среда, 3 августа 2011 г.

Ə. SƏƏDİ. QURAN TƏFSİRİ, cild 3, 4-cü parça


   \f
YUNUS SURƏSİ

          

Mərhəmətli və Rəhimli Allahın adı ilə!


                                                                         

(10.1) “Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Quranın) ayələridir!”
(10.2) “İçərilərindən bir adama: “İn­sanla­rı qorxut və iman gəti­rənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yax­şılıqların savabı var­dır!” – deyə vəhy etməyimiz insanlara qəribə­mi göründü? Kafir­lər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!” – de­di­lər”.

Fövqəluca Allah bu ayələrdə bildirir ki, Müqəddəs Quran bütün bəşəriyyətin bəyənməli, qəbul etməli və yerinə yetirməli olduğu mənəvi dəyərlər, dini ehkamlar və qadağalar haqqında şəhadət verən hikmət və hökmlərdən ibarətdir. Lakin insanların əksəriyyəti bu Kitabdan üz çevirir və əsil həqiqəti bilmirlər. Onlar təəccüb edirlər ki, adi bir insana (ona Allahın salavatı və salamı olsun) onları Allahın cəzalandıracağından çəkindirmək, onları Onun qəzəbi ilə qorxutmaq, onlara Onun ayələrini xatırlatmaq üçün və həmçinin əsil iman sahibləri olan möminlərə Rəbbin yanında saxlanan və sədaqətli əməlləri sayəsində layiq olduqları bol-bol savablar əta ediləcəyi barədə müjdə verməsi haqqında hökm nazil edilmişdir. Kafirlər bu böyük insana o dərəcədə mətəl qalırlar ki, hətta ona iman gətirməkdən imtina edirlər və onu (ona Allahın salavatı və salamı olsun) açıq-aşkar sehrbaz adlandırırlar. Onlar belə hesab edirlər ki, hər bir adama tamamilə aydındır ki, onun (ona Allahın salavatı və salamı olsun) möizələri açıq-aydın cadugərlikdir. Lakin bu iddia onların ancaq axmaqlığına və inadkarlığına dəlalət edir, axı onlar təəccüb doğurmayan şeylərə heyrətlənirlər. Əsil təəccüb doğuran isə onların cahilliyi və nəyin onların xeyrinə olmasını bilməməkləridir. Necə olur ki, onlar öz aralarından çıxmış və gözəl tanıdıqları nəcib və alicənab Elçiyə (ona Allahın salavatı və salamı olsun) iman gətirmirlər? Necə onlar onun (ona Allahın salavatı və salamı olsun) dəvətini rədd edir və onun (ona Allahın salavatı və salamı olsun) dinini inkar etməyə çalışırlar? Lakin Allah Öz dininin nurunu, bu, kafirlərin nifrətinə səbəb olsa da, mütləq yayacaqdır.

                          ﭿ                                          

(10.3) “Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, sonra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız?”[1]

Fövqəluca Allah insanlara izah edir ki, O, vahid və qüdrətli Rəbdir.  O, göyləri və yeri altı günə yaratmışdır. Şübhəsiz ki, O, kainatı bir anda da yarada bilərdi, lakin bunu etməmişdir, çünki O, Öz fəaliyyətini təmkinlə və ilahi müdrikliyi ilə  həyata keçirir. Allahın müdrikliyinin təzahürlərindən biri də Kainatı haqqı aşkar etmək xatirinə xəlq etməsidir ki, bunun da məqsədi, məxluqların öz Rəbbini, Onun gözəl adları və kamil sifətləri vasitəsilə, dərk edə bilmələri və təkcə Ona ibadət etmələridir.
Səmaları və yeri yaratdıqdan sonra isə, Allah Ərşə ucalmışdır və bu ucalma ancaq Onun əzəmətinə və qüdrətinə layiq halda baş vermişdir. O, ali və onlardan aşağı aləmlərin bütün işlərini idarə edir, qullarının bəzilərini öldürür, digərlərinə həyat bəxş edir, ruzi nazil edir və hakimiyyəti bir qulundan alıb, digərinə verir, onları müsibətlərdən xilas edir və dualarına diqqətlə qulaq asır.  O, fasiləsiz olaraq hər cür tapşırıqlar verir və cürbəcür hesabatlar qəbul edir. Bütün məxluqlar Onun qüdrətinə itaət edirlər və Onun əzəməti qarşısında mütidirlər. Heç kim, hətta ən ləyaqətli qulları belə, O, icazə vermədikcə, Onun qarşısında digər bir məxluqun şəfahətçisi ola bilməz. O, yalnız razı qaldığı qullarından ötrü vasitəçilik etməyə yol verir. Allah isə, ancaq Ona səmimiy­yətlə ibadət edənlərdən razı qalır.
Ey insanlar! Budur Fövqəluca Allah – sizin Vahid İlahınız – Onda bütün kamil sifətlər öz təcəssümünü tapmışdır və sizin Tək Rəbbiniz Öz ilahi fəaliyyətini təkbaşına həyata keçirir. Gücünüz çatan ibadət ayinlərinizi təkcə həsr etməlisiniz. Doğrudanmı siz, təkcə Onun ibadətə və həmdə layiq, əzəmət və şan-şöhrət sahibi olan məbud olduğunu təsdiq edən möcüzələr üzərində fikirləş­mirsiniz?
Allah, Kainatın idarə edilməsində və Allaha şərik qoşmadan tək Ona ibadət etməyə çağıran səmavi şəriət ehkamlarında öz əksini tapan ilahi qədər qanunlarını xatırlatdıqdan sonra, ədalətli əvəz qanunları barədə xəbər verir ki, onlar, insan öldükdən sonra öz əməllərinə görə əvəz almaqla qüvvəyə minir. Fövqəluca Allah buyurur:

                                                                         

(10.4) “Allahın həqiqi vədi kimi ha­mı­nı­zın dönüşü Onadır. O, məx­luqu ilk də­fə yaradır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməllər edən­ləri əda­lətlə mükafatlandırsın. Kafirlərə gə­lin­cə, küfr etdiklə­rinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazır­lan­mışdır”.

Allah, siz öldükdən sonra hamınızı vəd edilmiş bəlli bir gündə Məhşər ayağında toplayacaq. Budur Rəbbin mütləq baş verəcəyini bildirdiyi haqq vədi! Axı O, məxluqları nəinki ilk dəfə yarda bilir, onları həm də təkrar yaratmağa da qadirdir. Əgər insan Allahın heçdən adamı yaratdığını qəbul edirsə, onda Onun onu öldükdən sonra təkrar yarada bilməsi imkanını inkar edirsə, onda o, sağlam təfəkkürdən məhrumdur, çünki bu halda insan bir hadisənin mövcudluğunu etiraf edirsə, ona bənzər digər bir hadisəni inkar etmiş olur.
Allah dirildilmənin gerçəkliyinin lehinə olaraq bu inandırıcı məntiqi dəlili gətirdikdən sonra, Axirət həyatının varlığını naslardan götürülən sübutlarla təsdiq edir. O, Allahın iman gətirilməsini əmr etdiklərinə bütün varlığı ilə iman gətirən, vacib və könüllü saleh işləri yerinə yetirən möminləri gözləyən savablardan xəbər verir. Bu savablar onların öz imanı və əməlləri ilə layiq olduqları ədalətli savab olacaqdır. Bu, Fövqəluca Allahın barəsində buyurduğu savab olacaqdır: Etdikləri əməllərin savabı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!” (Səcdə, 32/17).
Öz Rəbbinə iman gətirməkdən boyun qaçıran və Onun elçilərini inkar edən allahsızlara gəldikdə isə, onlar üçün kafirliyə etiqad etməklə və zalımlıq törətməklə layiq olduqları – üzləri yandıran və bağırsaqları parça-parça edən qaynar su və digər dözülməz əzabverici cəzalar hazır­lanmışdır. Allah onlarla ədalətsizcəsinə davranmır – onlar özləri özlərinə qarşı zalım olmuşdular.

                                                                                        ﯿ

(10.5) “Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!”
(10.6) “Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır”.

Fövqəluca Allah Özünün hökmranlığa və sitayiş edilməsinə olan haqqını bəyan etdikdən sonra, Onun hüquqlarını və Onun kamil adlarını, nöqsansız sifətlərini təsdiq edən məntiqi dəlilləri və bütün dünyaya yayılmış möcüzələrini sadalayır. Günəş və ay, göylər və yer, habelə onların arasında yerləşən müxtəlif varlıqlar bilik sahibləri və təqvalılar üçün aydın dəlillərdir. Bilik insana imkan verir ki, bu möcüzələrin nəyə şəhadət etdiyini başa düşsünlər və onları asanlıqla araşdıra bilsinlər, təqvalılıq isə insanın qəlbində yaxşılığa meyl və şər qarşısında qorxu oyadır və bunlar – biliyin və möhkəm əqidənin inandırıcı dəlillərinin məhsuludur.
Bütün deyilənlərdən aydın olur ki, Kainatın özünün bu tərzdə yaradılması ona dəlalət edir ki, Fövqəluca Allah hüdudsuz qüdrətə malikdir və Hərşeyibilən və canlı Hökmdardır. Kainatın kamilliyi, tarazlığı və gözəlliyi Onun Mütləq İdrakını, Hər ­şeyi əhatə edən Elmini və Mahir Yaratma İstedadını təsdiq edir. Kainatda həyatın onlarsız mümkün olmadığı günəş parlaqlığı, ay işığı və digər faydalı təzahürlər Fövqəluca Allahın mərhəmətini, xeyirxahlığını və habelə Onun Öz məxluqlarına bəslədiyi qayğı­keşliyini sübuta yetirir. Yaradılmışların bəzilərinin digərlərindən fərqlənməsinin özəllikləri də Allahın danışıqsız icra olunan istək və iradəyə malik olmasını təsdiq edir. Bütün bu sadalananlar birlikdə Allahın ibadətə, məhəbbətə, həmdə layiq və əzəmətə, şan-şöhrətə və digər ali sifətlərə malik Tək Rəbb olmasının dəlilidir. Yalnız O, sevilməyə, Ondan qorxmağa, insanların, özlərinin Allahdan asılı olan və hər bir təşəbbüslərində Ona ehtiyacı olan məxluqlarına deyil, məhz Ona səmimiyyətlə dua etməsinə layiq Olandır.
Bu Quran ayələri insanları Allahın yaratdığı varlıqlar üzərində düşün­məyə, ətrafda baş verənləri diqqətlə müşahidə etməyə və bunlardan faydalı nəticələr çıxarmağa dəvət edir. Bunun sayəsində insan öz dünyagörüşünü genişləndirə, imanını möhkəmlədə, təfəkkürünü gücləndirə və öz bacarıqlarını artıra bilər. Əgər insan ətrafında gedən proseslərə biganə yanaşarsa, onda o, Allahın hökmlərinə laqeyd qalar və öz imanını sabitləşdirməkdən və ağlını artırmaqdan məhrum olar.

                                    ﭡﭢ ﭣ ﭥﭦﭧ

(10.7) “Bizimlə qarşılaşacaqlarına (Qiyamət günü dirilib hüzu­rumuzda dura­caqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyən­lərin, (Axirətdən vaz keçə­rək) dün­yanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların –“
(10.8) “Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəm­dir!”  

Fövqəluca Allah ayədə bildirir ki, elə insanlar da var ki, onlar Allahla görüş­mə­lə­rini arzu etmirlər, məxluqların ən müqəddəs qayəsi və ən böyük istəyi məhz bu olmalıdır. Lakin belə insanlar bu qayədən boyun qaçırır və hətta onu yalan sayırlar. Onlar ölümdən sonra olan həyatı inkar edir, bu dünya yaşayışı ilə qane olaraq, ona böyük ümidlər bəsləyirlər. Onların əməlləri və düşüncələri yalnız maddi ləzzətlər bağlıdır ki, onların əldə edilməsi xatirinə işləyir və səy göstərirlər. Onlar öz alçaq istəklərini istənilən üsullarla təmin etməyə cəhd göstərir və  bundan ötrü mümkün olan hər şeyi edirlər. Onların arzuları, niyyətləri, fikirləri və əməlləri təkcə bu dünya yönəlmişdir və sanki onlar yer üzündə əbədi yaşamaq üçün yaradılmışlar, sanki bu aləm, möminlərin də səadə­tinə və zövqünə yetişməyə can atdıqları, əbədi dünyaya səyahət etmək üçün yolçulara azuqə toplamaq imkanı verən və yaradılmışların birinci və sonrakı nəsillərinin düşəcəyi müvəqqəti sığınacaq deyilmiş. Bununla yanaşı onlar Quran ayələrindən faydalı nəticələr çıxarmır və Allahın, bütün dünyaya yayılmış və onların özlərində olan möcüzələrinə etinasızlıq göstərir və onlara qarşı belə biganəlik ayələrin nazil edildikləri məqsədlərə qarşı saymamazlıqdır. Elə buna görə də bu sifətlərə malik olan insanların sığınacağı yer günahkarların son məskəni – odlu Cəhənnəm olacaqdır. Onlar bu məskəni bir daha heç vaxt tərk etməyəcəklər, çünki onların qazandıqları ancaq küfr, müşriklik və hər cür günahlar olmuşdu.

                                 

(10.9) “Həqiqətən, iman gətirib yaxşı işlər görənləri Rəbbi, iman gətirdik­lərinə görə, hidayətə qovuşdurar. Nəim bağlarında onların (ayaqları) altından çaylar axar”[2]. 

Günahkarları cəzalandırmaq barədə xatırlatdıqdan sonra, Fövqəluca Allah itaətkar möminləri gözləyən savablardan xəbər verir. Onlar nəinki haqq dinə tərəf döndülər, həm də haqq dindən irəli gələn yaxşı əməllər etmişdilər. Onlar qəlbən və əzaları ilə xeyirxahlıqlar etmiş, onları Allah xatirinə səmimiyyətlə yerinə yetirmiş və Allahın elçilərinin örnəyini özlərinə nümunə götürmüşdülər.  Məhz iman, onlara Allah tərəfindən ən böyük savabın – doğru yol bələdçi­sinin əta edilməsinə səbəb olmuşdu. Allah onlara xeyir gətirə bilən vasitələri öyrətmişdi və onları yaxşı işlər görməyə ruhlandırmışdı ki, bunlar haqq yol Təliminin məhsulları idi və onları ayələr üzərində düşünməyə alışdırmışdı. Dünya həyatında Allah onları düz yolla aparmış, Axirətdə isə onları bitməz-tükənməz çaylar axan Cənnətin Səadət bağlarına aparan yola yönəldəcəkdir.
Fövqəluca Allah Cənnət bağlarını “Səadət bağları” adlan­dırır, çünki onlarda ən kamil və insanın zövqünü oxşayan ləzzət verən şeylər toplanmışdır. Bu məmnunluq vasitələri, mömin insan Rəhmli Allahın üzünə baxmaq, Onun valehedici nitqini dinləmək, Onun xeyirxahlığına şadlanmaq, Onun yaxınlığında olmaqdan məmnun qalmaq, sevimli insanlarla, əziz qardaşlarla görüşmək, onlarla ünsiyyətdən zövq almaq, şən səslər və həzin mahnı eşitmək, heyranedici mənzərələr görmək imkanı əldə etdikdə, qəlbə hədsiz sevinc verir və onu fərəhləndirir. Bununla yanaşı, möminlər ləzzətli yeməklərdən, gözəl dadlı və füsunkar qoxulu içkilərdən, lətafətli zövcələrdən və bir çox digər fərəhləndirici şeylərdən cismani həzz alırlar ki, bunlar yer üzündə yaşayan insanlara məlum deyil, onların hətta xəyalından belə keçməmişdir və onları heç təsvir etməyə belə qabil deyillər.

             ﭿ  ﮂﮃﮄﮅ ﮆﮇﮈ

(10.10) “Onların oradakı (möminlərin Cənnətdəki) duası: “Allahım! Sən pak və müqəddəssən!” və orada salamlaşması: “Salam!” və duasının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir”[3].

Əməlisaleh insanlar Cənnətdə yalnız Tək Allaha ibadət edəcəklər. Onların duası Allahın nöqsansız sifətlərinin təriflənməsi ilə başlayacaq və Allaha həmd etməklə sona yetəcəkdir. Cənnət sakinləri vəzifələrlə yüklənməsələr də, Allahı zikr edəcək və bundan ən böyük zövq alacaqlar ki, bunu yeməklərdən alınan ləzzətlə müqayisə etmək olmaz. Allahın xatırlanması əməlisaleh insanlara rahatlıq və sevinc gətirəcək. Allahı xatırlama onlar üçün ağır və çətin olmaya­caqdır, çünki Allahı zikr etmək onlar üçün Cənnət havası ilə nəfəs almaq kimi asan olacaqdır. Cənnət sakinləri bir-biri ilə görüşdükdə və ya bir-birilərini yoluxmağa gəldikdə, onlar bir birilərini “Salam” söyləməklə qarşılayacaqlar. Bu o deməkdir ki, onların danışığında boş, faydasız və günaha yönəlmiş sözlər-söhbətlərə yer  qalmayacaq.
Bu vəhyin təfsirində bildirilir ki, Cənnət sakinlərinin meylindən Cənnət yeməklərindən dadmaq keçdikdə, onlar sadəcə olaraq: “Sübhənallah!” deyən kimi, o saat onlara ürəklərindən keçirdikləri yemək veriləcəkdir və onlar yedikdən sonra: “Aləmlərin Rəbbi Allaha həmd olsun!” – deyəcəklər.  

                                           
(10.11) “Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaş­caqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!”

Bu vəhy Allahın qullarına qarşı bəslədiyi mərhəməti və rəhmini təsdiq edir, çünki əgər O, insanlardan sərt intiqam alsaydı və öz əməlləri ilə layiq olduqları halda, onlar yaxşı əməllərinə görə tezliklə mükafatlandırıldıqları kimi, tezcə də cəzaya düçar edilsəydilər, onda insanlar artıq çoxdan məhv edilmiş­dilər.  Lakin Allah belə davranmır. O, insanların günahlarını unutmur, amma onlara möhlət verir və Onun qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdikləri bir çox nöqsanlarını bağışlayır. Əgər O, insanların ədalətsiz hərəkət­lərinə görə onları o saat cəzalandırsaydı, onda yer üzündə bir nəfər belə canlı məxluq qalmazdı.
Bu vəhy Allahın qulunun qəzəblənən zaman öz övladlarını, öz zövcələrini və ya öz malını lənəyləməsi hallarına da aid edilir. Əgər belə bir insanın lənəti qəbul olunsaydı, onda onun övladları məhv olardılar və bu insana çox böyük zərbə olardı, lakin bu baş vermir, çünki Fövqəluca Allah səbirli və müdrikdir. O, yalnız Axirət həyatına iman gətirməyənlərdən, Onunla görüşə hazırlaşmayanlardan, insanı Onun cəzalandırmasından xilas edən əməllər işləməyənlərdən Öz köməyini əsirgəyir. Belə adamlar halalın sərhədini aşır və öz yalanının zülmətində veyillənirlər. Onlar çaşqınlıq içində olurlar, çünki düz yolu tapmağı və inandırıcı dəlillərə istinad etməyi bacarmırlar. Özbaşınalıq etdiklərinə və Allahın ayələrinə iman gətirmədiklərinə görə cəza belədir!


                                                                      

(10.12) “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi”.

Fövqəluca Allah, xəstəliyə düçar olan və ya başqa bir dərdə mübtəla olan və Ona ciddi-cəhdlə dua etməyə başlayan bir insanın təbiətindən xəbər verir. Həmin adam belə hallarda hər hansı vəziyyətindən asılı olmayaraq: ayaq üstə, oturmuş və ya uzandığı halda olsa da, Ona dua ilə müraciət edir. O, inadcıllıqla nail olmaq istəyir ki, Allah onu bu xoşagəlməz vəziyyətdən xilas etsin. Lakin O, onu bəladan qurtaran kimi, o, tam etinasızlıqla çevrilib gedir, sanki bədbəxtlik ona üz verməmişdi, sanki Allah onu acınacaqlı vəziyyətdən çıxarmamışdı. Məgər bundan böyük zalımlıq olarmı?!! İnsan Allahdan onun xahişini təmin etməyə yalvarır, istədiyinə nail olduqda isə, Onun qarşısında öz vəzifələrinə diqqət yetirmir, Allahın qarşısında heç bir öhdəliyi yoxdur. Bu – şeytanın azdırmasın­dan başqa bir şey deyildir, çünki o, insanların qarşısında onların, ağıl və təh­təlşüurunun qınadığı yaramaz əməllərini bəzəkli göstərir. Amma o (şeytan), yalnız halalın hədlərini aşanları yoldan çıxarmağa nail ola bilir.

                                   ﯫ ﯬ    ﯮﯯ

(10.13) “Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətir­dikləri hal­da onlara inan­ma­­dıqlarına görə məhv etdik. Biz gü­nahkar adam­ları belə cəza­landırırıq”.


Fövqəluca Allah bu ayədə bildirir ki, Onun elçiləri onlara açıq-aşkar dəlillərlə gəldikdən sonra, zalımlığa və küfrə batmış qədim xalqları iman gətirmədiklə­rinə görə, O məhv etmişdir. Çünki onlar haqqı dərk etsələr də, ona itaət etməkdən və haqq dinə gəlməkdən boyun qaçırdılar. Belə  olduqda, Allah onları cəzalandırdı və Onun qoyduğu hədləri pozmağa cəsarət etmiş cinayətkarları bu cəzadan qurtarmaq mümkün deyildi. Bütün ümmətlərə və xalqlara O, belə yanaşır.

                              

(10.14) “Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız”.

Ey insanla! Biz sizi qədim insanların varisləri etdik ki, baxıb özünüzü necə aparacağınızı, atacağınız addımları və törədəcəyiniz əməllərinizi görək. Əgər siz sizdən əvvəlkilər haqqında hekayətlərdən faydalı nəticələr çıxara bilsəniz, Allahın ayələri ardıyca getsəniz və Onun elçilərinə iman gətirsəniz, onda həm bu dünyada yaşadığınız zaman və həm də öldükdən sonra xilasa nail olarsınız. Lakin əgər siz sizə qədər yaşamış zalımların davrandığı kimi rəftar etsəniz, onda sizə də sizdən əvvəlkilərin başına gələnlər düçar olacaqdır. Əgər sizi cəzalandırıla biləcəyiniz barədə xəbərdar edilərsinizsə, onda özünüzdən başqa heç kim cinayətlərinizə görə məsuliyyət daşımayacaqdır.

                                                                                                   

(10.15) ”Açıq-aydın ayələrimiz on­lara oxun­duğu zaman Bizimlə qar­şılaşacaqlarına ümid etmə­yənlər deyərlər: “Bizə bun­dan başqa bir Quran gətir və ya onu də­yişdir!” De: “Mən onu öz istəyimlə də­yiş­dirə bilmə­rəm. Mən yalnız mənə vəhy olu­nana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük gü­nün əzabından qorxa­ram”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməkdən boyun qaçıran allahsızların inadkarlığından xəbər verir. Onlara aydın izah edilən Quran ayələri oxunduqda onlar ayələrdən üz çevirərək kobud və zalım bəyənatlar verirlər. Onlar belə deyirlər: “Ey Muhəmməd! Bizə başqa bir Quran gətir və ya Quran ayələrini başqaları ilə əvəz et”. Allah onları rüsvay etsin! Onlardan başqa kim Ona qarşı belə kobudcasına çıxmağa cəsarət göstərmiş və Onun vəhylərini bu tərzdə inkar etməklə misilsiz zalımlıq törətmişdir?!!
Onlar buna cürət etdilər və belə olduqda, Allah da Öz Böyük Elçisinə (s.ə.s.) əmr edir ki, desin: “Mənə Quran vəhylərini öz xoşumla dəyişdirmək yaramaz. Mən adi bir elçiyəm və heç bir hakimiyyətə malik deyiləm. Mən  ancaq vəhylərlə mənə nazil ediləni yerinə yetirirəm və bundan başqa heç nə arzulamıram. Mən – mənə buyurulmuş əmrləri yalnız icra edən bir qulam. Mən Rəbbimin sözündən çıxmağa qorxuram, çünki əks halda məni əzabverici cəza gözləyər”.
Budur məxluqların ən yaxşısının sözü və onun (s.ə.s.) Allahın hökmlərinə və Səmavi Kitaba ehtiramla yanaşması! Nadanlıq, azğınlıq, zalımlıq, inadkarlıq və Allahın Özünü gücsüzlükdə ittiham etməyə cəhd göstərmək kimi keyfiyyət­lərlə səciyyələndirilən və yolunu azmış axmaqlar haqqında nə demək olar?!!
Əgər onlar deyirlərsə ki, tələb etdikləri möcüzələr sayəsində haqqı aşkar etmək istəyirlər, onda onlar doğru danışmırlar, çünki Fövqəluca Allah onlara Özünün ən böyük möcüzələrini izah edib göstərmişdir və bu, insanın iman gətirməsi üçün tamamilə kifayət edərdi. Möcüzələr yalnız Onun Öz əlindədir və Özünün ilahi hikməti və qullarına rəhmli münasibətinə istinad edərək onlara sərəncam çəkir.

       ﭿ                                                              ﮠﮡ

(10.16) “De: “Əgər Allah istə­səydi, mən onu sizə oxumaz­dım, O da onu sizə bildir­məzdi. Mən axı bundan öncə də si­zin aranızda ya­şamışam. Məgər bil­mirsiniz?”
(10.17) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!”

Ey Muhəmməd! De ki: “Əgər Allah istəməsəydi mən sizə Quran ayələrini oxumazdım, O da haqqı sizə öyrətməzdi. Mən peyğəmbərliyə başlayana və siz də Quran ayələrini eşidənə qədər mən sizinlə bərabər uzun bir ömür sürmüşəm. O zaman mənim heç ağlıma da gəlməzdi ki, özümdən vəhlər uydurum. Doğrudanmı siz başa düşmürsünüz ki, mən uzun illər boyu belə bir şey etməmişəmsə, onda elə indi də yalan bir şey uydurmaram?
Mən sizin aranızda uzun bir ömür sürmüşəm və siz mənim nəsəbim haqqında hər şeyi gözəl bilirsiniz. Siz bilirsiniz ki, mən təhsil almamışam. Mən nə oxumaq və nə də yazmaq bilmirəm. Mənə hətta heç vaxt elm öyrənməmişəm. Doğrudanmı ərəb dili bilicilərinin və məşhur alimlərin qarşısında aciz qaldıqları belə bir Böyük Kitabı yaza bilərəmmi? Belə bir Kitab mənim yaradıcılıq fantaziyamın məhsulu ola bilərmi? Ya da bu Kitab, onun Müdrik və Fövqəltərifəlayiq Yaradıcı tərəfindən nazil edilməsinə inandırıcı dəlildir?
Əgər siz beyinlərinizi bir qədər qurdalayıb, mənim xüsusiyyətlərim və bu Kitabın özəllikləri üzərində düşünsəniz, onda onun həqiqiliyinə sizdə heç bir şübhə yeri qalmaz. Siz əmin olarsınız ki, o – haqdır və onun hüdudlarında kənarda olanlar – azğınlıqdır. Lakin siz bundan sonra da inadkarlıq edib, haqqı danmaq istəyirsinizsə, onda siz – zalımlarsınız və buna heç bir şübhə yoxdur.
Allaha böhtan atan və Onun ayələrini inkar edənlərdən daha zalım kim ola bilər?!! Əgər mən Ona artıq-artıq sözlər desəydim, dünyada ən zalım insan olardım və heç vaxt uğur qazana bilməzdim və belə olduqda mən öz yalanımı gizlətməyə nail olmazdım. Lakin mən sizin yanınıza Allahın inkar etdiyiniz ayələri ilə gəlmişəm. Bu isə o deməkdir ki, ədalətsiz zalımlar sizsiniz. Sizin yaramaz təşəbbüsləriniz mütləq puç olacaq və siz belə baxışlara etiqad etdiyiniz müddətdə heç vaxt uğura nail ola bilməyəcəksiniz”.
Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr etmişdir ki, belə sözlərlə Onunla görüşəcəklərinə ümid etməyən fasiqlərə müraciət etsin. Bu isə o deməkdir ki, onların inadkarlığının və cinayətlərinin səbəbi Allahla görüşəcək­lərinə inanmamaları və ümidlərinin olmamasıdır. Bu həm də onu göstərir ki, Allahla görüşəcəyinə inanan hər bir insan hökmən Müqəddəs Qurana itaət edəcək və iman gətirəcək, çünki belə insanların niyyətləri xeyirxah olur.

                                                                

(10.18) “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”

Fövqəluca Allah ayədə bildirir ki, Allahın Elçisini (s.ə.s.) inkar edən müşriklər onlara hətt zərrə qədər də olsa xeyir gətirməyə və ya qorumağa qadir olmayan bütlərə ibadət edirlər. Onlar dəlillərlə təsdiq edilməyən sözlər danışır və uydurulmuş ilahları özlərinin Allah qarşısında şəfaətçiləri adlandırırlar. Onlar o bütlərə ona görə səcdə edirlər ki, bütlər onları Allaha yaxınlaşdırsınlar və Onun qarşısında şəfaətçilik etsinlər. Lakin bu baxışlar onların öz qondarma­larıdır və buna görə Fövqəluca Allah Öz Peyğəmbərinə (s.ə.s.) belə deməsini buyurmuşdur: “FövqəlFövqəluca Allah Hərşeyibilən Hökmdardır və O, Öz elmi ilə, göylərdə və yerdə gedən bütün hadisələrdən agahdır, O, bəyan etmişdir ki, Onun şəriki yoxdur və Ondan savayı digər allahlar yoxdur. Məgər siz – ey müşriklər, bundan sonra da Allahın şərikləri olduğunu iddia edəcəksiniz? Doğrudanmı siz ümid edirsiniz ki, Allaha Onun bilmədiyi nə isə yeni bir şey xəbər verə biləcəksiniz? Doğrudanmı siz Allahdan da yaxşı məlumatlısınız?”
Aləmlərin Rəbbindən daha üstün məlumata malik olduqlarını zənn edən azğın və nadan axmaqlar olan müşriklərin bu iddialarından daha yalan və yaramaz bir şey ola bilərmi? Əgər ağıllı bir insan onların təkcə bu sözləri üzərində düşünərsə, bu kifayət edər ki, o, müşriklərin baxışlarının yalan və yaramazlığına qəti əmin olsun.
Sübhən Allah! O, bütün nöqsanlardan sonsuzluğa qədər uzaqdır. Onun şəriki və bənzəri yoxdur. Əksinə, O Vahiddir və Əbədi Allahdır. Nə göylərdə və nə də Yerdə Ondan başqa haqq məbud yoxdur. Amma müşriklərin ibadət etdikləri bütün göydəki və yerdəki bütlər faydasızdırlar və buna dəlalət edən sağlam təfəkkür, din və təhtəlşüurdur. Fövqəluca Allah buyurur: “Bu belədir. Çünki Allah haqqdır, (müşriklərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah fövqəlucadır, böyük­dür!”[4] (Həcc, 22/62).

                                          

(10.19) “Bir vaxt vardı ki, bəşəriyyət möminlərin tək bir ümmətiydi, sonra aralarında ziddiyyət yarandı. Rəbbin tə­rəfindən əzəl­dən söz verilməsəydi, ziddiyyətə uğradıqlarına görə ara­la­rında dərhal hökm çıxarılardı”[5].

Bir zaman insanlar haqq dinə etiqad edirdilər və bahid bir ümmət idilər, lakin sonradan aralarında ziddiyyət düşdü. Belə olduqda, Allah bəzilərinə müjdə vermək və digərlərinə xəbərdarlıq etmək üçün onlara Öz elçilərini yolladı. Allah onlara Kitablar nazil etdi ki, insanların arasında baş qaldırmış ziddiyyətləri həll etsinlər. Əgər O, insanlara möhlət verəcəyini və günahkarları dərhal cəzalandırmayacağını  vəd etməsəydi, bütün ixtilaflar artıq aradan qaldırılmışdı: möminlər xilas, kafirlər isə çoxdam məhv edilmişdi. Lakin O, insanların bir hissəsini digər bir hissəsi ilə sınamaq niyyətində idi ki, sadiq qullarla yalançılar arasındakı fərq üzə çıxsın.

                ﯿ                    
(10.20) “Müşriklər: “Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” – deyirlər. Onlara belə cavab ver: “Qeyb ancaq Allaha məxsusdur. Elə isə, doğrusu, mən də sizinlə birlikdə gözləyləyən­lərdənəm!”[6]

İnadkar kafirlər təəccüblənirlər ki, görəsən niyə onların tələb etdikləri möcüzələr Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil edilmədi. Onlar deyirlər: “(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi? Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər möminlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!” (Furqan, 25/7-8);
“(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl çaylar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə və yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirmə­yincə və ya da qızıldan bir evin olmayınca və yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ey Elçim!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)” (İsra, 17/90-93).
Ey Muhəmməd! Onlar səndən möcüzə göstərməyini istədikdə, onlara de: “Allaha qullarının vəziyyəti çox yaxşı məlumdur. O, Öz elminə və Özünün qüsursuz hikmətinə əsaslanaraq onları təkbaşına idarə edir və heç kim hakimiyyət və möcüzələrlə bağlı sərəncam vermək bacarığına malik deyildir. Bir qədər gözləyin, mən də sizinlə birgə gözləyirəm. Sizin hər biriniz layiq olduğunuzu alacaqsınız və onda görəcəksiniz ki, kimin sonu uğurlu olacaqdır.

                                                    

(10.21) “İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qur­mağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələk­lər) qurduğunuz hiylələri yazırlar!”

Allah insanlara xəstələndikdən sonra şəfa və ya kasıblıqdan sonra var-dövlət və yaxud da sarsıntıdan sonra əmin-amanlıq əta edir və onlar lap yaxın vaxtlarda onlara düçar olmuş bəlanı unudub, Allaha, əmin-amanlıq və mərhəmət göstərdiyinə görə minnətdarlıq etməyi yaddan çıxarırlar. Bundan da başqa, onlar zalımlıq etməyə və məkrli planlar qurmağa başlayır ki, Allahın ayələrini inkar etsinlər və haqqı yalanlasınlar. Lakin Fövqəluca Allah fənd qurmaqda daha çevikdir və buna görə də kafirlərin şərli fitnələri həmişə onların öz əleyhlərinə çevrilir. Onlar öz qurduqları tələyə düşürlər və bu əməllərinin sərt nəticələrindən xilas ola bilmirlər, çünki mələklər onların örətdiklərini yazırlar, Fövqəluca Allah isə onları hesablayır ki, kafirlər layiq olduqları əvəzi bütövlüklə ala bilsinlər.
Allah, insanlara mərhəmət göstərdikdən və onları bəlalardan xilas etdikdən sonra onların özlərini necə aparmalarını yad edərək, bu qaydanı təsdiq edən xüsusi bir əhvalatı xatırladır. Bu özəl hal insanların dənizdə fırtına zamanı onun ən dəhşətli nəticələrindən vahiməyə tutulduqları halda özlərini aparma­sıdır. Fövqəluca buyurur:

                                                  ﭿ                                                                                                                        

(10.22) “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə səmimiyyətlə Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
(10.23) “Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”.  

Allah insanlara quruda və dənizdə səyahət etməyə  imkan verir və bunu necə etməyi onlara öyrədir. Onlar rahatca gəmilərə oturub, heç bir təşvişə düşmədən istədikləri yerə gedirlər. Onlar buna sevinir və özlərini arxayın hiss edirlər. Lakin şiddətli bir külək əsəndə və dalğalar yüksəkliyə qalxanda, onlar elə düşünürlər ki, ölüm onları hər tərəfdən əhatəyə almışdır. Belə olduğu halda onların məxluqlara bəslədikləri bütün ümidləri kəsilir və onlar başa düşürlər ki, onları bu fəlakətdən xilas edə bilən təkcə Allahdır. Onda onlar təkcə Ona səmimi qəlbdən dua etməyə başlayır və onları xilas etdiyi təqdirdə Ona şükr edən qullar olacaqlarını boyunlarına götürülər. Allah onları saq-salamat sahilə çıxartdıqda, onlar başlarına gələ bilən bəlanı və həmçinin etdikləri duanı və verdikləri vədi unudurlar. Sonra isə Ona şərik qoşmağa başlayır, halbuki onlara çox yaxşı məlumdur ki, onları bədbəxtliklərdən və fəlakətlərdən xilas etməyə qadir olan təkcə Odur. Bəs niyə onlar bədbəxtlik vaxtlarında olduğu kimi, xoşbəxt çağlarında da Tək Allaha müraciət etmirlər?!!
Lakin belə özbaşınalıq müşriklərin ancaq özünə ziyan vurur. Bu gün onlar zalımlıq edir və Tək Allaha səmimi xidmətdən yayınırlar, halbuki bunun sayəsində onlar yalnız keçici dünyəvi nemətlər əldə edir və həzz alırlar. Bu, çox cüzi bir qismətdir və tez də tükənir və sonra onlar istəmədikləri halda bu dünyanı tərk etməli olurlar. Qiyamət günü gəldikdə isə, onların hamısı Allah qarşısında dayanacaqlar və O, onların törətdikləri bütün əməllərini onlara xəbər verəcəkdir. Qoy onlar öz mənfur əməllərini törətməkdən çəkinsinlər!

                                                                                                     ﯿ 
(10.24) “Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə və yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!”

Bu ibrətamiz hekayət ən hikmətli məsəllərdən biridir və bu dünya həyatının təsvirinə tamamilə uyğun gəlir. Yer üzünün ləzzətləri, gözəllikləri, hakimiyyət və başqa maddi nemətlər onların verildiyi insanları qısa müddət ərzində heyran qoyur. Onlar öz yüksəliş səviyyələrinə nail olduqda, ya onlar öz ağasını tərk edir, ya da ağası onlardan ayrılır. O, boş əllə qalır, onun qəlbi isə kədər, qəm və məyusluqla dolur. Məhz buna görə, dünya həyatı göydən endirilən yağışa bənzəyir – onun sayəsində yerdə cürbəcür gözəl bitkilər yetişir və bir-birinə sarmaşıb-qarışırlar. Onlardan bir qismi (dənli bitkilər, meyvələr və b.) insanların qidalanması üçün ərzaq məhsulları olur, digər qismi isə (otlar və s.) mal-qara üçün yemə çevrilir. Onların hesabına yer gözəl bir guşəyə dönür və ona tamaşa edənlərə böyük sevinc bəxş edir. İnsanlar yaşıl, sarı, ağ və bir çox başqa rənglərə çalan qəribə bir mənzərənin şahidi olurlar. Onlar elə ümid edirlər ki, bu füsunkarlıq əbədi olaraq davam edəcəkdir, çünki bütün bunlar – insanların bu dünyada arzu etdikləri və ehtiyacları olduğu nemətlərdir. Onlar belə ümidlər bəslədikləri bir halda qəfildən gündüz və ya gecə vaxtı Allahın hökmü icra olunur və yer üzü biçilmiş zəmiyə çevrilir və sanki onda heç vaxt nemət bolluğu olmamışdı. Dünya həyatını məhz belə səciyyələndirmək olar.
Allah məxluqlarına Öz ayələrini bu cür izah edir ki, insanlar onların mənasını daha tez dərk edə bilsinlər. Allah insanlar üçün belə məsəlləri çəkir ki, onlar nəyin özləri üçün faydalı olduğu haqqında düşünürlər. Allahın ayələ­rindən üz döndərən səhlənkar nadanlara gəldikdə isə, onlar özləri üçün faydalı nəticələr çıxarmağa və şübhələrdən xilas olmağa qadir deyillər.

                                  

(10.25) “Allah (qullarını) əmin-amanlıq Yurduna çağırır və istədiklərini doğru yola yönəldir!”

Fövqəluca Allah dünya həyatının və maddi nemətlərin mahiyyətini izah etdikdən sonra, Öz qullarını Axirət həyatına çağırır. O, Əmin-amanlıq Yurduna Öz çağırışını bütün məxluqlarına yönəldir, lakin doğru yolla yalnız seçilmiç qullarını aparır. Bu – Allahın mərhəməti və alicənablığından irəli gəlir və O, istədiklərini Öz sayəsinə almaqda azaddır. Bütün bunlar Onun adilliyi və müdrikliyinin dəlilləridir. Onun elçiləri haqqında izahlarını eşidərək başa düşənlərdən heç kim Onun qarşısında bəraət qazanmağa nail ola bilməyəcək. Allah Cənnət bağlarını “əmin-amanlıq məskəni” adlandırır, çünki o bağlar hər hansı nöqsan və çatışmazlıqlardan azaddır. Onlarda alınacaq zövq ən kamil, əbədi və hərtərəfli gözəldir. Əgər Allahın Özü insanları bu Rahatlıq və Səadət diyarına dəvət edirsə, deməli, onlar müqəddəs məqsədə nail olmağa kömək edən saleh əməllərə can atmalıdırlar. Buna görə, daha sonra Fövqəluca buyurur:

                   ﭚ ﭛ  ﭞ ﭟ ﭠ    ﭤﭥ

(10.26) “Yaxşı işlər görənləri Cənnət və daha artıq savab (Allahın üzünü görmək) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!”

Bu möminlər öz imkanları daxilində Yaradana səmimi qəlblə ibadət edərək, özlərinin Fövqəluca Allahın müşahidəsi altında olduqlarını hiss edirlər. Bununla yanaşı onlar həm sözləri və həm də əməlləri ilə Allahın qullarına gücləri çatan maddi və fiziki yardım göstərərək, onları xeyirxah işlər görməyə çağıraraq və qınanılan hərəkətlərə yol verməkdən çəkindirərək, nadan insanları öyrədərək, haqdan üz döndərənlərə səmimi məsləhətlər verərək bir çox digər yaxşı əməllər də həyata keçirirlər. Onlar ən yaxşı mükafatlar olan füsunkar Cənnət bağlarına və buna əlavə edilməsinə layiqdirlər. Əlavə dedikdə, Allahın Gözəl Üzünü seyr etmək, Onun ecazkar nitqini eşitmək, Onun xeyirxahlığına sevinmək və Onunla yaxınlıqdan zövq almaq imkanı nəzərdə tutulur. Bu isə o deməkdir ki, möminlər arzu etdikləri və xahiş edə biləcəkləri hər şeyə nail ediləcəklər.
Fövqəluca bildirir ki, onların üzündə nə qəm-qüssə, nə toz-torpaq, nə dəq həqirlik olmayacaqdır. Bu isə o deməkdir ki, onlar narahatçılığın nə olduğunu bilməyəcək, çünki hər hansı narahat­çılıq hökmən insanın üzündə əksini tapır və o, qəmli və məyus görünür. Amma möminlərin üzündə təkcə sevinc və məmnunluq görmək olacaqdır ki, o barədə Fövqəluca belə buyurub: “Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!” (Mutəffifin, 83/24). Onlar Cənnət məkanının əbədi sakinləridir. Onlar Cənnət bağlarının tərk etməyəcək, yox olmayacaq və dəyişikliyə uğramayacaqlar.

                                                    ﭿ         

(10.27) “Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabın­dan) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!”  

Fövqəluca Allah Cənnət sakinlərini xatırladıqdan sonra, dünyada Allahın qəzəbini doğuran yaramaz kafirlikdən və müxtəlif günahlardan başqa heç nəyə nail olmayan və Cəhən­nəmdə əzab çəkən fasiqləri yada salır. Onlardan alınacaq intiqam – törətdikləri bəd əməllərin dəyərinə bərabər olacaq, əməlləri ilə layiq olduqları qədər narahatçılıqlara düçar olacaqlar. Onların ürəyi zillətə düşəcək və Allahın cəzalandıracağı qarşısında vahiməyə qapılacaqdır ki, artıq bundan onları kimsə xilas edə bilməyəcək. Bu rəzillik onların xarici görkəmində öz əksini tapacaq və buna görə onların üzləri sanki gecənin zülmət parçaları ilə örtülmüş olacaqdır. Budur Cəhənnəm Odunun bu məkandan heç vaxt ayrılmayacaqları sakinləri! Bu iki qrup insanlar arasındakı fərq necə də böyükdür?!
Fövqəluca buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır! O gün neçə-neçə üzlər tutulub qaralacaq, (sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!” (Qiyamə, 75/22-25);
“O gün bir çox üzlər parlayacaq, Güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, Onları zülmət (yaxud his) bürüyəcəkdir. Onlar (pis əməllərə uyan) kafirlər, pozğun­lardır!” (Əbəsə, 80/38-42).

                                                                         

(10.28) “O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra müşriklərə: “Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!” – deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.
(10.29) “Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz (eşitməz, görməz və duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!”

Bütün məxluqların Məhşər ayağına gələcəkləri həmin Gün Fövqəluca Allah müşrikləri, Onun əvəzinə, ibadət etdikləri bütləri ilə bir yerə toplayacaqdır. Onlara əmr ediləcək ki, O, onların arasında Öz hökmünü verənə qədər, öz yerlərində dursunlar. Sonra isə onları bir-birindən ayıracaqlar və onların canları və ruhları arasında nəhəng məsafələr yaranacaqdır. Belə olduqda, dünyada yaşadıqları zaman özlərinin uydurduqları “ilahlara” ən səmimi məhəbbət bəsləmələrinə baxmayaraq, (Qiyamət günü) müşriklərin və bütlərin arasında, qarşısıalınmaz düşmənçilik baş­layacaqdır. Lakin bu məhəbbət kin-küdurətə və ədavətə çevriləcək, bütlər isə müşrikləri rədd edəcəklər. Onlar deyəcəklər: “Biz şahidlik edirik ki, Allahın şərikləri yoxdur və heç kimi Ona bərabər tutmuruq. Onun sizinlə bizim aramızda şahid olması bizə bəsdir. Biz heç vaxt bizə ibadət etməyi sizə əmr etməmişdik və sizi buna dəvət etməmişdik. Siz bizə deyil, sizi belə davranmağa çağıran lənətə gəlmiş şeytana ibadət edirdiniz”.
Elə buna görə də Fövqəluca buyurmuşdur: “Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir”  (Yasin, 36/60);
“O gün (Qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizə­mi ibadət edirdilər?” (Mələklər:) “Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşrik­lərin, kafirlərin) ək­sə­riyyəti onlara (cinlərə) iman gətirmişdi”, - deyə cavab verə­cəklər” (Səba, 34/40-41).
Qiyamət günü başladıqda alicənab mələklər, peyğəmbərlər və əməlisalehlər möminlər onları ilahiləşdirən müşriklərdən üz döndərə­cəklər. Onlar bildirəcəklər ki, heç vaxt insanları onlara ibadət etməyə çağırmayıblar və bununla onlar həqiqəti deyəcəklər. Belə olduqda müşrik­ləri sözlə təsvir edilməsi mümkün olmayan böyük bir məyusluq bürü­yəcək. Onlar öz əməllərinin miskinliyini və şəxsi keyfiyyətlərinin yaramazlığını dərk edəcəklər. Onlara aydın olacaq ki, onlar yalançı imişlər və Allahın Özünə böhyan atırmışlar. Onların canyananlıqla icra etdikləri ibadət faydasız olacaq, ibadət etdikləri “ilahlar” isə onları tərk edəcəklər. Lakin artıq heç nəyi dəyişdirmək mümkün olmayacaq.


     ﮧﮨ                                  

(10.30) “Orada hər bir nəfər keç­mişdə tö­rətdiklərinin acı­sını çəkə­cəkdir. Onlar Allaha – öz­lərinin həqiqi Hima­yəda­rı­na qaytarılacaq­ və uydur­duqları bütlər on­lardan uzaqlaşıb qeyb olacaqlar”.

Həmin gün hər bir nəfərin əməlləri və qazandıqları diqqətlə araşdırılıb öyrəniləcək və sonra o, müvafiq əvəz alacaqdır. Əgər onun əməlləri xeyirxah əməllər olarsa, onda ona veriləcək əvəz də xeyirli olacaq, amma əməlləri şərli olarsa, onda onlara görə virələcək əvəz pis olacaq. Bütün insanlar Allaha, onların əsil Hökmdarına və Hamisinə  qaytarılacaqlar və onda müşriklərə, onların bütlərə ibadətin doğru olmasına inanmaları və onların fayda verəcəyi və cəzadan qoruyacağına ümid bəsləmələri kömək etməyəcəkdir.

                                                                 

(10.31) “De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”

Ey Muhəmməd! Müşriklər Allaha şərik qoşurlar, halbuki onların belə rəftar etməsinə əsas verən heç bir dəlliləri yoxdur. Lakin onlar Allahı özlərinin Yeganə Rəbbi olduğunu etiraf edirlər. Sən bundan istifadə edərək, onları inandır ki, Allah həm də onların Yeganə İlahıdır. Onlardan soruş: “İnsanlara maddi nemətləri göydən nazil edən və onları yerin təkindən çıxardan kimdir? Kin insanlara ruzi əldə etməyə kömək göstərir? Kim eşitmə və görmə qabiliyyətini yaratmış və onlara hakimdir? İnsanın bu qabiliyyəti ən diqqətəşəyan və xüsusilə yada salınmasına layiqdir. Bunlar insana nəsib edilmiş digər istedad və bacarıqları da ehtiva edir. Kim ölünü diriyə çevirir, toxum və dənlərdən ağaclar və başqa bitkilər yaradır, imansızı möminə çevirir, yumurtadan quş alır? Kim dirini ölüyə çevirir, ağaclarda toxum yaradır, mömini kafirə döndərir, quşları yumurtladır? Kim ali və aşağı dünyaların işlərini idarə edir? Kim bütün ilahi sərəncamları verir?” Əgər sən onlara bu sualları versən, onlar mütləq deyəcəklər ki, bunları həll edən Allahdır. Onlar etiraf edəcəklər ki, heç kim sadalalanan ilahi əməlləri yaratmaqda Allaha kömək etmir. Belə olduqda, onlar fakt qarşısında qoyaraq, de: “Elə isə, doğrudanmı siz Allahdan qorxmursunuz və məhz Ona şərik qoşmadan səmimi ibadət etməyəcəksiniz? Doğrudanmı siz Allaha bərabər tutduğunuz bütlərdən əl çəkməyəcəksiniz?”


               ﯿ                                          

(10.32) “O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haq­dan sonra, zəlalətdən başqa nə qalır?! Belə isə, (haqdan) necə döndərilirsiniz?”
(10.33) “Beləliklə, fasiqlərin iman gətir­mə­yəcəyinə dair Rəbbi­nin Sözü doğru çıx­dı”.

Allah bu sifətlərlə Özü Özünü səciyyələndirmişdir. O, Vahid bir İlahdır ki, Ona  ibadət, pəstiş və həmd edilməsinə layiqdir. O, Özünün bütün məxluqlarına qayğı göstərir və onlara saysız nemətlər nəsib edir. O – Haqqın Özüdür və Ona aid edilməyən hər şey – azğınlıqdır. Fövqəluca Allah məxluqlarını yaradaraq onların taleyini idarə edir, onlara mərhəmətini bəxş edir, onları nemətləri ilə savablandırır və narahatçılıqlardan müdafiə edir, gözəl adların və nöqsansız sifətlərin, əzəmət və şan-şöhrət Sahibidir. Niyə insanlar belə misilsiz sifətlərə malik Olana ibadət etməkdən boyun qaçırır və nə xeyir verməyə qadir olan və ya nə də zərər vurmağı bacarmayan, nə öz həyatına, nə ölümünə və nə də dirilməsinə sərəncam çəkə bilməyən faydasız tanrıçalara müraciət edirlər?
Bu tanrıçalar hətta zərrə qədər də belə hakimiyyət sahibi deyillər və onu Allahla bölüşdürmürlər. Onlar hətta, Allahın razılığı olmadan, Onun qarşısında şəfaətçi ola bilməzlər. Vay o kəslərin halına ki, onları Allaha şərik qoşurlar! Vay o kəslərin halına ki, Ona iman gətirməkdən boyun qaçırırlar! Onlar haqq dindən məhrum oduqdan sonra, ağıldan da məhrum olmuşlar. Bundan başqa, onlar öz dünyəvi həyatıarını da, ölümdən sonrakı həyatlarını  da məhv etmişlər. Onlar, Allahın fasiqlər barəsində öncədən buyurduğu kimi və ağıllı insanlara nəsihət, saleh müttəqilərə örnək və qalan bütün məxluqlara doğru yol Təlimatı olan aydın möcüzələr və inandırıcı dəlillər onlara göstərildikdən sonra da, iman gətirməyəcəklərini təsdiq etdilər.

                                     

(10.34) “De: “Allaha qoşduğunuz şə­rik­lər­dən eləsi varmı ki, hər hansı bir məx­lu­qu ilk dəfə yaratsın, öldükdən sonra onu yenidən di­riltsin?” De: “Məx­luqu ilk də­fə Allah yaradır, sonra onu Qiyamət günü yeni­dən dirildir. Siz necə də haq­dan döndərilirsiniz!”

Müşriklərin ibadət etdikləri, ilahlaşdırılmalarını zəruri edən sifətlərə malik olmadıqları bütlərin iqtidarsızlığını ifşa etmək üçün Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “Sizin Allahın şərikləri saydıqlarınızın arasında elələri var ki, hər hansı bir məxluqu ilk dəfə yaratmağı bacarsın və öldükdən sonra da onu yenidən diriltsin? Bu – deyilişi təmtəraqlı olan sualın cavabı ancaq mənfi ola bilər və buna görə də heç bir uydurulmuş “ilah” məxluqları  yaratmağavə öldükdən sonra yenidən yaratmağa qadir deyil. Onların hamısı köməksiz və yaradıcılıq qabiliyyətinə malik deyillər, çünki təkcə Allah buna qadirdir və bundan ötrü köməkçilərə möhtac deyil. Heç nədən məxluqları yaradan və onları öldükdən sonra yenidən həyata qaytaran Vahid Allaha ibadət etməkdən boyun qaçıran insanlar gör nə dərəcədə aldadılıblar ki,  özləri xəlq edilən və heç nəyi yaratmağa qadir olmayan uydurul­muş “ilahlara” ibadət edirlər.

                                                         ﭿ           
(10.35) “De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəl­­də bilən bir kimsə varmı?” (Sənə cavab verə bilməyən müşriklərə) de: “Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”

Ey Muhəmməd! Soruş ki: “Allaha şərik qoşduqlarınızın arasında elələri varmı ki, insanlara doğru yolu göstərməyi və onların qəlbinə doğru yolla getmək arzusu yerləşdirməyi bacarsın? Şübhəsiz ki, insanlara dəlillər və sübutlar vasitəsilə doğru yol göstərən və bu işdə onlara yardım göstərən yalnız Allahdır. Doğru­danmı  düz yola yönəldən Rəbb, özləri müvafiq biliklərə sahib olmadıqlarına görə doğru yola müstəqil çıxa bilməyən və azğınlıq zülmətində çabalayan uydurulmuş “ilahlara” nisbətən ibadətə daha azmı layiqdir? Sizə tək Allahdan başqa heç kimin ibadətə layiq olmadığı sübut edildikdən sonra Sizi belə yanlış qərarları qəbul etməyə və Allahla yanaşı məxluqlara ibadətin qanuniliyi haqqında danımağa məcbur edən nədir?”
Əgər müşriklərin Allahla bərabər ilahlaşdırdıqları bütlər yüksək keyfiyyətlərə malik deyillərsə və onların ilahiləşdirilməsi üçün zəruri olan tərifəlayiq işlər görmür­lərsə, həmçinin onlar belə “ilahlara” ibadətin faydasızlığını təsdiq edən çoxsaylı nöqsan sahibləridirsə, onda müşrikləri belə “allahlara” etiqad göstərməyə məcbur edən nədir? Bu sualın cavabı şeytanın ən yaramaz böhtanı və ən dərin azğınlığı belə insanların gözü qarşısında, onlar bu yalana inanana, onu sevənə və onu yeganə geçəklik kimi qəbul edənə qədər, gözəl formada bəzəkli göstərməsidir.

                                        
(10.36) “Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu Biləndir!”

Allahla bərabər digər “ilahlara” da sitayiş edənlərin əksəriy­yəti Allahın doğrudan da şəriki olmasına əmin deyillər, çünki  çoxallahlıq həm sağlam təfəkkürə, həm də müqəddəs mətnlərə[7] ziddir. Onlar ancaq öz fərz etdikləri kimi hərəkət edirlər, halbuki fərziyyələr həqiqəti əvəz etməyə qadir deyil. Onlar öz bütlərini ilah adlanırırlar və Allahla bərabər onlara da ibadət edirlər, amma əslində onların ilahları təkcə boş adlardır ki, müşriklər və öz ata-babaları ilə birlikdə uydurmuşlar. Allah bunu təsdiq etmək üçün onlara inandırıcı dəlillər nazil etməmişdir. Allah günahkar fasiqlərin törətdikləri hər şeyi bilir və onların hər birindən ən sərt intiqam alacaqdır.



                                                  

(10.37) “Bu Quran Allahdandır, On­dan başqası tərəfindən uy­durula bilməz. Lakin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəbbi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­mayan kitabları müfəssəl izah edəndir”.

Quran o dərəcədə Əzəmətli Kitabdır ki, onun yalandan Allaha aid edilməsini təsəvvür etmək belə mümkün deyildir. Onun məziyyətləri haqqında Fövqəluca buyurmuşdur: Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir” (Fussilət, 41/42). Bu – elə bir Kitabdır ki, ona bənzərini nə insanlar, nə də cinlər, əgər buna görə birləşib bir-birinə kömək göstərsələr belə yaza bilməzlər. Bu – aləmlərin Rəbbinin Sözüdür. Məgər məxluqlar ona bənzər və yaxud ona yaxın bir şey yaza bilərlərmi, axı sözlərin qiyməti onları söyləyənin əzəmətindən asılıdır?!!
Əgər yaradılmılardan kimsə Allahın əzəmətinə və ya Onun kamil sifətlərinə sahib olsaydı, onda ona Müqəddəs Qurana bənzər bir şey yazmaq mümkün olardı. Əgər bir anlığa nəzərə alsaq ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bu Kitabı aləmlərin Rəbbinə adına yazmışdır, onda o  (ona Allahın salavatı və salamı olsun!), tezliklə Allahın intiqamına və əzabverici cəzasına məruz qalardı. Lakin bu baş verməmişdir, çünki Müqəddəs Quran aləmlərin məskunlarına mərhəmət və Allahın bütün qullarına təkzibolunmaz dəlil kimi nazil edilmişdi. O, bütün Səmavi Kitabları təsdiq edir, çünki Quran həqiqətləri ondan əvvəl nazil edilmiş vəhylərə uyğun gəlir. Bundan başqa, əvvəlki vəhylərdə sonuncu Kitabın nazil ediləcəyi barədə öncədən xəbər vermişdilər və Müqəddəs Quranın nazil edilməsi ilə həmin müjdələr icra olundu. Quranda hökmlər və haramlar, şəriət və Kainat qanunları və həmçinin gerçək əhvalatlar izah edilir. Ona şübhə etmək mümkün deyil, çünki o, təkzibolunmaz haqdır və aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir və Özü də Öz yaratdıqlarının qayğısını çəkir və onlara saysız-hesabsız nemətlər bəxş edir. Onun ilahi qayğısının əzəmətli təzahürü isə nəcim əxlaqa və xeyirxah əməllərə dəvət edən və həmçinin insanların dünyəvi və mənəvi həyatı üçün fayda verə, hər şeyi izah edə bilən  bu Kitabın nazil edilməsidir.

                                         

(10.38) “Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”

Ey Muhəmməd! Əgər kafirlər Müqəddəs Quranı sənin özünün yazdığına inadkarcasına və ədalətsizliklə təkid etsələr, onda onlara onları haqqı etiraf etmələrinə məcbur edən bir təklif et. Əgər onlar sənin tələbini yerinə yetirsələr, onların iddialrını ehtimal edilən adlandırmaq olar, əgər bunu etməsələr, onda yalanları ifşa edilmiş olar. Onlara belə de: “Mənə Quran surələrinə bənzəyən heç olmazsa bir surə gətirin və sizə kömək etmək üçün, Allahdan başqa, kimi istəyirsiniz çağırın və siz heç vaxt bunu edə bilməzsiniz”.
Quran surələrinə bənzəyən bir surə belə yazmaq mümkün deyil. Əks halda, kafirlər mümkün ola bilən nə var idisə edərdilər ki, onu yazsınlar. Kafirlərin onlara edilmiş təklifə cavab verməyə qabil olmamaları sübut edir ki, onların iddiaları saxtadır və tamamilə əsassızdır.

                                                    

(10.39) “Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!”

Kafirlər Ali Həqiqət olan Qurana iman gətirməkdən imtina etdilər, çünki onun ayələrini dərk edə bilmədilər. Əgər onlar Quran hikmətlərini başa düşə bilsəydilər və haqqı layiqincə dərk etsəydilər, mütləq bu Kitaba iman gətirərdilər. Onların kafirliyi həm də onunla dərinləşir ki, fasiqlərin cəzalandırılacağı haqqında Quranın öncədən verdiyi xəbər indiyədək icra edilməmişdir. Lakin bu kafirlik keçmişdə yaşayan kafirlərin rəftarından qətiyyən fərqlənmir. Bəs onda niyə onlar öz sələflərinin məruz qaldıqları aqibət üzərində düşünmürlər? Həqiqətən, onlar məhv edilmiş və kökləri də yerli-dibli kəsilmişdi. Qoy allahsızlar kafirlikdən çəkinsinlər ki, kafirlərin bütöv nəsillərinin qənimi olmuş cəzaya düçar olmasınlar.

Bu ayə istənilən məsələnin diqqətlə öyrənilməsinin zəru­riliyinə dəlalət edir. Bu isə o deməkdir ki, insanlar heç vaxt onlara təqdim edilmiş nəzər nöqtəsini və ya təklifi hərtərəfli öyrənmədən nə qəbul və nə də inkar etməlidirlər.

             ﯿ                                                

(10.40) “Kafirlər) içərisində ona (Qurana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı Tanıyandır!” 
(10.41) “Əgər səni yalançı hesab etsələr, de: “Mənim əmə­lim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!”

Ey Muhəmməd! İnsanlar arasında elələri var ki, Qurana və İslam Təliminə iman gətirirlər və elələri də var ki, heç vaxt haqq dinə gəlməyəcəklər. Allah inadkarlıq edən və Qurana iman gətirməkdən zalımcasına imtina edən günahkarların əməllərindən agahdır. Onlar özbaşınalıq edirlər və buna görə ən sərt cəza alacaqlar. Onlar səni hətta yalançı adlandırsalar da, sən insanları haqqa çağırmağına davam et, çünki sən onların əməllərinə görə cavab verməyəcəksən, onlar da sənin hərəkətlərinə görə. Hər bir insan yalnız öz əməllərinə görə məsuliyyət daşıyacaq. Əgər o, xeyirxah işlər görürsə, bunu öz xeyrinə edir, əgər pis əməllərə qurşanırsa, onda da o, özünə zərər vurur.

                                

(10.42) “Onlardan (Quran oxunarkən) səni dinlə­yənlər vardır. (Lakin) ağlıkəsməz karlara sən anlada bilcəksənmi?”[8]

Fövqəluca bu ayədə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun təbliğ etdiyi Kitaba iman gətirməkdən imtina edən allahsızlardan bəziləri haqqında xəbər verir və bildirir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ayələri oxuyanda onlar onu (ona Allahın salavatı və salamı olsun!)dinləyirlər, lakin onlar bunu haqq yolu tapmaq üçün deyil, məzələnmək və onun (ona Allahın salavatı və salamı olsun!) sözlərində səhv tapmaq üçün edirlər. übhəsiz ki, belə davranış onlara heç bir fayda və xeyir gətirə bilməz. Doğru yola aparan qapıların onların üzünə bağlı olması heç də təəccüblü deyil və Quran ayələri onlara fayda vermir.
Ey Muhəmməd! Məgər sən anlamaq qabiliyyəti olmayan karları səni eşitməyə məxbur edə bilərsənmi? Bu, gəlişi gözəl sualdır və onun cavabı ancaq mənfi ola bilər. Heç kim karları hətta ən güclü səsi eşitməyə məcbur edə bilməz, nəzərə alınsa ki, onlar  həm də ağıldan məhrumdurlar. Əgər kar divanəni insan danışığını eşitməyə məcbur etmək mümkün deyilsə, onda kafirləri də ayələrə diqqətlə qulaq asıb, onlardan faydalı nəticələr çıxarmağa məcbur etmək qeyri-mümkündür. Lakin onlar ayələri dinləməklə özlərini Allah qarşısında, bilməməzliklərinə görə, bəraət qazanmaq imka­nından məhrum edirlər. Onların qarşısında, insanın ətrafındakılar­dan eşitdiyindən əldə etmək mümkün olan əzəmətli biliklərə doğru aparan qapılar bağlanmışdır.
Sonra Fövqəluca Allah bildirir ki, onlar öz ətraflarında gördükləri faydalı bilikləri əldə edə biləcəkləri imkanından da məhrum edilmişlər. Fövqəluca buyurmudur:

                            

(10.43) “Onların içərisində sənə baxanlar da (peyğəmbər­liyini təsdiq edənlər, möcüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!”

Ey Muhəmməd! Onlardan bəziləri səni müşahidə edirlər, lakin bu onlara heç bir fayda vermir. Sən, kor olub heç bir şeyi görə bilməyənə  doğru yol göstərə bilməzsən və beləliklə sən bu kafirlərə doğru yol göstərmək qüdrətində deyilsən. Onlar, insanın ətrafında gedən hadisələrin mahiyyətini dərk etməyə imkan verən sağlam ağıldan, sağlam eşitmə və sağlam görmə qabiliyyətindən məhrum­durlar. Məgər bütün bunlardan sonra onlar haqqa aparan yolu tapa bilərlərmi?
Bu ayədən aydın olur ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatını, onun nəcib əxlaqını və saleh əməllərini və həmçinin xütbələrini[9] öyrənmək onun doğruçuluğunu və Təliminin haqq təlim olduğunu təsdiq edən ən böyük dəlillərdəndir. Bu dəlillər istənilən şüurlu insan üçün tamamilə kifayətdir.

                     

(10.44) “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!”

Allah insanlarla zalımcasına davranmır, onların cinayətlərini artırmır və saleh əməllərini azaltmır, lakin insanlar özləri öz nəfslərinə zülm edirlər və həqiqət onlara bəlli olanda onu qəbul etmirlər. Belə olduqda, Allah onları cəzaya məruz qoyur, onların qəlbini, qulaqlarını və gözlərini möhürləyir.

                                                        

(10.45) “(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (Qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər”.

Fövqəluca Allah dünya həyatının tezkeçərliyindən xəbər verir. Gerçəkliyinə şübhə edilməsi mümkün olmayan Gün başla­dıqda, Fövqəluca Allah bütün məxluqları Məhşər meydanına[10] toplayacaq, insanlara elə gələcək ki, onlar dünya həyatında onun sevincini və qəm-qüssəsini dadmadan dündüzün təkcə bir anı qədər yaşamışlar. Onlar bir-birilərini, sanki bu dünyada olduqları kimi,  tanımağa başlayacaqlar. Həmin Gün əməlisaleh təqvalılar uğur qazanmışlardan, Allahla görüşəcəklərinə iman gətirmməkdən boyun qaçıran, düz yolla getməyən və əsil dinə etiqad etməyən allahsızlar isə böyük ziyana düşəcəklər. Onlar səadətdən məhrum olacaq və Cəhənnəmdə cəzaya layiq görüləcəklər.

  ﭿ                                  

(10.46) “(Ey Elçim! Kafirlərə) vəd etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni Axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!”

Ey Elçim! Kafirlərə görə qəm yemə və qisas vaxtının gəlməsi­nin tezləşdirilməsini arzulama! Biz onları cəzalandırmağı vəd etmişik və bu mütləq baş verəcəkdir. Cəza onları dünya həyatlarında da yaxalaya bilər ki, onda sən bunun şahidi olarsan və rahatlıq əldə edərsən. Amma cəza onları Son həyatlarında da haqlaya bilər, axı öldükdən sonra onların hamısı Allaha qayıdacaqlar və O, onlara nə törətdiklərini deyəcəkdir. Onlar öz etdiklərini unudurlar, lakin Allah onları bir-bir sayıb hesablayır. Həqiqətən də, Allah – hər şeyin Şahididir.
Bu ayə hər bir kafir üçün qorxunc xəbərdarlıq və öz xalqının onu inkar etdiyi Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) üçün isə təskinlik idi.


                            

(10.47) “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman, aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!”

Keçmişdə hər bir xalqa elçi gələrdi və onları Vahid Allaha ibadətə və təkcə Onun dininə etiqad etməyə çağırardı.  Allahın elçiləri insanlara qəribə möcüzələr göstərərdilər və belə olduqda, adamların bəziləri iman gətirər, digərləri isə iman gətirməkdən imtina edərdilər. Sonra isə Allah ədalətli hökm çıxarardı və ona uyuğun olaraq möminlər xilas edilər, kafirlər isə məhvə düçar olardılar. Bu, kafirlərə qarşı ədalətsizlik deyildi, çünki onlar, Allahın haqqı izah edən elçisi gələnə qədər və törətmədikləri günaha görə cəzalandırılmazdılar. Qoy Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlər özlərini məhv edilmiş sələflərinə oxşatmaqdan əl çəksinlər ki, həmin qisas onlardan da alınmasın.


                                                                             

(10.48) “(Kafirlər: ) “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu vəd etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq?” – deyə soruşarlar”.
(10.49) “(Ey Elçim!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin bir əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.

Qoy heç kimə elə gəlməsin ki, cəza ləngiyir. Kafirlər onu tə­ləsdirirlərsə, onda zalımlıq edirlər. Onlar Muhəmməd Peyğəmbər­­dən (ona Allahın salavatı və salamı olsun!) tələb edirlər ki, cəzanı onlara nümayiş etdirsin, axı o (ona Allahın salavatı və salamı olsun!), Kainatın işlərinə sərəncam çəkmir. Onun (ona Allahın salavatı və salamı olsun!) vəzifəsi – sadəcə insanlara həqiqəti çatdırmaq və ayələri izah etməkdir. İnsanlardan hesabat tələb etmək və onları cəzalandırmaq Fövqəluca Allahın müstəsna haqqıdır. O, müvafiq müddət çatdıqda cəza nazil edir. Bu müddət Allahın Özü tərəfindən öncətəyin edilir və Allahın müdrikliyinə tam uyğun gəlir və heç kim bu müddətin gəlməsini nə sürətlən­dirməyə, nə də onu ləngitməyə qadir deyil! Qoy kafirlər cinayətkar insanlardan uzaqlaşdırılması mümkün olmayacaq üstlərinə düş­müş cəzanı tezləşdirmək fikrindən əl çəksinlər. Məhz buna görə, sonra Fövqəluca belə buyurur:

                                                             
(10.50) “Müşriklərə de: “Söylə­yin görüm, əgər Onun əzabı sizə gecə yaxud gün­düz gələ­cəksə, onda günahkarlar bun­lardan hansını tə­ləsik istəyə­cəklər?”
(10.51) “Əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cəksiniz? Yox­sa indimi? Siz ki, onun tez gəlməsini is­tə­yirdiniz!”

Amansız cəza günahkarları gecə onlar yatdıqları vaxt və ya gündüz dərdsiz-qəmsiz əyləndikləri zaman yaxalaya bilər. Günahkarlar onda nəyi tələsdirəcəklər? Doğrudanmı onlar cəza artıq onları haqlayanda və iman gətirməyin artıq heç bir faydası olmayacağı anda iman gətirəcəklər? Bu baş verən vaxt günahkarlar qışqıracaqlar ki, onlar iman gətiriblər, lakin bu zaman onlar ancaq sərt qınağa layiq olacaqlar. Onda onlara deyiləcək: “Doğrudanmı siz indi ağır vəziyyətə düşdükdə, iman gətirdiniz? Axı siz əvvəllər bu cəzanın tez gəlməsini istəyirdiniz? Törətdiklərinizin əvəzini alın! Tezləşdirilməsini istədiyinizi də alın!” 
Allah cəzanın tezləşdirilməsini xahiş edən qullarını həmişə qınayır. Əgər onlar cəza onlara artıq yetişdikdən sonra iman gətirməyə cəhd göstərirlərsə, belə iman onlara heç bir fayda vermir. Məhz belə bir hal dənizdə boğulmağa başlayarkən Fironla baş vermişdi. Fövqəluca buyurur: “İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncə­sinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!” (Yunus, 10/90-91);
“Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)”. (Mumin, 40/85). 

            ﯿ                        

(10.52) “Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək”.

Qiyamət günü, insanlar törətdikləri əməllərə görə tam əvəz alacaqlar, zalımlara belə deyiləcək: “Sizin üçün hətta qısa müddətə belə fasiləsi olmayacaq əbədi cəzanı dadın! Məgər sizə verilən təkcə kafirliyinizin və törətdiyiniz günahlarınızın əvəzi deyilmi?”

                         

(10.53) “Səndən: “O əzab doğru­durmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqi­qətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bil­mə­yə­cək­siniz”.

Ey Peyğəmbər! Kafirlər səndən soruşacaqlar: “Doğrudanmı insanları həqiqətən bir yerə toplayacaqlar? Doğrudanmı insanlar Qiyamət günü dirildiləcəklər? Doğrudanmı əməlisaleh insanlar savab alacaq, cinayətkarlar isə cəzalandırılacaq?” Onlar səndən özlərindən ötrü haqqı aydınlaşdırmaq və inandırıcı açıqlamalar eşit­mək üçün deyil, səni məhz bir daha inkar etmək üçün soruşa­caqlar. Buna görə öz doğruçuluğuna and iç və sözlərini etibarlı dəlillərlə təsdiq et və de: “Rəbbimə and olsun! Mən, şübhə edilməsi mümkün olmayan əsil həqiqəti deyirəm. Siz, Allahın sizi diriltməsinə mane olmağa qadir deyilsiniz və əgər O, sizi heçdən yarada bilibsə, sizi, öldükdən sonra, hər birinizin layiq olduğu əvəzi almasından ötrü diriltməsi Ona çətin olmaz”.

                                               

(10.54) “Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz)”.

Əgər kafirliyə etiqad etmiş və hər cür günahlar işlətmiş insan yerin bütün qızılına və gümüşünə və digər maddi zənginliklərinə sahib olsaydı, onda o, Qiyamət günü bütün bunları verib Allahın cəzasından qurtulmaq istəyərdi. Lakin bu ona heç bir fayda verməzdi, çünki fayda və zərər, savab və cəza insanın yer üzündə törətdiyi saleh və şər əməllərlə bağlıdır. Qiyamət günü günahkarlar törətdikləri ilə əlaqədar olaraq təəssüflənəcəklər, qaçıb can qurtarmağa artıq vaxt qalmayacaq. O zaman onlar öz tövbələrini gizlədəcəklər. Onlar üçün çıxarılacaq hökm isə mütləq ədalət olacaq və onlar qətiyyən haqsızlığa uğradılmayacaqlar.


                                           

(10.55) “Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!”

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, Kainatı ilahi qədərinin və Öz dininin qanunlarına müvafiq idarə edir və sonra isə, ədalətli əvəz qanunları əsasında, yaratdığı məxluqlar haqqında hökm çıxaracaqdır. Allahın vədi əsil həqiqətdir, lakin insanların əksəriyyəti bunu bilmir və onlar öz Rəbbi ilə görüşə haırlaşmırlar. Bundan başqa, onlar təkzibolunmaz məntiqi dəlillərə və müqəddəs mətnlərə etinasızlıq göstərərək, Axirət həyatına inanmırlar.

          ﭿ   

(10.56) “Dirildən də, öldürən də Odur. Məhz Onun hüzu­runa qaytarılacaqsınız!”

Həyat və ölüm Allahın sərəncamındadır. O, bütün Kainatda qalan digər məsələləri də Özü təklikdə həll edir və Onunla bərabər heç kim Kainatı idarə etmir. Qiyamət günü başlayanda isə, bütün məxluqlar Ona qayıdacaqlar ki, öz xeyir və şər əməllərinin əvəzini alsınlar.
Sonra Fövqəluca Allah insanları Müqəddəs Qurana müraciət etməyə çağırır və onun, insanların kəskin ehtiyac duyduqları,  ecazkar xüsusiyyətlərini sadalıyır.  Fövqəluca buyurur:

                                     

(10.57) “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!”

Ey insanlar! Quran sizə öyüd-nəsihət verir və sizi Allahın qəzəbinə düçar edəcək və şiddətli cəzaya səbəb olacaq əməllərdən çəkindirir. O, sizi belə əməllərin təhlükəli nəticələrindən qoruyur və onları açıqlayır. Bununla yanaşı o, qəlbə, şəriətin tələblərini yerinə yetirməyə mane olan rəzil duyğulardan və insanı möhkəm əqidədən məhrum edən zərərli şübhələrdən şəfa verib sağaldır. Bu onunla izah olunur ki, Quran möizələri, vədləri və təhdidləri Allahın qulunda həvəs və qorxu oyadır.
İnsan özündə xeyirxahlıq etmək arzusu və şər qarşısında qorxu duyğusu yarandığını hiss etdikdə, Quran ayələrini təkrarla­ması bu hissləri gücləndirir və onu öz istəkləri qarşısında Allahın istəklərinə üstünlük verməyə sövq edir. Nəticədə Allahı razı salmaq meyli onun qəlbində öz ehtirasını təmin etmək arzusuna qalib gəlir. Allahın Öz Kitabında ən kamil tərzdə izah etdiyi dəlil və sübutlar isə onu istənilən şübhələrdən xilas edir və ona ən yüksək etiqad sahibi olmağa kömək göstərir. İnsanın qəlbi mərəz­lərdən şəfa tapıb əmin-amanlıq libasına büründükdə  bədən bütövlükdə onun arınca yönəlir, çünki qəlb xoşbəxt olduqda bədən xoşbəxt olur və qəlb iztirab çəkdikdə isə bədən də əziyyət çəkir.
Müqəddəs Quran – Haqq Təlim və iman sahibləri üçün mərhəmətdir. O, ona görə Haqq Təlimdir ki, onun sayəsində insan haqqı dərk edir və əldə etdiyi bilikləri təcrübədə tətbiq edib həyata keçirə bilir. Ona görə mərhəmətdir ki, onun sayəsində insan xeyirxah olmağı öyrənir, həm du dünyada, həm də ölümündən sonra savab qazanır. Haqq Təlim - ən əlverişli vasitələrdən ən əzəmətlisi, mərhəmət isə ən müqəddəs arzudur. Lakin Müqəddəs Quran təkcə möminlər üçün Haqq Təlim və mərhəmətdir. Onlar Quranı rəhbər tutur və mərhəmətə layiq görülürlər. Mərhəmət isə doğru yola sadiq qalmanın nəticəsidir və bunun sayəsində səadətə və uğura nail olur, mənfəət və fayda əldə edir, sevinc və müvəffəqiyyət qazanırlar. Belə uğura doğrudan da sevinmək olar və buna görə Fövqəluca Allah belə hökm verir:     


[1] Ayənin mətni redaktə edilmişdir. Bunun səbəbi ayənin  Z. Bünyadov və V. Məmmədəliyev variantının tərcüməsində  “...sonra ərşi yaradıb hökmü altına alan...” ifadəsi Allahın aləmlərin mütləq hökmdarı olması müddəasını və İslamın prinsipial əsaslarından birinin şübhə altına alınmasıdır. İfadədən belə bir məntiqi məna çıxır ki, göyləri və yeri yaratmazdan əvvəl bütün hüdudsuz aləm Onun hakimiyyəti altında deyilmiş?! Bu məntiq Quran və Sünnəyə müxalif səslənir. Azərbaycan dilində İstifadə etdiyimiz Quranın tərcümə edilmiş mətninə bir sıra redaktə səciyyəli təshihlər edilməsinə baxmayaraq, mən bu əsərdə, möhtərəm tərcüməçi alimlərimizin çəkdiyi zəhməti yüksək qiymətləndirərək, onları mətnindən axıradək istifadə etməyi özümə borc sayıram, hərçənd qarşımda alternativ variantlar da mövcuddur.   Tərc. F.S.
[2] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[3]   Ayənin tərcüməsi qismən redaktə edilmişdir və bunun əsas səbəbi isə duanın sonunda söylənən ifadənin ixtisarla: () kimi  verilməsidir (“və axiru” sözləri yazılmamışdı).  Bu, ayənin Z.B. və V.M. mətnində: “...duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir” kimi verilmişdi və düzəldib:  və duasının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir” kimi vermiş və ayədə digər təshihlər etmişəm. F.S.
      Qeyd: Bəzən ayələrin tərcüməsinə etdiyim qismən və ya tam redaktə müdaxilələri və bunların oxucu üçün izahına ehtiyac yarana bilər deyə, yeri düşdükcə, təshihlərin zəruriyyətini, Təfsirin mətninə müdaxilə etmədən sətiraltı qeydlərdə müxtəlif formatlarda açıqlamağa çalışıram. F.S. 
[4] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[5] Ayənin tərcüməsinin mətni redaktə edilmişdir. F.S.
[6] Bu ayənin tərcüməsindən, əsasən, ayənin əsli mətninə daxil olmayan əlavə izahlara bu təfsirdə ehtiyac olmadığı üçün, onlar ixtisar edilmişdir. F.S.
[7] Nasslar dedikdə, Quran ayələrindən və Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərindən ibarət olan mətnlər nəzərdə tutulur. F.S.
[8] Ayənin tərcüməsinin mətni redaktə edilmişdir. F.S.
[9] Xütbə - möizə, çıxış, mühzirə, təbliğat. F.S.
[10] Bax: Taberi Tefsiri, (türk dilində), EP, Yunus surəsinin 45-ci ayəsinin şərhi, (Əbu Cəfər Muhəmməd,  b. Cərir ət-Təbəri, Taberi Tefsiri, Hisar Yayınevi: 4/424). F.S.

Комментариев нет:

Отправить комментарий