətməyə ruhlandırmırsa, onda o, ziyana uğrayır. Qiyamət günü isə o, özünü də mütləq itirəcək və ailəsindən məhrum olacaqdır. Əsil ziyan elə budur!

                ﭗﭘ                                ﭧﭨ           ﭭﭮ       

(7.179) “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”

Fövqəluca Allah lənətə gəlmiş İblisin yolu ilə gedənlərin necə də çox olduğunu izah edir. Allahın yaratdığı cinlərdən və insanlardan bir çoxuna Cəhənnəm nəsib olacaqdır və onların vəziyyəti heyvanların vəziyyətindən də pis olacaqdır. Onların qəlbi vardır, lakin haqqı anlamağa qadir deyillər. Faydalı biliklər onlara nüfuz edə bilməsələr də, bu günahkarları öz bilməməzlikləri ilə bəraət qazanmaqdan məhrum edir. Onların gözləri var, lakin onlara fayda verə bilən şeyləri görməyə qadir deyillər. Əksinə, onlar bütün faydalı və zəruri olan nə varsa, nəzərdən qaçırarlar. Onların qulaqları var, lakin haqq sözü eşitməzlər və eşitdiklərini qəlblərə çatdırmazlar.
Bu yaramaz keyfiyyətlər kafirləri sağlam ağıldan məhrum olan heyvana oxşadır. Onlar fani nemətləri əbədi məmnunluqdan üstün tuturlar və insanlara fayda verən sağlam ağıldan məhrum edilirlər. Bundan başqa, kafirlər heyvanlardan daha azğındırlar, çünki heyvanlar xəlq edildikləri məqsədə xidmət edirlər. Heyvan­lar onlara fayda verən və zərər vuran şeyləri ayırd etməyə imkan verən ağıla malikdirlər. Bu isə o deməkdir ki, heyvanların vəziy­yəti yolunu azmış kafirlərin vəziyyətindən üstündür.
Allah onları etinasız qullar adlandırmışdır, çünki onlar dünyada ən faydalı olan şeyə, Allaha iman gətirməyə, Ona itaət etməyə və Onu xatırlamağa saymazyana yanaşmışlar. Allah onlara ağıl, eşitmə və görmə qabiliyyəti bəxş etmişdir ki, bu keyfiyyətlər onlara Onun hökmlərini və öz vəzifələrini yerinə yetirməyə kömək etsin, lakin onlar bu bacarıqlarından təyinatı üzrə istifadə etmirlər.
Onlar həqiqətən də, Allahın Cəhənnəm üçün yaratdıqları sırasında olmağa layiqdirlər. Onlar Cəhənnəm üçün yaradılmışlar və oranın sakinlərinin etdiyi əməlləri təkrarlayırlar. Öz qabiliyyət­lə­rini Allaha ibadət üçün sərf edən, Onu unutmayan və öz qəlbini Ona inamla və Ona məhəbbətlə bəzəyən saleh insanlara gəldikdə isə, onlar Cənnət sakinləridir və onun məskunlarının əməllərinə uyğun işlər görürlər.

   ﭷﭸ ﭹﭺ      ﭿ              

 (7.180) “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”

Fövqəluca Allah Öz gözəl adlarını xatırladaraq, Özünün sifətlərinin əzəmətini izah edir. Onun bütün adları gözəldir və onlardan hər biri Onun böyüklüyünə və kamil keyfiy­yətlərinə dəlalət edir. Məhz bu, Allahın adlarını gözəlləşdirir. Əgər onlar Allahın sifətlərini təsdiq etməsəydilər və ancaq boş sözlərdən ibarət olsaydılar, onları gözəl adlandırmaq olmazdı. Əgər onlar kamil sifətləri ifadə etməsəydilər, sadəcə qüsurları  və ya eyni zamanda həm tərifə və həm də qınağa layiq olanları göstərsəydilər, onda da onlar gözəl olmazdılar. Lakin Fövqəluca Allahın adları Onun qüsursuz sifətlərini təcəssüm etdirir və dərin məna kəsb edir.
Məsələn, gözəl ad olan Bilən Allahın kamil biliklərə malik olduğunu və onların bütün varlığı və göylərdə və yerdə hətta ən kiçik zərrəcikləri belə əhatə edir. Rəhmli adı Onun bütün varlığı qapsayan böyük lütf sahibi olduğuna dəlalət edir. Qüdrətli adı isə Onun kamil qüdrətə malik və hər cür əməli etməyə qadir olduğunu bildirir.
Allahın adlarının mükəmməlliyi və gözəlliyinin təzahürü həm də qulların öz Rəbbinə onların vasitəsilə dua etməsində özünü göstərir. Belə hərəkətə ancaq namaz zamanı icazə verilir ki, onların vasitəsilə insan Allaha ibadət edir və həmçinin namazda Ona dua edərkən Rəbbinin müvafiq adlarını xatırlaya bilər. Məsələn, namaz qılan belə deyə bilər: “Ey Allah! Məni bağışla və rəhm et, axı Sən – Bağışlayan və Rəhmlisən! Tövbəmi qəbul et, axı Sən – Tövbəqəbuledənsən! Mənə ruzi ver, axı Sən – Ruziverənsən! Mənə rəhm et, axı Sən – Rəhmlisən!”
Allahın adlarını inkar edən azğınlara gəldikdə isə, onlar mütləq cəzalandırıla­caqlar. Burada inkar dedikdə, adların əsil mənasının və təyinatının təhrif edilməsi nəzərdə tutulur. Allahın adlarının inkarı – bu adların layiq olmayanlara  qoyulması hesab olunur. Məhz müşriklər belə edirdilər və öz bütlərini Allahın adları ilə adlandırırdılar. Onun adlarının inkar edilməsi və ya onların əsil mənasının təhrif edilməsi və həmçinin, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təfsirinin ziddinə olan şərhləri Allahın adlarının inkarı sayılır. Məxluqların adlarının Onun adlarına oxşadılması da Allahın adlarının inkar edilməsi hesab edilir. Müsəlman hər vasitə ilə Allahın adlarının inkarının hər hansı bir forma­sından çəkinməlidir və belə davrananları da çəkindirməlidir. Müsəlman yaddan çıxarmamalıdır ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Allahın doxsan doqquz adı var, yüzdən bir əskik və kim onların hamısını saya bilsə, Cənnətə girər”.

ﮄﮅﮆ ﮇﮈﮉﮊﮋ

 (7.181) “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”.

Allahın məxluqları arasında kamil keyfiyyətlərə malik və başqalarını da təkmil­ləşdirməyə can atan şərəfli bir dini icma vardır. Onlar düz yolla gedirlər və ətrafların­dakılara da bu yola gəlmələri üçün öyüd-nəsihət verir, haqqı tanıyır və əməllərində ona istinad edirlər. Onlar bunu başqalarını da öyrədir və insanları xeyir işlər görməyə dəvət edirlər. Onlar zəhmətkeşlərin əmlakı, həyatı, öhdəlikləri və rəyləri ilə bağlı hökm çıxaranda ədalətlə davranırlar. Onlar xalqı doğru yolla aparan rəhbərlər, qaranlığı işığıyla yaran məşəllərdir. Onlar – Allahın iman və saleh əməllər əta etdiyi, haqqı təbliğ etməyə və səbirliliyə dəvətə ruhlandırdığı qullarıdır. Onlar məziyyətlərinə görə Allahın elçilə­rindən sonra gələn sadiq salehlərdir, lakin onların arasında müəyyən fərqlər vardır və müxtəlif dərəcələrə sahibdirlər. İstədiyinə mərhəmət göstərən Allah Pak və Ucadır! Həqiqətən, O, böyük mərhəmət Sahibidir!

                      ﮖﮗ        

(7.182) “Ayələrimizi yalan hesab edənləri haradan oldu­ğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!”
(7.183) “Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-nemət içində yaşadıqları halda gözlə­nil­mədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!”

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) öyüd-nəsihətlərinin həqiqiliyini təsdiq edən Allahın möcü­zələrini yalan sayan, onları inkar edən və qəbul etməkdən boyun qaçıran fasiqləri Qüdrət Sahibi elə azdıracağını vəd etmişdir ki, hətta onlar özləri bunu başa düşməyəcəklər. O, onlara bol nemətlər və möhlət verir ki, heç vaxt cəzalandırılmayacaqlarına əmin olsunlar. Belə ki, onlar cinayətlər burulğanının daha dərinliklərinə dalır və özlərini ən sərt cəzaya məhrum edərək küfrlərində və zalımlıqlarında möhkəm­lənirlər. Onlar dərk etmədən özlərinə böyük ziyan vurur və bu, bir daha ona dəlalət edir ki, Allahın qurduğu fənd sarsılmazdır.

    ﮝﮞ        ﮢﮣ             
 (7.184) “Məgər (İslamı qəbul etməli olan kəslər) düşün­mürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) heç bir dəlilik əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxu­dandır!”

Doğrudanmı onlar taleyi onlara yaxşı məlum olan Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) divanə olmadığı haqqında düşünmək istəmir və anlamırlar? Onun əxlaqi məziyyətlərinə və nəsihətlərinə diqqət yetirmək kifayətdir ki, onun qərəzsizliyini və digər xüsusiyyətlərini dərk etsinlər, onun xütbələri üzərində fikirləşib başa düşsünlər ki, onun əxlaqı qüsursuz və kamildir. Özünün ağıllı dəlilləri və çıxardığı nəticələri ilə o, bütün aləmlərin sakinlərini ötüb keçmişdir, onun xütbələri isə mütləq xeyirxahlığa çağırışdan ibarətdir və hər cür fasiqliyin qarşısını alır.
Ey ağıl sahibləri! Məgər belə bir insan ağılsız və ya cinli ola bilərmi?! Etiraf edin ki, o böyük bir rəhbər, səmimi xeyirxah, şərəfli və mehriban insan, yaxşı və rəhmli bir nəsihətçi idi! Həqiqətən, o sizi cəzadan xilas etməyə və mükafata layiq görülməyiniz üçün sizə kömək etməyə çağırırdı.

                                    ﯜﯝ         
(7.185) “Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yer­dəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxın­laş­ması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qurana) inanma­dıqdan sonra hansı kəlama inanacaqlar?”

Əgər insanlar göyə diqqətlə nəzər yetirsələr Rəbbin və Onun kamil sifətlərinin vəhdətinə dəlalət edən çoxsaylı əlamətlər görərlər. Onlar eyni mənzərəni Allahın yaratdığı hər hansı bir məxluqa baxdıqda görəcəklər, çünki bütün Kainat Onun barəsində bəhs edir və Onun qüdrəti və müdrikliyi, hüdudsuz şəfqəti və xeyirxahlığı, sarsılmaz iradəsi və digər əzəmətli sifətlərini təsdiq edir. Bu keyfiyyətlər birlikdə göstərir ki, Allah Kainatın Yeganə Xaliqi və Hökmdarıdır. Buna görə yaradılmışlar tək Ona ibadət etməli, Ona həmd etməli, Onu tərifləyib sevməlidir.
Qoy insanlar onların ölüm saatı gələnədək öz taleləri üzərində düşünsünlər, axı ölüm, onlar heç ağıllarına belə gətirmədikləri bir məqamda yaxınlaşıb onları qəfildən yaxalaya bilər və belə olduqda onlar əldə edə bilmədiklərinin yerini doldurmağa macal tapmazlar. Əgər onlar bu Müqəddəs Kitaba inanmırlarsa, onda onlar hansı rəvayətlərə inanmaq istəyirlər?! Doğrudanmı onlar azğınlığa aparan şeylərə inanmaq istəyirlər? Ya da onlar yalançıların uydurmalarına inanmaq istəyirlər? Amma yolunu azmış günahkarlar nə etsələr də, heç vaxt düz yola gələ bilməzlər. Buna görə Fövqəluca Allah buyurur:

             ﯨﯩ          
                                                                                                        
(7.186) “Allah kimi doğru yoldan sapdırsa, ona yol göstə­rən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!”

Allah insanları azdırdıqda onları küfr zülməti içində veyil-veyil gəzməyə - anla­şıl­mazlıq və şübhələrlə başlı-başına buraxır. Belə insan öz zalımlığından xilas olmağa və haqq yola gəlməyə qadir deyil.

           ﯳﯴ          ﯹﯺ               ﯿﰀ          ﰄﰅ        ﰉﰊ           ﰎﰏ               ﰖ ﰗ       

 (7.187) “(Ey Elçim!) Səndən Saat (Qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlum­dur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soru­şarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanla­rın əksəriyyəti (bunu) bilməz!”

Ey Muhəmməd! Sənə iman gətirməkdən boyun qaçırdan inadkar kafirlər Qiyamət gününün başlanması müddəti haqqında soruşurlar. Onlara de ki, bunu təkcə Allah bilir. Bu bilik göylərin və yerin sakinlərindən gizli saxlanmışdır, çünki o, onlar üçün ağır bir yükdür. Bütün məxluqlar həmin saatdan dəhşətə gəlirlər, o, gözlənilmədən, onlar onun yaxınlaşmasına heç şübhə belə etmə­dikləri bir anda başlayacaq və ona hazır olmayacaqlar.
Adamlar səndən Qiyamət gününün başlanması haqqında ciddi-cəhdlə soruşurlar, sanki sən özün bunu bilməyə can atırsan. Onlar bilmirlər ki, sən fayda verməyən və cavab alınması mümkün olmayan məsələlərə diqqət yetirmirsən. Sənin davranışın göstərir ki, sən öz Rəbbini gözəl anlamısan və məhz nəyin sənin xeyrinə olduğunu başa düşürsən. Qiyamət gününün başlanmasının vaxtı haqqında nə peyğəmbərlərə, nə də Allaha yaxın olan mələklərə belə bilik verilməmişdir. O, elə bir bilikdir ki, Allah, Öz kamil müdrikliyi və hüdudsuz elminə əsaslanaraq, onu məxluqlarından gizli saxlamışdır.
O, bu biliyi gizlədir, lakin insanların əksəriyyəti bunu başa düşmür. Onlar bilməli olmadıqları şeyi öyrənməyə can atırlar. Onlardan bəziləri öyrənməli olduqları şeylə maraqlanmaqdan boyun qaçırır və məxluqların dərk edə bilməyəcəyi və hətta anlamaları onlara əmr olunmamış biliklərin ardınca cumurlar.

   ﭑﭒ  ﭓﭔ              ﭛﭜ                       ﭦﭧ                          

 (7.188) “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”

Ey Muhəmməd! De ki: “Mən Allahdan asılı olan və Ona ehtiyac duyan bir qulam. O, mənə yaxşılıq əta edir və məni şərdən qoruyur və mənə bəxş etdiyi elm Onun mərhəmətindəndir. Əgər mən qeybi bilsəydim, onda böyük nemətlər əldə etmək, yaramaz və xoşagəlməz olan hər şeydən qorunmaq üçün hökmən hər şeyi edərdim. Əgər mən gələcəkdə baş verəcək hadisələr və bütün baş verənlərin nəticələri haqqında bilsəydim, onları əldə etməyi bacarardım. Lakin qeybə aid olanlar mənə məlum deyil və buna görə bəzən mən xoşagəlməz hallarla rastlaşıram və bəzi maddi nemətlərdən məhrum oluram. Təkcə bu artıq mənim qeybi bilmədiyimə dəlalət edir.
Mən insanlara yalnız mənəvi və maddi cəza və həmçinin ölümdən sonrakı cəza barədə xəbərdarlıq edirəm. Mən ancaq insanlar tərəfindən törədildikdən sonra qisası alınacaq əməlləri açıqlayıram və onları həmin əməllərdən xəbərdar edirəm. Bunlarla yanaşı Axirət həyatında mükafatlar haqqında qullara bildirmək istəyirəm, onları almağa səbəb olacaq əməlləri onlara izah edirəm və insanları saleh əməllər işlətməyə ruhlandırı­ram. Amma heç də hamı müjdəyə və xəbərdarlıqlara qulaq asmır, təkcə möminlər onlardan nəticə çıxarırlar”.
Bu gözəl ayələr nemət əldə etmək və şərdən qorunmaq ümidi ilə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müraciət edənlərin nadanlığını büruzə verir . O (ona Allahın salavatı və salamı olsun!) heç bir hakimiyyətə malik deyil və insanlara kömək edə və ya ziyan vura bilməz, çünki təkcə Allah xeyir verməyə və zərər vurmağa qadirdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz bilikləri ilə də Fövqəluca Allaha borcludur. Bu o deməkdir ki, o (ona Allahın salavatı və salamı olsun!) ancaq onun (ona Allahın salavatı və salamı olsun!) öyüd-nəsihətlərinə və təlimatlarına qulaq asan və işlərində onları rəhbər tutan möminlərə fayda verə bilər. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) böyük fayda verə bilməsi də bununla bağlıdır, çünki onun (ona Allahın salavatı və salamı olsun!) verə biləcəyi xeyir valideynlərin, əmilərin və qardaşların verə biləcəyindən dəfələrlə üstündür.
Həqiqətən, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın qullarını onlara fayda gətirən hər şeyə dəvət etmiş, onları onlara zərər vura biləcək şeylər barədə xəbərdar etmiş və öz təbliğatını mükəmməl izah etmişdir.

                         ﭻﭼ       ﭿ        ﮃﮄ                                            ﮘﮙ           ﮞ ﮟ                 ﮧ ﮨﮩﮪﮫ     

 (7.189) “Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabır­ğa­sından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedi”.
(7.190) “Allah onlara saleh övlad verdikdə (Adəm və Həv­va­­dan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əla­qədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)”
(7.191) “Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?”
(7.192) “Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!”

Ey bütün yer üzündə məskunlaşmış kişilər və qadınlar! Sizin çoxsaylı olmağınıza və aranızda mövcud olan fərqlərə baxmaya­raq, hamınızın ulu babası Adəmdir (ə). Allah ondan Havvanı yaratmışdır ki, o (ə) onunla rahatlıq tapsın.
Qadın kişidən yaradılmışdır və buna görə onlar bir-birilərinə çox uyğundurlar və bir-birilərinə sakitlik və rahatlıq verirlər. Bundan başqa, onlar cinsi həvəs bağları ilə bir birilərinə bağlıdırlar və cinsi əlaqəyə girdikdə Qüdrətli Xaliqin qədərinə müvafiq olaraq ehtiras və yaxınlıq nəsil artımı ilə təcəssüm edir. İlk vaxtlarda qadın hamiləliyini hiss etmir və döl ona narahatlıq yaratmır. Lakin zaman keçdikcə o, ana bətnində böyüyür və valideynlərin qəlbi ona şəfqət hissi ilə dolur. Onlar çox arzu edirlər ki, uşaq dünyaya sağlam, qüsursuz və nöqsansız gəlsin. Onlar Allaha dua edərək deyirlər: “Ey Rəbbimiz! Sən bizə sağlam, qüsursuz və eyibsiz övlad bəxş etsən, biz hökmən Sənin şükredən qulların olarıq”.
Allah onların dualarını qəbul edərək və kamil mərhəməti ilə onları himayəsinə götürərək, onlara sağlam uşaq verəndə, onlar Ona şərik qoşmağa başlayırlar. O, onların uşağını Özü təklikdə yaradır, onları nemətlərlə təmin edir, lakin məhz uşağın doğulması onları Onunla bərabər məxluqlara ibadət etməyə sövq edir.
İnsanlar uşaqlarına ad qoyanda, onlara, Allahdan başqasının qulu olması ilə əlaqədar adlar, məsələn, Əbdülxaris və ya Əbdüluzza, ya da ƏbdülKəbə adı verməklə  Allaha şərik qoşurlar. Bunlar müvafiq olaraq “cütçünün qulu”, “əl-Uzzanın qulu” və “Kəbənin qulu” adlarıdır. O, onlara heç bir məxluqun sayıb qurtara bilməyəcəyi çoxsaylı bol nemətlər əta etdikdən sonra, onlar, məxluqlara ibadət etməklə, Allaha şəriklər qoşurlar.
Bu ayə, məlum bir şəxs haqqında vəhyin bütöv bir insan qrupu haqqında vəhyə çevrilməsinin nümunəsidir. Ayənin əvvəlində Adəm (ə) və Havva (ulu nənəmiz) xatır­lanır, sonra isə bütöv bəşəriyyətdən bəhs edilir. İnsanların sadalanan əməlləri etməsi tez-tez baş verir və buna görə Fövqəluca Allah onların yanlışlığını və qüsurluluğunu izah edir. Bunların hamısı – şirkin təzahürüdür və kim onları törədirsə, olduqca böyük ədalətsizliyə yol verir ki, bunun, Allaha şərik qoşmanın, söz və ya əməllə olmasının heç bir fərqi yoxdur.
Allah – Vahid Yaradandır. O, insanları bir adamdan törətmiş və aralarında bir-birinə məhəbbət və mərhəmət bəsləmələrini müəyyən edərək qadını kişidən yaratmışdır. Bunun sayəsində ər-arvad bir-birilərində rahatlıq tapır və bir-biriləri ilə təmasdan zövq alırlar. Allah onlara öz ehtiraslarını necə təmin etməyi və bundan həzz almağı və insan nəslini artırmağı öyrətmişdir. Bu baş verən zaman Qüdrətli Allah anaların bətnində yeni nəsil yaradır ki, sonradan o, müəyyən bir müddətə qədər orada inkişaf edir. Bu dövr ərzində valideynlərin ürəyində uşaqlarını sağlam və qüsursuz görmək arzusu yaranır. Onlar Allaha dua edirlər ki, onlara sağlam övlad qismət etsin. Allah onların bu xahişini yerinə yetirir və onlara kamil mərhəmətini əta edir. Məgər O, layiq deyilmi ki, onlar, Ona şərik qoşmadan, təkcə Ona səmimiyyətlə ibadət etsinlər?
Lakin hər şey əksinə baş verir və insanlar Onunla yanaşı məxluqlara ibadət etməyə başlayırlar. Halbuki həmin məxluqlar özləri yaradılmışlar və heç nəyi yaratmaq qüdrətinə malik deyillər. Onların bütləri onlara ibadət edənlərə yardım göstərməyə qabil deyillər. Onlar hətta özləri özlərinə kömək edə bilmirlər. Necə ola bilər ki, insan Allaha Onun yaratdığı və ən kiçicik zərrəni belə yaratmağa qadir olmayan məxluqları şərik qoşsun? Halbuki onlar pərəstişkarlarını şərdən qoruya bilmir və hətta özlərini müdafiə etməyi bacarmırlar?! Həqiqətən, belə əməl – müdhiş zalımlıq və ən böyük axmaqlıqdır.

             ﯕﯖ               

(7.193) “Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur)”.

Ey müşriklər! Əgər siz öz bütlərinizi düz yola gəlməyə çağırsanız, onlar ardınızca gəlməzlər. İnsanın vəziyyəti bütün və heykəlin vəziyyətindən daha üstündür, çünki onlar nə eşitməyə və nə də görməyə qabil deyillər ki, düz yola gəlsinlər və onu göstərsinlər. Ağıllı insana bu gerçəklik haqqında sadəcə düşünmək kifayətdir ki, bütlərin acizliyini və müşriklərin nə dərəcədə ağıllı olmadıqlarını anlaya bilsinlər.

ﯞﯟﯠﯡﯢﯣ ﯤ ﯥ ﯦﯧ ﯨﯩﯪﯫ ﯬﯭ ﯮ      ﯱﯲ           ﯷﯸ          ﯽﯾ  ﯿ         ﰃﰄ          ﰉ ﰊ      ﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ

(7.194) “Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər”.
(7.195) “Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!”
(7.196) “Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!”

Fövqəluca Allah Onunla bərabər məxluqlara dua edən müşriklərə müraciət edir. Bütlərin və bütpərəstlərin arasında böyük oxşarlıq mövcuddur, çünki onların hamısı Allahın qullarıdır və Onun iradəsinə tabedirlər.
Ey müşriklər! Əgər sizin bütləriniz doğrudan da, sizin iddia etdiyiniz kimi ibadətə layiqdirlərsə, onda onları köməyə çağırın və qoy onlar sizin dualarınıza cavab versinlər. Əgər onlar bunu etməsələr və siz də istədiyinizi ala bilməsəniz, onda bilin ki, siz yalan danışırsınız və Allaha böyük iftira atırsınız.
Həqiqəti aydınlaşdırmaq üçün sizin əlavə izahata ehtiyacınız yoxdur, çünki sizə öz “ilahlarınıza” baxmaq kifayət edər ki, onların sizə fayda verməyə qadir olmadıqlarını anlayasınız. Onlar yeriyə bilmirlər, çünki ayaqları yoxdur. Onlar tuta bilmirlər, çünki əlləri yoxdur. Onlar görə bilmirlər, çünki gözləri yoxdur. Onlar eşidə bilmirlər, çünki qulaqları yoxdur. Onlar insanın malik olduğu orqan və bacarıqlardan məhrumdurlar. Əgər onlar sizin duala­rınıza cavab verməyə qadir deyillərsə, onda bu o deməkdir ki, onlar da sizin kimi qullardır. Bundan başqa, siz – daha kamil məxluqlarsınız və onlardan daha bacarıqlı varlıqlarsınız. Bəs niyə siz onlara ibadət edirsiniz?
Ey Peyğəmbər! Müşriklərə de: “Öz şəriklərinizlə birləşib, mənə pislik etməyə cəhr göstərin və ya zərər vurun. Tələsin və mənə möhlət də verməyin. Həqiqətən, siz mənə heç bir pislik edə bilməzsiniz, çünki mənə himayə edən Allahın Özüdür. O, mənim qayğımı çəkir, mənə əmin-amanlıq bəxş edir və məni pisliklərdən qoruyur. O, mənə haqq təlimdən, şəfa və nurdan ibarət olan Kitab nazil etmişdir. Onun nazil edilməsi Allahın seçilmiş qullarına göstərdiyi qayğısının təzahürüdür. O, niyyətləri, əməlləri və sözləri doğru olan bütün möminlərin Himayəçisidir”.
Fövqəluca Allah buyurur: “Allah iman gətirənlərin dostu­dur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə, 2/257).  
İman gətirmiş saleh insanlar Allahı özlərinə Hami seçmiş, Ona iman gətirmiş və təqva yoluna qədəm qoymuşlar. Onlar özləri üçün başqa himayədarlar axtarmamışlar və buna görə də Allah onlara hamilik etmiş, onlara lütfkarlıq göstərmiş və onlara dünyəvi və dini işlərində xeyir və nemət qazanmağa kömək etmiş və həmçinin onları hər cür bəladan qorumuşdur. O buyurur: “Şüb­hə­siz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!” (Həcc, 22/38).

                                       ﭬﭭ              
(7.197) “Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”
(7.198) “Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ey Elçim!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”  

Fövqəluca Allah bir daha bəyan edir ki, müşriklərin ibadət etdikləri bütlər ibadətə layiq deyillər, çünki onlar nə özlərinə xeyir gətirməyə, nə də onların qarşısında diz çökənlərə kömək göstərməyə qadir deyillər. Onların ağlı yoxdur və dualara cavab vermək bacarığına malik deyillər və hətta əgər onları düz yola gəlməyə çağırsalar, onlar onsuz da bunu etməzlər. Onlar adicə cansız heykəllərdir. Sənə elə gəlir ki, onlar sənə baxırlar, lakin onlar heç nə görmürlər, çünki onlar canlı məxluqların, göz və başqa orqanlar yapılmış təsvirləridir. Əgər onlar canlı görünsələr də belə, onların üzərində sadəcə düşünmək kifayət edər ki, onların hərəkət etməyi və yerini dəyişməyi belə bacarmayan cansız heykəllər olmalarını yəqin edəsən. Müşriklər onlara ibadət edərkən nəyə əsaslanırlar? Onlara ibadət ayinlərini həsr etməkdən və onlara yaxınlaşmaqdan nə kimi faydalar əldə edirlər?
Bunu anlayan insan başa düşür ki, hətta əgər müşriklər öz bütləri ilə birləşərək, göylərin və yerin Yaradanının himayə etdiyi möminləri hiyləgərliklə ziyana salmaq istəsələr, onlar onsuz da onlara bir zərrəcik boyda zərər vura bilməzlər. Həqiqətən, onların hamısı tamamilə aciz  məxluqlardır, halbuki Allahın hakimiyyəti və qüdrəti kamildir. Təkcə Onun himayəsi altında olan və Ona təvəkkül edən qullar qüdrətlidirlər.
Belə bir rəy mövcuddur ki, baxan, lakin görməyənlər adı altında Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən boyun qaçıran müşriklər nəzərdə tutulur. Bu halda Allah sanki Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı sözlərlə müraciət edir: “Sən güman edirsən ki, onlar, bundan fayda götürməyə və haqqı yalandan fərqləndirməyə cəhd edərək, sənə baxırlar, lakin axı onlar sənin hər bir dərrakəli insana aydın olan əsil keyfiyyətlərini və məziy­yətlərini, gözəlliyini, kamilliyini və doğruçuluğunu  görməyə qadir deyillər”.

                  

 (7.199) “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”

Bu ayə müsəlmanlara ünsiyyət zamanı insanlara ehtiramla yanaşmağı əmr edir və onlarla necə davranmağı öyrədir. İnsanlara qarşı münasibətdə yumşaq və mərhəmətli olmaq, ətrafdakıları onlar üçün çətin olmayan əməllərə və əxlaqi keyfiyyətlərə dəvət etmək lazımdır.  İnsanlara bacarmadıqları işi həvalə etməyə yol vermək olmaz. Əksinə, xeyirxah əməlləri və sözlərinə görə bəzi cüzi qüsurlarını onlara bağışlamalı və bəzi çatışmazlıqlarına göz ymulmalıdır.  Kiçiklər qarşısında onların azyaşlılığına, zəif ağıllılar qarşısında onların ağıllarının çatışmazlığına və həmçinin kasıblar qarşısında onların aztəminatlılığına görə təkəbbür göstərilməmə­lidir. Əksinə, hər kəsə xeyirxahlıqla – şəraitin tələb etdiyi tərzdə yanaşılmalıdır və in sanlara həmişə sevinc bəxş edilməlidir.
Müsəlman başqalarını gözəl sözlər danışmağa, gözəl işlər görməyə və yaxınlarına və o qədər də yaxın olmayanlara yaxşılıq etməyə öyrətməlidir. Ətrafdakılarla ünisyyətə girdikdə onlara bilik öyrətmək və onları yaxşılıq etməyə ruhlandırmaq lazımdır. İnsanları qohumluq əlaqələrini möhkəmlətməyə, valideynlərə hörmətlə yanaşmağa, insanlar arasında əmin-amanlıq yaratmağa çalışılmalıdır. Onlara faydalı məsləhətlər verməli, düzgün qərarlar təklif etmək, xeyirxahlıqda və təqva məsələlərində yardım göstərmək lazımdır. Bununla yanaşı onları bəd əməllərdən çəkindirməli və həm dində və həm də bu həyatda xeyirxahlığı necə əldə etməyi insanlara öyrətməlidir.
Bu yolda dəvətçi hökmən cahil insanlar tərəfindən məruz qalacağı haqsızlıqlara səbr etməlidir. Buna görə Fövqəluca Allah belələrindən üz döndərməyi və nadanlıqda onlara bənzəməməyi əmr etmişdir. Əgər müsəlmanı söz və ya əməllə incidirlərsə, onda o, belə təhqirlərə təhqirlə cavab verməməlidir.  Əgər onu haqqından məhrum edirlərsə, o, onu incidənin özünü onun haqqından məhrum etməməlidir. Əgər onunla qohumluq əlaqə­lərini kəsirlərsə, yaxşı olardı ki, o, onları bərpa etməyə səy göstərsin. Əgər onunla ədalətsiz davranırlarsa, o, buna baxma­yaraq ədalətsizlik etməməli və qərəzkar olmamalıdır.  O ki, qaldı cinlərdən olan şeytanlara, bu barədə Fövqəluca Allah belə buyurur:

      ﭿ          ﮃﮄ       
(7.200) “Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) Eşidəndir, Biləndir!” 

Səni yaxşı əməllər etməkdən  saxlamağa və ya cinayətə yönəltməyə cəhd göstərmək istəyən şeytanın təhrikini hiss edən kimi, kömək üçün  Allaha sığın və Ondan səni qorumasını dilə. Həqiqətən, O, sənin dediklərinin hamısını  eşidir, sənin niyyətlərini və zəif yerlərini bilir. O, sənin nə dərəcədə səmimi qəlblə Onun Himayəsinə can atdığını bilir və O, səni şeytanın təhriklərindən və azğınlıqlarından hökmən qoruyacaqdır.
Fövqəluca Allah buyurur:         

                           

(7.201) “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmə­tini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar”.

Hər bir adam öyüd-nəsihətləri unudaraq, əl çəkmədən onun ardınca gedən və onu qəfildən yaxalayan şeytanın təhriklərinə uya bilər.  Şeytana təqvalı qulu yoldan çıxarmaq müyəssər olduqda, o, o saat Allahı xatırlamağa başlayır. Məhz bu xüsusiyyəti onu azğın günahkarlardan fərqləndirir. Mömin insan günah etdiyini və şeytanın onu haram əməllər törətməyə sövq etdiyini və ya ona vacib bir hökmü yerinə yetirməyə mane ola bildiyini başa düşəndə, o, bunun səbəbləri üzərində düşünməyə başlayır. O, şeytanın ona necə və hansı tərəfdən yaxınlaşması üzərində fikirləşiir. O, Allah qarşısında olan öz vəzifələrini və dinin tələblərini yadına salır və bunun nəticəsində o yoldan çıxarıldığını dərk edir və bağışlanması haqqında Allaha dua etməyə başlayır və buraxdığı nöqsanların üstünü Allaha səmimi tövbə etməklə və çoxsaylı xeyirxah əməllər etməklə örtsün. O, şeytanı məyus edib kədərləndirir və onun bütün əldə etdiklərini dağıdır.

                

(7.202) “...Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya şeytanların yaxalarından əl çəkməzlər)”.

Şeytanların qardaşları və əlaltıları  günah işlətdikdə, şeytanlar onların azğınlığını daha da gücləndirir və onları yeni-yeni günahlar törətməyə təhrik edirlər. Onlar itaətsizlik göstərməkdən əl çəkmirlər, şeytanlar da onları azdırmaqdan əl çəkmirlər. Şeytanların elə istədiyi də budur, onlar isə asanlıqla tabe olurlar və daima cinayətlər törədirlər.

                 ﮤﮥ                    ﮭﮮ                    
(7.203) “(Ey Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklə­rinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? – deyə soruşarlar. De: “Mən ancaq Rəbbimdən mənə vəhy edilən­lərə tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (gön­dərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir”.

Ey Muhəmməd! Səni yalançı sayan kafirlər doğru yolu və haqqı göstərən ecazkar ayələri görsələr də öz inadlarından əl çəkməyəcəklər.  Sən onlara haqlı olmağını təsdiq edən hər hansı möcüzələr göstərsən belə, onlar sənə itaət etməyəcəklər. Əgər sən onlara istədiklərini göstərməsən, onlar səndən elə narazılıq edəcəklər ki, guya bu möcüzələri sən yaradırsan və məxluqları sən idarə edirsən. Onlar başa düşmürlər ki, sən hakimiyyət sahibi deyilsən və ayələri özün yaratmırsan.
Onlara de: “Mən təkcə Rəbbimin mənə nazil etdiklərinə uyğun hərəkət edirəm. Mən – Rəbbimdən asılı qulam. Möcüzələri, şəraitə uyğun olaraq Öz İlahi müdrikliyi əsasında göstərən və nazil edən təkcə Allahdır. Əgər siz zaman keçdikcə yox olmayan və bütün zamanlar üçün inandırıcı dəlil ola bilən möcüzə görmək istəyirsinizsə, bu Əzəmətli Qurana diqqət yetirin. O – Allahın niyyətinə və bəşəriyyətin ən ümdə arzularına nur saçan müdrik Nəsihətdir”.
Quran bir dəlildir və özü də dəlilini izah edir. Əgər insan onun üzərində düşünərsə, ona aydın olar ki, o, Müdrik və Həmdəlayiq Allah tərəfindən nazil edilmişdir. Yalan ona nə pndən, nə də arxadan yaxınlaşa bilməz. O, həqiqəti onunla rastlaşan hər bir kəsə çatdırır, lakin insanların əksəriyyəti ona inanmaqdan boyun qaçırırlar.
Əgər insan iman gətirirsə, o, Quran ayələrinin sayəsində azğınlıqdan doğru yola çıxır, Alahın mərhəmətini qazanır və bəlalardan xilas olur. Bax elə buna görə, vəhyləri əsas tutan və Quranın hökmlərini yerinə yetirən mömin həm bu dünyada və həm də Axirət həyatında xoşbəxtdir. Kafirlərə gəldikdə isə, onlar hər iki dünyada bədbəxt və azğın insanlardır.
 
                                
(7.204)  “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”

 Bu hökm Quranın oxunuşunu eşidən hər bir şəxsə aiddir. Hər bir müsəlman Allahın Kitabını dinləməli və bu zaman sakitliyə riayət etməlidir. Sakitliyə riayət etmək dedikdə, insanı ayələri dinləməkdən yayındıran bütün danışıqlara və işlərə ara verilməsi nəzərdə tutulur. Dinləmək dedikdə isə, vəhylərə diqqətlə qulaq asılması və onların üzərində düşünülməsi nəzərdə tutulur. 
Əgər insan, yanında Allahın ayələri oxunduqda bu iki hökmü yerinə yetirirsə, o, çox böyük fayda əldə edir və geniş biliklər qazanır. O, imanını kamilləşdirir, doğru yolda möhkəm­lənir və dini məsələlərdə bəsirəti daha da artır. Buna görə, Allah Onun mərhəmətini qazanmağı bu iki hökmlə bağlamışdır. Əgər insan Quran ayələri onun yanında oxunarkən onları dinləmirsə və sakitliyə riayət etmirsə, onda o, ən böyük nemətdən və ən əzəmətli mərhəmətdən məhrum olurlar.
Bilmək lazımdır ki, namaz qılınan zaman səslə oxunan Quran ayələrinə diqqət yetirmək və sakitliyə riayət etmək hökmü daha vacibdir. İmam Quranı səslə oxuduqda, onun arxasında dayananlar onu sakitcəsinə dinləməlidirlər. Bəziləri hətta belə hesab edirdilər ki, bu zaman susmaq “əl-Fatihə” surəsini oxu­maqdan üstündür.


                                       

(7.205) “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldır­madan ürəyində Rəbbini yad et və qafillərdən olma!”

 Allah Öz qulu və Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və bütün qalan insanlara bildirir ki, Onu səmimiyyətlə xatırlasınlar. Bunu qəlblə və ya dillə etmək olar, amma yaxşı olardı ki, hər iki zikr formasından birlikdə istifadə edilsin. Allahı mütiliklə xatırlamaq – Onun qarşısında müxtəlif duaları itaətkarlıqla təkrarlamaq demək olduğu halda, Onu qorxaraq yad etmək, Onu qəlbdə dərin ehtiramla zikr etməklə bərabər, yaxşı əməllərinin qəbul  edilməyə biləcəyi təhlükəsini unutmamaq deməkdir.
İnsanın Allah qarşısında hiss etdiyi qorxunun əlaməti, onun hər bir təşəbbüsündə özünü büruzə verən  səmimiyyətə və kamilliyə nail olmaq üzrə göstərdiyi səy və can yandırmasıdır.
Namazları mülayim, mötədil səslə oxumaq lazımdır. Namaz zamanı səsi bərk qaldırmaq və ya səssiz oxumaq lazım deyil. Ən yaxşısı orta mövqe tutmaq və həddi aşmamaqdır. Allahı xatırlamaq (zikr etmək) üçün ən münasib vaxt səhərlər və gün batmazdan qabaqdır, çünki bu – gecə-gündüzün ən yaxşı vaxtıdır.
Allah qullarına Onu unutmağı qadağan etmişdir, çünki bunun əvəzində cəza olaraq O, onları öz-özlərini unutmağa məcbur edəcəkdir. İnsanlar belə rəftar etdikdə özlərini həm bu dünyada və həm də ölümdən sonra hər cür nemətdən məhrum edirlər. Onlar Allahı xatırlamaqdan üz çevirir və onlara xoşbəxtlik və uğur gətirən ibadətdən boyun qaçırırlar. Bununla yanaşı onlar, bədbəxtliyə və ümidsizliyə məhkum edən nə varsa,  ona doğru can atırlar.


                                     ﯿ

(7.206) “Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!”

Fövqəluca Allah xəbər verir ki, Onun qulları arasında daima Ona ibadət və xidmət edən mələkləri vardır. İnsanlar bilməlidirlər ki, Allah onlardan ibadət etməyi ona görə tələb etmir ki, ibadət edənlərin sayını artırsın və ya alçaldılmadan və acizlikdən xilas olsun. O, Ona ibadət etməyi ona görə əmr edir ki, ibadət edənlər bundan faydalansınlar və onların yaxşı əməllərinin dəyərini dəfələrlə üstələyən mükafat ala bilsinlər. Buna görə, O, bəyan edir ki, Ona yaxın olan mələklər və Onun Kürsüsünü daşıyanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər, Onun qarşısında müti olarlar və Onun hər hökmünü yerinə yetirirlər. Onlar gecə-gündüz Ona həmd edir, Onun qarşısında səcdə qılır və Ona şərik qoşmurlar. Yerdə qalan digər qullara gəldikdə isə, onlar alicənab mələklərdən nümunə götürməli və Hərşeydənxəbərdar Hökmdara yorulmadan ibadət etməlidirlər.



[1] Bu hərəkət, hələ ayaq üstə durmağa alışmamış körpə uşağın yanları üstə bardaş quraraq  yanları üstə hərəkət etməsinə bənzərdir. F.S.

Комментариев нет:

Отправить комментарий