воскресенье, 10 июля 2011 г.

A. SƏƏDİ. QURAN TƏFSİRİ. I c. 10-cu parça


                                                                                                  ﭿ                
(177) “Yaxşı əməl üzünüzü məşriqə və məğ­ribə tərəf çevirmə­yiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qo­hum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölə­lərin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağla­dıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da məhz onlardır”.

Qulların etiqadına görə yerinə yetirməli olduqları yaxşı əməllər onların üzlərini şərqə və ya qərbə tərəf çevirmələrində deyil. Bu üsulla onlar həqiqəti çox axtara və bir-biriləri ilə mübahisələr edə bilərlər, ancaq bu onlara yorğunluqdan başqa bir şey gətirməz və sonradan isə didişmələr və ziddiyyətlər törədər. Bu Quran ifadəsi Peyğəmbərin (s.ə.s.) aşağıdakı hədisinə bənzərdir: “Güclü olan, kimisə yerə yıxa bilən deyil, qəzəblən­diyi zaman özünü ələ ala bi­lən­dir”. Buna oxşar digər hədislər də möv­cuddur.
Mömin insan, bütün kamil sifətlərə malik olan, nöqsanları və qü­su­ru olmayan Vahid Allaha iman gətirmiş, Allahın Öz Kitabında və Peyğəmbərinin (s.ə.s.) hədislərində təsvir edilmiş Qiyamət gününə və ölüm­dən sonra baş verəcək bütün hadisələrə iman gətirmiş, Allahın Öz Kitabında və Peyğəmbərinin (s.ə.s.) hədislərində səciyyələndirilmiş mə­lək­lərə iman gətirmiş, Allahın Öz elçilərinə nazil etdiyi Səmavi Kitab­ların, o cümlədən onlardan ən əzəmətlisi olan Müqəddəs Quranın bütün hökm və hekayətlərinə iman gətirmiş, bütövlükdə bütün peyğəm­bər­lərə və, xüsusilə, Allahın peyğəmbərlərinin ən layiqlisi olan Muhəmməd  Peyğəmbərə (s.ə.s.) iman gətirmiş şəxsdir.
Bununla yanaşı mömin adam öz sevdiyi malından sədəqə vermə­lidir. Mal dedikdə, burada az və ya çoxluğundan asılı olmayaraq istənilən mülkiyyət nəzərdə tutulur. Bu ayədən həm də belə bir nəticə çıxır ki, var-dövlətə bəslənən məhəbbət hər bir insana o dərəcədə xasdır ki, Allahın qulu heç vaxt ondan ayrılmağa hazır olmur. Əgər o, öz malından Uca Allaha yaxınlaş­maq məqsədilə sədəqə verirsə, bu onun, dünyəvi var-dövlətə sevgisindən asılı olmaya­raq, imanına dəlalət edir.
İnsan sədəqə verəndə, var-dövlətə olan sevgisinə baxmayaraq, ta­ma­milə sağlam olduğu halda, öz malından əl çəkir, lakin cüzi bir imkana malik olduqda varlanmaq arzusunda olur və kasıblıqdan ehtiyat edir.
Ən yaxşı sədəqələrdən biri kasıbın sədəqəsidir, çünki belə vəziy­yət­də insan tamamilə dilənçi gününə düşməkdən qorxaraq malından ayrılmaq istəmir. Eyni şeyi, özünün ən yaxşı malını və ya ona əziz və qiy­mətli olan şeyi sədəqə verən adan haqqında da demək olar. Bu barədə Uca Allah buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xey­rə nail olmayacaq­sınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bi­lir” (Ali-İmran, 3/92). Bütün bu sadalanan hallar insanın öz malına olan bağlılığına bax­mayaraq, ondan ayrılmaqla verdiyi sədəqələrdir.
Sonra Uca Allah kimin sədəqə almağa haqqı olması, yaxşı və yumşaq davranılmaya daha çox kimin layiq olması barədə xəbər verir.
Sədəqə almağa qohumların haqqı var, çünki insan onların başına bir iş gəldikdə narahat olur, onlar xoşbəxt yaşadıqda isə sevinir. Qohumlar həmişə bir-birilərinə kömək edir, əlaqə saxlayırlar və buna görə də, ən layiqli addım – qohumlara, onların yaxınlığını və ehtiyacını nəzərə alaraq, maddi və mənəvi yardım göstərməkdir.
Sədəqə almağa həmçinin qazanc gətirənləri olmayan və müstəqil surətdə özlərini təmin edə bilmə­yən yetimlərin haqqı vardır. Bu hökm Uca Allahın Öz qullarına bəslədiyi mərhəmətin təcəssümü­dür və Uca Rəbbin Öz qullarına, valideyn­lərin öz övladlarına etdiklərindən, daha çox rəhm etməsinin sübutudur. Allah Öz qullarına əhd nazil etmişdir və  buyurmuş­dur ki, valideyndən məhrum olanlara, doğma valideyni olan uşaqlar kimi ehtiyac hiss etməməkləri üçün, maddi yardım göstərsinlər. Allahın verəcəyi əvəzin həmişə edilən əməllərin növünə uyğun gəldiyini nəzərə almaqla, əgər insan yad bir yetimə mərhəmət göstərirsə, onda Allah da, onun övladı yetim qalarsa, ona mərhəmətini göstərər.
Sədəqə almağa kasıbların da haqqı var. Ehtiyac onları aciz və çarəsiz edir. Varlı və təmin olunmuş insanlar onlara qayğı göstərməlidirlər ki, onlar öz ehtiyaclarını tam və ya qismən təmin edə bilsinlər, özü də öz imkanlarına uyğun olaraq yardım etməlidirlər.
Özgə ölkəyə gəlib maddi vəsaitdən məhrum olan müsafirlərin də sədəqə almağa haqqı vardır. Allah Öz qullarını onları zəruri olan hər şeylə təmin etməyə çağırır ki, onlar öz səyahətini davam etdirə bilsinlər, axı çox vaxt səfərə çıxanlar ehtiyac içində olur və böyük məsrəflər çəkməyə məcbur qalırlar.
Sədəqə almağa həmçinin yardım haqqında xahiş etməyə məcbur olanların da haqqı var. Bunlar o şəxslərdir ki, törətdikləri cinayət üçün onlar fidyə verməli və ya dövlətə vergi ödəməlidirlər. Bunlar məscidlərin, mədrəsələrin, məktəblərin, körpülərin, bəndlərin və ya bütün cəmiyyətə xeyir verən digər tikililərin inşaası üçün vəsait toplayanlar ola bilər. Belə adamlar varlı və təmin edilmiş olsalar da, onların yardım almaq haqqı vardır.
Sədəqə kölələrin azad edilməsinə də sərf olunur. Bu, kölənin satın alınaraq sonradan köləlikdən azad edilməsi üçün və yaxud öz sahibi ilə azad edilməsinin fidyə məbləğini müəyyənləşdirmiş köləyə və yaxud da kafirin əsir götürdüyü və ya ədalətsiz hakim tərəfindən həbsə salınmış müsəlmanı azad etmək üçün sədəqə verilə bilər.
Bununla yanaşı, mömin adam namaz qılmalı və zəkat verməlidir. Biz dəfələrlə demişik ki, Allah namazı zəkatla bərabər xatırladır, çünki bu, ibadətin ən layiqli ayinlərindəndir və Allaha yaxınlaşmanın ən yaxşı üsuludur. Bu ibadət ayinləri Allaha qəlblə, bədənlə və mal-mülkü ilə yerinə yetirilən ibadət növlərini birləşdirir. Onlar imanın meyarıdır və həqiqi möminləri böyük dəqiqliklə müəyyən edir.
Mömin insan həmçinin öz vəzifələrini də yerinə yetirməlidir. Bu, Allahın ona həvalə etdiyi vəzifələrə və həm də insanın özünün götürdüyü öhdəliklərə aiddir. Söhbət insanın Rəbbi qarşısındakı vəzifələrindən gedir. Çünki Uca Allah Öz qullarına bu vəzifələri yerinə yetirməyi əmr etmişdir və onlar da onu layiqincə yerinə yetirməyə söz vermişlər. Onlar Allahla əhd bağlamışlar və ona sadiq qalmalıdırlar. Söhbət həm də insanın başqa qullar qarşısında öhdəliklərindən gedir. Bu vəzifələr Allahın qoyduğu hökm­lərindən və habelə insanın öz üzərinə götürdüyü andlardan, vədlər­dən və digər öhdəliklərdən ibarətdir.
Dindar insan ehtiyac içində olduqda səbir etməlidir. Ehtiyacı olan insan səbir etməyə hərtərəfli kəskin ehtiyac duyur, çünki o, başqalarının qismətinə düşməyən mənəvi və fiziki ağrılara daima dözməli olur.
O, imkanlı insanların ləzzət aldığı nemətlərdən həzz ala bilmə­dik­də, o və onun uşaqları ac olduqda əziyyət çəkir. O, istədiyini yeməyə im­kan tapa bilmədikdə, libasdan məhrum olub, demək olar ki, lüt qaldıqda əziyyət çəkir. O özünün gələcəyi haqqında düşünəndə və ona hazırlaşanda əziyyət çəkir. O, soyuqdan qoruna bilmədikdə əziyyət çəkir. Bu və buna bənzər sınaqlar ehtiyac içində olan insanı səbirli olmağa və Allahın onu mükafatlandıracağına ümid etməyə yönəldir.
Mömin şəxs müxtəlif xəstəliklər keçirdiyi vaxtlarda da səbirli ol­ma­lıdır. O, qızdırmaya tutulduqda və ya mədə xorasına mübtəla olduqda, əgər o, bağırsaq pozuntusundan əzab çəkirsə və ya orqanlarının birində bərk ağrılar hiss edirsə, hətta dişinin sızıltısı və ya barmağının ağrısı ona əziyyət verirsə də, yenə onun səbirli olmağa ehtiyacı var, çünki onun bədəni göynəyir və ruhu zəifləyir. Hər hansı xəstəlik insanın qəlbi üçün güclü sınaqdır, xüsusilə o uzun müddət davam etdikdə və buna görə belə hallarda müsəlmanlara səbir etmək və səbrinə görə Allahın onu müka­fatlandıracağına ümid bəsləmək hökmü verilmişdir.
Mömin insan vuruşmaq əmri aldığı düşmənlə döyüş zamanı da səbirlilik göstərməlidir. İnsanlara döyüş əməliyyatlarında iştirak etmək çox çətindir, çünki döyüşlər həmişə yaralanma və ya əsir götürül­məklə bağlı olduğu üçün onlara olduqca böyük narahat­çılıqlar törədir. Buna görə döyüşçülər səbirli olmağa ehtiyac duyurlar və Allahın mükafatlandıra­cağına bel bağlamalıdırlar. Bunun bir hissəsi, səbirli qullara vəd edilmiş qələbə və yardımdır.
Əgər insan qeyd olunan bu gözəl keyfiyyətləri öz dini etiqadına çevirirsə, əgər o, yuxarıda xatırlanın və hər biri haqq dinin nəticəsi, dəlili və işığı olan saleh əməlləri həyata keçi­rirsə və əgər o, insanı və onun əxlaqi simasını zinətləndirən sadaladığımız əxlaqi keyfiyyətlərə malik­dirsə, onda həmin əməllər və keyfiyyətlər vasitəsilə o, öz dininin doğrulu­ğunu sübuta yetirir. Belə insan təqvalı müsəlmandır və onun təqvalılığı özünü qadağan olunmuş əməllərdən çəkin­mə­sində və Allahın hökmlərini yerinə yetirmə­sində göstərir.
Bu ayədə xatırlanan əməllər tamamilə bütün saleh əməlləri əhatə edir. Təkcə onu demək kifayətdir ki, bu öhdəliklərin yerinə yetirilməsi dinin bütün hökmlərini özündə əks etdirir və əgər insan onları müntəzəm olaraq layiqincə icra edirsə, onda onun bütün əməllərini düzgün hesab etmək olar. Məhz belə keyfiyyətlərə malik olanlar mömin, həqiqətpərəst və təqvalı müsəlmanlardır. Tamamilə aydındır ki, möminliyinə, doğruçu­luğuna və təqvalılığına görə insan həm bu dünyada və həm də ölümündən sonra çox böyük əcrə nail olur. Lakin bu təltiflən­dirmə haqqında bu ayə­nin şərhində müfəssəl təsvir etmək yerinə düşmür.

                                                                                          
178) “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadı­na görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərə­findən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla dav­ranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbi­niz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır”.

Burada Uca Allah öldürülənlərə görə ədalətli qisas alma hökmün­dən ibarət olan mərhəmətini mömin qullarının yadına salır. Bu o deməkdir ki, qatili, o, öz qurbanını öldürdüyü kimi, ədalətin bərpası naminə, onu da eynilə edam etməyə icazə verilir.
Bu hökm bütün möminlərə yönəldilmişdir və bundan belə çıxır ki, onlar hamısı, o cümlədən qatilin qohumları və qatilin özü öldürülənin varisinə, əgər o, əvəz almaq istəyərsə, qatildən qisas almağa kömək gös­tər­məlidirlər. Heç kimin ədalətin bərpa edilməsinə maneçilik törədil­mə­sinə və öldürülənin varisinə onun ölümünə görə qatildən əvəz çıxmasına, cahillik dövrünün cinayətkarlara və bidətçilərə sığınacaq verib gizlədən müşriklərinin və onlara bənzər digərlərinin etdiyi kimi, mane olmağa haqqı yoxdur.
Sonra Uca Allah əvəz çıxma haqqında hökmü daha ətraflı izah edir. Azad adamın öldürülməsinə görə azad adamı öldürmək olar, kişini və ya qadını öldürdüyünə görə kişini,  qadını və ya kişini öldürdüyünə görə qadını öldürmək olar. Bu ayənin mətni belədir və burada çıxarılan ilkin nəticələrə deyil, ayənin mətninə üstünlük verilməlidir. İlk baxışda ayədən belə rəy hasil olur ki, qadının öldürülməsinə görə ancaq qadını öldürmək olar, lakin səhih hədislərdən məlum olduğuna görə, kişini də qadının öldürülməsinə görə öldürmək olar.
Bu hökmün ümumi mənasından istisna olanlar: valideynlər, babalar və yüksələn xətlə digər birbaşa qohumlardır. Onlar öz uşaqlarının qatilliyinə görə cəzalandırılmırlar. Bu da səhih hədislərlə təsdiq edilir. Lakin bu, şərh etdiyimiz ayənin mənası ilə ziddiyyət təşkil etmir, çünki onda ədalətlə qisas almaq hökmü əks olunmuşdur, halbuki valideynlərin uşağın öldürülməsinə görə edam edilməsi ədalətsizlikdir. Valideynlərin qəlbi həmişə öz uşaqlarına qarşı mərhəmət və rəhmlə dolu olduğu üçün onların doğmalıq hissiyyatı heç vaxt onlara yol verməz ki, uşaqlarını həyatdan məhrum etsinlər, əlbəttə, bir şərtlə ki, onlar ağıllarını itirməmiş olsunlar və ya uşaq onlara olduqca ağır əziyyətlər vermiş olmasın.
Bu ümumi hökmdən bir istisna da kafirin müsəlman tərəfindən öldürülməsinə görə qisasın nəzərdə tutulmamasıdır. Bu istisna səhih hədislərlə təsdiq edilir. Bu həm də şərh etdiyimiz ayənin mənasına zidd deyil, çünki o, ancaq möminlərə aiddir. Bundan başqa, Allahın düş­məninin öldürülməsinə görə müttəqi qulun edam edilməsi ədalətsizlik olardı.
  Kölələrə gəldikdə isə, onların öldürülməsinə görə, onların cinsin­dən və dəyərindən asılı olmayaraq, ancaq kölələri öldürmək olar. Bu ayənin mənasından çıxan nəticə belədir ki, azad insanı kölənin qətl edil­məsinə görə öldürmək olmaz, çünki onlar müxtəlif hüquqlara malik­dirlər. Qeyd etmək lazımdır ki, bir sıra şəriət alimləri bu ayəyə istinad edərək belə bir nəticəyə gəliblər ki, kişini də qadının qətl edilməsinə görə öldürmək olmaz. Amma öncə biz qeyd etmişdik ki, bu nəticə - yanlış nəticədir.
Ayədən çıxan bir nəticə də belədir ki, qətlə görə qisas alınması haqqında hökm əsasdır, lakin qatilin edam edilməsi qanbahası alınması ilə dəyişdirilə bilər. Əgər öldürülənin varisi və ya onun bəzi qohumları qatili bağışlamağa və qanbahası almağa razılıq versələr, onda qatili edam etmək olmaz və o, öldürülənin qohumlarına əvəz ödəməyə borcludur.
Öldürülənin varisi qatili bağışladıqda ədalətli davranmalı, onu yerinə yetirə bilməyəcəyi öhdəliklə yükləməməlidir. O, fidyə tələb edər­kən alicənablıq göstərməli və qatili çıxılmaz vəziyyətə salmamalıdır. Qatil isə ödəniş müddətini uzatmamalı, fidyənin miqdarını aşağı salma­malı, öldürülənin varisini sözü və əməli ilə incitməməlidir. Bağışlanmaya görə minnətdarlıq – fidyənin layiqincə ödənilməsi ilə olmalıdır.
Bu, insanın başqaları qarşısında məsuliyyət daşıdığı bütün hallara aiddir. Ona vurulmuş zərərin ödənilməsinə haqqı olan şəxs haqqını insafla tələb etməlidir, zərəri ödəyən isə öz borcunu layiqincə yerinə yetirməlidir.
Uca Allah xüsusilə qeyd edir ki, öldürülənin varisi və qatil qardaşdırlar və bununla da öldürülənin qohumlarını qatili əfv etməyə və fidyə verməyə razılaşmağa dəvət edir. Ən yaxşısı isə, heç bir əvəz tələb etmədən onlar törədilmiş cinayəti bağışlayırlar. Burada “qardaşlıq” ifadəsi altında möminlərin qardaşlığı nəzərdə tutulur və məlum olur ki, bu halda qatil dindən çıxmır və iman sahibi olan müsəlmanlar üçün qardaş olaraq qalır. Bu isə o deməkdir ki, kafirlik səviy­yəsinə qalxmayan bütün günah­ların törədilməsi insanı dindən çıxartmır, amma imanını zəiflədir.
Buradan belə bir nəticə çıxır ki, öldürülənin varisi və ya onun bəzi qohumları qatili bağışladıqda, onun həyatı təhlükəsizlik haqqına malik olur və heç kimin ona qəsd etmək, toxunmaq ixtiyarı olmur. Qatil bağış­lan­dıqdan sonra kimsə onun həyatına qəsd edərsə, o, Axirət günü əzabve­rici cəzaya məruz qalacaqdır. Bu dünyada isə öldürülən qatilin qohumları onu öldürəndən əvəz tələb edə bilərlər, çünki o, fidyə verməyə razılaşmış insanı öldürmüşdür. Bu isə, öldürənin edama layiq olması deməkdir.
Bəzi şəriət alimləri hesab edirdilər ki, “əzabverici cəza” dedikdə, məhz edam nəzərdə tutulur. Belə bir şərhdən aydın olur ki, əgər insan bağışlanmış qatili öldürırsə, o hökmən edam edilməlidir və bağışlana bilməz. Lakin birinci şərh daha doğrudur, çünki onun törətdiyi cinayət adi qətldən ağır deyldir.
                    

(179) “Qisasda sizin üçün həyat (əmin-aman­lıq) vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız”.

Uca Allah izah edir ki, qisas alma haqqında hökm insanlara böyük fayda verir. O, çoxlarının həyatını xilas edir və bədbəxtləri cinayət törət­məkdən çəkindirir, çünki cinayətkar qatilin edam cəzasına məhkum edil­diyini bildikdə, o, belə bir cinayət törətməz və əgər qatili başqalarının gö­zü qarşısında edam etsələr, onda onların çoxu bundan qorxmağa başla­yırlar və cinayətlərdən çəkinirlər. Əgər qətl edamla cəzalandırılmırsa, onda cəmiyyət qatillərin törətdiyi bəlanın qarşısını ala bilmir.
Bu, şəriət cəzalarının digər növlərinə də aiddir və onlar nəinki cina­yət­karlardan alınan qisas rolunu oynayır, habelə belə oxşar cinayətlərin təkrarlanmasının qarşısını alaraq, Ən Müdrik və Hərşeyibağışlayan Rəb­bin hikmətinə dəlalət edir.
Qeyd edilməlidir ki, ayədəki “həyat” sözü qeyri-müəyyən haldadır və nazil edilmiş hökmün vacibliyini və onun böyük faydasını xüsusilə vurğulayır. Lakin bunu layiqincə dərk etmək böyük ağıla və sağlam düş­ün­cəyə malik insanların nəsibidir və buna görə də bu ayə məhz ağıl sahib­lərinə yönəldilmiş müraciətdir. Bundan aydın olur ki, Uca Allah Öz qulla­rının dini hökmlərdə və qanunlarda əks olunmuş hikmət üzərində düşün­mələrini istəyir, çünki onlara gətirilən çox böyük fayda Allahın ilahi ka­milliyinin, Onun hüdudsuz müdrikliyinin, şöhrətinin, mütləq ədalətinin və hərşeyiəhatəedən rəhminin sübutudur. İnsan bunların üzərində düşünərsə, o, ağıl sahibi adlandırılmağa layiqdir, axı, ağalar Ağası məhz belə insan­lara müraciət edir. Təkcə bu, ağıllı və düşünən insanların üstünlüyünü və əzəmətini vurğulamaq üçün kifayətdir.
Rəbb birbaşa onlara təqvalı olmaları üçün müraciət edir, axı insan öz Rəbbini dərk edəndə böyük sirləri, ecazkar müdrikliyi, Allahın dinini və ilahi qanunvericiliyinin kəramətli ayələrini başa düşür və bu onu Allahın iradəsinə tabe olmağa, günahlardan çəkinməyə və itaətsizlikdən qorunmağa məcbur edir. Əgər o, həqiqətən belə davrandıqda, haqlı olaraq müttəqi qullardan birinə çevrilir.

                                      

(180) “Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi va­ri­datdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur”.

Ey möminlər! Əgər siz ölümün yaxınlaşmasını hiss edirsinizsə, əgər sizi ölümcül xəstəlik və ya ciddi təhlükə həyatınızı qorxu altına alırsa və əgər var-dövlətiniz kifayət qədər çoxdursa, siz öz valideynlərinizin və yaxınlarınızın xeyrinə onların vəziyyətini və tələbatını nəzərə almaqla ədalətli vəsiyyətnamə hazırlamağa borclusunuz. Siz ifrata yol verərək, yaxınlarınıza laqeyd yanaşıb, təkcə uzaq qohumlarınızın xeyrinə vəsiyyət­namə tərtib etməyin. Əksinə, siz onların hər birinin tələbatını və qohum­luq dərəcəsini nəzərə almalısınız. Bu, Allahdan qorxan iman sahiblərinin vəzifəsidir!
Son ifadə göstərir ki, valideynlərin və yaxın qohumların xeyrinə vəsiyyətnamə tərtib edilməsi vacibdir. Bundan əlavə, Allah bunu müttəqi­liyin vacib şərtlərindən biri etmişdir.
Bilmək lazımdır ki, Quranın əksər təfsirçiləri hesab edirlər ki, bu ayə, irsin bölüşdü­rül­məsi haqqında sonradan nazil olan ayə ilə ləğv edilmişdir, hərçənd bəzi şəriət alimləri bu hökmün ancaq valideynlərin və vərəsə olmayan yaxın qohumların xeyrinə yazılmış vəsiyyətna­məyə aid olduğunu bildirirlər. Lakin müqəddəs mətnlərdən heç birində şərh etdiyimiz ayə bu qaydada konkretləşdirilmir və buna görə, ən səhih rəyə uyğun olaraq, Uca Allah əvvəlcə mirası, qəbul olunmuş adət-ənənəyə görə, bütövlükdə valideynlərə və ən yaxın qohumlara vəsiyyət etməyi əmr etmişdir, sonra isə valideynlər və haqqı olan digər qohumlar üçün irsin müəyyən hissəsini təyin etmişdir. Bu hökm, ümumi məna daşıyan ayədən sonra, nazil edilmiş mirasın bölünməsi haqqında ayədə təfərrüatı ilə izah olunmuşdur. Beləliklə, şərh etdiyimiz ayə müxtəlif səbəblərə görə varislik hüququndan məhrum edilmiş valideynlərin və digər qohumların xeyrinə vəsiyyətlə bağlı öz qüvvəsini saxlayır. İnsan belə qohumlarının xeyrinə vəsiyyət etməlidir, çünki onlar onun xeyirxah münasibətinə başqalarından daha çox layiqdirlər. Bu müddəanı bütün müsəlmanlar tamamilə təsdiq edirlər və o, iki əvvəlki şərhi birləşdirməyə kömək edir, çünki onlardan hər biri ayrı-ayrı nəticələrə istinad edir və müqəddəs mətnlər arasında fərq qoyur. Sonuncu rəy müqəddəs mətnlər arasında hədd çəkmir və Quran ayələrinin birləşdirilməsinə imkan verir və əlbəttə, heç bir səhih dəlilə əsaslanmadan onlardan birinin ləğv olunmasını iddia etməkdənsə, mətn­ləri birləşdirmək baxımından, həmişə yaxşıdır.

                                         
 (181) “Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!”

Vəsiyyət edən öldükdən sonra qəyyumunun vəsiyyətnaməsini dəyi­şəcəyindən ehtiyat etdikdə, belə ehtiyatkarlıq onu vəsiyyət etməkdən çə­kin­dirə bilər deyə, Uca Allah bəyan edir ki, qəyyum eşidib və onu hansı qaydada həyata keçirmək lazım gəldiyini başa düşdükdən sonra vəsiyyəti dəyişdirərsə, günah, törətdiyi əmələ görə onun üstünə düşəcəkdir, amma vəsiyyət edən öz mükafatını Allahdan alacaqdır.
Allah istənilən səsləri eşidir, vəsiyyətçinin sözlərini də eşidir və onun qəyyum təyin etdiyi şəxsə də nəzarət edir ki, o, ədalətsiz addım at­masın. Allah vəsiyyətçinin niyyətləri və hamisinin atacağı addımları haq­qında bilir və əgər o, öz əmlakına düzgün sərəncam çəkməyə səy gös­tə­rirsə, onda onun niyyətini gözəl bilən Allah, o, səhv etsə belə, müt­ləq onu mükafatlan­dıra­caqdır. Bu ayə mirasın bölünməsi həvalə edilmiş himayə­çiyə vəsiyyəti təhrif etməməyi barədə ciddi xəbərdarlıqdır, axı Allah onun haqqında məlumata malikdir və onun hərəkətlərinə nəzarət edir, o, Ondan çəkinməlidir!

                    ﭛ ﭜ           
(182) “Kim də vəsiyyət edənin haqsızlıq etmə­sindən və ya gü­nah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”

Bundan əvvəlki ayə ədalətli vəsiyyətə dair hökmdən ibarətdir. Əda­lət­siz vəsiyyət isə, tərtib olunması zamanı vəsiyyət edənin özbaşınalıq etməsi və günah işlətməsidir. Bu vaxt tədbirdə iştirak edənlər vəsiyyətçiyə məsləhət görməlidirlər ki, o öz əmlakına daha layiqli və ədalətli qaydada sərəncam çəksin. O, ədalətsizlikdən çəkindirilməlidir. Ədalətsizlik (cənəf) dedikdə, haqdan səhvən uzaqlaşma nəzərdə tutulursa, günah dedikdə, haqdan şüurlu surətdə uzaqlaşma başa düşülməlidir.
Vəsiyyətçi düzgün qərar çıxarmaqdan boyun qaçırarsa, onun təyin etdiyi qəyyumlar onun vəsiyyətini elə təshih etməlidirlər ki, tərəflər razı qalıb bir-biriləri ilə barışsınlar. Eyni zamanda, qəyyumlar varislərə mər­hu­mun ədalətsiz vəsiyyətinin məsuliyyətindən xilas olmaq zəruriyyətini xatırlatmalıdırlar. Belə etdikdə, onlar böyük xeyirxahlıq göstərir və əda­lətli vəsiyyəti təhrif edənlərin törətdiyi günaha batmırlar.
Məhz buna görə, sonra Uca Allah yada salır ki, O, insanlara etdik­ləri səhvi bağışlayır və tövbə edənləri törətdikləri cinayətlərin nəticələ­rindən xilas edir. O, haqq ilə ona çatacaq şeyin bir hissəsindən öz qardaşı­nın xeyrinə əl çəkənləri bağışlayır, çünki Allah, ətrafındakılara mərhəmət göstərən insanlara, həmişə mərhəmət göstərir. O, ədalətsiz vəsiyyət edən mərhumu da bağışlayır, bir şərtlə ki, onun varisləri mərhumu atdığı yanlış addıma görə məsuliyyətdən xilas etmək məqsədilə, ədaləti bərpa edərək, öz miras paylarının bir hissəsindən başqa qohumlarının xeyrinə əl çək­sinlər. O, Öz qullarına Rəhmlidir və onlara da bir-birinə qarşı mərhəmətli və rəhmli olmağı əmr edir.
Bu və bundan əvvəl gələn ayələr qulları vəsiyyət hazırlamağa çağırır və kim­in mirasın bir hissəsinə malik olmaq haqqı olduğunu və ədalətli vəsiyyəti təhrif edən himayəçini hansı cəzanın gözlədiyini izah edir.
                     ﭪ ﭫﭬ            

(183) “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinə­siniz”

Ayədə Uca Allah Öz qullarına göstərdiyi mərhəməti olan və onlara nazil etdiyi fərz oruca riayət etmək barədə hökmünü bəyan edir. Bu hökm əvvəlki millətlərə də nazil edilmişdi, çünki oruc bütün zamanlarda insan­lara fayda verən əməllər sırasında olmuşdur. Uca Allah müsəlmanları sanki saleh işlər görməkdə və ləyaqətli keyfiyyətlər qazanmaqda  digər millətləri ötüb keçməyə səy göstərməyə çağırır və onlara bildirir ki, oruc tutmaq təkcə müsəlmanların payına düşən ağır bir ibadət ayini edilmə­mişdir.
Sonra Uca Allah möhkəm dini əqidəyə və müttəqiliyə yiyələnməyə yönəldən ən mühüm amillərdən biri olan orucun faydasından bəhs edir, çünki oruc tutan müsəlman Allahın hökmünü yerinə yetirərək haram əməllərdən çəkinir. Oruc bir-neçə səbəbə görə insanın Allahdan qorxma­sına müsbət təsir göstərir.
Birincisi, oruc olan adama insanın nəfsinin can atdığı yemək, iç­mək, cinsi əlaqəyə girmək və başqa əməllərə yol vermək qadağan edilir və əgər o, Allaha yaxınlaşmaq və Onun əcrini qazanmaq ümidi ilə onlardan imtina edirsə, bu onun müttəqiliyinə dəlalət edir.
İkincisi, oruc tutan özünü yadda saxlamağa alışdırır ki, o, həmişə Uca Allahın nəzarəti altındadır. O, nəfsinə xoş gələn və maneəsiz əldə edə biləcəyi ləzzətlərdən şüurlu surətdə imtina edir və o, bunu təkcə Allahın onu müşahidə etdiyinə görə edir.
Üçüncüsü, oruc zamanı şeytanın insan bədənində qanla bərabər hərəkət etdiyi damarlar daralır və onların insana göstərdiyi təsir və onların törətdiyi günahların sayı azalır.
Dördüncüsü, oruc zamanı insan həmişə daha çox xeyirxah əməllər etməyə can atır, əslində elə məhz bu hərəkətlər dindarlığın və təqvalılığın əlamətləridir.
Beşincisi, oruc olan varlı adam aclıq nəticəsində ağrı-acı hiss et­dikdə kasıblara və imkansızlara daha fəal yardım etməyə başlayır ki, bu da dindarlığın və təqvalılığın əlamətləridir.
                                ﭿ                                                               

 (184) “Müəyyən sayda olan günləri oruc tut­ma­lısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalı­dır­lar. Buna taqəti olmayanlar isə (buraxdığı hər günün əvəzinə) bir ka­sıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”.

Oruca riayət etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Uca Allah bildirir ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə tutmağa yol vermişdir. Xəstəlik və uz­aq yola çıxmaq, adətən, insanlar üçün çoxlu çətinliklər törədir və buna gö­rə Allah belə hallarda orucu pozmağa icazə verir. Lakin oruc hər bir mö­min üçün olduqca xeyirli ayindir və buna görə Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir.
Az sayda günlərin xatırlanması ona dəlalət edir ki, müsəlman bur­ax­dığı oruc günlərini əvəz edərkən, ramazan ayında ötürdüyü günlərin sayına bərabər günlər qədər oruc tutmalıdır və eyni zamanda, buraxılmış yarım gün əvəzinə bütöv bir gün oruc olmalıdır. Əvəz edərkən buraxılmış qısa və soyuq gün əvəzinə, bir uzun və isti hava günü və əksinə, oruc tutulmasına icazə verilir.
Sonra Uca Allah oruc tutulmasının əvəzinə hər buraxılmış gün üçün bir kasıbı yedirtməyə imkan vermişdir. Bu hökm, Uca Allah oruc tutmaq hökmünü nazil etməyə başladığı vaxtlarda verilmişdi və qısa müddət qüvvədə qalmışdı. Oruc tutmaq müsəlmanlar üçün o dərəcə də adət edilməyən bir şey idi ki, qəti şəkildə oruc tutmaq hökmü onların çoxu üçün ağır ola bilərdi və buna görə də Müdrik Allah Öz qullarını tədricən daha ağır şərtləri olan ehkamların yerinə yetirilməsi üçün hazırlayırdı və onlara oruc tutmaqla kasıbı yedirtmək arasında müstəqil seçim etməyə yol vermişdi. Eyni zamanda Allah oruc tutmağın müsəlmanlar üçün daha xe­yirli olduğunu vurğulayırdı. Sonradan O, oruc tutmağa qabil olan hər kə­sin hökmən oruca riayət etməsini əmr etdi və müvəqqəti çətinlik çəkənlərə isə orucu pozmağa və buraxılan günləri əvəz etməyə icazə verdi.
Belə bir rəy mövcuddur ki, bu ayə ancaq yaşlı qocalara və oruc­luğun ağırlığına dözməyə qabil olmayan insanlara şamil edilir. Belə ada­m­lar buraxılan orucun bağışlanmasının əvəzi kimi, hər buraxılmış gün üçün bir kasıbı yedirtməlidirlər. Bu rəy də səhihdir.

                                                                                                      

(185) “İnsanlara doğru yolu göstərən, bu yo­lun və haqqı batil­dən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında na­zil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalı­dırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsi­niz”.

Fərz sayılan oruc ramazan ayında tutulan oruc­dur. Bu əzəmətli ayda Allah insanlara böyük mərhəmət göstərərək, Müqəddəs Quranı nazil etmişdir ki, o, insanlara onların mənəvi və dünyəvi həyatına xeyir gətirən hər şeyə yol göstərir, ən asan şəkildə haqqı izah edir və həqiqəti yalandan, doğru yolu sapıqlıqdan, xoşbəxt möminləri bədbəxt günahkarlardan ayır­ma­ğa kömək edir. İstənilən ay, əgər o yaxşı məziyyətə malikdirsə və Allah tərəfindən insanlara belə böyük lütf göstərilməsi məqsədilə seçil­mişsə, mübarək ibadət ayinlərini icra etməyə və oruc tutulmasına layiq görülə bilər.
Ramazan ayının üstünlüyünü yada saldıqdan və niyə məhz bu ayın fərz oruc tutulması üçün seçildiyini izah etdikdən sonra, Uca Allah oruc tutmağa qabil olan hər bir sağlam və daimi məskunlaşdığı yerdə yaşayan müsəlmana bu ay ərzində məcburi qaydada oruc tutmaq hökmü vermişdir.
Bu ayə ilə orucun tutulması ilə onun əvəzinin ödənilməsi arasında müstəqil seçmək haqqı olan müsəlmanlara dair bundan əvvəlki hökm ləğv edilir və buna görə, Allah, xəstələrə və səfərdəkilərə orucu dayandırmağa və buraxılmış günləri başqa vaxtda oruc tutmaqla əvəz etməyə icazə ver­di­yini bir daha təkrarlayır. Allah bunu ona görə təkrarlayır ki, xəstələrə və səfərdə olanlara dair hökmün də ləğv olunması barədə heç kim yanlış zən­nə qapılmasın.
Allah insanların çətinliyə düşməsini arzulamır, onların işini asan­laşdırmağı istəyir. O, son dərəcə əlverişli tərzdə Qullarını Onun məmnun­luğuna doğru aparan yolunu yüngülləş­dir­miş­dir və buna görə Allahın bütün hökmləri, prinsipcə, sadədir, yorucu deyildir. Allahın hökmlə­rinin yerinə yetirilməsinə maneə törədən sədlər yarandıqda və onların icrasını çətinləşdir­dikdə, Uca Allah bu hökmləri daha da yüngülləşdirir və yaxud Öz qullarını bu vəzifələri yerinə yetirməkdən ümumiyyətlə azad edir. Bu Quran cümləsini bütün təfərrüatı ilə təsvir etmək mümkün deyil, çünki o, dinin bütün hökmlərinə aiddir və şəriətin bütün asanlıqlarını və icazə verdiklərini özündə ehtiva edir.
Sonra Uca Allah bütün ramazan ayı ərzində oruc tutmağı əmr edir. Bu əmrin səbəbi haqqında hamıdan yaxşı Allaha məlumdur, lakin tama­milə aydındır ki, ayənin nazil edilməsi, ramazan ayının ancaq bir hissəsini oruc tutmağın mümkün ola bilməsi kimi, kimisə yanlış zənnə salmaması üçün zəruri idi. Allah nazil edilmiş hökmün belə başa düşülməsinin qarşı­sını alaraq, ayın başlanğıcından sonuna qədər oruc tutmağı və orucluğun sonunda Allaha, Öz qullarına bu hökmü yerinə yetirməyə kömək etdiyinə, onu onlar üçün asanlaşdırdığına və ən gözəl tərzdə izah etdiyinə görə tərifləyib ucaltmağı buyurur. Allah insanlara ramazanın qurtarması müna­sibəti ilə də Ona həmd etməyi əmr edir və Onun bu buyruğu şəvvalın girməsini bildirən təzə ayın görünməsi ilə Allahın mədhinə başlanmasına da aiddir ki, bu da bayram xütbəsinin sonunadək davam edir.

                                        

(186) “Qullarım səndən Mənim barəmdə so­ruşsalar, Mən on­lara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edirəm. Qoy Onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”.

Bu ayə bir-neçə səhabəsinin Muhəmməd Peyğəmbərə (s.ə.s.) verdiyi suala cavabdan ibarətdir. Onlar belə demişdilər: “Ey Allahın Elçisi! Əgər Rəbbimiz yaxındırsa, biz Ona pıçıltı ilə dua edək, yox əgər uzaqdırsa, onda Ona ucadan dua edək”. Belə olduqda, Uca Allah qullarına yaxın olduğunu və onlara nəzarət etdiyini xəbər verir. Allah onların gizli saxladıqları haqqında və ən məhrəm niyyətlərini belə bilir. Onun, oğrun-oğrun baxan xəlvəti baxışlardan və ürəklərdə gizlədilənlərdən də xəbəri vardır. O, Öz qullarına yaxındır və onlar Ona dua edəndə onları diqqətlə dinləyir.
Dualar iki növ olur. Onların bir hissəsi ibadət, digər hissəsi isə yalvarış məqsədilə edilir. Allahın Öz yaratdığı məxluqlarına yaxınlığı da iki cürdür, çünki Allah ilahi elmi sayəsində bütün məxluqlarına yaxındır. Lakin Onunla xüsusi yaxınlığa layiq görülənlər Ona ibadət edənlərdir. Allah onların dualarını dinləyir, onlara kömək göstərir və onları doğru yola yönəldir.
Əgər insan Allaha ürəkdən müraciət edir və Ondan yol verilən mübah şeylər barədə xahiş edirsə, əgər heç bir hal onun xahişinin yerinə yetirilməsinə mane olmursa (belə hallardan biri də haram edilmiş qida məhsullarının yeyilməsidir), duası hökmən qəbul ediləcəkdir. Allah elə duaların qəbul ediləcəyinə söz vermişdir ki, onlar, xüsusilə, duanın tezliklə qəbul edilməsini təmin edən əməllərlə müşayiət edilmiş olunsun. Belə əməllərə, Allahın hökmlərini sözdə və işdə yerinə yetirmək, haram­lardan çəkinmək və habelə Ona səmimi qəlbdən iman gətirmək daxildir. Məhz bu amillər duaların tezliklə qəbul olunmasına kömək edir, çünki Uca Allah Ona cavab verməyi və Ona etiqad göstərməyi əmr etmişdir. Ancaq belə bir insan doğru yolla gedə, doğru iman sahibi ola, saleh əməl­lər işlədə və haqq dinlə və xeyirxah əməllərlə bir yerə sığmayan ədalət­sizlikdən qurtula bilər. Bunun səbəbi ondadır ki, həqiqi iman və Allahın çağırışına cavab vermək insana gerçək biliklər əldə etməyə kömək edir. Uca Allah bu barədə belə buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahla­rınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir” (Ənfal, 8/29).
                                                                                                       ﭿ                                                             

(187) “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecə­lərində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, töv­bəni­zi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri sökü­ləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qə­dər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar”.

Allah oruc tutmaq haqqında ilk hökmü göndərəndə müsəlmanlara gecə yuxuya getdikdən sonra yemək, içmək və zövcələri ilə cinsi əlaqəyə girmək qadağan edilmişdi. Bu hökm bəzi müsəlmanlara ağır gəlirdi və onda Uca Allah qullarının vəzifəsini yüngülləşdirdi və iftar açdıqdan sonra, yatıb-yatmamaqdan asılı olmayaraq, onlara bütün gecə ərzində yeməyə, içməyə və zövcələri ilə cinsi əlaqəyə girməyə icazə verdi.
Ey iman gətirənlər! Vəzifələrinizin bir hissəsini yerinə yetirmə­yə­rək siz özünüz özünüzü aldadırsınız. Amma Uca Allah sizin tövbələrinizi qəbul etdi və vəzifələrinizi yüngülləşdirdi. Əgər Allahın lütfkarlığı olma­say­dı, sizə ağır gələn hökmlər sizi günah işlətməyə məcbur edərdi. Sizin keçmiş günahlarınıza gəldikdə isə, Allah onları artıq bağışlamışdır. Bun­dan sonra O, bütün ramazan ayı ərzində gecələr zövcələrinizi öpməyə, sı­ğ­al­lamaya və onlarla cinsi əlaqəyə girməyə icazə verdi. Sizə icazə veriləni edin və bunun sayəsində Uca Rəbbə yaxınlaşmağa can atın. Yadda saxla­yın ki, siz cinsi yaxınlıq yolu ilə öz nəslinizi artırırsınız, özünü və zövcə­lərinizi zinadan qoruyursunuz və öz ailə həyatınızı sahmana salırsınız. Həm də yadda saxlayın ki, Allah sizə Qədir gecəsini ibadətdə keçirməyi buyurmuşdur. Baxmayaraq ki, o, ramazanın gecələrindən biridir, sizin hə­min gecə dünyəvi ehtiraslara qapılmağınız və çox böyük bir mükafatı əl­dən qaçırmağınız lazım deyil. Dünyəvi ehtiraslardan sonrakı vaxtlarda da həzz ala bilərsiniz, lakin əgər Qədir gecəsini əldən buraxsanız, onu bir daha qaytara bilməzsiniz.
Sübh açılana əmin olunana qədər yeyin, için və cinsi əlaqəyə girin. Buradan belə nəticə çıxır ki, insan sübhün girməsinə şübhə edərək yeyərsə və ya cinsi əlaqəyə girərsə, günah işlətməz. Buradan həm də belə çıxır ki, obaşdan yeməyini ötürməmək arzu­ediləndir, çünki Allah səhər açılana qədər yeməyi və içməyi əmr etmişdir. Məlumdur ki, obaşdan yeməyini ləngitmək yaxşı olardı, çünki Allah sübh çağı başlayanadək yeyib-içmək hökmünü məhz qullarının vəzifələrini asanlaşdırmaq üçün vermişdir.
Bu ayədən həmçinin belə bir nəticəyə də gəlmək olar ki, oruclu müsəlman sübh çağı girərkən cinsi əlaqədən sonra qüsulsuz vəziyyətdə ola bilər və əgər o, hətta sübh açılanadək qüsl etməyə macal tapa bilməsə də, orucu batil hesab olunmur. Əgər müsəlmana bilavasitə səhərin açılma­sı ərəfəsində cinsi əlaqəyə girmək icazə verilirsə, sözsüz ki, o, sübhün açıl­masını qüsulsuz qarşılayacaqdır, deməli, əgər hökm düzgündürsə, on­da ondan irəli gələn nəticə də düzgündür. Lakin sübh çağı girəndən sonra oruc tutmuş müsəlman günəşin qürub etdiyi axşama qədər orucunu batil edən hər şeydən özünü saxlamalıdır.
Ramazan gecələrində öz zövcələri ilə cinsi əlaqəyə girməyə icazə verilməsi tamamilə bütün oruc tutanlara aid edilmədiyi üçün, Uca Allah bildirir ki, məsciddə etikafda olan vaxtda müsəlman zövcələri ilə cinsi əla­qəyə girməməlidir. Bu ayə, möminin Uca Allaha ibadət etmək xatirinə, dünyəvi həyatı tərk edərək, məscidə girib tənhalığa çəkilməsinin (etikaf) qanuniliyini təsdiq edir. Bu ayədən çıxan bir nəticə də ondan ibarətdir ki, möminlərin tənhalığa çəkilməsinə ancaq məscidlərdə yol verilir, həm də Muhəmməd Peyğəmbərin (s.ə.s.) zamanında məscid o yerlər hesab olu­nur­du ki, orada müntəzəm olaraq gündə beş fərz namaz qılınmış olsun. Bu ayədən həm də aydın olur ki, etikafda cinsi əlaqəyə girmək onu pozur.
Yuxarıda sadalanan yeməyə, içməyə və həmçinin orucluq zamanı cinsi əlaqəyə girməyə qadağalar, əsaslı ehtiyac olmadan orucun pozul­masının yasaqlanması, etikaf zamanı cinsi yaxınlığın yasaqlanması və di­gər hökmlər Allahın qoyduğu məhdudiyyətlərdir ki, qullara onları aşmağa icazə verilmir. Uca Allah bu günahlara hətta yaxınlaşmağı belə qadağan edir. Bu qadağalar, günah işlətməməyə dair adi hökmlərdən daha əsaslı və təkidedicidir. Bu yasaq təkcə bu günahların edilməsinə deyil, buna səbəb ola biləcək bütün başqa əməllərin törədilməsinə şamil edilir.
Günahlardan və itaətsizlikdən bəhs edərkən, Uca Allah qullarına əmr edir ki, onlar günahlardan və onlara tərəf aparan hər cür əməldən əl çəksinlər. Allah Öz qoyduğu hədləri sadalayır və onlara yaxınlaşmağı belə qadağan edir. Dini hökmləri yad edərək Uca Allah onlara qarşı itaətsizliyi qadağan edir və buyurur: “...Bunlar Allahın hüdudlarıdır, onları aşma­yın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır” (Bəqərə, 2/229).
Allah qullarına dini hökmləri belə izah edir və bunlar ən aydın başa düşülən və ən kamil izahlardır. Allahın insanlara ayələrini izah etməsi, onların haqqı aydın başa düşdükdə ona qoşulmaları ilə bağlıdır, onlar yalanın da ziyanlı olduğuna ancaq inandıqdan sonra ondan çəkinirlər. Adamların çoxu Allahın qadağanlarını bilmədikləri üçün günah işlədirlər. Əlbəttə, əgər onlar bilsəydilər ki, belə hərəkətlər etmək olmaz, onlar hə­min günahları işlətməzdilər. Lakin Allah insanlara ayələrini izah etdikdən sonra, onlar xəbərsiz olmaları əsasında özlərinə bəraət qazandırmaq imka­nını itirirlər və bu da onları təqvalı və dindar olmağa yönəldir.

                                          

(188) “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın”.

Allah müsəlmanlara başqalarının malını qanunsuz yeməyi qadağan edir, lakin onu onların öz xüsusi mülkiyyətləri adlandırır, çünki müsəlman öz qardaşına özünə istədiyini arzu etməli, onun malına öz malı kimi* münasibət bəsləməlidir. Bundan başqa, əgər adam başqasının malını qan­un­suz mənimsəyirsə, onda incidilmiş insanlar da sonradan onun var-döv­lətinə zərər vurmaq imkanından istifadə edə bilərlər.
Əmlakı ya qanuni, ya da qanunsuz yolla əldə etmək olar, lakin qa­dağan edilən, təkcə başqasının malını qanunsuz yolla mənimsəmək sayılır və buna görə Uca Allah bu qadağanı konkretləşdirmişdir. Bu qadağan – güc tətbiq etməklə almaqdan, oğurluqdan, saxlanmağa verilmiş və ya mü­vəqqəti istifadəyə götürülmüş malın mənimsənilməsindən və başqasının əmlakına yönəldilmiş digər qəsdlərdən ibarətdir. Bu qadağan həmçinin sə­ləmçiliyə, qumara və digər haram edilmiş əqdlərə şamil edilir, çünki belə əqdlər sayəsində insanlar yol verilməyən üsullarla mal əldə edirlər. Bu qa­dağan alqı-satqı, əşyaların icarəyə verilməsi və digər oxşar əqdlərin bağ­lanması zamanı dələduzluq edənlərə də aiddir. O, həm də fəhlələrin isti­fadə edilməsi və onların əmək haqlarının qanunsuz mənimsənilməsinə və ya tələb olunduğu kimi yerinə yetirilməyən işə görə zəhmət haqqının alın­masına aiddir. O, həmçinin ibadət mərasimlərinin keçirilməsinə görə mad­di mükafat alınmasına şamil edilir ki, bu, təkcə Uca Allaha həsr olunma­dıqda əsassız sayılır. O, vacib və könüllü surətdə verilən sədəqələrin, vəqf əmlakının mənimsənilməsinə və ya haqqı olmayan insanların miras alma­sına və yaxud da onu almağa başqalarından az haqqı olmasına da aiddir.
Bütün sadalanan hallar özgəsinin əmlakının qanunsuz mənimsə­nil­məsinin müxtəlif formalarıdır və onlardan hər biri istənilən şəraitdə qəti surətdə qadağan edilmişdir. İnsanın belə maldan istifadə etmək haqqı yoxdur, hətta onun münsiflər məhkəməsində gətirdiyi sübutlar, həmin əmlaka əsil haqqı olanın sübutlarından inandırıcı olduğu üçün çəkişməni udub əmlakı əldə etsə də. Hakim öz qərarı ilə nə qadağan olunmuş əmlakı qanuni, nə də qanuni əmlakı haram hesab edə bilməz. Özgəsinin malını qanunsuz mənimsəyən şəxsi hakimin qərarı rahat salmamalı və əmlakın həqiqi sahibinin öz malına olan hüquqlarına şübhə etməyə əsas vermə­məlidir.
Əgər bir adam münsiflər məhkəməsində qondarma dəlillərin köməyi ilə özgəsinin mülkiyyətinə haqqı olduğunu sübut edərək məhkəmə çəkişməsini udursa, həmin mülkiyyət onsuz da ona qanunsuz yolla çatır. Başqasının mülkiyyətini mənimsəyərək, o, şüurlu surətdə günah işlədir və özünü çox əziyyətli cəzaya və sərt intiqama məhkum edir.
Bütün deyilənlərdən aydın olur ki, əgər vəkilə müştərisinin iddia­sı­nın əsassız olması məlumdursa, onda onun, müştərisini məhkəmədə mü­dafiə etmək haqqı yoxdur, çünki onun müştərisi xəyanətkardır. Uca Allah bu barədə buyurur: “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma”( Nisa, 4/105).

                                                                     

(189) “Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bu­n­­lar insanlar və həcc üçün vaxt ölçüləridir”. Evlərə arxa tərə­findən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız”.

Adamlar Peyğəmbərə (s.ə.s.) təzə çıxan ayın faydası və ya bilava­sitə təzə ayın özü haqqında sual verirlər. Buna Uca Allah bildirir ki, Rəbbin mərhəməti ilə təzə çıxan ay vaxtı müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Ayın əvvəlində o, nazik aypara şəklində olur və ayın ortasına qədər böyüyüb bədirlənir. Sonra bütöv ay ayın sonunadək yenidən nazik­ləşməyə başlayır və ayın axırınadək bu davam edir. Bunun sayəsində insan­lar müxtəlif ibadət ayinlərinin: orucun, zəkatın, günahları azaldan əməllərin və həcc ziyarətinin müddətlərini öyrənirlər. Həcc müəyyən ay­larda və uzun müddət yerinə yetirildiyinə görə, Uca Allah onun barəsində ayrıca xəbər verir.
Təzə ayın doğması sayəsində insanlar borcları­nın ödənilməsi müddətinin çatmasını, icarənin müddə­tinin qurtarmasını, boşanmış və ya dul qadınların gözləməli olduğu vaxtın bitməsini, doğuşun və çoxlu başqa hadisələrin yaxınlaşmasını bilirlər. Ay ilinin hesablanmasını hər bir kəs: uşaq və ya yaşlı adam, alim və ya savadsız adam yerinə yetirə bilər. Günəş ilinin hesablanmasına gəldikdə isə, onu layiqincə ancaq bəzi insanlar həyata keçirə bilərlər.
Sonra Uca Allah xəbər verir ki, yaxşı əməl heç də insanların evlərə arxa qapılardan girməsi ilə müəyyən olunmur. İş orasındadır ki, cahiliyyə zamanlarında Mədinə sakinləri və digər ərəblər həcc ziyarəti zamanı eh­ramı geyindikdən* sonra evlərinə qapıdan girmirdilər ki, bu minvalla Allaha yaxınlaşmağa cəhd edirdilər. Onlar bu hərəkətin yaxşı əməl oldu­ğunu zənn edirdilər. Lakin Uca Allah bildirdi ki, bunun yaxşı əməllə heç bir əlaqəsi yoxdur, çünki Allah insanlara belə etmək əmri verməyib, axı əgər insan Allahın və Onun Elçisinin (s.ə.s.) hökm vermədiyi ayinləri icra edirsə, onda o, bidətçi olur. Allah qullara evə qapıdan girməyə əmr edir, çünki dini hökmlərin sadəliyi İslam şəriətinin prinsiplərindən biridir.  
Bu ayədən aydın olur ki, müsəlman istənilən şəraitdə məqsədə nail olmağa doğru aparan ən sadə və qısa yol tapmalıdır. Məsələn, əgər o, insanları yaxşılıq etməyə və onları qınanılan əməllərdən çəkindirməyə dəvət edirsə, onda o, həmsöhbətinin halını nəzərə almalı, özünü nəzakətli və ədəblə aparmalıdır, çünki məhz bu keyfiyyətləri sayəsində o, qarşısına qoyduğu məqsədi tam və ya qismən həll edə bilər. Qarşıya qoyulmuş məqsədə yaxın yolla çatmaq həm müəllimin və həm də şagirdin yerinə yetirməli olduqları tapşırıqdır. İnsan tapşırığın həll edilməsinin düzgün üsulunu tapdıqda və nəzərdə tutulmuş istiqamətə səylə riayət etdikdə, Uca Allahın köməyi sayəsində o, hökmən istənilən nəticəyə nail olacaqdır.
Sonra Uca Allah təqvalı olmağa hökm verir, çünki məhz Allahın hökmlərini yerinə yetirmək və bütün haramlardan uzaqlaşmaq yaxşı əməl sahibi olmaq deməkdir. Təqvalılıq – nicat tapmanın rəhnidir, çünki Allah­dan qorxan insan ən qiymətli və arzu olunan şeyi əldə edir və hər cür qor­xunc və xoşagəlməz şeylərdən xilas olur. İnsan Uca Allahdan qorxma­yanda isə, o, nicat yolunu tapa bilmir. Təqvalı olmağı əqidə məsələsi sa­yan insan mütləq böyük uğur qazanır.

                                     
(190) “Sizinlə vuruşanlara qarşı Allah yolun­da siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir”.

Bu ayə özündə Allah yolunda döyüşlərdə iştirak etmək hökmünü əks etdirir. Ayə, müsəlmanlar Mədinəyə hicrət etdikdən və artıq müşrik­lərlə döyüşmək üçün kifayət qədər möhkəmləndikdən sonra nazil edilmiş­dir. Bu vaxta qədər müsəlmanlara silahlı mübarizədən çəkinmək əmr ol­un­­muşdu. Allah yolunda döyüşmək zəruriyyəti haqqında xatırlatmadan aydın olur ki, müsəlmanlar Allah xatirinə səmimiyyətlə döyüşməlidirlər və onların hərc-mərclik dövründə bir-biri ilə savaşmağa haqları yoxdur.
Uca Allah möminlərlə vuruşmağa hazır olan kafirlərlə vuruşmağı əmr edir. Bu tələb müsəlmanlara qarşı döyüş əməliyyatlarında iştirak edən yaşlı kişilərə aiddir və döyüş əməliyyatlarında qərar qəbul etməyən və iştirak etməyən qocalara şamil edilmir. Cinayət törədilməsinin qadağan olunmasına gəldikdə isə, bu, qadınların, dəlilərin, uşaqların və zahidlərin öldürülməmə­sinə, öldürülənlərin üzərində təhqiredici əməllər törədilmə­mə­sinə, heyvanların məhv edilməməsinə, ağacların kəsilməməsinə və müsəlman­lara heç bir fayda verməyən başqa hərəkət­lərə aiddir. Belə cina­yətlərə, həm də müsəlmanlara müntəzəm surətdə can vergisi (cizyə) verən kafirlərə qarşı döyüş­mək aid edilir, çünki onlarla döyüşmək qadağandır.

                                                                       

(191) “Müşriklərə harada rast gəlsəniz öldü­rün və sizi çıxart­dıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidülharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir”.

Bu ayə istənilən vaxtda kafirlərlə döyüşmək hökmü verir və həm müdafiə və həm də fəal hücum döyüş əməliyyatlarına şamil edilir. Bu ümumi hökmdən istisna edilən Məscidülharamda döyüşməkdir. Onun ərazisində o vaxt döyüşmək olar ki, kafirlər onu birinci başlasınlar. Belə şəraitdə onlarla döyüş – törətdikləri cinayətə görə cəza səciyyəsi daşıyır.

                    

(192) “Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!”

Müsəlmanlar kafirlərlə onlar küfrlərindən əl çəkib İslama daxil ola­na­can vuruşmalıdırlar. Əgər onlar müsəlman olsalar, Allah onların tövbə­lərini qəbul edər və onların kafir olduqlarını, Məscidülharamda bütlərə iba­dət etmələrini və Allahın Elçisinə (s.ə.s.) başqa möminlərlə birlikdə ibadət edərkən maneçilik törətmələrini onlara bağışlayar. Budur Allahın Öz qullarına bəslədiyi rəhmi və alicənablığı!





                       ﭿ                                  

(193) “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur”.

Məscidülharamın yanında döyüşmək müqəddəs şəhərdə günahkar əməllərin yayılması kimi görünə bildiyindən, Uca Allah xəbər verir ki, bu şəhərdə müşrik hərc-mərcliyinin yayılması və insanların həqiqi dini qəbul etmələrinə maneçiliyin törədilməsi Məscidülharamda döyüş­məkdən daha böyük fəsaddır və buna görə, müsəlmanlar bu şəhərdə kafirlərlə vuruşmalı olsalar, sıxıntı hissi keçirməməlidirlər. Bu ayədən məşhur bir dini qayda çıxarılır və ona müvafiq olaraq, böyük bir şərin qarşısını almaq məqsədilə ondan kiçik bir şərə yol verməyin mümkünlüyü təsdiq edilir.
Sonra Uca Allah Onun yolunda aparılan döyüşün mənası haqqında xəbər verir. Müqəddəs müharibə ona görə aparılmır ki, kafirlərin qanı axıdılsın və ya onların var-dövləti müsadirə edilsin. O, ona görə aparılır ki, Uca Allahın dini bütün dini əqidələr üzərində qələbə çalsın, müşriklik və haqq dinlə bir araya sığmayan nə varsa yer üzündən silinsin. Məhz bu şərtlər müharibəni vacibləşdirən hallardır, onlar aradan qalxdıqda isə, müsəlmanlar qan tökməyə və müqəddəs müharibəyə son qoymalıdırlar. Məscidülharamın yaxınlığında müsəlmanlarla döyüşə birinci başlayan ka­f­ir­lərə gəldikdə isə, əgər onlar döyüşdən əl çəksələr, onda müsəlmanlar yol verilən həddi keçməməli və təkcə cəzaya layiq olan günahkarları əda­lətlə cəzalandırmalıdırlar.

                                                                          

(194) “Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir”.

Bir rəyə görə, burada söhbət müşriklərin Peyğəmbərə (s.ə.s.) və onun səhabələrinə Məkkəyə girməyə mane olmalarından gedir. O vaxt Hudeybiyyə sülhü imza edilmişdisə də, müsəlmanlara ancaq növbəti ildə həcc ziyarəti etməyə icazə verilmişdi. Müsəlmanların qureyşlilərlə qarşı­dur­ması və sülh müqaviləsinin bağlanması haram zülqədə ayına düşmüş­dü və buna görə Allah səhabələrin ürəyinə təskinlik verərək, buyurur ki, bir haram ayda əldən çıxmış bir şeyi onlar digər haram ayda mütləq əldə edərlər və həcc ziyarətini layiqincə yerinə yetirərlər.
Başqa bir rəyə görə isə, Uca Allah müsəlmanlara haram aylarda kaf­ir­lərlə döyüşməyə ona görə yol verdi ki, kafirlər onlarla bu aylarda dö­yüşə girmişdilər. Kafirlər yol verilən həddi birinci olaraq aşmışdılar və  müsəlmanlar onlarla döyüşdükləri üçün sıxıntı hissi keçir­məməlidirlər.
Son şərhə istinad etməli olsaq, onda haramların pozulmasına görə cəzanın xatırlanması xüsusi halın ümumiyə daxil edilməsinin nümunəsi olacaqdır. Əgər bir insan haram ayın, Məscidülharam torpağının, ibadət mərasiminin və Allahın ehtiram göstərməyi və hörmət bəsləməyi əmr etdiyi bir şeyin müqəddəsliyinə qəsd edərsə, onda o, ədalətli cəza alma­lıdır. Haram ayda döyüşənə lazımi müqavimət göstərilməlidir. Kim haram olunmuş torpağın müqəddəsliyinə qəsd edərsə, o layiq olduğu cəzasını al­ma­lıdır. Kim bağışlanmış qatili öldürərsə, o, edam edilməsi də istisna edil­mə­məklə, cəzalandırılmalıdır. Kim bir başqasını şikəst edərsə və ya onun bədəninin bir orqanını kəsərsə, onda o, törətdiyinə bərabər cəza almalıdır. Kim də özgəsinin əmlakını qanunsuz mənimsəyərsə, onu müvafiq ölçüdə öz mülkiyyətindən məhrum etmək olar.
Lakin müsəlman alimləri arasında, qanuni mülkiyyətindən zalımca­sına məhrum edilmiş insanın onu əmlakından məhrum etmiş şəxsdən eyni ölçüdə əmlakını müstəqil surətdə zorla almağa haqlı olması barədə rəy müxtəlifliyi vardır. Ən etibarlı sayılan rəyə görə, pozulmuş hüquqlar açıq-aydın aşkar olduqda, məsələn, əgər evin sahibi yoldan gəlmiş müsafirə qonaqpərvərlik göstərməkdən boyun qaçırırsa və ya əgər insan təmin etməyə borclu olduğu arvadını və qohumlarını maddi cəhətdən təmin et­mək­dən boyun qaçırırsa, onlara, paylarına düşəni götürməyə icazə verilir. Əgər hüquqların məhdudlaşdırılması açıq-aşkar deyilsə, məsələn, əgər borclu götürdüyü borc üzrə öhdəliyini inkar edirsə, əgər bir adam ona saxlanmağa verilən şeyləri götürdüyünü boynuna almırsa, əgər oğru oğru­luq edibsə, oğurlanmış mülkiyyətin əsil sahibinin öz əşyalarının əvəzinə oğ­ru­nun malından müstəqil surətdə bərabər ölçüdə götürmək haqqı yox­dur. Bu rəy bu məsələyə aid olan bütün müqəddəs mətnləri birləşdirməyə imkan verir. Məhz buna görə, Allah müsəlmanlara icazə vermişdir ki, ədalətsiz insanlar onlara hücum etdikləri kimi, müsəlmanlar da eyni qay­dada onlara hücum etsinlər. Bu ayədə, cəza almalı olan adam incidənlər və cinayətkarlardan, törətdikləri cinayətə bərabər olan qisas almağın üsulu təsvir edilir.
Amma çox vaxt insanlara ədalətli qisas almağa imkan verdikdə, onlar cinayətkarlardan acıq çıxaraq, yol verilmiş həddi aşırlar. Bax elə buna görə, Uca Allah müsəlmanlara Allahdan qorxmaq, yol verilmiş əvəzi almaqla qane olmaq və hədləri pozmamaq hökmünü verir.
Allah həmişə Öz müttəqi qulları ilə birlikdədir[1] və onlara kömək və yardım göstərərək, onları doğru yola yönəldir. Əgər insan Allahın onunla birgə olmasına layiq görülürsə, onda o, əbədi səadətə qovuşur. Əgər o, təqvalı olmağı rədd edirsə, Uca Qəyyum ondan üz döndərir, onu Özünün köməyindən məhrum edir və belə insanın taleyini onun özünə həvalə edir. Bu, baş verdikdə, insanın məhvi, ona şah damarından da ya­xın olur.


* Yəni, öz malını qoruyub mühafizə etdiyi kimi, müsəlman qardaşının da malına eyni münasibəti bəsləməlidir. F.S.
* Bu ifadə “ehrama girmək” kimi də işlədilir. F.S.
[1] Müəllifin bu ifadəsi Allahın bilavasitə Özünün qullarının yanında olması mənasına gəlmir, çünki Allah Özünün elmi, hikməti, hərşeyibilmək, hərşeyigörmək, hərşeyənəzarətetmək, hərşeyiəhatəetmək (və b.) kimi ilahi özəllikləri ilə bütün yaratdıqlarını eyni zamanda istisnasız olaraq qaplayır. F.S.

Комментариев нет:

Отправить комментарий