воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 4-cü parça

ﭪ  ﭫ     ﭬ  ﭭ  ﭮ     ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ      ﭷ     ﭸ  ﭹ  ﭻ  ﭼ  ﭽ  ﭾ 

(2.19) “Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildı­rımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır”.

ﭿ  ﮀ  ﮁ     ﮂ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ   ﮎ    ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮕ  ﮖ  ﮗ  ﮘ                 ﮙ  ﮚ  ﮛ 
(2.20) “Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitmək­dən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qa­dir­dir”.

Uca Allah münafiqi, leysan yağışın altına düşmüş və o saat bir neçə tərəfdən qaranlığa - gecənin, buludların və yağışın qaranlıqlarına bürün­müş insanla müqayisə edir. O, göy gurultusunu eşidir və ildırımların göz­qamaşdırıcı parıltısını görür və onların işığı qatı qaranlıqda getməyə ona imkan yaradır. Lakin səmada ildırımların çaxması səngiyən kimi, o, da­yanır və yoluna davam edə bilmir. Münafiqlər də eynilə belə bir vəziy­yətdədirlər. Onlar Quran ayələrini, hökmlərini və qadağalarını, vədlərini və təhdidlərini eşitdikdə barmaqlarını qulaqlarına tıxayıb bu hökmlərdən və qadağalardan, xeyirli vədlərdən və ciddi təhdidlərdən üz çevirirlər. Quranın təhdidləri onların canına qorxu salır, vədləri isə onları narahat edir və buna görə də hər vasitə ilə onlardan üz çevirməyə çalışırlar. Güclü leysan yağışına düşən adam üçün göy gurultusu necə nifrət doğurursa, müdrik ayələr də münafiqlər üçün eynilə nifrətamizdir. Adi bir insan ölüm qorxusunu hiss edərək qulaqlarını barmaqları ilə tıxayır və onun xilas olmaq ehtimalı vardır.
Lakin münafiqlərin belə bir imkanı yoxdur, çünki Uca Allah Öz Qüdrəti və Elmi ilə onları hər tərəfdən əhatə edir. Onların Ondan qaçmaq imkanı yoxdur. Belə ki, Allah onların hər bir hərəkətini yadda saxlayır və buna görə, onlar etdiklərinin əvəzini bütövlüklə alacaqlar. Münafiqlər mənəvi karlığa, lallığa və korluğa tutulmuşlar. Onların qarşısında doğru dinə aparan yollar bağlanmışdır. Əgər Allah istəsəydi onları fiziki eşitmə və görmə qabiliyyətindən də məhrum edərdi. Bu kimi sözlərlə Allah münafiqləri qorxudur və onları elə dünyada cəzalandıracağı barədə xəbər­dar edir. Qoy onlar bu cəzadan qorxsunlar və heç olmazsa, qismən də olsa öz yaramazlıqlarından və ikiüzlülüklə­rindən əl çəksinlər və bilsinlər ki, Allah bütün varlıqların hökmdarıdır və Onun üçün mümkün olmayan heç bir şey yoxdur. Əgər O, Öz nəzərində tutduğunu həyata keçirmək istəsə, kimsə Onun qarşısını ala bilməz və Ona müqavimət göstərə bilməz.
Bu və digər buna oxşar ayələr, insanın əməllərinin Uca Allahın iradəsindən asılı olmadığını iddia edən qədəriyyəçilərin baxışlarını təkzib edir. İnsanın əməlləri də əsil varlıqlardır və Uca Allah istisnasız bütün varlıqların Hökmdarıdır.
ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ   ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ 
(2.21) “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız”.

Bu hökm geniş mənada bütün insanlara aiddir. Onlara ibadət məra­simlərinin hamısını Allaha həsr etmək, Onun hökmlərini yerinə yetirmək, Onun qadağanlarından çəkinmək və Onun bütün ilahi hekayətlərinin doğruluğunu qəbul etmək əmr olunur. Allah insanlara buyurur ki, onları hansı məqsəd üçün yaratmışsa, onu həyata keçirsinlər. Uca Alla buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”[1].
Ey insanlar! Siz təkcə bir olan Allaha ibadət etməlisiniz, çünki O, sizə saysız-hesabsız nemətlər bəxş edən Rəbbinizdir. O, sizi yoxluqdan xəlq etmiş və əvvəlki insanların nəsillərini də yaratmışdır. O, sizə gör­düyünüz və görə bilmədiyiniz nemətlər vermiş və rahatlıqla yaşadığınız yeri sizin üçün döşəmişdir. Siz ondan, üzərində binalar tikməklə, kənd təsərrüfatı ilə məşğul olmaqla, bir yerdən başqa bir yerə köçməklə və yaxud başqa faydalı fəaliyyətlə məşğul olmaqla xeyir götürürsünüz. Allah göyü evlərinizin damı etmiş və orada Günəşi, Ayı, ulduzları və digər səma cisimlərini yaratmışdır ki, onlarsız sizin yaşayışınız mümkün olmazdı. Əgər Allaha ibadət etməyə başlasanız, hökmən təqva sahibi olarsınız.
Belə bir rəy mövcuddur ki, bu ifadənin mənasına görə, insanlar bir olan Allaha ibadət etməyə başlasalar Allahın qəzəbindən və cəzalarından xilas ola bilərlər, çünki bu halda seçdikləri yol onları belə aqibətdən qoruyar. Başqa bir rəyə görə isə, bu o deməkdir ki, əgər insanlar Allaha ibadət etsələr, onlar möminlərin cərgəsinə düşərlər ki, onların sifətlərin­dən biri də təqva – Allahdan qorxmaqdır. Hər iki şərh doğrudur və bir-biriləri ilə sıx bağlıdır. Allaha layiqincə ibadət edən hər kəs təqvalı mömindir. Hər bir təqva sahibi olan dindar isə Allahın cəzasından və qəzəbindən mütləq xilas olar. Bu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) və onun təliminin doğruluğu xeyrinə olan məntiqi dəlildir.
ﮨ  ﮩ  ﮪ    ﮫ  ﮬ  ﮭ  ﮮ   ﮯ  ﮰ   ﮱ  ﯓ  ﯔ     ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ   ﯠ  ﯡ 

(22) “O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göy­dən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetiş­­­dirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”.

Sənin üzərindəki səmada nə varsa, hamısı göy adlanır. Şərhçilər belə hesab edirdilər ki, göy adı altında buludlar nəzərdə tutulmuşdur. Uca Allahın iradəsi ilə buludlardan tökülən suyun sayəsində taxıl, xurma və digər meyvə ağacları bitir. Siz meyvələri və taxılı yığırsınız və onlar sizin qidalanmağınızı təmin edir, yaşamağınıza kömək olur, sizi sevindirir və məmnun edir. Allahı heç kimə bərabər, tay tutmayın və məxluqları Ona bənzətməyin, çünki əks təqdirdə siz Allaha ibadət etdiyiniz kimi, həmin məxluqlara da səcdə etməyə başlayacaqsınız, onları, Allahı sevdiyiniz kimi sevəcəksiniz. Belə hərəkətə yol vermək olmaz, çünki o məxluqlar sizə oxşardırlar. Onlar yaradılmışlardır, qidalanmağa ehtiyacları var və öz Yaradanının iradəsindən asılıdırlar. Onlar hətta zərrə qədər olsa da nə yerdə, nə də göydə hakimiyyətə malik deyillər və onlar sizə nə xeyir, nə də zərər verməyə qadir deyillər.
Onları bilərəkdən Allaha şərik qoşmayın, axı sizə məlumdur ki, Onun şərikləri yoxdur. O, məxluqlarını təkcə Özü yaradır, onlara ruzi göndərir və Kainatı idarə edir. Təkcə O, kamil sifətlərə malikdir və sitayiş edilməyə layiqdir. Bəs siz niyə Onunla bərabər digər tanrıçalara ibadət edirsiniz? Sizin davranışınız, doğrudan da, qəribə və anlaşılmazdır.
Bu ayədə təkcə Allaha ibadət etmək hökmü və digər “ilahlara” ibadətin qadağan edilməsi öz əksini tapmış, Allaha ibadətin vacibliyinə inandırıcı dəlillər gətirilmiş və uydurulmuş ilahlara ibadətin əbəsliyi və faydasızlığı göstərilmişdir. Orada qeyd olunur ki, Allah Vahid Rəbdir, varlıqları yaradan, ruzi göndərən və Kainatın işlərini idarə edən də Odur. İnsan, saydığımız məsələlərdə, heç kimin Allaha şərik olmadığını qəbul edirsə, o, hökmən etiraf etməlidir ki, Onunla yanaşı kimsə ibadətə layiq ola bilməz. Bu – tövhidin zəruriliyinin xeyrinə olan və müşrikliyin yan­lışlığını təsdiq edən ən ağıllı məntiqi dəlildir.
ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ   ﯪ  ﯫ   ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ   ﯳ  ﯴ                ﯵ  ﯶ 

(23) “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğ­ru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!”

Ey kafirlər güruhu, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) qəbul etməkdə uzun müddət inadkarlıq göstərənlər, onun dəvətini rədd edib onu yalançı sayanlar! Əgər, Bizim qulumuza nazil etdiyimiz vəh­yin doğruluğuna dair şübhələr sizə əziyyət verirsə, onda həqiqəti aşkar etmək üçün ədalətli meyardan istifadə edin. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) sizin kimi bir insandır. O, ən gözəl danışanınız və ən çox biləniniz deyil. Anadan olduğu gündən həyatını necə keçirdiyi sizə məlumdur. O, nə oxuya bilir, nə də yaza bilir. O, Kitabı sizə gətirə­rək, onun Allah tərəfindən nazil edildiyini demişdir, lakin siz ona bildir­miş­siniz ki, kitabı o özü tərtib edib Allahın adına çıxmışdır. Dediyiniz sözlər doğrudursa, onda siz də bu Quran ayəsinə bənzər heç olmazsa bir surə yazın və kimi bacarırsınız köməyə çağırın. Siz əziyyət çəkmədən bu savadsız adamı ötüb keçərsiniz, axı siz bəlağət sahibləri olan şairlərsiniz və siz ona güclü nifrət bəsləyirsiniz. Əgər siz Quran ayəsinə bənzər bir su­rə yaza bilsəniz, onda dedikləriniz doğrudur. Lakin siz bunu edə bilməsə­niz, tamamilə köməksiz qalacaqsınız və sizin bu acizliyiniz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) doğruçuluğunu və onun insanlara gətirdiyi hər şeyin həqiqət olduğunu sübut edən böyük bir əlamət olacaq­dır. Bax onda sizin hər biriniz onun ardıyca getməlidir ki, hərarəti çox böyük və dəhşətli olan Cəhənnəm odundan xilas ola bilsin. Cəhənnəm, bu dünyada odunla yandırılan alova bənzəmir. O, Allaha və Onun elçilərinə iman gətirməkdən boyun qaçıran kəslər üçün hazırlanmışdır. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin gerçək­liyinə əmin olduqdan sonra, ona iman gətirməməkdən çəkinin.
Bu və buna bənzər ayələrdə Uca Allah məxluqların Müqəddəs Qurana bənzər bir şey yarada və ya ona qarşı çıxa bilməyəcəklərini kafir­lərə sübut edərək onların acizliklərini göstərir. Uca Allah buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bil­məzlər” (İsra, 17/88).
Məgər torpaqdan yaradılmış məxluq hökmdarların Rəbbinin kəla­mı­na bənzər bir söz deyə bilərmi? Məgər heç bir məziyyəti mükəmməl olmayan zavallı insan tam kamilliyə malik və heç nəyə ehtiyacı olmayan mütləq Yaradanın kəlamına bənzər bir söz söyləyə bilərmi? İnsan, doğru­dan da, belə bir şeyə qadir deyil və Müqəddəs Quranı görkəmli şair və ya­zı­çıların əsərləri ilə müqayisə etmək üçün ədəbiyyat sahəsində ən ibtidai biliklərə malik olmaq və onların arasında böyük fərq olduğunu yəqin et­mək kifayətdir.
Bu ayədən həmçinin belə bir nəticə çıxarmaq olur ki, azmış insanın düz yola qayıdacağına o halda ümid etmək olar ki, o çaşqınlığa düşmüş, şübhələr içində əziyyət çəkən, haqqı nahaqdan ayıra bilməyən bir vəziy­yətdə qalmış olsun. Əgər belə bir insan doğrudan da həqiqəti bilmək istə­yirsə, yol onun üçün açılan kimi, o, düz yola gələ bilər. İnadkar kafirlərə gəldikdə isə, onlar həqiqəti bildikləri və onu şüurlu surətdə rədd etdikləri üçün doğru yola qayıtmırlar, çünki onlar, haqq olan din onlara tamamilə aydın olduqdan sonra da belə, ondan üz çevirirlər. Onların bu rəftarı məlumatsız olduqlarına görə deyil və onlar üçün bu vəziyyətdən çıxış yolu qalmamışdır. Eyni sözü şübhə edən kafirlər haqqında da demək olar. Onlar da həqiqəti tapmaq niyyətlərində səmimi deyillər. Əslində, onlar haqqa qarşı laqeyd­dirlər – onlar heç onu axtarmağa da çalışmırlar və əksər hallarda doğru yola gəlmirlər.  Bu ayədə diqqəti, Allahın Öz Elçisini (s. ə. s) Özünün qulu adlandırmasına yönəltmək lazımdır. Bu şərəfli mətndə belə bir ifadənin işlədilməsi ona dəlalət edir ki, Peyğəmbərin (s. ə. s) ən vacib sifətlərindən biri, onun öz vəzifəsini, bir qul kimi, səylə yerinə yetirməsi idi və məhz buna görə də o (s. ə. s), özündən əvvəlki bütün sələflərini və ardıcıllarını ötüb keçdi. Uca Allah Öz Elçisini (s. ə. s) gecə vaxtı Qüdsə apardığını və ona (s. ə. s) Müqəddəs Quranı nazil etdiyini xatırlayarkən eynilə bu cür səciyyələndirmişdir. Uca Allah buyurur:
“Dəlillərimizdən bəzilərini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulha­ram­dan ətrafına xeyir-bərəkət ver­di­yimiz Məscidul­əqsaya aparan Allah pak və müqəddəsdir...” (İsra, 17/1) );
“Aləmləri xəbərdar etməsindən ötrü Öz qulu­na Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!”
ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ   ﯽ   ﯾ  ﯿ  ﰀ  ﰁ  ﰃ  ﰄ  ﰅ  
(24) “Əgər siz bunu edə bilmirsinizsə, - heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin”.

Uca Allah buyurur ki, Cəhənnəm kafirlər üçün artıq hazırlanmışdır. Bu və digər oxşar ayələr Sünnə və camaat tərəfdarlarının baxışlarının doğ­ruluğunu təsdiq edir. Mötəzilələrdən fərqli olaraq, onlar doğrudan da he­sab edirlər ki, Cənnət və Cəhənnəm artıq mövcuddur və xəlq edilibdir.
Bu ayədən belə bir nəticə də çıxarmaq olar ki, tövhid tərəfdarları, hətta ən ağır günahlar işləsələr belə, Cəhənnəmdə əbədi qalmayacaqlar. Bu müddəa xaricilərin və mötəzilələrin baxışlarına ziddir. Uca Allah bu­yu­rur ki, Cəhənnəm kafirlər üçün hazırlanmışdır və əgər Allaha itaətsizlik edən tövhid tərəfdarları orada əbədi qalmalı olsaydılar, onda Cəhənnəmin təkcə kafirlər üçün yaradılmasından bəhs edilməzdi. Buradan belə bir sonuca gəlmək olar ki, günahkarlar ancaq törətdikləri küfr və müxtəlif günahlardan ibarət olan cinayətlərə görə cəzalandırılmağa layiqdirlər.
Uca Allah kafirlərin cəzalandırılması barədə xatırladıqdan sonra xeyirxah əməl sahibləri olan möminlərin mükafatlandırılması haqqında xəbər verir. Uca Allah Öz Kitabında belə hallara tez-tez yer verir. O, qul­larını cəzalandırmaqla qorxudur və onları mükafatlandırmaqla isə həvəs­ləndirir ki, onlar heç vaxt qorxu hissini unutmayaraq, həmişə xoş ümid­lərlə yaşasınlar. Uca Allah buyurur:

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ   ﭣ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭬ  ﭭ  ﭮ   ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭵ  ﭶ  ﭷ  ﭸ  

(25) “İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə dünyada bizə verilən ruzidir!” – deyəcəklər. Halbuki onlara dünyadakının ox­şa­rı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar ora­da əbədi qalacaqlar”.

Ey Elçi! Ey onun (s.ə.s) işini davam etdirən möminlər! Bütün qəlbi ilə iman gətirənləri və öz vücudu ilə xeyirxah əməllər yerinə yeti­rərək, imanlarını təsdiq edənləri sevindirin. Onların saleh əməlləri ədalət­lidir, çünki onlar qulların vəziyyətini nizamlayır, onların bu dünyada fira­van yaşamasını və Axirət həyatında müvəffəqiyyət qazanmasını təmin edir, onları müsibətlərdən və bədbəxtliklərdən xilas edərək, Cənnətdə və Mərhəmətli Allahın yaxınlığında olmağa layiq möminlərə çevirirlər. Buna görə, onları müjdələ ki, onlar Cənnət bağlarına düşəcək, orada son dərəcə gözəl ağaclar, ləzzətli meyvələr, sərin kölgəliklər və gur yarpaqlı budaqlar tapacaqlar. Cənnət bağları bu adla ona görə adlandırılır ki, orada kölgəli yerlər boldur və bu, oranın sakinlərini məmnun edir. Onların altından su, süd, bal və şərab çayları axır və Cənnət sakinləri bu çayların yatağını istədikləri məcraya yönəldə bilirlər. Ən müxtəlif meyvələr yetişən Cənnət ağacları onların vasitəsilə suvarılır. Cənnət sakinlərinə o meyvələrdən verildikdə, onlar deyəcəklər: “Bu meyvələr bizim yediklərimiz kimidir”. Bu o deməkdir ki, bütün Cənnət meyvələri ən əla keyfiyyətə malikdir. Onların hər biri yaraşıqlı və ləzzətlidir, orada dadsız meyvələr görməzsən. Cənnətə daxil olduqda, möminlər bir an da olsun belə həzz almaqdan məhrum olmayacaqlar və onlara təklif ediləcək yeməli şeylər onlara hə­mişə misli görünməmiş ləzzət bəxş edəcəkdir.
Belə bir rəy mövcuddur ki, bu ayədən çıxarılan nəticəyə görə, Cənnət meyvələri yerdə olanlarla eyni adlar daşıyacaq, amma dadları ilə onlardan fərqlənəcək. Başqa bir şərhə görə isə, onlar rənginə görə yerdəki meyvələrə oxşayacaq, amma onlardan adlarına görə seçiləcəklər. Üçüncü bir rəyə görə isə, onlar öz gözəl keyfiyyətləri ilə bir-birinə oxşayacaq və möminlərə eyni ləzzəti və zövq verəcəklər. Yəqin, sonuncu şərh daha doğrudur.
Uca Allah Cənnətin otaqlarını, ləzzətli yeməklərini, içkilərini və meyvələrini xatırladıqdan sonra, Cənnət zövcələri haqqında xəbər verir və onları ən gözəl tərzdə səciyyələndirir. O, onları təmizlənmiş zövcələr ad­lan­dırır, lakin onların təmizlənəcəyi və xilas ediləcəyi qüsurları qeyd etmir. Bu isə o deməkdir ki, onlar tamamilə pak olacaqlar.  Onlar təmiz əxlaqa, təmiz əndama, təmiz ağıza və təmiz baxışlara sahib olacaqlar. Onların əxlaqlılığı özünü ərlərinə bəslədikləri vəfalı məhəbbətdə təcəssüm edəcək, ərləri də onları eynilə gözəl xasiyyətlərinə, ərə sədaqətinə, incə davranışına və valehedici nitqinə görə sevəcəklər. Onların bədəni aybaşı­dan, doğuşdan sonrakı qanaxmalardan, spermadan, sidikdən, nəcisdən, bəl­ğəmdən, selikdən və xoşagəlməz iylərdən azad ediləcək, çöhrələri isə gözəl və kamil olacaqdır. Onlar qüsurlardan, çatışmazlıqlardan və eybə­cər­liklərdən xali olacaqlar. Gözəl və nəcib zövcələr olduqları üçün dilləri və baxışları hər cür çirkinlikdən təmizlənmiş olacaq. Onlar öz gözlərini yad kişilərin baxışlarından və dillərini pis sözlərdən qoruyacaqlar.
Bu gözəl ayədə müjdə veriləcək kəslər, müjdənin özü və onların buna nail olacaqlarının səbəbi xatırlanır. Bu xoş xəbəri – müjdəni gəti­rənlər Allahın Elçisi (s.ə.s.) və onun yolunu davam etdirən müsəlman­lardır. Xeyirxah işlər görən möminləri bu müjdələrlə sevindirmək lazım­dır. Müjdə dedikdə, bu kəramətli ayədə təsvir edilən Cənnət bağları haq­qında xəbərlər nəzərdə tutulur. Ona, ancaq haqq dinə iman gətirməklə, əməlisaleh işlər görməklə nail olmaq mümkündür. Bir sözlə, Uca Allah ayədə ən əzəmətli bir müjdəni yada salmışdır ki, bəşəriyyətin ən yaxşı nümayəndəsi onu, yaxşı əməllər edən insanlar üçün gətirmişdir. 
Bu ayədən belə bir nəticə də çıxartmaq olar ki, möminlərə müjdə sevinci bəxş etmək və onları əməlisaleh işlər görməyə ruhlandırmaq və bu işlərə və onların faydalı nəticələrinə görə əcr veriləcəyini xatırlatmaq tərifəlayiqdir. Həm də belə xatırlatmalar insanların xeyirxah işlər görmə­sini asanlaşdırır. Belə ki, insan üçün ən vacib müjdə onun iman gətirməsi və saleh əməllər işlətməsidir.
Bunun ardıyca, bu dünya həyatından ayrılarkən, alınan müjdədir ki, möminlər bundan sonra əbədi səadətə qovuşurlar. Ey Allah, bizə də bu mərhəmətini nəsib et!
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ  ﮃ   ﮄ                                                   ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  

(26) “Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan daha üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn  haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəl­dir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır”.

Allah hətta ağcaqanadı və digər ən kiçik məxluqatı misal gətirəndə belə utanmır, çünki onlar özlüyündə dərin məna kəsb edir və haqqı insanlara izah edirlər. Axı Uca Allah haqqı bildirərkən utanmaz. Allah bu ayəsi ilə olduqca kiçik olan məxluqları haqqında məsəl çəkilməsini fay­dasız sayıb Allaha etiraz edənlərin sözlərini sanki təkzib edir. Lakin belə məsəllər etiraz etməyə əsas vermir. Əksinə, onlar, Allahın Öz qullarını tərbiyələndirdiyi mərhəmətinin vasitələridir və insanlar onlara qulaq as­ma­lı və onları minnətdarlıqla qəbul etməlidirlər.
Bax buna görə də möminlər başa düşürlər ki, bu məsəllər Rəbbin nazil etdiyi vəhylərdir və onların mənasını dərk etmək və düşünmək lazımdır. Onlar belə məsəllərin mahiyyətini təfsilatı ilə aydınlaşdıra bil­dikdə, bu onların öz biliklərini və imanını artırır. Onlar məsəlin mahiy­yətini aydınlaşdıra bilmədikdə isə, onun Haqdan gəldiyi ilə qane olur, həqiqiliyinə və mənasının düzgünlüyünə inanırlar. Nazil edilmiş məsəldə əks olunmuş həqiqətin hətta bir hissəsi onlar üçün qapalı qaldıqda belə ona imanlarında sadiq qalır, çünki qəti surətdə bilirlər ki, Allah məsəlləri əyləncə üçün gətirmir; onlara böyük məna və hədsiz şəfqət hissi əta edir.
Kafirlərə gəldikdə isə, onlar belə soruşurlar: “Allah bu məsəllə nə demək istəyir?” Onlar hiddətlənir və heyrətə düşürlər ki, bunun da nəticə­sində, möminlərin imanı gücləndiyi kimi, onların da küfrü artır. Məhz buna görə Uca Allah buyurur ki, Rəbbiniz Quranda çəkdiyi məsəllərin vasitəsilə bəzi insanları azdırır, digərlərini isə doğru yola yönəldir. Mö­minlər və kafirlər nazil edilmiş hər yeni vəhyi belə qəbul edirlər. Bununla əlaqədar olaraq Uca Allah buyurur: “Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?” – deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”[2].
Allahın qulları üçün Quran ayələrinin nazil edilməsindən böyük mərhəmət yoxdur, lakin məhz bu, bəzi adamlar üçün, onların bədbəxtli­yini artıraraq, imtahana, məyusluğa və azğınlığa çevrilir, amma başqaları üçün isə onların nemətini artıran böyük rəhmətə və bol hədiyyəyə dönür. Pak və qüsurlardan uzaq olan Allah Öz qulları arasında fərq qoyaraq, Təkbaşına onları doğru yola yönəldir və zəlalətə salır!
 Fasiqlik iki cür olur. Birinciyə - fasiqi dindən və imandan çıxaran itaətsizlik aid edilir. Bu və digər oxşar ayələrdə məhz belə fasiqlikdən bəhs edilir. İkinci növ fasiqlik isə insanı iman dairəsindən çıxarmayan fasiqlikdir. Bu, Uca Allahın aşağıdakı kəlamında xatırlanır: “Ey iman gə­tirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir cəmiyyətə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz”[3].
                                          ﯙ  ﯚ  ﯛ 

(27) “O kəslər ki, Allahla əhd-peyman bağla­dıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!”

Uca Allah fasiqlərin xüsusiyyətlərini təsvir edərək buyurur ki, onlar Allahla əhd bağladıqdan sonra onu pozurlar. Bu, qulların Rəbbi qarşısında və digər məxluqlar qarşısında öz öhdələrinə götürdükləri və çox ciddi tərzdə təsdiq olunmuş bir əhdə aiddir. Lakin fasiqlər ona əhə­miyyət vermirlər. Bundan başqa, Allahın hökmlərini saymazlığa vuraraq, onun qoyduğu qadağanlarının üstündən keçərək, onu hələ bir pozurlar da. Bununla yanaşı onlar başqa insanlarla bağladıqları müqavilələr üzrə öhdə­liklərini də yerinə yetirmirlər.
Uca Allah bildirir ki, onlar, Allahın daima saxlanmasına hökm verdiyi münasibətləri kəsirlər, halbuki bunlar dinin bir çox məsələlərinə də aiddir. Allah bizə buyurmuşdur ki, özümüzlə Allah arasında əlaqəni daima qoruyaraq Ona iman gətirək. O, əmr etmişdir ki, bizimlə Allahın Elçisi (s.ə.s.) arasında, ona inanaraq, onu sevərək, ona ehtiramla yana­şaraq və onun qarşısında öz borcumuzu yerinə yetirərərk, əlaqə saxlayaq. O, əmr etmişdir ki, biz öz valideynlərimizlə, qohumlarımızla, dostları­mızla və başqa insanlarla, onların qarşısında olan vəzifələrimizi həyata keçirərək əlaqə saxlayaq.
Möminlər, Allahın qorunmasına hökm verdiyi əlaqələri öz vəzi­fələrini layiqincə yerinə yetirməklə saxlayırlar. Fasiqlər isə, öz vəzifə­lə­ri­nə laqeyd yanaşaraq, əlaqələrini kəsirlər. Onlar Allahın hökmlərinə ita­ət­sizlik göstərir, günah işlədir və bununla da yer üzündə fitnə-fəsad yayırlar. Belə sifətlərə sahib olan kəslər həm bu dünyada və həm də Axirət həya­tında mütləq ziyana düşəcəklər.
Təkcə belə insanlar zərər çəkəcəklər, çünki onların itkisi hərtərəfli olacaqdır. Onların heç bir təşəbbüsü onlara gəlir gətirməyəcəkdir. Belə ki, hər bir xeyirxah addımın zəruri şərti düzgün imandır. Əgər insan belə bir imandan məhrumdursa, onun heç bir əməli xeyirli ola bilməz. Bu cür ziyana ancaq kafirlər düşürlər. Lakin ziyanın başqa bir növü də vardır ki, insan ona təkcə öz kafirliyi üzündən deyil, həm də müxtəlif arzu olunan əməllərə diqqətsizlik göstərməsi və etinasız yanaşmasına görə uğrayır. Zərərin bu növü haqqında Uca Allah belə buyurur: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlər istisnadır”[4].
Belə ziyandan, haqqı rəhbər tutmağa çağıran və səbirli olmağa dəvət edən, xeyirxah işlər görən  əməlisaleh insanlardan başqa, heç kim xilas edilməmişdir. Bu zərərin mahiyyəti – insanın qazana biləcəyi xeyir­dən məhrum olması ilə bağlıdır.
ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ   ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ 
(28) “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi di­rilt­di? Sonra O, sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona tərəf qaytarılacaqsınız”.

Bu sual həm təəccüb və məzəmmət doğurur, həm də ittiham edir.
Ey insanlar! Siz, sizi heçdən Yaradan, hər cür şeylə Nemətləndirən, əcəliniz çatanda sizi Öldürən və sizə layiq olduqlarınızın artıq qəbirləri­nizdəykən Əvəziniverən, Qiyamət günü sizi hökmən Həyataqaytaran və sizin hər bir əməlinizə əvəzini artıqlaması ilə verən Allaha iman gətir­məkdən necə boyun qaçırırsınız? Siz Onun hakimiyyəti altındasınız, Onun iradəsindən asılısınız və Onun kainat qanunları ilə yaşayırsınız, sonra isə Onun dininin qanunları üzrə mühakimə ediləcəksiniz. Məgər Rəbbinizə iman gətirməkdən boyun qaçırmaq sizə yaraşırmı? Məgər belə bir iman­sızlıq həddən artıq avamlıq və böyük bir axmaqlıq deyilmi? Siz, həqiqə­tən, Rəbbinizdən qorxmalı, Ona həmd etməli, Ona iman gətirməli, Onun verəcəyi cəzalardan ehtiyat etməli və bəxş edəcəyi əcrə ümid bəsləmə­lisiniz.
ﯬ ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ  ﯶ ﯷﯸﯹﯺﯼ ﯽﯾﯿ ﰀ  

 (29) “Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir”.

Yerdə olan bütün nemətləri Allah Öz mərhəməti sayəsində insanlar üçün yaratmışdır ki, onlardan istifadə etsinlər və bunlardan faydalı nəticə­lər çıxararaq zövq alsınlar. Bu qiymətli ayə bütün maddi nemətlərin istifa­dəsinə icazə verildiyinə və əksi sübut edilməyincə təmiz olduğuna dəlalət edir, çünki Uca Allah ayədə insanlara Öz mərhəmətini göstərdiyini qeyd edir. Bu ayənin əsasında həm də demək olar ki, zərərli və pis olan nə varsa, qadağan edilmişdir, çünki Allah insanlara xeyir verən şeyləri yaratmışdır. Deməli, insanların bu çərçivədən kənara çıxan şeyləri istifadə etmək haqqı yoxdur. Zərərli və pis şeylərin istifadəsini qadağan edərək, Rəbbimiz insanlara böyük mərhəmət göstərmişdir.
Daha sonra Uca Allah buyurur ki, yeri yaratdıqdan sonra O, səma­ya tərəf yönəlir. “İstəva” feli Müqəddəs Quranda üç mənada istifadə edil­mişdir. Ön şəkilçisiz işlədildikdə, “yetkinliyə, kamilliyə çatmışdır” məna­sını bildirir. Uca Allah onu bu mənada Musa peyğəmbər (ə.) haqqında hekayəti nazil edəndə istifadə etmişdir: Musa yetkinləşib kamillik döv­rünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta et­dik...”[5].
Yüksək mövqe bildirən ön şəkilçi ilə işlədildikdə, “qalxdı”, “ucaldı” mənalarını bildirir. Uca Allah onu bu mənada: “Ər-Rəhman Ərşə ucaldı”[6]; “O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki, onların belinə, yaxud tərkinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir...”[7].
O, istiqamət bildirən ön şəkilçi ilə işlədildikdə isə “yönəldi”, “dön­dü, çevrildi” mənalarını bildirir. Şərh etdiyimiz ayədə “istəva” feli məhz bu mənada istifadə olunmuşdur.
Uca Allah yerin yaradılışından sonra göyləri yaratmağa başladı və onları yeddi qat göy halında xəlq etdi. Onlara kamil bir görkəm verdi. O hər şey haqqında biliklərə malikdir. Ona, yerə nəyin düşdüyü və oradan nəyin çıxdığı, göydən nəyin endiyi və oraya nəyin qalxdığı tam mənada məlumdur.  O, qeybi də, aşkarı da Biləndir.
 Bu və bir çox digər ayələrdə Allah Özünün ilahi biliklərinə işarə etməklə yanaşı Kainatın yaradılmasına da toxunur. Uca Allah buyurur: “Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanı bilir. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar ol­duğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilmə­sin?”[8].
Bunun səbəbi ondadır ki, məxluqların yaradılması – Allahın Elmi­nin, Müdrikliyinin və Qüdrətinin ən inandırıcı dəlillərindəndir.
ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙﭚ   ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ  ﭧﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ   ﭯ 

(30) “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bər­qərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmdsəna ilə təriflə­di­yimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şüb­hə­siz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Uca Allah Adəmin, bəşəriyyətin ulu babasının yaradılışının başlan­ması və onun digər xəlq edilmiş varlıqların çoxundan üstün olması barədə xəbər verir. Adəmi yaratmağı nəzərində tutan Uca Allah bu niyyətini mələklərə bildirir. O, Adəmi yerdə canişin etmək istədiyini onlara xəbər verir. Belə olduqda mələklər deyirlər: “Ey Allah! Doğrudanmı Sən, yerdə fitnə-fəsad yayıb, günahlar edəcək və qan tökəcək bir məxluq yaradacaq­san?”
Bu sözlər, ümumi ifadələrdən sonra xüsusi kəlmələrin işlədilməsi nümunəsidir, çünki qan tökmək də fəsad törədilməsinin bir formasıdır. Mələklər bununla qətllərin ağır bir cinayət olduğunu vurğulayaraq ehtimal edirlər ki, Adəmin nəsilləri yerdə məhz bu cür işlərlə məşğul olacaqlar. Bununla yanaşı onlar Allaha öz ehtiramlarını bildirərək, qeyd edirlər ki, O, əlbəttə ki, hər cür şərdən sonsuzluğa qədər uzaqdır. Mələklər yada salırlar ki, onlar heç bir qüsura yol vermədən Allaha ibadət edir, Onu, Onun əzəmətinə və müdrikliyinə uyğun olaraq tərifləyirlər. Bununla birgə onlar Allahı müqəddəs sayırlar.
Belə bir rəy var ki, “nuqaddisu ləkə” ifadəsi “biz Səni müqəddəs sayırıq” deməkdir. Buradan belə çıxır ki, mələklər təkcə Allahı Müqəddəs və Qüsursuz hesab edirlər. Başqa bir şərhə görə isə, həmin ifadə “biz Sənə görə özümüzü qüsurlardan təmizləyirik” mənasını bildirir. Bundan da belə çıxır ki, mələklər Allaha məhəbbət bəsləməklə, Onun qarşısında qorxmaq­la və Onu tərifləyib ucaltmaqla öz əxlaqlarını natəmiz nəfslərdən təmiz­ləyir, təqdis edirlər.
Uca Allah mələklərə cavab verərək buyurur: “Mən bu canişin haqqında sizin bilmədiklərinizi bilirəm. Sizin sözləriniz sizin zənninizə əsaslanır, lakin Mən qeybi də aşkarda olanları da bilirəm. Mən bilirəm ki, bu canişinin yaradılması özündə şərdən daha çox xeyir ehtiva edir”.
Qüdrətli Allahın, insanların qəlbində gizlənən xeyir və şəri yerdə imtahana çəkərək Öz itaətkar qullarını Öz düşmənlərindən ayırd edə bilməsi, İblisin qəlbində gizlənən böyük şəri üzə çıxartması və onun qü­surlu sifətlərini ifşa etməsi üçün Adəmin nəsilləri arasından peyğəmbər­ləri və siddiqləri, şəhidləri və əməlisalehləri seçdiyini göstərməsi bəs edir ki, O, Öz ayələrini bütün məxluqata göstərə bilsin və insana, Allah yolunda mübarizə aparmaq, başqa məxluqların bacara bilmədiyi, digər ayinləri həyata keçirmək imkanı versin. İnsanın xəlq edilməsinin hikməti, hətta bu hikmətin bir hissəsi onun yaradılması üçün tutarlı bir əsasdır.
ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ   ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ    ﭾ  ﭿ

(31) “Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”

Mələklərin əvvəlki sözləri onların, Allahın yerdə təyin edəcəyi canişindən üstün olduqlarını vurğulayırdı və buna görə də Uca Allah Adəmin müsbət məziyyətlərini onlara izah etmək və onları onun üstün­lüyünə inandırmaq istədi. O, Adəmə bütün məxluqların və əşyaların adla­rını və habelə onların mənalarını, o cümlədən, sözlərin kiçildilmiş-nəva­zişli və üstünlük dərəcəli formalarını, məsələn, quş və quşcığaz kimi, öyrətdi. Sonra Allah bu məxluqları və əşyaları mələklərə göstərdi və on­ları sınamaq üçün dedi: “Əgər sizin Mənim canişinimdən üstün olmağınız haqqında zənniniz doğrudursa, onda bu məxluqların adlarını deyin”.

ﮀ   ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮉ  ﮊ  ﮋ  ﮌ      ﮍ 

 (32) “Onlar dedilər: “Sən pak və müqəddəs­sən! Sənin bizə öy­rət­diklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilən­sən, Müdriksən!”

Mələklər belə cavab verdilər: “Ey Rəbbimiz! Sən pak və müqəd­dəssən! Bizim Sənə etiraz etməyə və Sənin iradənə zidd getməyə ixti­yarımız yoxdur. Biz, ancaq Sənin mərhəmətin və səxavətin sayəsində bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Sənə isə bütün varlıq haqqında hər şey məlumdur, hətta göylərdə və yerdə olan ən kiçicik zərrələr də belə Sənin bildiklərindən kənarda qala bilməz. Sən, bütün məxluqları və hökm­ləri əhatə edən kamil müdrikliyə sahibsən. Sənin yaratdıqların və buyruq­ların ilahi Hikmətinin təcəssümüdür”.
Müdriklik (hikmət) dedikdə, hər şeyi öz yerinə yerləşdirmək isteda­dı nəzərdə tutulur. Mələklər Allahın mütləq biliyə və ilahi müdrikliyə malik olduğunu və özlərinin isə hətta ən kiçicik bir əşyanı müstəqil şə­kildə dərk etməyə qabil olmadıqlarını etiraf etdilər. Onlar etiraf etdilər ki, Allah onlara misilsiz mərhəmət göstərərək, əvvəl bilmədikləri hər şeyi onlara öyrətmişdir.
ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮓ  ﮔ  ﮕ  ﮖ   ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ   ﮡ  ﮢ  ﮣ       ﮤ  ﮥ 

(33) “Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demə­dimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”

Allah Adəmə buyurur ki, O, mələklərdən tələb etdikdə onların deyə bilmədiyi məxluqların və əşyaların adlarını bir-bir sadalasın. Adəm Rəbbin əmrini yerinə yetirdi və mələklər onun üstünlüyünə və müdrik­liyinə əmin oldular. Hərşeyibilən və Ənmüdrikolan Yaradan Adəmi məhz bu məziyyətlərinə görə yerdə özünün canişini etmək istəmişdi. Sonra Allah belə deyir: “Məgər Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
Qeyb adı altında bizim görmədiyimiz və sezə bilmədiyimiz bütün şeylər nəzərdə tutulur. Allah qeybi bilirsə, deməli aşkarda olanı da, gizli saxlanılanı da bilir.

ﮦ  ﮧ  ﮨ  ﮩ    ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ   ﯔ 

 (34) “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu”.

Uca Allah mələklərə əmr edir ki, onun qarşısında çöküb ona səcdə etsinlər və bununla ona öz ehtiramlarını bildirsinlər. Bu, Uca Allaha ibadət və Onun hökmlərinə itaət forması idi və mələklər o saat Adəmin qarşısında səcdəyə qapıldılar, təkcə İblis bunu etmədi. O, Allahın əmrini yerinə yetirməkdən təkəbbürlə boyun qaçırdı və belə qət etdi ki, Adəmdən üstündür. O dedi: “...Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcə­yəm?!”[9].
İblisin təkəbbürü və itaətsizliyi imansızlığından törəmişdi ki, onu, baş vermiş hadisəyə qədər gizlədirmiş. Lakin üzə çıxmış bu hal onu, Allaha və Adəmə bəslədiyi düşmənçiliyini büruzə verməyə məcbur edərək, onun kafirliyini və təkəbbürlü olmasını ifşa etdi.
Bu kəramətli ayələrdən hikmətli və faydalı çox nəticələr çıxarmaq olar. Birincisi, Uca Allah danışmaq qabiliyyətinə malikdir. Bu sifət Allaha həmişə xas olmuşdur və O, istədiyi vaxt istədiyini deyə bilər. İkincisi, Allah - Hərşeyibiləndir və Hikmət Sahibidir. Bəzi məxluqlarının yaradıl­ma­sının və ya bəzi hökmlərinin nazil edilməsinin mənası qullarına aydın olmadıqda, onlar öz Rəbbinin iradəsinə təslim olmalı, çatışmazlıqları ancaq öz ağıllarında axtarmalı və Allahın hikmətini qəbul etməlidirlər. Üçüncüsü, Allah mələklərin qayğısına qalır və onlara bilmədikləri şeyləri öyrətdikdə rəhm edir və  diqqətsiz  yanaşdıqlarını onlara göstərir.
Bu Quran hekayəti də biliyin üstünlüyünü vurğulayır. Birincisi, Uca Allah mələklərə Özünün elmini və Özünün Hikmətini nümayiş et­dirir. İkincisi, Allah mələklərə göstərir ki, Adəmin üstünlüyü, qulun haqqı olan və ən gözəl məziyyətlərindən biri sayılan biliyindədir. Üçüncüsü, Allah mələklərə Adəmin qarşısında ona öz ehtiramlarını bildirmək üçün səcdə etmələrini və onun biliklərinin üstünlüyünü etiraf etmələrini əmr edir. Dördüncüsü, bir nəfər digərlərini əvvəl bilmədiklərinə öyrədirsə, o, onlardan üstün olduğunu göstərir, çünki o, bu bilikləri onlardan əvvəl əldə etmişdir.
Bu hekayət bizi bəşəriyyətin əcdadının və cinlərin əcdadının[10] mə­ziyyətləri üzərində düşünməyə vadar edir. Hekayətdə Adəmin müsbət cəhətləri, Allahın ona bəxş etdiyi nemətləri xatırlanır. Orada İbli­sin ins­anlara bəslədiyi amansız nifrəti haqqında xəbər verilir. Ayədən çoxlu başqa faydalı nəticələr də çı­xar­maq olar.



[1] Zariat, 51/56
[2] Tövbə, 9/124-125
[3] Hucurat, 49/6
[4] Əsr, 103/1-3
[5] Qəsəs, 28/14
[6] Ta ha, 20/5
[7] Zuxruf, 43/12-13
[8] Mulk, 67/13-14
[9] İsra, 17/61
[10] İblisin cinlərin əcdadı olması nə Müqəddəs Quranda, nə də Peyğəmbərin (s.ə.s.) Sünnəsində təsdiq edilməmişdir. Belə ki, Quranda deyilir: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi...” (Kəhf, 18/50). Böyük Britaniyalı islamşünas doktor Əbu Əminə Bilal Filips özünün rus dilində nəşr olunmuş “Незримый мир” adlı əsərində (Срия: «Незримый мир». г. Москва: «Зу-ль-Факкар», 2003 г. –с. 85) sitat gətirdiyimiz ayəyə işarə edərək yazır ki, “Bu ayənin aydın mənasından bəlli olur ki, Şeytan onlardan (cinlərdən) ancaq biri idi, lakin birincisi deyildi”. İngilisdilli İslam alimi Ə. B. Filips bu rəyində “Aləm əl-cinn və ş-şəyatin” əsərinə (səh. 18) mənbə kimi istinad edir. Əbdürrəhman əs-Səədinin rus dilindən tərcümə etdiyimiz bu əsərinin orijinaldan türk dilinə tərcüməsində də (“Tafsirus-Sadi”, Quraba nəşriyyatı, 2006, I cild, səh. 76) ifadə eynilə ve­ril­mişdir. Amma İblisin “cinlərin əcdadı” (atası) kimi göstərilməsi, gördüyümüz kimi, mənbələrdə təsdiqini tapmır. Tərc. Fərahim Süleymanoğlu.

Комментариев нет:

Отправить комментарий