воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 3-cü parça

                            \[                                                
 “ƏL- FATİHƏ” (“QURANI AÇAN”)
SURƏSİNİN ŞƏRHİ

               

(1.1) Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Bu o deməkdir ki, mən Allahın adı ilə başla­yı­ram. Bu söz bir­ləş­məsinin lüğəti təhlilindən aydın olur ki, burada Uca Rəbbin bütün gözəl adları nəzərdə tutulur.
Allah – bu adlardan biridir və “O, İlahiləşdirilən, İbadət Edilən, Tək, Öz ilahi – kamil və nöqsansız  sifət­lərinə görə ibadətə layiq olan Rəbdir”.
Gözəl Mərhəmətli və Rəhmli adları Onun böyük rəhmdilliyinin dəlilləridir ki, hər şeyi və hər varlığı əha­tə edir. Allahın təqva sahibi olan və Onun peyğəmbər­lərinin və elçilərinin yolu ilə gedən qulları tam mənada Allahın rəhmi ilə mükafatlandırı­la­caqlar. Bütün digər məxluqlar isə Allahın mərhəmətinin ancaq bir qismini alacaqlar.
Nəzərə almaq lazımdır ki, sələflərdən olan bütün din alimləri Allaha və Onun ilahi sifətlərinə iman gətirməyin zəruri olması haqqında yekdil idilər. Allah – Mərhəmətli və Rəhmlidir, yəni, qullarında təcəssüm edən rəhm sahibidir. Bütün nemətlər və savablar Onun mərhəməti və rəhminin saysız-hesabsız təzahürlərindən biridir. Eyni tərifi Allahın qalan adları haqqında da demək olar. O hər şeyi biləndir, yəni, bütün məxluqat haqqında biliyə malikdir. O hər şeyə qadirdir, yəni, qüdrət sahibidir və bütün məxluqat üzərində hökmrandır.

          

(1.2) “Həmd olsun Allaha – aləmlərin Rəbbinə!”

Bu, Allahın, kamil sifətlərinə və əməllərinə görə tərifləndiyi sözlərdir. O, bunları ya Öz mərhəməti, ya da ədaləti üzrə həyata keçirir. Həmd bütünlüklə Ona məxsusdur və O, bu tərifə tam layiqdir. O, təklikdə bütün aləmlərə hökmranlıq edir. Allahdan başqa bütün varlıqlar bu aləmlərə aiddir. O, Kainatı yaratmış, onun sakinlərini yaşamaq üçün vacib olan vasitələrlə təmin etmiş və onları geniş səxavəti ilə himayəsinə götürmüşdür. Onun himayəsindən məhrum olanlar yaşaya bilməzlər. Məxluqlarına iltifat etdiyi bütün nemətlər Uca Allahın hədiyyəsidir.
Uca Allahın hökmranlığı iki formamdadır: ümumi və xüsusi. Ümumi hökmranlıq – Onun məxluq­ları yaratmasında, onlara ruzi verməsində və doğru yol göstərməsində təzahür edir və buna müvafiq olaraq onlar bu dünyada öz yaşayışını qururlar. Xüsusi hökmranlıq isə, Allahın Öz sevimli qullarını dindarlıq ruhunda tərbiyə etməsində, iman gətirib, imanlarını təkmilləşdirmələrində onlara kömək etməkdə, onları doğru yoldan azdıra və Ondan uzaqlaşdıra bilən hər şeydən qorumaqda özünü göstərir. Bu hökmranlığın mahiyyəti ondan ibarətdir ki, Allah Öz qullarına hər hansı xeyirxahlığa doğru yolu asanlaşdırır və onları hər cür şərdən saxlayır. Ola bilsin ki, məhz buna görə, peyğəmbərlər çox vaxt öz dualarında Allahı özlərinin Rəbbi adlandırırdılar. Əslində, bu insanların məqsədi Allahın yalnız xüsusi hökmranlığı ilə bağlı idi.
Bu ayədə Uca Allah Özünü Aləmlərin Rəbbi adlandırır və bununla da vurğulayır ki, O tək yaradır, idarə edir və nemət verir. O zəngindir və Öz yaratdıq­larına ehtiyacı yoxdur. Əksinə, bütün yaradılmışlar Ona möhtacdır və hərtərəfli Ondan asılıdırlar.



   
 

(1.3) “Mərhəmətli və Rəhmli Olana,

       

 (1.4) Din gününün Sahibinə!”

Hökmdar – səltənəti və hakimiyyəti Olandır və buna uyğun olaraq hökm ver­məyə və qadağalar qoymağa, mükafatlandırmağa və cəzalandır­mağa, Öz tabeliyində olanları hökmü altında saxlamağa tam haqqı vardır. Əsil hakimiyyətin kimə mənsub olması xeyir və şərin əvəzinin veriləcəyi Gün aydın olacaqdır. Bu – Qiyamət gününün vəsflə­rindən biridir. Həmin gün insanlar öz xeyirli və bəd əməllərinin əvəzini alacaqlar. Məhz həmən gün Allahın yaratdığı məxluqlar Allahın haki­miyyətinin möhkəmliyini, Onun ədalətinin və müdrikliyinin kamil­liyini  aydın görəcəklər. Onlar əvvəllər olduqları hər şeyi itirəcəklər. Hökmdarlar və onların təbəələri, kölələr və azad insanlar – hamısı Rəbbin qarşısında bərabər, Onun əzə­mətinə itaətkar və Onun qüdrəti önündə müti olacaqlar. Onlar Onun hökmünü gözləyəcək, Onun əcrini arzulayacaq və Onun intiqam alaca­ğından dəhşətə gələcəklər. Bax buna görə Allah Özünü xeyir və şərin əvəzinin veriləcəyi Günün Hökmdarı adlandırmışdır, halbuki Onun haki­miyyəti bütün zamanları əhatə edir.

            

(1.5) Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyi­rik”.

Bu o deməkdir ki, biz təkcə Sənə ibadət edir və təkcə Səndən yardım istəyirik. Ərəb dilinin qrammati­kasına uyğun olaraq, əvəzlik felin qarşısında durarsa, hərəkət, heç bir başqasına deyil, məhz ancaq xatırlanan şəxsə aid edilir. Buna görə şərh etdiyimiz ayə aşağıdakı mənanı daşıyır: biz Sənə ibadət edirik və başqa heç kimə ibadət etmirik, kömək üçün Sənə dua edirik və başqa heç kimə kömək üçün dua etmirik.
İbadət, kömək üçün duadan əvvəl yad edilmişdir və bu ifadə xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir, çünki sadalanarkən ümumi olanı xüsusidən əvvəl qeyd etmək qəbul olunmuşdur. Bununla yanaşı sözlərin bu qaydada ardıcıllığı göstərir ki, Uca Allahın haqqı Onun qullarının haqqından üstündür.
İbadət – həm qəlbən və həm də bədənlə yerinə yetirilən və Allahın sevdiyi və bəyəndiyi bütün sözləri və əməlləri əhatə edən anlayışdır. Yardım haqqında dua – Uca Allaha, xeyir verməsi və şərdən qoruması üçün, yalvarışla yönəldilən və mütləq gerçəkləşə­cəyinə inam bəslənilən müraciətdir.
Məhz ibadət və kömək haqqında dua əbədi xoşbəxtlik əldə etməyin və hər cür bəladan xilas olmağın həqiqi vasitəsidir. Bundan özgə bir qurtuluş yolu yoxdur. Bax elə buna görə də çox vacibdir bilək ki, ibadət ancaq Allah üçün Onun Elçisinin (s. ə. s) Sünnəsinə tam uyğun olaraq yerinə yetirildikdə öz əsil mənasını kəsb edir. Bu iki şərti yerinə yetirmədikdə heç bir ibadətin mənası olmaz.
Kömək haqqında duanın ibadət formalarından biri olmasına baxmayaraq Uca Allah onun barəsində ayrıca qeyd etmişdir. Çünki hər hansı mərasimi yerinə yetirəndə Allahın qulu öz Rəbbinin köməyinə möhtac olur. Onun yardımı olmadan insan heç vaxt Allahın hökmlərini qüsursuz icra edə və günahlardan çəkinə bilməz.



        

(1.6)Bizi doğru yola yönəlt –”

Bu: bizə doğru yol göstər, ona yönəlt və o yolla getmək üçün kömək et, deməkdir. Bu aydın yol Allaha doğru aparır və Cənnətdə sona çatır. Bu yolu keçmək isə, haqqı dərk edənə və əməllərində onu rəhbər tutana müyəssər olacaqdır.
Bu, həm də o deməkdir ki: bizi doğru yola yönəlt və bizi o yolla apar. Birinci, İslama tərəf döndərilməyi və bütün başqa dinlərdən əl çəkməyi, ikinci isə, dini qanunları öyrənməyi və onları təcrübədə həyata keçirməyi nəzərdə tutur. Bu dua, İslamda ən faydalı, dərin və hərtərəfli dualardan biridir. Allah insanlara namazın hər rükətində bu sözlərlə Ona dua etməyi buyurmuşdur. Çünki hər bir insan Allahın köməyinə möhtacdır.
                      

(1.7) “qəzəbinə düçar olmuşların və azmışların deyil, nemət verdiklərinin yolu­na!”

Düz yol – Uca Allahın nemət bəxş etdiyi peyğəmbərlərin, doğru danışan möminlərin, şəhidlərin və təqvalıların yoludur. Bu, həqiqəti bildikdən sonra ondan üz çevirmişlərin və buna görə Onun qəzəbinə düçar olmuşların yolu deyildir. Məhz bu qismət yəhudilərə və onlara oxşayanlara nəsib olmuşdur. Bu, xristianlar və onlara oxşayanlar kimi, öz nadanlığı və yanlışlığı üzündən haqdan üz çevirərək azmışların da yolu deyildir.
Özünün ifadə və üslub yığcamlığına baxma­yaraq, bu surə özündə, Quranın o biri surələrində olmayan şeyləri ehtiva edir. Onda tövhidin üç tərkib hissəsi əks olunmuşdur. Tək Allahın hökmranlığına iman “aləmlərin Rəbbi” sözləri ilə ifadə edilmişdir. Ancaq Allahın ibadətə layiq olmasına iman, “Allah” adının özündə və “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik” sözləri ilə bildirilir. Təkcə Allahın gözəl adların və kamil sifətlərin sahibi olmasına iman gətirilməsi “Əlhəmdulillah” (Allaha həmd olsun) sözlərindən irəli gəlir ki, bu barədə öncə bəhs etmişdik. Tövhidin bu tərkib hissəsi Uca Allahın Özünün təsvir etdiyi və Muhəmməd Peyğəmbərin (s. ə. s) Onu təsvir etdiyi bütün ad və sifətlərinə iman gətirməyi nəzərdə tutur. Eyni zamanda, Allahın sifət­lərinin həqiqi mənasını dəyişmək və onları məxluqların sifətlərinə oxşat­maq yolverilməzdir.
Bu surədə Muhəmmədin (s. ə. s) peyğəmbərli­yi­nin gerçəkli­yinin dəlilləri vardır. Onlar “Bizi doğru yola yönəlt” sözlərində öz əksini tapmışdır. Həqiqətən, Peyğəmbərin (s. ə. s) şəriəti olma­saydı, bu mümkün olmazdı.
“Din gününün Sahibi” ifadəsində, insanların etdikləri əməl­lərə görə əvəzini hökmən alacaqlarına göstəriş vardır. Bu əvəz ədalətlə verilə­cəkdir, çünki “din” (“əvəz”) sözü məhz ədalətli qarşılıq verilməsini nəzərdə tutur.
Surə həmçinin qədərilərin və cəbbarilərin yanlış görüşlərini ifşa etməklə, insanların seçim haqqı olmasına baxmayaraq, mövcud olan hər şeyin Allahın qədərinə müvafiq baş verdiyini təsdiq edir. Bundan başqa surədə bütün bidət və zəlalət tərəfdarlarının nəzəriyyələri təkzib edilir, çünki “Bizi doğru yola yönəlt” sözləri müsəlmanları haqqı dərk etməyə və onları öz əməllərini lazımi qaydada yerinə yetirməyə yönəldir. Bidət, dində yenilikçilik və zəlalət tərəfdarla­rının hər biri isə, hökmən düz yoldan üz çevirirlər.
  Bununla yanaşı, bu surədə Uca Allaha səmi­miyyətlə qulluq etməyə və kömək üçün yalnız Ona dua etməyə çağırış vardır. “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik” ayəsinin mənası da bundadır. Həmd yalnız aləmlərin Rəbbi Allaha məx­susdur!




\^

“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN
ŞƏRHİ

            

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

   
(2.1) Əlif. Ləm. Mim.

Biz artıq “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözlərinin şərhi haqqında yuxarıda bildirmişik. Quran surələrinin böyük bir hissəsinin başlanğıc gö­türdüyü “ayrı-ayrı hərflərə” gəldikdə isə, yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək, çünki bütün möv­cud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir. Lakin iman sahibi olan hər bir şəxs qəti bilmə­lidir ki, bu hərflər əyləncə xatirinə deyil, bizim dərk edə bilmədi­yimiz müdrik niyyətlə bağlı nazil edilmişdir.

                 

(2.2)“Bu, qətiyyən şübhə doğurmayan, müttə­qilərə doğru yol göstərən bir Kitabdır”.

Bu elə bir əzəmətli Kitabdır ki, haqlı olaraq müqəddəs adlanır və özündə aydın həqiqəti, habelə, hətta əvvəlki Səmavi Kitablarda olmayan geniş bilikləri təcəssüm etdirir. Onun gerçəkliyi şübhə doğurmur və, nəzə­rə alsaq ki, əminlik şəkk gətirmənin əksidir, onda hər bir kəs onun həqi­qiliyinə inana, hər hansı şübhəni darmadağın etmək üçün ondan kamil biliklər mənimsəyə bilər. Bu inamı elə bir faydalı qayda təsdiq edir ki, ona görə, əgər qüsurun inkarı tərif bildirirsə, bu inkar kamilliyin əksinin olma­sını nəzərdə tutur. Bu qayda ədalətlidir, çünki sadəcə qüsurun inkarı hələ tərifləmək demək deyildir, ancaq hər hansı keyfiyyətin ortada olmamasına işarə edir.
Bütün deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Müqəddəs Quran insanlarda elə bir inam yaradır ki, onsuz heç kim doğru yolla gedə bilməz və məhz buna görə Uca Allah onu müttəqilər üçün doğru yolun yönəldicisi adlandırmışdır. Etibarlı yönəldici insanlara haqqı yanlışlıqlar­dan, şübhələrdən ayırmaqda kömək edir, onları, qullara xeyir verən yollar­la getməyə çağırır. Allah Quranı ən geniş mənada rəhbərlik adlandırır və yönəldici sözü işlətmir. O, onu, müəyyən məqsədə nail olmaq üçün rəh­bərlik və ya müəyyən şeyə rəhbərlik adlandırma­mışdır. Bu isə o deməkdir ki, Müqəddəs Quran həm bu dünya həyatında və həm də ölümdən sonra, xeyir gətirən hər şeyin yolunu insanlara göstərir. O, bütün əsas və ikinci dərəcəli məsələlərdə etibarlı rəhbərlik kimi, həqiqəti yalandan, sağlam düşüncələri isə yanlış baxışlardan fərqləndirməyə kömək edir. O, bu dün­yada və Axirət aləmində öz həyatını qurmağın qayğısını çəkərək doğru yolla necə getmək lazım olduğunu izah edir.
Digər bir ayəsində Uca Allah buyurur:“İnsan­lara doğru yolu gös­tə­rən, haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir...”[1].  Çox maraqlıdır ki, burada Quran bütün insanlar üçün etibarlı rəhbərlik adlandırıl­mışdır, halbuki həm şərh etdiyimiz ayədə və həm də bir çox başqa yerlərdə o, ancaq təqva sahibləri üçün rəhbərlik adlandırılır. Bunun bir sıra izahları var.
Birincisi, Müqəddəs Quran, əslində, bütün bə­şəriyyət üçün misli görünməmiş doğru rəhbərlikdir, lakin bədbəxt kafirlər ona diqqət yetirmir­lər və Allah­dan bu Kitabını qəbul etmirlər. Onlar həqiqəti bilir, amma ondan faydalanmırlar, çünki bədbəxt məxluq­durlar. Əməlisaleh möminlər isə, doğru yola qayıtmağa kömək edən böyük bir əsasdan artıq bərk-bərk yapışmışlar. Bu əsas – onların, Allahdan qorxmaqdan ibarət olan təqvası­dır. Allah qorxusu dedikdə, Allahın qəzəbindən qorunmağa imkan verən əməllərin yerinə yetirilməsi, Onun hökmlərinə riayət edilməsi və Onun qoyduğu qadağalara hörmətlə yanaşılması nəzərdə tutulur. Onlar öz təqva­ları sayəsində doğru yola çıxdılar və böyük nemətə nail oldular. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahla­rınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir”[2].  Bax buna görə, məhz təqva sahibi olan qullar Quran ayələrindən və səmavi əlamətlərdən faydalana bilirlər.
İkincisi, doğru rəhbərlik və öyüd-nəsihət iki növ olur. Bəziləri doğ­ru yola yönəldilir, digərləri isə doğru yolla getməyə ruhlandırılır. Təqva sahibi olan möminlər hər iki növ öyüd-nəsihətə nail edilirlər, yerdə qalan insanlara isə ikinci növ nəsihət verilmir. Onlara ancaq doğru yol göstərilir. Lakin Allah onları xeyirxah əməllər etməyə ruhlandırmır və buna görə belə öyüd-nəsihət və rəhbərlik kamil və tam hesab olunmur.
Sonra Uca Allah təqvalı iman sahiblərinin qəlbən etiqad etdikləri əqidədən və bədən hərəkətləri ilə yerinə yetirdikləri əməllərindən bəhs edir:
                  

(2.3) “O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onla­ra verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər”.

Həqiqi iman o imandır ki, Allahın elçilərinin verdikləri bütün xə­bər­lərin doğruluğunu, mütilik ifadə edən davranışınla tamamilə qəbul edə­sən. İnsan ancaq gördüyünə və hiss etdiyinə inanmaqla kifayətlən­mə­mə­lidir, çünki bu halda müsəlman kafirlərdən fərqlənmir. O, Allahın nazil etdiyi və Onun Elçisinin (s.ə.s.) xəbər verdiyi, öz gözü ilə görüb əmin olması mümkün olmayan qeybə iman gətirməlidir. Məhz belə iman müsəlmanı kafirdən ayırmağa imkan verir. Mömin, Allah və Onun Elçisinin (s.ə.s.) bildirdiyi bütün xəbərlərin həqiqiliyinə, onları öz gözü ilə görüb görməməsindən asılı olmayaraq, inanır.  O, başa düşəcəyi və öz ağlı ilə dərk edə biləcəyi xəbərlərlə, başa düşə bilmədiyi qeyb arasında heç bir fərq qoymur. Məhz bu keyfiyyəti onu, dərk edə bilmədiklərinə iman gətir­məyən kafirlərdən ayırır. Onlar öz dayaz ağılları ilə ilahi vəhyləri anlama­yaraq, başa düşməyə qabil olmadıqları qeybə aid nə varsa inkar edirlər. Onların təfəkkürü xəstə və pozulmuş olduğu halda, vəhyin gerçəkliyini qəbul edən və Allahın öyüd-nəsihətinə əməl edən möminlərin düşüncəsi sağlam və pakdır.
Qeybə iman gətirmək – Uca Allahın keçmişdə olmuş və gələcəkdə olacaq hadisələr haqqında verdiyi bütün xəbərlərə inanmaq deməkdir. Bu xəbərlərə, yəni Axirət günü baş verəcək hadisələr haqqında rəva­yətlərə, Allahın ilahi sifətlərinə dair və habelə bunlarla əlaqədar Allahın elçilərinin verdikləri bütün xəbərlərə iman gətirmək də daxildir. Elə buna görə mö­minlər Allahın sifətlərinə iman gətirir və onların, keyfiyyətini qavramaq qabiliyyətinə malik olmasalar da, gerçək­liyinə əmindirlər.
Möminlərin daha bir xüsusiyyəti – onların  na­mazı lazımınca qıl­ma­sıdır. Təqva sahibi olan möminlər namazı, sadəcə, müəyyən ayinləri yerinə yetirmək üçün qılmırlar. Namaz qılmaq dedikdə, namazın şərtləri və rüknlərinin və həmçinin vacib tələblərinin müvafiq qaydada yerinə yetirilməsi və özü də onların qəlbin və bədən üzvlərinin iştirakı ilə icra edilməsi və bu zaman tələffüz edilən kəlmələrin, yerinə yetirilən hərəkət­lərin dərk edilməsi nəzərdə tutulur. Belə namaz haqqında Uca Allah buyu­rur: “...Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir...”[3]. Məhz belə namaz qula savab gətirir. Allahın qulu düşünərək qıldığı namaza görə savab qazanır. Bizim şərh etdiyimiz ayəyə gəldikdə isə, namaz dedikdə ayədə fərz və nafilə namazlar nəzərdə tutulur.
Namaz qılmaqla bərabər təqvalı dindarlar ianə paylayırlar. İanə zə­kat­dan, zövcələr, qohumlar, qullar üçün nəzərdə tutulan təminat xərcli­yindən və digər vacib sədəqələrdən və həmçinin xeyriyyəçilik məqsə­dilə verilən könüllü yardımlardan ibarətdir. Uca Allah bu ayəsində məhz kimə ianə vermək lazım olduğu barədə xəbər verməmişdir, çünki belə xeyriy­yəçilik məqsədləri və sədəqəyə ehtiyacı olanlar olduqca çoxdur və həm də nəzərə almaq lazımdır ki, öz Rəbbinə yaxınlaşmaq üçün yerinə yetirilən hər bir əməli sədəqə adlandırmaq olar.
Uca Allah göstərir ki, sədəqə kimi əmlakın ancaq kiçik bir hissəsini ianə vermək olar. Belə ehsan insanlara ziyan vurmur və onlara ağır gəl­mir. Əksinə, onlar bundan fayda əldə edir və öz qardaşlarına xeyir verir­lər. Uca Allah xüsusilə vurğulayır ki, insanlar var-dövləti öz qabiliyyət­lə­rinə görə əldə etmirlər. Mal-mülkü onlara Allah nəsib etmişdir və Qüdrətli Allah bu maddi nemətləri bəxş etməklə onları çoxsaylı digər məxluqları üzərində yüksəltdiyinə görə, insanlar Ona həmd etməyə, onlara bağışlan­mış var-dövlətdən öz imkansız qardaşlarına kömək məqsədilə paylamağa borcludurlar.
Quran ayələrinin çoxunda namaz zəkatla yanaşı xatırlanır, çünki namaz Allaha səmimi ibadətin rəmzidir, zəkat və sədəqə isə məxluqlara bəslənən gözəl münasibətdir. Həqiqətən, məhz Allaha səmimi ibadət və  yaradılmışlara yardım edilməsinə yönəldilən səylər xoşbəxtliyin rəhnidir, bu keyfiyyətlər olmadıqda isə, bədbəxtçiliyin rəhnidir.
                             

(2.4)O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, Axirətə də yəqin­liklə inanırlar”.

Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) vəhy yolu ilə nazil edilən Quran və Sünnədir. Uca Allah belə buyurur: “...Allah sənə Kitabı və Hikməti (Quranı və Sünnəni) nazil etdi...”[4]. Təqva sahibi olan dindarlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gətirdiyi nə varsa, hamısına inanırlar və vəhylər arasında fərq qoymurlar. Onlar, nazil edilmiş Kitabın ancaq bir hissəsinə inanıb, digər hissəsini rədd edən, onu inkar edərək və yaxud Allahın və Elçisinin (ona Allahın salavatı və salamı olsun) şərhlərinin əksinə olaraq yanlış izah etməyə cəhd göstərən bidətçilərə aid deyillər. Ancaq bunlar özlərini bu tərzdə aparır və onların yanlış baxışlarını rədd edən müqəddəs mətnlərin mənasını təhrif edirlər. Əslində, onlar vəhylərin həqiqi mənasını etiraf etməyi və onlara lazımınca iman gətirməyi rədd edirlər.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gəlməsinə qədər nazil edilmiş Kitab­lara gəldikdə isə, nəzərdə tutulan – səmavi Kitablardır. Bu Kitablara iman – Allahın elçilərinə və o Kitablarda yazılmış xəbərlərə imandan ibarətdir. Onların Tövrat, İncil (Əhdi-cədid) və Zəburdan ibarətdir. Bütün səmavi Kitablara və Allahın bütün elçilərinə iman – Allahın elçiləri arasında fərq qoymayan həqiqi mömin­lərin xüsu­siyyətidir. Bununla yanaşı onlar Axirət həya­tının varlığına da əmindirlər.
Ölümündən sonra insanın başına gələn bütün hadisələr Axirət hə­yatı adlandırılır. Allah qeyb aləminə iman gətirməyi xatırlatdıqdan sonra Axirət həyatını da xüsusilə qeyd etmişdir, çünki o, imanın əsas rüknlərin­dən və insanda qorxu, ümid və xeyirxah əməllər arzusu doğuran ən böyük amillərdən biridir. Etiqad məsələsinə gəldikdə isə, bu ad altında, özündə qətiyyən şübhə yeri qoymayan mükəmməl bilik nəzərdə tutulur ki, o, insanı daima fəaliyyət göstərməyə yönəldir.
                   

(2.5) “Onlar öz Rəbbindən gələn doğru yolda­dırlar. Məhz onlar nicat tapanlardır”

Yuxarıda sadalanan tərifəlayiq keyfiyyətlərə malik olan möminlər öz Rəbbindən gələn müdrik rəhbərliyə riayət edirlər. “Hüda” (“doğru rəhbərlik”) sözü müəyyən artiklsiz işlədilmişdir ki, bu da onların seçdik­ləri yolun möhtəşəmliyini vurğulayır. İnsanın sağlam baxışlara malik olması və düzgün əməllər etməsi üçün hansı rəhbərlik əzəmətli ola bilər? Ancaq belə bir rəhbərliyi haqlı olaraq gerçək adlandırmaq olduğu halda, bütün yerdə qalanlar yanlışlıqlardan başqa bir şey deyildir.
Qeyd etmək lazımdır ki, doğru rəhbərlik xatır­lanarkən Uca Allah “alə” ön şəkilçisindən istifadə et­miş­dir ki, o, yüksək mövqeyə işarə edir, halbuki yan­lışlığı ifadə edərkən “fi” ön şəkilçisi işlədilmişdir ki, bu hazır­kı vəziyyətdə zəlalətə batmağa işarə vurur. Uca Allah buyurur: “...Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içində­dir”[5]. Bu onunla izah edilir ki, doğru rəhbərlik onun tərəfini saxlayanı ucaldır, yanlışlıq isə onda batıb qalanı alçaldır.  
Sonra Uca Allah bildirir ki, təqvalı möminlər hökmən uğur qaza­na­caqlar. Bu o deməkdir ki, onlar istədiklərinə və onlara vəd edilənlərə nail olacaqlar və dəhşətli və xoşagəlməz nə varsa, hamısından xilas edi­ləcək­lər. Allah xüsusilə qeyd edir ki, onlar yeganə uğur qazananlardır, çünki onların yolu, böyük müvəffəqiy­yətə aparan yeganə yoldur, halbuki qalan bütün yollar insanı bədbəxtliyə, məhvə və ziyana uğradır. Məhz buna gö­rə, Uca Allah həqiqi iman gətirmiş şəxslərin sifətlərini xatırladandan sonra, öz imansızlıqlarını inadkarcasına müdafiə edən və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) müqavimət göstərən kafirlərin sifətləri haqqında xəbər verir.

                                   
(2.6) “Həqiqətən, kafirləri qorxutsan da, qor­xutmasan da, onlar üçün fərqi yoxdur, iman gətir­məzlər”.

Uca Allah kafirlik onların ayrılmaz sifətlərinə çevrilmiş imansızlar haqqında xəbər verir. Belə insanları kafirlikdən uzaqlaşdırmaq mümkün deyil, çünki onlar heç bir təbliğata, öyüd-nəsihətə baxmayaraq, kafirliyə etiqadlarında davam edəcəklər. Onlara cəza veriləcəyi haqqında xəbərdar­lıq etsən də, etməsən də, əsil imana tərəf üz döndərməyi rədd edəcəklər. Bilmək lazımdır ki, əslində, kafirlik, Allahın Elçisinin (ona Allahın sala­vatı və salamı olsun) təbliğ etdiyi dini tamamilə və ya qismən inkar et­məkdir. Kafirlər bu təbliğatdan xeyir götürmək istəmirlər, lakin həqiqəti bilərək, öz cahillikləri üzündən sonradan Allah qarşısında tövbə etmək imkanını əldən buraxırlar.
Uca Allah bu ayə ilə kafirlərin İslamı qəbul edəcəklərinə ümid bəsləməsini və onların iman gətirməkdən boyun qaçırmalarına məyus ol­masını Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) sanki qadağan etmişdir. Sonra Uca Allah onlara iman gətirməyə səbəb olan maneələr haqqında bildirərək buyurur:

                         
(2.7) “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır”.

Onların qəlbinə və eşitmə qabiliyyətinə vurulmuş möhür imanın kafirlərin qəlbinə daxil olmasına yol vermir və buna görə də onlar özlərinə xeyirli olan şeylərə əhəmiyyət vermir və qulaq asmırlar. Gözlərində olan örtük onların nədən xeyir əldə edə biləcəklərini görməyə mane olur. Elmə və xeyirxahlığa aparan bütün yollar onların qarşısında bağlanmışdır və onların nemət qazanacaqlarına ümid etmələri mənasızdır. Onlar bu imkan­dan məhrum edilmiş, qarşılarında haqq dinə aparan bütün yollar qapan­mışdır, çünki onlar özləri iman gətirməkdən boyun qaçırmış və əsil həqi­qət onlara aydın olduqdan sonra ona müqavimət göstərmişlər. Bununla əlaqədar Uca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirərik...”[6]. Bu dünyada kafirlərin cəzası budur, Axirət həyatında isə onları böyük cəza, əbədi Cəhənnəm əzabı və Qüdrətli Hökmdarın hədsiz qəzəbi gözləyir.

                               

(2.8) “İnsanlar arasında elələri də vardır ki, mömin olma­dıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər”.

Uca Allah özlərini üzdə müsəlman kimi aparan, qəlbən isə kafir olan ikiüzlü münafiqlər haqqında xəbər verir. Bilmək lazımdır ki, burada ikiüzlü adı altında nümayişkaranə dindarlıq nəzərdə tutulur ki, onun arxa­sında gizlənən şər və şərəfsizlikdir. Bu tərif təkcə etiqadında münafiqlik olana deyil, davranışında münafiqlik olana da aiddir. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu barədə demişdir: “Münafiqi onun üç keyfiyyəti büruzə verir: o bir şey haqqında danışanda, yalan deyir; söz ve­rəndə yerinə yetirmir; ona etibar edildikdə, etibarı doğ­rultmur”. Hədi­sin başqa bir variantında deyilir: “Əsil münafiq aşağıdakı dörd xüsu­siyyəti özündə cəm­ləşdirən kəsdir: ona etibar edildikdə, etibarı doğrult­mur; bir şey danışdıqda, yalan söyləyir; kimlə müqa­vilə bağla­yırsa, onu pozur; biri ilə mübahisə etdikdə, özünü ləyaqətsiz aparır”. Etiqadda mü­nafiqliyə gəl­dikdə isə, o, insanı İslamdan çıxarır. Quranın bu və digər surə­lərində, Uca Allah münafiqləri təsvir edərkən, məhz münafiqliyin bu sonuncu formasından bəhs edir.
İslam tərəfdarları arasında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət etməsinədək və hicrət etdikdən sonra Bədr döyüşü baş verənə qədər münafiqlər yox idi. Həmin döyüşdə Allah müsəlmanlara qələbə bəxş etdi, möminləri ucaltdı və Mədinədə yaşayan kafirləri rəzil etdi. Öz canlarından ötrü keçirdikləri qorxu hissi və müsəlmanları aldatmaq istəyi onlardan bəzilərini özlərini gözə soxmaq üçün İslama girməyə vadar etdi. Onlar bu yolla öz canlarını və var-dövlətini qoruyub saxlamağa ümid edirdilər. Zahiri görünüş etibarı ilə, onlar müsəlman görkəmində olsalar da, ancaq qəlbən kafir qalmışdı­lar. Belə olduqda, Allah möminlərə rəhm edərək, münafiqlərin xüsusiy­yət­lərini onlar üçün təsvir etdi ki, möminlər onları tanısın, onların söz­lərinə və əməllərinə aldanmasınlar və onların yaramazlıqlarından qoruna bilsinlər.
Uca Allah buyurur: “Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinir­lər...”[7]. Allah belə bir surəni nazil etdi və onda həmin mürtədlərin əsas xüsusiy­yətlərini təsvir etdi. Onlar bəyan edirlər ki, Allaha və Qiyamət gününə iman gəti­rib­lər. Amma əsil həqiqətdə onlar qəlblərində olmayanları deyirlər. Onlar – yalan­çıdırlar, çünki haqq dinə ibadət edənlərin sözləri baxışları ilə ziddiyyət təşkil etmir. İkiüzlü münafiqlərə gəldikdə isə, onlar öz sözləri ilə Allahı və Onun iman gətirmiş qullarını aldatmaq istəyirlər.

               ﭿ         

(2.9) “Onlar Allahı və iman gətirənləri aldat­mağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar”.

Burada aldatmaq dedikdə, əsil münasibətini gizlətmək məqsədilə öz niyyətinə nail olmaq üçün süni bir münasibət göstərmək nəzərdə tutu­lur. Bunun əsasında münafiqlər Allahla və Onun qulları ilə öz münasibət­lərini qururlar. Lakin onlar ancaq özlərini aldadırlar və bu da çox qəri­bədir. Adətən, bir nəfər bir başqasını aldatdıqda, ya istədiyinə nail olur, ya da heç nə əldə edə bilməsə də, heç nəyi də itirmir. Amma münafiqlər özlərinə ziyan vururlar. Onlar sanki fitnə-fəsadı ona görə törədirlər ki, özlərini məhv etsinlər və özlərini aldatsınlar, çünki onlar Uca Allaha zərər vura bilməzlər və möminlərə də xətər yetirmək qüvvəsində deyillər. Onlar malını və canını xilas etmək üçün özlərini mömin kimi göstərərkən din­dar­lara az da olsa zərər vurmurlar. Onların fitnəkarlıqları ancaq özlərinə qarşı çevrilərək, onları biabırçılığa və dünyəvi həyatda şərəfsizliyə qərq edir. Hər dəfə, onlar müsəlmanların gücünü və qüdrətini görəndə həd­siz matəmə batırlar. Axirət günü isə onlar layiq olduqları əzablı, ağrıdıcı və dəhşətli cəzaya düçar ediləcəklər. Çünki onlar haqqı yalan saydılar, iman gətirməkdən boyun qaçırdılar və günaha qurşandılar. Lakin onlar o dərə­cədə cahil və axmaqdırlar ki, bunu dərk etmək iqtidarında deyillər.

                                 
(2.10) “Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər”.

Bu ayədə xəstəlik adı altında şəkk-şübhə, inamsızlıq və münafiqlik nəzərdə tutulur. Bilmək lazımdır ki, qəlb iki xəstəliyin: saxta şübhələrin və alçaq ehtirasların təsiri altında pozula bilər. İmansızlıq, münafiqlik və bidət qəlbi korlayan şübhələr olduğu halda, zina, əxlaqsızlığa meyl və itaətsizlik alçaq həvəslərə aludəliyə aiddir. Uca Allah bununla əlaqədar buyurur: “...Əgər Allahdan qorxursunuzsa, yad kişi­lərlə nazlana-nazlana danışma­yın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər...”[8]. Ayədə zinakarlığa alçaq meyldən bəhs edilir. Qəlb, bu iki xəstəlikdən xilas olduqdan sonra, sağlam adlandırıla bilər. Ancaq bu halda insan möhkəm iman və əqidə sahibi ola, itaətsizlikdən çəkinə və pis əməllərdən qoruna bilər.
Bu ayə fasiqi günah etməyə sövq edən Allahın müdrikliyinin dəli­lidir. Günahkarlar etdikləri cinayətləri üzündən özlərini cəzaya məhkum edən yeni-yeni günah əməllər törədirlər. Bu barədə Uca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirərik...”[9];
“...Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sap­dırdı. Allah fasiqləri doğru yola yönəltməz”[10];
“Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”[11].
Bütün bu deyilənlərdən belə bir nəticə çıxır ki,  törədilmiş günaha görə cəza – növbəti günahların işlədilməsidir və bununla yanaşı, yerinə yetirilmiş xeyirxah əmələ görə əcr almaq – növbəti xeyirxahlıqdır. Uca Allah buyurur: “Allah doğru yolda olanların doğruluğunu artırar...”[12].
    
                      
         
(2.11) “Onlara: “Yer üzündə fəsad törətmə­yin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər”.

Münafiqlər müxtəlif günahlar törədirlər, mömin­lərin sirrini onların düşmənlərinə açıb söyləyir və kafirlərlə dostluq edirlər. Onlara, yer üzündə fəsad yaymalarının vasitəsi olan küfr və günah işlətməmələri barə­də xəbərdarlıq etdikdə isə, onlar ancaq xeyirxah işlər gördüklərini bildirirlər. Onlar yer üzündə təkcə fəsad yaymır, həmçinin özlərini elə göstərirlər ki, sanki öz hərəkətləri ilə qayda-qanun yaradırlar. Onlar həqi­qəti təhrif etməyə cəhd edirlər və əxlaqsız cinayətlər edərək bu əməlləri­nin doğru olduğunu düşünürlər. Onlar günah sahiblərindən daha ağır cinayətlər törədirlər, çünki günahkarlar öz etdikləri yaramazlıqların qada­ğan olunduğunu etiraf edirlər ki, bu da onların sonradan xilas olması və hidayət yoluna qayıtmasını asanlaşdırır.
                   

(2.12) “Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər”.

Münafiqlər təkcə özlərini xeyirxah hesab etdiklərinə görə, mömin­lərin əməllərini xeyirli və düzgün  saymırlar. Allah onların iddialarını tək­zib edir və xəbər verir ki, əsil həqiqətdə mürtədliyi yayanlar onlar özlə­ridir. Allahın ayələrini inkar edənlərdən, insanlara Onun yolu ilə getməyə mane olanlardan, Allahı və Onun sevimli qullarını aldatmağa cəhd edən­lərdən, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) qarşı döyüşənlərlə dostluq edərək, bu əməllərini saleh əməllər zənn edən­lərdən daha böyük günahkar, ümumiyyətlə, kim ola bilər? Bundan da böyük şərəfsizlik ola bilərmi?!
Lakin münafiqlər onlara fayda verə bilən elmə malik deyillər. Onların əldə etdiyi biliklər, öz nadanlıq­ları üzündən, onları Allah qarşı­sında bəraət qazanmaq imkanından da məhrum etmişdir. Onların törət­dik­ləri əməlləri isə yer üzündə fitnə-fəsad yayır, çünki bu günahlarına görə bəlalar baş verir, onlar taxıllara, meyvələrə, ağaclara və başqa bit­kilərə zi­yan vurur. Yer üzündə qayda-qanun yaradılması ancaq Allaha itaət etmək və Ona iman gətirmək sayəsində mümkündür. Məhz buna görə Allah məxluqları yaratmış, onları yer üzündə yerləşdirmiş və fasiləsiz olaraq onlara ərzaq və digər nemətlər göndərir ki, insanlar onlardan fayda­lanaraq Allaha itaət və ibadət etsinlər. Lakin insan bu nemətləri təyinatı üzrə isti­fadə etmədikdə, yer üzündə fitnə və şərəfsizlik yayır və bu nemətlərin təmin etmək məqsədilə yönəldildiyi itaəti və ibadəti puç edir.

                                                 

(2.13) “Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gə­ti­rin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdiyi kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu  bilmirlər”.

Münafiqlərə, təkcə sözdə deyil, mömin səhabə­lərin iman gətir­dik­ləri kimi, qəlbən iman gətirməyi təklif etdikdə, onlar öz pozğun ehtimal­la­rına əsasla­naraq deyirlər: “Doğrudanmı biz də səfehlərin və düşüncəsiz­lərin iman gətirdiyi kimi iman gətirək?” Allah onları rüsvay etsin! Bu şərəfsizlər elə zənn edirlər ki, səhabələri məhz axmaq olmaları və düşün­cə­sizlikləri Allaha iman gətirməyə, vətənini tərk etməyə və kafirlərlə düşmənçiliyə vadar etmişdir. Onlar belə hesab edirlər ki, sağlam düşüncə başqa yol seçməyi tələb edir və bu da onları məcbur edir ki, səhabələri səfeh, özlərini isə müdrik saysınlar.
Lakin Uca Allah onların iddialarını təkzib edərək bildirmişdir ki, məhz münafiqlər özləri əsil səfehlərdir, çünki bir şeyin xeyir gətirdiyini bilməmək və zərərli olanı yerinə yetirmək həqiqi axmaqlıqdır. Bax bu xüsu­siyyət elə tam mənası ilə münafiqlərə xasdır. Eyni zamanda ağıllı, tədbirli olmaq – xeyir gətirən bir şeyi bilməkdən, ancaq faydalı işləri gör­mə­yə can atmaqdan və zərər vura biləcək hər şeydən çəkinməkdən iba­rətdir. Səhabələri və möminləri isə ancaq belə keyfiyyətlərlə səciyyələn­dirmək olar. Adamların əsassız dedikləri sözləri və mənasız çıxışları elə də vacib deyil. Ən zəruri olan – onların hansı keyfiyyətlərə və dəlillərə malik olmalarıdır.
                                         

(2.14) Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!” – deyirlər”.

Münafiqlər dilləri ilə dedikləri sözlərə heç özləri də ürəkdən inan­mırlar. Səhabələrin arasında olduqda onlar özlərini müsəlman kimi qələ­mə verməyə səy göstərir və özlərini elə aparırlar ki, guya onların yolu ilə gedirlər. Amma onlar kafirlərin başçıları olan öz şeytanları ilə təklikdə qaldıqda, o saat deyirlər: “Biz sizin baxışlarınızı eynilə qəbul edirik, amma özümüzü elə aparırıq ki, sanki İslama daxil olmuşuq. Bunu onları ələ salmaq üçün edirik”. Münafiqlər öz şeytanları qarşısında əsil sifətlərini açıb göstərirlər.
                

(2.15) Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər”

Zalımcasına edilən hiyləgərlik ancaq buna layiq olana zərər gətirər. Münafiqlər möminləri ələ salırlarsa, Allah bunun əvəzində onların özünü gülünc vəziyyətə salır. Allah bu dünyada onların bəd əməllərini onların özü üçün bəzəkli göstərir. O, möminlərə onları cəzalandırmaq üçün imkan vermir və onlar da elə zənn edirlər ki, həmişə möminlərlə birlikdə olacaq­lar. O, onların zalımlıqlarını çoxaldır və onları şərəfsizliyin və imansızlı­ğın burulğanında kor-koranə dolaşmağa məhkum edir. Qiyamət günü başlandıqda isə Allah onlara işıq bəxş edəcək. Amma möminlərin işığı onların yolunu axıradək nurlandıracağı halda, münafiqlərin işığı sönəcək­dir və onlar, yolun bir hissəsini aydınlıqla gedib sonradan qaranlıqlar içində qaldıqlarına görə olmazın əzabını çəkəcəklər. Hədsiz ümid bəslə­dikdən sonra, onu itirib məyus  qalmaqdan pis daha  nə ola bilər?
Uca Allah buyurur: “O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” –  de­yəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onla­rın arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığına­ca­ğınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş ye­ridir!” (Hədid, 57/13-15).
                           ﯿ  

(2.16) “Onlar, doğru yolu verib azğınlığı satın almış kimsə­lərdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər”

Uca Allah münafiqləri olduğu kimi gerçək səciyyələndirərək bildi­rir ki, onlar əsil rəhbərliyin yerinə azğınlıq əldə edir və qazanc gətirməyən ticarətə girişirlər. Onlar azğınlıq içində elə ibadət etmək istəyirlər ki, bu, bir malı almaq üçün çoxlu pul verməyə hazır olan alıcının arzusuna bənzəyir. Bu Quran müqayisəsi – müqayisələrin ən yaxşısından və ən gö­zəl­lərindən biridir. Allah ən böyük şəri – azğınlığı – malla, ən böyük xe­yir­xahlığı – doğru rəhbərliyi – mal üçün ödənilən qiymətlə müqayisə edir. Münafiqlər doğru rəhbərliyə etinasız yanaşaraq, azğınlığı ondan üstün tuturlar. Budur onların bağladığı saziş! Onların malik olduğu sifətlər bunlardır və onların bu sifətləri necə də çirkindir!
Əgər dinarı dirhəmə dəyişən adam ziyana uğrayırsa, onda qiymətli daş-qaşı dirhəmə mübadilə edən haqqında daha nə demək olar?! Bəs onda, öz xoşbəxtliyindən əl çəkib, bədbəxtliyə üstünlük verərək, gözəl nəsibinə etinasızlıq göstərib, zavallılığa can atan - həqiqi rəhbərliyi azğınlığa dəy­iş­­dirən adam haqqında nə demək olar?! Belə bir ticarət, əlbəttə ki, ziyan gətirər və bu ziyan ən böyük və ən dəhşətli ziyandır. Uca Allah buyurur: “...”Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”[13]

Sonra isə Uca Allah bir də vurğulayır ki, münafiqlər doğru yolla getmirlər. Bu onu göstərir ki, onlar yolundan azmış günahkarlardır və doğru rəhbərliyə qətiyyən əhəmiyyət vermirlər. Münafiqləri beləcə çox çirkin xüsusiyyətlərlə səciyyələndirərək, Uca Allah onların barəsində bir ibrətamiz hekayət buyurur.
                                        

(2.17) “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsə­linə bənzər. Alov onların ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar”

Bu ibrətamiz məsəl onların vəziyyətinə tamamilə uyğundur, çünki münafiqlər, həqiqətən də, qatı qaranlığı işıqlandırmaq üçün ocaq qalayan adama bənzəyirlər. Belə bir adam oda bərk ehtiyac duyaraq, əli altında hər hansı bir vəsaiti olmadığından, onu başqalarından əldə etməyi bacarır. Alov onun ətrafını işıqlandırdıqda, o, təhlükənin haradan gəldiyini və ha­rada təhlükəsizlik şəraitində daldalanmaq mümkün olduğunu görür. Od ona böyük fayda verir və onu çox sevindirir. O, hətta onu qorumaq haq­qında fikirləşir. Lakin Allah onu bu işıqdan və sevincdən məhrum edir. O  yenə də qatı zülmət içində qalır və barmaqları yandıran kösövlərdən başqa yanında heç nəyi olmur. Onlar artıq ətrafı işıqlandırmaq gücünə malik deyil, amma barmaqları bərk qarsalaya və zərər vura bilər. O insan artıq bir neçə zülmətin əhatəsindədir. Gecənin qaranlığı buludların qaranlığına, yağışın qaranlığına və ocaq sönəndən sonra yaranan qaranlığa qarışmışdır. Bu insanın vəziyyətini necə səciyyələndirmək olar? Münafiqlərin vəziy­yəti də məhz belədir, onlar öz yollarını möminlərin sayəsində işıqlan­dırırlar, çünki özləri bu keyfiyyətə malik deyillər. Əldə etdikləri işıq bir müddət onların yolunu işıqlandırır və onlar bundan bir qədər faydalanır­lar, özlərini saxlayır və mal-mülklərini qoruyurlar. Bu dünya həyatında təhlükəsizliklərinə müəyyən qədər zəmanət əldə edirlər. Lakin ölüm göz­lənilmədən onların başlarının üstünü alır və onları başqasının işığı hesa­bına yaşamaq imkanından məhrum edir. Qəm və kədər onları çulğayır və onlar ən şiddətli cəzaya məruz qalırlar. Qəbirlərinin zülməti imansız­lıqlarının, münafiqliklərinin və hər cür günahlarının zülmətindən daha da qatılaşır. Bütün bunlardan sonra onları Qaynar Məhşərin zülməti gözləyir. Ora necə də çirkin və mənfurdur!
              

(2.18) “Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıt­mazlar”.

Münafiqlər xeyir gətirən nə varsa, onu eşitməzlər, onun haqqında danışılanda, susarlar və haqqa münasibətdə özlərini kor kimi apararlar. Doğru yola qayıtmaq onlara qismət olmayacaqdır, çünki onlar həqiqəti dərk etdikdən sonra, ondan üz çevirdilər. Onlar, nadanlıqları və ya yanıl­dıq­larına görə həqiqətdən üz çevirənlərdən fərqlənirlər. Belələri nə etdik­lərini başa düşmürlər və doğru yola qayıtmaq ehtimalları daha çoxdur.


[1] Bəqərə, 2/185
[2] Ənfal, 8/29
[3] Ənkəbut, 29/45
[4] Nisa, 4/113
[5] Səba, 34/24
[6] Ənam, 6/110
[7] Tövbə, 9/64
[8] Əhzab, 33/32
[9] Ənam, 6/110
[10] Saff, 61/5
[11] Tövbə, 9/125
[12] Məryəm, 19/76
[13] Zumər, 39/15 

Комментариев нет:

Отправить комментарий