воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 11 -ci parça


                                          
 (195) “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özü­nü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq ed­ən­ləri sevir”.

Uca Allah Öz qullarına buyurur ki, onlar öz əmlakını xeyir işlərə və Allahın razı qaldığı məqsədlərə sərf etsinlər. Bunlar – kasıblara və ya qohumlara sədəqə və həmçinin müsəlmanların yardım etməyə borclu ol­duqları şəxslərə maddi yardım kimi ola bilər. Amma ən mühüm ianə mü­qəddəs müharibəyə sərf edilən xərclərdir, çünki bunu edən hər bir müsəlman Allah yolunda öz malı ilə döyüşür. Bu hökm, müqəddəs müha­ri­bədə iştirak etmək hökmü ilə yanaşı fərzdir və o, olduqca böyük fayda verir, çünki müqəddəs müharibə üçün ayrılan ianə müsəlmanların güclən­məsinə, müşrikliyin və müşriklərin zəifləməsinə səbəb olur, Allahın dini­nin qələbə­sini yaxınlaşdırır və İslamı daha da qüdrətləndirir. Adicə demək kifayətdir ki, Allah yolunda mübarizə müsəlmanların könüllü maddi yar­dımları olmadan, sadəcə, mümkün deyil.
İanələr – Allah yolunda mübarizənin canıdır, çünki müsəlmanlar Uca Allah yolunda  öz mallarından keçmədikcə cihad mümkün deyil. Belə ianələrdən boyun qaçırmaqla onlar cihadın qarşısını alır və düşmənlərə onların üzərində özbaşınalıq və hökmranlıq etməyə imkan verir. Bir sözlə, müqəddəs müharibə üçün ianələr verməmək müsəlmanların özlərini təhlü­kəyə atmasına səbəb ola bilər.
Qul iki halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetir­mədikdə; və onun həyatının itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər olduqca çoxdur və onlardan biri də Allah yolunda müqəddəs müharibədə iştirak etməkdən və yaxud döyüş əməliyyatlarına maddi yardımdan imtina etməkdir. Bu imtina – düşmənlərin müsəlmanlar üzərində qələbəsinə səbəb olur. Belə əməllərə həmçinin döyüşdə və ya qorxulu səfərdə öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər tapan insan barəsində də demək olar. Bütün sadala­nan hallar – insanların özlərini məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini yerinə yetirməməyi göstər­mək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə qəlbi puç, imanı isə məhv edir.
Müqəddəs müharibəyə ianə vermək yaxşı əməllərin bir növü oldu­ğu üçün, daha sonra Uca Allah buyurur ki, ümumiyyətlə, xeyirli işlər görün. Doğrudan da, O, yaxşı əməl sahiblərini sevir. Yaxşı əməllərə, bi­zim öncə xatırladığımız hər hansı maddi yardımlar aiddir. Onlara aşağı­da­kılar da aid edilir: himayə etmək, müsəlmanların mənafeyi xatirinə kiməsə müraciət etmək və digər yardım növləridir ki, insan onları öz yüksək və­zifəsi sayəsində həyata keçirir. Onların sırasına həm də bəyənilən işlər gör­məyə çağırış, qınanılan hərəkətlərdən çəkindirmə və xeyirli biliklərin öyrədilməsi daxildir. Belə əməllərə, insanlara göstərilən mənəvi yardım, çətin anda kömək edilməsi, xəstələri ziyarət, dəfn mərasimində iştirak, yan­lış baxışların təshihi, xüsusilə, kimsə işinin öhdəsindən gələ bilmə­diyi məqamda ona kömək göstərmək və Allahın Öz qullarına yerinə yetir­məyi əmr etdiyi digər xeyirxah işlər də məxsusdur. Yaxşı əməllərə Peyğəmbəri­mizin (s.ə.s.) təsvir etdiyi:“Sən Allaha elə ibadət etməlisən ki, san­­ki Onu görürmüş kimisən və hətta sən Onu görməsən də, O, səni gö­rür”  hə­di­sin­də buyurduğu kimi, Uca Allaha səmimi ibadət də saleh əməl­lər­­dəndir.
Əgər insan sadalanan keyfiyyətlərə malikdirsə, onda o, Uca Allah­ın: “Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da daha üs­tü­nü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridir və orada əbədi qala­caq­lar” (Yunus, 10/26) ayəsində göstərdiyi şəxslərdən biri olacaqdır. Allah məhz belə insanların yanın­da­dır və onlara bütün işlərində kömək göstərir.
                                                                                                       ﯿ                                                                         
(196) “Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz (kə­­siləcəyi) yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstə­lə­nən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin oldu­ğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan is­tifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlı tap­­mayanlar isə, həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yed­di gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məsci­d­ül­haramda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah Şiddətli Cəzaverəndir”.

Orucluq və cihadla bağlı hökmlərini xatırlatdıqdan sonra Uca Allah həcc ziyarəti ilə əlaqədar olan hökmlərini yada salır. Allah xatirinə həcc və ümrə ziyarətini başa vurmaq hökmündən bir sıra nəticələr çıxır.
Birincisi, həcc və ümrə ziyarəti vacib (fərz) dini hökmlərə aiddir. İkincisi, həcc və ümrə ziyarəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əməllə­rin­dən irəli gələn bütün əsas və fərz hökmlərinə və onun (s.ə.s.) “Məndən öz mərasimlərinizi öyrənin” deyə söylədiyi hədisinə uyğun olaraq həyata keçirilməlidir. Üçüncüsü, bu ayə ümrə ziyarətinin vacib olmasının xeyrinə bir dəlildir. Dördüncüsü, zəvvar həcc və ya ümrə ziyarətinə başladıqda, onlar hətta könüllü olsa da belə, onları axıradək yerinə yetirməlidir. Beşincisi, zəvvar həcc və ümrə ziyarətinin nəinki təkcə vacib hökmlərini, həmçinin əlavə hökmlərini də tam kamil formada həyata keçirməlidir. Altıncısı, ziyarət səmimiyyətlə Allah üçün yerinə yetirilməlidir. Yeddincisi, şərait məcbur etmədikcə, zəvvarın vaxtından əvvəl eh­ram­dan çıxmağa heç bir əsası yoxdur. Uca Allah bu istisna barədə sonradan bildirir.
Zəvvar həcc və ümrə ziyarətini sona yetirmək üçün Kəəbəyə gəlib çıxa bilməyibsə, əgər o xəstələnibsə və yolu azıbsa, düşmənlə rastlaşıb və ya onu yolda ləngidən digər maneə ilə qarşılaşıbsa, onda o, bacardığını qurban verməlidir. Hər bir ləngimiş zəvvar özü ayrıca bir qoyun qurban kəsməli, yeddi zəvvar isə birlikdə bir dəvə və ya bir inək (öküz) qurban kəsməlidir. Sonra o, başını qırxıb ehramdan çıxmalıdır, çünki Peyğəmbər (s.ə.s.) və onun səhabələri, Hudeybiyyə sülhü imzalanan ildə, müşriklər onlara Məkkəyə girməyə imkan verməyəndə, belə etmişdilər. Əgər ləngi­dilmiş zəvvarın qurban kəsmək imkanı olmazsa, onda o, on gün ərzində oruc tutmalı və ancaq bundan sonra ehramdan çıxmalıdır. Zəvvarlar fasi­ləli həcc (həcc təməttu)[1] zamanı da eyni tərzdə hərəkət edirlər.
Sonra Uca Allah, qurbanlıq heyvanlar kəsiləcək yerlərə çatdırılana qədər zəvvarlara başlarını qırxdırmağı qadağan etdi. Ehramda ikən baş qırxdırma qadağan edilmiş əməllərdəndir. Həmçinin başından və bədə­ninin digər hissələrindən tüklərin istənilən üsulla təmizlənməsi də qada­ğan edilir, çünki bu qadağanın mənası ondan ibarətdir ki, zəvvar müəyyən narahatçılığa məruz qalsın və hətta dağınıq sacla gəzinsin. Buna bənzər mühakimə yürüdərək müsəlman alimlərinin xeyli hissəsi zəvvarlara eh­ramda dırnaq qırxmağı da qadağan edirdilər, çünki insan dırnaqlarını da rahatlığı üçün qırxır. Bu qadağalar, qurbanlıq heyvanlar kəsiləcək yerlərə çatdırılana qədər, yəni, qurban günü başlayana qədər qüvvədə qalır. Şərh etdiyimiz ayə isə başı, Qurban günü qurbanlıq heyvan kəsiləndən sonra, qırxmağın üstün tutulduğunu təsdiq edir.
Bu ayədən o da aydın olur ki, əgər zəvvar fasiləli həcc ziyarətini niyyət etmişsə və özü ilə qurban gətirmişsə, onda o, ümrəni bitirdikdən sonra qurban gününə qədər ehramdan çıxmama­lıdır. Ümrə ziyarəti ayinlə­rinə daxil olan Kəəbənin ətrafında dövrə vurduqdan və təpələr arasında qaçış keçirdikdən sonra, o, həcc ziyarətini yerinə yetirmək üçün ehrama girməlidir, çünki özü ilə gətirdiyi heyvan onu ehramdan çıxmağa qoymur. Çoxyaxşılıqlarmənbəyi Uca Allah zəvvar­lara Onun qarşısında əyilməyi və müti olmağı tapşırmışdır, çünki Rəbbin qarşısında itaətkar olmaq qula an­caq fayda gətirir və ona heç bir ziyan vurmur.
Əgər zəvvar ehramda olarkən xəstələnərsə və ya əziyyət çəkməyə başlayarsa və bu əziyyətindən təkcə başını qırxdırmaqla xilas ola bilərsə, əgər dərisini yara və ya bit basarsa, onda ona başını taraş etməyə icazə verilir, lakin bu zaman o, günahı təmizləyən əməllər etməlidir. O özü, üç gün oruc tutmaq, on kasıbı yedizdirmək və həcc ziyarəti zamanı kəsilmə­sinə icazə verilən heyvanlardan qurban kəsmək kimi əməllərdən birini seçməlidir. Ən üstün tutulan günahdan təmizlənmə əməli qurban kəsmək, sonra – on kasıbı yedizdirmək, daha sonra isə oruc tutmaqdır. Zəvvar belə təmizlənmə əməllərini həm də dırnağını qırxmağa, başını örtməsinə, tikili paltar geyməsinə və ətirlənməsinə görə yerinə yetirməlidir. Belə hərəkət­lərə ən kəskin zəruriyyət yarandığı hallarda yol verilir, lakin onların edilməsi nəticəsində yaranan günahın təmizlənməsi üçün zəvvar günahı aparan saleh əməllər həyata keçirməlidir, çünki o hərəkətlərdən çəkinmək, onların verdiyi rahatlıqdan və təmtəraqlı yaşayışdan qaçınmaqdır.
Daha sonra Uca Allah buyurur ki, əgər zəvvarlar təhlükəsiz şəra­it­dədirlərsə və hətta gecə vaxtı da düşmən basqınından ehtiyat etmirlərsə, onda, onların hər biri ümrə ziyarətini bitirdikdən sonra ehramdan çıxır və həcc başlayana qədər halal nemətlərdən istifadə edərək, sonra fasiləli həc­ci yerinə yetirirsə, imkanı daxilində, ziyarət zamanı qurban kəsilməsinə yol verilən heyvan­lardan qurban verir. Beləliklə, o, bir gedişdə iki ziyarət etdiyi üçün və ümrəni bitirdikdən sonra, həccin başlanmasına qədər, halal nemətlərdən ləzzət aldığına görə Allaha minnətdarlığını bildirməlidir. Həccin birləşdirilməsi (həcc qiran) zamanı da qurban kəsilməsi vacibdir, çünki bu halda zəvvar həcc və ümrəni birləşdirir.
Bu ayədən belə bir nəticə çıxarmaq olar ki, ayrıca həcc ziyarəti (həcc ifrad) zamanı qurban kəsilməsi vacib deyil. Bu ayə həm də həcc aylarında başlanmasına razılıq verilən fasiləli həccin qanuni və hətta üstünlüyə malik olmasını təsdiq edir.
Zəvvarın qurbanlıq heyvanı və onu əldə etməyə vəsaiti olmadıqda, o, həcc dövründə üç gün və həcdən qayıtdıqdan sonra isə əlavə yeddi gün oruc tutmalıdır. Həcc zamanı ümrə ziyarətini yerinə yetirmək üçün ehrama girildiyi andan Qurban bayramından üç gün sonra keçənə qədər oruc tutmağa icazə verilir. Bu üç gün ərzində zəvvarlar daş atırlar və Mina vadisində gecələyirlər. Lakin həcc ziyarəti zamanı oruc tutmaq üçün ən üstün tutulan günlər zülhiccə ayının yeddisi, səkkizi və doqquzudur. Həcc ziyarəti qurtarandan sonra yeddi günlük orucu isə ya Məkkədə, ya evə qayıdarkən yolda və yaxud da qayıtdıqdan sonra evdə tutmaq olar.
Fasiləli həcc zamanı mütləq qurban kəsmək hökmü ailəsi Məscidülharamda yaşamayan­lara şamil edilir. Bu o deməkdir ki, Ərəfat vadisinin hüdudlarından kənarda yaşayan insan hökmən qurban kəsmə­lidir, çünki o bir səfərində eyni vaxtda iki ziyarət edir. Əgər ziyarətçinin ailəsi Məkkədə sakinləşmiş­dirsə, onda qurban kəsmək onun üçün vacib deyil, çünki belə olduqda, bu hökmün səbəbi aradan qalxır.
Sonra Uca Allah bütün hallarda Allahın hökm­lərini yerinə yetirər­kən Onun haramlarını pozmadan Ondan qorxmağı əmr edir. Təqvalı olmağın əsas əlamətlərindən biri, xatırlanan ayədə, hökmlərin yerinə yeti­rilməsi və haramlara riayət edilməsidir. Müsəlman­lar həmçinin yadda sax­lamalıdırlar ki, Allah itaətsizlik edənləri çox sərt cəzalandırır və bu cəzanın müqabilində qorxu təqvalılığın və möminliyin möhkəmlən­di­ril­məsinə səbəb olan amillərdən biridir. İnsan Allahdan qorxursa, cəzalan­dırılmaya doğru aparan əməllərdən hökmən çəkinir və əgər o, Allahın əcrini qazanmağa ümid edirsə, hökmən arzu etdiyi mükafatı gerçəkləş­dirən xeyirxah işlər görür. Əgər o, cəzalandırılmaqdan qorxmursa və mükafat alacağına ümid bəsləmirsə, onda istənilən haramlara etinasızlıq edir və vacib hökmlərin yerinə yetirilməsinə kobudcasına müqavimət göstərir.

                                                                 

(197) Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən hər kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulma­malıdır. Sizin etdiyinizi Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!”

Uca Allah bildirir ki, həcc ziyarəti bu ayənin nazil olduğu xalqa yaxşı məlum olan aylarda baş verir və buna görə həmin ayların adlarının çəkilməsinə ehtiyac qalmırdı. Orucun tutulmasına verilmiş hökmün bu ayinin məhz hansı ayda icra ediləcəyinin izah olunmasına zəruriyyət var­dı. Beş dəfə fərz namazın qılınma­sı hökmünün də onlar üçün ayrılmış vaxtını izah etmək lazım idi. Lakin həcc ziyarəti ərəblərə İbrahim peyğəmbərin (ə.) zamanından məlum idi və onun nəslindən olduqları üçün onlar bu ziyarəti müntəzəm olaraq həyata keçirirdilər. İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, həcc ayları şəvval və zülqədə və zülhiccə ayının birinci ongünlüyüdür. Məhz bu aylarda zəvvarlar, bir qayda olaraq, həccə getmək məqsədilə ehrama girirlər.
Zəvvar həcc ziyarətini yerinə yetirməyi niyyət edirsə, yəni, ehrama daxil olursa, onda o, zəvvarlığını sona qədər həyata keçirməlidir, çünki ehrama girmək, hətta o könüllü də olsa, həcc ziyarətini yerinə yetirməyi vacibləşdirir. Bu Quran müddəalarına əsaslanan imam əş-Şafii və onun ardıcılları belə hesab edirdilər ki, həcc ayları girənə qədər həcc ziyarəti niyyəti ilə ehrama girmək olmaz. Lakin mən hesab edirəm ki, alimlərin böyük əksəriyyətinin rəyinə görə, həcc aylarının başlanmasına qədər həccə getmək niyyəti ilə ehrama girməyə icazə verilməsi daha səhihdir, çünki “...Bu aylarda həcci yerinə yetirməyi niyyət edən hər kəs...” ifadəsi onu göstərir ki, bəzi zəvvarlar bu aylarda həccə getməyi niyyət edirlər, bəziləri isə bundan da əvvəl niyyət etmiş olurlar ki, özü də bu ayənin ümumi mənasını heç bir şey konkretləşdirmir.
Sonra Uca Allah zəvvarlara əmr edir ki, ehrama hörmətlə yanaş­sınlar, xüsusilə bu, həcc üçün ayrılmış aylarda ziyarətə gedənlər üçün vacibdir. Zəvvar onun ehramını poza bilən və ya mükafatını kiçildən hər şeydən çəkinməlidir. O, cinsi yaxınlıqdan və cinsi ehtiras doğuran hər söz və əməllərdən, xüsusilə, zövcəsinin yanında qaçınmalıdır. O, həmçinin günahlardan və ehram zamanı qadağan olunan hərəkətlərdən çəkinməlidir. O, mübahisələrə və çəkişmələrə qoşulmamalıdır, çünki onlar pislik törədir və qarşılıqlı düşmənçiliyə səbəb olur.
Zəvvarlığın mahiyyəti – hər bir müsəlmanın Allahın qarşısında əyilməsi və müti olması, Ona hər hansı xeyirxah əməllər vasitəsilə yaxın­laşması və günahlardan təmiz­lənməsindən ibarətdir. Belə zəvvarlıq mö­min­lərə xasdır və onun əvəzinin mükafatı təkcə Cənnət ola bilər. Hərçənd günah etmək bütün hallarda və bütün yerlərdə qadağan edilir, amma həcc ziyarəti zamanı nazil edilmiş bütün qadağanlar daha da sərtləşir.
Yadda saxlamaq lazımdır ki, insan Allaha yaxınlaşmaq üçün nəinki günahlardan çəkin­məlidir, o, həm də Rəbbinin hökmlərini yerinə yetirmə­li­dir. Buna görə də sonra, Uca Allah buyurur ki, qullarının Ona yaxınlaş­maq üçün yerinə yetirdikləri bütün saleh əməllər və ibadət ayinləri Ona məlumdur. (Bu cümlənin ərəbcə mətnində) “min” ön şəkilçisi bu müddə­anın tamamilə bütün xeyirxah əməllərə aid olduğunu təsdiq edir. Bu ayə insanları, xüsusilə onlar müqəddəs Məkkə ərazisində olduqları zaman, yax­şılıq etməyə çağırır. Bu şərəfli yerlərdə müsəlman əlinə düşmüş im­kan­dan istifadə edərək, tez-tez və çoxlu namaz qılmalı, oruc tutmalı, sədəqə paylamalı, Kəəbənin ətrafını təvaf etməli* və ətrafındakı insanlara sözü və işi ilə xeyir­xahlıq göstərməlidir.
Daha sonra Uca Allah müsəlmanlara tapşırır ki, zəvvarlıq kimi mübarək bir səfərə hazırlaşsınlar. Zəvvar zəruri ərzaq ehtiyatı götürərək, yolda insanlara yardım üçün müraciət etmək ehtiyacının qarşısını alır və öz ləyaqətini saxlayır. Əgər o özü ilə əlavə azuqə götürsə başqa ziyarət­çilərə də kömək edə bilər və bu əməli ilə aləmlərin Rəbbinə daha da ya­xın­laşar. Belə ehtiyat insana özünü ərzaq və zəruri olan vəsaitlə təmin et­məyə imkan verir.
Lakin həm bu dünyada və həm də ölümdən sonra insanın dadına çatan əsil həqiqi ruzi - onun təqvalılığıdır. Bu ehtiyat azuqə ona rahatlıqla o biri dünyaya səfərə çıxmağa, gerçək səadətə qovuşmağa və əbədi olaraq ən ecazkar nemətlərdən ləzzət almağa imkan verir. Əgər insan təqva azu­qəsi ehtiyatı tutmazsa, onda o, səfərinin son məqsədinə nail ola bilməz və bədbəxtliyə məruz qalar.
Təqvalılığı təriflədikdən sonra Allah ağıllı insanlara Ondan qorx­mağı tapşırır, çünki sağlam idrakın ilk dəvət etdiyi – Allah qarşısında təq­valı olmaqdır. Əgər insanda Allahdan qorxmağa etiqad yoxdursa, bu, onun nadanlığına və düşüncəsizliyinə dəlalət edir.

               ﭼﭽﭾﭿﮀ                      ﮈﮉﮊﮋﮌﮍﮎﮏ

(198) “Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz”.

Təqvalı olmağa hökm verdikdən sonra, Uca Allah bildirir ki, həcc ziyarəti zamanı və digər hallarda Allahın mərhəmətini qazanmaq və mad­di nemətlər əldə etmək arzusu, əgər bunlar, insana öz vəzifələrini ye­ri­nə yetirməyə mane olmursa və əgər həccə getmək onun səfərinin əsas məqsə­didirsə, heç də qəbahət deyil. Amma bu zaman zəvvar pulu vicdanla və halal yolla qazanmalı və qazancını özünün bacarığı və ustalığı ilə deyil, Allahın lütfkarlığı ilə bağlamalıdır, çünki əgər insan səbəbi yadda saxla­yaraq, o səbəbi yaratmış Rəbbi unudursa, onda o, açıq-aşkar günah işlədir.
Sonra Uca Allah, zəvvarların Ərəfat vadisini tərk edən kimi, müqəddəs ərazidə (əl-məşər əl-haram) Onu xatırlamalarını əmr edir. Bu ayədə bir sıra hökmlər vardır.
Birincisi, Ərəfat vadisində dayanmaq həccin rüknlərindən biridir, çünki zəvvar ancaq orada olduqdan sonra vadini tərk edə bilər.
İkincisi, zəvvar Allahı müqəddəs yerdə, yəni, əl-Müzdəlifə vadi­sində zikr etməlidir. Bu yer həmçinin yaxşı məlumdur və zəvvarlar qurban bayramından əvvəlki gecəni orada keçirirlər. Gecə onlar yatmalı və sübh namazından sonra isə hava işıqlaşana qədər Allaha dua etməlidirlər. Müqəddəs yerdə zikr dedikdə, zəvvarların orada qıldıqları fərz və nafilə namazlar da nəzərdə tutulur.
Üçüncüsü, Ərəfat vadisində dayanmaq əl-Müzdəlifə vadisində gecələməkdən əvvəl gəlir, çünki (ərəb mətnindəki) “fa” bağlayıcısı hərəkətlərin ardıcıllığını göstərir.
Dördüncüsü, Ərəfat vadisində dayanmaq və əl-Müzdəlifədə gecələ­mək zəvvarın başqa adamlarla birlikdə yerinə yetirdiyi həcc mərasim­ləri­nə aiddir.
Beşincisi, əl-Müzdəlifə müqəddəs torpaqda yerləşir, amma Ərəfat vadisi isə onun hüdudlarından kənardadır və buna görə də Allah mü­qəd­dəs yer olaraq ancaq məhz əl-Müzdəlifə vadisinin adını çəkir.
Daha sonra Uca Allah, onları düz yola yönəltməklə, azğınlıqdan xilas etməklə və onlara əvvəl bilmədiklərini öyrətməklə böyük rəhmət bəxş etmiş Rəbbi zikr etməyi müsəlmanlara əmr edir. Bütün bunlar ən şərəfli nemətlərdir və bunlara görə qullar özlərinin Xeyirxahına həmd etməli və Onu qəlblərində və dilləri ilə xatırlamalıdırlar.

                               
(199) “Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allah­dan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”.

Müqəddəs yerdə ibadətdən sonra, bütün zəvvarlar, İbrahim peyğəm­bərin (ə.) zamanından bizim günlərimizədək insanların yola düş­düyü yerdən hərəkətə gəlməlidirlər. Ərəblər yaxşı bilirdilər ki, Müzdə­lifədən çıxıb hansı istiqamətə yönələcəklər. Onlar bilirdilər ki, sonra zəv­varlar daş atmalı, qurban kəsməli, Kəəbənin ətrafına dolanmalı, təpələr arasında qaçmalı, Mina vadisində üç gecə keçirməli və qalan ibadət ayinlərini yerinə yetirməli idilər.
Bu ayinlər həccin bitməsi ilə bağlı olduğu üçün Uca Allah əmr edir ki, həcc ziyarətinin sonunda zəvvarlar Ondan bağışlanma diləsinlər və Onu çoxlu-çoxlu zikr etsinlər. Zəvvar ayinlərin icra edilməsi gedişində yol verdiyi günah və xətalara görə Allahdan bağışlanma diləməli və Ona öz minnətdarlığını bildirərək, bu şərəfli mərasimi başa vurmaqda ona böyük iltifat göstərib kömək etdiyinə görə Allahı zikr etməlidir.

                                                               

(200) “Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdi­yiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər var­dır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur”.

ﯙﯚﯛﯜﯝﯞﯟ ﯠ                

(201) “Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə  gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır”.
ﯨﯩﯪﯫﯬﯮﯯﯰﯱ

(202) “Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir".

Hər ibadət ayininin sonunda qullar yol ver­dikləri xətalara görə Allahdan bağışlan­ma diləməli və göstərdiyi qayğıkeş rəhbərliyi və yardımına görə Ona həmd etməlidirlər. Onlar, öz vəzifələrini layi­qincə yerinə yetirdiklərini və yüksək mövqe tutmağa layiq olduq­la­-   rını güman edən və hətta Rəbbin qarşısında lovğalanan kafirlərə bən­zətmə­məlidirlər. Belə adamlar nifrətə və qınanmağa, onların əməlləri isə rədd olunmağa layiqdir. Halbuki, əsil qulların əməlləri bəyənilmə­yə, özləri isə Allahın onları yeni xeyirxah əməllərə ruhlandır­masına layiqdirlər.
Sonra Uca Allah bildirir ki, tamamilə bütün insanlar nemət sahibi olmaq və şərdən qurtulmaq ümidi ilə Allaha dua edirlər, lakin bu zaman onlar müxtəlif məqsədlər güdürlər. Bəzi adamlar öz alçaq nəfslərinə uyaraq özləri üçün ancaq maddi nemətlər istəyirlər. Axirət günündə onlar yaxşı qismətdən məhrum ediləcəklər, çünki onlar özləri Axirətdən üz çevirdilər və onların arzusu ancaq bu dünya nemətinə  və ləzzətlərinə olan ehtirasla məhdudlaşırdı. Lakin insanlar da var ki, onlar həm bu dünyanın və həm də Axirət nemətinə nail olmağı arzulayırlar. Onlar Allahdan xahiş edirlər ki, din və dünya həyatı ilə bağlı olan bütün təşəbbüslərində Allah onlara kömək etsin. Hər iki qrup insanlar layiq olduqlarını və qazandıqlarını mütləq alacaqlar. Hər kəs öz əməllərinə, niyyətinə və səylərinə müvafiq gələn əvəz alacaqdır. Bəziləri üçün bu əvəz Allahın rəhməti, başqaları üçün isə ədaləti olacaqdır, lakin hər iki halda Uca Allah etdiklərinə görə ən kamil tərifə - həmdə layiq görüləcəkdir.
Ayə ona dəlalət edir ki, Allah dua edənlərin hamısından onların duasını qəbul edir, istər müsəlman olsun, istərsə kafir və ya günahkar olsun. Əgər Allah insanın yalvarışına diqqət yetirirsə, bu heç də Allahın ona qarşı məhəbbətinə və ya onun Rəbbə yaxın olmasına dəlalət etmir. Bu barədə o vaxt düşünmək olar ki, Axirət gününün nemətləri üçün yaxşı əməllər etməkdən ötrü və dinin hökmlərini yerinə yetirməyə görə Allah insana kömək etmiş olsun.
Bu dünyada yaxşılıq ifadəsi dedikdə, xoşagələn və icazə verilən ərzaq, vicdanlı əməklə qazanılmış sərvət, mömin zövcə, sevinc bəxş edən övlad, rahat həyat, faydalı biliklər, saleh əməllər və insanlara halal və lazım olan bir çox başqa şeylər nəzərdə tutulur. Axirət həyatında yaxşılıq dedikdə isə, qəbirdə, Qiyamət günü dirildikdən sonra məhşər ayağında və Cəhənnəmdə cəzadan xilas olmaq və həmçinin Allahın lütfünə və Rəhmli Rəbbin yaxınlığında olmağın əbədi ləzzətinə nail olmaq nəzərdə tutulur. Bax buna görə də bu ayədə xatırlanan dua dərin və geniş məna daşıyır. O dua ən kamil və üstün sayılan duadır və buna görə də Muhəmməd Peyğəmbər (s.ə.s.) onu özü tez-tez təkrarlayar və başqalarını da buna təşviq edərdi.

                                                               

 (203) “Sayı müəyyən olan günlərdə (zil-hic­cənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz Kim (13-cü günü Minada) yub­a­narsa, ona da heç bir günah olmaz. Bu,  Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsı­nız”.

Uca Allah Qurban bayramının ardıyca gələn sayı müəyyən olan günlərdə (təşriq günləri nəzərdə tutulur)* Onu zikr etməyi buyurmuşdur. Bu günlər öz xüsusiyyətləri və qədir-qiyməti ilə fərqlənir, çünki həmin günlərdə zəvvarlar həccin qalan ayinlərini yerinə yetirir və Allahın Özü­nün qonaqları sayılırlar. Bu günlərdə oruc tutmaq qadağandır, Allahı zikr et­mə isə, Onu başqa vaxtlardakı xatırlamalardan daha əfzəldir. Muhəmməd Peyğəmbər (s.ə.s.) bununla əlaqədar demişdir: “Təşriq gün­lə­ri yemək, içmək və Allahı zikr etmək üçün təyin edilmişdir”.
Bu günlərdə Allahın zikr edilməsinə həmçinin daş atarkən, qurban kəsərkən və fərz namazlardan sonra edilən dualar da daxildir. Bəzi İslam alimləri hətta belə hesab edirdilər ki, təşriq günlərində Allahı, Qurban bayramında edildiyi kimi, tərifləyib ucaltmaq yaxşı olardı və bu rəy, mənə elə gəlir ki, yanlış deyil.
 Sonra Uca Allah buyurur ki, əgər zəvvar tələsərək Mina vadisini ikinci gün günəş batana qədər tərk edirsə, o, günah işlətmir, baxmayaraq ki, ona üçüncü gecəni Mina vadisində keçir­məyə və üçüncü gün daş atmağa icazə verilir. Uca Allah qullarına onların vəzifələrini asanlaş­dırmış və icazə verilmiş iki əməl arasında sərbəst seçmək imkanını təmin etmişdir. Amma tamamilə aydındır ki, əgər hər iki əmələ yol verilibsə, onda daha yaxşısı üçüncü gecəni Mina vadisində qalmaqdır, çünki bu halda zəvvar Allahı daha çox ibadət edə bilər.
Yuxarıda xatırlanan iki mərasim arasında seçməyə icazə verilməsi ilə əlaqədar olaraq başqa hallarda da belə icazə verildiyi kimi yanlış təsəvvür yarana biləcəyini nəzərə alan Uca Allah sonra bildirir ki, təkcə bu iki hökmün arasında seçim edən günah iş görmür. Məhz buna görə Allah Öz icazəsini, Rəbbinin hökmlərini, o cümlədən, həccə dair hökmlərini layiqincə yerinə yetirən təqvalı qulları ilə bağlayır.
Əgər insan hər hansı bir əməlində Allahdan qorxarsa, o heç vaxt sıxıntı çəkməz. Əgər o, Allah qarşısında ancaq bəzi hallarda qorxu hissi keçirərsə, onda o, törətdiyi günahlarına müvafiq cəza alacaqdır. İnsanlar Allahın hökmlərini yerinə yetirərək və itaətsizlikdən çəkinərək Ondan qorxmalıdırlar. Onlar bilməlidirlər ki, Allah onları bir yerə toplayacaq və onda hər bir adam nəyə layiqdirsə, onu da alacaqdır. Kim təqvalı olmuşsa, Allahdan mükafat alacaq, öz Rəbbindən qorxmayan isə ən sərt cəzaya məhkum ediləcək. Əvəzin labüdlüyü haqqında bilik təqvalılığı və möm­inliyi möhkəmləndirən mühüm amillərdən biridir və buna görə Allah Öz qullarını bunu bilməyə və yadda saxlamağa çağırır.

                            ﭼ ﭽ    ﭿ 
 (204) “İnsanların eləsi də var ki, onun bu dünya həyatında da­nış­dığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid gös­tə­rər. Əslində o, ən qatı mübahisəçidir”.


Allahı, xüsusilə həmin məqsədlər üçün ayrılmış saatlarda və gün­lərdə tez-tez zikr etmək hökmündən sonra (insan bunun sayəsində yaxşı­lıqlar və nemət əldə edir), Uca Allah, sözdə İslamı qəbul etmiş, amma əməlləri ilə bunu təsdiq etməyən adamlar haqqında xəbər verir. Onların sözləri əməlləri ilə düz gəlmir, axı söz insanı həm yüksəldə, həm də alçalda bilər.
Belə adam danışmağa başlayanda o, müsahiblərini öz nitqi ilə hey­rətləndirir və insanlara elə gəlir ki, onun sözləri doğru və faydalıdır. Sözlərinin daha da inandırıcı olması üçün o, bəyan edir ki, onun həqiqi imanının, dediyi sözlərindən fərqlənmədiyi Allaha çox gözəl məlumdur. Lakin əslində o, yalançıdır, çünki sözləri ilə işləri bir-biri ilə düz gəlmir. Əgər o, həqiqəti danışsaydı, sözləri əməllərinə zidd olmazdı, möminlər isə məhz belə keyfiyyətləri ilə fərqlənirlər və ikiüzlülükdən uzaqdırlar. Elə buna görə Allah belə adamı qatı mübahisəçi adlandırır. O, mübahi­sə­yə və ya müsahibəyə qoşulduqda, hökmən öz nəzər nöqtəsini təəssübkeşliklə müdafiə edir, həqiqətlə barışmaq istəmir və həmişə sadəliklə, haqqa itaət­karlıqla və mərdliklə fərqlənən möminlərin əxlaqi siması ilə uyuşmayan yaramaz keyfiyyətlər nümayiş etdirir.

                               

(205) “O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, ək­in­ləri və nəsilləri məhv etməyə çalışır. Allah isə fitnə-fəsadı sevmir”.

O, olduğu yerlərdə möminləri yoldan çıxardır, onlardan aralanan ki­mi, günahlar törət­məyə başlayır və hər yerdə fitnə-fəsad yayır. Onun günahları əkinlərin, məhsulun və ev heyvan­larının məhvinə səbəb olur və onlar insanlara daha fayda vermirlər. Allah fitnə-fəsadı sevmir və yer üzündə fitnə-fəsad yayan qullara, onlar gözəl danışsalar da, amansız nifrət bəsləyir.
Bu ayə, insan öz sözlərini əməlləri ilə təsdiq etmədikcə, təkcə sözlərinə əsasən onun doğ­ru­çuluğu və ya yalançılığı, möminliyi və ya yaramazlığı haqqında mühakimə yürütməyin müm­kün olmadığını sübuta yetirir. Ondan belə bir nəticə də çıxır ki, hakimlər şahidlərin əməllərinə diqqət yetirməlidirlər, çünki doğruçu adamı yalançıdan ancaq onların əməlinə görə fərqlən­dir­mək olar. Həm də onların, əsassız iddialarına və özünütəriflərinə aldanmayaraq, rəftarına və digər təfərrüatlarına diqqət yetirilməlidir.

                             
 (206) “Ona : “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürüklə­yər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis ya­taqdır!”

Uca Allah bildirir ki, yer üzündə fitnə-fəsad yayan günahkar onu təqvalı olmağa dəvət edəndə, Allahın hökmlərini pozaraq, təkəbbürlə üz döndərir. O, nəinki Allaha itaətsizliyini davam etdirir, hətta ən səmimi xeyirxahları qarşısında dikbaşlıq edir. Ona Cəhənnəm bəs edər. O, hər bir günahkarın və dikbaşın məskəni olacaqdır! Əbədi cəzanın, sonsuz dəhşət­lərin və hüdudsuz qəm-qüssənin hökm sürdüyü yer necə də pisdir! Günah­karların aqibəti yüngülləşdi­rilməyəcək və onlar əcr qazanacaqlarına ümid­lə­rini itirəcəklər. Törətdikləri cinayətlərin qisası belə alınacaqdır. Allah bizi belə qismətdən qorusun!

                         

 (207) “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir!”

“Şara” feli “satmaq” və “satın almaq” mənalarını bildirir. O, iki əks  mənası olan sözlərə aiddir. Bu ayədə o, “satmaq”* mənasında işlədil­miş-­ dir. Həmin söz eyni mənada Uca Allahın: “Onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar...” (Yusuf, 12/20) ayəsində işlədilmişdir.
Şərh edilən ayə müşriklərin İslamdan üz döndərməsini təklif et­dikləri Suheyb b. Sinan ər-Rumi ilə əlaqədar nazil edilmişdir. Bunu İbn Abbas, Ənəs, Səid b. əl-Müseyəb, Əbu Osman ən-Nəhdi, İkrimə və başqa­ları rəvayət etmişlər. Suheyb İslama Məkkədə daxil olmuşdur və o, Mədinə­yə hicrət etmək istədikdə, adamlar ona öz var-dövləti ilə yola çıx­masına mane oldular və bütün əmlakından əl çəkərək getməsinə icazə verdilər. O, bütün əmlakını onlara verərək, canını təqib edilməkdən qurta­rır və elə həmin vaxt Allah bu ayəni nazil edir. Bir neçə səhabə, o cümlədən Ömər b. əl-Xəttab da onların arasında olmaqla, Suheybi əl-Xarra adlı yerdə qarşıladılar və ona dedilər: “Xeyirli sövdə ilə təbrik edi­rik! Xeyirli sövdə ilə təbrik edirik!” O isə belə cavab verdi: “Allah si­zin də sövdələrinizi ziyansız etsin! Siz nəyə işarə edirsiniz?” Belə olduqda onlar Allahın onun barəsində ayə nazil etdiyini ona danışdılar. Həmçinin rəvayət edirlər ki, Allahın Elçisi (s.ə.s.) demişdir: “Suheybin sövdəsi sərfəli olmuşdur!”
Əbu Osman ən-Nəhdi rəvayət edib ki, bir dəfə Suheyb dedi: “Mən Məkkədən köçüb Peyğəmbərin (s.ə.s.) yanına hicrət etmək istəyəndə qureyşlilər mənə dedilər: “Ey Suheyb! Sən bizə gələndə sənin əmlakın yox idi. Doğrudanmı sən indi bizdən bütün əmlakınla çıxıb getmək istə­yirsən? Allaha and içirik ki, sən bunu heç vaxt etməzsən!” Belə olduqda mən soruşdum: “Deyin görüm, mən öz əmlakımı sizə versəm, məni rahat qoyarsınızmı?” Onlar dedilər: “Bəli”. Məm mal-mülkümü onlara verdim və onlar da məndən əl çəkdilər. Mən isə yola çıxdım və Mədinəyə gəldim. Bunu bildikdə, Peyğəmbər (s.ə.s.) demişdi: “Suheybin sövdəsi sərfəli olmuş­dur! Suheybin sövdəsi sərfəli olmuşdur!””
Həmməd b. Sələmə Əli b. Yeziddən, (o, da Səid b. əl-Museyabdan)  rəvayət edir ki, Suheyb Peyğəmbərin (s.ə.s.) yanına hicrət etmək məqsə­dilə gedərkən bir neçə qureyşli onu təqib etməyə başlamışdılar. Belə ol­duq­da o, öz dəvəsindən düşərək, oxqabından oxlarını çıxarıb demişdir: “Ey qureyşlilər! Siz bilirsiniz ki, mən sizin aranızda ən yaxşı ox atıcısı­yam. Allaha and içirəm, mən öz öxqabımdan sonuncu oxu atana qədər siz mənə yaxınlaşa bilməzsiniz. Lakin hətta bundan sonra da əlimdə tuta bilə­cəyimə qədər qılıncımla sizinlə döyüşərəm. Nə istəyirsiniz edin, amma istəyirsinizsə, Məkkədə sərvətimi harada gizlətdiyimi sizə deyim və siz də məni rahat buraxın”. Onlar bununla razılaşdılar və Suheyb Peyğəmbərin (s.ə.s.) yanına gəldikdə, o (s.ə.s.) ona dedi: “Sərfəli sövdə ilə təbrik edi­rəm!” O (s.ə.s.), Suheybə onunla əlaqədar (şərh olunan) ayənin nazil ol­ma­sı barədə xəbər verdi.
Lakin İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, bu vəhy Allah yolunda mübarizə aparan hər bir mücahidə dair nazil edilmişdir. Çünki Uca Allah buyurub: “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki on­lar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Töv­ratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allah­dan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur”[2].
Döyüşlərin birində Xişam b. Əmir düşmənlərin arasına atıldı və bir neçə müsəlman bu hərəkətinə görə onu danladılar. Belə olduqda, Ömər b. əl-Xəttab, Əbu Xureyrə və digər səhabələr onlara etiraz etdilər və şərh etdiyimiz ayəni onlara oxudular. Bütün bu deyilənlər haqqında daha ətraflı İbn Kəsirin təfsirində bəhs edilir.








                    
                

(208) “Ey iman gətirənlər! İslamı bütövlükdə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o, sizə açıq-aydın düşməndir”.

Uca Allah möminlərə İslamı bütövlükdə qəbul etməyi, dinin bütün hökmlərini yerinə yetirməyi və onların hətta bəzilərindən belə boyun qa­çırmamağı əmr edir. Müsəlman özünü, öz istəklərini ilahiləşdirən, Allahın hökmləri onun istəklərinə uyğun gəldikdə onları yerinə yetirən, istəklərinə uyğun gəlmədikdə isə onları rədd edən şəxslərə bənzətməməlidir. Müsəlman öz istəklərini dinin tələblərinə tabe etməli və gücü çatdığı bütün saleh əməlləri həyata keçirməlidir. Əgər o, hökmlərin bir hissəsini yerinə yetirməyi bacarmırsa, onda ilk imkan yaranan kimi onları qətiy­yətlə icra etmək niyyətində olmalı və öz niyyəti sayəsində etmədiklərinin yerini doldurmalıdır.
İnsan şeytanın yolundan dönmədikcə İslamı bütövlüklə qəbul etməyi bacarmayacağına görə, Uca Allah möminlərə günahlar və xətalar törədərək şeytanın ayaq izləri ilə addım atmağı qadağan etmişdir, axı şey­tan – bəşəriyyətin aşkar düşməni – insanlara ancaq alçaqlıq və qınanılan hərəkətlər törətməyi təlqin edir və onları, onlara zərər verən nə varsa, ona dəvət edir. Lakin insan səhv və yanlışlıqlardan azad olmadığı bacarmadığı üçün Uca Allah sonra belə buyurur:

                           

 (209) “Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıx­sanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir”.

Əgər siz bilik əldə etdikdən və möhkəm əqidə sahibi olduqdan sonra səhvə yol versəniz və günah işləsəniz, onda bilin ki, Rəbbiniz – Qüdrətli və Müdrikdir.
Bu vəhy səhvlərə və günahların törədilməsinə qarşı sərt xəbərdar­lıqdan ibarətdir. Burada Allah Öz Qüdrətini ilahi Müdrikliyi ilə bağlayır. İnsan günah işlədirsə, Allah onu Öz Qüdrəti sayəsində sarsıdır və Öz Müdrikliyinə müvafiq olaraq cəzaya uğradır, çünki ilahi müdrikliyi itaət­sizlik göstərənləri və cinayətkarları cəzalandırmağı tələb edir. Bu sərt və qorxunc xəbərdarlıqdan adamın ürəyi üzülür və yer ayağının altından qaçır.
                           ﯶﯷﯸ      ﯼﯽﯾ  

(210) “Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud köl­gəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır”.

 Doğrudanmı yer üzündə fitnə-fəsad yayan və şeytanın ayaq izləri ilə gedən və Allahın hökmlərinə saymazyana yanaşan günahkarlar, insan­ların etdikləri əməllərinə görə əvəz alacaqları Qiyamət gününün gələcə­yini gözləmirlər? Həmin günün dəhşətləri və bədbəxtlikləri zalımları rahat­lıqdan məhrum edəcək, şiddətli intiqam isə günah əməllər yayan insanları hər tərəfdən mühasirəyə alacaqdır. Həmin gün Uca Allah səmaları bükəcək və yeri dümdüz edəcək. Göy cisimləri töküləcək, Günəş və Ay qatlanacaq. O vaxt mələklər göydən enəcəklər və yerin məxluqları onları hər tərəfdən əhatə edəcəklər. Bundan sonra Öz qulları üzərində ədalətli məhkəmə qurmaq üçün Xeyirxah və Uca Allah buludların kölgə­sində aşağı enəcəkdir.
Həmin gün Tərəzi qurulacaq və əməl dəftərləri açılacaq, bax onda xoşbəxt möminlərin üzü işıqlanacaq, bədbəxt günahkarların üzü isə qaralacaq. Möminlər cinayətkarlardan ayrılacaq və onlardan hər biri etdikləri əməllərinə görə əvəzini alacaqlar. Bax onda zalımlar öz barmaq­larını çeynəməyə başlayacaqlar, axı onlar başa düşəcəklər ki, özlərini nəyə məhkum etmişlər.
Bu və buna bənzər digər ayələr, Allahın Özünün Özünü səciyyələn­dirdiyi və Allahın Elçisinin (s.ə.s.) Onu səciyyələndirdiyi istiva etmə, enmə, zahir olma və digər sifətlərini Sünnə və camaat əhlinin qəbul etməkdə haqlı olduqlarını təsdiq edir. Onlar bu sifətlərin aydın mənalarını Allahın böyüklüyünə və kamilliyinə uyğun formada qəbul edərək, Onun sifətlərini yaratdıqlarının keyfiyyətlərinə bənzətmir, onları təhrif etmir və mənadan məhrum etmirlər. Onlar özlərini, Allahın ilahi sifətlərini inkar edən, Quran ayələrini ağılları əsasında şərh edən cəhmiyyəçilərə, mötəzi­lələrə, əşarilərə və başqa bidətçilərə bənzətmirlər. Belə təfsirlər Allahın Özü­nün nazil etdiyi etibarlı dəlillərə əsaslanmır və Allahın və Onun Elçi­sinin (s.ə.s.) haqqı sadə üsulla izah edə bilmədiklərini zənn edirlər və əslində demək istəyirlər ki, Onun əsil sifətləri haqqında bilmək ancaq idrak əsasında təfsir etməklə mümkündür.
Lakin bu bidətçilər öz doğruçuluqlarını etibarlı müqəddəs mətn­lərlə sübut etməyi bacarmırlar. Bundan əlavə, onlar hətta inandırıcı mən­tiqi dəlillərə də malik deyillər.
Müqəddəs mətnlərə gəldikdə isə, ağıla əsaslananlar da etiraf edirlər ki, Quran və Sünnənin müqəddəs mətnlərinin aydın və hətta aşkar mənası Sünnə və camaat əhlinin baxışlarının xeyrinə dəlalət edir. Onlar həmçinin etiraf edirlər ki, onların yanlış baxışlarını izah etmək üçün mətnlərin aydın mənalarını inkar etmək və əlavələr və azaltmalar etmək yolu ilə dəyişmək lazımdır. Şübhəsiz ki, bu hal qəlbində heç olmazsa bir qətrə iman olan insanı qane edə bilməz.
Məntiqi dəlillərə gəldikdə isə, sağlam ağıl yuxarıda qeyd olunan ilahi sifətləri inkar edə bilməz. Əksinə, sağlam ağıl sübut edir ki, hərəkət qabiliyyəti hərəkətsizlikdən daha kamil bir keyfiyyətdir və Allahın əməl­ləri Onun ilahi mahiyyəti və Onun məxluqları ilə bağlıdır. Kamillik ancaq belə ola bilər və əgər ağıla əsaslanan kəslər zənn edirlərsə ki, Allahın sifətlərinin etirafı Allahı Onun yaratdıqlarına oxşatmalıdır, onda biz deməliyik ki, Allahın sifətlərinin müzakirəsi Allahın mahiyyətinin müza­ki­rəsinə bənzədilməlidir. Əgər Allah mahiyyətə malikdirsə, və o, məxluq­ların mahiyyətinə oxşamırsa, onda Onun məxluqların keyfiyyətlərinə oxşamayan sifətlərə malik olmasında da heç bir qəribəlik olmamalıdır. Allahın sifətləri Allahın mahiyyəti ilə bağlı olduğu kimi, məxluqların keyfiyyətləri də onların mahiyyəti ilə bağlıdır. Bu isə o deməkdir ki, Allahın sifətlərinin qəbul edilməsi Allahın məxluqlarına oxşaması demək deyildir.
Biz həmçinin Allahın bəzi sifətlərini qəbul edib, bəzilərini inkar edən və ya Allahın adlarını qəbul edib, Onun sifətlərini inkar edən hər bir kəsə bildirməliyik ki, daha məntiqli olardı ki, ya Allahın bütün ad və sifətlərini qəbul edəsən, ya da Onun bütün ad və sifətlərini inkar edəsən, amma bu halda insan aləmlərin Rəbbinin özünü inkar etməli olacaq. Əgər o, bəzi adları və sifətləri qəbul edib digərlərini inkar edirsə, onda onun baxışları ziddiyyətlidir. Əgər o, ad və sifətlərin bəzilərini qəbul və bəzilə­rinin inkarını hansı əsaslara istinadla etdiyini sübut etməyə cəhd göstə­rərsə, buna müyəssər ola bilməyəcəkdir. O, deyə bilər ki: “Mən Allahın Onu məxluqlarına bənzətməyən sifətlərini qəbul edirəm”. Belə olduqda, Sünnə əhli ona etiraz edərək deməlidir: “Biz hesab edirik ki, ağıla istinad edənlərin ilahi sifətləri inkar etmələri Allahın Öz yaratdıqlarına oxşar­lığını nəzərdə tutur”. Əgər o desə ki: “Mən hesab edirəm ki, bu sifətlərin qəbul edilməsi Allahın məxluqlarına oxşadığını bildirir” – onda Allahın bütün sifətlərini inkar edən hər hansı bidətçi ona belə etiraz edə bilər: “Mən isə hesab edirəm ki, sənin Allahın bəzi sifətlərini qəbul etməyin Allahı yaratdıqlarına oxşatmaq deməkdir”. Əgər o, Allahın bütün ilahi sifətlərini inkar edən bidətçilərin etirazına cavab verərsə, onda Sünnə əhli eyni qayda ilə onun etirazına cavab verərlər.
Bir sözlə, əgər insan Quran və Sünnənin təşviq etdiyi müddəaları inkar edirsə, onun öz iddiaları təzadlı olur. Onlar nə müqəddəs mətnlər və nə də məntiqi dəlillərlə təsdiq olunmur. Əksinə, onlar sağlam düşüncə və Allahın vəhyi ilə ziddiyyət təşkil edirlər.

                                        

(211) “İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın də­lillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyiş­dirənlərə Allah şiddətli cəza verəcəkdir”.

Allah İsrail oğullarına haqqı təsdiq edən və Allahın elçilərinin gerçəkliyini sübuta yetirən çoxlu möcüzələr nümayiş etdirir. Onlar həmin əlamətlərin həqiqiliyinə əmin olub mənalarını başa düşmüşdülər, lakin bu lütfkarlığına görə Allahı tərifləməkdən boyun qaçırdılar. Bundan başqa, onlar bu möcüzələrə iman gətirməyib, Rəbbin xeyirxahlığına naşükürlüklə cavab verdilər. Onlar Onun cəzasına layiq görülərək mükafatından məh­rum oldular.
Uca Allah göstərilən lütfkarlığa görə nankorluğu mübadilə adlan­dırdı, çünki əgər Allah insana maddi və mənəvi nemətlər verməklə ona xeyirxahlıq etdikdə, o, isə bu lütfün əvəzində minnətdarlıq etməkdən bo­yun qaçırdaraq öz vəzifəsini yerinə yetirmədikdə, belə insan hökmən Allahın mərhəmətindən məhrum olar və onun yerini küfr və itaətsizlik tutar. Əgər insan Allaha minnətdarlığını bildirsə və öz vəzifələrini yerin yetirsə, onda o, ona bəxş edilmiş nemətləri qoruyub saxlayar və Uca Allah, ola bilsin, onları hətta artırar da.





                                               

 (212) “Dünya həyatı kafirlər üçün gözəlləşdi­rildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər”

Uca Allah bildirir ki, Allaha, Onun ayələrinə və Onun elçilərinə iman gətirməkdən boyun qaçıran və Onun dininin qanunlarına riayət et­məyən kafirlər dünya həyatı ilə yoldan çıxarılmış­lar. Dünya həyatı onların gözləri qarşısında və qəlbində gözəl göstərilir. Onlar dünya həyatından məmnundurlar və ona böyük ümidlər bəsləyirlər. Onların arzuları, düşün­cələri və əməlləri onunla bağlanmışdır. Onlar bu dünyanın nemətlərini əl­də etmək xatirinə ona can atır və ciddi-cəhdlə çalışırlar. Onlar yerə məx­sus sərvəti bütləşdirir, onların nəzər nöqtəsini bəyənənlərə hörmət bəslə­yir, möminlərə isə nifrət edirlər. Onlara istehza edir və deyirlər: “Doğru­danmı bizim hamımızın arasında Allah ancaq bunlara lütfkarlıq etmişdir?”
Bu rəftarın səbəbi – bu dünyanın sınaq və azdırma məskəni olma­sını anlamayan kafirlərin düşüncəsizliyidir; dünya həyatının ağır yükü mö­minlərin qismətinə düşdüyü kimi, kafirlərin də qismətinə düşür. Lakin möminə bədbəxtlik üz verəndə o, səbir edir və mükafat alacağına ümid bəsləyir və Allah da, onun imanına və göstərdiyi səbirliliyinə görə, onun taleyini yüngülləşdirir, halbuki başqa insanlar üçün bu yüngülləşdirilmə baş vermir. Ən vacib olan odur ki, insan (bu minvalla) əbədi dünyada əsil üstünlük qazanır və buna görə də Uca Allah buyurur ki, Qiyamət günü təqvalı möminlər kafirlərdən uca olacaqlar.
Allah xofu olan qullar yüksək pillələrə qalxacaq və hər cür nemət­dən, gözəllikdən və könülaçan şeylərdən istifadə edərək ləzzət alacaqlar. Kafirlər isə Cəhənnəmin müxtəlif pillələrində cəzalandırılacaq, alçaldıla­caq və orada onların qisməti sonu olmayan əbədi bədbəxtlik olacaqdır. Beləliklə, bu ayə möminlərə təskinlik verdiyi halda, kafirlərə əbədi zülmə məhkum olunacaqları barədə öncədən xəbərdarlıq edir.
Məxluqların bu dünyada və Axirətdə Allahın qədərinə və iradəsinə uyğun olaraq səadətə nail olduqları üçün, Uca Allah sonra bildirir ki, O, istədiyi kəsə hesabsız sərvət verir. Yer üzündə olan var-dövlət möminlərə də, kafirlərə də qismət olur. Lakin mənəvi sərvət - əsil bilik, həqiqi iman, Allaha məhəbbət, Onun qarşısında qorxu hissi keçirmək və Ona ümid bəsləmək və habelə digər gözəl keyfiyyətlər – təkcə Allahın sevimli bəndələ­rinə nəsib olur.

  ﭿ                                                                                                           
 (213) “İnsanlar tək bir millət idi. Allah onla­ra müjdə verən və qorxudan peyğəmbər­lər göndərdi, onlarla birlikdə haqq olan Kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlil­lər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”.

Bütün bəşəriyyət küfrə etiqad edirdi, azğınlıq içində çaşıb qalmış və xoşbəxtlikdən məhrum olmuşdu. İnsanların nuru və imanı əldən get­mişdi, lakin Uca Allah Öz rəhmini göstərə­rək, onlara müjdə aparan və qullarını xəbərdar etməklə çəkindirən elçilərini göndərir. Onlar Allaha itaət edənlərə onlara nəsib olacaq xeyirli qismət, fiziki və mənəvi qüvvə, bəxtəvər həyat və saleh əməllərin meyvələri haqqında müjdə verirlər. Ən başlıcası isə, onların insanlara Allahın razılığı və Cənnət bağları haqqında xəbər vermələri idi. Allaha itaətsizlik göstərənləri isə elçilər maddi məh­ru­miyyətlər, zəiflik, alçalma, dözülməz həyat, habelə itaətsizliyin və eti­na­sızlığın digər pis nəticələri haqqında xəbərdarlıq edirlər. Ən başlıcası isə onları Allahın qəzəbi və Cəhənnəmin odu barədə xəbərdar edirdilər.
Allah göndərdiyi peyğəmbərləri ilə gerçək hekayətlərin və ədalətli hökmlərin əks olunduğu Kitablar da nazil etmişdi. Bu Kitablarda təcəs­sümünü tapmış bütün vəhylər həqiqət və doğru idi, onlar dinin əsas və ikinci dərəcəli məsələləri üzrə istənilən mübahisəni həll edirdilər. Məhz buna görə, hər hansı ixtilaflar və ziddiyyətlər baş verəndə müsəlmanlar Allahın məhkəməsinə, Onun Elçisinə (s.ə.s.) müraciət etməlidirlər, çünki Allahın Kitabı və Onun Elçisinin (s.ə.s.) Sünnəsi istənilən ziddiyyətləri həll edə bilməsəydi, onda Uca Allah Öz qullarına məsələlərinin həll edilməsi üçün onlara müraciət etmək əmri verməzdi.
Uca Allah Kitab əhlinə əta edilmiş və Müqəddəs Kitabların nazil  edilməsindən və onları Allahın vəhyləri ətrafında birləşməyə yönəltmək­dən ibarət olan böyük lütfkarlığını xatırlatdıqdan sonra, bildirir ki, Kitab əhli ədalətsiz davrandılar və çoxsaylı ziddiyyətlərə düçar oldular. Onlar bütün insanlardan əvvəl tərəfini saxlamalı olduqları Kitaba münasibət­lərində müxtəlif mövqelər tutdular. Onlar aydın ayələri və təkzibolunmaz dəlilləri biləndən və onların həqiqiliyinə əmin olandan sonra bu mövqelər yarandı və buna görə onlar dərin azğınlığa düçar oldular. Uca Allah isə ancaq müsəlmanları düz yola yönəltdi və Kitab əhlinin bir-biriləri ilə ba­rə­sində mübahisə etdikləri və zəlalətə düşdükləri haqqı onlara izah etdi. Allah Öz iradəsi ilə haqqı müsəlmanlara izah edərək onların taleyini asan­laşdırdı və onlara rəhm etdiyini göstərdi.
Uca Allah doğru yolu istədiyinə göstərir. O, doğru yola tamamilə bütün məxluqatı dəvət edərək, ali ədalət nümunəsi nümayiş etdirir və haqqı insanların nəzərinə çatdıraraq onları özlərini doğrultmaq imkanın­dan məhrum edir ki, deməsinlər: “Bizə müjdə gətirənlər və öyüd-nəsihət verənlər gəlməmişdilər!” Lakin Allah doğru yola ancaq Özünün seçilmiş qullarını yönəltmiş, onlara nemət bəxş etmiş və kömək göstərmişdir. Xeyirxah və Uca Allah bu qullarına Öz lütfünü əta etmiş, bütün qalanları ilə isə Öz ədaləti və müdrikliyinə əsaslanaraq rəftar etmişdir.

                                                                     

(214) “Yoxsa siz elə güman edirdiniz ki, siz­dən əvvəlkilərin ba­şına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? On­lara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?” – deyirdilər. Həqiqətən, Allahın köməyi yaxındır”.

Xeyirxah və Uca Allah bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bəd­bəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətin­liklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzə­rində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olu­nur, ya da inkar edilir.
Uca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məh­rum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Uca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır.
Öz vəzifəsini yerinə yetirən hər bir kəs labüd olaraq sınaqlarla rast­laşır və onlar hər dəfə daha mürəkkəb və daha ciddi forma kəsb edir. Əgər o, layiqincə səbirlilik göstərib, öz vəzifələrini yerinə yetirməkdə davam edirsə, onda belə sınaqlar onun üçün nemətə çevrilir, çətinliklər isə əmin-amanlıq və rahatlıqla əvəz olunur. O, öz düşmənləri üzərində qələbə çalır və qəlbinin əziyyət çəkdiyi xəstəliklərindən şəfa tapır. Bu barədə Uca Allah buyurur: “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən ciha­da çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil ola­caq­sınız?” ( Ali-İmran, 3/142).
“Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edil­mə­yəcəklər? Biz onlardan öncəkiləri də sı­naq­dan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxarda­caq­dır” (Ənkəbut, 29/1-3).
Bir sözlə, insan sınaq zamanı özünü ya böyüklük qazanmağa, ya da alçaldılmağa düçar edir.










                   ﯿ                               
 (215) “Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Adamlar Muhəmməd Peyğəmbərdən (s.ə.s.) soruşurdular ki, onlar nəyi sədəqə verməlidirlər və sədəqə kimə verilməlidir. İstənilən böyük və ya kiçik sədəqələr ilk növbədə valideynlərə verilməlidir, çünki onlar ha­mıdan çox yaxşı münasibət bəslənilməyə layiqdirlər və insan hamıdan çox məhz onlara borcludur. Valideynlərə yaxşılıq etmək – hər bir müsəlmanın vəzifəsidir və valideynlərə itaətsizlik göstərmək qəti qadağandır. Onlara maddi yardım göstərmək valideynlərə bəslənən yaxşı münasibətin ən üs­tün göstəricisidir, onlara belə kömək göstərilməsindən boyun qaçırılması isə, onlara edilə biləcək hörmətsizliyin ən dəhşətli təzahürüdür. Bu isə o deməkdir ki, zəngin adam öz valideynlərini maddi cəhətdən təmin etməli­dirlər.
Onların ardıyca maddi yardım almaq haqqına yaxın qohumlar, özü də onların hüququ qohumluğun dərəcəsi və maddi vəziyyətləri ilə müəyyən edilir. Əgər bir adam qohumuna maddi yardım edirsə, bu onun üçün həm sədəqə və həm də qohumluq əlaqələrinin saxlanması kimi hesab olunur.
Sədəqə həmçinin yetimlərə, yəni, ailə başçısından məhrum olan azyaşlı uşaqlara verilməlidir. Adətən belə uşaqlar ehtiyac içində olurlar, axı onlar özlərini dolandırmağı hələ bacarmırlar və onları dolandırmaq üçün qazanc gətirən şəxsi itirmişlər. Buna görə, yetimlərə yardım etmək hökmü, Öz qullarına Allahın mərhəmətini və rəhmini göstərməsindən irəli gəlir.
Sədəqə, ehtiyacın miskinləşdirdiyi və alçaltdığı kasıblara da veril­mə­lidir. Müsəlmanlar onlara maddi kömək göstərməlidirlər ki, onlar zəruri olan şeyləri əldə edə bilsinlər və ehtiyac duymasınlar.
Sədəqə, yad ölkəyə düşmüş və maddi vəsaitlərindən məhrum ol­muş müsafirlərə də verilməlidir. Belə insanları hər şeylə təmin etmək lazımdır ki, onlar öz yollarına davam edə bilsinlər.
Uca Allah bir neçə dərəcələrdən olan və daha çox ehtiyac duyan insanlara sədəqə verməyi konkret olaraq yad etdiyinə görə, O, sonra geniş mənalı bir vəhy nazil edir və bəyan edir ki, sadalanan dərəcələrdən ehti­yacı olanların və digər insanların xeyrinə verilən hər hansı sədəqə və hər hansı yaxşı əməllər və bəxşişlər, haqlı olaraq xeyirxah əməl hesab edilən­lər, Allaha çox gözəl məlumdur. O, bu əməlləri unutmur və onlara görə qullarını hökmən mükafatlandıracaqdır, özü də bu mükafatların ölçüsü onların niyyəti və səmimiyyətindən, sədəqənin ölçüsündən, insanların onlara ehtiyacından, onların vaxtında verilməsindən və faydalılığından asılı olacaqdır.

                                                                  
 (216) “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”.

Bu ayə özündə Allah yolunda hökmən döyüşmək hökmünü ifadə edir, hərçənd əvvəllər möminlərə döyüşlərdən çəkinmək əmr olunmuşdu, çünki o vaxt onlar zəif idilər və belə sınaqlara davam gətirə bilməzdilər. Peyğəmbər (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonra müsəlmanların sayı artdı və onlar möhkəmləndilər. Ancaq bu halda Uca Allah kafirlərlə dö­yüş­məyi əmr edir və bildirir ki, döyüş əməliyyatlarında iştirak etmək insanın qəlbinə xoş gəlmir, çünki müharibə böyük çətinliklərlə və məhrumiyyətlərlə bağlıdır. O, insanları təhlükəyə məruz qoyur və çoxlu ölümlərə bais olur. Amma buna baxmayaraq, müqəddəs müharibə mütləq səadətdir, çünki möminlərə ən böyük mükafat qazandırır, onları əzabve­rici cəzadan xilas edir, onların düşmənlə­rin öhdəsindən gəlməsinə və qənimət əldə etməsinə imkan yaradır, çoxlu digər faydalar verir ki, bunlar onun mənfi tərəflərindən dəfələrlə üstündür.
Sonra Uca Allah buyurur ki, bəzən insanlar, həqiqətdə onlara zərər verən şeyi sevirlər. Bu, müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmağa və rahat həyatdan zövq almaq arzusuna aiddir. Cihaddan boyun qaçırmaq böyük müsibətdir, çünki belə müsəlmanlar Allahın yardımından məhrum olur və düşmənlərə İslam və onun tərəfdarları üzərində qələbə çalmağa imkan verir. Onlar özlərini alçaldılmaya və namussuzluğa məh­kum edir, ən böyük mükafatdan məhrum edir və amansız cəzaya məruz qoyurlar.
Bu vəhy, dini hökmlərin mütləq xoşbəxtlik olduğunu bildirən ümu­mi qaydalardan ibarətdir. Bununla yanaşı, onların icra edilməsi insanlar üçün ağır da olsa (insan üçün istirahət etmək və əylənmək daha xoşdur), onların yerinə yetirilməsindən boyun qaçırmaq, mütləq bəd­bəxtlikdir. Yer üzündəki hadisələrə nəzər saldıqda isə, onların heç də hamısı mütləq xoşbəxtliyi əks etdirmir, hərçənd əksər hallarda Allahın dindar qulu qarşı­sına qoyduğu məqsədə nail olmağı arzulayır, lakin Allah, bir sıra səbəblər üzündən, ona, niyyətinə çatmağa imkan vermir və belə olduqda, baş ver­ənlər onun üçün nemət olur. Belə bir şəraitdə insan Rəbbinə minnətdar­lığını bildirərək həmd etməli və gözləmədiyi halda hadisələrin belə dönü­şünün onun üçün ən xeyirli olduğuna şəkk gətirməməlidir, çünki Uca Allah Öz quluna onun özündən daha çox can yandırır və Allah ona daha çox xeyir gətirə biləcəyi üçün, ona məhz nəyin daha faydalı olacağını yaxşı bilir. Allahın bildiyini insanlar bilmir və buna görə onlar Onun təyin etdiyi qədərə, onları sevindirməsindən və ya kədərləndirməsindən asılı olmayaraq, itaət etməlidirlər.
                                   ﭿ                                                                                               
(217) “Səndən haram ayda vuruşmaq barə­sin­də soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yo­lundan sapdır­maq, Onu inkar etmək, müsəlmanları Məscidülha­rama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.

Əgər Allah yolunda döyüşmək hökmünün mənası ümumi olsaydı, onda o, hətta haram aylara da aid edilərdi, lakin Uca Allah onu dəqiq­ləşdirərək, haram ayları üçün bir istisna hal edir.
İslam alimlərinin əksəriyyəti belə hesab edirdilər ki, haram aylarda döyüşməyin qadağan olması, müsəlmanlar müşriklərlə, harada rastlaşma­larından asılı olmayaraq, onlarla döyüşməli­dir­lər hökmü ilə ləğv edil­mişdi. Amma bir sıra şərhçilər belə sayırdılar ki, bu qadağa ləğv edilmə­mişdir, çünki ümumi məna daşıyan müqəddəs mətnlər, konkret mənalı mətnlər nəzərə alınmaqla, dəyərləndirilməlidir. Müqəddəs müharibə apar­maq haqqında hökm ümumi əmrdir, şərh etdiyimiz ayə isə onu konkret­ləşdirir və buna görə haram aylarında döyüşün haram edilməsi bu ayların özəlliklərindən biridir. Bundan başqa, o, bu özəlliklərin ən mühümlərin­dəndir.
Deyilənlərin hamısı döyüş əməliyyatlarının haram aylarda başla­masına aiddir. Əgər müsəlmanlar bu dövrdə müdafiə olunmağa məcbur edilsələr, belə də etməlidirlər, çünki düşmənin basqınına hətta Məscidülharam ərazisində cavab verməyə icazə vardır.
Bu ayə Abdullah b. Cəhşin komandanlığı altında təşkil olunmuş dö­yüş səfəri ilə əlaqədar nazil edilmişdi. Bu döyüş səfərində müsəlmanlar Əmr b. Hadramini öldürmüş və onun bütün əmlakını ələ keçirmişdilər. Ənənəyə uyğun olaraq, bu rəcəb ayında baş vermişdi və ərəblər müsəlman­ları haram ayda vuruşduqlarına görə qınamağa başlamışdılar. Amma onların məzəm­məti qətiyyən ədalətli deyildi, axı onlar özləri o qədər çoxsaylı əxlaqsız cinayətlər törətmişdilər ki, onların hər biri öz ağırlığına görə qınadıqları möminlərin əməlini üstələyirdi.
Uca Allah onların bu törətdiklərini sadalayır və bildirir ki, məhz müşriklər Allah və Onun Elçisinə (s.ə.s.) iman gətirənlərə qarşı maneələr yaradırdılar. Məhz onlar möminləri yoldan çıxarır, onları əsil dindən dön­dərməyə cəhd göstərir və haram ayda, müqəddəs torpaqda açıq-aşkar kafirlik əməlləri törədirdilər. Kafirlik özlüyündə ən dəhşətli cinayətdir. Haram ayda və müqəddəs torpaqda küfr əməllərin baş verməsinə nə ad vermək olar?! Bununla yanaşı müşriklər müqəddəs ərazidə yaşayan insan­ları Məscidülharamdan qovmuşdular. Onlar oradan Muhəmməd Peyğəmbəri (s.ə.s.) də, onun səhabələrini də qovub çıxartmışdılar, halbuki onlar bu torpaqda yaşamağa daha çox haqlıydılar. Qovduqdan sonra da onlara həcc ziyarətinə gəlməyə icazə vermirdilər, halbuki Məscidül­haramda yerli sakinlərlə gəlmələr arasında heç bir fərq qoyulmur. Sadalanan əməllərin hər biri, haram ayda adam öldürməkdən daha ağır günahdır. Sadalanan bütün cinayətlərin hamısını bir dəfəlik törətmiş müşriklərə nə ad vermək olar?!
Bütün deyilənlərdən aydındır ki, müşriklərin möminlərin ünvan­larına söylədikləri ittihamları onların növbəti haqsız addımı və günahıydı.
Sonra Uca Allah buyurur ki, kafirlər heç vaxt möminlərlə döyüş­məkdən əl çəkməzlər. Onlar möminlərlə onların var-dövlətini əllərindən almaq və ya özlərini də öldürmək üçün vuruşmurlar. Onlar ona görə vuruşurlar ki, müsəlmanları dinlərindən ayırsınlar, iman sahibi olduqdan sonra İslamdan dönüb kafir olsunlar, onlar da şölələnən Alovun sakinləri arasına düşsünlər. Onlar öz məqsədlərinə çatmaq üçün mümkün olan hər şeyi edirlər, lakin Allah dininin nurunun sönməsinə, bu, kafirləri hiddət­ləndirsə də, imkan verməyəcəkdir.
Qeyd etdiyimiz keyfiyyət, başqa əqidə sahibləri ilə onları dinindən döndərmək üçün vuruşan bütün kafirlərə xas olan keyfiyyətdir. Xüsusilə bu, müxtəlif cəmiyyətlər yaradan, bütün ölkələrə öz missionerlərini və həkimlərini göndərən, müxtəlif xalqları öz dinlərinə döndərmək məqsədilə məktəblər açan, xalqların etiqad etdikləri din haqqında şübhələr yayan yəhudilərə və xristianlara aiddir.
Biz müsəlmanlar isə, böyük lütfkarlıq göstərmiş, onlar üçün ən şərəfli din seçmiş, imanlarını kamil etmiş Uca Allahdan rica edirik ki, Öz qullarına rəhm etsin və İslama layiqincə etiqad etmək üçün möminlərə kömək göstərsin. Biz Ondan xahiş edirik ki, Onun nurunu söndürmək istəyənlərin hamısını yardımından məhrum etsin, onların bəd əməllərini özlərinə qarşı çevirsin, haqq dini müdafiə etsin və Öz sözünü şöhrətlən­dirsin.
 Bu ayə, əvvəlkilərə aid olduğu kimi, bütövlükdə indiki kafirlərə də aiddir. Uca Allah buyurur: “Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Ənfal, 8/36).
Sonra Uca Allah buyurur ki, əgər insan İslamdan üz döndərib kafirliyi üstün tutsa və kafir olaraq ölsə, onda onun əməlləri həm bu dün­yada və həm də Axirətdə faydasız olacaq. Bunun səbəbi isə, Allahın yaxşı əməlləri qəbul edərkən zəruri olan bir şərtin olmamasıdır. Bu şərt – İslamın qəbuludur. Bu qəbildən olan insan Cəhənnəm sakini olacaq və orada əbədi qalacaqdır.
Bu ayədən aydın olur ki, kimsə dindən döndükdən sonra, yenə İslama qayıtmışsa və yaxud, əgər o, öz günahlarında tövbə etmiş olarsa, onda onun əvvəllər etdiyi yaxşı əməllər saxlanılır və hesaba alınır.

ﮯﮰﮱﯓﯔﯕﯖﯗ                    

(218) “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir”.

Xatırlanan üç əməl xoşbəxtliyin rəhni və ibadətin əsasıdır və insa­nın onlara bağlılığı sayəsində onun müvəffəqiyyətə nail olacağını və ya­xud zərər çəkəcəyini müəyyən etmək olar.
Bu əməllərdən birincisi – faydası və üstünlüyünə şübhə edilməyən imandır. Xoşbəxt möminləri bədbəxt kafirlərdən, Cənnət bağları sakinlə­rini isə Cəhənnəm əzabkeşlərindən fərqləndirən əməllərə, ümumiyyətlə necə şəkk gətirmək olar? Əgər insan haqq din sahibidirsə, Allah onun saleh əməllərini qəbul edir, yox əgər o, haqq dindən məhrumdursa, onun nə tövbəsi, nə günahını yüngülləşdirən hərəkətləri, nə vacib olan yaxşı işləri, nə də ki, könüllü sədəqələri qəbul olunur.
İkinci əməl isə hicrətdir ki, bu ad altında, Uca Allahın razılığını əldə etmək xatirinə, insanın sevdiyi və əziz saydığı bütün hər şeydən ayrılıb əl çəkmək nəzərdə tutulur. Mühacir Allaha yaxınlaşmaq ümidi ilə və Onun dininə kömək göstərmək üçün vətənini tərk edir, əmlakını atır, qohumları və sevdiyi insanlardan ayrılır.
Üçüncü əməl cihaddır. Cihad adı altında İslam düşmənləri üzərində üstünlük qazanmağa, Allahın dininə kömək göstərməyə və İblisin məzhə­bini darmadağın etməyə əzmlə can atmaq nəzərdə tutulur. Cihad – yaxşı əməllərin ən yüksək pilləsidir və onun əvəzi, ən gözəl əvəz olacaqdır. Cihad – müsəlman torpaqlarının genişlənməsi və müşrikliyin yox olma­sına kömək edən və müsəlmanların və onların əmlakının təhlükəsizliyini təmin edən ən əsas amildir.
İnsan bu üç əməli, onların mürəkkəbliyinə və ağırlığına baxma­yaraq layiqincə yerinə yetirdikdə, dinin qalan bütün hökmlərini daha yaxşı yerinə yetirir. Belə adamın Allahın mərhəmətinə təvəkkül etməyə haqqı vardır, çünki o, insana Allahın lütfünü qazanmasını təmin edən səbəbdən istifadə etmişdir. Bu ayədən aydın olur ki, Allahın mərhəmətinə ümid bəsləmək, insana ancaq xoşbəxt gələcəyi təmin edən əməllər yerinə yetirdikdən sonra mümkündür. Qul tənbəlliyə və yaxşı əməllər etməkdən çəkinməyə ümid bağlayarsa, onda onun halını zəiflik, boş xəyallar və özünü aldatma kimi adlandırmaq olar. Bu, insanın ətalətli olması və ağlı­nın çatışmazlığına dəlalət edir. Axı belə adamı, qadınla əlaqəyə girmədən uşağı olmasını istəyən və ya əkin sahəsinə toxum səpmədən və su vermə­dən məhsul yığmaq istəyən şəxslə ancaq müqayisə etmək olar.
Ayədə xatırlanan möminlərin Allahın mərhəmətinə ümid bəsləmə­lərinə dair Quran müddəaları onu göstərir ki, insan təkcə öz yaxşı əməl­lərinə əmin olub, ümid bəsləməklə qane olmamalı, Rəbbinə təvəkkül etməli, yerinə yetirdiyi yaxşılıqları qəbul etməsi, günahlarını bağışlaması və nöqsanlarının üstünü örtməsi üçün Allaha yalvarıb dua etməlidir. Məhz buna görə, sonra Allah bildirir ki, Onun Bağışlayan və Rəhmli adları var­dır. Səmimi qəlblə tövbə edənlər Onun bağışlamasına nail olurlar. Onun rəhməti bütün məxluqatı qaplayır, xeyirxahlığı isə bütün varlığa aiddir.
Bu ona dəlalət edir ki, qul yuxarıda xatırlanan yaxşı əməlləri yerinə yetirdikdə, o, Allahın əfvinə layiq görülür. Saleh əməllər törədilmiş gün­ah­ları həmişə yuyur və insan Rəbbinin mərhəmətinə nail olur. Bağış­lan­maya layiq olduqca, insan həm bu dünyada və həm də Axirətdə cəzadan xilas edilir, çünki artıq ona bağışlanmış və mənfi nəticələri ləğv edilmiş cəza günahların nəticəsi idi. İnsan, Allahın mərhəmətini əldə edərək, həm bu həyatda və həm də ölümündən sonra, ən gözəl şeylərə nail olur. Bundan başqa, yuxarıda qeyd olunan xeyirxah əməllərin özü belə Allahın insana yönəltdiyi mərhəmətidir, çünki Allah onu yönəltməsəydi, o, yaxşı­lıq etməyi arzulamazdı və əgər Allah yardım göstərməsəydi, o, həmin yaxşı­lığı edə bilməzdi və bir də, Allahın xeyirxahlığı olmasaydı, onda onun yaxşı əməlləri başa çatmazdı və Rəbbin tərəfindən qəbul edilməzdi. Allah Öz qullarına hər şeydən əvvəl və hər şeyin sonunda mərhəmətini göstərir. O, səbəbləri və nəticələri təklikdə xəlq edir.

                                                                 ﯿ    

(219) “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan ar­tıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –”.

Möminlər dinin sərxoşedici içkilər və qumar oyunu haqqında müd­dəasını bilmək üçün Allahın Elçisinə (s.ə.s.) sual verirlər. Ərəblər cahillik dövründə və İslamın ilk yayıldığı illərdə şərab içir və qumar oynayırdılar. Yəqin, elə buna görə, müsəlmanlar müəyyən çətinliklərlə toqquşmalı olurdular. Onlar Peyğəmbərdən (s.ə.s.) dinin bu məsələlərə necə yanaş­dığını tez-tez soruşurdular və onda Uca Allah Peyğəmbərinə (s.ə.s.) şərab içməyin və qumar oyununun faydalı və zərərli cəhətlərini izah etməyi tapşırır. Bu, sərxoşedici içkilərin və qumar oyunlarının sonra­dan qəti qadağan edilməsinin başlanğıcı oldu.
Uca Allah bildirir ki, bu əməllərin zərəri – onların insanı ağıldan və sərvətdən məhrum etməsində, ona Allahı zikr etməyə mane olmasında, onu namazdan saxlamasında və insanlar arasında düşmənçilik və nifrət yaratmasındadır. Bu ziyan, insanın şərabın ticarətindən qazanacağından, qumardakı uduşdan və ya bu hərəkətləri edərkən alacağı ruhi ləzzətdən, dəfələrlə çoxdur.
Belə izahatlar kifayət edirdi ki, insanlar şərab içməkdən və qumar oynamaqdan çəkinsinlər, çünki ağıllı adam həmişə elə davranır ki, tutduğu iş ona daha çox qazanc gətirsin və ona böyük zərər vura bilən əməllərdən çəkinsin. Lakin ərəblər bu vərdişlərinə çox alışmışdılar və onlardan tezliklə əl çəkə bilmirdilər. Məhz buna görə, şərh etdiyimiz ayə sonrakı qəti qadağan üçün başlanğıc əsas rolunu oynadı. Bu qadağa Uca Allahın aşağıdakı kəlamı ilə ifadə olundu: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daş­lar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bun­lar­dan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?( Maidə, 5/90-91). Bu hökm Allahın xeyirxah­lığının, mərhəmətinin vı müdrikliyinin nəticəsi idi; o, nazil edilərkən Ömər b. əl-Xəttab ucadan demişdi: “Biz artıq son qoyduq! Biz artıq son qoyduq!”
Bilmək lazımdır ki, şərab dedikdə, insanı kefləndirən və onu sağ­lam düşüncədən məhrum edən nə varsa, hamısı nəzərdə tutulur. İstənilən oyunda və yarışmada iki tərəf uduş məqsədilə ortaya pul qoyursa, bu, qu­mardır. Bunlara, gedişi zamanı ortaya uduş məqsədilə pul qoyulan nərd, şahmat və digər sözlü və fiziki oyunlar daxildir. Amma at və dəvə sürü­cülüyü üzrə yarışlara və habelə atıcılıq yarışlarına icazə verilir, çünki at çapmaq və sərrast atəş açmaq döyüş əməliyyatları zamanı kara gəlir. Buna görə, Şəriətlə belə yarışlara icazə verilmişdir.
Möminlər bu məsələlərlə yanaşı nə qədər sədəqə vermək lazım olduğu barədə də soruşurdular. Allah onların vəzifəsini yüngülləşdirərək, sədəqə kimi ancaq artıq qalanı, yəni, ehtiyaclarından artıq olan əmlakın hissəsini verməyi buyurur. Sədəqənin ölçüsü insanın maddi vəziyyətindən asılıdır. Bütün insanlar – varlılar, kasıblar və orta təminatlılar sədəqə vermək üçün, hətta bu, xurmanın yarısı da olsa belə, imkan tapa bilərlər.
Məhz buna görə Peyğəmbərə (s.ə.s.), müsəlmanları gücləri çatma­yacaq vergi ilə yüklə­mə­dən, ehtiyacları olduğundan artıq qalanları sədəqə kimi qəbul etmək əmr olunmuşdu. Allah o hökmü bizə, əmlakımıza ehti­yacı olduğu üçün və ya bizim gücümüz çatmayan vəzifələri yerinə yetirməyimizi arzuladığı üçün nazil etməmişdi. Allahın bizə nazil etdiyi hökmlər bizə xoşbəxtlik verir, bizim bu dünyadakı həyatımızı yüngül­ləşdirir və həm bizə və həm də qardaşlarımıza fayda gətirir ki, buna görə Allah ən yüksək tərifə layiqdir.
İslam şəriətinin sirlərini belə inandırıcı qaydada izah etdikdən sonra Uca Allah buyurur ki, O, insanlara, haqqa dəlalət edən və onlara faydalı biliklər əldə etməyə, xeyri şərdən ayırmağa imkan verən Öz ayə­lərini belə aydınlaşdırır. Allah Öz biliklərini insanlara ona görə izah edir ki, onlar Onun şəriətinin sirləri üzərində düşünsünlər və başa düşsünlər ki, Allahın qanunlarının yerinə yetirilməsi – həm bu dünyada və həm də Axirətdə səadətin rəhnidir, dünyəvi həyatın tez keçəriliyi, yer aləminin qısamüddətli olduğunu və Axirət həyatının isə əbədi qalacağını fikirləş­sinlər. Axirət, əvəz veriləcək bir məkandır ki, insanlar onu yer üzündə olarkən abadlaş­dır­ma­lıdırlar.


[1] Təməttü həcci – Bu həcci etmək istəyən adam, miqatda (Məkkəyə doğru yolda zəvvarların ehrama girdikləri yer. F.S.) niyyət edərkən yalnız ümrəyə niyyət etməlidir. Bax: Səid ibn Əli ibn Vəhf əl-Qəhtani, “Həcc, ümrə və ziyarət bələrçisi, Bakı, “Adiloğlu” , 2007 (Ərəb dilindən tərc.  R. Muradlınındır), səh. 32-33.  F.S.
* Təvaf etmək - ətrafına dolanmaq. F.S.
* Təşriq günləri – Qurban bayramının birinci günündən (zilhiccənin onuncu günü) sonrakı üç günə  verilən addır. Ərəblər bu günlərdə qurban ətini  qurutmaq üçün günəş altında sərdikləri üçün bu günlərə təşriq adı verilmişdir. Təşriq sözü – gözəl üzlü olmaq, üzünü şərqə tutmaq, günəşdə ət qurutmaq kimi mənalara malikdir. “Şamil İslam Ensiklopediyası, türk dilində (“İkra-2” elektron proqramı).  F.S.
* Yəni, öz canını Allaha satmış, vermiş, fəda etmişdir mənasında. F.S.
[2] Tövbə, 9/111

Комментариев нет:

Отправить комментарий