воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 2-ci parça

MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI

(Bir tələbənin qələmindən)

Müəllifin adı əş-Şeyx Əbu Abdullah Əbdür­rəh­man b. Nasir b. Abdullah b. Nasir Ali Səədidir, Təmim qəbiləsin­dəndir. Əl-Qasım bölgə­sinin şəhərlə­rindən biri olan Uneyzə şəhərində 12 Muhərrəm 1307-ci hicri tarixində dünyaya gəlmiş­dir. Onun cəmisi dörd yaşı olanda anası vəfat etmiş, üç ildən sonra isə atası dün­ya­sını dəyişmişdi. Uşaq yetim böyümüş, lakin mükəmməl tərbiyə almışdı. Onun kəskin ağlı və biliklər əldə et­məyə olan böyük arzusu ətrafdakıların diqqətini cəlb etmişdi. Atasının ölümün­dən sonra, o, Quranı öyrən­mə­yə və onu əzbərləməyə başladı. On bir yaşında olarkən, o artıq Quranı bütövlüklə gözəl tərzdə əzbər bilirdi. O, doğma şəhərinin alimlərindən şəriət elmlərini öyrənir və Uneyzəyə gələn şəxslərin mühazirə­lərinə gedirdi. Öz səyləri sayəsində hər bir şəriət elmini yaxşıca mənimsəməyi bacardı və onun iyirmi üç yaşı tamam olanda o, şəriət elm­lərini başqalarına tədris etməyə başladı. Buna baxmaya­raq, o, biliklərini dərinləşdir­mək­dən əl çəkmir və vaxtını boş keçirmirdi. Hicri 1350-ci ilədək o, artıq öz şəhərinin görkəmli alimlə­rin­dən biri olmağa nail olmuşdu, gənc tələbələr isə ancaq onun şagirdləri sırasına düşməyə can atırdılar.

Müəllifin müəllimlərindən bəziləri
İlk dəfə ona Müqəddəs Quranı öyrədən müəllimi şeyx İbrahim b. Həməd b. Casir olmuş­dur. Əbu Abdul­lah müəlliminin Muhəmməd Peyğəmbərin (s.ə.s.) hə­dislərini gözəl bilməsindən həmişə vəcdə gəlir və onun təqvalılığın­dan və habelə yoxsullara göstərdiyi məhəb­bətindən və rəhmdilliyindən tez-tez danışardı. O, xatır­layırdı ki, bir dəfə soyuq qış günlərinin birində şeyxin yanına bir kasıb gəlmişdi. Həmin gün müəllimin əy­nində iki köynəyi vardı və onlardan birini çıxarıb, hə­min şəxsə hədiyyə etdi, baxmayaraq ki, özü varlı adam deyildi, o köynəyə özünün də ehtiyacı var idi. Allah ona rəhmət etsin!
Əbu Abdullahın digər müəllimi, ona İslam fiqhi­ni, ərəb dilini və digər elmləri öyrətmiş şeyx Muhəmməd b. Əbdülkərim əş-Şibal idi. Uneyzə şəhə­rinin sabiq hakimi şeyx Salih b. Osman ona tövhiddən, Quran təfsirindən, fiq­hin əsasları və qanunlarından və həmçinin ərəb dilindən dərs demişdi. Öz biliklərinin ən çoxunu məhz ondan əldə etmişdi və o ölənə qədər, onu getdiyi bütün yerlərdə müşayiət edərdi.
Bunlarla yanaşı o, şeyxlər Abdullah b. Ayi­din, Səəbə əl-Kuvey­cirinin, Əli əs-Sənaninin və Əli ən-Nasir Əbu Vadayın yanında da təh­silini artır­mışdır. Sonuncu ona hədis elmini, altı əsas hədis toplusunu və bir çox digər hədislıri öyrətmiş və onu müvafiq şəha­dətnamələrlə təltif etmişdi.
Onun müəllimləri arasında məşhur alim Muhəmməd b. Əbdüləziz əl-Muhəmməd əl-Məəni də olmuşdur ki, o, ona Uneyzədə dərs demişdir. Şeyx Muhəmməd əş-Şənqıti onun doğma şəhərinə gəldikdə isə, o, onun Quranın şərhinə, hədis və terminologiyası haqqında elmə və həmçinin ərəb dilinin qrammati­kasına və morfologiyasına həsr olunmuş mühazirə­lərində iştirak etmişdir.

Onun xoşxasiyyətliliyi haqqında
Əbu Abdullah çoxsaylı gözəl keyfiyyətlərə ma­likdi və olduqca təvazökar adamdı. O, uşaqlar və qoca­larla, varlı­lar və kasıblarla rəftarında özünü çox sadə aparardı. O, vax­tı­nın bir hissəsini onunla söhbət etmək istəyənlərə sərf edərdi və bu söhbətlər isə həmişə dini səciyyə daşıyardı. O, dini və ictimai məsələləri müza­kirə etməyi sevərdi və qonaqları onun söhbətlərindən və xütbələrindən özləri üçün faydalı nəticələr çıxarardılar. Hətta onun adicə söhbətləri belə çox vaxt dini məclislərə çevrilərdi. O, müxtəlif insanlarla ümumi dil tapmağı bacarardı və həmişə söhbətləri üçün elə mövzular seçərdi ki, onlar müsahiblərinə həm bu həyatda və həm də Axirət həyatı üçün fayda gətirə bilərdi. Adamlar ona bir mübahisəni həll etmək üçün müraciət etdikdə, o, elə bir ədalətli qərar çıxarardı ki, hər iki tərəfi razı salardı.
Şeyxin kasıblara, ehtiyacı olanlara və imkansız mü­sa­fir­lərə rəhmi gələrdi və öz imkanları daxilində onlara kömək əlini uzadardı. Münasib şərait yarandıq­da, o, xeyirxahlıq etmək istəyən insanları ehtiyacı olanlara yardım göstərməyə çağırardı. O, həqiqətən namuslu, saf qəlbli, təmiz və başladığı hər hansı bir işi vicdanla yerinə yetirən  bir insandı. Onu haqlı olaraq ən savadlı və ən ağıllı insan­lar­dan biri sayırdılar. O, öz əlaçı tələbələrinin təfəkkürünü iti­ləş­dirməkdən ötrü onların arasında tez-tez müzakirələr apa­rardı və hətta dini mətnləri yaxşı əzbərləyənlər üçün müka­fat təyin edərdi.
O, tələbələrinin sonrakı dövr üçün təlimini davam etdirməkdən ötrü zəruri olan faydalı kitabları seçərkən onların özləri ilə tez-tez məsləhət­ləşərdi. Həm də bu zaman, o, şagirdlərinin əksəriyyətinin rəyinə üstünlük verər, rəylər bərabər olduqda isə, özü qərar qəbul edərdi. Heç vaxt onun məşğələləri, hətta onlar uzun müddət davam etsə də belə, tələbələrini usandırmazdı, çünki dərsində iştirak edənlərin hər biri keçilən mövzular­dan məmnun qalardılar. Allah, bizə və bütün iman sahiblərinə öz vaxtımızı ən yaxşı istifadə etməkdə və puç olmayan xeyirxah əməllər ehtiyatı qazan­maqda yar olsun!

Onun dərin bilikləri haqqında
Şeyx İslam hüququnun əsasları və hökmlərinə hərtə­rəfli bələd idi. Öz müəllimlərinin getdiyi yolu davam etdirə­rək, o, gəncliyində Hənbəli fiqhi təliminin tərəfdarı idi və bu dini məktəbin bir-neçə aliminin əsərlərini əzbərləmişdi. Elə o vaxt İslam fiqhinə həsr etdiyi bir əsər və rəcəz ölçüsündə, təxminən 400 beytdən ibarət şer yazmışdı. O, həmin əsərinə qısa şərh tərtib etmiş, amma sonralar onu nəşr etdirməmişdi, çünki o əsər onun əvvəlki baxışlarını əks etdirirdi.
O, üzün müddət İbn Teymiyyənin və onun şagirdi İbn əl-Qeyyimin və həmçinin çoxsaylı digər müəlliflərin əsərlərini öyrən­mişdi. Tövhid sahəsində, Quran təfsirində, şəriət hüququnda və digər faydalı elm sahələ­rində dərin bi­lik­lər əldə edərək, o, ancaq Hənbəli təlimi baxışlarına istinad etməyi tərk etdi və ancaq müqəddəs mətnlərə əsaslanan rəyləri üstün tutdu. Buna baxmayaraq, o, bir sıra ifrata mübtəla olan şəxslərdən fərqli olaraq, ənənəvi fiqh məktəb­lə­rinin tərəfdarlarına heç vaxt həqarətlə yanaş­mazdı. Allah bizə də həmişə doğru yol tutmaqda kömək olsun!
O, Quranın təfsir edilməsi sahəsində böyük yüksək­liklərə nail oldu və bir sıra müxtəlif təfsirləri öyrəndi, bu ecazkar elmi mənimsəyərək, Quranın bir-neçə cilddən ibarət gözəl şərhini yazdı. Bu əsər xüsusi hazır­lıq görülmədən yazılmışdır, çünki müəllifin nəinki daha geniş və təfərrü­atlı şərh yazmaq üçün və hətta başqa əsərlər yaratmaq üçün də kifayət qədər vaxtı yox idi. O, çox vaxt ayələri birbaşa dərsdə hazırlıqsız təfsir edir və şagirdlərinə Quran ayələrinin mənasını və faydasını açıqlayırdı. O, ayələrin əsil mənala­rı­nı dərk etməyə, onların əsasında çoxlu faydalı nəti­cə­lər  çıxar­mağa nail olmuşdu və məhz buna görə onun dinləyi­ciləri heç vaxt müəllimlərinin susmasını istəmirdilər, çünki onun nitqi valehedici, dəlilləri və nəql etmə üsulu isə inandırıcıydı. Onun mühazirələrində iştirak edən və ya onunla birlikdə şəriət məsələlərini müzakirə edənlər onun hərtərəfli dərin biliklərinin şahidi olurdular. Eyni fikri onun əsərləri və fitvaları ilə tanış olan hər bir şəxs haqqında demək olar.

Müəllifin əsərləri
1. “Mərhəmətli və Rəhmli olandan asanlaş­dırma” Müqəddəs Quranın təfsiri. Bu kitab üzə­rində iş 1344 h. il­in­də bitirilmişdir.
2. “Hənbəli məktəbinin istifadə etdiyi bütün kitab­larını tamamlayan şəriət hüququnun təfsiri”. Bu əsər nəşr olunmamışdır.
3. “Ən qısa və yüngül yolla şəriət hüququnu öyrənən ağıllı və sağlam düşüncəli insanlar üçün təlimat”. Suallar və cavablar formasında tərtib edilmiş bu kitab “Mətbəət ət-tərəqqi” nəşriyyatı tərəfindən 1365-ci hicri ilində Dəməşqdə mü­əl­lifin vəsaiti hesabına nəşr edilmişdir və pulsuz paylan­mışdır.
4. “İslamın üstünlüklərinin qısa izahlı incisi”. Bu kitab “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-ci h. ilində çap edilmişdir.
5. “Dövrə uyğun gələn faydalı xütbələr”. Şeyx öz şəhərində xütbə demək haqqına malik olduqdan sonra, o, hər cümə və bayram günlərində öz zamanına uyğun olan və insanların başa düşməsinə ehtiyac duyduqları mühüm məsələlərə aid xütbələrlə çıxış etməyə çalışırdı. Sonralar o, bu xütbələri toplayaraq öz vəsaiti hesabına əvvəlki kitabla birlikdə “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında çap etdirmiş və pulsuz paylamışdır.
6. “Quranın təfsirinin gözəl prinsipləri”. Bu kitab da “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-cı h. ilində nəşr olunmuş və pulsuz paylan­mışdır.
7. “Dinin, onun daşıyıcılarının və ardıcılla­rının əl-Kuseyminin iftiralarından qorun­ma­sı”. Bu kitab “Dar əl-Kutub əl-Ərəbiyyə” nəşriy­yatında Hicazda məşhur olan şeyx Muhəmməd Əfəndi Huseyfanın ianəsi hesabına 1366-cı h. ilində nəşr edilmişdir.
8. “Açıq və aydın həqiqət və ya peyğəmbər­lərin və elçilərin tövhidinin təfsiri”.
9. “İnandırıcı və qənaətbəxş izah”. Bu kitab şeyx İbn əl-Qeyyimin “ən-Nuniyyə” adlı qəsidəsinə yazılmış şərhdir.
10. “Müsəlmanlar arasında qarşılıqlı kömə­yin zəru­riyyəti və dini mübarizə məsələsi”. Son üç kitab Qahirədə “əl-Mətbəə əs-Sələfiyyə” nəşriyya­tında müəllifin vəsaiti hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
11. “Tövhidin məqsədləri haqqında sağlam söz”. Bu kitab Misirdə “Mətbəət əl-İmam” nəş­riyyatında şeyx Əbdülmöhsün Əbu Battının ianəsi hesabına 1367-ci h. ilində  nəşr olunmuş.
12. “İslam hüququ prinsiplərinin qısa izahı”. Nəşr olunmamışdır.
13. “Quranın təfsirinin mahiyyəti haqqında Bəsirətli­dən yüngülləşdirmə”. Bu kitab “Mətbəət əl-İmam” nəşriyyatında müəllifin və bir qrup xeyriyyəçinin ianələri hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
14. “Çiçəklənən bağlar”. Bu kitab ilk dəfə olaraq “Mətbəət əl-İmam” nəşriyyatında çap olunmuşdur.
Şeyxin çoxsaylı yazılı qeydləri və onun Uneyzə və digər vilayət­lə­rin sakinlərinin suallarına verdiyi cavabları qorunub saxlanılmış­dır. Bun­dan başqa, onun əlinə düşmüş müxtəlif kitabların kənarlarında qeydlər var­dır. Onun üçün yazmaq heç bir çətinlik törətmirdi və buna görə də onun çoxlu fitvaları və əsərləri böyük topludan ibarətdir. O, məşhur İbn Əbdülqavinin poetik əsərinin üzünü köçürmüş və ona şərh yazmaq niyyətində idi, sonra bunun çətin olacağı qərarına gəldi və onu “əl-İnsaf” kitabı ilə birləşdirdi və onları öz əli ilə köçürmüşdü ki, insanlar asanlıqla oxuya bilsinlər. Bu əsəri xatırlatdığımız şerlərə şərh kimi adlandırmaq olardı, lakin biz bunu onun əsərlərinə aid saymadıq.
Əsərlərini yazarkən şeyxin ən ali məqsədi bilikləri yaymaq və haqqa dəvət etmək idi və buna görə də o, hər cür imkandan istifadə edərək, əsərlərini nəşr etdirməyə çalışırdı. O, bunların vasitəsilə keçici dünyəvi nemətlər əldə etməyə və varlanmağa can atmırdı. O, kitablarını pulsuz paylayır ki, bütün bilik arzu edənlərə faydalı olsun. Qoy Allah İslam və bütün müsəlmanların adından ona savab versin, bizi isə ancaq xeyirxah əməllər işlətməyə yönəltsin!

Şeyxin vəfatı
Öz həyatını bütünlüklə elmə həsr edərək, Əbu Abdullah Əbdürrəhman b. Nasir əs-Səədi 69 yaşında vəfat etdi. Bu, onun doğma şəhərində 1376-cı hicri ilində baş verdi. Allah ona rəhmət etsin!


ŞƏRHÇİNİN ONLARSIZ KEÇİNƏ BİLMƏYƏCƏYİ
QURAN TƏFSİRİ QAYDALARI

İsim inkaredici, qadağanedici mətndə, sualda və ya şərti cümlədə qeyri-müəyyən halda işlədil­dikdə, o, ümumi məna daşıyır və yiyəlik halla müəyyənləşdirilən söz tək sayla işlədildikdə də, o, yenə ümumi məna kəsb edir. Buna nümunələr olduqca çoxdur. Əgər sən, yuxarıda sadaladığı­mız mətnlərin hər hansı birində qeyri-müəyyən halda olan isimlə və ya tək sayda müəyyən yiyəlik halında müəyyən formada olan isimlə rastlaşsan, ayədən çıxarılan istənilən nəticələri, onun nazil olduğu səbəblə özünü məh­dud­laşdır­mayaraq, düzgün saya bilərsən, çünki bu halda ayənin nazil edilməsinin konkret səbəbi deyil, onun ümumi mənası əhəmiyyət kəsb edir.
Baş verən və baş verəcək bütün hadisələri və hərə­kətləri sən Quranın ümumi məna daşıyan ayələri ilə müqayisə etməlisən və məhz onda sənə aydın olacaq ki, Quran mövcud olan hər şeyi izah edir. Hər hansı bir hadisənin hər hansı bir şəraitdə baş verməsinə baxmayaraq, Quranda onların izahı və şərhi hökmən tapılacaqdır.
Təfsirin əsas müddəalarına həmçinin aid olan törəmə sözlərin və ya əşya qruplarının qabağında müəyyən artikllə­rin qoyulmasıdır. Belə ayə özündə hər hansı mümkün ola bilən mənanı ifadə edir.
Ümumi anlayışlara aid olanlar – Quranın Tək Allaha imanı təbliğ etməsində və Onun adları, sifətləri və əməl­ləri vasitəsilə dərk etməyə yardım göstərməsindədir. Bütün bunlar sübut edir ki, Allah – Vahid Rəb­dir və kamil sifətlərə malik olan misilsiz Hökmdardır. Müqəddəs Qurana uyğun olaraq Allah və Ona ibadət haqdır, amma qalan digər tanrıçalara ibadət yalan və faydasızdır. Bununla əlaqədar olaraq, Quran Allahdan başqa ibadət olunanların hərtərəfli qüsur və çatışmazlıq­larını üzə çıxardır.
Quran həm də Muhəmməd Peyğəmbərin (s.ə.s.) gətirdiyi hər şeyin gerçəkliyini və doğrulu­ğunu xüsusilə vur­ğulayır və həmin biliklərin mükəmməlliyini və düzgünlü­yünü, onun hekayətlə­rinin həqiqiliyini və hökmlərinin gö­zəl­liyini izah edir. Quran, Allahın Elçisinə (s.ə.s.) xas olan bəşər kamilliyini göstərir. Ona qədər yaşayanlardan belə yüksəkliyi qazanmaq heç kimə nəsib olmamışdı və ondan sonra dünyaya gələnlərə də nəsib olmaya­caqdır. Quran bütün kafirlərə meydan oxuyur və onlara, əgər onlar doğru danışanlardırsa, bu Kitaba bənzər bir şey yazmalarını təklif edir.
Elçinin (s.ə.s.) doğruçuluğu Allahın şəhadəti ilə təsdiq olunur ki, bunlar da Onun sözlərində, əməl­lərində və Peyğəmbərinin (s.ə.s.) hərəkətlərini bəyən­məsində öz əksini tapır. Allah onun (s.ə.s.) doğruçu­lu­ğunu sübut və dəlilləri ilə və habelə ona göstərdiyi köməklə və bəxş etdiyi qələbə ilə təsdiq etmişdir. Bu, qərəzsiz üləmalar tərəfindən də təsdiq edilir. Quran bu barədə xəbər verərək, onun gətirdiyi həqiqi hekayətləri və hökmlə­rini, onu yalançı adlandıran düşmən­lərinin yalançı nağılları və qüsurlu qanunları ilə müqayisə edir. Bunlar da onun (s.ə.s.) göstərdiyi müx­tə­lif səpkili möcüzələrlə öz təsdiqini tapır.
Allah dirilmənin həqiqiliyini izah edərkən, Özü­nün kamil qüdrəti ilə göyləri və yeri yaratmasını xatır­­ladır. Axı onları yaratmaq, həqiqətən, insanı yaratmaq­dan daha mürək­kəbdir. O, bunu həm də onunla izah edir ki, məxluqu yaradan, onu, xüsusi zəhmət çəkmə­dən bir daha təkrar yarat­mağa qadirdir, cansız yerə həyat verən, ölü insanları diriltməyə də qadir­dir. Allah xatırladır ki, müxtəlif xalqlar elə bu dünyada ikən ibrətamiz cəzalara layiq görülmüşdülər, çünki bu, Axirət dünyasında veriləcək əvə­zin necə olacağı nümunəsi idi.
Allah dinin üstünlüyünü xatırladaraq bütün yalan tərəfdarlarını, kafirləri, bütpərəst­ləri və allahsızları iman gətirməyə çağırır və bəyan edir ki, din düzgün baxışlar, nəcib əxlaq və saleh əməllər öyrədir. Bu məqsəd üçün O, Özünün əzəmətindən, hökmranlı­ğın­dan bəhs edir və Özünün böyük mərhəmətini yada salır və bildirir ki, əgər O, Tək­likdə mütləq kamilliyə malikdirsə və Öz qullarını lütfü ilə mükafatlandırırsa, onda, Ondan başqa heç kim qullarının ibadətinə layiq deyil. Yalan tərəfdarlarına gəldikdə isə, öyrənilməsi və nəzərdən keçirilməsi zamanı onların baxış­larının islahedilməz, qüsurlu olması və nəticələrinin isə dəhşətli mahiyyəti üzə çıxır.
Təfsirin əsas müddəalarına həm də sənin gözəl ayələrin mənalarını onların uyğunluğuna və məzmunlarına görə aydınlaşdırdıqların da daxildir və sən bilməlisən ki, bu mənalardan məcburi nəticələr, onların məcburi əlavələri, onların şərtləri və onların nəticələri bu mənalarla bərabər nəzərdən keçirilməlidir. Əgər hekayət əlavələrsiz bitmiş alın­mırsa, onda o, onlarla birlikdə baxılmalıdır. Əgər hökm əlavəsiz bitkin hesab olunmursa, onda o da bu hökmlə birlikdə gözdən keçirilməlidir.
Bilmək yerinə düşərdi ki, əgər bəzi ayələr ziddiyyətli və bir-biri ilə uyuşmayan kimi görünsə də, əslində onların arasında heç bir təzad yox­dur. Əksinə, onları bir-biri ilə müvafiq qaydada müqa­yisə etmək lazımdır. Həm də bilmək vacibdir ki, əlavələrin və digər asılı sözlərin buraxılması ayənin ümumi məna daşıdığını göstərir. Bu, bəzi sözlərin buraxılmasının böyük hikmətlərdən biri olmasını bildirir. Lakin sözlərin mətndən irəli gəlməyən buraxılışı yolverilməzdir. Bir də bilmək lazımdır ki, əgər hökmlər müəyyən şərtlər və şəraitlə konkret­ləş­dirilmişdirsə, onda bu konkret şərtlər hökmün qüvvəyə minməsi üçün zəruridir.
Hər hansı bir hökm onun əksinin həyata keçiril­məsinin qadağan olunduğunu və hər hansı qadağa da[1] zidd olan bir hərəkətin icrasına verilmiş hökmü nəzərdə tutur. Əgər Allah Özünü təriflə­yə­rək, Onda hər hansı bir çatışmazlığın olmasını inkar edirsə, bu o deməkdir ki, O, həmin əskikliklərə zidd olan kamil keyfiyyətləri təsdiq edir. Əgər O, Öz elçilə­rini və ya əməlisaleh dostlarını tərifləyərək, onlarda hər hansı bir  çatış­maz­­lığın olmasını inkar edirsə, bu o deməkdir ki, onlar bu çatışmazlığa zidd olan tərifəlayiq keyfiyyətlərə malik­dirlər. Beləliklə də, Cənnətdə qüsurların olmasının inkar edilməsi, ona tamamilə əks keyfiyyətlərin xas olmasını sübut edir.
Ümumi məfhumlara aid olanlar sırasına həm­çinin haqqın izah edilməsi və aydınlaşdırılması daxil­dir. Çünki bu halda, yəni izah edilmiş və aydın olanın barəsində elmi mübahisələrdə yenidən hö­cət­ləşmək, ona etiraz etmək qətiyyən yolverilməz­dir. Əslində, ona qarşı istənilən müqavi­mət əbəsdir və istənilən mübahisələr faydasızdır.
Quranın rədd etdiyi hər hansı məfhum ya mövcud olmayandır, ya da mövcudluğuna baxma­yaraq, heç bir fayda verməyəndir. Şübhəli ehti­mal­lar aydın biliklərə qarşı dura bilməz, naməlum hal­lar isə təsdiq olun­muş faktlara qarşı güc gələ bil­məz və haqqa aid olmayan nə varsa – yanlışlıqdır.
Allah Quran ayələrinin çoxunda iman saleh əməllər haqqında bəhs edir və onları bu dün­yada və Axirətdə veriləcək əvəzlə əlaqələndirə­rək, onların çoxsaylı xeyirli nəticələri barədə xəbər verir. İman adı altında Allahın və Onun Elçisinin (s.ə.s.) inanılmasına hökm verdikləri və əməl­lərlə təsdiq olunan hər şeyə möhkəm əminlik nəzərdə tutulur. Əməlisaleh əməllər dedikdə isə Allahın və Onun qullarının qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi başa düşülür. Allah təqvalı olma­ğı əmr etmiş, təqvalı qullarını tərifləmiş və nemət­lər əldə edilməsini və xoşagəl­məz­liklərdən xilas olunmağı bu keyfiyyətlə əlaqələndir­mişdir. Ən ka­mil təqvalılıq Allahın hökmlərinin və Onun Elçisi­nin (s.ə.s.) əmrlərinin yerinə yetirilməsi, onların qadağanlarından qaçınılması və onların sözləri­nin doğ­ru­luğuna iman gətirilməsidir.
Əgər Allah eyni zamanda həm təqvalılığı və həm də xeyirxahlığı xatırlayırsa, onda təqvalılıq adı altında hər hansı itaətsizlikdən çəkinmək, xeyirxah­lıq adı altında isə saleh əməlləri yerinə yetirilmək ehtiva edilir. Bu anlayışlar ayrı-ayrılıqda işləndikdə isə, onların hər biri digərini özündə əks etdirir.
Allah Quranın çox yerində doğru yol tərəf­darı olmağın zəruriy­yətini qeyd edir və belələrini tərifləyir. O, xəbər verir ki, məxluqlarını düzgün yola yönəltmək haqqı təkcə Ona məxsusdur və bizə əmr edir ki, Ondan bizi bu yola yönəltməsini diləyək və bu məqsədə nail olmağa səbəb olan bütün əməlləri yerinə yetirək. Bütün bunlar düzgün biliklər əldə etmək və saleh əməllər həyata keçir­mək vasitəsilə doğru yolla getməyə aiddir. Ancaq doğru yolla gedənlər, haqqı tanıyanlar ona uyğun olaraq davranırlar. Bunun əksi isə aldanmaq və yoldan azmaqdır. Həqiqəti bilərək, ona uyğun hərəkət etməyən – aldanmışdır, həqiqəti bilməyərək hərəkət edən isə azmışdır.
Allah yaxşı işlər görməyi əmr edir və xeyir­xah qullarını tərifləyir. Onların mükafatlandırı­la­ca­ğı ayələ­rin çoxunda bildirilir. Xeyirxah o şəxs­dir ki, o, Allaha, sanki Onu görürmüş kimi ibadət edir, çünki əgər hətta o, Onu görmürsə də, O, onu görür. Bundan başqa, xeyirxah insan əlindən gələn hər şeyi ona görə edir ki, yaradılmışlara maddi və fiziki fayda verə və həmçinin sözlə kömək edə bilsin.
Allah səhvləri düzəltməyi əmr etmiş, belə davrananları tərifləmiş və bildirmişdir ki, O, onların mükafatlarının itməsinə yol verməyəcəkdir. Səhvlə­rin düzəldilməsi dedikdə insanların baxışlarının, əxlağının və əməllərinin islah edilməsi düşünülür ki, onlar möminliyin ən yüksək səviyyəsinə nail ola bilsinlər. Bu ad altında həmçinin insanların ruhani və dünyəvi həyatının qaydaya salınması, ayrı-ayrı insanların və ümumiyyətlə cəmiyyətin islah edilmə­si nəzərdə tutulur. Bunun tam əksi fasiqliyi yay­maq­dır. Allah onun yayılmasını qadağan etmişdir və onu yayanları qına­ya­raq, onlar üçün hazırlanmış çoxsaylı cəza növləri haqqında xəbər verir. O, həm də bildirir ki, belə adamların dini və dünyəvi həyatı ilə bağlı əməllərini islah etmir.
Allah əqidəli olmağın üstünlüyünü xüsusilə qeyd edir, etiqad sahibi olan insanları tərifləyir və bildirir ki, məhz onlar Quran ayələrindən və kainat­dakı möcüzə­lər­dən faydalanırlar. Etiqad - bilik for­ma­larından biri­dir. O, meyvələri əməllər və inam olan mükəmməl bilikdən ibarətdir.
Allah səbirliliyi əmr edir və səbirli qulları­nı tərifləyir. Onların bu dünyada və Axirət aləmin­də  mükafatlandırılacağı bir çox ayələrdə xatır­la­nır. Bu barədə, təxminən, doxsan yerdə qeyd olunmuş­dur. Səbirliliyin üç forması vardır: Allaha səbirlə itaət və Onun hökmlərini kamilliklə hərtə­rəfli yeri­nə yetirmək; səbirlə günahlardan çəkinmək və pis­lik etməyə can atan nəfsini itaətsizlik göstərməkdən saxla­maq və taleyin dəyişkənliklərini səbirlə və mütiliklə qarşılayıb dözümlülük göstərərək, nə dili, nə qəlbi və nə də bədəni ilə narazılıq bildirməmək.
Allah minnətdarlıq etməyin üstünlüyünü vur­ğu­layaraq, minnətdar qullarının mükafatlandı­rıla­ca­ğını xəbər verir. O bildirir ki, onlar həm bu dünyada və həm də Axirətdə ən ləyaqətli məxluqlardır. Min­nətdarlıq dedikdə, Allahın bütün nemətlərini etiraf etmək, onlara görə və onlardan Allah xatirinə istifadə üçün Ona həmd və şükür etmək, təriflər söyləmək nəzərdə tutulur.
Allah bir çox yerdə qorxuvahimədən bəhs edir və əmr edir ki, Ondan qorxsunlar və bu key­fiyyətə malik olanları tərifləyir. O, Ondan qorxan­ları mükafat­landıracağını bildirir və qeyd edir ki, məhz təqva sa­hib­ləri Onun ayələrindən faydalı nəti­cələr çıxarır və qadağan etdiklə­rin­dən uzaq durur­lar. Allahdan qorxma­nın mahiyyəti qulun Allahın qarşı­sında dayanacağı anın və Onun əzəmətinin təh­lükəsindən ibarətdir və bu qorxu hissi onu Onun qadağan etdiyi hər şeydən çəkindirir.
Ümid kəlməsinə gəldikdə isə, bu məfhumla sözün geniş mənasında Allahın mərhəmətinə və Onun qullarına yönəltdiyi xüsusi lütfkarlığına inam bəsləmək nəzərdə tutulur. İnsan ümid etməlidir ki, onun, Allahın mərhəməti sayəsində yerinə yetirdiyi xeyirxah əməllərini Allah ondan qəbul edəcək və tövbə etdiyi günahlarını da bağışlayacaqdır. O, öz ümidlərini bütün hallarda Rəbbi ilə bağlamalıdır.
Bir çox yerlərdə Allah Ona dua müraciət etmə­nin zəruriliyini də xatırladaraq, belə edənləri tərifləyir. Bütün hallarda, əgər insanın qəlbi Allaha can atırsa, o, gerçəkdən də Ona müraciət edir. Əgər insana sevinc nəsib olursa, o, Allaha üz tutaraq öz minnətdarlığını bildirir. Onun qismətinə bədbəxtlik düşdükdə, o, Rəbbinin qarşısında taleyinə boyun əyir. O, ehtiyac duyduqda tez-tez Ona dua edir. İnsan, hər an Allahı xatırlayaraq, Ona müraciət edir.
Allaha müraciət adı altında bütün günahlardan tövbə edilməsi və bütün əməllərin və düşüncələrin vasi­təsilə Ona can atılması başa düşülür. Bunun üçün bütün əməlləri və sözləri Allahın Kitabı və Onun Elçisinin (s.ə.s.) Sünnəsi müqayisə etmək və onları İslam şəriəti­nin meyarı etmək lazımdır.
Uca Allah səmimiliyi əmr edir, səmimi qullarını tərifləyir və bildirir ki, O, ancaq Onun xatirinə səmi­miy­yətlə yerinə yetirilmiş əməlləri qəbul edir. Səmi­miy­yət o zaman təbii olur ki, qul etdiyi əməl­ləri ancaq təkcə Allahın razılığını qazanmaq və mükafatına layiq görülmək üçün etmiş olsun. Bunun tam əksi, özü­nü gözə soxmaq, şöhrətpərəstlik və mənfəət güdülən məqsədlər xatirinə görülən işlərdir.
Allah təkəbbürlük göstərməyi qadağan etmişdir və, onu ifşa edərək, təşəxxüs satan dikbaş adamları qınayır. O, onların həm bu həyatda və həm də ölümdən sonra cəzalandırılacağını xəbər verir. Təkəbbürlülük, haq­dan boyun qaçırmaq və məxluqlara etinasızlıqla yanaşmaq deməkdir. Bunun tam əksi – təvazökarlıqitaətkarlıqdır. Allah təvazökar və müti olmağı buyurur, bu keyfiyyətlərə malik olanları tərifləyir və onları mü­ka­­fat­lan­dıracağını bildirir. İtaətkar qul haqqı təbliğ ed­ən­lərin hamısından onu qəbul edir və başqa yaradılmış­lara nifrət bəsləmir. Əksinə, o, onların üstünlüklərini etiraf edir və özü üçün istədiyini onlara da arzu edir.
Ədalətlilik dedikdə, Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirmək nə­zərdə tutulur. Onun əksi, ədalətsizlikdir. Bu anlayış – qulun özünün özünə günah işlətmək vasitəsilə ədalət­siz­lik etməsini, Allaha şərik qoşmasını və digər qulların həyatına, malına və namusuna təcavüz etməsini əks etdirir.
Doğruçuluq – insanın daxili aləmi ilə zahiri dav­ra­nışının eyni dərəcədə hidayət yoluna sadiq qalması­dır. Bunun əksi, yalançılıqdır.
Allahın hədləri dedikdə, Onun qadağaları nəzər­də tutulur ki, bunlar da Uca Allahın aşağıdakı buyru­ğunda öz əksini tapmışdır: “...Bunlar Allahın sərhəd­lə­ridir, onlara yaxınlaşmayın!...” (Bəqərə, 2/187). Bə­zən, bu ad altında Allahın yol və icazə verdikləri, müəyyənləşdirdiyi və əmr etdikləri nəzərdə tutulur. Bu məna aşağıdakı ayədə öz əksini tapmış­dır: “...Bunlar Allahın hüdudlarıdır, onları aşmayın!...” (Bəqərə, 2/229).
Sədaqət məfhumu altında – qula saxlamağa eti­bar edilən bütün şeylər nəzərdə tutulur. Bu anlayış, özündə Allah qarşısında, xüsusilə, insanların nəzərin­dən gizlədilən, vəzifələrin və həmçinin Onun məxluq­ları qarşısında vəzifələrin yerinə yetirilməsi­ni əks etdirir.
Müdrikliksəbatlılıq adı altında layiqincə ye­rinə yetirilən müva­fiq əməllər başa düşülür.
İsrafçılıqbədxərclik – vəsaitlərin həddən ziyadə sərf edilmə­si­dir. Bunu əksi xəsisliksimic­likdir. Bu keyfiyyətlər maddi məsuliyyət daşımaqdan boyun qaçırmağa dəlalət edir.
Bəyənilən dedikdə, şəriətin və idrakın gözəl və faydalı saydığı şey­lər nəzərdə tutulur. Onun əksi qınanılandır.
Doğru yolla getmək dedikdə, dönmədən Allaha və Onun Elçisinə (s.ə.s.) itaət etmək nəzərdə tutulur.
Qəlb xəstəliyi iki cürdür: haqqa şübhə etmək və haramlara coş­qunluqla can atmaq.
İkiüzlülük – özünü gözə soxmaq üçün nümayiş­kərana yaxşılıq etmək və şər əməli gizlətməkdir.
Quran bütövlükdə Aydın Kitabdır. Onun ayələri elə izah edilmişdir ki, onlar hamısı hikmətə uyğun, onlardakı hekayətlər ən yüksək dərəcədə doğru və onlardakı hökmlər ən ali səviyyədə gözəldir. Quran ayələri hamısı bəlağətli və gözəl olmaq baxımından bir-birinə oxşayır, bir-birini təsdiq edir və ən kamil tərzdə bir-birinə uyğun gəlir.
Eyni zamanda bəzi ayələr mənaca aydın olduğu halda, digərləri mütəşabehdir[2]. Mütəşabeh ayələr ümu­mi məna kəsb edə və ya mümkün olan təfsirlərdən ancaq birinə müvafiq gələ bilər. Aydın ifadə edilmiş ayələr tamamilə açıq və anlaşıqlı mənaya malik olur. Onları mütəşabeh ayələrlə müqayisə etdikdə, aralarında heç bir ziddiyyət yaranmır və onların əsil mənası aydınlaşır.
Quranda qeyd edilmiş Allahın məxluqlarının yanında olması iki növdür. Birinci növə aid – Onun müt­ləq elmi və məlumatlılığı ilə nail olunan ümumi olmadır. O, Öz qullarının harada olmasından asılı ol­ma­yaraq, onların yanındadır. İkinci növ isə, xüsusi olmaya aiddir. Bu zaman Allah Öz hüzuru ilə seçilmiş məxluqlarına kömək edir, mərhəmət göstərir və onları qoruyur.
Namaz və dua ibadət məqsədi ilə yerinə yetirilən ayinlərdir. Allahın və Onun Elçisinin (s.ə.s.) buyurduğu bütün ibadət ayinləri onların gerçəkləşdirilməsi vasitəsi ilə həyata keçirilir. Bu ayinlərə həmçinin xeyir əldə et­mək və şərdən xilas olmaq üçün edilən dualar da daxil­dir.
Xeyirli ifadəsi altında hər cür gözəl və faydalı olan, o cümlədən, dini etiqad, əxlaq prinsipləri, əməllər, yeməklər, içkilər  və ya qazanılmış var-dövlət nəzərdə tutulur. Bunun ziddi – pisdir. Bəzən pis sözü ilə hər cür yaramaz şeylər, xeyirli sözü ilə bütün yaxşı şeylər ifadə edilir. Həmin mənada bu söz aşağıdakı ayədə istifadə edilmişdir: “Ey iman gətirənlər! Qazandığınız və si­zin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşı­sın­dan Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın...” (Bəqərə, 2/267).
İanələrməsrəflər adı altında həm məcburi xərclər, məsələn, zəkat, fidyə, maddi cəhətdən özünü təmin etmə, ailəni və qulları saxlamaq üçün xərclər və həm də nafilə xərclər, məsələn, istənilən xeyriyyə məqsədləri üçün çəkilən xərclər nəzərdə tutulur.
Allah buyurur ki, Ona təvəkkül edilsin və Ondan yardım dilənsin. Allaha təvəkkül edən qulların ünvanına tərif edilməsinə bir çox yerlərdə rast gəlmək mümkündür. Təvək­külün mahiyyəti ondan ibarətdir ki, insan bütün varlığı ilə Allahın ona xeyir bəxş edəcəyinə və onu bütün dini və dünyəvi işlərində şərdən qoruyacağına ümid bəsləyir və qarşıya qoyduğu məqsədə nail olacağına möhkəm inanır.
Allah ağılın üstünlüyünü xüsusilə qeyd edir, dərrakəli insanları tərifləyir və bildirir ki, məhz onlar Onun ayələrindən ibrət alırlar. Ağıl insana, ona fayda verə biləcək haqqı dərk etməkdə kömək edir və insan da ona uyğun olaraq davranır. O, zərər verən hər şeydən çəkin­məyə kömək edir. Ağılı “hicr” (“maneə olmaq” felin­dən törəmədir), “lubb” (“fərasətli olmaq” felindən törə­mədir), “nuha” (“qadağan etmək” felindən törəmə­dir) sözləri ilə adlandırırlar. Bunun səbəbi isə ondan iba­rətdir ki, ağıl insanı ona zərər vura bilən şeylərdən saxlayır.
Bilik doğru yol haqqında sübut və dəlillərlə təs­diq olunmuş məlu­matlılıq adlandı­rı­lır. O, faydalı bilik­lər­dən və zəruri məsələlərdən, onların dəlillərini və onlara aparan yolları bilməkdən ibarətdir. Faydalı olan - həqiqət haqqında bilik və ona uyğun əməllərin həyata keçirilməsidir. Onun əksi – cahillik, nadanlıqdır.
Ərəb sözü olan “ümmə” Quranda dörd mənada işlədilir. Çox vaxt o söz “insanı qrupunu”, bəzən isə, “ara vaxt”, “din”, “yaxşı işlərdə təqlid ediləsi nümunə” mənalarını ifadə edir.
Ərəb feli “istəvə” Quranda üç mənada işlədilir. Əgər ondan sonra yüksək vəziyyət bildirən ön şəkilçi qoyulursa, o, “ucalmaq”, “qalxmaq” mənalarını bildirir. Bu mənada o, Uca Allahın bu ayəsində işlədilmişdir: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır...” (Əraf, 7/54).
Əgər ondan sonra istiqamət bildirən ön şəkilçi qoyulursa, onda o, “yönəlmək”, “üz tutmaq”, “dönmək” və s. mənalar bildirir. Həmin söz bu mənada aşağıdakı ayədə keçir: “Yer üzündə olanların hamısını sizə gö­rə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur” (Bəqərə, 2/29).
Əgər ondan sonra ön şəkilçi yoxdursa, ona o, “kamilliyə çatmaq” mənasını bildirir. Həmin mənada o, aşağıdakı ayədə işlədilmişdir: Musa yetkinləşib ka­millik dövrünə çatdıqda Biz ona hökmranlıq (pey­ğəm­bərlik)  və elm əta etdik...” (Qəsəs, 28/14).
Allah çox ayələrdə tövbə etməyi buyurur və tövbə edən qullarını tərifləyərək, onların mükafatlan­dı­rılacağını bildirir. Tövbə adı altında Allahın nifrət etdiyi şeylərdən qəlbən və cismən çəkinməyi, qəlbən və cismən Onun sevdiyi şeylərə dönməyi nəzərdə tutulur.
Allah düz yolla getməyi əmr edir və bu düz yolla gedənləri tərif­ləyir. Bu ifadənin altında Onun iltifatını və Ondan mükafat qazanmağa aparan yol nəzərdə tutulmuşdur. Bu yol Muhəmməd Peyğəmbərin (s.ə.s.) sözlərinə, əməllərinə və bütün işlərinə istinad edən yoldur.
Allah Onu zikr etməyi buyurmuşdur və bunu edənləri tərifləyərək, onların həm bu dünyada və həm də öləndən sonra mükafatlandırılacağını xəbər verir. Allahı xatırlamaq adı altında sözün ən geniş mənasında qulu Allaha yaxınlaşdıran hər nə varsa, o cümlədən, dini baxışlar, faydalı düşüncələr, gözəl əxlaqi keyfiy­yətlər, qəlblə və canla edilən əməllər, Allaha edilən təriflər, əsas və ikinci dərəcəli şəriət hökmlərinin öyrə­nilməsi və bu məqsədlərə çatmağa kömək edən nə varsa nəzərdə tutulur. Bütün bunlar Allahın zikr edilməsi sayılır.











Ərəb ifadələri və terminlərinin
izahlı lüğəti
Ayə - (a) Quran surələrinin ibarət olduğu nisbətən müstəqil misralar; (b) möcüzə; (c) əlamət; (ç) ibrət.
Bahirə - İslamaqədərki ərəblər tərəfindən sitayiş edilən süd verən dişi dəvə. Əgər dişi dəvə ardıcıl olaraq on dəfə dişi bala doğardısa, bütpərəst ərəblər onu saibə adlandırıb ona sitayiş edərdilər. Bundan sonra o yenə də bir dişi bala doğsaydı, onda onu bahirə adlandırar­dılar və ona anası ilə bərabər sitayiş edərdilər. Bütpərəstlər onun qulağının yarısını kəsər, ona minməz, üstündə yük daşımaz, yununu qırxmaz və südünü ancaq qonağa verərdilər.
Bədr – Məkkədən 150 km cənubda yerləşən bir yerdir. İslam tarixində müsəlmanlarla kafirlər arasında ilk irimiqyaslı döyüş keçirilmiş yerdir.
əl-Beyt əl-Məmur – yeddinci səmada bilavasitə Kəəbənin üstündə yerləşən məbəddir. Hər gün onu yetmiş min mələk ziyarət edir və onlardan heç biri Qiyamət gününə qədər bir daha oranı ziyarət edə bilməyəcəklər.
Beyət ər-Ridvan – Osman ibn Affanın qureyşlilər tərəfindən öldürülməsi xəbəri Məhəmməd Peyğəmbərin (s.a.s) səhabələrinə çatdıqda, onlar Xudeybiyyədə bir ağac altında razılıq andı, yəni ölənə qədər sədaqətli qalmaq andı içmişdilər. Bu hadisə hicri tarixinin 6-cı ilində baş vermişdi.
Uhud – Mədinədə məşhur dağdır. Onun yaxınlığında hicri təqviminin 3-cü ilində Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında irimiqyaslı döyüş baş vermişdir.
Ehram –. Həcc ziyarəti zamanı geyilən tikişsiz ağ rəngli örtünmə geyim. Namaz qılanın və ya həccə gedənin mərasimə başladığı hal., Ehram geyənlərə adi halda icazə verilən bəzi hərkətlər bu zaman qadağan edilir. Namaz qılan ehram vəziyyətinə təkbirat-əl-ihram adlanan “Allahu Əkbar!” kəlməsini dedikdən sonra girmiş hesab olu­nur. Zəvvar isə ehramını geydikdən və ziyarətə başlamaq niyyə­tini səslə söylədikdən sonra ehram vəziyyətini alır. Zəvvarın mərasim geyimi tikilməmiş iki parça materiyadan ibarət olur: bir parçası izar  adlanır ki, qurşağa sarınır; ikinci parçası isə örtük kimi beldən yuxarı çiyinə atılır, çiyini və qarın nahiyyəsini örtür.
Ənsar – İslamı qəbul etmiş və Muhəmməd Peyğəmbərin (s.a.s.) sədaqətli silahdaşları olmuş Mədinənin yerli sakinləri. Onlar Məkkədən və başqa şəhərlərdən gələn mühacirləri evlərinə qəbul edərək onları zəruri əşyalarla təmin edirdilər.
Əykə - Misirdən səksən keçid uzaqlıqda yerləşən yerin adı idi. Orada Şüeyb Peyğəmbərin (ə.) xalqı yaşayırdı. O, bu adını ərazisində çoxsaylı qalın meşəliklər və kolluqlar olduğuna görə almışdı.
Tubba – Yəmənin Xumeyri hakimlərinin titulu
Təbuk -  Mədinədən 700 km şimalda yerləşən şəhər
Təsnim – Allaha yaxın olan qulların içdiyi Cənnət çeşməsi
Səmud – səmudlular, Təbuk və Məkkə arasında yerləşən bir sahədə yaşamış qədim bir xalqdır. Onlar Allahın Peyğəmbəri (ə.) Saleyi rədd etmişdilər və buna görə amansız bir səslə məhv edilmişdilər
            Cibt – (a) Allahdan başqa sitayiş edilən şeylər; (b) cadugərlər və baxıcılar
Cəhim – Cəhənnəm
Cizyə - müsəlman dövlətinin himayəsi altında yaşayan qeyri-müsəlmanlardan alınan vergi və ya can vergisi
Cin – Uca Allahın oddan yaratdığı məxluqlar yer üzündə insandan çox əvvəl yaşamışlar və indi də yaşayırlar. Onların arasında da müsəlmanlar və kafirlər mövcuddur. Sonuncuları şeytan və ya iblis adlandırırlar. İnsanlar bəzən onları görə bilirlər. Allahın qadağan etdiyinə baxmayaraq bir sıra cadugərlər və baxıcılar onlarla əlaqəyə girirlər
Cənnə - Cənnət
Cənnət əl-Xuld - əbədiyyət bağı, Cənnətin adlarından biri
Cənnət əl-Məva – sığınacaq-bağ, Cənnətin adlarından biri
Cənnət ən-Nəim – Səadət bağı, Cənnətin adlarından biri
Cihad –  (a) Allah yolunda müqəddəs müharibə; (b) Uca Allahın adını şərəfləndirmək məqsədilə göstərilən istənilən səylər. Cihadın bir neçə forması var. Müsəlman dövlətinin təhlükəsizliyinə qəsd edən və İslamın yayılmasına maneə yaradan kafirlərlə mübarizə hərbi yolla aparılır. Özlərini müsəlman kimi göstərən münafiqlərlə cihad müsahibələr, onlara həqiqi biliklərin çatdırılması vasitəsilə  aparılır. Şeytanla və insanın öz nəfsi ilə apardığı cihad da mövcuddur
Cəhənnəm – axirətdə günahkar qulların qalacağı əzab məskəni
Hami (Ham) – on dəfə ardıcıl olaraq dişi bala doğmuş və buna görə də bütpərəst ərəblərin sitayiş etdikləri dəvədir. Ərəblər ona minməz, onda yük daşımaz və yununu qırxmazdılar
Həcc – Məkkəyə edilən böyük ziyarəti
Həcc əl-İfrad – bu ziyarət zamanı zəvvar ancaq həcc məqsədilə ehrama girir
Həcc ət-Təməttu – bu ziyarət zamanı zəvvar əvvəlcə ümrə etmək niyyəti tutur və bundan sonra ehramdan çıxıb, daha sonra həcc ziyarətinə başlayır
Həcc əl-Kiran – bu ziyarət zamanı zəvvar ehrama girib həcc və kiçik ziyarət etməyi niyyət tutur
Əl-Hicr – Hicr, Səmud camaatının yaşadığı Məkkə ilə Təbuk arasında yerləşən yer adıdır
Hudeybiyyə - Hudeybiyyə Məkkənin 16 kilometrliyində Ciddəyə gedən yolda yerləşən yer adıdır. Hicri tarixinin 6-cı ilində orada Muhəmməd Peyğəmbərlə (s.a.s.) müsəlmanları şəhərə buraxmayan və onları kiçik ziyarət etməyə qoymayan məkkəlilər arasında sülh müqaviləsi bağlanmışdı
Hədis -  Muhəmməd Peyğəmbərin (s.a.s) dediyi, etdiyi və ya bəyəndikləri haqqında rəvayət. Hədislər onları nəql edən ravilərin (bax) silsiləsindən və mətndən ibarətdir. Hədisin səhih və etibarlı olması onu nəql edən ravilərin silsiləsinin etibarlılıq dərəcəsindən və hədisin mətninin Quran ayələrinə və digər mötəbər hədislərə uyğun gəlməsindən asılıdır.
Hənif – tövhid, təkallahlıq tərəfdarı
Hüneyn – Məkkə ilə Taif arasında yerləşən vahə. Orada hicri tarixinin 8-ci ilində müsəlmanlarla çoxallahlılar arasında irimiqyaslı döyüş olmuşdur
Hur əl-İn (Huri)hurilər, Adəmin nəslinə aidiyyəti olmayan, qeyri-adi gözəlliyə malik və işıqlı fonda xüsusilə seçilən iri qara gözlü Cənnət sakinləridir.
Xəlil - ən sevimli insan. Qəlbdə, bütün varlıqlardan daha çox tək ona  məhəbbət bəslənir. Muhəmməd Peyğəmbərin (s.a.s.) bu məhəbbətlə sevdiyi bir kimsə yox idi. Çünki onun qəlbində ən çox yer tutan və məhəbbət bəslədiyi Uca Allah idi. Allahı sevimli qulları isə Muhəmməd Peyğəmbərlə (s.a.s) onun ulu babası İbrahim əleyhissalam idi.
Xumus – hərbi qənimətlərin beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və sonra onun beşdə bir hissəsi müsəlman hökmdarının əlində qalır, qalan beşdə dörd hissə, isə Quran bölgüsünə uyğun olaraq, Muhəmməd Peyğəmbərin (s.a.s) qohumları (Haşimin və əl-Mutəllibin zürriyyəti), yetimlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Zül-Qərneyn – hakimiyyəti bütün yer üzünə yayılmış qədim dünyanın ən böyük hökmdarlarından biri. O mömin və təqvalı (bax) bir insan idi və Uca Allahın mərhəməti sayəsində bir müddət insanları Yəcuc-Məcüc qəbiləsinin əlindən xilas etmişdi. Allahın bu mömin bəndəsi əl-Kəhf surəsində xatırlanır.
Ər-Rəss – Rəss Səmud yaşayış məskənlərindən birinin adı və ya Yamamada bir şəhərin adı, ya da ki, Azərbaycanda bir quyunun adıdır. Hədislərdən birində nəql edildiyinə görə bu quyulardan birinə Allahın peyğəmbərlərindən birini atıbmışlar. Belə bir rəy də var ki, bu ad “Ya sin” surəsində əhvalatı yad edilən bir xalqın yaşadığı məskənin adıdır.
Rəqim – ya yer adıdır və yaxud da mağarada üç yuz il və bir də doqquz (il) yatmış gənclərin adı həkk olunmuş daşdır.
Rükət – namazın qiyamdan, rükudan və iki səcdədən ibarət olan bir hissəsidir.
Ramazan – müsəlman Ay təqviminin doqquzuncu ayıdır. Bu ay ərzində müsəlmanlar fərz (bax) oruc tuturlar. Bu ayda Müqəddəs Quranın nazil edilməsi başlanmışdır və Böyük Bədr döyüşü baş vermişdir. Bu ayın son ongünlüyünün günlərindən biri Qədr gecəsi adlandırılmışdır.
Ruhullah – Muhəmməd Peyğəmbərin (s.a.s) səhabələri və ilk müsəlman ilahiyyatçıları “Allah” sözünün təyin olduğu iki söz birləşməsi arasında fərq qoyardılar.
(a) söz birləşməsində təyin edilən söz canlı şəxs olduqda və ya cansız əşya olduqda. Məsələn, Beytu-llah (Allahın Evi); Rasulu-llah (Allahın Elçisi); Abdu-llah (Allahın qulu); Ruhu-llah (Allahın Ruhu). Bu və başqa belə ifadələrdə təyinolunan söz  Uca Allah tərəfindən xəlq edilmişləri bildirir. “Allahın Ruhu” ifadəsi onu Allahın yaratdığını onun Ona məxsus olduğunu bildirir. Bu adla Allahın müqəddəs peyğəmbıri İsa (ə.) çağırılır. Onu yaradan zaman Allah buyurmuşdur: “Ol!” və müqəddəs peyğəmbər qeybdən (heç nədən) yaranmışdır. Eynilə bu qaydada Adəm peyğəmbərin (s.) də ruhu xəlq edilmişdir.
(b) söz birləşməsində təyinolunan söz keyfiyyət bildirəndə, məsələn: elmu-llah (Allahın elmi); Həyatu-llah (Allahın həyatı); Kələmu-llah (Allahın nitqi); Zatu-llah (Allahın mahiyyəti). Bu və digər belə ifadələr Uca Allaha xas olan ilahi keyfiyyətlərini əks etdirir.
Roma – Əsfər ibn Roma ibn Əys ibn İshaq ibn İbrahimin nəsilləri olan vizantiyalılar və başqa xalqlardır.
Zəqqum – Cəhənnəmin ən dərinliyində bitən ağacdır, meyvələri İblisin başına bənzəyir.
Zəkat – varlı müsəlmanlar tərəfindən hər il ödənilən var-dövlətin bir hissəsidir. O, qoyulmuş qayda-qanunlara müvafiq olaraq müəyyən dərəcələrə bölünmüş adamlardan alınır.
Saibə - ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvədir. Bütpəsətlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və sdünü də ancaq qonağa verirdilər.
Səb əl-Məsani – Tez-tez təkrarlanan yeddi Quran ayəsi və ya surəsi. “əl-Fatihə” surəsi (“Quanı açan”) və ya yeddi ilk uzun Quran surələri.
Siccin – (a) günahkarların əməllərinin yazıldığı kitab; (b) yer kürəsinin ən aşağıda olanı.
Sidrət əl-Müntəha – Son hüdud şanagülləsi (lotos - göldə bitən çiçəkli bitki). Yeddinci göydə bitən ağac belə adlanır. O, bu adını ona görə alıb ki, yerdən gedən və Allahdan nazil olan hər nə varsa, ona qədər gedib çatır. Belə bir ehtimal var ki, onun belə adlandı­rıl­ması yerdən və yeddi göydən yuxarıda olması və onunla yaradılmış­ların bilik səviyyə­sinin tükənməsi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar digər rəylər də mövcuddur.
Səəy - əs-Səfa və əl-Mərv təpəlikləri arasında qaçış həcc mərasimi və kiçik ziyarətlə ilə bağlı bir ənənədir.
Səir – Alov, Cəhənnəmin adlarından biri.
Səqər – Cəhənnəmin adlarından biri.
Səlsəbil – Cənnət bulağının adı.
Sünnə - (a) Muhəmməd Peyğəmbərin (s.a.s.) yolu. “Peyğəmbərin (s.a.s.) yolu” adı altında onun əməlləri, davranışı, kəlamları, əmrləri və b.; (b) məcburi olmayan və yerinə yetirilməməsinə görə müsəlman üçün cəza nəzərdə tutulmayan göstəriş və tövsiyələri.
Surə - (a) Müqəddəs Quranın müstəqil hissələri; (b) yüksək məqam. Quran hissələri – Məkkə və Mədinə surələrinə bölünür. Qurani Kərimin 114 müstəqil hissəsinin hər birinə verilmiş ad, yüksək rütbə, dərəcə, mövqe, şan, şöhrət, gözəl bina, binanın bir hissəsi və ya mərtəbəsi, divar hörülməsində işlədilən daş, kərpic, nişanə və ya əlamət mənasında da işlədilən bir kəlmə.
Sabiun – sabilər – İraq ərazisində yaşayan xalq, Bir Allaha ibadət edərdilər, Zəburun hökmlərini yerinə yetirərdilər və nə yəhudilərə, nə də xristianlara aid deyildilər.
Sirat – (a) yol; (b) Cəhənnəmin üstündən salınmış körpünün adıdır. Qiyamət günü adamlar onun üstündən keçib getməlidirlər. Bu körpü tükdən nazik və qılıncın tiyəsindən itidir. Onların üstündə qarmaqlar sallanmışdır ki, günahkar insanları qamarlayıb Cəhənnəmə atacaqdır.
Əs-Səfa – Məscidülhəramın şərq hissəsində yerləşmiş iki təpəlik­dən biri. Zəvvarlar onların arasında ənənəvi qaçış keçirirlər.
Ət-Taif – Məkkənin yaxınlığında yerləşən şəhərdir.
Tağut – (a) Uca Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məxluq; (b) Allahın haram buyurduqlarına riayət etməyən günahkar; (c) şeytan və iblis; (ç) cadugərlər və baxıcılar; (d) insanları aldadan və Allahın şəriətinə zidd olan qanunlar qəbul edən kafirlər və (e) büt yerləşdirilən bina.
Təvaf – Kəbənin ətrafına dolanmaq adəti. O, Qara daşın səviyyə­sində başlanır və və qurtarır və yeddi dairədən ibarət olur.
Ad – ad camaatı qədim xalqdır. Müasir Yəmənin Hadramaut adlı yaşayış məntəqəsində yaşayardılar, Nuh peyğəmbərin (a) nəslindəndirlər. Onlar Hud peyğəmbəri (a) qədd etdilər. Özlərinin inadkarlıqlarına və zalımlıqlarına görə, başlarının üstündə yeddi gecə və səkkiz gün fasiləsiz tüğyan edən qasırğalı küləklə məhv edildilər.
Ədn – Ədəm, Cənnətin adlarından biri.
Ərafat – Məkkədən 25 km aralıda yerləşən vahə. Zül-hiccə ayının doqquzuncu günü zəvvarlar orada qalırlar.
Ərafa – zül-hiccə ayının doqquzuncu günü - zəvvarların bir hissəsi həcc mərasimi ayinlərini yerinə yetirdikləri zaman, digər müsəlman­lar oruc tuturlar.
Əl-Uzza – bütpərəst ərəblərin ilahiləşdirdikləri və Məkkə ilə Taif arasında Nəhl adlanan yerdə yerləşdirilən ən məşhur bütlərindən biridir.
Ümrə  Məkkənin kiçik ziyarəti.
İlliyyun – (a) möminlərin əməllərinin yazıldığı kitab; (b) yeddinci göy.
Firdous – (a) Cənnətin adlarından biri; (b) Cənnətin mərkəzi və ən yeksək hissəsi.
Fey – döyüşsüz əldə edilən qənimət; döyüşçülər arasında bölünür. Onun beşdə bir hissəsi müsəlman hökmdarın sərəncamında qalır, qalan beşdə dörd hissə Muhəmməd Peyğəmbərin (s.a.s.) qohumları (Haşimin və əl-Mütəllibin nəslindən olanlar), yetimlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Qiblə - Namaz qılınarkən və bir sıra digər ibadət ayinlərinin icra edildiyi vaxtlarda müsəlmanların üzlərini çevirdikləri Məkkə şəhə­rindəki Məscidülharamda yerləşən Kəbə tərəfə olan istiqamət. Qureyş – Muhəmməd Peyğəmbərin (s.a.s) mənsub olduğu ərəblər arasında ən məşhur və hörmətli qəbilələrdən biri.
Kəbə - İbrahim və onun oğlu İsmail peyğəmbərlər (Onlara Allahın salamı olsun) ucaltdığı kub formasında daş tikili. O, Allaha ibadət etmək üçün Yer üzündə tikilən ilk məbəd olmuşdur. Bütün müsəlmanlar namaz qılarkən üzlərini ona doğru çevirirlər və hər il milyonlarla insanlar müsəlmanların yaşadıqları ölkələrdən Məkkəyə gələrək onu ziyarət qədim ibadətgahın ətrafına dolanırlar.
Kənz – sahibi yığdığı pullardan, qızıl-gümüşdən zəkat verməkdən boyun qaçırdan xəzinə.
Əl-Kövsər – bolluq çayı, suyu süddən ləzzətli və baldan şirin olan Cənnət çayı. Onun ətirli rayihəsi müşkün xoş iyindən də gözəldir. Onun ətrafında dəvə boynuna oxşayan uzun boyunlu gözəl quşlar uçuşur.

Lə İlahə iləllah -  təkallahlığın sübutu və şəhadətidir. O, “Allahdan başqa Allah yoxdur” deməkdir. Allah – ibadət və ilahiləşdirmə obyektidir. Müsəlmanlar Uca Allahdan başqa heç kimə ibadət etmirlər. Çünki təkcə O, ilahi xilqətlər yaratmağa qadirdir və həqiqi Allaha məxsus kamil sifətlərə malik olan da Odur. Müsəlmanlar bütlərə, ulduzlara, müqəddəslərə, peyğəmbərlərə və yaxud mələklərə ibadəti rədd edirlər. Çünki bütün bu saydıqlarımız yaradılmışlar və Xaliqə, Yaradana möhtacdırlar. O isə yenilməz Qüdrət Sahibidir və heç kimə və heç nəyə möhtac deyildir.
            Lakin bu şəhadətə iman gətirmək və müsəlman olmaq üçün səkkiz (ya da yeddi) şərt yerinə yetirilməlidir. Bunlarsız tövhid şəhadəti ona fayda verməz. Bunlar - (1a) bu şəhadətin mahiyyəti haqqında bilikdir ki, o, nadanlıqla bir araya sığmaz; (2b) bu şəhadətin doğruluğuna iman gətirməkdir ki, şəkk gətirməklə bir araya sığmaz; (3c) qəlblə və ağızla bu şəhadətin qəbul edilməsidir ki, onun sözlərini deməkdən boyun qaçırmaqla bir araya sığmaz; (4ç) bu şəhadətin bütün tələblərinə mütiliklə tabe olmaq Allaha və Muhəmməd Peyğəmbərə (s.a.s.) asi olmaqla bir araya sığmaz; (5d) bu şəhadəti dilə gətirərkən təbii olan səmimiyyət yalanla bir araya sığmaz; (6ə) bu şəhadətə bəslənilən məhəbbət təkallahlığa qarşı kinlə və ikrahla bir araya sığışmaz; (7e) Allahdan başqa hər şeyə qarşı ibadət etməkdən əl çəkmək.
 “Allahdan başqa ilah yoxdur” kəlməsi İslamın təməl əsaslarındandır. Yəni, uluhiyyəti, yaradıcılığı, Rəbliyi, hökmran­lığı və hakimiyyəti təkcə Allaha məxsus bilmə formuludur.
əl-Lat – Taifdə yerləşdirilmiş və sakif qəbiləsinin ilahiləşdirdiyi ərəb bütpərəstlərinin ən məşhur bütlərindən biri. O – ağ qaya üzərində tikilmiş və örtüklə örtülmüş və ətrafına çəpər çəkilmiş məbəddir. Bütün xidmətçiləri var idi. Əl-Muğira ibn Şoba və Əbu Sufyan ibn Hərb Muhəmməd Peyğəmbərin (s.a.s.) əmri ilə bu bütü dağıdıb yandırdılar. Sonralar bu yerdə məscid tikdilər.
Laza – Cəhənnəm alovu, Cəhənnəmin adlarından biri.
            Leylət əl-Qədr – əzəmət və ya qismət gecəsi, Ramazan ayının sonuncu on günündən, həftənin tək gününə düşən bir gecə. Müqəddəs Quranda deyilir ki, bu gecə, belə gecənin olmadığı min aydan üstündür, yəni, əgər mömin bu gecə ərzində Allaha ibadətlə məşğul olarsa, o, min ay ərzində Allaha edəcəyi ibadətə görə qazanacağı mükafatdan daha böyük mükafat qaznar.
Muəlləfat əl-Kulub – Muhəmməd Peyğəmbərin (s.a.s.) İslamı yenicə qəbul edib müsəlman olmuş şəxslərə onların imanını möhkəmlətmək üçün verdiyi sədəqə.
Mütəşabihat – (Hərfi mənada – bir-birinə bənzəyənlər) Quranın mənası qapalı olan, bir sıra fərqli mənalar verən, təfsirində çətinlik çəkilən ayə və kəlmələr. Bunların cəminə mütəşabihat deyilir. Ayələrin əsil mənasını onları şərh etməklə başa düşmək olur. Allahın sifətləri, Qiyamətin durumu, Cənnət nemətləri, Cəhənnəm əzabı və s. haqqındakı ifadələr bu qəbildən olan mütəşabihlərdir. Məsələn, bir ayədə (Zumər, 39/23): “Allah Sözün ən gözəlini - ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi” deyilərək, Quranın bütövlükdə mütəşabih olduğu bildirilir. Burada mütəşabih sözü oxşar, bənzər mənasında işlədilmişdir. Quranın Ali-İmran surəsində  isə ayələrin aydın və mütəşabih olmaqla iki qismə ayrıldığı göstərilir: “Quranın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın ol­mayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 3/7).
Müttəqi – Allahdan qorxan və mömin müsəlmandır. Uca Allah qarşısında qorxudan günah işlətməkdən boyun qaçırır və Rəbbinə bəslədiyi məhəbbət xatirinə xeyirxah əməllər edir.
Möhkəmət – aydın məzmunlu və qüvvədən düşməmiş dini hökmlər­dən ibarət olan Quran ayələridir.
Mədyən – (a) Mədyən Şueyb peyğəmbərin (ə.) xalqının yaşadığı şəhərin adıdır; (b) mədyənlilər Mədyən ibn İbrahimin nəslidir, Şueyb peyğəmbəri (ə.) inkar və rədd etdiklərinə görə Allah tərəfindən məhv edilmişlər.
əl-Mədinə - Səudiyyə Ərəbistanında bir şəhərdir. Müsəlmanların müqəddəs ziyarətgahı olan Muhəmməd Peyğəmbərin (s.a.s.) məscidi orada yerləşir. Məhz bu şəhərə Muhəmməd Peyğəmbər (s.a.s.) və onun səhabələri hicrət (köç) etmişlər. İslamdan əvvəlki zamanlarda şəhər Yəsrib adlanardı.
əl-Mərvə - Məscidulhəramın şərq hissəsində yerləşən iki təpədən birinin adıdır. Zəvvarlar onların arasında mərasim qaçışı yerinə yetirirlər.
Müzdəlifə - Ərəfat və Mina arasında yerləşən vahədir. Zəvvarlar Zül-Hiccə ayının onuncu gecəsi orada gecələyirlər.
əl-Məscid əl-Əqsa – Yerusəlimdə yerləşən və zəvvarların ziyarət etməsinə icazə verilən üçüncü müqəddəs ziyarətgahdır. Bu məsciddə namaz qılarkən qazanılan savab, Məkkədəki Müqəddəs Məscid və Mədinədəki Muhəmməd Peyğəmbərin (s.a.s) Məscidi istisna ol­maq­la, başqa məscidlərdə beş yüz dəfə namaz qılanın savabına bərabər­dir.
əl-Məscid əl-Həram – Məkkədə Kəbənin yerləşdiyi Məscidulhə­ram məscidi. Bir sıra xəbərlərə görə onda qılınan namazın savabı digər məscidlərdə qılınan yüz min namazın savabına bərabərdir.
əl-Məscid əl-Nəbəvi – Mədinədə Muhəmməd Peyğəmbərin (s.a.s.) məscididir. Peyğəmbər (s.a.s.) Məkkədən Mədinəyə hicrət edən kimi onun tikintisinə başlanmışdır. Onda qılınan namazın savabı, Məkkədəki Məscidulhəram və Yerusəlimdəki əl-Əksa məscidləri istisna olmaqla, başqa məscidlərdə qılınan min namazın sayına bərabərdir.
əl-Məşərülhəram – Müzdəlifə vahəsində yerləşən və mühafisə olunan yerdir. Orada sübh namazını qıldıqdan sonra zəvvarlar Allahı zikr edirlər.
İbrahim məqamı – oğlu İsmail ilə Kəbəni tikdikləri zaman İbrahim peyğəmbərin üstünə çıxdığı daşdır.
əl-Məqam əl-Mahmud – Məhşər günü yarış meydanı tərifəlayiq bir yerdir. Orada Muhəmməd Peyğəmbər (s.a.s.) bütün bəşəriyyət üçün şəfaətçi olacaq və Allahdan xahiş edəcək ki, insanlara öz yerlərindən tərpənməyə icazə versin.
            Makka – Məkkə - Səudiyyə Ərəbistanında şəhərdir. Müsəlman­ların ən mühüm müqəddəs yeri olan Kəbə bu şəhərdə yerləşir. Onun əsası İsmail peyğəmbər (ə.) dövründə qoyulmuşdur. Muhəmməd Peyğəmbər (s.a.s.) də orada anadan olmuş və İslamı yaymağa başlamışdır.
Mənat – bütpərəst ərblərin əl-Aus və əl-Xəzrəc qəbilələri tərəfindən ilahiləşdirilmiş və Məkkə ilə Mədinə arasındakı Kudeyda adlı yerdə qoyulmuş ən məşhur bütlərindən biri. Məkkə fəth edilən ildə Əli ibn Əbu Talib Muhəmməd Peyğəmbərin (s.a.s.) əmri ilə bu bütü dağıtmışdı.
Mənsux – ləğv edilmiş Quran ayələri və ya dini hökmlər. Quranın üç növ ləğv edilmiş ayələri mövcuddur. Birincisi, ayədə verilən göstəriş ləğv edilir və ayə özü müqəddəs Kitabın mətnindən çıxır. Bu qayda ilə Uca Allah yad qadının əmizdirdiyi uşağa öz döşündən on dəfə doyurana qədər süd verməsi ilə süd qohumluğunun yaranması haq­qında hökmünu ləğv etmişdir. İkincisi, ayədə olan hökm saxlanılır, amma ayə Quran mətnindən düşür. Beləliklə, Uca Allah beş dəfə tam əmizdirmədən sonra süd qohumluğu yaranması barədə xatırlatma olan ayəni və havelə zinakarlıq etmiş evli kişi ilə ərli qadını ölənədək daşlamaqla edam etmək haqqında ayəni də ləğv etmişdir. Üçüncüsü, ayənin tərkibində olan hökm ləğv edilir, amma ayə Müqəddəs Quranın mətnində saxlanılır. Bu qayda ilə, vəsiyyətnamə haqqında ayə və Quranın bir çox digər hökmləri ləğv edilmişdir. Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.a.s.) əmrləri Allahın Elçisinin yaşadığı dövrdə Uca Rəbbin iradəsi ilə ləğv edilmişdir və Muhəmməd Peyğəmbərin (s.a.s.) vəfatından sonra dəyişdirilə bilməz.
Muhacirun – (a) müxariclər, 8-ci əsrdə Məkkə fəth edilənə qədər, digər şəhərlərdən və vilayətlərdən Mədinəyə köxmüş (hicrət etmiş) Muhəmməd Peyğəmbərin (s.a.s.) səhabələridir; (b) İslama düşmən münasibət bəsləyən ölkələrdən öz əqidəsini qorumaq məqsədilə  hicrət edən müsəlmanlardır.
Mehr – nikahla əlaqədar olaraq nişanlının adağlısına verdiyi cehiz, maddi mükafat.
Nar – (a) od; (b) Cəhənnəmin adlarından biri.
Nəsux –, daha əvvəlki dini hökmləri ləğv edən, qüvvədən salan  Quran ayəsi və ya dini hökm.
Hicrət – (a) müsəlmanların dini səbəblərə görə, İslama düşmənçilik edən ölkələrdən, təhlükəsiz yerlərə köçüb getməsi; (b) Muhəmməd Peyğəmbərin (s.a.s.) səhabələrinin Efiopiyaya, sonra da Mədinəyə köçməsi; (c) Muhəmməd Peyğəmbərin (s.a.s.) Məkkədən Mədinəyə köçməsi; (ç) xristian erasının 622-ci ilinə uyğun gələn müsəlman təqvimi.
Vəsilə - ardıcıl olaraq beş doğumda on dişi bala verən qoyun. Ərəb bütpərəstləri belə qoyuna sitayiş etməyə başlayırdılar. Bütpərəstlər onun ətini yeməyi ancaq kişilərə icazə verirdilər.
Yasrib –  Nurlu Mədinənin İslama qədərki adı.
İsrail – Yaqub.
Bəkkə – Məkkə.
Etikaf - ibadət məqsədilə bir müddət məsciddə qalmaq.
Manna – şehdən əmələ gələn bal kimi kitrə.
Sabii  Qurani Kərimdə yəhudi və xristianlarla bir yerdə adı çəkilən bir xalqdır. “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır...” (Bəqərə, 2/62)
Təqva – Allah qorxusu.
Heyz – aybaşı.
Beytulharam – Məkkədə Kəbənin olduğu sahədəki məscidin adı. Ona haram deyilməsi ona hörmət, sayqı göstərmək və qayğı ilə yanaşmaqdan ötrüdür.
Kəffarə – səhvən və ya məcburiyyət qarşısında işlədilən günahın bağışlanması üçün şəriətə uyğun olaraq verilən sədəqə və ya tutulan oruc.
Sur – Qiyamət saatı gələn anda böyük mələklərdən biri olan İsrafil əleyhissalamın üfürüb səsləndirəcəyi bir vasitə. Qurani Kərimdə surun necəliyi açıqlanmamışdır. Peyğəmbərimizin (s.a.s.) hədisində isə onun “buynuzabənzər bir alət” olduğu bildirilir. 
Hidayət – maarifləndirmək, doğru yol göstərmək, rəhbərlik etmək, azğınlıqdan xilas edilib İslamın nurlu yoluna yönəlməkdir.
Şəfaətçi – bir adamın bağışlanmasını istəyən şəxs, başqası üçün yalvaran, dua edən.
Beytulməmur – Baxılan, qulluq edilən ev. Kəbənin üst tərəfində olan bir yerdir. Başqa adı “Durahdır”. Uca Allah Quranda Beytulməmura and içir və bununla onun yüksək dəyərə malik olduğu aşkar olur.
Tövhid – ibadətdə, hökmranlıqda, gözəl adlara və atributlara malik olmaqda Uca Allahın təkliyini təsdiq etmə.
Sünnə – yol, gedilən yol, təbiət, şəriət, üz, Muhəmməd Peyğəmbərin (s.a.s.) sözü, əməlləri, rəftarı, davranışı, bəyəndiyi şeylər, əməllər, hərkətlər, qoyduğu qaydalar. Ərəb dilində cəm halında “sünən” adlanır.
Lövhi-Məhfuz – ərəbcə qorunan lövhə deməkdir. İslamda olan və olacaq hər şeyin yazıldığı ilahi bir Kitabdır. Lövhi-məhfuz Allahın elmi və sifətləri ilə bağlıdır. Onun qorunan, hifz edilən kimi adlandırılmasının səbəbi onda yazılmış ilahi məlumatlara hər hansı bir müdaxilənin mümkün olmaması, onların dəyişdirilməsinin imkansızlığı və mütləq mühafizə edilməsidir.
Qaib – haliyyədə, üzdə, aşkarda olmayan, gizlidə qalan, hissiyyat orqanları ilə dərk edilə bilməyən, müşahidədən kənarda qalan hər şey
Fərz – dini baxımdan yerinə yetirilməsi vacib və məcburi olan. Qurani Kərimdə bir çox ayələrdə keçən bu sözün bundan başqa mənaları da vardır.
Bərzəx – əngəl, iki şey arasındakı pərdə, maddi aləmlə ruhi aləm, yəni ölümdən sonra Qiyamətə qədər qalınacaq aləm və ya qəbir aləminin adı. Bərzəx kəlməsi Quranda üç yerə keçir. Məsələn, “O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər” (Rəhman, 55/19-20).
İxlas – bir şeyi saflaşdırmaq, arıdılmış vəziyyətə gətirmək. Qəlbi saflaşdırmaq, gəlir və şöhrət məqsədi daşımayan, daxilən, riyakarlıq etmədən səmimi sevgi və məhəbbətlə yerinə yetirilən ibadət, işi nümayiş etdirmək üçün görməmək. Sırs Allah rizasını düşünmək və bu niyyətlə hərəkət etmək, təkcə Allah xatirinə ibadət etmək.
Vəhy – gizli danışıq, işarə etmə, əmr etmə, ilham vermə, pıçıl­dama, məktub yazma, elçi göndərmə, tələsdirmə, səs çıxarma. Uca Allahın bilavasitə və ya başqa Özünəməxsus üsullarla Öz əmrlərini peyğəm­bər­lərinə bildirməsi mənasında bir Quran istilahıdır.
Rüku – qabağa əyilmə, namazda qiraətdən sonra yerə paralel şəkildə önə əyilmə, fiqh istilahıdır. Rüku namazın rüknlərindən (vacib ünsür­lərindən) biridir və fərzdir (məcburi vacib olandır). Rükuda əllər dizlərə qoyulur. Namazda tam rükuya getməyən şəxs (ayaq üstə dayanmaya yaxın olarsa) rükuya getmiş sayılmır, əyilməsi rüku vəziy­yətinə yaxın olduqda isə bu sayılır. Camaatla namaz qılarkən imama rükuda çatan şəxs ayaq üstə “Allahu Əkbər” deyərək rükuya gedir.



[1] Qadağa, qadağan edilənə zidd olan hərəkətin (əməlin) icrasını nəzərdə tutur. F.S.
[2] Mütəşabeh - Müqəddəs Quranda mənası qapalı olan, bir çox mənalar verə bilən, təfsirində çətinlik çəkilən ayə və sözlərə deyilir. Qiyamətin təsviri, Cənnət nemətləri, Cəhənnəm əzabı və s. haqqındakı ayələrin ifadələri mütəşabehdir. Tərc. F.S. 

Комментариев нет:

Отправить комментарий