среда, 3 августа 2011 г.

Ə. SƏƏDİ. QURAN TƏFSİRİ, cild 3, 6-cı parça


                                                                                                          \g    

 HUD SURƏSİ

                

Mərhəmətli və Rəhmli Allahın adı ilə!


                          

(11.1) “Əlif. Ləm. Ra. Bu, Müd­rik və Xəbər­dar olan tərəfin­dən ayə­ləri mü­kəmməlləşdirilmiş, sonra da ət­raflı izah edilmiş bir Kitab­dır”.

Fövqəluca Allah Müqəddəs Quranı ayələri gözəl və kamil olan Böyük Kitab və Mübarək Vəhy adlandırmışdır. Onda həqiqi tarixi hekayətlər, ədalətli hökmlər və qadağalar öz əksini tapmışdır. Onun sözləri bəlağətli, onların mənası isə çox gözəldir. Allah bu ayələrin məzmununu ən mükəmməl surətdə izah etmişdir, axı Onun adları arasında Müdrik və Hər şeyi Bilən adları vardır. O, hər şeyi öz yerində yerləşdirir, aşkar və qeybə aid olan hər şey haqqında biliyə malikdir, Onun hökmləri və qadağaları ilahi hikmətinə həmişə uyğun gəlir.
  
                               

  (11.2) “Bu Kitab ona görədir ki, siz Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən qorxu­dan və müjdələyənəm”.

Əgər Quran ayələri Müdrik və hər şeyi Bilən Allah tərəfin­dən kamilləşdirilmiş və izah edilmişdirsə, onda onların əzəməti və ucalığı və həmçinin onlarda əks etdirilmiş hikmət və mərhəmət barədə soruşmağa ehtiyac qalmır. Lakin bilmək lazımdır ki, Allah bu Kitabı insanların təkcə Ona ibadət etmələri, dinə Onun xatiri üçün etiqad etmələri və müxtəlif məxluqları Onunla bərabər tutmama­ları üçün nazil etmişdir. Bu Kitabı Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) gətirmişdir. Rəbb onu (ona Allahın salavatı və salamı olsun!) günah işlətməyə cəsarət edənləri bu həyatda və öləndən sonra cəzalandırılacaqları barədə xəbər­darlıq etməkdən və Allaha itaətkarlıqla tabe olanları  isə dünya həyatında və Axirətdə savablandırılacaqları ilə müjdələməkdən ötrü göndərmişdir.

                                                           

(11.3) “Həm də Rəbbinizdən ba­ğış­lanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəy­yən olun­muş vaxtadək gö­zəl gün-güzəran nəsib etsin və hər fə­zi­lət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsə­niz, bilin ki, mən sizə üz ve­rəcək əzəmətli Günün əza­bın­dan qorxuram”.

Ey insanlar! Günahlarınıza görə bağışlanma diləyin və verilmiş möhlətdən istifadə edin ki, Allahın nifrətinə səbəb olan hər şeydən əl çəkəsiniz və Onun  sevdiyi və razı qaldığı hər şeyə can atasınız. Sizin bağışlanma haqqında dualarınız və tövbələriniz ona səbəb olacaq ki, Allah sizə ləzzət verən və sizin xeyrinizə olan dünya malı qismət edəcəkdir. Həmçinin Fövqəluca Allah sizə ayrılmış möhləti yaşamaq üçün imkan verəcək və aranızdakı mərhəmətlilərə və xeyirxahlara Öz neməti əta edəcəkdir. Həqiqə­tən, sizin xeyirxahlığınızın əvəzi – xoşunuza gələn şeyləri əldə etməniz və ikrah etdiyiniz hər şeydən qurtulmanız olacaqdır. Lakin əgər siz bu çağırışa cavab verməkdən boyun qaçırsanız, haqdan üz çevirsəniz və ya hətta onu yalan saysanız, onda sizi dəhşətli bir cəza haqlayacaqdır. Bu isə, Allah insanların bütün ilk və sonrakı nəsillərini və digər məxluqları bir yerdə topladığı Əzəmətli Gündə baş verəcəkdir.

                      

(11.4) “Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!”

Hamınız Allahın hüzuruna qayıdacaqsınız və O, etdiyiniz əməllərə müvafiq olaraq – xeyirə xeyirlə, şərə də şərlə əvəz verə­cəkdir. Bütün varlıqlar Onun hakimiyyəti altındadırlar və O, ölüləri diriltməyə qadirdir, çünki ölmüşləri diriltmək – Onun imkanlarının ancaq az bir hissəsidir. Bu barədə, sözü ən doğru olan Rəbb Özü xəbər vermişdir. Bu isə o deməkdir ki, dirildilmənin labüdlüyü həm məntiqi dəlillər və həm də müqəddəs mətnlərlə təsdiq edilir.

                                  ﯿ                  

(11.5) “Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlən­mək məqsədilə ikiqat olarlar. Xəbər­dar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdik­ləri hər şeyi bilir. Allah kökslərdə olanları Biləndir”[1].

Fövqəluca Allah, öz gizli niyyətlərini Allahdan məxfi saxla­mağa cəhd göstərənlərin cahilliyini və dərin azğınlıq içində olduqlarını bildirərək, göstərir ki, bu əməl sadəcə onların öz ürəklərini pərdələyir, çünki Allah onların niyyətlərindən xəbərdar­dır və əməllərini görür. Onların azmış olduqlarını ifşa etmək üçün Fövqəluca Allah qeyd edir ki, insanlar əməllərini pərdələməyə çalışdıqları zaman onlar ən kiçik, gözəgörünməz hərəkətlər etməyə nail olurlar. Bundan başqa, Fövqəluca Allaha insanların etdikləri və ya səslə, ya da pıçıltı ilə dedikləri bütün söz və əməlləri haqqında hər şey məlumdur. Daha sonra Ona insan qəlbində gizlədilən və hətta adamların pıçıltı ilə deməyə cəsarət etmədikləri bütün məxfi fikirləri, gizli niyyətləri və vəsvəsələri haqqında da hər şey Ona məlumdur. Doğrudanmı bundan sonra siz elə zənn edirsiniz ki, siz özünüz barədə Allahdan nə isə gizlədə biləcəksiniz?
Digər bir şərhə müvafiq olaraq, bu ayədə kafirlərin Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) üz çevirmələrindən və onun xütbələrinə laqeyd yanaşmalarından bəhs edilir. Onların haqdan dönmələri o dərəcədə böyük idi ki, onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) gördükdə ürəkləri sıxılardı ki, o  (ona Allahın salavatı və salamı olsun!) onları görməsin və onlara öz çağırışı və faydalı nəsihətləri ilə müraciət etməsin. Bundan da böyük üz döndərmə olarmı?!!
Sonra isə Fövqəluca Allah onları, bütün hərəkətləri və əməlləri haqqında Ona məlum olması ilə hədələyir. Bir əməl belə Allahın nəzərindən qaça bilməz və kafirlər törətdiklərinin əvəzini bütövlüklə alacaqlar.

                                         

(11.6) “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. Onların hamısı açıq-aşkar Kitabdadır”.

Fövqəluca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz  olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.   

                 ﭭﭮﭯﭰﭱ ﭲ     ﭸ ﭹ             ﭿ              

(11.7) “Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ey Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir!” – deyə cavab ve­rər­lər”.

Fövqəluca bildirir ki, göylər və yer altı gün ərzində yaradıl­mışdır. Onların yaradılması bazar günü başladılmış və cümə günü qurtarmışdır. Bütün bu vaxt ərzində Onun Kürsüsü su üzərində olmuşdur ki, bu da yeddinci göyün üzərindədir. Göylərin və yerin xəlq edilməsindən sonra Fövqəluca Allah Kürsüsünə qalxıb otur­muş və oradan O, Kainatın işlərini Öz bildiyi kimi idarə etməyə başlamış və bu zaman qədər və səmavi dinlərinin qanunlarına istinad etmişdir. O, insanları sınaqdan keçirmək vasitəsi kimi göylərdə və yerdə olan hər şeyi onlardan ötrü yaratmışdır. O, onlara Öz hökmlərini və qadağanlarını nazil edir və onlardan kimin saleh əməllər etdiyinə, əgər əl-Fudeyl b. İyadın sözləri ilə desək, onlardan kimin Allahın dininə səmimi və düzgün etiqad etdiyinə baxır. İyaddan soruşurlar ki: “Ey Əbu Əli! Səmimi və düzgün nə deməkdir?” O, belə cavab verir: “Əməllər səmimi olsa da, düzgün olmadıqca, onsuz da qəbul edilməyəcəkdir. Əgər əməllər düzgündürsə, onlar səmimi olmadıqca da qəbul edilməyə­cəkdir. Əməllər səmimi və düzgün olmalıdır. Əməlin səmimi olması onun Allah xatirinə edilməsidir. Əməlin düzgün olması isə, onun şəriətə və Sünnəyə uyğun olmasıdır”.
Bu barədə Fövqəluca buyurmuşdur: “Mən cinləri və insan­ları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 51/56);
“Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elmi ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar” (Talaq, 65/12). Bu deyilənlərdən belə çıxır ki, Fövqəluca Allah məxluqları ona görə yaratmışdır ki, Ona ibadət etsinlər və Onu gözəl adları və sifətləri vasitəsi ilə dərk etsinlər. O, onlara bu minvalla davranmağı əmr etmişdir və kim Allaha itaət edirsə, o, öz vəsifələrini yerinə yetirmiş olur və o, uğur qazananların arasında olacaqdır. Kim də bundan üz döndərərsə, zərərə uğramışlardan olacaqdır. Onların hamısı öz Rəbbinin hökmlərinə və haramlarına necə riayət etmişlərsə, ona müvafiq olaraq əvəz alacaqları məskəndə mütləq toplanacaqlar.
Məhz buna görə, Allah xatırladır ki, müşriklər əvəz alacaq­larına iman gətirməkdən boyun qaçırırlar. Onlara öldükdən sonra dirildiləcəkləri haqqında deyildikdə, onlar bunu yalan adlandırır­lar. Bundan başqa, onlar ən müdhiş tərzdə Muhəmməd Peyğəmbə­rin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar edir və bunu açıq-aşkar sehirbazlıq adlandırırlar, halbuki əslində, bu aydın bir həqiqətdir.

                                                 

(11.8) “Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər”.

Allah kafirləri cəzalandırmağı müəyyən olunmuş vaxtadək təxirə salır və onlar səbirsizliklə onun gəlməsini gözləməyə başlayırlar. Onlar öz cahillikləri və zalımlıqlarına görə bir-birindən soruşurlar: “Cəza niyə gecikir?” Onların sözləri Allahın cəzalan­dıracağına iman gətirmədiklərini təsdiq edir, çünki onlar bu dünyadakı firavan yaşayışlarına istinad edərək, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalan danışmaqda ifşa etməyə cəhd göstərirlər, halbuki o (ona Allahın salavatı və salamı olsun!), onları cəzanın yaxınlaşması haqqında xəbərdar etmişdi. Lakin bundan da əhəmiyyətsiz bir bəhanə tapmaq olarmı?!!
Həqiqətən, elə bir gün gələr ki, heç kim müşriklərin yaxasını  cəzadan kənara çəkə bilməz və onda onlar öz əməlləri üzərində düşünə bilərlər. Cəza onları hər tərəfdən bürüyər və onlar qismət olar. Axı onlar əvvəllər bu cəzaya o dərəcədə laqeyd idilər ki, hətta onun gələcəyi haqqında xəbərdarlıq edənlərin yalançılığına əmin idilər.

                             ﮨ ﮩ                                                     

(11.9) “Əgər insana Özümüzdən bir nemət (mərhəmət) dad­dırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus (ümidsiz) və nankor olar”.
(11.10) “Əgər başına gələn bir müsibətdən sonra, ona fira­vanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən so­vuşdu” - deyər və sözsüz ki, sevinib öyünər”.
(11.11) “Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir savab gözləyir”.

Fövqəluca xəbər verir ki, insan öz təbiəti etibarı ilə cahil və ədalətsiz məxluqdur. Allah ona sağlamlıq, ruzi, övlad və digər nemətlər bəxş etdikdə və sonra da onları onun əlindən aldıqda, o, ümidsizliyə qapılır. O, Allahın mükafatlandıracağına inamını itirir və hətta məhrum olduğu nemətləri Allahın ona qaytaracağı və ya onu eyni dəyərli nemətlərlə yenidən təmin edəcəyi və yaxud da onu daha yaxşı bir tərzdə mükafatlandıracağı haqqında heç düşünmür də. Əgər Allah insana, onun başına gələn bəladan sonra, əmin-amanlıq nəsib edirsə, o, təkəbbürlə sevinməyə başlayır və elə zənn edir ki, əldə etdiyi uğur onu bir daha tərk etməyə­cəkdir. O, ürəyinə yatan nemətlərə şadlanır və Allahın qullarına nazil etdiyi hədiyyələrlə fəxr edir. Bütün bunlar onu lovğalandırır, özündən razı qalmağa səbəb olur, təkəbbürlü insana çevirir və o, digər məxluqlara ötkəmliklə, həqarətlə və etinasızlıqla yanaşır. Bəs hansı nöqsan bundan da pis ola bilər?!!
Bu sifətlər, Allahın doğru yola yönəltdiyi, yaramaz keyfiy­yətlərdən xilas etdiyi və gözəl əxlaqla iltifat göstərdiyi insanlardan başqa, qalan bütün insanlara xas olan məziyyətlərdır. Bu saleh insanlar müsibət düşdükdə səbirli olur və heç vaxt məyuslaşmırlar. Əmin-amanlıq yarandıqda isə təkəbürlülük göstərmir, özlərinin fərz və vacib olmayan xeyirxah əməllərini davam etdirirlər. Məhz onlar öz günahlarının bağışlanmasına və bunun sayəsində hər cür yaramaz və xoşagəlməz hallardan xilas olmağa və həmçinin qəlbin həzz alacağı və baxışların heyran qalacağı şeylərin onlar üçün hazırlandığı Cənnətdə böyük savaba layiqdirlər.

                                                         ﯾﯿ   

(11.12) “(Ey Elçim,) müşriklərin: “Heç olmasa, (Peyğəmbər­li­yinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiri­ləydi və ya onunla birlikdə bir mələk gələydi!” – demələrinə görə, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli olacaqsan və buna görə ürəyin sıxılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Hər şeyə vəkil olan isə Allahdır!”

Ey Muhəmməd! Kafirlərin səni qəbul etmədiklərinə görə kədərlənmə. Onların sözləri sənin rəftarına təsir göstərməməli və səni getdiyin yoldan döndərməməlidir. Vəhylə sənə nazil edilənin hətta ən kiçik bir hissəsindən belə əl çəkmək sənə yaraşmaz və sənin ürəyin onların inadkarləğından sıxılmamalıdır. Onlar  soru­şurlar ki: “Niyə ona xəzinə nazil edilməmişdir? Niyə onun yanında bir mələk yoxdur?” Lakin bil ki, onların bu sözlərinin səbəbi öz inadkarlıqları, tərslikləri, ədalətsizlikləri, azğınlığı, sübut və dəlillərdən istifadə edə bilməmələridir. Buna görə də başladığın işini davam etdir və onların ancaq axmaqlara və cahillərə xas olan rabitəsiz sözlərindən ötrü doğru yolundan azma. Qoy ürəyin bunlara görə sıxılmasın.
Məgər onlar sənə, heç olmazsa, bir dəlil belə gətiriblər ki, sən onu təkzib edə bilməyəsən? Yaxud da onlar sənin təbliğ etdiyin baxışlarının heç olmazsa birində belə nöqsan tapdılarmı? Sənin ürəyini ümumiyyətlə daralmağa məcbur edən nədir?! Ya da sən onlara görə məsuliyyətmi daşıyırsan və hər vasitə ilə olsa da onları düz yola gətirməyə borclusan? Qətiyyən yox! Sən anacaq nəsihət­çisən, onların etibarlı vəkili isə Allahdır. O, onların əməllə­rini yadda saxlayır və onların hər birinə əvəzini büsbütün verəcəkdir.


               ﭗﭘ                                                                       

(11.13) “Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydur­du!” - deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın”.
(11.14) “Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab ver­məsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra da) müsəlman olmayacaqmısınız?”[2]

Əgər onlar desələr ki, Quranı Muhəmməd özü (ona Allahın salavatı və salamı olsun!) tərtib etmişdir, onda qoy onlar da, Quran surələrinə bənzəyən heç olmazsa on surə tərtib etsinlər və bunun üçün istədiklərini köməyə çağırsınlar. Ey kafirlər! Əgər doğrudan da o (ona Allahın salavatı və salamı olsun!) doğrudan da bu Kitabı uydurmuşdursa, axı siz də bəlağətdə və natiqlik sənətində ondan geri qalmırsınız. Məgər siz qatı düşmən deyilsinizmi? Məgər siz hər hansı yolla olursa olsun onun təbliğatını inkar etməyə can atmırsınızmı? Əgər siz doğrudan da həqiqəti deyirsinizsə, onda siz də Quran surələrindən fərqlənməyən on surə özünüzdən uydurun. Yox əgər buna nail olmasanız, onda bilin ki, Müqəddəs Quran Allah tərəfindən nazil edilmişdir ki, haqqın lehinə olaraq təkzib­olunmaz dəlillər gətirsin və istənilən ittihamı təkzib etsin. Bilin ki, təkcə Allah ibadətə və sitayişə layiqdir. Bəs siz niyə Rəbbiniz Allah qarşısında itaətdən boyun qaçırırsınız?
Bu və bundan əvvəlki ayələrdən aydın olur ki, dinə dəvət edən şəxs insanların ona maneçilik etməsi və onun nöqsanlarını ifşa etməyə cəhd göstərməsi səbəbi ilə tutduğu doğru yoldan çıxmamalıdır, xüsusilə, əgər onların ittihamı əsassızdırsa və onun təbliğatında hər hansı bir nöqsan tapa bilmirlərsə. O, bundan kədərlənməməlidir. Əksinə, bu onun əminliyini artırmalı və o, işini davam etdirməlidir. O, onun köməksizliyini aşkar etmək istəyən günahkarların tələblərini yerinə yetirməyə borclu deyil və onların üstün saydıqları dəlillərə istinad etməməlidir. Onun, bütövlükdə bütün məsələlərin lehinə şəhadət verən inandırıcı və ziddiyyətsiz dəlilləri nümunə göstərməsi kifayət edər. Bu ayələrdən həmçinin aydın olur ki, Müqəddəs Quran təkrarolunmaz bir möcüzədir, çünki heç kim bu Kitaba bənzər bir kitab və ya Quran surələrinə bənzər on surə belə və ya da heç olmazsa bir surə uydurmağa qadir deyildir. Allah bəlağətli və dildən pərgar olan düşmənlərinə  çağırış göndərərək onları cavab verməyə dəvət edir. Lakin onlar bu çağırışı qəbul etmirlər, çünki onların hamısı çox gözəl anlayırlar ki, Qurana bənzər bir şey uydumağa qadir deyillər. Bu ayələrdən həm də belə bir nəticə çıxır ki, Quran elmlərini və tövhidi müzakirə edərkən kamil biliklər tələb olunur və ancaq ilk nəzərdən doğru gö­rünən zənnə əsaslanmaq kifayət etmir. Məhz buna görə Fövqəluca əmr edir ki, insanlar Müqəddəs Quranın Allahın rizası ilə nazil olunduğunu və Allahdan başqa ilah olmadığını bilsinlər.

                      ﭿ             ﮅ ﮆﮇ  ﮈ ﮉ                                          

(11.15) “Kim (Axirətdən vaz keçib) dünyanı və onun bərbə­zəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada  verərik. Onların dünyadakı savabları əsla azaldılmaz”.
(11.16) “Belələrinin Axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!”

Əgər insanın bütün düşüncə və niyyətləri müstəsna olaraq təkcə dünya həyatı və yerin gözəllikləri ilə bağlı olarsa, əgər o, ancaq qadınlar, oğullar, ağır qızıl və gümüş külçələr, cins atlar, ev heyvanları və əkinəcək haqqında fikirləşirsə, əgər o, bütü qüvvəsi ilə bu nemətləri əldə etməyə çalışırsa, ancaq bu məqsədlər üçün zəruri olan biliklərə yiyələnirsə və Axirət həyatına qətiyyən can atmırsa, onda belə bir insan əsil kafirdir, axı əgər insan dindardırsa, onda onun qəlbinə yol tapmış iman ona imkan verməzdi ki, o, təkcə maddi nemətlər əldə etməyə can atsın. Bundan başqa, haqq din və saleh əməllərin özü artıq onun Axirət aləminə can atmasını təsdiq edərdi. Lakin bədbəxt kafirlər özlərini elə aparırlar ki, sanki onlar ancaq bu dünyada yaşamaq üçün yaradılmışlar və bu səbəbdən Allah əməllərinə görə onlara əvəzini elə bu dünyadaca tam verəcəkdir. Onlar maddi nemətləri onlar üçün başlanğıcda Qorunan Lövhədə təyin edildiyi kimi alacaqlar. Onlar haqqından azca da olsa kəsilməyəcəkdir, lakin bu onların sevincinin və keçirdikləri məmnuniyyətin sonu olacaqdır, çünki Axirət həyatında onlar Cəhənnəmin əbədi sakinlərinə çevriləcəklər və orada onların çəkəcəkləri əzablı cəza bir anlığa belə fasilə verilmədən davam edəcəkdir. Bununla yanaşı onlar ən qiymətli savabdan məhrum ediləcəklər. Onların bu dünyada haqqa və onun tərədarlarına qalib gəlmək ümidilə törətdikləri əməllər və həmçinin etdikləri yaxşı əməllər faydasız və puç olacaq. Bu ona görə belə olacaq ki, onların yaxşı əməlləri möhkəm əsasa malik deyildi və vacib şərtdən – haqq dindən məhrum idi.

                                                                                           

(11.17) “Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan Kitabının təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qurana inanırlar. (Ey Elçim!) Quranı inkar edən zümrəyə vəd olunan yer isə Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insan­ların əksəriyyəti (buna) inanmazlar!”

Fövqəluca bu ayədə Öz Elçisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və habelə onun dinin hökmlərini nöqsansız yerinə yetirən və möhkəm etiqada malik olan varis­lərinin məziyyətləri haqqında xəbər verir. Onların fərdi keyfiyyətləri digər insanların keyfiyyətlərindən tamamilə fərqlənir, onları müqayisə etmək belə, sadəcə, mümkün deyil. Onlar öz Rəbbindən gələn aydın dəlillərə istinad edirlər, çünki Allahın nazil etdiyi vəhy bir çox mühüm məsələləri aydınlaşdırır və insanda tam etiqad yaradılmasına səbəb olan açıq dəlilləri özündə əks etdirir. Onların haqlı olmasının bu sübutlarının ardınca yenə bir dəlil gəlir – qüsursuz təhtəlşüur və sağlam təfəkkür Fövqəluca Allahın nazil etdiyi və qanuniləşdirdiyi hər şeyin doğruluğunu təsdiq edir və bunların sayəsində möminlər ayənin ecazkarlığını dərk edirlər və  imanları güclənir. Bununla yanaşı onlar üçüncü dəlilə - insanlar üçün Təlimat və mərhəmət olan Müqəddəs Tövrata istinad edirlər. O, Quranın gerçəkliyini təsdiq edir və Quranın özünün təbliğ etdiyi haqqı təbliğ edir.
Sadalanan məziyyətlərə malik olan, çoxsaylı dəlillərə istinad edən və özlərinin haqlı olmasında tam əmin olmaları üçün əllərində əsas olan möminlər məgər nadanlıq zülmətində dolaşan­ günahkarlara oxşaya bilərlərmi?! Şübhəsiz ki, onlar Allahın qarşısında bərabər olmadıqları kimi, Allahın qullarının gözü qarşısında da bərabər deyillər.
Sadalanan dəlilləri etiraf edən insanlar həqiqətən Müqəddəs Qurana inanırlar və belə imanın xeyirxah nəticələri – onların bu dünyada və həm də ölümdən sonra tam əmin-amanlıq şəritində  olacaqlarıdır. Yer üzündə mövcud olan və haqqa qarşı mübarizə aparan müxtəlif təriqətlər mütləq Cəhənnəmə vasil ediləcəklər. Bu isə o deməkdir ki, insan Fövqəluca Rəbdən gələn haqq Quranın doğruluğuna azca da olsun belə şübhə etməməlidir. Lakin insanların əksəriyyəti buna iman gətirməkdən boyun qaçırır. Onların bir qismi nadanlıqları və yolunu azmış insan olduqlarına görə belə rəftar edirlər, digərləri isə öz ədalətsizlikləri, öz inadkarlıqları və zalımlıqları üzündən belə davranırlar. Əgər onlar təmiz niyyətə və sağlam mühakimə yürütmək qabiliyyətinə malik olsaydılar, onda hökmən Müqəddəs Qurana iman gətirərdilər, çünki ətrafda olan hər şey insanı üzünü haqq dinə çevirməyə çağırır.                                                                     

                     ﯮ ﯯ                                ﯾ ﯿ                          

(11.18) “Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!”
(11.19) “O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər – məhz onlar Axirəti inkar edən­lərdir”.

Fövqəluca Allah bu ayədə bəyan edir ki, ən zalım insanlar – Allaha böhtan atanlardır. Bu, Allaha şərik qoşan və Onun əzəmətinə uyğun gəlməyən keyfiyyətlər aid edən, Allahın demədiyini Onun adından danışan, özü özünü peyğəmbər elan edən və yaxud Allaha bir başqa üsulla iftira deyən hər kəsə aiddir. Belə insanlar ən böyük zalımlardır və onlar mütləq öz Rəbbi hüzurunda öz zalımlıqlarına görə əvəzini almaq üçün cavab verməli olacaqlar. Fövqəluca Allah onları sərt cəzaya məhkum etdiyi zaman, şahidləri təsdiq edəcəklər ki, dünya həyatında bu günahkarlar Allahın adından yalan uydururdular və belə deyəcəklər: “Bax bunlar idi öz Rəbbinə böhtan atanlar! Onları lənətə gəlsinlər!”
Bu lənət əbədi lənət olacaqdır, çünki zalımlıq bu günahkarların ayrılmaz məziyyətlərindən idi və buna görə onlar vəziyyətlərinin yüngülləşdirilməsinə layiq deyillər. Onlar özləri Allahın elçilərinin dəvət etdikləri Allah yolundan azmışdılar və ətraflarındakıları da bu yoldan çıxardırdılar ki, bunun sayəsində  də onları Cəhənnəm oduna aparan öndə gedənlərinə çevrilirdilər. Onlar düz yolu təhrif etməyə və ləkələməyə can atırdılar ki, insanlar onu yanlış yol hesab etsinlər. Onlar yalanı bəzəyir və həqiqətə isə qara yaxırdılar. Allah onları rüsvay etsin! Onlar hətta Axirətə də inanmırdılar.

                                         ﭤﭥ ﭦ    ﭩﭪﭫ

(11.20) “Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!”

Onlar Allahın onlardan alacağı intiqamından qaça bilməyə­cəklər, çünki Onun hakimiyyəti altındadırlar və Onun iradəsindən asılıdırlar. Heç kim onları xoşagəlməz və bəd hadisələrdən xilas edə və onlara savab verə bilməz və onlar başlarına gələcək hadisələrə təsir göstərmək imkanından məhrum ediləcəklər. Onları getdikcə güclənəcək sərt cəza gözləyəcəkdir, çünki onlar özləri azğınlığa düşmüşdülər və bir çox başqalarını da azdırmışdılar. Onların haqqa qarşı olan nifrəti və ondan ikrah etmələri o dərəcədə böyük idi ki, Allahın ayələrini dərk edə və onlardan faydalana bilmirlər. Bu barədə Fövqəluca belə buyurur: “Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər? Sanki ürküdülmüş vəhşi uzunqu­laq­lardır ki, ovçulardan (yaxud aslan­dan) qa­çırlar” (Müdəssir, 74/49-51). Bununla yanaşı onları gördükləri üzərində düşünə və bun­dan faydalı nəticələr çıxara bilmədilər. Onlar fikirləşməyə qadir olma­yan kar və lal divanələrə bənzəyirlər.

                                      

(11.21) “Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydur­duqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar”.
(11.22) “Şübhəsiz ki, Axirətdə də ən çox ziyana uğrayanlar onlardır!”

Rəbbinin hökmü gerçəkləşəndə önlar özlərini itirəcəklər və ən əzab-əziyyətli cəzaya layiq olacaqlar. Onların təbliğ etdikləri və təriflədikləri “din” puç olacaq, Allahdan başqa itaət etdikləri tanrıçalar isə onlara heç bir fayda verməyəcəklər. Onlar yeganə zərərə düşənlər olacaqlar və onların düşdükləri zərər hədsiz dərə­cədə böyük olacaqdır. Onların nəsibi təkcə qəm-qüssə və məhru­miy­yətlər olacaqdır və heç kim onlar bədbəxtliklərdən və cəzadan xilas olmağa kömək göstərməyəcəkdir. Ey Allah, bizi belə qismət­dən qoru!

  ﭾﭿﮀﮁ ﮂ ﮃﮄ               

(11.23) “İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!”

Bədbəxt kafirlərin məziyyətlərini və onları gözləyən taleyi təsvir etdikdən sonra Fövqəluca Allah xoşbəxt möminlərin məziyyətlərindən və onlar üçün hazırlanmış savablardan bəhs edir. Onlar Allahın iman gətirilməsini əmr etdiyi dinin bütün əsas məsələlərinə ürəkdən iman gətirmişdilər. Bununla yanaşı onlar qəlbi və bədən üzvləri ilə saleh əməllər edir və doğru sözlər danışırlar. Onlar Rəbbin qarşısında itaətkardırlar və Onun əzəmətinə tabedirlər. Onlar Onu sevir və Ondan qorxurlar, Ona ümid bəsləyir və mütiliklə dua edirlər. Bu gözəl keyfiyyətləri özündə cəmləşdirən hər kəs mütləq Cənnət sakinləri arasında olacaqdır. Onlar Cənnət bağlarını əbədi olaraq tərk etməyəcəklər, çünki həmişə xeyirxahlığa can atmış və hər hansı saleh əməli ləngimədən yerinə yetirmişlər.

                         

(11.24) “Bu iki zümrə (kafirlərin və möminlərin) vəziy­yəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?”

Bu iki zümrə - bədbəxt günahkarlar və xoşbəxt möminlərdir. Birincilər kor və karlara, ikincilər isə görən və eşidən kəslərə bənzəyərlər. Məgər onları bir-biri ilə müqayisə etmək olar? Şübhəsiz ki, onları müqayisə etmək mümkün deyil. Bundan başqa, onların arasında sözlə təsvir etmək mümkün olmayan çox böyük fərq var. Doğrudanmı bundan sonra da insanlar onlara fayda verən və ya zərər vuran əməllər üzərində düşünməyəcəklər ki, faydalı işlər görüb, əsil zərərli hərəkətlərdən çəkinə bilsinlər.

  ﮝﮞﮟﮠﮡﮢﮣ ﮤ  ﮥﮦ                             

(11.25) “Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər gön­dərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbər­əm!”
(11.26) “Allahdan başqasına ibadət etməyin. Mən dəhşətli bir Gününün sizə üz verəcək əzabından qorxuram!”

Nuh (ə) ilk elçi idi ki, Allah onu öz tayfasına, onları Allaha dəvət etmək və müşriklikdən çəkindirmək hökmü ilə göndərmişdi. Nuh demişdi: “Ey mənim xalqım! Mən sizə nədən çəkinməli olduğunuzu hərtərəfli izah etdim. Mən həmçinin sizə onu da bil­dirdim ki, siz təkcə bir olan Allaha ibadət etməlisiniz və Allahdan başqa ibadət etdiyiniz bütlərdən əl çəkməlisiniz. Həqiqətən, mən qorxuram ki, əgər siz tək Allaha etiqad və mənə itaət etməsəniz, onda şiddətli əzab verən cəzaya məruz qalarsınız”.

                         ﯟﯠ  ﯡﯢ    ﯤ ﯥﯦ                           

(11.27) “(Nuh) tayfasının kafir əyan-əşrəfi dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”

Tayfanın başçıları və əyanları Nuhun çəğırışına rədd etdilər. Məhz cəmiyyətin adlı-sanlı adamları, adətən, ilk növbədə Allahın elçilərini rədd edərdilər. Onlar saleh peyğəmbərə, onun adi insan olmasına görə, iman gətirməkdən boyun qaçırırdılar. Onlar öz küfrlərini belə izah edirdilər, halbuki əslində məhz insan adamların yanına elçi kimi göndərilə bilərdi. Ayrı cür ola da bilməzdi, çünki insanlar ancaq özlərinə bənzər olanlarla görüşə bilərlər, onlardan nəyi isə öyrənə bilərlər, onlara istənilən sualla müraciət edə bilərlər, halbuki bunları mələklərlə edə bilməzlər. Tayfa başçılarının iman gətirməkdən boyun qaçırmalarına bir səbəb də peyğəmbərlərin ardıyca gedənlərin ən yazıq, zavallı, aciz və miskin insanlar olması idi. Bunu tayfa başçıları belə hesab edirdilər, halbuki əslində peyğəmbərin ardıcılları öz xalqının ən şərəfli və ən ağıllı oğulları olurdular. Onlar haqqa itaət edir və çox vaxt zadəgan adlandırılan və hər cür qiyamçı şeytanlara tabe olan, daşlara, ağaclara ibadət edən, bütlərə tapınan və onların qarşısında səcdə edən alçaq təbiətli insanlara bənzəmirdilər.
Belə tayfa başçılarından daha alçaq və daha günahkar insanlar görmüsənmi? Onlar öz peyğəmbərinə belə deyirdilər: “İnsanlar nə etdiklərini anlamadan sənin ardınca gəlirlər. Sən onlar ardınca gəlməyi təklif etmisən, onlar da sənə itaət etmişlər”. Onlar bununla demək istəyirdilər ki, möminlər dindən heç nə anlamırlar. Lakin onlar bilmirdilər ki, açıq-aşkar həqiqət ağıllı və fərasətli insanları özünə cəlb edir və dərrakəli insanlar haqqa rast gələn kimi onu tanıyır və qəbul edirlər. Onlar həmçinin bilmirdilər ki, aydın həqiqət gizli sirlərə bənzəmir ki, onların üstündə çox düşünməli olsunlar. Onlar deyirdilər: “Biz sizi özümüzdən ləyaqətli hesab etmirik və sizə itaət etməyə hazırlaşmırıq. Bundan başqa, biz sizi yalançı sayırıq”. Lakin onlar özləri yalan danışırdılar, çünki Allahın Nuha (ə) verdiyi çoxsaylı möcüzələrin şahidi olmuşdular və bunlar onun (ə) tamamilə doğruçu olduğuna şübhə yeri qoymurdu.

                             ﯿ            ﰅ ﰆ

(11.28) “(Nuh) dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə (möcüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!”

Nuh (ə) öz qəbilədaşlarına etiraz edərək onları əmin etməyə çalışırdı ki, o (ə) möhkəm dəlillərə istinad edir və haqqa şübhə etmir. O (ə) Allahın elçisi, kamil insan və təqlid olunası bir nümunə idi. Onların təfəkkürlərini sezə bilmədikləri ağıllı insanlar ona (ə) itaət edirdilər. O (ə) doğrudan da sadiq insandı və əgər o (ə) nə deyirdisə, ancaq Rəbbindən nazil edilən dəlillərə istinad edirdi və buna görə onun (ə) dediyi sözlər ona (ə) inanmağa kifayət edirdi. O (ə) həmçinin belə deyirdi: “Ey mənim qəbilədaşlarım! Allah mənə vəhy nazil etmiş, məni Özünün elçisi seçmiş və mənə doğru yol Təlimatı vermişdir. Siz Allahın mənə iltifat göstərdiyi himayəsini görmürsünüz və o sizə ağır gəlir. Doğrudanmı siz elə düşünür­sünüz ki, biz haqq saydığımıza, sizin şübhələrinizə baxmayaraq, sizi iman gətirməyə məcbur edəcəyik? Doğrudanmı siz zənn edirsiniz ki, sizin mənim möizələrimi təkzib etmək arzusunda olduğunuz dərəcədə nifrət etdiyiniz bir şeyə sizi məcbur edəcəyik? Sizin cəhdləriniz bizə ziyan vurmayacaqdır və bizim imanımızı sarsıda bilməyəcəkdir, sizin yalançı danışıqlarınız və uydurma­larınız isə bizi etiqad etdiklərimizdən əl çəkməyə məcbur edə bilməyəcəkdir. Hər şey onunla bitəcək ki, sizin hərəkətləriniz sizə doğru yola gəlməyə mane olacaq, sizi haqqa itaət etməkdən saxlayacaq və həqiqət sizə yalan kimi görünəcəkdir. Əgər bu aryıq baş vermişdirsə, onda biz sizi Allahın hökmünü yerinə yetirməyə və çəkindiyiniz şeyə tərəfdar olmağa məcbur edə bilmərik”. 

                                                         

(11.29) “Ey mənim xalqım! Mən peyğəmbərliyi təbliğ etmə­yə görə sizdən var-dövlət istəmirəm. Mənim savabım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan da deyiləm. Məhz onlar (Qiyamət günü) öz Rəbbi ilə qarşıla­şacaqlar. Lakin mən sizi cahil bir tayfa hesab edirəm!”

Ey mənim qəbilədaşlarım! Mən sizdən möizələrimə görə savab istəmirəm və sizin var-dövlətinizə göz dikməmişəm, sizi  özümə borclu da saymıram. Həqiqətən, məni təkcə Allah mükafat- landıra bilər. Siz məndən mənim ətrafıma yığılmış iman gətirmiş kasıb insanları qovmağımı xahiş edirsiniz, axı mənə bel rəftar etmək yaraşmaz. Əksinə, mən onları mehribanlıqla qarşıla­yacaq, onlara ehtiram göstərəcək və hörmətlə yanaşacağam. Yaxınlarda onlara Rəblə görüşmək qismət olacaq və O, iman gətirdiklərinə və təqvalılıqlarına görə onları Cənnət bağları ilə mükafatlan­dıracaq. Əgər siz məndən əməlisaleh insanları qovma­ğımı və onlardan uzaq durmağımı tələb edirsinizsə və həmin səbəbə görə, həmin möminlərin onu qəbul etdiklərinə görə haqqı rədd edirsinizsə, əgər siz haqqı, mənim başqalarından fərqlənmə­diyimə, sadəcə adi bir adam olmağıma görə, yalan hesab edirsinizsə, onda mən cəsarət edib sizi cahil, nadan insanlar adlandırıram.  

ﭫﭬﭭ ﭮ ﭯ ﭰﭱ

(11.30) “Ey mənim xalqım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?

Əgər mən möminləri qovsam kim məni Allahın cəzasından xilas edər? Həqiqətən, belə bir hərəkət insanı əzabverici bir cəzaya və böyük iztirablara məhkum edər ki, bunlardan xilas etməyə Allahdan daşqa heç kim qadir deyildir. Doğrudanmı siz sizə fayda gətirə bilən şeylər üzərində düşünmürsünüz? Doğrudanmı siz ətrafda gedən proseslərin mahiyyəti barədə fikirləşmirsiniz?

                    ﭿ                                              

(11.31) “Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah (hamıdan yaxşı) bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”

Mən – ancaq Allahın elçisiyəm. Kimə müjdə verir və xəbərdarlıq edirəm. Mən bundan başqa bir şeyə qadir deyiləm və Allahın xəzinələrinə malik deyiləm. Mən nemətlərin sərəncamçısı da deyiləm və insanları öz istəyimlə mükafatlandıra və ondan məhrum edə bilmərəm. Qeybi də bilmirəm və Kainatın sirlərini və gizli olan şeylərini də sizə danışa bilmirəm. Mən özümü mələk də adlandırmıram və layiq olmadığım mövqeyə iddia da etmirəm. Mən istəmirəm ki, Allahın məni qoyduğu yerdən yuxarıya qaldırsınlar və insanlar haqqında öz zənnimə əsaslanaraq mühakimə yürütmək də istəmirəm. Əgər iman gətirməmiş başçılar yoxsullara və adsız-sansız möminlərə nifrət edirlərsə, mən demərəm ki, Allah onlara heç vaxt var-dövlət verməyəcəkdir. Onların qəlbində olanlar Allaha daha yaxşı məlumdur. Əgər onlar doğrudan da iman gətiriblərsə, onda onlara mütləq böyük nemət nəsib olacaqdır. Yox əgər onların imanı səmimi deyilsə, onlar buna görə Allah qarşısında cavab verməli olacaqlar. Əgər mən mənə aid olmayan bir şeyi demək istəsəm, onda mən ədalətsiz zalımların sırasına düşərəm.
Nuh (ə) belə sözlərlə öz qəbilədaşlarına cəhd göstərirdi izah etsin ki, o (ə) kasıb möminləri heç vaxt tərk etməyəcəkdir və onlara nifrət bəsləməyəcəkdir. Bununla yanaşı, o (ə) onları daha doğru və daha ədalətli yol ilə getməyə dəvət edirdi.

                                 

(11.32) “Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox müba­hisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”

Müşriklər görəndə ki, Nuh (ə) öz möizələrindən əl çəkməyə hazırlaşmır və onların istəklərinə tabe olmaq niyyətində deyil, belə dedilər: “Ey Nuh! Sən bizimlə çox mübahisə etdin. Əgər doğru deyirsənsə, onda bizi qorxutduğun cəzanı bizə göstər”. Onlara  səmimiyyətlə xeyirxahlıq diləyən Peyğəmbərə bu sözləri deyən kafirlərdən daha nadan və azğın insanlar tapmaq olarmı? Onlar deyə bilərdilər ki: “Ey Nuh! Sən bizə faydalı məsləhətlər verirdin, bizə görə narahat olurdun, bizi bizə aydın olmayan baxışlara dəvət edirdin. Biz istəyirik ki, sən öz əqidəni bizə daha yaxşı izah edəsən ki, sənin ardınca gedə bilək. Hələlik isə biz sənə bizə bəslədiyin səmimi münasibətinə görə ancaq minnətdarlıq bildirə bilərik”. Belə cavab, ətrafdakılara aydın olmayan baxışlar təbliğ edən insana münasibətdə ədalətli olardı. Lakin müşriklərin cavabı yalan və kobud idi. Onlar əməlisaleh peyğəmbəriin möizələrini təkzib etmək üçün hətta şübhə doğuran dəlillər belə gətirə bilmədilər. Onların dəlilləri belə inandırıcı və təkzibolunmaz deyildi.

                                                                   ﯜﯝﯞﯟ  ﯡﯢ ﯣ ﯤﯥ

(11.33) “(Nuh) belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz”.
(11.34) “Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”

Müşriklərin nadanlığı və ədalətsizliyi onları şiddətli sərt cəzanın tez gəlməsini arzulamağa sövq etdi. Onlar sanki Allahı gücsüzlükdə və acizlikdə ittiham edirdilər və belə olduqda Nuh peyğəmbər (ə) dedi: “Siz ancaq Allah istədikdə cəzanızı ala­caq­sınız və əgər bu, Onun ilahi müdrikliyinə uyğun gələrsə, O, sizdən günahlarınızın əvəzini hökmən çıxacaqdır. O zaman siz artıq Allahdan xilas ola bilməyəcəksiniz və mən də sizə heç nə ilə kömək edə bilməyəcəyəm. Hətta mənim ən səmimi nəsihətlərim belə, Allah sizi azdırmaq istəyərsə, sizə fayda verməyəcəkdir, çünki Rəbbin iradəsi mütləq gerçəkləşdiriləcəkdir. Əgər sizin haqdan sapmanız Allahın sizi azğınlığa salmağa səbəb olmuşdursa, onda mənim bütün səylərim və möizələrim sizin üçün faydasız olacaqdır. Allah – sizin Rəbbinizdir. O, sizinlə istədiyi kimi rəftar edə və istədiyi kimi sizi idarə edə bilər. Siz isə Onun dərgahına qayıtmalı olacaqsınız ki, əməllərinizə görə əvəz alasınız”.

                                

(11.35) “Yoxsa onlar: “Muhəmməd onu özün­dən uydurdu!”– de­yir­lər. De: “Əgər mən onu özüm­dən uydurmuşamsa, gü­na­hım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uza­ğam”.

Bir təfsirə görə bu ayədə Nuh peyğəmbərdən (ə) bəhs edilir və bu şərhin lehinə olan dəlil müzakirə edilən ayələrin mətinləridir. Onun (ə) tayfasından olanlar iddia edirdilər ki, o (ə) Allaha böhtan atıb və yalandan Allahın ona (ə) vəhy nazil etdiyini söyləyib. Belə olduqda, Fövqəluca Allah ona (ə) əmr edir ki, onlara belə desin: “Əgər mən bunu özümdən uydurmuşamsa, öz cinayətimə görə özüm də cavab verəcəyəm, amma sizin günahlarınıza mənim heç bir aidiyyətim yoxdur. Hər birimiz öz törətdiyi nöqsanlı əməllərinə görə özü cavab verməli olacaqdır”. Bununla əlaqədar Fövqəluca buyurmuşdur: Heç bir günahkar başqasının günahını daşımaya­caqdır!” (Nəcm, 53/38).
Digər bir şərhə görə isə, bu ayədə şəxs əvəzliyi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Onda belə çıxır ki, bu ayə Nuh peyğəmbər (ə) haqqında rəvayətə ancaq Allahın peyğəmbərlərinə şəxsən məlum olan səbəblərə görə salınmışdır. Allahın Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) onun doğruçuluğuna şəhadət verən və onun (s.ə.s.) peyğəmbərliyini təsdiq edən rəvayəti Onun möcüzələrindən biri idi. Bu rəvayətin nazil edilməsi gedişində Allah ona (ona Allahın salavatı və salamı olsun!) xatırladır ki, o da haqqı öz qəbilədaşlarına izah etsin, lakin onlar da onu (ona Allahın salavatı və salamı olsun!) rədd etməyi üstün tutmuşdular. Onlar demiş­dilər: “Bu Quranı Muhəmməd uydurmuşdur!” Amma onların belə deməsi çox biyabırçı yalandı. Axı məkkəlilər yaxşı bilirdilər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) nə yazmağı və nə də oxumağı bilmir. Onlara həm də məlum idi ki, o (ona Allahın salavatı və salamı olsun!), heç vaxt onlardan ayrılıb oxumaq üçün Kitab əhli arasına getməmişdi. İndi isə o (ona Allahın salavatı və salamı olsun!) onlara Kitab gətirmiş, meydan oxumuş və Quran surələrinə oxşayan heç olmazsa bir surə yazmalarını təklif etmişdi. Əgər bundan sonra da onlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Quranı uydurduğu iddiası üzərində inadla dayanır­larsa, onda onlar inadkar kafirlərdir və onlar üçün dəlil-sübut gətirmək faydasızdır. Ümumiyyətlə isə, onları rahat buraxmaq lazımdır və buna görə də Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlara belə deməyi əmr etmişdir: “Əgər Quranı mən uydurmuşamsa, onda mən özüm öz günahıma və yalanıma görə cavab verməli olacağam. Lakin mənim sizin törətdiyiniz cinayət­lərə heç bir aidiyyətim yoxdur. Niyə onda siz mənim “yalanımı” belə inadla ifşa etməyə cəhd göstərirsiniz?”

                                  ﯿ                                                        

(11.36) “Nuha belə vəhy olundu: “Qöv­mün­dən, daha əvvəl iman gətirənlər is­tisna olmaqla artıq heç kəs iman gə­tir­məyəcək. Elə isə onların etdikləri əməl­lərə görə kədərlənmə”.
(11.37) “Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt. Za­lım olan­lar­dan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.

Allah Nuha (ə) bildirdi ki, onun (ə) həmqəbilələri arasında ancaq əvvəl iman gətirənlər haqq dinə etiqad edəcəklər. Qalanların ürəkləri artıq daşa dönmüşdür və peyğəmbər onlara görə kədər­lən­məməli və onların əməllərinə əhəmiyyət verməməlidir. Allah onun (ə) kafir qəbilədaşlarına nifrət edir və onlar üçün heç kimin qarşısını ala bilməyəcəyi cəza müəyyəmləşdirmişdir. Allah peyğəmbərinə (ə) bir böyük gəmi düzəltməyi tapşırdı. Gəminin inşa edilməsi Rəbbin Özünün nəzarəti altında həyata keçirilirdi, O, gəmini qoruyurdu və itaətkar qullarının hərəkətlərindən razı qalmışdı. Bununla yanaşı Allah Nuha (ə) cəzanı bir qədər ləngitmək xahişi ilə Ona müraciət etməsini yasaqlamışdı, çünki hökm artıq verilmişdi və Qədər gerçəkləşməliydi.

                                                                          

(11.38) “(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrəfi isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq”.
(11.39) “Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”

Nuh (ə) Rəbbin iradəsinə itaət edərək nəhəng bir gəmi inşa etməyə başladı. Zadəganlar onun (ə) nə ilə məşğul olduğunu gördükdə, onu (ə) məsxərəyə qoydular. Hər dəfə onlar onun (ə) yanından keçdikdə, onu (ə) ələ salırdılar, o (ə) isə belə deyirdi: “Bu gün siz bizə istehza edib gülürsünüz, lakin lap yaxın vaxlarda biləcəksiniz ki, bizdən kimə ən rüsvayçı cəza nəsib olacaq və kimin qismətinə əbədi əzab-əziyyət düşəcəkdir”. Allahın cəzası onları haqlayan kimi, bunun həqiqət olduğunu bildilər.

                                  ﭿ                             
(11.40) “Nəhayət, əmrimiz gəl­diyi və tən­dir qaynadığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, ba­rə­­lərində söz keçmiş kəslər istis­na ol­maq­la, öz ailəni və bir də iman gəti­rən­ləri gəmiyə min­dir”. Əslində, onunla bir­likdə az adam iman gətirmişdi”.

Allahın günahkarları cəzalandırması üçün təyin etdiyi vaxt çatdıqda, göylər yeri selə verdilər və yerin hər tərəfindən su fəvvarə vurmağa başladı. Su hətta, adətən, od qalanan və su üçün uyğunlaşdırılmamış sobalarda belə coşmağa, gutuldamağa başladı. Su hər tərəfdən tökülürdü – Rəbbin qədəri belə idi. Allah peyğəmbərə (ə) buyurdu: “Gəmiyə bir dişi və bir erkək olmaqla hər növ heyvanlardan mindir ki, onları sonradan yer üzündə çoxaltmaq mümkün olsun. Bütün qalan heyvanları isə gəmi onsuz da tutmayacaq. Qoy səninlə birlikdə ailə üzvlərin və o qədər də çoxsaylı olmayan iman gətirmiş tayfadaşların gəminin göyərtəsinə qalxsınlar. Gəmidə kafirlərə yer yoxdur”. Nuhun (ə) iman gətirməmiş ailə üzvlərin­dən biri onun oğlu idi ki, o da suda batmalıydı.  

                                   

(11.41) “Nuh dedi: “Gəmiyə mi­nin! Onun üzüb getməsi də, da­yanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışla­yandır, Rəhmlidir”.

Nuh (ə) əmr aldıqdan sonra dedi: “Gəmiyə minin! Bu gün o, Allahın adı ilə üzəcək və Onun iradəsi ilə dayanacaqdır. Həqiqətən, mənim Rəbbim – Bağışlayan və Rəhmedəndir. O, bizi bağışlamış, bizə rəhm etmiş və ədalətsiz xalqın əlindən xilas etmişdir”.  

                                               

(11.42) “Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlər­dən olma!”

Allah gəminin hərəkətini elə təsvir etdi ki, sanki biz öz gözümüzlə onu müşahidə edirdik. Nuh (ə) və onunla birlikdə olanlar gəmi ilə nəhəng dalğaların arasından üzüb gedirdilər, Allah isə gəminin və onda olanların hamısının salamat qalmasının qayğısını çəkirdi. Nuh (ə) gəmiyə qalxanda, onun göyərtəsinə qalxan möminlərdən aralıda dayanmış oğlunu gördü. O (ə), oğlunu yanına çağırdı və təklif etdi ki, gəmiyə minsin. O (ə) dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma, onların hər birini gözləyən aqibət sənin də başına gələr”.

                                                      

(11.43) “(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu”.

Oğlu yenə atasına inanmadı və ancaq gəmiyə minənlərin xilas olacağı ilə razılaşmadı. O dedi: “Mən hündür bir dağa qalxıb orada sudan daldalanaram”. Belə olduqda, peyğəmbər (ə) dedi: “Bu mümkün deyil! Bu gün nə dağlar, nə də digər sığınacaqlar Allahın cəzasından qurtulmağa kömək edə bilməz”. Bu anda dalğa onları bir-birindən ayırdı və Nuhun (ə) oğlu suda boğulanlardan oldu.
                                         

(11.44) “(Allahdan bir əmr olaraq:) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirmə­yən­lərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi”.

Müşriklər suda qərq edildikdən, Nuh (ə) və onunla birlikdə olanlar isə xilas olduqdan sonra, Allah yerə, öz tərkindən püskürdüyü suyunu səthindən udmağı, göyə isə bol leysan yağdırmağı dayandırmağı əmr etdi. Onlar Allahın hökmünə itaət etdilər: yer öz səthindən suyu özünə çəkdi, göy isə yağışını kəsdi. Su yatdı, müşriklər məhv oldular, möminlər isə xilas edildilər.
Bir müddət keçdikdən sonra gəmi Mosul[3] yaxınlığında yer­lə­şən əl-Cudi dağına yanaşdı. Belə deyildi: “Məhv olsun günahkar­lar!” Onlar məhv edildilər. Lakin bunun ardınca onları əbədi lənət və bədbəxtliklər gözləyirdi.

      ﯿ                               

(11.45) “Nuh Rəbbini çağırıb dedi: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin vədin, şübhəsiz ki, haq­dır. Sən hakimlə­rin ən hikmətlisisən!”

Ey Rəbbim! Sən mənə əmr etdin ki, biri erkək və digəri dişi olmaqla hər bir heyvan növündən və mənim ailəmi gəmiyə mindirim, mənim oğlum (Kənan) da mənim ailəmin bir hissəsidir. Həqiqətən, Sən heç vaxt Öz vədini pozmursan. Sən – hakimlərin Ən ədalətlisi və müdrikisən!
Yəqin ki, Nuhun (ə) öz ailəsinə ürəyi yanırdı və Allah ona (ə) ailəsini xilas etməyi söz verəndə, Nuh (ə) elə zənn etmişdi ki, bu vəd onun (ə) bütün ailə üzvlərinə - həm iman gətirənlərə, həm də kafirlərə aiddir. Buna görə o (ə), belə bir dua ilə Allaha müraciət edir. Buna baxmayaraq, o (ə) qəti qərar qəbul ediləcəyini Onun kamil müdrikliyi ilə bağlamışdı.

                                                                     

(11.46) “Allah  buyurdu: “Ey Nuh! O, sə­nin ailən­dən deyil­dir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmə­diyin bir şeyi Mən­dən is­təmə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən olmamağı tövsiyə edirəm”.

Ey Nuh! Sənin oğlun xilas olunacaqları vəd edilmiş sənin ailə üzvlərinə aid deyildir. Allaha və Onun elçisinə iman gətirmək­dən boyun qaçıran allahsızın bağışlanması haqqında dua etmək isə ədalətsizlikdir. Nəticəsi sənə məlum olmayan şeylər haqqında isə Məndən xahiş etmə, axı onlardan bəziləri xeyir verə bilərsə, digərləri sənə zərər yetirər. Mən sənə təkidlə məsləhət görürəm ki, sən kamil qullarımdan biri olasan və cahil insanlara xas olan sifət­lə­rdən xilas olasan.



   ﭬﭭﭮ   ﭯ ﭰ    ﭲ ﭳ ﭴ                         ﭿ 

(11.47) “(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

Nuh (ə) atdığı yalnış addım haqqında bərk təəssüfləndi və dedi: “Ey Rəbbim! Sənə bilmədiyim bir şeylə əlaqədar dua etməkdən Sənə sığınıram. Məni bağışla və rəhm et. Əgər məni bağışlamasan, mən ziyana uğramışların arasında olaram. Həqiqətən, böyük ziyandan ancaq bağışlanma və rəhm edilməsi sayəsində qaçınmaq olar”.
Bu dua ona dəlalət edir ki, Nuh (ə) kafir oğlu­nun xilas edilməsi haqqında Allahdan xahiş etməyin ona qadağan olundu­ğunu bilmirmiş. Fövqəluca ona belə buyurmuşdu: “Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt. Za­lım olan­lar­dan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar” (Nuh, 11/37).
“...Heyvanların hər növündən bir cüt... və öz ailəni... gəmiyə min­dir” (Nuh, 11/40).
Peyğəmbər (ə) hər iki hökmü birləşdirərək, elə bilmişdi ki, oğlu onun (ə) ailəsinin üzvlərinə aiddir. Lakin sonradan ona (ə) bəlli oldu ki, oğlu kafirlərə aid olduğu üçün onun tərəfini saxlamaq qadağan edilmişmiş.

                                             

(11.48) “(Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”

Ey Nuh! Sənə və səninlə birlikdə olan xilqətlərə Bizim bəxş etdi­yimiz əmin-amanlıq və bərəkətlə gəmidən sahilə çıxın və dünyanın bütün guşələrinə yayılın! Amma bilin ki, sonrakı xalqların nəsil­ləri arasında elələri olacaq ki, Biz əvvəlcə onlara maddi nemətlər verəcək, sonra isə şiddətli cəzaya məruz qoya­cağıq. Biz sizi xilas etdik, lakin bu, Bizə sonrakı nəsilləri kafirlik­lərinə görə cəzalandır­mağa maneə olmayacaq. Onlar qısa müddətə nemətlərdən həzz alsalar da, haqq onları mütləq yaxalayacaqdır.
Bu, təkcə Allahın peyğəmbərlik bəxş etdiyi şəxsin bilməyə qadir olduğu ecazkar hekayətin təfsilatlı izahı bitdikdən sonra, Fövqəluca Allah Muhəmmədə (Allahın ona salavatı və salamı olsun!) belə buyurdu:  

                                   ﮤﮥ             

(11.49) “Bunlar (bu əhvalatlar) sənə vəhylə nazil etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et! Həqiqətən, (gözəl) aqibət müttəqilə­rindir!”

Bundan qabaq nə sən, nə də sənin xalqın bu hekayəti bilirdi. Onlar deyə bilməzlər ki, onu əvvəlcədən bilirdilər. Buna görə Allaha həmdsəna et, Ona minnətdarlığını bildir və dininin hökm­lərini səbrlə yerinə yetir, doğru yolla get və insanları Ona dəvət et! Həqiqətən, xeyirli son günahlardan qorunanlar və itaətsizlikdən çəkinənlər üçün hazırlanmışdır. Nuh öz xalqı üzə­rində zəfər çaldı, sən isə kafirlərə qalib gələcəksən.

                       ﯗﯘﯙ                  ﯟﯠ

(11.50) “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin On­dan başqa heç bir tanrınız yoxudr. Siz isə yalnız iftiraçısınız!”

Hud peyğəmbər öz xalqı Adlara (ə) göndərildi. Bir zamanlar məşhur olan bu xalq Yəməndə yerləşən Əhqaf adlı bir yerdə yaşayırdı. Allah Öz peyğəmbərini Adların qardaşı adlandırır, çünki o (ə) həmin xalqın içindən çıxmışdı. İnsanlara onun (ə) doğru danışan olduğu məlum idi və Allah elçisi kimi məhz onu (ə) seçmişdi ki, insanlar onun (ə) təlimini rədd etməsinlər. Hud (ə) onlara bir Allaha ibadət etmək hökmünü vermiş və Allaha şərik qoşmağı yasaq etmişdi. O (ə) onlara xəbər vermişdi ki, bütün qalan “ilahlar” uydurmadır və belə “ilahlara” ibadət böyük yanlışlıqdır. O (ə) həm də izah etmişdi ki, tək Allaha ibadət etmək hökmən vacibdir və müşriklik[4] ən dəhşətli nəticələrə səbəb olacaqdır. Sonra isə o (ə) qeyd etmişdi ki, onun (ə) tayfadaşlarının ona (ə) itaət etməməsinə heç bir səbəb yoxdur. O (ə) demişdi:


                                     

(11.51) “Ey xalqım! Mən buna (peyğəmbərliyə) görə sizdən mükafat istə­mirəm, çünki məni Yaradan mənə Özü savab verəcəkdir. Niyə siz bunu anlamırsınız?”

Mən sizin üzərinizə maddi mükəlləfiyyət qoymuram və məni möizələrimə görə mükafatlandırmağınızı xahiş etmirəm. Əks təqdirdə siz deyə bilərdiniz ki, bu adam var-dövlətimizə sahib çıxmaq istəyir. Həqiqətən də mən öz möizələrimə və nəsihətlərimə görə sizdən haqq istəmirəm, axı məni təkcə Fövqəluca Yaradan savablandıra bilər. Doğrudanmı siz mənim möizələrim üzərində düşünmək istəmirsiniz? Onlar hər bir insan üçün haqqa iman gətir­məyi zəruri edir və onların rədd edilməsi üçün heç bir səbəb qalmır.

                                     ﯿ        

(11.52) “Ey xalqım! Rəbbiniz­dən bağış­lan­ma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Gü­nah­karcasına üz çevirməyin”.

Keçmişdə etdiyiniz günahlara görə bağışlanmanızı diləyin və sonradan törədə biləcəklərinizdən tövbə edin. Qoy tövbəniz cəmimi olsun və o, ancaq Fövqəluca Allaha yönəldilsin. Əgər siz belə etsəniz, onda Allah sizə göydən bol yağış nazil edər və onun sayəsində torpaq sizə çoxsaylı hədiyyələr bəxş edər və siz bol məhsul yığarsınız. Siz nəhəng fiziki qüvvəyə maliksiniz və: “Qücdə bizi kim ötüb keçə bilər?” (Fussilət, 41/15) deyirsiniz. Lakin əgər siz mənə qulaq assanız, onda Allah qüvvənizi artırar. Öz Rəbbinizdən üz döndərməyin və Allaha ibadət etməkdən təkəbbürlə boyun qaçıran və kobud günahlar etməyə cəsarət göstərən cinayətkarlar olmayın!

                                                                                                                                                  ﭿ                                                        
(11.53) “Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!
(11.54) “Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uza­ğam!”
(11.55) “Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!”
(11.56) “Mən özümün və sizin Rəbbiniz olan Allaha təvək­kül etdim. Elə bir canlı yoxdur ki, onun ixti­yarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim haqq (doğru) yolun Rəbbidir!”[5]  
(11.57) “Əgər (imandan) üz çevirsəniz, bilin ki, mənə bu­yu­rulanları sizə təbliğ etmişəm. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”

Xeyirxah peyğəmbərin (ə) kafir qəbilədaşları onun (ə) möizə­lə­rini rədd edərək belə dedilər: “Ey Hud! Sən bizə aydın bir möcüzə göstərmədin”. Əgər onlar peyğəmbərdən (ə) onu acizlikdə və gücsüzlükdə ifşa etmək üçün özlərinə lazım olan bir möcüzə nəzərdə tuturdularsa, onda haqqın təsdiq edilməsindən ötrü belə bir möcüzənin göstərilməsinin heç bir mənası yox idi, çünki peyğəmbərdən (ə) təkcə onun təliminin doğruluğunu təsdiq edən möcüzələr tələb olunurdu. Amma əgər onlar onun (ə) ümumiy­yət­lə öz doğruçuluğuna dəlalət edən möcüzələr göstərmədiyini nə­zər­də tuturdularsa, onda onlar yalan danışırdılar, çünki peyğəmbər­­lərin hamısı öz xalqlarının yanına göndərilərkən, mütləq qaydada, Allahın iradə­sinə müvafiq olaraq, kifayət qədər möcüzələr göstərirdilər ki, insanlar onlara iman gətirə bilsinlər.
Hud onları səmimiyyətlə tək Allaha ibadət etməyə, Ona şərik qoşmamağa, saleh işlər görməyə, nəcib əxlaqi keyfiyyətlərə yiyələnməyə dəvət edir, onları bütpərəstlikdən, iyrənc əməllərdən, zalımlıqdan, hər cür günahlardan və digər alçaq xasiyyətlərdən çəkindirirdi. Bununla yanaşı o (ə) ancaq ən yaxşı və ən sədaqətli insanlara xas olan məziyyətlərə malik idi. Əgər onun (ə) möizələri və əxlaqi sifətləri onun yeganə möcüzəsi olsaydı belə, bu bəs edərdi ki, onun (ə) doğruçuluğuna əmin olaydılar. Bundan başqa, hər bir sağlam düşüncəli və şüurlu insana tamamilə aydındır ki, ancaq bəzi həssas insanların müşahidə edəbildiyi təəccüb doğuran qeyri-adi xarüqəladə hallara nisbətən, möcüzələr daha çox qabarıq şəkildə özünü büruzə verir.
Xeyirxah peyğəmbərin (ə) həqiqətə sadiqliyinə dəlalət edən aydın möcüzələrə diqqət yetirin. O (ə), nə köməkçiləri, nə də səhabələri olmadan öz qəbilədaşlarının qarşısına çıxaraq onlara belə bəyan etdi: “Mən Allaha, mənim də sizin də Rəbbinizə təvəkkül edirəm. Mən Allahı şahid çağırıram və sizdən də şahidlik etməyinizi xahiş edirəm ki, sizin Allaha şərik qoşduğunuz “ilahlara” heç bir aidiyyətim yoxdur. Mənə qarşı öz qüvvələrinin birləşdirin və mənə möhlət də verməyin!” O (ə), gücə və hakimiy­yətə malik olan, onun (ə) təliminin nurunu hər cür vasitələrlə söndürməyə çalışan düşmənlərinin mövqeyinə əhəmiyyət vermə­yə­rək, onlara çağırışla müraciət etdi və onlar ona (ə) heç bir pislik edə bilmədilər. Həqiqətən, bunda anlayan insanlar üçün bir möcüzə var idi.
Onun (ə) kafir qəbilədaşları deyirdilər: “Biz ancaq sənin bizə yasaq etdiyinə görə öz ilhlarımıza bu qaydada ibadət etməkdən əl çəkmərik. Biz belə hesab edirik ki, sən öz sözlərini təkzibolunmaz möcüzələrlə təsdiq etməyə nail olmadın. Biz sənə iman gətirmək­dən imtina edirik”.  Bu sözləri ilə onlar xeyirxah peyğəmbərə (ə) anlatmaq istəyirdilər ki, heç vaxt haqq dinə üz tutmayacaqlar və küfr zülmətində dolaşmaqdan əl çəkməyəcəklər. Sonra isə onlar belə dedilər: “Biz ancaq onu deyə bilərik ki, ilahlarımızdan biri səni divanə etmiş və ağlını əlindən almışdır. Sən sayıqlayırsan və nə dediyini bilmirsən”. Bu mürtədlərin qəlblərini möhürləmiş Allah Pakdır! Onlar aralarında açıq-aydın haqqı təbliğ edən ən sədaqətli insanı tamamilə abırsızcasına səciyyələndirdilər. Əgər Fövqəluca Allah onların sözlərini xəbər verməsə idi, ağıllı kişilər bu müdhiş yalanı təkrar etməyə xəcalət çəkərdilər.
Lakin Hud (ə) qəti əmin idi ki, nə müşriklər, nə də onları uydurulmuş tanrıçaları ona (ə) zərər vura bilməzlər və buna görə də belə söyləmişdi: “Mən Allahı şahid çağırıram və sizdən də şahidlik etməyinizi xahiş edirəm ki, sizin Allaha şərik qoşduğunuz “ilahlara” heç bir aidiyyətim yoxdur. Mənə qarşı öz qüvvələrinin birləşdirin və mənə möhlət də verməyin və ləngimədən hərəkət edin. Mən ancaq bütün varlığı yaradan, bizim qayğımıza qalan, bizi və sizi idarə edən Allaha təvəkkül edirəm. Bütün canlılar ancaq Onun iradəsi ilə hərəkətə gəlir və ya yerində donub qalır və əgər siz birləşib mənə zərər vurmaq istəsəniz, Allah mənə üstün gəlməyi sizə icazə vermədikcə, buna nail ola bilməzsiniz”. Əgər belə bir şey baş versə, onda bu Allahın hikmətinə  müvafiq olacaqdır. Həqiqətən, mənim Rəbbim ədalətlidir, insaflıdır və müdrikdir. Onun qədəri, qanunları, hökmləri, savabı və cəza verməsi ən şərəfli təriflərə layiqdir. Onun bütün əməlləri düzgün və tərifəlayiqdir. Əgər siz mənim sizi dəvət etdiyimdən imtina edərsinizsə, onda bilin ki, mən öz vəzifəmi yerinə yetirmişəm və sizin əməllərinizə görə cavab verməyəcəyəm. Bilin ki, mənim Rəbbim sizi, tək Ona itaət edəcək, Ona şərik qoşmayacaq başqa bir xalqla əvəz etməyə qadirdir. Öz cinayətlərinizlə siz ancaq özünüzə zərər vura bilərsiniz, çünki tabe olmayanların itaətsizliyi Allaha heç bir zərər vurmur və eynilə də möminlərin itaəti Ona heç bir fayda vermir. İnsan yaxşı əməllər etdikdə, bu onun özü üçün xeyirli olur, günah işlətdikdə də bu onun zərərinə olur. Həqiqətən, mənim Rəbbim mövcud olan hər şeyi mühafizə edir və yadda saxlayır”.

                                  

(11.58) “(Hud tayfasının məhvi barəsində) əmrimiz gəl­dikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtar­dıq!”

Ad xalqı üçün Allahın cəzası – qorxunc qasırğa oldu. Fövqəluca o barədə belə buyurmuşdur: “Adın (Ad xalqının) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndər­mişdik. O, qarşısına çıxan heç bir şeyi buraxmır və sovurub külə (çör-çöpə) döndərirdi” (Zariyat, 51/41-42). Ondan təkcə Hud (ə) və onunla birlikdə iman gətirənlər xilas oldular. Onun (ə) xalqının bütün qalan nümayəndələri isə amansız cəzaya məruz qoyularaq, məhv edildi. Son nəticədə, adlardan onların ancaq yaşayış yerlə­rinin xara­balıqları qaldı. 

                      ﯓ ﯔ    

(11.59) “Bu Ad xalqı idi! Onlar Rəb­bi­nin ayələrini inkar etdi­lər, Onun elçi­lə­rinə asi oldular və hər bir inadcıl təkəb­bür sa­hibinin əmrinə itaət etdilər”.

Onlar zalım insanlar idilər və amansız cəzaya layiq görül­dülər. Onla öz Rəbbinin ayələrini inkar etdilər və peyğəmbərə (ə) belə dedilər: “...Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətir­mədin...” (Hud, 11/53). Onlar onun (ə) möizələrini inadkarcasına rədd etməkdən əl çəkmirdilər, halbuki haqlı olduğuna əmin idilər. Onlar Allahın elçilərinə itaətsizlik göstərirdilər, çünki hətta bir elçiyə belə itaətsizlik edən şəxs, əslində bütövlükdə bütün elçilərə itaətsizlik göstərir. Bunun səbəbi onların hamısının eyni bir dini təbliğ etmələrindədir[6]. Bununla yanaşı onlar, Allahın qullarına zalımcasına münasibət bəsləyən və Allahın ayələrini inadla inkar edən təkəbbürlü tərs insanlara itaət edirdilər. Bütün bu deyilənlər­dən aydın olur ki, onlar Allahın qullarına səmimi qəlbdən xeyirxahlıq diləyən və onlardan ötrü narahatlıq çəkən insanlara itaət etmdikləri halda, onları aldadanlara və məhvə aparanlara tabe oldular. Allahın belələrini məhv etməsi heç də təəccüblü deyil.


                                                 

(11.60) “Onları həm bu dünyada, həm də Qi­yamət günündə lənət təqib edə­cək­dir. Həqiqətən, Ad xalqı öz Rəbbini inkar etdi. Məhv olsun Adlar – Hudun xalqı!

Bütün zamanların insanları bu əxlaqsız xalqın tarixini və onun yaramaz əməllərini xatırlayacaq və alçaqlıq hissi onları əsrlər boyu addım-addım təqib edəcəkdir. Qiyamət günü başladıqda isə onlar lənətlənmişlərin arasında olacaqlar, çünki onları xəlq edən, mal-mülklə təmin edən və tərbiyələndirən öz Rəbbini onlar inkar etmişdilər. Məhv olsun Hudun xalqı olan Adlar! Allah artıq onları sonsuzluğa qədər hər cür xeyirdən uzaqlaşdırmış və onları hər cür müsibətlərə yaxınlaşdırmışdır.

                                             ﯿ                       

(11.61) “Səmud xalqına da qardaşları Salehi (göndərdik). O dedi: “Ey xalqım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim – Yaxındır, çağırışa Cavab verəndir!”
Səmudlular məşhur xalq idi və əl-Qura vadisində Hicr adlı yerdə yaşayırdılar. Allah onların yanına Öz qulu və elçisi kimi bu xalqın içindən çıxmış və öz həmqəbilələrinin qardaşı olan Salehi  (ə) göndərmişdi. Ona (ə) tapşırılmışdı ki, insanları Tək olan Allaha ibadətə dəvət etsin və o (ə), belə demişdi: “Ey mənim xalqım! Tək olan Allaha ibadət edin və təkcə Ona səmimiyyətlə qulluq göstərin, çünki nə Göylərdə, nə də Yerdə ibadətə layiq başqa ilah yoxdur! Allah sizi torpaqdan yaratmış və oradaca – Yerdə məskunlaşdırmış və sizə hakimiyyət vermişdir. O, sizə gözlə gördüyünüz və görə bilmədiyiniz nemətlər bəxş etmiş, qarşınızda böyük imkanlar açmışdır ki, onların sayəsində siz evlər inşa edir, ağaclar əkir və tarlalarınızı əkib-becərirsiniz. Siz bunlardan xeyir götürür və əməyinizin bəhrələrindən istifadə edirsiniz və bütün bunlar isə yalnız Allahın lütfkarlığı sayəsində baş verir. Bu işdə Ona heç kim kömək etmir və heç kim Onunla bərabər ibadətə layiq deyildir. Allahdan keçmişdən sizə xas olan küfrünüzü, müşrikliyinizi və itaətsizliyinizi bağışlamasını xahiş edin. Onlardan əl çəkin və səmimi tövbə vasitəsilə Rəbbinizə müraciət edin. Həqiqətən, Rəbb yardım haqqında dua ilə Ona müraciət edənlərə və ya sadəcə Ona ibadət edənlərə yaxındır. O, qullarının dualarına, onlara kömək göstərməklə, onların ibadətlərini qəbul etməklə və ən gözəl tərzdə onları mükafatlandırmaqla cavab verir”.
Bilmək lazımdır ki, Allahın Öz məxluqlarına yaxınlığı iki növdür: ən ümumi və xüsusi. Fövqəluca Allahın istisnasız bütün məxluqlarına ən ümumi yaxınlığı Onun Öz elminin təzahürüdür. Bu barədə Fövqəluca belə buyurur: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf, 50/16). Allahın xüsusi yaxınlığı isə təkcə Allaha ibadət edənlərə, Ona duaları ilə yalvaranlara və səmimi məhəbbət bəsləyənlərə şamil edilir. Belə yaxınlıq haqqında aşağıdakı vəhydə də deyilmişdir: “Yox, yox! Sən ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və yaxınlaş!” (Ələq, 96/19). Məhz belə bir yaxınlıqdan söhbət zərh etdiyimiz ayədə və aşağıdakı vəhydə xatırlanmaqdadır: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edirəm...” (Bəqərə, 2/186). Allahın Öz qullarına xüsusi yaxınlığı qullarının dualarına cavab verən və onların arzularını yerinə yetirən Fövqəluca Rəbbin rəhmdil olmasına dəlalət edir. Məhz buna görə Allahın gözəl adları arasında – Yaxın və Cavabverən adları birlikdə xatırlanır.

                                                     

(11.62) “Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içəri­mizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizi dəvət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik”.

Saleh peyğəmbər (ə) müşrikləri tək Allaha səmimi qəlbdən ibadət etməyə çağırdıqda, onlar onun (ə) dəvətini rədd etdilər və bu çağırışa çox pis cavab verdilər. Onlar dedilər: “Ey Saleh! Sən ağıllı adam olduğun üçün biz sənə bel bağlamışdıq və sənə ümid edirdik ki, öz xalqına fayda verəcəksən. Lakin bu gün hər şey dəyişdi”. Onlar bu sözləri ilə təsdiq edirdilər ki, Saleh (ə) nəcib əxlaqı və gözəl mənəvi keyfiyyətləri ilə tanınmışdı və xalqının ən yaxşı oğullarından biri idi. Amma o (ə), qəbilədaşlarını onların alçaq niyyətli niyyətləri ilə üst-üstə düşməyən baxışlara dəvət etməyə başlayan kimi, onlar ona (ə) bəslədikləri münasibətlərini dəyişdilər və bəyan etdilər ki, əvvəllər o (ə) nöqsansız bir insan idi, lakin ona bəslənən ümidləri doğrultmadı və ondan xeyirli heç nə gözləmədikləri bir adama dönmüşdür. Qəbilədaşlarının nəzərində onun (ə) “cinayəti” -  xalqını, əvvəllər yollarını azmış atalarının ibadət etdikləri bütlərə onları ibadət etməkdən əl çəkməyə çağırdığı möizələri olmuşdu. Müşriklər bunu Saleh peyğəmbərin ən böyük nöqsanı hesab etmişdilər. O (ə) onlara bildirmişdi ki, qəbilədaşları və onların azğın ata-babaları sağlam düşüncəli insan­lar olmamışlar və onlara təklif etdi ki, fayda verməyə və zərər vurmağa qadir olmayan daş heykəllərə, ağaclara və digər bütlərə ibadət etməkdən əl çəksinlər. O (ə) hökm verdi ki, dinə səmi­miyyətlə Allah xatirinə – fasiləsiz olaraq insanlara bol nemətlər bəxş edən, Öz yaratdıqlarına xeyirxahlıq göstərən və onlara yeganə nemətlər nazil edən və onları hər cür fəlakət­lərdən və gözlənilməz hadisələrdən qoruyan Fövqəluca Rəbb xatirinə etiqad etsinlər. Lakin kafir qəbilədaşları cavab verdilər ki, onun (ə) möizələrinin həqiqətə uyuğun olması onlarda şəkk-şübhə doğurur. Onlar bildirirdilər ki, əgər onlar Salehin (ə) dəvət etdiyi dinin doğru olduğuna qəti əmin olsaydılar, onda mütləq onun ardınca gedərdilər. Lakin onlar bunu yalan deyirdilər və bu aşağıdakı ayələrdən bəlli olur.
 
                                                ﭧﭨ                                         

(11.63) “(Saleh onlara) belə cavab verdi: “Ey xalqım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!”
(11.64) “Ey xalqım! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”

Saleh (ə) dedi: “Ey mənim qəbilədaşlarım! Mən Rəbbimdən nazil olan dəlillərə istinad edirəm və dediklərimin doğruluöuna əminəm. Allah mənə böyük bir nemət bəxş etmiş, məni peyğəmbərliklə və vəhylə şərəfləndirmişdir. Doğrudanmı bundan sonra mən sizin nəzər nöqtələrinizi qəbul etməli və sizin məni dəvət etdiyinizlə razılaşmalıyam? Belə etsəm, Ona itaətsizlik göstərsəm, onda məni Allahdan kim qoruya bilər? Həqiqətən, siz mənə zərər verməkdən, ziyan vurmaqdan və ölüm gətirməkdən başqa, heç nə ilə kömək edə bilməzsiniz. Ey qəbilədaşlarım! Budur Allahın sizin üçün möcüzəsi və xarüqəladə əlaməti[7] olan dəvəsi. O, günaşırı quyudan su içəcəkdir, siz isə quyudan suyu o biri gün içəcəksiniz[8]. O biri gün ərzində isə siz dəvənin əmcəklərindən süd içəcəksiniz. Siz onu yemlə və başqa qida ilə təmin etməyəcəksiniz – qoy o, Allahın gen-bol ərazisində özü üçün otlasın. Onu öldür­məyin və ona ziyan toxundurmayın ki, ləngidilməz ölüm cəzası sizi yaxalamasın”.

          ﭿ               ﮇ ﮈ                                           

(11.65) “Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!”
(11.66) “Əmrimiz gəl­dik­də Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o Günün rüsvayçılığından qur­tardıq. Həqiqətən, Rəbbin yenilməz Qüdrət Sahibi, Qüvvət Sahibidir!”

Müşriklər dəvəni kəsdikdə Saleh peyğəmbər (ə) onlara dedi: “Sizin bu dünyanın nemətlə­rindən ləzzət almağa daha üç gün vaxtınız qalmışdır, sonra isə sizi qarşısıalınmaz bir qisas sarsıdacaqdır”. Fövqəluca Allah fasiqləri cəzalandırmaq hök­münü verdikdə, əzabdan, rüsvayçılıqdan və şərəfsizlikdən xilas olmaq təkcə Salehə (ə) və onun (ə) iman gətirmiş qəbilədaşlarına mü­yəssər oldu. Həqiqətən də, Onun gözəl adları arasında – Qüdrətli  və Qüvvətli adları əlamətdardır. Allah Öz Gücü və Öz Qüdrəti sayəsində bir çox fasiq xalqları məhv edərək, Öz elçilərini və onların yolu ilə gedənləri cəzalandırılmaqdan xilas etmişdir.

                                                     

(11.67) “O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(11.68) “Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmə­tindən) kənar (uzaq) oldu!”

Dəhşətli və qorxunc bir səs qopdu və bu səsdən kafirlərin ürəkləri partladı və diz çökərək, öz evlərindəcə yıxılıb öldülər, sanki onlar bu dünyanın nemətlərindən heç vaxt ləzzət almamış­dılar, sanki onlar maddi bolluqdan heç vaxt istifadə etməmişdilər. Onların əlləri nemətlərdən üzüldü və sonu olmayan cəzanı dad­dılar və bundan fasiqlərə elə gəlirdi ki, bu cəza əbədidir və daima olmuşdur. Onlar aydın möcüzəni gördükdən sonra da öz Rəbbinə iman gətirməmişdilər. Həqiqətən, onlar ən bədbəxt və mənfur xalq idi. Allah bu həyatda bizi belə rüsvayçılıqdan və cəzadan saxlasın!

                                    ﯨﯩﯪﯫ ﯬﯭ ﯮ                           

(11.69) “Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: “Salam!” – dedilər. (İbrahim də: ) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi”.
(11.70) “(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıq­larını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!”

Xeyirxah mələklər Allahın sevimlisi və Allahın elçisi İbrahimin (ə) yanına gəldikdə, ona (ə) tezliklə bir oğlunun olacağı haqqında müjdə verdilər. Bu, Allah Lut xalqını məhv etmək və İbrahimin (ə) kəndindən keçərək, onu (ə) İshaq adlı oğlunun doğula­cağı ilə müjdələmək üçün Öz hökmü ilə mələklərini göndərdikdə baş vermişdi. Pak peyğəmbərin (ə) yanına gələrək, məmləklər onu (ə) salamladılar, o (ə) da onlarla salamlaşdı. Bu onu göstərir ki, hətta İbrahim peyğəmbərin (ə) dinində də salamlaş­maq[9] qanuniləşdirilmişdi. Həm də, rastlaşdığın şəxsi söhbətə başlamazdan öncə salamlamaq lazımdır. Bu həmçinin ona dəlalət edir ki, salam verənin salamına daha geniş salamlaşmaqla cavab vermək lazımdır. Məsələ ondadır ki, mələklərin salamlaşması feili cümlə ilə ifadə edilmişdi və bu ərəb dilində nitqin yeniləndirilmə­sini vurğulayır, halbuki İbrahimin (ə) cavab salamlaşması adlıq cümləsi ilə ifadə edilmişdi ki, bu da nitqin davam etməsini nəzərdə tutur. Feili və adlıq cümlələr arasında ümumiyyətlə ərəb dilini bilənlərə yaxşı məlum olan böyük fərq vardır.
Qonaqlar İbrahimin (ə) evinə daxil olduqda, o (ə) ləngi­mədən tez gedib qızardılmış yağlı bir büzov gətirdi. O (ə), buzovu onların qabağına qoyub dedi: “Bizim təamımızdan dadmaq istəməzsinizmi?” Lakin qonaqlar heç dadına baxmaq üçün belə əllərini uzatmadılar və belə olduqda İbrahim (ə) qorxuya düşdü. O (ə) elə fikirləşdi ki, onlar bəd niyyətlə gəliblər və ona (ə) pislik etməyə hazırlaşırlar. Bu anda mələklər dedilər: “Bizdən qorxma! Biz Allahın, Lut xalqını məhv etməyi tapşırdığı elçiləri­yik”.


           ﯿ                                     ﭚﭛ       

(11.71) “Onun arvadı pərdə arxa­­sında dur­muşdu. O, güldü. Biz onu İshaqla, (İs­haqın) ardınca da Yaqubla müjdələdik”.
(11.72) “O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi ol­duğu halda doğa bilə­rəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”.

İbrahim peyğəmbərin (ə) zövcəsi də qonağlara xidmət göstərirdi və qonaqlarının kim olduğunu və hansı tapşırıqla gəldiklərini bildikdə, o dərəcədə təəccüblənmişdi ki, bu deyilənlərə gülmüşdü. Onda mələklər ona İshaqın tezliklə doğulacağı və onun ardınca da Yaqubun dünyaya gələcəyi haqqında xəbər verdilər. Bu müjdə onun üçün gözlənilməz idi və o, təəccüblə ucadan dedi: “Doğrudanmı mənim uşağım olacaq? Axı mən qoca arvadam və ərim də yaşı ötmüş kişidir”. O, uşaq doğacağına təəccüb etdiyi iki səbəbi göstərdi.

                              

(11.73) “(Mələklər ona) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdən əskik olmasın! Həqiqətən, Allah Həmdəlayiq və Şan-şöhrətli­dir!”
Mələklər dedilər: “Doğurdanmı sən Allahın hökmünə təəc­cüb­lənirsən? Həqiqətən, bunda qəribə bir şey yoxdur, Çünki Onun istənilən arzusu mütləq gerçəkləşir. Allah üçün, xüsusilə, əgər söhbət bu xoşbəxt evin sakinlərindən gedirsə, mümkün olmayan bir şey yoxdur. Allahın mərhəməti həmişə bu evin sakinlərinə himayə edəcəkdir və Allahın bərəkəti sayəsində bu ev həmişə mərhəmət və rəhmlə dolu olacaqdır. Həqiqətən,  sizin Rəbbiniz tərifəlayiqdir və şan-şöhrətlidir. Onun sifətləri mədh edilməyə layiqdir, çünki onlar kamillik sifətləridir. Onun əməlləri tərifə layiqdir, çünki onlar xeyrixahlıqla, səxavətlə, mərhəmətlə, müdrik­liklə, ədalətlə və qərəzsizliklə doludur. O – şan-şöhrət Sahibidir, çünki Onun sifətləri və adları əzəmətli və hər şeyi əhatəedəndir. Allah nəinki sadəcə kamil sifətlərə malikdir – onlar ən kamil və ən qüsursuz təzahur formalarında (başlanğıcı olmayan sonsuzluqdan bəri)[10]  Ona xas və məxsusdurlar”.  

                                     ﭿ                                       

(11.74) “İbrahimin qorxusu çəkil­dikdə və ona müjdə gəl­dikdə Lut xalqı ba­rə­sində Bizimlə müba­hisə etməyə baş­la­dı”.
(11.75) “İbrahim həqiqətən də həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi”.
(11.76) “Mələklər dedilər: “Ey İbra­him! Bun­dan (bu mübahi­sədən) əl çək. Çünki Rəb­binin əmri artıq gəlmişdir və onlara qarşısı­alın­maz bir əzab gələ­cəkdir”.

Qonaqların qəribə rəftarından sonra qorxusu ötüb keçdikdə, İbrahim (ə) – pak peyğəmbər uşağın dünyaya gəlməsi haqqında müjdəni eşidərək, Lut xalqını ölümə məhkum etməmək üçün mələkləri fikrindən daşındırmağa cəhd göstərdi. Bununla əlaqədar Fövqəluca Allah belə buyurur: “Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdik­ləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər. (İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var! Onlar: “Biz orada kimin olduğunu (hamı­dan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər” (Ənkəbut, 29/31-32).
İbrahim alicənab insan idi, gözəl əxlaqa malikdi və cahil adamlar zalımlıq etdikdə də soyuqqanlılığını saxlayardı. O (ə) həmişə mütiliklə Allaha dua edər və həmişə Allaha yaxınlaşmağa can atardı. Bu məqsədlə o (ə), Allaha daha yaşxı dərk etməyə, öz Rəbbini daha möhkəm sevməyə, bütün qəlbi ilə Ona doğru yönəlməyə və hər şeydən imtina etməyə səy göstərirdi. Məhz bu keyfiyyətləri onu (ə) hətta Allahın məhvə məhkum etdiklərinə havadar çıxmağa vadar etmişdi. Lakin Allahın elçiləri ona (ə) mübahisədən əl çəkməyi məsləhət gördülər, çünki Allah artıq Öz hökmünü vermişdi və belə şəraitdə hər hansı mübahisə faydasızdır.

                             

(11.77) “Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” – dedi”.

Mələklər İbrahimdən (ə) ayrılaraq Lutun (ə) yanına yollan­dılar. Onların gəlişi Lut peyğəmbəri (ə) olduqca narahat etdi. Onun (ə) ürəyi sıxıldı və öz-özünə dedi: “Bu gün çox ağır bir gündür”. O (ə) bilirdi ki, qəbilədşları, hətta hələ saqqalı çıxmamış gözəl və cazibədar gənc oğlanların qiyafəsində gəlmiş mələkləri rahat buraxmayacaqlar. Nədən qorxurdusa, o da baş verdi.

                                                          

(11.78) “Tayfası (kişi qonalarının gəldiyini bilərək) tələsik (Lutun) yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır və sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllə­rinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər ara­nızda ağlı başında bir adam yoxdur?”

Fasiqlər hər tərəfdən qaça-qaça gəlib onun (ə) evinin yanında yığışdılar ki, Lutun (ə) qonaqları ilə, o vaxtadək aləmlərin heç bir sakininin hələ törətmədiyi iyrənc Sodom[11] günahını işlətsinlər. Belə olduqda Lut peyğəmbər (ə) onlara dedi: “Ey mənim qəbilədaş­larım! Mənim qızlarımı götürün, çünki qadınlarla şəhvətinizi söndürməyiniz, bu işi mənim qonaqlarımla etməkdən sizin üçün daha yaxşıdır”. Bu təklif, uşaqdan ötrü iki qadının etdikləri mübahisə ilə əlaqədar olaraq Süleyman peyğəmbərin (ə) onlara uşağı iki yerə bölməyi təklif etməsinə bənzəyir. O (ə) bu təklifi etmişdi ki, həqiqəti aydınlaşdırsın, çünki çox gözəl bilirdi ki, onun (ə) qəbilədaşları onun (ə) qızlarına toxunmayacaq və onlara heç bir həvəs və meyl göstərməyəcəklər. Onun (ə) əsas məqsədi isə qəbilədaşlarını ən böyük yaramazlıqdan çəkindirmək idi. O (ə) dedi: “Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin! Ya Allah qarşısında qorxudan, ya da mənə və qonaqla­rıma hörmət göstərərək niyyətinizdən əl çəkin! Məni onların yanında biabır etməyin! Doğrudanmı aranızda bir nəfər də olsun ağıllı kişi yoxdur ki, sizi bu əməldən əl çəkməyə çağırsın və sizin cinayətinizin qarşısını alsın?” Alicənab peyğəmbərin (ə) bu sözləri ona dəlalət edir ki, onun (ə) qəbilədaşları xeyirxahlıqdan və qeyrətdən tamamilə məhrum idilər.

                                                           

(11.79) “Onlar dedilər: “Sənin qızlarına heç bir ehtiyacımız olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”
(11.80) “(Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!”

Fasiqlər dedilər: “Sənə məlumdur ki, biz təkcə kişilərə həvəs göstəririk və qadınlarla yaxınlıq etmək istəmirik”. Onların dedik­ləri Lut peyğəmbəri (ə) son dərəcə həyəcanlandırdı və o (ə) ucadan belə cavab verdi: “Əgər mən sizin öhdənizdən gəlmək üçün kifayət qədər qüvvəyə malik olsaydım! Əgər mən sizin qarşınızı ala bilən bir qəbiləyə arxalana bilsəydim!” O (ə) maddi səbəbləri xatırlatsa da, heç bir məxluqun qarşısında qurmağa qadir olmadığı ən qüdrətli dayağa – Fövqəluca Allaha söykəndiyini bir an belə unutmurdu.
                 ﯿ                                                                                     ﭝ ﭞ ﭢﭣﭤﭥﭦﭧ

(11.81) “(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
(11.82) “(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq”.
(11.83) “Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş. (Ey Elçim!) O (daşlar) zalımlardan uzaq deyildir!”.

İş bu vəziyyətə gəlib çatdıqda və Lut peyğəmbərin (ə) narahatçılığı təsvirolunmaz dərəcədə artdıqda, mələklər ona (ə) əslində kim olduqlarını xəbər verdilər. Onlar onu (ə) əmin etdilər ki, fasiqlər ona (ə) heç bir zərər toxundura bilməyəcəklər. Sonra mələk Cəbrail qanadını açan kimi fasiqlər görmə qabiliyyətini itirdilər. Onlar evlərinə dağılışaraq, səhər açılan kimi Lutu cəzalandıracaqları ilə hədələdilər. Sonra mələklər ona (ə) gecə qaranlığının pərdəsi altında ailəsini, səhər açılmamışdan xeyli əvvəl, şəhərdən çıxarması əmrini verdilər ki, onlar öz şəhərlə­rindən kifayət qədər təhlükəsiz bir məsafəyə uzaqlaşa bilsinlər. Onlara tələsmələri, öz xilası haqqında düşünmək və hətta geriyə belə dönüb baxmamaq əmr olunmuşdu. Təkcə Lut peyğəmbərin (ə) arvadının qismətinə şəhərdə qalmaq və öz qəbilədaşları ilə birlikdə cəzanın əzabını çəkmək düşdü, çüni o qadın da fasiqlərin cinayətinin iştirakçısı idi. Məhz o, onlara Lutun (ə) evində cavanların olmasını xəbər vermişdi.
Mələklər alicənab peyğəmbərə (ə)  bu barədə xəbər verdikdə, o (ə) sanki ədalətli qisasın tezləşdirilməsini qərara aldı və belə olduqda, elçilər dedilər: “Onların möhləti səhər qurtaracaqdır. Məgər səhər yaxın deyilmi?” Fövqəluca Allah isə sübh çağı bu günahkar xalqı cəzalandırmağı əmr etdi. Onların yaşayış yerləri alt-üst edildi, öz başlarına isə bişirilmiş gildən odlu kəsəklər yağdırıldı. Bu od kimi közərdilmiş daş-kəsəklər bir-birinin ardıyca düşür və şəhərdən qaçmağa müvəffəq olanları yaxalayırdı. Bu daşlar Allahın cəzasının və Allahın qəzəbinin əlamətləri ilə nişan­lanmışdı. Lut xalqının törətdiyi mənfur günaha görə məruz qaldığı əzab-əziyyətin yenə də belə günahları işləyən fasiqlərin başına gətirilməsi heç də təəccüblü olmayacaqdır. Qoy Allahın qulları belə cinayətlər törətməkdən çəkinsinlər ki, onlar da onlardan əvvəl­kiləri məhv edən cəzaya məruz qalmasınlar.

                                            ﭿ                  

(11.84) “Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər gön­dər­dik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskilt­məyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir Günün əzabından qorxuram!”

Madyanlılar məşhur xalqdır və Fələsində yerləşən Madyan adlı yerdə yaşayır­dılar. Allah onların yanına öz tayflarından olan və çox yaxşı tanıdıqları Şueybi (ə) göndərdi ki, heç bir maneə olmadan ondan (ə) təlim alsınlar. O (ə) onlara belə dedi: “Ey mənim xalqım! Səmimiyyətlə bir olan Allaha ibadət edin və etiqad etdiyiniz müşriklikdən əl çəkin. Bütpərəstliklə yanaşı siz başqa günahlar işlədir, insanları ölçüdə və çəkidə aldadırsınız. Özünüzü bundan saxlayın, ölçərkən və tərəzidə çəkərkən alıcıları aldatma­yın, ədalətli və qərəzsiz olun.  Mən görürəm ki, zənginlikdən, sağlamlıqdan, rifahınızdan və uşaqlarınızdan zövq alırsınız. Sizə göstərdiyi səxavətinə görə Allaha həmd edin, minnətdarlığınızı bildirin. Allahın lütfkarlığına qarşı naşükürlüklə cavab verməyin, yoxsa bütün nemətlərdən məhrum edilərsiniz. Mən qorxuram ki, sizi elə bir cəzaya düçar olasınız ki, o, sizi hər tərəfdən çulğasın və sizdən heç bir şey qalmasın”.

                                                         

(11.85) “Ey xalqım! Ölçüdə və çəkidə ədalətli olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin!”
(11.86) “Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən sizə nəzarətçi deyiləm!”

Ölçüdə və çəkidə ədalətli olun, insanlara, özünüzə necə yanaşılmasını istədiyiniz kimi, yanaşın. Başqa insanların mallarının bir hissəsini mənimsəməyin, çünki alıcıların mallarının ölçüsünün və çəkisinin azaldılması oğurluğa bərabərdir. Yer üzündə şərəf­siz­lik yatmayın, çünki daima Allaha göstərilən itaətsizlik insanların baxışlarını korlayır, onların dindarlığına və dünya həyatına məhvedici təsir göstərir, məhsullarını puç edir və nəsillərinə fəlakət gətirir. Allahın sizə verdiyi nemətlər, öz haqqınız kimi, özünüzə məxsusdur və  sizə tamamilə bəs edər. Buna görə qətiy­yən ehtiyacınız olmayan və sizə böyük zərər vura bilən şeylərə tərəf getməyin. Əgər siz doğrudan da möminsinizsə, haqq dinin tələblərinə uyğun olaraq hərəkət edin. Mən sizin əməllərinizi müşahidə etmək üçün göndərilməmişəm və mən sizə zamin də deyiləm. Sizin əməllərinizi yadda saxlayan Fövqəluca Allahdır, mən isə sizə ancaq Allahın mənə nazil etdiyi vəhyini çatdırıram.

                                                

(11.87) “Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”

Müşriklər alicənab peyğəmbəri (ə) məsxərəyə qoymağı və onun (ə) çağırışına cavab verməyə hazırlaşmadıqlarını qərara aldı­lar. Onlar dedilər: “Sən bizə, atalarımızın ibadət etdikləri ilahlara sitayiş etməyimizi, özünün yək bir Allaha ibadət etdiyinə və namazı təkcə Allah üçün qıldığına görə qadağan edirsən. Məgər biz öz allahlarımızdan sənin qətiyyən dəllilərə əsaslanmayan sözlərinə görə əl çəkməliyik? Doğrudanmı biz ancaq sənin xoşuna gəlsin deyə belə etməliyik? Məgər biz sənin ardınca gələrik və müdrik ata-babalarımızın yolundan əl çəkərikmi?! Biz heç vaxt belə davranmarıq və öz malımıza sənin bizə əmr etdiyin kimi əncam çəkə bilmərik. Biz satdığımız malları ədalətlə ölçməyəcək və tərəzidə düz çəkəməyəcək və ətrafdakılara haqlarını tam vermə­yəcəyik. Biz öz istədiyimiz kimi davranacağıq, çünki bu mallar bizə məxsusdur və sənin bizim mülkiyyətimizə cərəncam çəkməyə haqqın yoxdur. Doğrudanmı öz səbirliliyi və təmkinliliyi ilə məş­hur olan – sənsən?[12] Doğrudanmı sənin xislətin alicənablıqdır? Deyirlər ki, sən həmişə doğru hərəkət edirsən və ancaq doğru işlər görməyi əmr edirsən. Bu, heç də belə deyil”. Onlar bu istehzalı ifadələri ilə demək istəyirdilər ki, əslində alicənab peyğəmbər (ə) tamamilə sadalananların əksi olan keyfiyyətlərə malikdir. Onlar onu (ə) axmaqlıqda və yolunu azmaqda ittiham etmək istəyir və belə deyirdilər: “Əgər sən dözümlü və ağıllı adamsansa, onda belə çıxır ki, bizim ata-babalarımız axmaq və azğın insanlarmışlar. Bu necə ola bilər?!”
Onlar Allahın Elçisini (ə) səbirli və ağıllı adam adlandır­maqla onu (ə) məsxərəyə qoymaq istəyirdilər. Onlar göstərmək istəyirdilər ki, əslində hər şey əksinədir. Lakin doğrudan da, hər şey məhz onların söylədikləri kimi idi. Məhz namaz alicənab peyğəmbəri (ə) öz qəbilədaşlarını, onların azmış ata-babalarının sitayiş etdikləri bütlərə ibadəti və bu vaxtadək etdikləri kimi öz malına istədikləri kimi sərəncam çəkməyi qadağan etməyə ruhlandırırdı. Həqiqətən, namaz insanı yaramazlıqlardan və çirkin əməllərdən saxlayır. Saxta ilahlara ibadətdən və Allahın qullarının ölçüdə və çəkidə haqlarını kəsməklə mallarını mənimsəməkdən daha yaramaz və çirkin hansı günahlar var? Şüeyb peyğəmbərə (ə) gəldikdə isə, o (ə), həqiqətən, səbirli, təmkinli və ağıllı insan idi.



[1] Ayənin tərcümə edilmiş mətni qismən redaktə edilmişdir. F.S.
[2] Mətn qismən redaktə edilmişdir. F.S.
[3] İraq Respublikasının ərazisində şəhər adıdır. F.S.
[4] Müşrik – çoxallahlıq tərəfdarı. F.S.
[5] Ayənin tərcümə edilmiş mətninin son fraqmenti redaktə edilmişdir. F.S.
[6] Müəllif burada demək istəyir ki, Allahın bütün elçiləri ancaq tövhid dinini, yəni Allahdan başqa haqq məbudun olmaması əqidəsini bəşəriyyətə aşılayan yeganə bir dini – İslamı təbliğ edirdilər. İslam ərəb sözüdür və təkcə bir Allaha təslim olmağı, ibadət və sitayiş etməyi ifadə edir.   F.S.   
[7] Burada: “xarüqəladə əlamət” ifadəsi ilə Fövqəluca Allahın hər şeyə qadir olan elminin və qüdrətinin canlı əlaməti, rəmzi nəzərdə tutulur. F.S.
[8] Yəni, siz o quyudan növbə ilə su götürəcəksiniz: bir gün dəvə quyudan su içəcək, səhərisi gün quyudan siz istifadə edəcəksiniz.. F.S.
[9] Yəni, rastlaşarkən bir-birinə “salam” demək (vermək). F.S.
[10] Kursiv mənimdir. F.S.
[11] İordan çayının mənsəbində və ya Ölü dənizin qərb sahilində yerləşən iki şəhərdən biridir, əhalisi əxlaqsızlıq batağlığına çökmüşdülər və bu yaramazlıqlarına Fövqəluca Allahın hökmü ilə büsbütün məhv edilib yer üzündən silinmişlər. F.S.
[12] Yəni, səbirliliyi və təmkinliyi ilə tanınan adam – sənsən?! F.S.

Комментариев нет:

Отправить комментарий